Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


пятница, 27 февраля 2009 г.

QATARIN ALTINA ATILAN QADIN


(ikihissəlli tragikomediya)




İŞTİRAK EDİRLƏR


Gültəkin Sarabskaya - yaşı 70-i adlamış qocaman aktrisa.

Xasay Muradov - 70-i adlamış qocaman yazıçı.

Nəzarətçi – yaşı 70-i adlamış keçmiş DTN əməkdaşı.

Tumsatan: - qaraçı geyimini andıran uzun ətəkli paltar geymiş, orta yaşlı kənd qadını.

Qəzetsatan: - 30-35 yaşlı qıvraq adam.

Dilənçi: - dolu bədənli, yaşlı adam.

Rejissor, fəhlələr, sərnişinlər və sair.




BİRİNCİ HİSSƏ


Vağzal perronunu andıran məkan. Sağ tərəfdə - çarxların üstündə dayanan qatarların hərəkət cədvəli görünür. Sol tərəfdə, tamaşa boyu bəzən sarı, bəzən qırmızı, bəzən də yaşıl işıqforu yanan boş relslər gözə dəyir. Tən ortada işıq dirəyinə bənzər hündür dirəyin başından dəyirmi vağzal saatı asılıb. Dirəyin ətrafında adda-budda işıq dirəkləri və skamyalar qoyulub. Arxa məkanı səhnədən ayıran şəffaf pərdənin o biri üzündə əli çemodanlı sərnişin kölgələri bir-birinə qarışıb.
Hansı yaxınlıqdansa relslərin üzəriylə aramla işə düşən qatarın səsi eşidilir. Bir-birlərini səsləyən sərnişinlərin həyəcan və təlaş dolu çığırtıları, yük arabalarıyla «yol verin-yol verin!..» - deyə-deyə sərnişin izdihamını yaran hambalların səsi bu səslərə qarışaraq tanış vağzal uğultusu yaradır.


Reproduktordan
qadın səsi: Diqqət! Diqqət!.. Sərnişinlərin nəzərinə! Üçüncü, altıncı, dördüncü xəttlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır! Sərnişinlərdən xahiş olunur, ikinci perrona yaxınlaşsınlar. Təkrar edirəm: Üçüncü, altıncı, dördüncü xəttlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır…


Məkan aramla işıqlanır. Vağzal əhlinin səsi getdikcə azalır və perrona sakitlik çökür. «Per Günt» operasından musiqi. Səhnəyə, hansısa tragik tamaşa qəhrəmanının geyimini andıran uzunətəkli, qara geyimdə Gültəkin Sarabskaya daxil olur. Yığcam redikülünü qoltuğuna sıxa-sıxa, xüsusi çarxların üstü ilə hərəkət edən iri, qara çemodanları ardınca sürüyə-süyürüyə skamyaların arasıyla gəzişərək, oturmağa yer axtarır. Çemodanları skamyalardan birinin yanında yerləşdirib relslərə yaxınlaşır, baryeri adlayıb relslərin üstünə düşür və harasa uzaqlara boylanır. Geriyə qayıtmaq istəyəndə ayağının altında qalan nədənsə sürüşüb yerində laxlayır. Əyilib yerdən qaldırdığı iri ölçülü, rəngli afişanı oxuyur.

Gültəkin: Bu nədi belə?.. (oxuyur) Qatarın altına atılan qadın… Bah!.. Ada bax da-a… Qatarın altına atılan qadın!.. (üzünü turşudur, tamaşaçılara) Nə bəsit fabula?!.. Nə axmaq sonluq?!.. (afişanı əlinin içində əzib kənara tulazlayır, yaxınlıqdan ötən əliyüklü fəhlələrə) A bala, ay uşaq, əlimdən tut keçim də… Görürsən ki, ilişib qalmışam?!.. Özün görürsən axı?!..


Fəhlələrin köməyi ilə platformaya qalxıb üst-başının tozunu çırpır. Fəhlələr çıxırlar. Gültəkin qatarların hərəkət cədvəlinə yaxınlaşır, redikülünü açıb, ordan çıxardığı biletəoxşar kiçik kağız parçasında yazılanlarla cədvəldəkiləri tutuşdurur, sonra kağızı redikülünə basaraq, çemodanların yanına - skamyaya yaxınlaşıb əyləşir. Rediküldən çıxardığı əntiq güzgüdə özünə baxa-baxa makiyajını və saçlarını sahmana salmağa başlayır.
Perronun əks tərəfindən səhnəyə, nimdaş əyin-başı, tük basmış sifətiylə evsiz-eşiksiz küçə əyyaşını xatırladan Xasay Muradov daxil olur. O, Gültəkini sezmədən, dağınıq addımlarla perronun mərkəzinə yeriyib vağzal saatı ilə üzbəüz dayanır, qolunu çirmələyib dəstəyi pürşüklənmiş saatının əqrəblərini vağzal saatının əqrəblərinə uyğunlaşdırmağa çalışırsa da, zəiflikdən, ya sərxoşluqdan müvazinətini saxlaya bilmir, dayandığı yerdə arxaya səndələyir.
Hardansa yaxınlıqdan, təkan götürüb aramla yola düşən qatarın səsi, uzun-uzadı ləng fiti eşidilir.
Xasay fitin səsinə dik atılır və getdikcə uzaqlaşan görünməz qatarın ardınca baxa-baxa doluxsunur, cibindən çıxardığı əzik yaylıqla burnunu, gözlərini silir. Qatar səsi uzaqlaşıb itdikdən sonra skamyalardan birinə yaxınlaşır və gözü, perronun əks tərəfindəki skamyada oturan Gültəkinə sataşır, heyrət içində donub qalır. Ehmal addımlarla kənara çəkilir və işıq dirəklərindən birinin ardında «gizlənir.»



Gültəkin: (Xasayı sezmir, güzgünü redikülə basıb kədərlə ətrafına boylanır) Bu da vağzal… Ayrılıq və nisgil qoxuyan kədərli məkan... (qəfildən dəyişir, üzündə yalançı təbəssüm) Niyə də kədərli?.. Bəlkə əksinə?.. Çıxılmaz darısqallıqlara son qoyacaq yeganə qurtuluş yolu?.. (susur, öz-özünə) Yox, belə deyildi… (xatırlamağa çalışır; uzun uzadı pauza; Xasay matdım-matdım ona qulaq asır; yaxın perronların hansındansa yola düşən qatarın səsi eşidilir, qatar sürətini artırır, uzaqlaşır və itir; yenidən rola girir, fərqli obraz alır, içini çəkib kədərlə) Bu da vağzal… Hansı əsərinsə faciəvi sonluğunu andıran kədərli ayrılıq məkanı… (susur, üzündə yalançı təbəssüm) Niyə də kədərli?.. Məgər insanı yeni-yeni sevdalara və azadlıqlara qovuşduracaq bu məkan kədərmi goxuyur?.. (ayağa qalxır, üzü üsyan və qələbə saçır) Əsla!.. (geriyə çevrilib gəldiyi səmtə sarı) Kədər ki, onlar idi… Bütün olanlar! (səsi enir) Olub, ötüb keçənlər… (tamaşaçılara) Yaddaşında acı kədərdən və sıxıntıdan savayı heç nə saxlamayanlar… (matəmlə) Ötüb keçməyənlər... Ruhuna, yaddaşına hopub səninlə bir yaşamağa davam edənlər… (qəfildən dəli təbəssümlə) Bu idimi, çəhrayı ümidlərin, şirin, şaqraq gumanların sonu?.. (üzündə dəli təbəssüm donuq sükutla dayanıb qalır)

Hansısa yaxınlıqdan «Semiçka-semiçka!.. Yaxşı tum var əmican!..» - qışqırışan vağzal uşaqlarının səsləri eşidilir. Musiqi kəsilir. Xasay ürəklənib işıq dirəyinin arxasından çıxır və ehmal addımlarla Gültəkin oturan skamyaya sarı bir neçə addım atır, qəfildən ayaq saxlayır, bir müddət tərəddüd içində yerində vurnuxur və yenidən digər dirəyin arxasına keçib «gizlənir». Gültəkin Xasayı sezmir.


Gültəkin: (skamyanın kürəkliyinə yayxanıb nəfəsini dərir, səmimi) Nə idi bütün bunlar?.. (gözləri yol çəkir) Gözlərini kor eləyən gur projektor işığı… (qəfildən ovsuna düşür) …irəlidə səssiz, qara dənizi, dərin, dibsiz uçurumu andıran qaranlıq tamaşaçı zalı… (susur, məmnunluqda əriyə-əriyə) …ordan ilıq hava burulğanlarıyla sənə tərəf axan, axıb-axıb qollarına, ayaqlarına sarılan sevgi və pərəstiş axıntıları... (gözlərini yumub susur) Sonra sakitlik… Sakitlik və qaranlıq… (yuxarı zillənir) Üstünə, hardansa yuxarıdan cəllad baltası tək, aramla enən zindan pərdələrin xışıltısı… (qəfildən vahimə içində) Kiminsə son gününü andıran ölüm qoxulu, faciəvi sonluq!.. (başını aşağı dikib susur. Hardansa uzaqlardan qatar fitinin uzun-uzadı səsi eşidilir. Qəfildən birnəfəsə) Və bircə o qalır ki, özünü tezcə qrim otağına çatdırasan!.. Əynindəkiləri… (əynindəkiləri əsəbi hərəkətlərlə dartışdırır) …dərini soyan tək, soyub bədənindən çıxarasan!.. Özünü çölə atıb… bu iblis yuvasından qurtulasan!.. (pauza, yazıq səslə) Billə-bilə ki, sabah yenə ora qayıdacaqsan… Təkcə ona görə yox ki, getməyə yerin yoxdu… Həm də ona görə ki… (sarsıntı içində susur, qəfildən ucadan göylərə) Ona görə ki… daha doğurçu olmaq istəməyəcəksə-ə-ən!..


Tamaşaçı zalından qopan alqış səsləri, «bravo-o-o!..» qışqırışan həyəcan dolu nidalar eşidilir. Musiqi. Gültəkin üzünü qapayıb qalır, bir qədər sonra musiqinin ritminə uyğun yerində ləngər vurmağa, əlləri üzündə, rəqs edən tək, səhnə boyu hərlənməyə başlayır. Rəqs gicəllənməsində hərlənə-hərlənə Xasayın «gizləndiyi» işıq dirəyinə sarı gedir. Gültəkinlə toqquşmaqdan ehtiyat edən Xasay kənara çəkilə-çəkilə yerini dəyişirsə də, Gültəkinin «təqibindən» qurtula billmir. Onlar toqquşurlar. Musiqi kəsilir. Gültəkin dik atılıb pərt addımlarla yerinə qayıdır, skamyaya əyləşib altdan-altdan Xasaya zillənir.



Reproduktordan qadın səsi: Diqqət! Diqqət!.. Sərnişinlərin nəzərinə: 19:30 vaxtı ilə yola düşən «Bakı - Tiflis» qatarına minik dördüncü perrondan başlayır. Təkrar edirəm:…


Hər ikisi reproduktorun səsinə diqqət kəsilir, sonra qol saatlarını düzəldirlər. Perrona yenidən sakitlik çökür. Hər ikisi yöndəmsiz hərəkətlərlə yerlərində vurnuxur.
Xasay ürəklənib üst-başını sahmana salır, Gültəkin oturan skamyaya sarı bir neçə addım atırsa da, duruxub dayanır.
Gültəkin redikülünü açır, heç nə olmayıbmış kimi, ağzının içində zümzümə edə-edə, eyni zamanda gözaltı Xasayın hərəkətlərini izləyə-izləyə, makiyajını sahamana salır.
Xasay ürəklənib axır ki, işıq dirəyinin arxasından çıxır.


Xasay: (Gültəkin oturan skamyaya sarı bir neçə addım atıb yenidən dayanır, çaşqınlıq içində Gültəkinə) Mən… Bayaqdan elə sizə baxıram… Deyirəm elə… (susur, gülümsib başını aşağı salır) Bildiz də nəyi deyirəm.
Gültəkin: (Xasayı şübhəli baxışlarla başdan-ayağa süzür, qəfildən qoçusayağı) Pul istiyirsə-ən?.. (cavab gözləmədən, redikülünü açır, içindən sivirdiyi iri, kağız pulu şəstlə Xasaya uzadır) Gələ!..
Xasay: (dik atılır) Yox-yox, siz neyləyirsiz?..
Gültəkin: Götür-götür, utamma. (hüznlə tamaşaçılara) Kim də bilməsə, mən bilirəm o əclaf - ehtiyac nə olan şeydi.
Xasay: (pərt) Siz məni anlamadız. Mən dilənçi deyiləm. (incik) Sizdən də heç nə ummuram. Və ümumiyyətlə, bu, mənim xislətimdə olan bir şey deyil. Mən sadəcə, demək istəyirdim ki… (yenə duruxur, çaşqın nəzərlərlə döşəməyə zillənir, qəfildən həyəcanla tamaşaçılara) Mən nə demək istəyirdim axı?..
Gültəkin: (çemodanların yerini dəyişə-dəyişə, dünyadan bezgin yorğunluqla) Nə deyəcəksən axı?.. Deməsən də görürəm…
Xasay: (çaşqın) Görürsüz?.. Nəyi?..
Gültəkin: (çönüb Xasaya baxır) Gözlərinin altındakı kölgələri. (qəfildən rəhmlə) Neçə gündü dilinə çörək dəymir, ay yazıq?..
Xasay: (barmaqlarını gözlərinin altında gəzdirir) A-a?!.. Bunları deyirsiz?.. Bunlar kölgə döyül ki?!..
Gültəkin: Kölgə döyül?.. Bəs nədi?..
Xasay: Bu… (söz axtarır) …mənim üzümün quruluşudu. Lap uşaqlıqdan…
Gültəkin: (qollarını qoltuğuna vurub Xasayı başdan-ayağa süzə-süzə) İndi sən guya qordısan da, hə?..
Xasay: Siz… məni təhqir edirsiz!.. (halı xarab olur, ürəyini tutub səndələyir)
Gültəkin: (tamaşaçılara) Balam, pul vermək haçandan təhqir sayılıb?.. Ürəyim yanır sənə verirəm də, istəmirsən, belə cəhənnəmə istə!.. (pulu redikülünə basır, Xasayın halını görüb ayağa sıçrayır, onu qucaqlayıb skamyaya sarı sürüyür) A-a-a?!.. Noldu sənə?.. A bala?!..
Xasay: (sayıqlayan tək) Onlar da elə bilirdi… İndi də siz belə düşünürsüz… Amma hamınız səhv edirsiz... (qəfildən Gültəkinin qucağından kənara sıçrayır, əsəbi bağırtıyla tamaşçılara) Bəli, səhv edirsiz!.. Heç də elə olmayıb!.. Mən həmişə öz ideallarıma sadiq qalmışam!.. Elə indi də!.. Bu günün özündə də…
Gültəkin: (Xasayı yenidən qucaqlayır, qulağına astadan) Bura bax, uşaqlıqda miningit-zad keçirtməmisən?
Xasay: (Gültəkinin qucağında çabalaya-çabalaya) …ruhumu da heç nəyə satmamışam!.. Çünki… çünki sidq-ürəkdən inanmışam!!! Sona qədər!.. Lap sonuncu günə qədər!..
Gültəkin: (Xasayı sürüyüb skamyaya oturdur, yenə astadan) Bəs sarılıq necə?..
Xasay: (ayılır, dikəlib oturur, yazıq-yazıq) Onu dəqiq xatırlamıram. Amma dayanın-dayanın… Yadıma gəlir, bir dəfə… lap uşaqlıqda… başımı möhkəm-möhkəm sarımışdılar. Anam da… Hə-ə… (ovsunda) anam da hardansa, yuxarıdan mənə baxıb ağlayırdı…
Gültəkin: (ağzının içində kənara) Sənə baxanda mənim ağlamağım gəlir, ay yazığ, o ki, qala anan ola! (redikülündən çıxardığı yelpiklə Xasayın üzünü yelləyir, məmnun halda tamaşaçılara) Məndə bu, fitri qabiliyyətdi də!.. Adama baxdım a-a, tut je içini görürəm də!..
Xasay:(özünə gəlir, xoflu baxışlarla ətrafına göz gəzdirir) B-bura haradı?.. (əlləriylə bədənini, ayaqlarını yoxlayır, çaşqın halda öz-özünə) Mənə nolmuşdu, hə?..
Gültəkin: (Xasaya məhəl qoymadan, tamaşaçılara) Bir dəfə də ostanovkada dayandığım yerdə bir də baxdım ki…
Xasay: (Gültəkini birinci dəfə görürmüş kimi bərəlmiş gözlərlə) Siz… kimsiz, hə?..
Gültəkin: (sözünü kəsib turşumuş üzlə Xasaya baxır) Mən kiməm?.. (tamaşaçılara, əsəbi hırıltıyla) Yoldan ötən yolçu!
Xasay: (vahimə içində) Yolçu-u?.. Yolçu-u-u???..
Gültəkin: (Xasayın başına əl-ayaq qoyur) Bismillah-bismillah!.. (tamaşaçılara) Bax onda mən də toçnu belə qorxmuşdum. Eynilə bu cür!.. Dilim qatdanıb… (göstərməyə çalışır, ağzını iri açıb dilini boğazının yoluna salmağa çalışa-çalışa) …az qala… az qala b-bo-ğa…zı-m-m-ın… (dili boğazının içinə qatlandığından dedikləri anlaşılmır) …içinə girmişdi…
Xasay: (üzü işıqlanır) Ah, yadıma düşdü!.. (qəfildən susur, çaşqın halda nəyisə yadına salmağa çalışır) Mən… nə isə deyirdim axı?!.. (dağınıq hərəkətlərlə üst-başını sahmana sala-sala) İndicə… bax bu dəqiqə hər şey yadımda idi… (qəfildən həyəcanla tamaşaçılara) Bəs sonra nə oldu?..
Gültəkin: (Xasaya məhəl qoymadan, tamaşaçılara) …Sonra həkim çağırdılar. Həkim gözümün ağına baxıb dedi: «Sarılıqdı!..»
Xasay: (xoflu) Həkim?.. Ax, həki-i-i-m…
Gültəkin: (Xasayı eşitmir, tamaşaçılara) Anam da gülüb dedi: «Nə danışırsan, a bala, bizim nəslildə «sarılığ» adında xəstəlik olmıyıb... (qəfildən əsəbi) Bizdə hamı qara yaradan ölüb!!!
Xasay: (sevinclə) Yadıma düşdü!.. O işığa and olsun, düşdü!.. Sizə bilirsiz nə demək istədiyim?.. Amma bax adınızı… (susub xatırlamağa çalışır) Bayaqdannan ha xatırlamağa çalışıram, yadıma sala bilmirəm də… Bu dəqiqə-bu dəqiqə… (saçlarını sahmanlamaq istəyir, əli eynəyinə dəyir, eynəyi burnundan sürüşüb yerə düşür)
Gültəkin: (əyilib eynəyi yerdən qaldırır, səliqəylə Xasayın gözünə taxır, mərhəmətlə) Adımı neyniyirsən, qadası?
Xasay: Adınızı?.. (həyəcanlanır) Axı siz bilmirsiz… Axı mən… sizin pərəstişkarınızam?!.. (Gültəkin «pərəstişkar» sözündən dəyişirsə də, həmin dəqiqə də özünü ələ alır. Musiqi.) İcazənizlə… (ayağa qalxıb Gültəkinin qarşısında diz çökür) …icazə verin, əlinizdən öpüm!.. (Gültəkinin əlindən öpür)
Gültəkin: (narahat baxışlarla ətrafına boylanır, məkanın arxa hissəsindən keçən adamlar ayaq saxlayıb onlara baxırlar) Qalxın ayağa. Ayağa qalxın, xahiş edirəm. Camaat baxır… Görən nə deyər?..
Xasay: (dizi üstə) Qoy kim nə deyir, desin!.. Siz elə bir sənətkarsız ki, əslində… (söz axtarır)
Gültəkin: (əsəbi halda kənara) Bəli də...
Xasay: …əslində, sizin qarşınızda… böyük sənətinizin qarşısında hamı, bütün məmləkət diz çökməlidi!..
Gültəkin: Sakit olun, xahiş edrəm. (yan-yörəsinə baxır, heç kim eşitməsin deyə, astadan) Siz məni… olsun ki, kiminləsə səhv salırsız... (qəfildən susur, içini çəkir, kədərlə tamaşaçılara) Amma bax, kiminlə?..
Xasay: Səhv salıram?.. Siz nə danşırsız?.. Sizin səsiniz... O səsi mən minlərlə səsin içindən seçərəm!.. (qəfildən tamaşaçılara sarı çevrilir, ucadan)
Daş kimi ölüb, ot kimi göyərdim!..
Ot kimi solub, bir vəhşi tək dirildim!..
Gültəkin: A-a, başa düşdüm… İndi başa düşdüm kimi deyirsiz. O məşhur aktrisanı deyirsiz yəqin. O… (yamsılayır, burnunu yuxarı qaldırıb çiyinlərini, becid-becid yeriyirmiş kimi, tərpədir)
Xasay: Aha-aha…
Gültəkin: A-a, mən o döyüləm ki?..
Xasay: O deyilsiz?.. (döş cibindən çıxardığı eynəyi gözünə taxır, üzünü həyəcanla yelpikləyən Gültəkinə yaxından baxır) Necə, o deyilsiz?.. Budur, həmin o mənalı gözlər, o sevgi və intiqam dolu sərt baxışlar!.. Həmin alın!.. (bir qədər kənara çəkilib Gültəkinə indi də uzaqdan baxır) Alim alnını andıran həmin iri və yaraşıqlı alın!.. (tamaşaçılara sarı çevrilir, bayaqkı pafosla)
İki qəlb çəkişir dərdli sinəmdə
Qopmaq istəyərək biri-birindən
Biri varlığıyla bağlıdır yerə,
O biri sinəmdən uçur göylərə!..
Gültəkin: (halı dəyişir, yelpiyi havadan asılı qalır, hüznlə) O daha uçmur…
Xasay: Kim?..
Gültəkin: (matəmlə) Qəlb... Mənim qəlbim. (qəfildən oturduğu yerdə, arı sancmış kimi dik atılıb dəli hərəkətlərlə bədənində nə isə axtarır) Gör bir nə vaxtdan bəri ha tərəfimdəsə gizlənib ilim-ilim itən zavallı qəlbim!.. (başını aşağı salıb susur)
Xasay: S-sizə noldu?.. Nədən susduz?..
Gültəkin: (kədərlə) Qəbrim üstə istəmirəm
Bir dost-tanış ağlasın.
Bir az külək uğuldasın,
Bir az yağış ağlasın...
Qəbrimi bulud sulasın,
Bəlkə bitəm təzədən... (başını aşağı salıb susur)
Xasay: (heyrətlə geriyə səndələyir) Ay aman!.. Həmin o səsdi!.. Damarlarımın içiylə qaynar burulğanlarla axan həmin səs!.. Görün bir neçə illərdi onu eşitmirəm?!.. (qəfildən həyəcanla) Axı niyə?.. Deyin, səbəb nədi?
Gültəkin: (fikirdən ayılır) Səbəb?..
Xasay: Deyirəm, yəni niyə səhnələrdə görünmürsüz daha?.. Əsərlər ürəyinizcə deyil, yoxsa…
Gültəkin: (qəfildən dəyişir, turşumuş sifətlə Xasaya) Bu nə gic suallardı verirsən mənə?.. Nədi bu, doprosdu, istintaqdı, nədi?.. Ya bəlkə səni vəkil tutublar?..
Xasay: (pərt) Priçom tut istintiaq?.. Mən sadəcə...
Gültəkin: (yorğun halda redikülünü açır) Adama üz verəndə, astar istəməz də-ə...
Xasay: Astar??.. Məgər mən nə isə dedim?.. Bəlkə xətrinizə dəydim?
Gültəkin: (əlini saxlayır, əsəbi halda öz-özünə) İşə düşmədik?.. (Xasaya) A bala, yeri get işüvə-gücüvə də, a-a?!.. Qələt eləmədik ki, yazığımız gəldi sənə!..


Xasay duruxub qalır, çönüb yöndəmsiz addımlarla yerinə qayıdır.
Gültəkin ayağa qalxıb əsəbi halda plaşını soyunur.


Gültəkin: (paltarının yaxalığındakı sancağı çıxarıb hikkəylə redikülünə basır, öz-özünə) Bilmirsən bu qabırğa pərəstişkarların əlindən başuvı hara soxasan da!.. Küçəyə çıxırsan, üstüvə cumullar, dükana girirsən, ağzuva girillər!.. Bilmirsən, haraynan yeriyəsən, vallah?..



Perrona, boynundan qəzet və jurnallar dolu iri çanta asılmış qəzetsatan daxil
olur.


Qəzetsatan: (perron boyu iri addımlarla gəzişir) Təptəzə vağzal qəzetləri! Jurnallar!.. İsti-isti!.. Qaynar-qaynar!.. Siyasət və kriminal!.. Pop ulduzların həyat və yaradıcılığı!.. «Pleyboy!..», «Həyatın bir anı!», «Gəl ol mənim!».. optovoy qiymətə!.. (Xasaya yaxınlaşır, əl atıb qabırğasını qıdıqlayır, Xasay qıdıqlanıb kənara çəkilir, Xasaya astadan) «Sağlamlığın keşiyində»… Səninçün əlli qəpik. (Xasay əllərini ciblərinə salıb qəzetsatandan uzaqlaşır, qəfildən kiminsə obrazında Xasayın ardınca)
İlahi, hardasan, səsimə səs ver!
Mənə bir az dözüm ver…
Axı suallara cavab tapmadım?!..
Axı gedənləri qaytarammadım?!..
Xasay: (Qəzetsatana, Gültəkinə işarəylə astadan) Bir az yavaş… sakit ol…
Qəzetsatan: (Xasayı eşitmir, iri addımlarla perron boyu gəzişir, hələ də kiminsə obrazında)
Hələ dünən cazibəli həyat vardı, nə bilim…
Onu da sellər apardı, nə bilim… (gözü Gültəkinə sataşır, özünü onun yanına atır) Qadınlar üçün «Özünə bax»! Cəmi iki manata!.. (qəfildən onu tanıyır, yerində donub qalır) Dayanın-dayanın, bu ki… Gözlərimə inana bilmirəm...
Gültəkin: (üzünü yana çevirir) Aman Allah!..
Qəzetsatan: (Gültəkinə sarı bir neçə addım atıb dayanır, ovsunda) Siz… (Xasaya) Bu ki… (Xasay üzünü yana çevirib uzaqlaşır; Gültəkinə) İlahi!.. Nə xoş təsadüf!..
Gültəkin: (turşumuş sifətlə qəzetsatana) Sizə nə lazımdı, ay yoldaş?..
Qəzetsatan: Mənə?.. Daha heç nə…
Mən elə burdaca ölə bilərəm!
Böyük məmnuniyyətlə!..
Təki bircə söz deyin…
Gültəkin: (sərt) Jurnalı deyirsənsə, lazımım döyül.
Qəzetsatan: (Gültəkinə sarı bir neçə addım da atıb dayanır) Axı… siz bilmirsiz… Mən… (qəzet dolu çantanı boynundan çıxarıb kənara tulazlayır) …mən… (Gültəkinin qarşısında dizi üstə düşür) …sizi sevirəm!.. (Gültəkinlə Xasay mat-mat bir-birinə baxırlar) Əgər bilsəydiz, mənim həyatımı necə dəyişdiniz?!.. Bircə saatın içində!.. Bircə jestinizlə!.. (dizi üstə oturduğu yerdə başını qoltuğunun altından çıxarıb belini əyir) Özünüz də bilmədən… xəbəriniz olmadan!
Xasay: (Qəzetsatanın qolundan tutub kənara sürüyür, astadan) Başun xarab olub?.. Görmürsən acığı tutur?.. Balam, yeri get işüvə-gücüvə də, a-a?!.. (gözü Gültəkində, yerə dağılan qəzet-jurnalları basmarlayıb necə gəldi, qəzetçinin çantasına, çantanı da qoltuğuna basaraq, onu çıxışa itələyir) Yeri-yeri…
Qəzetsatan: (gedə-gedə) Bu yuxudu!.. Vallah yuxudu!.. Gözlərimə inana bilmirəm!.. (səsi bir müddət səhnənin arxasından eşidilir) O tamaşadan sonra düz bir həftə özümə gələ bilmirdim!.. Dünya başıma hərlənirdi... (səsi azalır və itir)
Gültəkin: (qanıqara halda tamaşaçılara) Bu da vağzal… Bu da sonuncu çıxış yolu.
Xasay: (üst-başını sahmana sala-sala geriyə qayıdır) Burda deyiblər: «Heyvanuva şükür!»
Gültəkin: (matəmlə göylərə)
Gizlənməyə bir yer göstər, gizlənim…
Səhər - axşam, axşam - səhər gizlənim…
Bir yer göstər, nə ev olsun, nə qəbir,
Bir daş altda, bir daş üstdə, gizlənim... (çöməlib yaralı heyvan inilisiylə inildəyir)
Xasay: (ehtiyatla) Bu, buranın qəzetsatanıdı. Onu qınamıyın. Teatrı hədsiz sevir… (Gültəkinin inildədiyini eşidir) Sizə noldu?.. Haranızsa ağrıyır?..
Gültəkin: (başını qaldırmadan) Hə…
Xasay: Haranız?..
Gültəkin: Saçlarım…
Xasay: Saçlarınız?.. Axı onlar… Saçları deyirəm… ağrımır axı?!.. (qəfildən nə isə anlayan tək duruxur, bir addım geriyə çəkilib Gültəkini sınayıcı baxışlarla süzür, üzü işıqlanır) A-a-a… deyəsən, anlamağa başlayıram. Bu ki… Başa düşdüm-başa düşdüm. Bu… indicə dediyinizi deyirəm. «Aktrisanın taleyi» tamaşasından deyil?.. Baş qəhrəmanın monoloqundan?.. Özüdü ki, var. (xatırlayır) Yadıma gəlir… Yaxşı xatırlayıram. Axırda da intihar edir.
Gültəkin: (dikəlir, gözlərini açır) İntihar?..
Xasay: Bunu necə oynayırdız, ilahi?!.. Adamın iliyi donurdu!.. (qəfildən skamyalardan birinin üstünə dırmaşıb tamaşaçı zalına) Nifrət olsun bu insanlığa ki, hər an özünü nəfs və tamah təkərləri üstə uçuruma sürükləyir!.. Nifrət olsun bu səltənətlərələ ki, hər şeydən ucuzu insandı!..
Gültəkin: Bu nədi?.. İndicə dediyinizi deyirəm… (Xasaya zillənir)
Xasay: Həmin o əsərdəndi də. «Aktrisanın taleyi»-ndən.
Gültəkin: Aktrisanın taleyi?.. (çiyinlərini çəkir) Birinci dəfədi eşidirəm. (qəfildən qaqqanaq çəkib gülür)
Xasay: (heyrət içində geriyə səndələyir) Həmin o gülüşdü, ilahi!.. İllərlə qaranlıq tamaşaçı zalından canıma çəkdiyim həmin o sulu gülüş!.. Bu gülüşdə nə desən, var!.. Üsyan!.. Qələbə!.. Böyük məğlubiyyətlər və yenə qələbə!..
Gültəkin: (fikirli halda tamaşaçılara) O qələbə ki, heç bilmirsən, nəyinə gərəkdi?.. (qəfildən dəyişir; musiqi; aramla ayağa qalxır, qollarını qoltuğuna vurur) Məğlub olmaq?.. Ya qələbə çalmaq?.. Hansı daha şərəflidi?.. Azğın taleyin müdhiş axarında əriyib yoxa çıxmaq?.. Yoxsa, axından kənara sıçrayıb üsyan qaldırmaq?.. (qəfildən sancılanmış tək, yerində vurnuxmağa başlayır, Xasay ovsun içində onun hərəkətlərini izləyir) Yo-o-ox… Ölmək!.. Ölüm yuxulu qaranlıqlara qərq edilmək!.. (gözlərini yumur, başını əlləri arasına alıb ilan tək qıvrılır) Sonra da qələbə havalı yuxular görmək!.. (tamaşaçı zalından qopan alqış gurultusu)
Xasay: (əl çalır, ovsunda) Dahiyanə!..
Reproduktordan səs: (alqış gurultusunu yoxa çıxarır) Diqqət-diqqət! Vətəndaş sərnişinlərin nəzərinə!.. Üçüncü və birinci xəttlərdən yola düşən qatarlara minik altıncı perrondan başlayır!.. Təkrar edirəm…
Gültəkin: (sustalmış halda yerinə qayıdır, skamaya çökür, tamaşaçılara, kədərlə) Gəl indi yaşa…
Xasay: (sərxoş addımlarla Gültəkinə sarı yeriyir) Sizi ilk dəfə görəndə… Hardaydı o, indi heç cür yadıma sala bilmirəm... Səhv eləmirəmsə… (yadına salmağa çalışır, üzü işıqlanır) A-ah!.. Yadıma düşdü!.. Yaltada!.. Açıq yay kafesində!.. Yadınıza gəlir?.. Sizin onda iyirmi yaşınız ancaq olardı…
Gültəkin: (Xasaya məhəl qoymadan, tamaşaçılara) Neyləmək olar?.. İnsan taleyinə yazılan budu. (xoflu baxışlarla ətrafına göz gəzdirir) Bir yanda çəkisiz, pəmbə buludlar, o biri tərəfdə - içi ilan-qurbağa dolu lehmə bataqlıqlar!
Xasay: (Gültəkinin dediklərinə məhəl qoymadan) …Mən bax, eynilə beləcə, həyəcandan titrədə-titrədə sizin stola yaxınlaşdım… Sizi, hələ kafeyə daxil olanda seçmişdim… lap uzaqdan…


O biri perrondan, reysləri elan edən reproduktorun səsi eşidilir.


Gültəkin: (reproduktorun səsinə xəyaldan ayılır, turşumuş sifətlə Xasaya) Priçom tut Yalta?..


Perrona, qaraçı geyimini andıran uzunətəkli paltarda tumsatan qadın daxil olur. Tumsatan özünü yellədə-yellədə, paltarının uzun ətəklərini döşəmə boyu sürütləyə-sürütləyə yeriyib Gültəkinin qarşısında dayanır.



Tumsatan: Tum-tum-tum!.. Yaxşı tumum var, a bajı. Sübh tezdənnən qovurmuşam. Qastritin dərmanıdı…
Gültəkin: (keçib yerinə əyləşir, üzünü kənara çevirir) Sağ ol, istəmirəm.
Tumsatan: (Gültəkinin ardınca yeriyir) Al, peşman olmazsan, gö-ö-zəl!.. Özün də yol üstəsən, çırtda başın qarışsın, heç olmıya.
Gültəkin: (turşumuş sifətlə) Dedim «sağ ol» da, lazımım döyil. (redikülünü açıb içində nə isə axtarır)
Tumsatan: Maloçnıdı, ağzıa atmağınnan əriməyi bir olur.
Gültəkin: (əlini saxlayır) Allah əkbər!.. (Tumsatana) Ay bacım, ay anam, dedim istəmirəm də!.. Maloçnıdı, slivoçnıdı, hər nədi, lazımım döyül balam da-a! A-a?.. (tamaşaçılara) Heç dəxli var?..


Gültəkinlə Tumsatan qadın danışdıqca, Xasayın gözü Tumsatanın zənbilinin bir kənarında, tum yığmaq üçün qatlanıb biri-birinin içinə keçirilən kağız bükülülərinə sataşır. Ayağa qalxıb ehmal addımlarla arxadan Tumsatana yaxınlaşır, əlini uzadıb bükülülərdən birini çəkib cıxarır, qatını açıb eynəyini düzəldir, ürəyində oxuya-oxuya yerinə qayıdır. Çox keçmir ki, oxuduğundan təsirlənir, üzünü tutub səssiz-səssiz ağlayır.


Tumsatan: (Gültəkinin üstünə qışqırır) Tay niyə çığırırsan?.. Deynən istəmirəm da-a!.. Sənə nədi, zornan tum aldıran var, a-a?!.. (gedə-gedə tamaşaçılara) Vağzalın havasınnandı ye-e… Harda dəli var, yığışır bu xarabaya!.. Nə qanıllar, nə qandırıllar!.. (gözü Gültəkində Xasaya yaxınlaşır, həlim səslə) Ay qardaş, yaxşı tumum var. Sən al, heç olmıya.
Xasay: (fikirdən ayılır, eynəyini çıxarıb kal baxışlarlaTumsatana baxır) Hə?.. Nə olmaya?..
Tumsatan: (susub Xasaya baxır, qəfildən yanıqlı-yanıqlı oxuyur) Bir ayrı-ılı-ıq, bir ölü-ü-üm... heç biri olmıyeydi-i-i… (zənbilini göstərir, astadan) Deyirəm, maloçnıdı, al, peşman olmazsan. (Xasay eynəyini gözünə taxıb əlini yeləyir)
Gültəkin: (göylərə yazıq-yazıq) Bu, nə darısqallıqdı salmısan məni?.. Buranın vağzalından da çıxış yolu yoxdu...
Tumsatan: (Gültəkinə yaxınlaşır, ehtiyatla) Bayaq demədim, zəncəfilim də var a-a… sənə ucuz verərəm. (qəfildən onu tanıyır) Ağız-ağız, dayan bir hələ... Sən o… (Gültəkin üzünü yana çevirir) …artiska döyülsən?.. O şalı belinə sarıyıb yerə gül düzəni deyirəm e, o döyülsə-ən?.. (Gültəkin başını tutub üzünü yana çevirir) Nə təhər oynuyurdun e-e onu!.. Bah-bah-bah!!.. Adamın dədəsi yanırdı!.. (qəfildən əllərini sinəsində cütləyib məlahətli səslə tamaşaçılara)
Məni sevirsənmi?..
Düzünü de, tərləmə…
Bilmək istəyirsənsə,
Könlümü çox rahat almısan ələ!..


Göy gurultusu eşidilir. Xasay və Tumsatan göyə baxırlar.
Külək uğultusunu andıran əcaib səs. İşıq dəyişir.
Əcaib musiqi. Perron, əşyalarını, uşaqlarını itirmiş, çaşqın sərnişinlərlə dolur. Onlar əlləri müxtəlif növ yüklər və çemodanlar, itələşə-itələşə, bir-birini səsləyə-səsləyə perron boyu vurnuxurlar. Gültəkinlə Xasay onların arasındadır. Adamların arasından güllə kimi ötüşən arabalardan biri Xasayı cənginə alıb aparmaq istəyəndə, Gültəkinə tuş gəlir. Gültəkin Xasayı arabadan çıxarıb kənara itələyir. Xasay yerə yıxılıb perron boyu dığırlanır. Musiqi kəsilir.



Tumsatan: (yerə dağılan tum bükülülərini yığa-yığa) Ay Allah, bu nəydi belə?!.. Ölmüşdük az qala!
Gültəkin: (sovuşan izdihamın ardınca) A bala, nolub, nə xəbər?.. Öldürmüşdüz ki kişini?!.. Onsuz da hamuvuz gediceysüz də!.. Niyə qırırsuz bir-birivüzi?.. (Xasaya, ayağa qalxmağa kömək edir, üst-başının tozunu çırpır)


Sim qırılmasının səsini andıran əcaib səs. Perronun bir tərəfinə nəhəng bulud kölgəsini andıran qaranlıq çökür.
Hər üçü göyə zillənir.


Tumsatan: Eşitdiz?..
Gültəkin: (duruxur) O nə səs idi elə?..
Tumsatan: (göyə baxa-baxa) Axşama yağış deyiblər.
Gültəkin: (göyə zillənib) Elə bil hardasa nə isə qırıldı… ya açıldı?..
Tumsatan: (gedə-gedə) Mən də ondan ötrü deyirdim dayna!.. Tum çırtdayın ki, heç nə veciıza gəlməsin!..
Xasay: (göyə zillənib) Göyün üzü tutuldu…
Tumsatan: (çıxışa sarı gedə-gedə hırıltıyla) Hələ bu nədi ki?.. Burda elə şeylər olur ki... (çıxır)
Gültəkin: Bu yan tutuldu… (sağ tərəfə yeriyir) …bu tərəf açıqdı…


Bayquş buppultusu eşidilir.


Xasay: (səsə diqqət kəsilir, vahimə içində) Elə bil bayquş uladı… Eşitdiz?
Gültəkin: Bayquş?.. (Xasaya üzünü turşudur) Vağzalda da bayquş olar?.. Bura nədi səninçün, teatrdı, sirkdi?..
Xasay: (duruxur) Teatr?.. Siz «teatr» dediniz?.. (üzü işıqlanır) Teatr!.. O ki, başdan-ayağa sehrdi!..
Gültəkin: (yorğun halda skamyaya çökür, qanıqara) Sehr… Amma gör ki, indi o sehri, o müqəddəs sənət ocağını nəyə döndəriblər! İndi daha «Teatr!» deyəndə adamın burnuna turşumuş çaxır iyi gəlir!.. Rol almaq üstündə bir-birini vilkalayan kim, qriminə kislota tökən kim, fəxri ad almaqdan ötrü çəngəl udan kim… Yerindən duran da pyes yazır!.. (qəfildən rola girir, əllərini sinəsinin qarşısında cütləyib səsini süni boğazlarla əsdirə-əsdirə) Yox-yox, elə demə, Əfzəldin! Əgər sən qəlbimi yaxan alovun şiddətindən azca da olsa, agah olsaydın, məhəbbətimi bu qədər ucuz tutmazdın!.. Ülvi, pak hisslərimi ayaqlar altına atmazdın!.. (nifrətlə kənara) Tfu!!! (qanıqara) Əsil sənət də qalıb bir kənarda. (susur, relslərə sarı baxır; uzaq yollardan ötən qatarın səsi eşidilir; ayılır, qanıqara) İçərilərində ilan fışıltısı yox… (göylərə işarə ilə) Ona deyəcək sözləri yox…
Xasay: (pərt) B-bu dediyiniz elə bil… Əgər əlbəttə mən səhv eləmirəmsə, Meterlinqin…
Gültəkin: (Xasayı eşitmir, göylərə, kədərlə)
Yaslı-yaslı ötən bulud
Bulud, məni tanıdınmı?..
İçim torpaq, gözüm qumdu,
Göy üzü son umudumdu,
Əlim çatmaz, ünüm yetməz…
(susur, göylərə) Məni eşidirsə-ən??.. (səsi enir) Burda mənə pisdi... Apararmsan məni??..
Xasay: (ovsunda) Bay-bay-bay!.. Bu… İndicə dediyinizi deyirəm, adamın lap nəfəsini kəsir… (xatırlmağa çalışır) Şeksriri də xatırladır, Homeri də…
Gültəkin: (Xasayı eşitmir, başını aşağı salır) Eşitmir …
Xasay: (qəfildən qalib səslə) Hötedi!.. «Faust»!.. Əlbəttə ki, odu!..
Gültəkin: (Xasayı eşitmir, öz-özünə astadan) Nədən axı?.. De, nədən yaşaya bilmirsən?.. Axı it də, pişik də, siçan da yaşayır… Amma sən… Sən yaşaya bilmirsən!.. Niyə?.. De, nədən?.. (qəfildən əsəbi bağırtıyla) Axı nə istəyirsə-ə-ən??..
Xasay: (Gültəkinin bağırtısından diksinib geriyə səndələyir) S-sizə noldu?..
Gültəkin: (ayılır, ayağa qalxıb əsəbi hərəkətlərlə skamyanın ətrafında vurnuxur) Eybi yo-ox… çətini yola düşməkdi. Ruhunu bu qorxunc insan dəyirmanından salamat çıxarmaqdı!
Xasay: (ovsuna düşür) İnsan dəyirmanı?.. Necə də dəqiqdi?.. (kədərlə tamaşaçılara) Bu dəyirmanın boğazından salamat çıxan varmı yəni?..
Gültəkin: (qəfildən əlini belinə vurub, kiminləsə mübahisə edirmiş kimi) Bəli-i, bu, mənim teatrım deyil!.. Bəli-i, mən öz amluamı bu miskin səhnə özfəaliyyətinə qurban verə bilmərəm!.. (qəfildən qəhərlənir) Axı mən onu… sənət eşqimi... bax, buramda… (qucağında körpə tutan tək) …xəstə balamı qoruyan tək, qorumuşam… İllərlə!.. (susub başını aşağı salır)
Xasay: (Gültəkinə yaxınlaşır, ehtiyatla) Sizdən artıq dərəcədə xahiş edirəm, məni dinləyin. Yoxsa siz...
Gültəkin: (Xasaya məhəl qoymadan, tamaşaçılara) O alqış səsləri, o həyəcan dolu sevgi atəşfəşanlığı deyin, kimə müyəssər olub?..
Xasay: (qanıqara) Sizin məni dinləmək həvəsiniz yoxdu. Görürəm, yenə roldasız… Yenə öz amplua-a-anızdasınız!.. Səhnəni həyatınız qədər sevirsiz, bilirəm. Amma axı… həyat səhnə deyil?!..
Gültəkin: (Xasaya məhəl qoymadan) Amma gör ki, sənətə, sənətçiyə qiymət verən var?.. (dilini əyə-əyə kimisə yamsılayır) Süzün vaxtdarın tiatrı ayrı, indiki ayrı!.. (kənara) Tfu!.. Teatr qanan olub mənimçün! Gözüm atır elə bu iylənmiş teatruvuzçun!.. (qəfildən kədərlə) Daha nə alqış səsləri, nə o sevgi dolu həyəcanlar məni burda saxlaya bilməz. (yorğun halda) Gedirəm... (məkrlə) Ədəbilik!..
Xasay: (ildırım vuran tək dik atılır) Necə?.. Siz nə dediniz?..
Gültəkin: (Xasaya məhəl qoymadan yığışmağa başlayır) Daha burda qala bilmərəm!..
Xasay: Siz... siz…
Gültəkin: (qəfildən ayrı tonda tamaşaçılara) İnammırsuz gedirəm?.. Doğurdan inanmırsu-u-uz?.. Bu saat… (redikülünü dizinin üstünə qoyub açır, içində nə isə axtarır)
Xasay: (ürəyini tutub yerində ləngər vurur) Siz… nə dediniz?.. Gedirsiz?.. Bizi… məmləkəti atıb gedirsi-iz??..
Gültəkin: (Xasaya məhəl qoymadan, redikülün içini axtarır) Bu da… hanı o?.. Mənim biletim… Hara qoydum axı onu?..
Xasay: (həyəcan içində yerində vurnuxur) Onda bəs… (qəfildən Gültəkinin qarşısında dizi üstə düşür, Gültəkin dik atılıb əlini saxlayır) Sizi and verirəm o göylərə!.. Eləməyin bunu! Yalvarıram!..
Reproduktordan səs: Diqqət! Diqqət! Sərnişinlərin nəzərinə!.. İkinci, altıncı, yeddinci xəttlərdən yola düşən qatarlara minik başlayır. Sərnişinlərdən xahiş olunur perrona yaxınlaşsınlar… Təkrar edirəm: ikinci, altıncı…
Gültəkin: (təəccüblə) Siz neyləyirsiz?..
Xasay: (qəhərlə) Barı mənə yazığınız gəlsin! Bu bədbəxt məmləkəti düşünün!.. Sizin eşqinizlə yaşayanları düşünün, heç olmaya…


Perrona Nəzarətçi daxil olur. Xasay Nəzarətçini görən kimi dik atılb özünü Gültəkinin yanına verir. Nəzarətçi bir müddət ədəbli addımlarla perronu gəzib dolanır, skamyaların altını, saat və işıq dirəklərinin vəziyyətini əl fənəri ilə yoxlayır. Qatarların hərəkət cədvəlinə yaxınlaşır, cibindən çıxardığı iri yaylıqla cədvəlin şüşəsini səliqəylə silməyə başlayır.


Xasay: (gözü Nəzarətçidə, təlaş içində) O gün mən burda… b-beləcə d-dayandığım... tfu, oturduğum y-yerdə… bir də gördüm, bir nəfər… B-belə hü-hündürboy adam… əynində də d-dəmiryolçu uniforması…
Gültəkin: (gözü Nəzarətçidə Xasaya) Bu kimdi?..
Xasay: (vahimə içində Gültəkinin qulağına) Bu, odu!!..
Gültəkin: Kim?..
Xasay: (lal işarələrlə Gültəkinə nə isə başa salmağa çalışırsa da, Gültəkin onun hərəkətlərinə məhəl qoymur, pıçıltıyla) U-uni-for-ma!.. N-nə-zarət-çi!..
Gültəkin: (üzünü turşudur) Nəzarətçi?.. Hə, nolsun?..
Xasay: (Gültəkinin qulağına) Bayaqdan demək istəyirəm, imkan verirsüz ki?.. O… O…
Gültəkin: (Xasayın sözünü ağzında qoyur) A bala!.. (Nəzarətçi onu eşitmirmiş kimi, cədvəlin şüşəsini daha səylə silir) Ay yoldaş!..
Nəzarətçi: (dikəlib ədəbli addımlarla skamyaya yaxınlaşır, diktor təbiri ilə) Axşamınız xeyir, hörmətli tamaşaçılar… tfu, sərnişinlər!..
Gültəkin: (Nəzarətçini şübhəli nəzərlərlə başdan-ayağa süzə-süzə) Abatun xeyir. Bizi axtarırsan?..
Nəzarətçi: (özünü itirirsə də, çaşqınlığını biruzə vermir) Xeyir xanım, sizi niyə axtarmalıyam kin? Boynuma düşən vəzifə borcumu yerinə yetirirəm.
Gültəkin: (üzünü turşudur) Vəzifə borcuvı?.. Şüşəsilənsən? (Nəzarətçi duruxur) Deyirəm, yəni buraların təmizliyinə baxırsan?..
Nəzarətçi: (çaşqın) Yox, niyə kin?!.. Onu mən… (söz axtarır, qəfildən saxta səmimiyyətlə) Bu… mənim daxili ehtiyacımdır.
Gültəkin: Nədi sənün daxili ehtiyacun, şüşə silməy? Başuva iş qəhətdi?..
Nəzarətçi: Yox, mən… (qəfildən kövrəlir) Bu, mənim ağır uşaqlıq illərimdən yadigar qalan axmaq vərdişimdi. Elə nə görürəm, silirəm, təmizləyirəm… əlimin altına nə keçdi, tozunu alıram, parıldadıram. (qəfildən cuşa gəlir) Bu, elə bir maniakal-depressiv haldır ki…
Gültəkin: (üzünü turşudur) Manyaksan?..
Nəzarətçi: (pərt) Xeyr xanım, siz məni düzgün başa düşmədiniz. Mən sadəcə... (başını aşağı salır, süni kədərlə) Axı mən uzun müddət yetimçilik həyatı yaşamışam?!.. Evin hər işi mənnən olub. Şüşə də silmişəm, döşəmə də süpürmüşəm, yeri gələndə, lap… (qəfildən təsirlənir, səsi titrəyir) …tualetləri də…
Gültəkin: Yaxşı-yaxşı, saxla!.. (kənara astadan) Niyabəd köpəyoğlu. (çönüb yenə Nəzarətçini gözdən keçirir) Amma belə nə isə gözüm su içmir e, sənnən. Elə bil səni hardasa görmüşəm. (xatırlamağa çalışır) Hansısa kinoda... Ya türməyidi, haraydı?.. (fikrə gedir) Heç cür yadıma sala bilmirəm də indi…
Nəzarətçi: (qulaqlarını çəkir) Allah eləməsin, siz nə danışırsız, ay xanım?!.. Türmə nədi, zad nədi?.. Mən hələ lap uşaqlıqdan… E-e-e… gör haçannan burda işləyirəm. Demək olar, buralarda böyümüşəm. 14 yaşımdan dispecçer köməyçisi olmuşam, bir bölük yetim bacı-qardaşımı saxlamışam. (başını aşağı çalıb utancaq sükutla susur)
Xasay: (Gültəkini dümsükləyir, pıçıltıyla) Bu, odur!!!..
Gültəkin: (qollarını qoltuğuna vurub Nəzarətçini süzür. Bir neçə an üçü də susurlar.) Hə, nolsun indi?..
Nəzarətçi: (ayılır, çaşqın halda) Nə dediz?..
Gültəkin: Deyirəm, yəni niyə diyandun?
Nəzarətçi: (çaşqın) Dayanmıyım?..
Gültəkin: İstiyirsən, diyan.
Nəzarətçi: Hə-ə?.. Nə deyirəm, dayanım da.
Gültəkin: Deyirəm, yəni yeri get işüvə, gücüvə də, a-a?!..
Nəzarətçi: (özünü itirir) Nə deyirəm, «get» deyirsiz, gedim də. Yaxşı, sağ olun, çox sağ olun. (gedə-gedə) Allah razı olsun.
Xasay: (Nəzarətçinin ardınca baxa-baxa) O onsuz da bizi rahat buraxmayacaq!
Gültəkin: (üzünü turşudur, qəfildən qoçusayağı) Kim, alə, bu?..
Xasay: Siz onu tanımırsız. Kim olduğunu da bilmirsiz. (həyəcanla) O… o, nəzarətçi deyil! O… o… (tərəddüd içində) Yox, mən qorxaq deyiləm. Daha doğrusu deyildim. Lakin həyat… heç kimə güzəştə getməyən bu amansız həyat bizdən daha nələr düzəltmir?!..
Gültəkin: (tamaşaçılara, astadan) Bu da o söz... (çönüb rəhm dolu gözlərlə Xasaya baxır)
Xasay: (hələ də Nəzarətçinin ardınca baxa-baxa) Kim də bilməsə, mən bilirəm. Buranın nəzarətçilərini də tanıyıram. Onların forması da ayrı cür olur…
Gültəkin: (çantasından çıxardığı cığaranı açıb yumurta çıxarır, skamyanın dəmirinə vurub soya-soya tamaşaçılara) Axır vaxtlar mənim də əsəblərim stroydan çıxıb. (soyulmuş yumurtanı duzlayıb Xasayın ovcuna basır, Xasay əlində yumurta duruxub qalır) Dəqiqədə bir hər şeyə ağlamağım tutur. O gün… …teatrda maaşımı aldığım yerdə nə oldusa, bir də onu gördüm, gözlərim qaraldı. Hiss elədim ki, bax, burama… (əlini, özünü boğan kimi, xirtdəyinə keçirir) …caynağabənzər nə isə dirəndi elə bil!.. Bir də gördüm, boğuluram… (Xasay əlində yumurta, təəccüblə Gültəkini dinləyir) Nə yaxşı ki, sumkamda validol vardı, dilimin altına qoyub gözlədim…
Xasay: (yumurtadan dişləyib həvəssiz-həvəssiz çeynəir) Həyat necə də qəribədi?!.. Kimin ağlına gələrdi?.. Kimin ağlına gələrdi ki, biz sizinlə burda, insanların bir-birindən ayrıldığı bu kədərli məkanda görüşəcəyik?..
Gültəkin: (Xasaya məhəl qoymadan, o bliri yumurtanı soymağa başlayır) Amma gördüm, yo-ox, yenə həmin o boğulmadı… (səsi enir, əlini saxlayıb xatırlayır) Yenə rəhmətlik gəlib durdu gözlərimin qabağında. (dərdli-dərdli içini çəkir) Belə əsəbiləşəndə həmişə deyərdi: «Elə ki, gördün boğulursan, tüpür!.. Elə tüpür, elə bil canuva yığılan bütün hirsüvi, ağrı-acuvı tüpürürsən!..» (səsi enir, başını aşağı salıb yumurta soyur) Ağrı-acı da tüpürməklə çıxır məgər?.. Çıxsaydı, nə vardı ki?!.. (gözləri yol çəkə-çəkə, qəfildən sərt) Ağrılar var ki, onları gərək ancaq qusasan!!!.. (Xasay diksinib çeçəyir, öskürək boğulmasında boğulur, Gültəkin onun kürəyini döyəcləyə-döyəcləyə, harasa uzaqlara) Allah sənə rəhmət eləsin Aquli!.. (tamaşaçılara) Düz otuz bir il baş rejissorumuz oldu rəhmətlik. İndikilər nə bilir baş rejissor nə olan şeydi?!.. (yumurtanı duzlayıb dişləyir)
Xasay: (özünə gəlir) Az qala ölmüşdüm… (əlindəki yumurtaya baxa-baxa qəhərlənir) Anam da həmişə yumurtanı eynilə belə bişirərdi… eynilə bu cür…
Gültəkin: (Xasaya məhəl qoymadan, yumurtadan dişləyib yeyə-yeyə) …O gün qəbrinin üstünə getmişdim. (qəfildən Xasaya sarı çönür, ayrı səslə) Ağahüseyn Aqaverdibekovu tanıyırdun, alə?.. (cavabı gözləmədən, mütəfəkkir obrazı alır, dolu ovurdlarla)
Qan vurur beynimə, vallah hirsimdən!..
Deyəsən ağlımı itirirəm mən…
Əgər əl qaldırsam, qalmazsız, çətin
İkinizdən biri öləcək yəqin!..
(obrazdan çıxır, Xasaya) Yaduva düşdi?.. (cığaradan ayrı yumurta çıxarır və soymağa başlayır)
Xasay: (məmnunluqda əriyə-əriyə, dolu ovurdlarla) Bunu unutmaqmı olar?.. Siz uzunətəkli, ağ libasda… başınızda çələng… Əfsanəydi, əfsanə!.. (qəfildən üzü işıqlanır) Gün gələcək, burda… olsun ki, bax, bu vağzalın özündə… sizin heykəliniz ucaldılacaq!.. İnanmırsız?..
Gültəkin: (Xasayı eşitmir, növbəti yumurtanı soyub, danışa-danışa Xasayın ovcuna basır) …Ad günü idi… qərənfilləri şəklinin altına düzə-düzə:«Yetim qoydun məni, Aquli...» - dedim, sonra da, o ki, var ağladım...


Doluxsunub ağlayır, redikülündən çıxardığı burun yaylığını gözlərinə basır.
Xasay çeçəyib öskürür. Uzaqdan qatar fitinin səsi eşidilir. Hər ikisi fitin səsinə diqqət kəsilir, qollarını çirmələyib saatlarına baxırlar. Sonra Gültəkin yenə iştahla ağlayır.


Xasay: (yumurtanı əlinin içində o üz-bu üzə çevirə-çevirə tamaşaçılara) Göz yaşı qəlbin fəryadıdır. Qəlb yalnız bu dildə danışır…
Gültəkin: (burnunu çəkib toxtayır, sirr açan kimi, astadan) Elə bunu demişdim… (əcaib musiqi) …bir də gördüm… hardansa buz kimi sopsoyuq meh əsdi... Yayın cırhacır isitisində ya!.. (susur, mənalı təbəssümlə) O dəqiqə bildim odu. Mənə təsəlli vermək istiyir. (yazıqlaşır) O elə idi axı, yazıq. Hamının dərdini çəkərdi... (doluxsunur, burnunu çəkib fikrə gedir)
Xasay: Allah rəhmət eləsin. (incik) Görürəm sizin məni dinləmək həvəsiniz yoxdu. Daha doğrusu, siz məni boşboğazın, avaranın biri hesab edirsiz. Amma axı mən avara deyiləm?!.. Mən də sizin kimi... (qəfildən çılğın) Axı əslində biz hər ikimiz…
Gültəkin: (Xasaya məhəl qoymadan, sözünün ardını gətirir) Elə bunu demişdim, bir də gördüm, (sirli pıçıltıyla) meh dayandı!.. (yumşalır) Bildim, xəcalət çəkir yazıq. O eləydi axı?!.. Hər sözə həssas, qədirbilən. (fikrə gedir) İndi beləsini hardan tapasan?..


Perrona sakitlik çökür. Cırcırama səsləri eşidilməyə başlayır. Nəzarətçi görünür, əllərini arxasında çarpazlayab iri addımlarla Gültəkin oturan skamyaya yaxınlaşırsa da, yarı yolda ayaq saxlayır, xoflu-xoflu ətrafın sakitliyinə diqqət kəsilir, kənara çəkilib işıq dirəklərindən birinin arxasında gizlənir.



Xasay: (dikəlib oturur, gözü Nəzarətçidə ehtiyatla) Görün, sizə nə deyirəm… Bax, o gün… daha doğrusu, günlərin bir günü… (sirr açan kimi astadan) …bax, burda… bu vağzalın özündə… o… vaxtıyla xod gedənlərdən birini…
Gültəkin: (Xasaya məhəl qoymadan, əsəbi) …Amma, dedim, bircə dəfə də olsun, Kleopatranı mənə qıymadın! Ya da heç olmasa, Gertrudanı!.. Mən ki… (qəhərlənir) …mən elə onun həyatını yaşamadımmı?..


Edvard Qriqin «Fortepiano üçün lya minor» kontatası. Gültəkin oturduğu yerdə ilan kimi qıvrılır, ayağa qalxıb müxtəlif əcaib pozalar alır, skamyanın üstünə qalxıb yumaq kimi yığılır. Ayağa qalxır, Gertrudanın obrazını alır. Nəzarətçi bərəlmiş gözlərlə Gültəkinin hərəkətlərini izləyir.



Gültəkin: Niyə? Niyə məni belə incitdin?..
Niyə təhqir etdin atanı, oğul?..
Niyə nadan kimi cavab verirsən?..
Niyə riyakar tək yalan deyirsən?..
Demə:«Sən məni unutdun!», istəmirəm eşidim.
İstəmirəm sənin «Təəssüf ki, anamsınız…» etirafını.
İstəmirəm!..
«Doğma qardaşını öldürən kəsin yatağına girən qadınsan!..»
sözünü eşitmək istəmirəm!..

(susur, qanıqara halda tamaşaçılara) E-eh, indi ciddi sənət heç kimə lazım deyil. İndikilərə… (qəfildən oturduğu yerdə qarnını əsdirib çiyinlərini titrədir; Xasay bərəlmiş gözlərlə onun hərəkətlərini izləyir) …bu lazımdı! Əlbəttə!.. Nəylərinə gərəkdi Sarabskaya?!.. Hər bir şeyin astar üzün görən, iddialı, tündməcaz Gültəkin Sarabskaya?!..
Xasay: (üzü işıqlanır) Özüdü ki, var!.. Gültəkin Sarabskaya!..
Gültəkin: (Xasayı eşitmir) Belə cəhənnəmə olsun gərəkləri!.. Yoxsa bunlar Sarabskayaya gərəkdi?!.. (qanrılıb yanında dayanan görünməz kiməsə ədayla) Sarabskaya artıq özü seçir, kimə gərəkdi, kimə yox!..
Xasay: (valehliklə) Sarabskaya!.. Gültəkin Sarabskaya!.. (qəfildən konfransye pozasında, qalın səslə) Baş rolu ifa edir - Gültəkin Sarabskaya!..
Gültəkin: (Xasayı eşitmir, təslim olmuş kimi aramla skamyaya enir, kədərlə) Elə isə… onda bütün o məzhəkələr… sonu kimsəsiz, qaranlıq mənzillə bitən o mənasız qalibiyyət yürüşləri kimə, nəyə lazım idi?..
Xasay: (Gültəkinin dediklərinə məhəl qoymadan) Sizə deyim, bu adın özü də adamın canına vəlvələ salır: Gültəkin Sarabskaya!..
Gültəkin: (Xasayı eşitmir) …Hər gecə ürəyin bulana-bulana deməyə məcbur olduğun o saxta monoloqlar, yalançı həyəcanlar… heç bir məna kəsb etməyən o uzun-uzadı, məzmunsuz həyat nə üçün idi?..


Uzaqlardan ötən qatarın fiti və təkər səsi eşidilir.


Xasay: (ehtiyatla) Siz… hələ də roldasız?.. Yoxsa özünüzsüz?.. Sənətinizin gücü ayırd eləməyə imkan vermir…
Gültəkin: (Xasayı eşitmir, kədərlə) Mənim ki, səliqəli, yaraşıqlı evim vardı?!.. Səhərlər eyvandakı çiçəkləri suladığım, dadlı-dadlı alma piroqları bişirib, axşamlar ərimin yolunu gözlədiyim, məhəbbət və rahatlıq dolu evim… Dörd bir yanı zanbaqlar və sarmaşıqlar, şəbəkəli aynabənd… (başını aşağı salıb susur)
Xasay: (ayılır) Zanbaqlar?.. Qəribədi… Dediyiniz o evi… (xatırlamağa çalışır) Hə… özüdü ki, var. Sütunları yaşıl sarmaşıqlar dolu səliqəli mənzil… (fikirdən ayılır) Özüdür ki, var! Deyəsən o evi mən görmüşəm!.. (qəfildən vahimə içində) Elə bil orda yaşamışam da!.. Amma nə vaxt?.. Harada?..
Gültəkin: (acı təbəssümlə) Olsun ki, həmin o tamaşada… O tamaşada ki, (hüznlə) sonu intiharla bitir…
Xasay: Özüdü ki, var!.. (xatırlayır) İşıqlı aynabənd… pəncərələrin məhəccərindən asılan ağ zanbaqlar… sütunlara dolanan sarmaşıqlar… (səsi enir) Ağrılar və iztirablar dolu yaraşıqlı şəhər mənzili…


Hər ikisi xəyala dalır. Yaxın yollardan ötüşən qatar səsi.
O biri perronda danışan reproduktorun səsi eşidilir.


Xasay: (fikirdən ayılır) Amma axı o niyə intihar edir?.. Əsərin sonunda… O yerini anlamadım. Onun ki… Aktrisanı deyirəm, hər bir şeyi var idi?!.. Adama daha nə lazımdı ki?.. Ailəsi, uşaqları, gözəl evi, onu dəlicəsinə sevən əri… Düzdü, sonradan o cavan bir aktrisaya aşiq oldu...
Gültəkin: (sarsıntı içində) Aşiq oldu?.. (nifrətlə kənara) Necə də iyrənc sözdü… «Aşiq oldu!»
Xasay: (Gültəkini eşitmir) Amma axı… ər-arvadlıqda belə şeylər olur?!.. Qısqanclıq, xəyanət… Belə xırda, ötəri qəzalara görə intihar eləməyin adı nəydi?..
Gültəkin: Məgər ona tək bir əri xəyanət eləmişdimi?.. (musiqi) Ən böyük xəyanəti o özü özünə eləmədimi?..
Xasay: Özü-ü??.. Siz… «özü» dediniz?.. Heç nə anlamıram… (qəfildən duruxur, vahimə dolu baxışlarla Gültəkinə zillənir) Amma yox… deyəsən anlayıram… Hə-ə, özüdü ki, var. Siz yenə roldasız.... Yenə kiminsə obrazındasız... O rollar olsun ki, artıq sizin canınıza hopub!.. (acı təbəssümlə tamaşaçılara) Görünür ki, onlardan qurtulmaq bir o qədər də asan məsələ deyil.
Gültəkin: (qəhərlə tamaşaçılara)
Əyildim, sulara baxdım…
Axtardım cavan üzümü.
Sular axdı, sular axdı,
Apardı cavan üzümü…
Qaçdım, daş-qaya bilmədim,
Qaçdım, haqlaya bilmədim,
Tutub saxlaya bilmədim
Sularda axan üzümü... (başını skamyanın söykənəcəyinə qoyub səssiz-səssiz ağlayır)
Xasay: Siz… sizə noldu?.. Siz ağlayırsız?.. (ehmal addımlarla Gültəkinə yaxınlaşır, ehtiyatla) Sizdən artıq dərəcədə xahiş edirəm, məni sona qədər dinləyin. Mən ki, sizi illərlə dinləmişəm. Məmnuniyyətlə… İllər və saatlarla. Qəlbimin və gözlərimin qulaqlarıyla!


İşıq dəyişir. Əcaib musiqi. Xasay xoflu baxışlarla ətrafına boylanır.
Vağzal uğultusu. Ağlamaq, inilti səsləri qatar fitinin səsinə qarışır.
Gültəkin başını qaldırır və hər ikisi şəffaf pərdənin arxasında baş verənlərə tamaşa edir.
İnsanlar bir-biriylə vidalaşırlar, yerə güllər səpilir. Ləng təkanlarla yola düşən qatarın səsi və fiti eşidilr.



Gültəkin: Burda… nə baş verir?..
Xasay: (vidalaşan izdihama baxır, hüznlə) Qatar yola düşür… İnsanlar vidalaşırlar…
Gültəkin: Axı niyə bu qədər kədərlə?.. (xoflu) Elə bil bir daha geriyə qayıtmayacaqlar…
Xasay: (hüznlə) Burda hamı yol üstədi. Elə biz də…
Gültəkin: Kədərlidi… (ovsuna düşür) Hər şey laxlayır… öz mahiyyətini itirir…Yoxsa dəyişir?.. (başını qaldırıb göyə baxır) Yağış da daha o deyil… (əlini açır; yuxarıdan ovcuna bir neçə yağış damlası süzülür) …bulanıqdır daha o da… (göylərə) Məni buralardan alıb uzaqlara aparan olacaqmı görən?.. (göylərə baxır) Nə edim?.. (relslərə zillənir) Bəlkə qatarın altına atım özümü?.. İntihar edim?.. (başını aşağı salıb susur, ayılır, Xasaya) Bir də axı… niyə mən bütün bunları sizə danışıram?.. Siz kimsiz axı?..
Xasay: Mən?.. Sizin minlərlə pərəstişkarınızdan biri…
Gültəkin: (acı iztehzayla) Pərəstişkar?.. Mənim nəyimə pərəstiş edirsən axı?.. Özünü öz əlindən salıb sındıran zavallı aktrisann nəyinə pərəstiş edirsən?.. (kədərlə tamaşaçılara)
Reproduktordan səs: Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! İkinci perrondan Bakı-Tiflis qatarına minik başlayır! Sərnişinlərdən xahiş olunur yerlərini tutsunlar. Təkrar edirəm…


Hər ikisi reproduktorun səsinə dik atılıb yöndəmsiz addımlarla yerlərinə qayıdırlar.


Gültəkin: (pərt hərəkətlərlə üst-başını sahmana salır) Bəsdirin, siz allah. Bu, indicə dediyiniz mistikadı. O da bədii əsərlərdə olur.
Xasay: Mənə inanmırsız?.. (xoflu baxışlarla ətrafına baxır, qorxulu sirr açan tək, yarıpıçıltıyla) İndi sizə bir sirr açım. Bura… bu məkan elə bilirsiz vağzaldı. Amma əslində (astadan) vağzal deyil!.
Gültəkin: Vağzal deyil?..


Perrona sakitlik çökür.
Ağır qapı cırıltısını andıran əcayib səs.
Gültəkinlə Xasay duruxub bir-birinə baxırlar.


Xasay: (vahimə ilə) Eşitdi-iz?.. Mən nə deyirdim?.. (kiminsə eşidəcəyindən ehtiyatla, astadan) Bura… həmin o ərazidi ki, zaman şaquli səmtdə axır…
Gültəkin: Şaquli?.. (Xasaya tərs-tərs baxır) Nə mənada?
Xasay: (barmağını dodaqlarına sıxır) S-s-s!!.. Bizi eşidirlər…
Gültəkin: (duruxur, ehtiyatla) Kim?
Xasay: (Gültəkinin qulağına astadan) Gedənləri deyirəm… bu dünyadan köçənləri. O biri üzə köçsələr də, bizimlə çiyin-çiyinə, göz-gözə qalanları deyirəm…



Əcaib səslər. Məkanın dərinliyindən ötüb keçən bir neçə adam çiyinlərində tabut daşıyırlar. Gültəkinlə Xasay onları görmürlər. Xasay ayağa qalxıb ehmal addımlarla skamyanın başına hərlənir, Gültəkinin böyründə əyləşib xoflu baxışlarla ətrafına göz gəzdirir.


Gültəkin: Sən yenə başladın?.. Qanım onsuz da qaradı. Axı mən yol üstəyəm…
Xasay: Siz mənə inanmırsız… Amma hamı budu... (xoflu baxışlarla ətrafına göz gəzdirir) burdadı… (lap yanında «dayanan» görünməz kiməsə ehtiramla astadan) Axşamınız xeyir. Bağışlayın, siz Allah, bayaqdan arxam sizə oturmuşam… (qəfildən ayrı tərəfdə «dayanan» digər görünməzi hiss edib dik atılır, dərin ehtiramla) Salam əleyküm, görmədim, üzr istiyirəm… (görünməzlərdən birinə işarəylə Gültəkinin qulağına) Bu, bilirsiz kimdi?..
Gültəkin: (təəccüblə onun hərəkətlərini izləyir) Kimdi?
Xasay: (pıçıltı ilə) Surlakov!..
Gültəkin: (qaş-qabağını tökür) O kimdi?..
Xasay: Keçmiş partiya dostum. (ucadan, kimlərəsə eşitdirmiş kimi) O gün, elə təsadüfən yolum Fəxri Xiyabana düşmüşdü. Bir də gördüm, əynində qara kostyum, döşündə deputat nişanı, bir adam asta-asta mənə sarı gəlir…
Gültəkin: Fəxri Xifabanda nə itün azmışdı?
Xasay: (başını aşağı salır, utana-utana) Heç, elə-belə… oralarda tez-tez gəzişirəm. (qəfildən ovsuna düşür) Axır vaxtlar oralar nə isə yaman çəkir məni özünə. Heç bilmirəm necə olur?.. Səhər yuxudan oyanıb küçəyə çıxıram… (vahiməyə düşür) bir də baxıb görürəm yenə hərlənib fırlanıb, gəlib Fəxri xiyabana çıxmışam. Son günlər isə… son bir neçə günü… Fəxri xiyabana yollanıram, bir də baxıram… gəlib bura çıxmışam…
Gültəkin: (Xasayı şübhəli baxışlarla altdan-yuxarı süzür) Belə de-e… (tamaşaçılara) Nə görüblər bu Fəxri xiyabanda, başa düşə bilmirəm də. Elə bil oranın altından ha yanasa yol var!.. Yetən-yetən «Fəxri xiyaban» diyib dad eliyir də!..


Perrona, kürəyində dolu torba, cır-cındır geyimli dilənçi daxil olar.


Dilənçi: (axsaya-axsaya, havanı əli ilə yoxlaya-yoxlaya perron boyu gəzişir) Allah sizə yüngül yol qismət eləsin. Yolunuz avand olsun. Yatdığınız yerdən içnciməyəsiz. Baş qoyacağınız torpaq qu tükündən yumşaq olsun… (Gültəkinə yaxınlaşır, dilini lal adamlar kimi əyə-əyə) Allah mətləbinizi versin. Tezliklə istəyinizə çatasız… (Gültəkin redikülündən çıxardığı pulu dilənçinin ovcuna basır. Əllərini kor hərəkətlərlə Gültəkinin üzündə gəzdirir, qəfildən kiminsə obrazında)
Bu gecə işıqları
küçə işıqları tək
yiyəsiz, ürkək…
Əlimdə cib fanarım,
balaca Qavroş tək
gəzirəm küçələri…
Gültəkin: Bəli də... (dilənçini Xasaya tərəf çevirir və dilənçi xırda addımlarla Xasaya sarı yeriyir) Bu məmləkətin dilənçiləri də teatr aşiqləridi.
Xasay: (onu çiynindən döndərib çıxışa yönəldir, ardınca baxa-baxa) O, dilənçi deyil.
Gültəkin: Dilənçi deyil?..
Dilənçi: (gedə-gedə) Allah ruzunusu yetirsin… Pis gün görməyəsiz… Yarıyanlardan olasız… Qurtulanlardan olasız….
Xasay: (Dilənçinin ardınca baxa-baxa) O, müəllimdi… ali məktəb müəllimi. Bir vaxtlar kafedra müdiri işləyirdi bədbəxt. Sonra deputat oldu…
Gültəkin: Deputat?..
Xasay: Sonra əmlakını müsadirə elədilər. Tələbələrdən və müəllimlərdən pul yığdığına görə.
Gültəkin: (gözü Dilənçidə) Belə de-e… Daha müəllimlərdən niyə?..
Xasay: Ondan icazəsiz tələbələrə yaxşı qiymət yazdıqlarına görə…
Gültəkin: (Dilənçinin ardınca baxır) Bəs gözləri? Onlar nədən tutulub?
Xasay: (dilənçinin ardınca baxa-baxa) O kor deyil. Özünü korluğa vurur.


Dilənçi çıxhaçıxda ovcundakı xırda pulları döş cibindən çıxardığı iri portmanenin içinə basıb gözdən itir.


Gültəkin: (qollarını qoltuğuna vurub skamyalardan birinə əyləşir, kədərlə ətrafı seyr edir) E-eh… kimə lazım bu abadlıq?.. Bu mərmər sütunlar… bu bürünc işıq dirəkləri, İtaliyadan gətirilmiş bu dəbdəbəli skamyalar ki… (pauza, səsi enir) yalnız üstündə oturanda adam olduğun yaduva düşür?..
Xasay: (skamyanın dəmirlərini yoxlaya-yoxlaya) Fəxri xiyabandakılar da eynilə bundandı. Adam oturanda özünü dövlət lojasında hiss edir.
Gültəkin: (fikrə dalır, qanıqara) Hərdən gözüm güzgüyə sataşanda, öz-özümə baxıb deyirəm: «Kimə lazımsan axı sən, Sarabskaya Gültəkin?.. Kimə?.. Sən ki, bütün həyatını fəda elədin bunlar üçün!.. Onlar neylədilər?..»
Xasay: (gəlib Gültəkinin yanında əyləşir) Sizinlə tamamilə razıyam. (kövrəlir, cibindən çıxardığı burun yaylığını gözlərinə basır, tamaşaçılara) Mən də küçlərlə dolaşanda… gözüm vitrində özümə sataşanda deyirəm: «Xasay?!..» (qəhərlə) «Xasay Niyazoviç, bu, sənsən?!..»
Gültəkin: (Xasaya baxır, qəfildən gözlərini tutub bağırır, teatral pafosla) Heyhat!!! Gözlərim!!! (Xasay dik atılıb ayağa sıçrayır, Gültəkin də ayağa sıçrayıb kor adam hərəkətləri ilə bolşluğu yoxlaya-yoxlaya yeriyir, qalın kişi səsi ilə) Eyvah!! İşıqlı dünya!!! (uzaq boşluqlara)
Əlvida, ey Günəş, ey odlu səma!..
Bir daha açılmaz nurlu sabahlar!
Bir daha görünməz gül üzlü bahar!…
Xasay: (özünü Gültəkinə yetirib qucaqlayır) Sizə noldu? Açın gözlərinizi!..Gözlərinizi açın!..
Gültəkin: (dikəlib gözlərini açır) Nolub alə?.. Bilmədün hansı əsərdəndi? «Korun əfsanəsi»- nnəndi də… (keçib yerinə əyləşir, cığaradan çıxardığı yumurtanı soymağa başlayır, Xasaya) Bəs deyirdin, «hamısını əzbər bilirəm»?.. (Xasay dinmir, başını aşağı salıb pərt hərəkətlərlə yerində vurnuxur, Gültəkin yumurtanı duzlayıb Xasaya uzadır, Xasay incik sifətlə yumurtanı alıb Gültəkinin yanında əyləşir, həvəssiz-həvəssiz çeynəyir)
Xasay: (zorla udqunur, incik) Xatırlamıram. Olsun ki, baxmamışam.
Gültəkin: (gözaltı Xasayın yeməyinə baxır, kədərlə ağzının içində) E-eh, səni də analar doğub. Yuxusuz gecələrlə beşiyinin başında keşiyini çəkib. (qəfildən dəyişir, rəhmli ana obrazı alır)
Ay mənim ipək balam!.. (Xasay dik atılır, tikəsi boğazında
qalır) Bununmuçun böyütdü anan səni?..
Ağuşunda gecələrlə səhərləri bəklədi?..
Nə bileydim, nə bileydim mən - fəqir
Ruzigarın yazdığı bu zor hökmü?..
Bilsəydim ki, əgər mən...
Xasay: (boğazına ilişən tikəni zorlu udur, üzrxahlıqla) Zənnimcə… əgər səhv eləmirəmsə, bu, Şekspirdi.


Reproduktordan da əcayib musiqi səslənir. İşıq enir. Nəzarətçi səhnənin arxasından onlara zillənir.


Gültəkin: (narazı halda üzünü yelpikləyə-yelpikləyə, tamaşaçılara) Verdikəri mahnıya bax da!.. Camaat yol üstədi, bu da buların qanacağı!
Reproduktordan kişi səsi:
Mən sənsiz uçarammı?..
Qol açıb qaçarammı?..
Qanadsız bir quşam mən…
Vağzala qonmuşam mən…
Gültəkin: (duruxur, Xasaya) O kim idi? (Xasay vahimə içində başını yelləyir) Olsun xəttə radio düşüb.


Nəzarətçi peyda olur. Bir əli ilə ən iri çemodanın dəstəyindən, o biri əli ilə Xasayın kürəkliyindən yapışıb havaya qaldırır, aparmaq istəyəndə, Gültəkin qabağını kəsir.


Nəzarətçi: (xidməti nəzakətlə) Yol verin, yol verin vətəndaş sərnişinlər!..
Gültəkin: (Nəzarətçinin qabağını kəsir) Xeyir ola?.. Hara belə, soruşmaq ayıb olmasın?..
Nəzarətsi: Ayıb niyə olur? (ciddi) Dizinfeksiya!.. (reproduktora işarəylə) Eşitmədü-üz?..
Gültəkin: (əllərini belinə vurub Nəzarətçinin üstünə yeriyir) Yerinə qoy götürdüklərini!.. Didim, yerinə qoy!..
Nəzarətçi: (bir əlində çemodan, o biri əlində Xasay, geriyə səndələyir) Xanım, indicə öz qulağlarınızla eşitmədiniz nə dedilər?.. Balam, tifə yoluxmağ istiyirsüz?..
Gültəkin: (Nəzarətçinin üstünə yeriyir, yaxasından yapışıb zəhmli səslə) Bura bax!.. Diyəsən, üzüvə yaxşı baxdım, özüvi itirdün a-a!.. Görürəm, yaman canfəşannığ eliyirsən buralarda!.. Diyəsən, qara qızın dərdi var axı?!.. Yoxsa quyruğun qapı arasında qalıb, hə?..
Nəzarətçi: (diksinib özünü yığışdırır, çaşqın) Quyruq?.. (çiyninin üstündən qanrılıb arxasına baxır) Hansı quyruq?..
Gültəkin: (qəfildən sərt) Əlindəkiləri yerə qoy, deyirəm, haramzada! Yoxsa…
Nəzarətçi: (nə Xasayı, nə də çemodanları əlindən buraxmır, qəfildən üzü də, səsi də dəyişir, məkrlə astadan) Yoxsa - nə?..
Xasay: (Nəzarətçinin əlindən, asılqandan asılmış vəziyyətdə, yazıq-yazıq Gültəkinə) Məni xilas edin!... Yalvarıram sizə… qurtarın məni bu adamın əlindən!..
Gültəkin: (Xasaya məhəl qoymadan) Yoxsa, başuva bir oyun açaram, doğma anon tanımaz səni!..
Nəzarətçi: (burnunu çəkir) Xox!.. Qorxdum a-a!
Gültəkin: (əllərini belinə vurur) Demək qorxmursan da, hə?.. İndi kişisən, əlündəkiləri yerə qoyma!


Nəzarətçi çemodanla Xasayı bir az da yuxarı qaldırır. Gültəkin Nəzarətçinin yaxasından yapışıb var gücü ilə silkələyir, qarnından bir təpik vurur. Nəzarətçi silkələnmədən əlindəki çemodanı da, Xasayı da yerə salır. Xasay üzü üstə düşüb hərəkətsiz qalır.


Nəzarətçi: (geriyə səndələyə-səndələyə Xasaya işarəylə) Ay xanım, öldürdüz ki, yetimi?!..
Gültəkin: (özünü Xasayın yanına atır, dizi üstə düşüb başını qucağına alır, Nəzarətçiyə) Gör bir neynədin, ay qurumsağ?!.. Ona bir şey olsa ya, özüvi ölmüş bil!.. (Xasaya baxır, qəhərlə tamaşaçılara) Mən… heç onun adını da bilmirəm…
Nəzarətçi: (çıxışa sarı gedə-gedə) Bilmirsən, amma hər işə qarışırsan!
Gültəkin: (başını Xasayın sinəsinə qoyub ürək döyüntülərinə qulaq kəsilir, həyəcanla) Elə bil ürəyi daha vurmur… (ağlaya-ağlaya uzaqlara) Ay ca-maat!!!.. Kömək eliyin!..
Nəzarətçi: (çıxhaçıxda astadan) Bağırma, ləçər!.. (ehtiyatla o yan-bu yanına baxa- baxa) İti-qurdu başımıza yığma! Haqq-hesabımızı öz aramızda çürüdəriy!.. (aradan çıxır)
Gültəkin: (Xasayın cansız başını sinəsinə sıxır, göylərə qəhərlə) Sənsə «döz!» deyirsən… «yaşa, səbr elə…» Söylə bir, necə?.. (yuxarıdan sızan işıq selinə baxa-baxa) Sən ki, məni sevirdin?!.. (qəifldən əsəbi) Amma demə: «bütün yaratdıqlarımı sevən tək!» (yumşalır) Sən məni ayrı cür sevirdin axı?!.. (səsi enir) İndisə sadəcə: «Döz!» - deyirsən. «Bu bulanıq yağış bitənəcən döz. Günəş parlayacaq…» - deyirsən mənə. O isə buludlar arxasındadı…


Xasayın başını bağrına basıb susur. Sürətli qatar səsi, gurultulu alqışlar, perrona qaranlıq çökür.



PƏRDƏ




İKİNCİ HİSSƏ



Vağzal perronunu andıran həmin məkan. Gecədir. İşıq dirəklərindən təkcə birinin işığı yanır. Gültəkin, uzunətəkli, qara plaşında tənha işıq dirəyinin altında dizi üstə oturub. Yağış yalnız Gültəkin oturan işıq zolağına yağır.
Xasay məkanın işıqlı tərəfində skamyada əyləşib, gözündə eynək, döş cibindən çıxardığı əzik vərəqləri oxuyur. Oxuduqca üzünü tutub ağlayır.
Yaxından aramla ötən qatar təkərlərinin səsi eşidilr.


Gültəkin: (qatara) Uzaqlardan gələn qatar
Keçdi, bizləri görmədi…
Uzaqlardan gələn qatar,
Söylə: uzaqlar necədi?..
Orda çiçəklər necədi?
Orda yarpaqlar necədi?..
(göylərə) Məni burdan alıb aparan olacaqmı görən?..


Nəzarətçinin peyda olmağıyla məkanın işıqlanmağı bir olur.



Nəzarətçi: (Gültəkinin üstünə yeriyir) Ay xanım, ay bacım, siz neyniyirsüz, nə hoqqa çıxarırsuz burda?.. Bura nədi siziyçün, teatrdı, sirkdi-nədi?.. Olmaz axı belə, ay başuva dönüm?!.. Hər şeyin də bir əndazəsi var axı?!..
Gültəkin: (ayağa qalxıb üst-başının tozunu çırpa-çırpa Nəzarətçinin üstünə yeriyir) Dezinfeksiya qurtarmadı, qəde-eş?..
Nəzarətçi: (duruxub dayanır, həlim səslə) Onu demirəm, ay bacım. Deyirəm, yəni bu şeirdi-filandı, vağzal yeri döyül axı?!.. Nə qədər olmasa, ictimai yerdi. Bunun gələni var, gedəni var. Səhərdənnən gözüm sizdədi. Beş dəqiqə dil boğaza qoymursuz, camaatı başuvuza yığırsuz. (ehtiyatla yan-yörəsinə boylanır, qəfildən əsəbi bağırtıyla) Vağzal asayişinin qorunmasına maneəçilik törədirsiz!
Gültəkin: Vağzal asayişi?.. (tamaşaçılara) Asayişgözləyənə bir ba-ax!.. (Nəzarətçini sinəsindən vurub geriyə itələyir) «Asayiş» sözünün mənasını bilirsən, heç olmaya, ay yetim?..
Nəzarətçi: (səndələyib dayanır, üst-başını sahmana salır, ehtiyatla) Ay xanım, siz kimsiz axı, mən başa düşə bilmirəm?..
Gültəkin: Mən kiməm?.. (tamaşaçılara) İnsanda həyasızlığın dərəcəsinə bax da!.. Mən buna deməkdən ki, «a balam, sən kimsən ki, oturduğumuz yerdə keçmisən xirtdəyimizə ki, «asayiş belə gəldi, dezinfeksiya belə getdi», imkan verimirsən ağzımızdakı sözü axıra çatdıraq», bu mənə deyir!..
Nəzarətçi: Ay bacım, ay anam, sözüvüz qurtarır bəyəm ki ya, bir imkan da verim?.. Səhərdənnən tay şeir qalmadı, mahnı qalmadı, çatan-çatanı da qoşursuz özüvüzə! Camaatın başını xarab eliyirsüz. Biri dağdan diyir, o birisi arannan!
Gültəkin:(Nəzarətçiyə yaxınlaşır, qəfildən qoçusayağı) Diyəsən, məni doğurdan tanımadun a, qədeş!.. (əl atıb Nəzarətçinin yaxasından yapışır, silkələyə-silkələyə) Məni tanımadun, alə?..
Nəzarətçi: (başını xoflu-xoflu yelləyir) Yo-ox…
Gültəkin: (əlini saxlayır) Denən, sən öl tanımadım?
Nəzarətçi: (duruxur) Özüm ölüm, tanımadım. Amma, belə elə bil… (Gültəkini başdan-ayağa süzür) …kiməsə oxşadıram. Bir məşhur aktrisa vardı ye-e… çoxdandı görünmür. Bilmirəm, sözün düzü, sağdı, ya ölüb… Adı da belə bir təhər idi… (xatırlamağa çalışır)
Xasay: (dik atılır, bir gözü Gültəkində həyəcanla Nəzarətçiyə) O nə sözdü, deyirsiz?.. Vardı nədi?.. Var!..
Nəzarətçi: (Gültəkini şübhəli baxışlarla süzür) Va-ar?.. Nolar, lap əcəb. Allah canını sağ eləsin.
Gültəkin: (Nəzarətçinin qoluna girib onu kənara çəkir, astadan) Bax, «özüm ölüm» diyirəm: düzünü disön a-a, işim olmıyıcey səniynən. (öz yanağına vurur) Bu ölsün, düz sözümdü.
Nəzarətçi: (kəkələyir) N-n-nəyin d-düzünü?..
Gültəkin: (bir qədər də astadan) Bu yetimdən nə istədiyivün düzüni. (işıq dirəyinə işarə ilə) Bax, o işığa and olsun ki, işim olmıyıcey.
Nəzarətçi: (işıq dirəyinə baxa-baxa, yazıq-yazıq) Ay xanım, dedim axı sizə. Mənə onun sənədləri lazımdı. Sərnişinlərin sənədlərini yoxlamaq mənim xidməti borcumdu, ay xanım!
Gültəkin: (üzünü turşudur) Xidməti borc?
Nəzarətçi: (geriyə səndələyə-səndələyə əlini yanağına vurur) Bu ölsün, düz deyirəm!.. İndi irağ-irağ, rəisdən-zaddan gəlib çıxsa ya, buralara, səən caançun, məni haman dəyqə iti qovan kimi qovar işdən!..
Gültəkin: Pa atonnan!..Yaxşı ki, rəisdən-zaddan olmamısan, alə, sən. Yoxsa, buralarda uçurtmadığun dam qoymazdun! İndi bu fıştırığ boyda vağzalı sənə tapşırıblar deyə, camaatın gününü qara eləyəcəksən? Bu yer atonnan qalıb?..
Nəzarətçi: (Gültəkini kənara çəkir, astadan) Siz bilmirsiz, xanım. (Xasaya işarə ilə) Bizsə onu tanıyırıq. O, vağzalın daimi sakinidi. Gecəsi-gündüzü buralarda keçir. Halbuki… hərçənd ki…
Gültəkin: (sözünü kəsir) Burda nə var ki? Adam gözləyir də. Kürəyündə oturub?.. (hər ikisi çönüb Xasaya baxırlar. Xasay onların baxışından dik atılır)
Nəzarətçi: (astadan) O, heç kəsi gözliyib eləmir. Onun heç kimi yoxdu!... (pıçıltı ilə) Bu adam bomjdu!..
Gültəkin: Bomjdu?.. (musiqi; çönüb Xasaya baxır, Xasay özünü yığışdırıb üst-başını sahmana salır)
Nəzarətçi: (təəssüflə içini çəkir) Dünyanın işləri belədi də. Amma bir vaxtlar böyük vəzifələrdə işliyib bədbəxt. Bir yeşik orden-medalı var. (səsi dəyişir) İndi də… (mənalı-mənalı gülümsəyir)
Güıltəkin: İndi də nə?
Nəzarətçi: (qımışır) Dəyib də uje...
Gültəkin: Nə mənada?..
Nəzarətçi: Yəni kin, vaxtı çatıb da uje. Anlamaduz?.. (məmnun təbəssümlə tamaşaçılara) Belə məqamlar tay orden-medallar da kara gəlmir…
Gültəkin: Medallar?.. (Xasaya baxır, Xasay ayağa qalxıb əllərini cibinə salır, göyə baxa-baxa fıştırıq çalmağa başlayır) Bunun medalı da var?..
Nəzarətçi: Bir yeşiy!..


Nəzarətçi Xasaya yaxınlaşıb pencəyinin aralayır. Gültəkin vahimə ilə içini çəkir. Pencəyin astar üzü hər iki tərəfdən orden-meddallarla doludur. Xasay pencəyinin ətəklərini Nəzarətçinin əllçrindən dartışdırıb bağlayır, ağzının içində nə isə deyinə-deyinə, əsəbi hərəkətlərlə düymələməyə-düymələyə perronun o biri səmtinə uzaqlaşır.


Nəzarətçi: (tamaşaçılara) Pa atennən!.. Deyirəm, bu da xalqa xidmətin axırı!.. O qədər külüng çal, bu da axırun! Tolstoy kimi gəl çıx vağzala kin, bəs o söz…
Gültəkin: (gözü Xasayda) Külüng?.. Nefçi olub bəyəm?..
Nəzarətçi: Neftçi olseydi, nə vardı ki?! (tamaşaçılara) Göndərərdiy indi onu Neft daşlarına, borudan-zaddan tapıb qurdalanardı orda öziyçün. (Xasaya baxa-baxa içini çəkir) Yazıçı olub bədbəxt. Oxxartana da kitab yazıb ki, indi ha simişka büküb satıllar, qurtarmaq bilmir. Bir dənə trilogiyası var… adı da bir təhər idi ey… Təkcə bir ona əlli ton simişka pükməy olar! (əl atıb Xasayın əlindəki vərəqi alır, əsəbi hərəkətlə cırıb yerə tökür) Adam nə qədər yazar, ay başuva dönüm?..
Gültəkin: (Xasaya baxır) Belə de-e… (qəfildən Xasayı tanıyır) Dayan-dayan, bu ki…
Nəzarətçi: (saxta kədərlə) Özüdü ki, var.
Gültəkin: (nifrətlə) Bir cür qəribə də ləqəbi var idi. Kəfkir idi, cibgir idi?..
Nəzarətçi: (hüznlə) Xasay Dilgir..
Gültəkin: (Xasaya nifrətlə baxır) Hə-ə, özüdü ki, var: Dilgir. Biz da lağnan «Dılğır» deyirdik.
Nəzarətçi: İlmidam nöüt buruğlarından yazırdı ya-a… yaduuza düşür?.. (pafosla) «Yuxularımı ərşə çəkən sevgili buruğum!.. Vətənimin qara gözəli!..» (ayrı səslə) Qara gözəl e!.. (tamaşaçılara) Mazut rəngdə də gözəl olar, sən mənim canım?.. Tay hər şeyin də bir əndazəsi var axı?!.. (Xasayın ardınca astadan) Yaltağın biri, yaltağ!..
Gültəkin: (üzünü turşudur) Bəyəm onu bu yazıb?.. (çönüb tərs-tərs Xasaya baxır)
Nəzarətçi: (davam edir) Vətənimə qara qızıl bəxş edən gözəlim!..» (qəfildən tamaşaçılara sarı çevrilib yağlı opera səsi ilə oxuyur)
Canım Bakı, gözüm Bakı, a-na Vətə-ən!..
Yaranmısan kammunizmin qüdrətində-ən…
Qara qanın qaranlığa işaq saçı-ır,
Ağ günlərə, gələcəyə yollar açı-ır…
Gültəkin: (üzünü turşudur, Nəzarətçiyə) Bunu da bu yazıb?..
Nəzarətçi: Yox əşşi. Bunu başqa bir kliyentim yazmışdı, indi yazmasun...
Gültəkin: (Nəzarətçini kənara çəkib astadan) Yaxşı tay, olan olub, ötən ötüb. Qoca kişidi, bir ayağı gorda…
Nəzarətçi: Elə onunçün deyirəm, bacım da-a… Allah eləməmiş-Allah eləməmiş, yıxılıb burda ölər, sonra mən neynərəm?.. Bunun altından necə çıxaram?.. Deməzlər balam ki ya-a, «bəs sən hara baxırdun?..»
Gültəkin: Ölməz vallah. (çönüb Xasaya baxır, astadan) Belələrinin üzü bərk olur.
Yaxınlarını tanıyıram, zəng vuraram, gəlib aparallar. (skamaya yaxınlaşıb redikülünü açır, içində pul çıxarıb Nəzarətçinin ovcuna basır)
Nəzarətçi: (pulu üsulluca cibinə basır) Nə deyirəm, özüvüz bilən məsləhətdi. Ma-adam ki, öhdəvüzə götürürsüz, bu ayrı məsələ. (gedə-gedə, qatarların hərəkət cədvəlini və işıq dirəklərindən birini də sürüyüb aparır) Yoxsa ki, şeir diməynən iş açmaz anam.
Gültəkin: (əllərini qoltuğuna vurub Xasaya zillənir) Belə-belə işlər, Xasay müəllim. Xasay Niyazoviç!.. (Xasay üzünü gizləməyə yer axtarır) Mən də deyirəm axı?!.. (yamsılayır) Bənzərsiz sənətka-ar!.. Aktrisanın taleyi-i-i!..


Yaxın yollardan təkan götürüb yola düşən qatarın səsi eşidilir.


Xasay: (pərt) Nahaq belə düşünürsüz. Bu… bütün o dediklərim… mənim səmimi fikirlərimdi.
Gültəkin: (Xasayın dediklərinə məhəl qoymadan) Deyirəm axı bu boyda tərif, bu heyranlıq hardandı belə?.. Gözəl aktyorluq qabiliyyətiniz varmış, Xasay müəllim!.. Əhsən-əhsən... (heysiz hərəkətlərlə əl çalır)
Xasay: Səhv edirsiz!.. Sizin haqqınızda mən həmişə bu fikirdə olmuşam. (Nəzarətçinin arxasınca baxa-baxa astadan) Bu adama isə inanmayın. O, dövlət təhlükəsizliyinin əməkdaşıdı!.. İstefada!.. Yığıb burda hamını boğaza!.. Köhnə vərdişindən əl çəkə bilmir. Çatan-çatana ilişir. Material toplayır kişinin oğlu...
Gültəkin: (qəfildən Xasayın yaxasından yapışıb özünə tərəf çəkir, yandırıcı pıçltıyla) Heç olmasa, indi de, yaramaz: niyə məni illərlə o mənfur rolları oynamağa məcbur edirdin!.. (Xasayı silkələyə-silkələyə bərkdən) Şöhrətlənməyin naminə, hə?.. O mənfur sinəni fəxri adlar və ordenlərlə doldurmağa görə, hə??..
Xasay: (Gültəkinin əlləri arasında vurnuxa-vurnuxa) S-siz… nəyi deyirsiz, anlaya bil-mir-əm?..
Gültəkin: Yaxşı anlayırsan, əclaf! Özünü axmaqlığa vurma!.. Bu dünyada heç nə cavabsız qalmır… İndi hər şeyə görə cavab verəcəksən!..
Xasay: (boğula-boğula) Burax-ın… nəfəs-im kəs-ilir…
Gültəkin: (Xasayı silkələməyə davam edir) De-e!.. Danış, alçaq!..
Xasay: (nəfəsi kəsilə-kəsilə) N-nə yi de-ym?.. Deyi-rəm… b-bu dəqi-qə… İm - kan… ver-in… O… dövr-lər…
Gültəkin: Bəli, məhz o dövrlər!.. Dövlət lojalarında özünü… (yamsılayır) …boğub oturduğun dövrlər!.. (Xasayı itələyir, o geriyə səndələyir)
Xasay: (öskürək tutmasından boğula-boğula) Lo-jalar??.. S-siz ha-hansı lojaları deyirsiz, anlaya bilmirəm…
Gültəkin: Hansı lojaları?.. (tamaşaçılara, əsəbi hırıltıyla) Adamda həyasızlığın dərəcəsinə bax da!.. (Xasaya) Yaduva gəlmir də, hə?.. O bezdarnı əsərlərinin premyeralarında camaata yuxarıdan-aşağı baxa-baxa oturduğun lojaları deyirəm!.. (qəfildən əllərini sinəsində cütləyib səsini bayağı çalarla əsdirə-əsdirə) Simuzər!.. Əgər vətən sevgisiylə çırpınan qəlbimin döyüntülərini duysaydın, bu yaşıl ormanlara, büllur bulaqlara duyduğum eşqimin mənasını anlasaydın, sən də həyatını bütünlüklə manqa yarışlarının estafeti uğrunda mübarizələrə həsr edərdin!.. (obrazdan çıxır, kənara) Tfu!!!..
Xasay: (dik atılır, pərt) B-bu… M-məgər b-bu… mənim əsərimdi?.. Xatırlamıram…
Gültəkin: Xatırlmazsan da! Əlbəttə!.. O mənfur cızma-qaralar kimin yadında qalıb ki, sənin yadında da qala, ay yazıq? (qəfildən sustalır, acı kədərlə tamaşaçılara) Onlar bircə məni yadımdadı... hələ də yaddaşımın ha tərəfindəsə yaşıl kif göbələkləri kimi çürüməyinə davam edir!.. (səsi enir) Onlardan xilas yoxdu…
Xasay: Kif göbələkləri?.. (günahkar) Əgər siz sonuncu pyesi deyirsizsə, onu... yadınıza gəlirsə, s-sonradan işlədim axı?.. (öskürür) Sizin daxili potensialınıza hesablanmış iki yeni monoloq da əlavə elədim. Sizsə tərsliyinizə salıb nə dediz, yadınızdadı?..
Gültəkin: (acı iztehzayla) Daxili potensial?.. Manqa yarışlarında uduzan ərini atıb BAM-a işləməyə gedən əmək zərbəçisi!.. Bu idi mənim daxili potensialım?.. Ölmüşdü Sarabskaya!.. (tamaşaçılara) Manqa ye!..
Xasay: (pərt halda müəllim təbiri ilə) Haqsız danışırsız. Fikrimi bilmək istəyirsizsə, sənət zirvənizin apogeyinə siz məhz həmin illər çatdınız. (incik) Bəyənmədiyiniz həmin o obrazlarla!
Gültəkin: (Xasayı eşitmir, yaralı tək, səhnə boyu vurnuxur) Mə-ən… - ağlını itirmiş… yarı-insan, yarı-yırtıcı... göylərdən üstümə dolu tək yağan köndələn arzularımın əsiri!.. (ayaq saxlayır, qan daman gözlərlə Xasaya zillənir) Gör bir məni nə hala saldın?..
Xasay: (vahimə içində geriyə səndələyir) Elə deyil!.. Gəlin, əyri oturaq, düz danışaq. Axı o dövrlər siz məni eşitmək belə istəmirdiz?!.. Elə hey «Şekspir» deyib dururduz…
Gültəkin: (Xasayın üstünə yeriyir) …Mənə, istəmədiyim həyatı yaşatdın... Öz miskin, xırda iddiaların naminə!.. Şöhrətlənməyin naminə! Şöhrət xəstəsi!.. (zəifləyir) Hanı indi o şöhrətin?.. Çıxart, ver, çiyninə salım, bələkə bir az canın qıza...
Xasay: (geriyə səndələyir, həyəcanla) Elə deyil!.. Məni sona qədər dinləyin!.. Həmin illər elə bir dövr idi ki, ədəbiyyat - dövlət ideologiyasının aləti idi…
Gültəkin: (Xasayın üstünə yeridikcə məkan yırğalanmağa başlayır, qəfildən əsəbi bağırtıyla) Qatil! Qatil!.. Qatil!!!.. (İşıq dəyişir. Əcaib musiqi)


Göy gurultusu. İşıq dəyişir.


Gültəkin: (gurultu səsinə mıxlanmış tək ayaq saxlayır, qəhərlə) Mən ki… hər o tamaşadan sonra xəstələnib yatağa düşürdüm... Qanımı, ruhumu zədələyən o eybəcər söz yığnağından qurtulmaq üçün üsullar axtarırdım…
Xasay: (dəhşət içində) Siz… nələr danışırsız?.. Axı mən… Xahiş edirəm, məni sona qədər dinləyin…
Gültəkin: (Xasayı eşitmir) Gecələr intihar edir… səhərlərsə yenə sənin yanına - teatra qayıdırdım... Daha hara qayıda bilərdim axı?.. (ağlayır) Bu mənasız, məzmunsuz həyatda qayıtmağa, sığınmağa yermi vardı?..
Xasay: Siz onda da məni eşitmirdiz, indi də eşitmək istəmirsiz. (qanıqara) Siz kimi eşidirsiz ki, ümumiyyətlə?..
Gültəkin: (başını aşağı salıb susur. Möhtəşəm pauza. Qəfildən kiminsə obrazında) Bu, nədir?.. İnsanı uçuruma sürükləyən ən mənasız hiss… Həyat eşqi!.. (qəfildən nifrətlə Xasaya zillənir) O eşq ki, artıq nifrətə keçməsi gərək!..
Xasay: (ehtiyatla) …Onda mən… əsərin son variantını işləyib sizin ayaqlarınız altına atdım! Sizsə… onu hamının gözü qarşısında tikə - parça edib teatrın pillələrinə səpdiz!.. Məni təhqir etməkdən ötrü!.. Halbuki, hərçənd ki...
Gültəkin: (ayılır, Xasayın sözünü yarımçıq kəsir, sərt) Yaxşı, qurtaraq bu söhbəti! Olan oldu, keçən keçdi. İndi daha nə mən teatrdayam, nə sizin əsər oynanır...
Xasay: (pərt) Mən anlayıram. Qarşınızda günahkaram, əhv edin. Sizi, istəmədiyiniz rolları oynamağa… bir sözlə, dediyiniz kimi, istəmədiyiniz həyatı yaşamağa məcbur eləmişəm. Amma axı məni də məcbur edirdilər?!.. Mənim də başım üstündə cəllad baltası tək, sivri dayanan ideologiya qılıncı hər an boynuma enməyə hazır idi?!.. Siz bir bunu da nəzərə alın…
Reproduktordan səs: Diqqət! Diqqət! Sərnişinlərin nəzərinə! İkinci, üçüncü, altıncı
xəttlərdən yola düşən qatarlara minik başa çatmaq üzrədi! Xahiş olunur, yerlərinizi tutasınız!..
Gültəkin: (heysiz halda skamyaya çökür, kədərlə)
Neçə dondan dona düşdüm,
Bu, sonuncu donumdu.
Bu üz mənim son üzümdü,
Bu üz mənim sonumdu.
(göylərə) Bu qırışan üzümü də sevməyə
mənə güc ver, ilahi!...
Bu sifətdə, bu görkəmdə özümü
sevməyə də güc ver mənə, ilahi!..
(səsi enir) İndən belə heç kəs məni sevməsə,
Yenə güc ver, özümü sevə bilim…
Ağac öz son yarpağını sevən tək,
Mən də bu son üzümü sevə bilim…


Zəlzələ uğultusu. Möhtəşəm ildırım çaxıntıları göy gurultularına qarışır. Güclü külək Gültəkinin çemodanlarından dağılan əşyaları perrona səpələyir.


Gültəkin: (göylərə baxır, dizi üstə düşüb əllərini sinəsinə çarpazlayır, qəhərlə) Eşitdi… O məni e-şit-di-i-i!!!.. (səsi əks-səda verir)
Xasay: (Xasay xoflu baxışlarla ətrafına boylanır) Siz… neylədiz?...


Külək vıyıltısı getdikcə güclənir. Xasay dayaqlanmaq üçün yer axtarırsa da, küləyin müqavimətinə tab gətirməyib yerə yıxılır, səhnə boyu dığırlanır.


Gültəkin: (dizi üstə çökür, əllərini sinəsində cütləyib göylərə) Ey məni Eşidən!.. Ey Böyük Yaradan!.. (səsi enir) Ey Yaradıb yaratdıqlarına Rəhmi Gələn! Qurtar məni bu zillətdən... (səsi bir qədər də enir) Burda mənə pisdi-i-i!!!…


Şimşək və kulək uğultusu getdikcə güclənir. Gültəkinin çemodanlarından tökülən rəngbərəng əlcəklər və papaqlar, şərflər və çətirlər perron boyu xəzəl kimi havaya sovrulur.
Hardansa uzaqdan sürətli qatarın səsi və əcayib fiti eşidilir. Xasay ayağa qalxıb səs gələn tərəfə irəliləyir.
Ecazkar işıq bərqləri. Qatar çarxlarının və fitinin səsi getdikcə güclənir.
İşıq dəyişir. Musiqi. Xasay perronu bürüyən işıq selinə sarı addımlayır, işıq selinə daxil olub gözdən itir.


Gültəkin: (fitin səsinə qanrılır, işıq selinin içində itib əriməkdə olan Xasaya) Xasa-ay!.. Daya-an!.. Hara-a-a?..


Sürətlə uzaqlaşan qatarın səsi və fiti Gültəkinin bağırtısını eşidilməz edir.
İşıq dəyişir. Gültəkin Xasayın ardınca qaçır və işıq selinə düşür. Qatar fitinin və çarxların səsi getdikcə uzaqlaşır və itir. Məkana qaranlıq çökür. Pauza.
«Per Günt» operasından tanış musiqi. Gültəkin ölgün addımlarla səhnənin mərkəzinə yeriyir. «Perron» deyilən məkanda Gültəkindən və bir tərəfdə üst-üstə qalanmış bir neçə çemodandan savayı heç nə gözə dəymir.
Həyəcanlı fit səsi, perronun hər iki tərəfindən sürətlə ötən qatarların səsi; qatar ötüşməsindən yaranan hava axnı Gültəkinin saçlarını üzünə dağıdır.
Vağzıl uğultusu. Tədricən səslər sürətlənib bir adamın çığırtısına çevrilir.
İşıq dəyişir. Məkan əlişamlı insan siluetləri ilə dolur. Hamı dua oxuyur.
Qəfildən səslər kəsilir, səhnənin və tamaşa zalının işıqları yandırılır. Gültəkin sıçrayıb ayağa qalxır.
Səhnəyə xidməti geyimdə fəhlələr daxil olurlar. Onlar, tamaşanın əvvəlində görünən «perronu» yenidən qurmağa başlayırlar. Əvvəl işıq dirəklərini, sonra vağzal saatını, sonra skamyaları və qatarların hərəkət cədvəlini sürüyüb səhnəyə gətirilər və məkan boyu əvvəlki qaydada yerlərinə qoyurlar.


Gültəkin: (dik atılır) Ay!!!.. Bu… (üzü projektorların gur işığından yığıla-yığıla) Bura haradı?.. Mən hardayam?.. (çaşqın hərəkətlərlə yerində vurnuxur, tamaşaçılara) Mən… Bağışlayın, siz Allah… Mənim heç ağlıma da gəlməzdi ki… Sən demə… (çaşqın nəzərlərlə gah fəhlələrə, gah tamaşa zalına baxır, tələsik hərəkətlərlə üst-başını və saçlarını səliqəyə salır) Axı mən… Mən ki, bilet almışdım?!.. (ətrafa nəzər salır) Qəribədi. Amma mən doğurdan… düz sözümdü, vallah, bilet almışdım. Es-ve-yə. İnammırsı-ız?.. (çemodanlarına işarə ilə) Bu da çemodanlar…


Səhnəyə, yanında köməkçi, rejissor daxil olur.


Rejissor: (Gültəkini görən an duruxub dayanır, əsəbi halda Köməkçiyə) Bunu yenə kim buraxıb bura?.. (Gültəkin rejissoru görüb özünü bir az da itirir, harasa dayaqlanmaq, ya gizlənmək üçün yer axtarırsa da tapmır, yerində vurnuxa-vurnuxa qalır.) Adama nə qədər deyəllər, nə qədər başa salarlar?.. Axı belə müsibət olmaz, belə işləmək olmaz axı, canım?!.. Vallah, billah olmaz!.. (harasa arxaya) Bu xarabanın qapısında bir gözətçi var, ya yox?.. Sizinləyəm!!!.. (əlindəki kağız-kuğazı yerə çırpıb əsəbi addımlarla çıxır)


Fəhlələr əllərindəki işi atıb Gültəkini dövrəyə alırlar. Biri onun çemodanlarını götürüb çıxışa sarı daşıyır. O biri iki fəhlə hər iki tərəfdən Gültəkinin qoluna girib onu çıxışa sarı sürüyür.


Gültəkin: (fəhlələrin əlində vurnuxa-vurnuxa) Siz… neyləyirsiz? Məni hara aparırsız?..
Birinci fəhlə: (çemodanları daşıyır) İncimiyin, Gültəkin xanım… (rejisora işarə ilə, astadan) İcazə vermir. Görürsüz də, əsəbiləşir. Sonra bizə söz gəlir axı?!..
Gültəkin: (fəhlələrin əlindən sivrilib ayaqlarını yerə dirəyir) Məni nədi, teatrdan qovursuz?.. Gültəkin Sarabskayanı tetrdan qovursu-uz??.. Məni?.. Bütün həyatını, ömrünü teatra, səhnəyə qurban vermiş Sarabskayanı?.. (fəhlələr onun dediklərinə əhəmiyyət vermədən, yenidən qoluna girib çıxışa sarı sürüyürlər) Buna görə cavab verəcəksiz!.. Buraxın!.. (fəhlələrə müqavimət göstərirsə də, fəhlələr onu sürüməyə davam edirlər) Buraxın, deyirəm!.. Yoxsa, bu dəqiqə…
İkinci fəhlə: Nahaq bizə qeyzlənirsiz. Biz kimik ki?..
Gültəkin: (sivişib fəhlələrin əlindən çıxır, ayaqlarını yerə dirəyib, əllərini belinə vurur) Siz elə bilirsiz mən nədi, ölürəm burdan ötrü?.. Belə tüpürüm sizin teatrınıza!.. (qəfildən yazıqlaşır) Məni bu günə o qoymayıb bəlkə?..
İkinci fəhlə: (Gültəkinin qoluna girib çıxışa sarı sürüyə-sürüyə) Bu gün o ümumiyyətlə, əsəbidi... Premyera günü o həmişə belə olur. Özünüz bilirsiz də…
Gültəkin: (ildırım vurmuş kimi, dayanır) Premyera?.. Nə premyera? (fəhlələr onu çıxışa sürüyürlər, çıxışın yanında gözü «Qatarın altına atılan qadın» afişasına sataşarkən sivişib yenə fəhlələrin əlindən çıxır) Bah!.. Budu premyeravu-uz?.. Qatarın altına atılan qadın!.. Kim atacaq özünü qatarın altına, hə?..
Birinci fəhlə: (Gültəkinin qoluna girib çıxışa sarı sürüyə-sürüyə) İndi camaatı zala buraxacaqlar. Səhnəni boşaltmaq lazımdı…
İkinci fəhlə: Belə də olmaz axı, ay Gültəkin xanım. Axı sizi o cürə təmtərağnan yola saldılar, şəklinizi foyenin yuxarı başından asdılar, özünüz də görmüsüz. Adama tay nə cür hörmət eləyəllər e?.. Vallah da...
Gültəkin: (fəhlələrin əlindən sivişib çıxır, çaşqın halda tamaşaçılara) Heç özüm də başa düşmürəm niyə yenə bura gəlib çıxdım?!.. Mən ki… (yazıqlaşır) …vağzala yollanmışdım?!.. (fəhlələr onun qoluna girib sürüyürlər, qəfildən qoçusayağı fəhlələrə) İnammırsız vağzala yollanmışdı-ım?.. Doğurdan inanmırsı-ız?.. (fəhlələr Gültəkini sürüyüb səhnədən çıxarırlar. Bir müddət onun səsi səhnənin arxasından eşidilir) Denən, sən öl, inammıram!.. Denən, bu ölsün inammıram?..


Gültəkinin səhnə arxasından eşidilən səsi kəsiləndən sonra fəhlələr geri qayıdıb dekorassiyanı qurmağa davam edirlər. Bu məqam səhnənin dərinliyində Gültəkin Sarabskaya peyda olur. O itirdiyi yelpiyini axtara-axtara relslərin arasıyla gəzişir, onu tapıb tozunu çırpır. Fəhlələr onu görmürlər, işıq dirəklərindən birinin yanında çöməlib dirəyin kökünü bərkidirlər.


Birinci fəhlə: (dirəyi burursa da, bərkidə bilmir) Buna bax da-a… Yenə həmin yerdən ilişdi… O dəfə də belə oldu, məni günahkar çıxardılar. (əsəbi halda ayağa qalxır) Tüpürüb gedəsən e, burdan!.. Adamın canını boğazına yığırlar…
İkinci fəhlə: Dedim axı, masterskoyluqdu. Axır bir gün kiminsə başında çatdayacaq…
Birinci fəhlə: Qoy kranşteyni gətirim, görək neynirik. (ayağa qalxıb çıxışa sarı yeriyir, çıxhaçıxda o biri fəhləyə) Nə mal kimi oturub baxırsan?.. Dür kömək elə də… (fəhlələr çıxırlar)
Gültəkin: (uzun ətəklərini çırmalayıb bir təhər platformaya dırmaşır, üst-başının tozunu çırpıb, yerdən tapdığı pırpız yelpiklə üzünü yelləyə-yelləyə afişaya yaxınlaşır, kədərlə) Qatarın altına atılan qadın... (qəfildən səhnənin arxasına sarı ucadan) Kim atacaq a bala, özünü qatarın altına?.. Si-iz?.. (qəhqəhə çəkir, nifrətlə) «Qafa» sözünün mənasını qanmayan çəyirtkələr!.. Qatarın altına atılanlara bir bax!.. (qəfildən dəyişir, sustalıb yelpiyini aşağı salır, günahkar halda tamaşaçılara sarı çevrilir, yazıq-yazıq) Bunu bircə mən eləyə bilərəm!.. (kədərlə) Ömrü təkərlər altında keçən Gültəkin Sarabskaya!.. (yazıqlaşır) Səhnələrdə intihar eləməyə alışmış zavallı aktrisa!.. Gür projektor işığının əsiri… (susur, qəfildən dəyişir, yazıq səslə tamaşaçılara) Məni daha sevmirsiz?.. Niyə?.. Axı mən… Mən ki, elə həminəm?!.. İllər uzunu sevə-sevə, ayaq üstə alqışladığınız həmin Gültəkin Sarabskaya… İçi ilan fışıltısı… çölü buz bağlamış səbrli aktrisa… (yaxın yollardan sürətlə perrona yaxınlaşan qatırın səsi və fiti eşidilir… Relslərə perrona yaxınlaşan qatarın işığı dağılır. Gültəkin relslərə sarı gedir. İşıq dəyişir. Bir-birini əvəzləyən işıq - kölgə dəyişmələri. Gültəkinin özünü qatarın altına atdığı görünür.
İnsan bağırtıları, sürətlə ötüb keçən qatarın təkər səslərinə və fitinə qarışır.
Məkana qaranlıq və sakitlik çökür. Səhnə tədricən işıqlaşır. Fəhlələr o biri aktyorlarla köməkləşib Gültəkinin cansız bədənini relslərin üzərindən çıxarıb perronun mərkəzində yerə uzadırlar.


Tumsatan qadın: (dəhşət içində) O öldü???..
Qəzetsatan: (başını Gültəkinin sinəsinə qoyur, vahimə dolu baxışlarla ətrafdakılara baxır) Nəfəsi yoxdur…
Nəzarətçi: (əllərini şalvarının ciblərinə basıb məkanın sağ tərəfinə yeriyir) Mən bilirdim… Bilirdim burda nə isə baş verəcək…
Cavan aktrisalardan biri: (hüznlə) Bu, onun şah əsəri idi…
Xasay: (tamaşaçılara sarı çevrilir, hüznlə) O, böyük aktrisa idi…
Dilənçi: Bu, sonuncu magikan idi!..


Musiqi. Səhnəyə qara lentli əklillərin ardınca baş rejissor daxil olur.


Baş rejissor: (ağır addımlarla əklillərdən birinə yaxınlaşıb lentini düzəldir, sonra bir addım irəliyə çıxıb hüznlü səslə tamaşaçılara) Ölkə mədəniyyətinə ağır itki üz verib…
Tumsatan qadın: (qəfildən vahimə içində) Dayanın!.. (baş rejissor nitqini saxlayıb geriyə qanrılır.) O ölməyib!.. Bir baxın, sinəsi enib-qalxır!..
Cavan aktrisa: (acı təbəssümlə Tumsatan qadına) O sizə elə gəlir.
Nəzarətçi: (Gültəkinin başının üstünü alır) Deyirsiz yəni o özünü ölülüyə vurur?..
Tumsatan qadın: Ölülüyə niyə vurur?.. Danışığınıza bir fikir verin!.. (Gültəkinə baxır, nəvazişlə) O, sadəcə özündə deyil... Görmürsüz rəngi necə ağarıb?!.. Hələ bir dodaqlarının rənginə baxın... Bu yaşda insanın başına nələr gəlmir ki?!..
Cavan aktrisa: (əlini Gültəkinin sinəsinə qoyur, pərt) Hə, ürək döyüntüləri var...
Qəzetsatan: (üzü işıqlanır, tamaşaçılara) Olsun ki, o… həmişə oynamaq arzusunda olduğu Anna Kareninanın sonluğunu oynadı!..
Diləni: (tamaşaçılara) Hə, o ömrü boyu Anna Kareninanı oynamaq arzusuyla yaşayırdı… Axır ki, oynadı!..
Tumsatan qadın: (həyəcan içində) Nə durub baxırsız? Həkim çağırın!


Hamı təlaş içində «Həkim!», «Həkim!» deyə-deyə çaşqın halda yerində vurnuxur.


Xasay: (özü Gültəkində) Dayanın!.. Axı məncə o… (qəfildən qımışır)
Baş rejissor: (çaşqın halda gah Xasaya, gah Gültəkinə baxır) Nə?.. (qəfildən əsəbi) Siz demək istəyirsiz ki, bu… (susub tamaşaçı zalna baxır)


Hamı bir-birinə baxır. Musiqi.



PƏRDƏ



ƏSƏRDƏ U. ŞEKSPİRİN, V. HÖTENİN, F. RÜKKERDİN, R. RÖVŞƏNİN, V. BAYATLININ ŞEİRLƏRİNDƏN İSTİFADƏ OLUNUB.








Комментариев нет:

Отправить комментарий