***ADAMSIZ SƏHNƏNİN
TƏNHA SKRİPKAÇISI
Yazdıqlarımızı, elə bilirəm, «qəlbimizin stenoqramı» adlandırmaq olar. Bəzən nə vaxtsa yazdığın yazını uzun illərdən sonra bir də oxuyanda, onda demək istədiyindən savayı, həmin o demək istədiyindən daha dərin daha əsaslı olan hansısa bir başqa həqiqətin də sətirlərin arasında ilişib qalan izlərini, ruhunun həmin o məqamkı vəziyyətini görürsən və əslində o vaxt nə demək istədiyini, nədən yazıdığını yalnız onda anlayırsan.
Beləcə mən də, hansısa müsahibəmdə «Azərbaycan ədəbiyyatının ən acı və ən havasız əsəri…» adlandırdığım «İzdiham» əsərində gecə-gündüz yol getməkdən yorulmayan, bu yolu, nə vaxtsa, necəsə təsdiq olunmuş qorxunc marşurut üzrə, eyni tərkibli insanabənzər məxluqlarla birlikdə yeriməkdən başı hərlənsə də, uğultulu, qara izdihamın ardınca, burnunun suyunu qoluyla silə-silə yeriməkdən savayı ayrı yol tanımayan kimsəsiz, balaca uşağın kim olduğunu, hansı sağalmaz yaralardan əziyyət çəkdiyini, illər ötdükcə, zaman-zaman anlamağa başlayram… Əsəri yazdığım an, özüm olduğunu düşündüyüm bu binəva uşaq heç cür o izdihamın ardınca getməyi bilmir. Ən azı o səbəbdən ki, əvvəli-axırı bilinməyən bozumtul yolun ortasında, uğultulu küləyin süni əkililərdən qoparıb havaya uçurduğu kağız güllərin qorxunc yağışı altında ayağıyalın, tək qalmaq, izdihamın ardınca sürünməkdən daha qorxuludu. İzdiham da qorxuludu… Yaxın doğmalarından və müəllimlərindən, tanıdığı və tanımadığı minlərlə qara geyimli, qara üzlü adamların arasıyla, müdhiş uğultunun içiylə uğuldaya-uğuldaya hey harasa irililəyən adam ordusunun ardınca getmək də öz növbəsində qorxunc və üzücüdü.
Əsərə bu yaxınlarda bir də baxanda, bu uşağın həm də Natiq olduğunu anladım…
Heç hara getmək istəməyən, süni əklillər, soyuq küləklər, vahiməli uğultular dünyasında öz ürkək, körpə canını qoymağa yer tapmayan Natiqin, insanlığa dair heç bir qanunun işləmədiyi bu yad axının ardınca getmədən, bu bulanıq məqsədli, nəhayətsiz prosesə qarışmadan yaşaması üçün bircə yolu qalırdı: əsərdə olduğu kimi, ayaq saxlayıb «İzdiham» - dan kənara sıçramaq, tənhalığa, səssizliyə üz tutmaq, dəyişkən əhvallı, sürüşkən, dar girəcəkli Ədəbiyyata sığınmaq.
Xoşbəxtlikdən, ya nədənsə, bu sığınacaq Natiqə lap cavan yaşlarından verildi. İnsanı dünyanın maddilik məngənəsindən, müvəqqəti də olsa, xilas etmək sehrinə qadir olan Ədəbiyyat Natiqi hələ 70-ci illərdə öz şəffaf sərhədlərindən içəri buraxdı və tamhüquqlu vətəndaşına çevirdi.
Meyvə yeyəndə qıdığı tutan, çox danışanda ürəyi bulanan bu çılpaq sinirli, həssas adamı ədəbi mühitdə tanımayan, zəngin mütailəsinə, iti ağlının qabiliyyətinə, dəqiq bədii duyumuna, yüksək ədəbi zövqünə bələd olmayan peşəkar ədəbiyyatçı çətin tapıla.
Natiq Səfərovun ədəbiyyata gəlişi, uzun illər bədii tərcümə sənətinə qazanc mənbəyi, «ikinci növ ədəbiyyat» kimi baxan mütəşəkkil «mütərcimlər ordusu» sıralarını əsaslı surətdə seyrəltdi və dünyanın bir çox nəhəng yazıçıları Natiqin ifasında Azərbaycan oxucusuyla, bütün dil və tərcümə qanunlarının fövqündə – doğma, səlist ana dilində danışdı.
Ədəbiyyata, bədii sözə sonsuz sevgi və sədaqət, yorucu qara fəhlə əziyyəti tələb edən bu əvəzsiz xidmətlərinə görə Natiqə, nə maddi, nə mənəvi baxımdan «sağ ol» deyən olmadı. Natiq də öz növbəsində, bu «sağ ol» - u heç kimdən gözləmədi. Və bəzən şirin xəyallara dalıb, nə vaxtsa, tərcüməçi Natiq Səfərovun tərcümə sənətinə həsr olunan təntənəli ədəbi gecə haqqında fikirləşəndə, nədənsə gözümün qabağına, dünyanın «təntənələr» qatından tamamilə əks bir qütbdə - uzaq, sakit bir ərazidə, şəhərin yuxarı məhəllələrindən birində, sınıq-sökük skamyalı, çığırqan pişikli həyətlərin birindəki balaca, kasıb mənzilinin darısqal, zəif işıqlı aynabəndində oturub yaza-yaza yaşayan, daha doğrusu, özünü, çevirdiyi sözün uğurlu ekvivalentiylə, fikrin istisiylə yaşadan, arada bir qüvvəsi tükənib heydən düşən, həyatdan küsüb tərcümənin daşını atan, bir müddətdən sonra yenə balaca aynabəndinin daş-divarını qazıyıb güc yığan bu zəhmətkeş adamı səhnədə – üzü, projektorların gur işığından büzüşmüş halda, gül-çiçək səbətləri ilə dolu təntənəli bu məkana heç cür uyuşmayan çaşqın görkəmiylə dayanan yerdə gəlir. Əslində mən bilirəm ki, Natiqi, çoxlu insan gözünün zilləndiyi, belə bir gur işıqlı yerə, təmtəraqlı səhnəyə çıxarmaq mümkünsüz və ağlasığmaz bir işdi. Ona görə yox ki, Natiq ifrat dərəcədə təvazökar, yaxud utancaqdı. Ona görə ki, bu gür işıqlı, gül-çiçək fəvvarəsinə düşməyin, Natiq üçün, həmin o uğultulu İzdihamla üzbəüz qalmaq, bu bulanıq axının diqqət mərkəzinə çevrilmək olduğunu yaxşı bilirəm və qəribə də olsa, Natiqi səhnədə yalnız bir cür təsəvvür edirəm. Adamsız salonun zəif işıqlı səhnəsində… əynində ağ, nişastalı köynək, solo-ifaçının hündür pyedestalı üstdə dayanmış yerdə… adam əlindən çox, quş caynağını andıran balaca əlləriylə skripka çalan yerdə…
…Niyə məhz skripkada?.. Təəssüf ki, duyduqlarımızın böyük əksəriyyətinin məntiqi izahını şüuraltı yaddaşımızın qadağa zolağından almaq – uğultulu izdihamın ardınca sürünməkdən daha çətindi.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
понедельник, 1 июня 2009 г.
на 09:00
Комментариев нет:
Отправить комментарий