Bu gün - ədəbi dəyərlərin itirildiyi, "yazıçı" anlayışının, xırda maddi ehtiyaclarının ödənilməsi naminə istənilən şəklə düşən "miskin şairlər ordusu" səviyyəsinə endirildiyi bir dövrdə yüksək yazıçı amalı, ali vətəndaşlıq əqidəsi, şəxsiyyət bütövlüyü ilə yaddaşlarda yaşayan İsmayıl Şıxlını xatırladıqca, yazıçı olduğuna, üstəlik, Azərbaycan yazıçısı olduğuna görə peşmanlıq və xəcalət hissi çəkmir, əksinə, ədəbiyyata təmənnasız xidməti və xeyirxahlığı ilə çoxlarına nümunə olan bu qələm adamıyla qürur duyur, onun işıqlı simasında bir pərvəriş tapırsan.
Azərbaycanın tarixi reallıqlarını, müxtəlif zümrəli və taleli insan obrazlarını canlı və dolğun təsvirlərlə qələmə almış, neçə-neçə yaddaqalan romanları və hekayələri ilə ədəbi fikir tariximizdə öz əlamətdar səhifəsini yaratmış İsmayıl Şıxlı onu yaxından-uzaqdan tanıyan insanların, xüsusən, hər kəsin yerini və qiymətini dəqiq müəyyənləşdirməyi bacaran ədəbi mühitin yaddaşında həm də nəcib bir insan kimi yaşamağındadır. "Azərbaycan" jurnalında çalışdığı dövrlər, eləcə Yazıçılar Birliyinə rəhbərlik etdiyi illər onun ciddi ədəbiyyat təəssübkeşliyi, ədəbi meydana yenicə qədəm qoymuş cavan şair və yazıçıların əsərlərinə Birliyini aparıcı qəzet-jurnallarında yer ayrılması, meydana çıxan əsərlərin müəllif göstəriciliyindən asılı olmadan, "istedad" süzgəcindən keçirilməsi, müxtəlif qruşplaşmalar və ədəbi zümrələr arasında yaranmış zidiyyətlərin, ayrıseçkiliklərin aradan qaldırılması, Birliyin qədim binasının yaşından asılı olmadan, bütün qələm adamlarının pənah apardığı doğma Ədəbiyyat Evinə çevrilməsi İsmayıl müəllimi qələm adamlarının yaddaşında həm də böyük müəllim və ziyalı kimi qoruyub saxladı.
Yazıçılar Birliyinə ilk qələm təcrübələri ilə qədəm qoyduğum dövrlər İsmayıl müəllimin, ilk hekayələrimdən olan "Üçüncü mərtəbdə"-ni "Azərbaycan" jurnalının ön səhifələrində, bircə sözünə belə toxunmadan nəşr etməsi və bununla da məndə - cızma-qaralarından narahat cavan yazıçıda özünə inam hissi yaratması heç vaxt yadımdan çıxmaz. Ədəbi mühitdən kənarda isə İsmayıl Şıxlı mənim üçün sadəcə, "İsmayıl əmi" idi.
Az qala hər axşam ya bizdə, ya onların, bizim evdən iki mərtəbə aşağıda yerləşən mənzillərində ailəvi şam yeməyində görüşdüyüm, Ümidə xalayla1 atamın "qara yumor"lu zarafatlarını dinməz təbəssümlə dinləyən, Elçinin2 öz balaca sazında çalıb oxuduğu el havalarından gizli-gizli fərəhlənən, Bethovenin, Raxmaninovun vallarını atamla bir saatlarla, qəribə bir kədərlə dinləyən, günortalar iş otağında aramsız çıqqıltılarla çıqqıldatdığı makinasının səsi bloka yayılan İsmayıl əmi...
Azərbaycan ədəbiyyatının önəmli romanlarından olan "Dəli Kür"ün ilk oxucusu, təbii ki, İsmayıl Şıxlının ən yaxın dostu, o dövrlər ədəbi mühitdə baş verənlərə heç cür laqeyd qala bilməyən atam - Məsud Əlioğlu idi. Hədsiz təsirləndiyi, əsər haqqında, xüsusən Cahandar ağa obrazı barədə vurğun həyəcanla danışdıqları indi güclə yadıma gəlsə də, "Dəli Kür" filmində səslənən mahnını xırıltılı səsiylə pəsdən oxumağı hələ də qulağımdadır.
Onda mən 5-ci, ya 6-cı sinifdə oxuyurdum. Yadıma gəlir, yay idi və biz, necə olmuşdusa, hər il İsmayıl əmigilin yay istirahətlərini keçirdikləri Nalçikəcən gedib çıxmışdıq. Gecənin elə bir aləmi idi ki, yalnız cırcıramaların səsi eşidilirdi... və biz İsmayıl əmigilin Nalçikin mərkəzi məhəllərindən birində tutduqları həyət evinin bağlı-bağatlı həyətində oturmuşduq... Atam hey sağlıq deyir, böyük Sözün, yalnız və yalnız azərbaycanlıya xas olan bənzərsiz incəliklərin, Azərbaycanın Nalçikin təbiətinə əsla bənzəməyən əsrarəngiz təbiətinin, dağlarının, "Dəli Kür"ün baş qəhrəmanı Cahandar ağanın məğrurluğunun şərəfinə badə qaldırır, İsmayıl əmi onu təvazökar məmnunluqla, vurğun təslimlə dinləyir, arada bir, atamın alovlu çıxışlarına öz qısa və duzlu müdaxilələrini edirdi. Bu məqam telefon zəngi çaldı və İsmayıl əmi stolun bir kənarında duran uzun şnurlu telefonun dəstəyini qaldırdı. Rənginin avazıdığından, doluxsunmağından, zəngin Azərbaycandan olduğunu həmin dəqiqə anladıq.
Zəng edən Bəxtiyar Vahabzadə idi. Telefonun o biri başından bağın qaranlıq sakitliyinə dağılan həyəcanlı səsi "Dəli Kür"ü indicə bitirdiyini, əsərdən hədsiz təsirləndiyini, səhərin açılmağını gözləməyə səbri çatmadığını deyir, ürəyini titrədən ayrı-ayrı epizodlardan, Cahandar ağanın məğrurluğundan danışır, sözünü heç cür bitirə bilmir, coşqun bir fəhmlə şeir deyirdi...
Şairin coşqun izharlarından təsirlənmiş İsmayıl əmi dəstəyin ağzını bizə sarı çevirdi və biz, Azərbaycandan uzaq olduğumuzdan, ya nədənsə, telefon dəstəyindən süzülən təsirli sətirləri, nisgil dolu, qəribə bir sarsıntıyla dinlədik. Sonra dəstəyi atam aldı və romanla bağlı təssüratlarını indi də Bəxtiyar müəllimlə ikisi bölüşməyə başladılar. Danışıb-danışıb, Cahandar ağadan Şeyx Şamilə, ordan Əlibəy Hüseynzadəyə qədər gedib çıxdılar. Sonra atam telefona, indi motivini dəqiq xatılaya bilmədiyim qədim bir türkü oxudu. Oxuyub-oxuyub qəhərləndi və mahnını sona çatdıra bilmədi. Qəhərlənib doluxsunsa da, içi sevgi və işıq dolu gözləri onun həm də necəsə, hədsiz xoşbəxt olduğunu bildirirdi. Bu xoşbəxtliyin nə olduğunu o gecə öz uşaq qəlbimlə anlamasam da, mən də onunla bir kövrəlib qəhərləndim… Bu kütləvi təsirlənmənin səbəbini isə bir qədər sonra, atam əlində badə ayağa qalxıb səsi bütün ölkəyə yayılırmış kimi:
- Cahandar ağa - Azərbaycan məğrurluğunun simvoludur!.. - deyəndə anladım.
O gecə, yadıma gəlir, biz həmin o ilıq bağ-bağatın içində səhərin gözü açılanacan, hava işıqlananacan oturduq. Dəli Kürün hardasa, lap yaxınlıqda həlim şırıltıyla axdığı, Cahandar ağanın qundağında tüfəng, məğrur qızılquş duruşuyla ətrafımızda dolandığı əfsanəvi bir məkanda fərəh və qürur fəvvarəsində əriyə-əriyə qaldıq.
Bu, əsil bayram idi. Böyük Ədəbiyyat bayramı. Yadımdadı, o gecə mən də, Elçin də, həyatımızda əhəmiyyətli olan nəyinsə baş verdiyini, bütün təbiətdə və bizim həyatımızda əlamətdar olan nəyinsə dəyişdiyini öz uşaq ağlımızla necəsə anlamışdıq... Əslinə qalsa, həmin o unudulmaz gecə bizim həyatımızda həqiqətən böyük bir dəyişiklik baş vermişdi. Biz ilk dəfə azərbaycanlı olduğumuza görə qürur hissi keçirmişdik.
Bunu indi başa düşürəm ki, o dövrlər - sovet ideologiyasının "azərbaycanlı" anlayışını heçə endirdiyi bir zamanda bu əlamətdar ədəbiyyat "gecəsi" bizim üçün - şüuru və duyğuları yenicə formalaşmağa başlayan yeniyetmələr üçün hədsiz vacib bir məqam, mənim, qardaşım Arazın, Elçinin və Fərruxun3 gələcək həyatını, vətəndaşlıq əqidəsini müəyyənləşdirəcək bəlkə də ən həlledici keçid mərhələsi idi.
"Dəli Kür"-ün, cəmiyyətin ictimayi ab-havasında da əsaslı dəyişikliklər yaratdığını, sovet ədəbiyyatının saxtalıq və qurama dolu çürük ənənələrini öz həqiqiliyi və sənət püxtəliyi ilə dağıtdığını isə mən bir qədər sonra - ali məktəbin ilk kurslarında oxuduğum zaman, əsər ictimayi fikrin süzgəcindən keçirildikcə anlamış, Azərbaycan oxucusuna ilk dəfə olaraq, "müftəxor, tamahkar və yelbeyin ağa" surətləriylə daban-dabana zidd olan yeni ağa obrazı - qeyrətli, vətənpərvər, mərd azərbaycanlı ağası surəti bəxş etdiyini, ötən əsrin Azərbaycanında baş vermiş hadisələrin görünməyən tərəflərini bütün reallığı ilə açıqlamaqla, xalqın qürur və özünüdərk vəsaitinə çevirdiyini dərk etmişdim.
Bu gün həmin o təsirli və məzmunlu günləri xatırladıqca, insanların o dövrlər ölkənin "Ədəbiyyat" adlı inanc yerinə güvəndiyini, o dövrlərin mənəvi saflıq və müqəddəslik qoxulu ab-havasını, şəxsiyyətləri və əsərləri ilə ölkə daxilində bütöv və dolu bir Ədəbiyyat Məmləkəti yaratmış bu işıqlı simaları, onların işıq dolu əməllərini yada saldıqca, bütün o müqəddəsliyin, böyük ədəbiyyat təəssübkeşliyinin, bədii söz aşiqliyinin, əqidə və məslək bağlılığının son iyirmi ilin hansı döngəsində necə itirildiyinin, hansı səbəbdən heçə endirildiyinin acısını yaşamalı olur, müqəddəs Söz Sənətinin qəddar bir soyuqqanlılıqla kütləvi yazı peşəsinə sürükləndiyi bu acı durumu ilə barışmağına təəssüflənməyə bilmirsən.
***
1973-cü ilin 23 iyununda - atam dünyasını dəyişən gecə televizorda yenə "Dəli Kür" filmi gedirdi. Gülağa Məmmədovun sanki qeybdən süzülən səsi "Ana Kür"ü elə bil daha zildən oxuyurdu... Anam, qardaşım Araz və mən içəri otaqda oturub filmə baxırdıq və həmin an, canını vanna otağında tapşıran atamdan xəbərsiz idik. Sonralar anamın:
- Olsun ki, Məsud ən son anında o mahnını eşidirdi. Sevimli "Ana Kür"-ü o gecə onu yola salırdı. - deməsi bu mahnını mənim və eləcə bütün ailəmiz üçün atamın vida mahnısına çevrildi.
"Dəli Kür" filminə bu gün də baxanda, həmin o unudulmaz gecəni, İsmayıl əminin nurlu çöhrəsini, Ümidə xalanın, içi daim gülümsər, qıyqacı gözlərini, atamın qəhərli səsini və cazibədar Ədəbiyyat Burulğanlarında, yuxusuzluq və sarsıntı içində itib-batan Elçinlə özümü xatırlayır, artıq əfsanəyə çevrilmiş bu böyük insanlarla qürur duyuram.
"Dəli Kür" əsəri mənim üçün indi də İsmayıl Şıxlı - Məsud Əlioğlu ədəbi birliyinin, böyük və dəyişilməz əqidə bağlılığının rəmzidir. Bu əsər eyni zamanda, azərbaycançılığın, Azərbaycan həqiqətinin, əyilməzliyin və məğrurluğun simvoludur. İllər ötəcək, ədəbiyyatımıza hələ neçə-neçə istedadlı nasirlər və şairlər gələcək. Onlar da milli ədəbi fikir tariximizə öz töhfələrini verəcəklər. Lakin İsmayıl Şıxlı və Məsud Əlioğlu kimi ziyalı ola biləcəklərmi?..
1. Ümidə xanım - yazıçının həyat yoldaşı.
2. Elçin - yazıçının oğlu - Elçin Şıxlı.
3. Fərrux Şıxlı - yazıçının kiçik oğlu.
1994
Комментариев нет:
Отправить комментарий