MƏDƏD
Tozlu ayaqqablarına, ətəyi yeyilib ağarmış şalvarının balaqlarına baxa-baxa yeriyirdi. Yeridikcə də ayaqlarına yazığı gəlirdi. Gör bir neçə illərdən bəriydi onu minnətsiz-filansız kürəklərində daşıyırdılar. Ürəyi hara istəyirdi, aparırdılar, gətirirdilər.
Səhər açılandan mağazaları gəzib-dolaşırdı. Əslində heç nə almamalı idi, bir şeyə ehtiyacı da yox idi, amma gəzib-dolanırdı. Qızıl dükanında üzüklərə, sırğalara baxırdı, qiymətlərini bir-biri ilə tutuşdururdu, sonra qəfildən hamısından bezib dükandan da elə çıxırdı, elə bil dükanın bütün üzük-sırğasını, zəncir-qolbağını onun boyun-boğazına, ciblərinə doldururdular. Ordan çıxıb oyuncaq dükanına girirdi, orda balaca maşınların, velosipedlərin yan-yörəsinə hərlənə-hərlənə, satıcıları yöndəmsiz suallarıyla bezdirə-bezdirə, çığırda-çığırda tapançaları, balaca pianinoları əlinə alıb bir-bir yoxlayrdı, taqqıldadırdı, dınqıldadırdı. Fasilələrdə yaxınlıqdakı kafeyə girib orda ürəyinə yatandan alıb yeyirdi, sonra, lap səhərdən nəzərdə tutduğu seansa bilet alıb kinoya girirdi. O kinodan çıxıb, o birisinə bilet alırdı və yenə mağazaları dolaşırdı, evə, bir də qaş qaralanda qayıdırdı.
Hər istirahət günü demək olar ki, belə keçirdi. Dəyişən - bircə filmlər olurdu. Bəzən təzə bir şey olmayanda, gördüklərinə bir də, yaddaşını söndürüb, təzədən elə baxırdı, elə bil birinci dəfə baxır. O da alınmayanda, gözaltı daha ekrana yox, qaranlıq zalın arxa cərgələrində oturub orda-burda cüt-cüt qucaqlaşıb öpüşənlərə baxırdı.
Bir sözlə, istirahət gününü maraqlı keçirməkdən ötrü ona heç kim lazım olmurdu. Nəyə görə kinoya kiminləsə getməliydi, yan-yana, dirsək-dirsəyə oturub, bir filmə ikilikdə baxmalıydı?.. Özü tək baxanda məgər filmin ləzzəti gedirdi?.. Yaxud kiminləsə üzbəüz oturub bir-birinin üzünə, ağzına baxa-baxa çörək yeməliydi? Bu nə vəhşilikdi ümumiyyətlə?..
Evdə də belə idi. Evdə də ona heç kim lazım olmurdu. Kiminləsə üzbəüz, ya yanaşı oturub nə haqdasa nə isə danışmağa demək olar ki, heç vaxt nə marağı, nə də həvəsi olmurdu. Telefona cavab vermək məsələsi isə, evə dair işlərin ən faciəvisi idi. «Necə-nətərsən»lərdən, «can-baş», «kef-əhval»lardan cana yığılıb, özünü, dəstəyi yerinə atmaqdan zorla saxlayırdı. Bütün bu mənasız suallara «hm» deyib inildəyirdi, sonra da zəng vuranlarla qanacaqsız tərzdə danışmağına görə evdəkilərin danlağına qulaq asmalı olurdu. Heç cür də başa düşə bilmirdi ki, bu adamlar niyə bir-birilərindən əl çəkmirlər?.. Ardı-arası kəsilmədən bir-birilərinə zəng vururlar, bir-birinin evinə gedirlər, küçədə bir-birlərinə ilişirlər, gecə-gündüz nə haqdasa danışırlar, danışırlar, danışırlar, yenə sözləri qurtarmır.
Gəlib qapılarının ağzına çatmışdı. Əlini zəngin düyməsinə basıb gözlədi. Qapını haçannan-haçana balaca qardaşı açdı, açmağıyla da, üzünə baxmadan, çönüb əsəbi addımlarla mətbəxə getməyi bir oldu.
İçəri keçib ayaqqabılarını çıxara-çıxara fikirləşdi ki, olsun ki, yenə hansısa təcili işindən ayırdı onu. Sonra da fikirləşdi ki, adamın nə qədər təcili işi olarmış?!..
Qardaşı yenə arvadıyla mətbəxdə nə isə düzəldirdilər. Yenə nə isə qururdular, sökürdülər, yığırdılar. Qardaşının bu quruculuq fəaliyyətinin axırı-sonu olmayacaqdı, - fikirləşdi və dinib-danışmadan otağına keçdi, orda, bayaq köşkdən alıb özü ilə gətirdiyi təzə qəzetləri iyləyə-iyləyə soyunmağa başladı.
Balaca mətbəxdə tərpənməyə yer yox idi. Anası bir əli belində qaz pilətəsinin qabağında dayanmışdı, paltarbasan ağacla, pilətənin üstündə, yekə vedrədə buğlanan ağları basa-basa, küncdəki stolun arxasında oturan kiçik oğluna baxırdı. Qardaşı elektrik ütüsünü açıb içalatını stolun üstünə tökmüşdü, nazik bıçaqla ütünün içində nəyisə qurdalayırdı, onu görüb üzüpəncərəyə əyləşdi. Qardaşı arvadı əlində sıyıq dolu qab, qorxulu səslər çıxara-çıxara körpəsinə nağıl danışırdı. Nənəsi yan otaqda üzüdivara oturub namaz qılırdı.
Bütün bunları Mədəd bayaq - dəhlizdən otağına keçərkən, yolüstü gördü. Televizoru yandırıb üzbəüzdəki kreslosuna yayxandı. Qəzetləri bir də o üz-bu üzünə çevirib diqqətlə iylədi və fikirləşdi ki, qəribədi, əvvəllər yalnız qəzetləri iyləyirdi, mətbəə şriftinin, qəzet kağızının iyindən həzz alırdı, axır vaxtlarsa hər şeyi iyləyir. Çörəyi də, suyu da, pencəyini də, süfrəni də, əllərini də, televizorun ekranını da. Axır vaxtlar iyləmək - yemək, yatmaq, nəfəs almaq kimi onun gündəlik həyat ehtiyacına çevrilib. Özü də qəribə olan bu idi ki, dörd bir yanını iylədikcə, müxtəlif hallara düşür. Süfrənin qoxusundan bir cür olur, dəmir qaşığın qoxusundan ayrı cür. Birindən qanı qaralır, o birindən yuxusu gəlir, bu birindən ürəyi düşür.
Olsun ki, hər bir şeyin qoxusu özü haqqında hansısa məlumat verir. – fikirləşdi və burnunu otağa gəzdirib otağın havasını da iylədi. Bu gün otağında təmizlik işləri aparılıb. Havadan döşəməyuyan tozun və yenicə qurumuş döşəmənin iyi gəlir. Televizorunekranına düşən əksinə baxa-baxa fikirləşd ki, odu ki, hər şeyi iyləməkdən burun pərələri enlənib. Burnu indi eləydi, elə bil həyata da bundan ötrü – iyləməkdən ötrü gəlib. Özü də təkcə qəzetlərin, süfrələrin, corabların iyini yox, adamların da iyini bilməkdən ötrü. Məsələn, artıq gör bir neçə illərdi ki, dəqiq bilir: anasının iyi nənəsinin iyiylə demək olar ki, birdi. Yaxud, qardaşının iyindən nədənsə ürəyi sıxılır və sair və ilaxır. Qəribədi ki, bircə öz iyini bilmir. Bu barədə həmişə tramvayda yol gedəndə, bir də axşamlar - soyunub yerinə girəndə, hərdən də səhərlər – hamama keçib orda güzgünün qabağında dayanıb üzünə baxa-baxa dişlərini yuyanda fikirləşir. Fikirləşir ki, bəlkə öz iyi heç yerli-dibli yoxdu?..
Televizorda qarmaqarışıq nə isə göstərirdilər. Hansısa həşəratların yaşayış tərzi idi, ya nə idisə, baş açmaq olmurdu.
Corablarını çıxarıb döşəmənin bir küncünə atdı. Ayaqları, bütün günü şəhəri gəzib – dolaşmaqdan yapışqan kimi idi. Fikirləşdi ki, çimmək lazımdı. Bir də simmək məsələsi ortaya gələndə, az qalırdı başına hava gələ. Çünki əvvəl özünə təmiz pal-paltar hazırlamalıydı, sonra hamamı isitməliydi, sonra sabunlar, liflər, daraqlar…
Bir də evlənmək məsələsi yadına düşəndə, ürəyi az qalırdı dayana. Nənəsinin dediyinə görə, evlənməsəydi, qocalanda, ona həyan olan olmayacaqdı. Nənəsi ölüb gedəcəkdi, anası da əvvəl-axır qocalacaqdı. Beli əyilib, dizləri əsəcəkdi. Onda onun xörəyini kim bişirəcəkdi, çörəyini kim alacaqdı?.. O özü də, günlərin bir günü qocalıb əldən düşəcəkdi, daha küçələri də indiki kimi, təkbaşına gəzib dolaşa bilməyəcəkdi. Gözü televizorda göstərilənləri seçməyəcəkdi, qəzetlərin şriftlərini görməyəcəkdi. Qulaqları da göy gurultusundan savayı ayrı heç nə eşitməyəcəkdi.
İçini çəkib yorğun-yorğun fısıldadı. Mütləq evlənməliydi. Evlənən qardaşı ondan kiçik idi, qızı isə artıq məktəbə gedirdi. O isə qorxurdu. Tələm-tələsik evlənib, özünə öz evinin içində dərin, qaranlıq quyu qazan evli qardaşının gününü görürdü, ona görə. Bir də ona görə ki, evlənəcəyi qızı axtarıb tapmağın özü də elə asan məsələ deyildi. Bunun üçün o, azı beş-altı qızla tanış olmalıydı, bu qızları «bişirb» hal-xasiyyətlərinə dərindən bələd olmalıydı. Bundan ötru, onlarla bir-iki dəfə kinoya, teatra getməliydi, oturuşlarına, duruşlarına fikir verməliydi. Sonra birini seçib evlənməliydi və ömrünün axırınacan, həmin o «bir dəfə bəyənib seçdiyi» ilə üz-üzə, göz-gözə qalmalıydı. Ekiz heyvan tayları kimi, onunla bir yatıb - bir durmalıydı, bir yeyib, bir içməliydi, bir yerdə qarıyıb, qocalıb ölməliydi. Nənəsinin deməyinə görə, həyatın qanunu bu idi. Bunu anası da deyirdi, balaca qardaşı da.
Sonra fikirləşdi ki, arvadı ondan daha nələr tələb edəcəkdi, görən?.. Hər dəfə bu yerə gəlib çatanda, həyəcandan, ya nədənsə, gözü qaralırdı, başının tükləri biz-biz dururdu, qardaşının ailəsi gözünün qabağına gəlirdi.
Qardaşı evlənəndən bəri tamam dəyişmişdi. Həmin o gülərüz, zarafatçıl adamdan əsər-əlamət qalmamışdı. Anası deyirdi ki, hamısı ailə qayğısındandı. Evlənəndən bəri qardaşının da, arvadının da bədəninə elə bil civə yeritmişdilər. Bir yerdə sakit dayana bilmirdilər. Ya nəyisə söküb-tikirdilər, hansısa otağa çəkilib, orda gizli-gizli xosunlaşa-xosunlaşa nə isə qurub - düzəldirdilər, ya uşaqlarını döyürdülər, ya mübahisə eləyib boşqabları sındırırdılar, heç nə də olmayanda, çimirdilər.
Onu da belə həyat gözləyirdi... – televizorda qaynaşan naməlum cücü sürfələrinin nizamsız hərəkətlərinə baxa-baxa dərdli – dərdli fikirləşdi. Sonra nə oldusa, qəfildən boğazını qəhər tutdu. Axı nəyinə lazım idi, bütün bunlar? Sakit yaşayır da özüyçün. Heç kimə dəyib-dolaşmır, bir kimsəylə işi yox. Hər səhər evdən çıxıb kitabxanaya yollanır, orda başı şişənə qədər, qulaqları guruldayana qədər işləyir, yazır, pozur, köçürür. Müdafiəsinin vaxtına da az qalıb daha. O isə hələ də fəsillərin içində itib-batmaqdan zövq alır. Yazıb başa çatdıracağı, ümumiləşdirib yekun nəticəyə gətirib çıxaracağı məsələləri bir də, dönə-dönə, xüsusi bir həzzlə gözdən keçirir, yoxlayır və bundan – qədim kitabxananın həmin o akademik sakitliyinə qərq olub, çölün qorxunc təhlükələrindən, mənasız məzmunsuzluğundan məhz burda – bu şəfqətli elm ocağında qorunduğunu anlamaqdan qəribə, izaholunmaz bir rahatlıq, əmin-amalıq duyur. Nöqtəni qoyub kitabxana ilə xudahafizləşməyə, dissertasiyanı təhvil verməyə ürəyi gəlmir. Çünki dəqiq bilir ki, anasının da, nənəsinin də, günləri həsrətlə saya-saya gözlədikləri müdafiə - hər şeyin sonu, əbədiyyət qoxulu bütün bu dəyişilməz rahatlığın axırı olacaq.
Ürəyi əsəbilikdən tez-tez döyünə-döyünə fikirləşdi ki, heç dəxli var, o da belə yaşayır. Bəlkə heç qocalmayacaq? Beş-on ilə elə beləcə – oturduğu yerdə, fəsillərin arasında eşələnə-eşələnə öləcək?..
Ya bəlkə, nənəsi deyən kimi, qocalacaq?.. Qocalıb əldən düşəcək, qocaldıqdan ölümünəcən iniltiyə, zıqqıltıya bənzər uzun-uzadı, sarımtıl bir ömür yaşayacaq, köhnə bezi andıran həmin o sapsarı, mənasız illəri yorğan-döşəkdə keçirməli olacaq?.. Bax, məhz onda arvadı, uşaqları, nəvə-nəticələri, nənəsi deyən kimi, yatağının ətrafına toplaşacaqlar, gözlərini ona zilləyib boğazına qaşıq-qaşıq şorba tökəcəklər. Öləndən sonra isə gözlərini arvadı yumacaq, onu kəfənə büküb hörmətlə, ədəb-ərkanla basdıracaqlar.
Nənəsi deyirdi ki, onların nəslində hamı qocalığını həmin o cür - uzun müddət yorğan-döşəkdə keçirəndən sonra, uşaqları, nəvələrinin, başına yığılıb, ona qaşıq-qaşıq şorpa içirəndən sonra, adam kimi can verə-verə ölüb. «İt kimi yaşa – adam kimi öl!..» - söhbət evlənməyin üstünə gəlib çıxanda, nənəsi kürəyini dikəldib qürurla deyirdi.
Anası onu hökmən evləndirəcəkdi. Bunu, son vaxtlar anasının onunla mülayim danışmağından bilirdi. Anası qız da tapmışdı, uzaq qohumlarından idi. Mədəd qızı görməmişdi, amma tez-tez yuxusuna girirdi. Yuxuda evlənəcəyi qız - onun gələcək həyat yoldaşı kök, bığlı bir arvad idi, qaz pilətəsinin qabağında, əli belində dayanvb iri çömçəylə dovğa bulayırdı, xəmir kündələyirdi, üzünə gülə-gülə qabağına yeriyirdi.
…Dəhlizə taqqa-quruq düşmüşdü. Qardaşıgil otaqdan-otağa yenə nə isə daşımağa başlamışdılar, qapının şüşəsindən görünən kölgələri bir-birini ötə-ötə o baş-bu başa gedib gəlirdi. İndi hansı birisə onun da qapısını açıb içəri boylanacaqşdı, əvvəl yaxşı-yaxşı:«Mədəd, yatmamısan?» - deyib üzünə baxacaqdı, sonra: «Bəs səhərdən görmürsən, burda ölürük?.. Gəl sən də işin bir qulpundan yapış da…»
Elə bil iş qazan-zaddı ki, qulpundan yapışasan… - fikirləşdi və paltarını soyunmadan yerinə girdi, yorğanı başına çəkib qulağına sıxdı.
Belə rahat uzananda uşaqlıq illəri yadına düşürdü. Balaca olanda, ata-anası bir yerə gedəndə nənəsiylə qalmağı, nənəsinin, onun üçün kağızdan qəribə-qəribə oyuncaqlar düzəltməyi, stolun üstündə qəzetdən futbol meydançası, oyunçular, balaca qapılar, noxud böyüklüyündə xırda toplar düzəldib onunla oynamağı, mürəbbə üçün təmizlənmiş ərik, gilas dolu iri ləyənlərin içinə girib, hıçqırana qədər yeyib doyandan sonra, ləyənin içində – ərik - gilasların arasında yatmağı yadına düşdü.
Fikirləşdi ki, qəribədi ki, onda nənəsi ona heç nəyə görə acıqlanmırdı, mürəbbəni zayladığına görə cəzalandırmırdı. Nənəsi ümumiyyətlə elə bil onu incitməkdən qorxurdu. Onu nəinki küçəyə, həyətin o başındakı ayaqyoluna tərəf getməyə belə qoymurdu.
Yadına, pəncərəyə çıxıb, küçədə oynayan uşaqlara baxmağı düşdü. Onda yadına gəlir, həyət də, əl-üzləri toz-torpağa bulaşıb çirklənən, səsləri küçəni başına götürən həyət uşaqları da ona, televizorda baxdığı filmlər kimi uzaq və əlçatmaz görünürdülər.
…Elə bil güllə açıldı… Dik atılıb yerinin içində oturdu.
Qardaşı otağın ortasında dayanıb ona baxırdı. Əlindəki ütülü şalvarı, ağ, nişastalı köynəyi və təmiz corabları üstünə atıb, qəribə ikrahla:
- Dur ayağa, əynini geyin. Evə adam gələcək. - deyib çıxdı.
Qardaşının hirsi, otağın qapısı çırpılandan bir müddət sonra da pəncərənin pərdələrini yellətdi, kitab rəflərinin şüşələrini cingildətdi.
Fikirləşdi ki, görən niyə evlənəndən bəri, qardaşı ona belə nifrət eləyirdi?.. Üzünün sakitliyinə, yuxulu gözləriniə baxanda, qardaşının elə bil ondan çox, özündən zəhləsi gedirdi.
Çünki, - fikirləşdi – o, öz otağında, bədəninin quruluşunu alan kreslosuna yayxananda, qardaşı əlində süpürgə-xəkəndaz, uşaqlarının töküb-töküşdürdüyü zir-zibili yığırdı, qardaşı fasilələrdə işdən qaçıb, acından üzülə-üzülə qapının gəngini vuranda, qapını o - çiynində yorğan, əsnəməkdən ağzı cırıla-cırıla açırdı. O, televizorun səsini axıracan verib xarici estradanın son hitlərindən feyz alanda, qardaşı o biri otaqda xəstə uşağını, qolları keyiyənəcən o baş-bu başa gəzdirirdi, arada bir səbri tükənəndə, qucağında xəstə uşaq, qapısını açıb, müharibə filmlərindəki təhqir edilmiş və alçaldılmış insanların üzüylə:
- Bəlkə onun səsini bir qədər alasınız, Mədəd müəllim?! – deyirdi.
Belə vaxtlarda qardaşı ona elə nifrətlə baxırdı, elə bil artıq bir söz desəydi, tüpürəcəkdi üzünə. Elə baxırdı, elə bil qucağındakı uşaq onunku yox, Mədədinki idi.
Hərdən Mədədə elə gəlirdi ki, qardaşının ona paxıllığı tutur. Çünki axır günlərin müşahidələrindən Mədəd bu nəticəyə gəlmişdi ki, qardaşının qanı məhz onu görəndə qaralır, məhz onu görəndə, qardaşını elə bil arı sancırdı, dəli cöngəyə dönüb, evin döşəməsini titrədə-titrədə, əsəbi addımlarla o baş-bu başa yeriyirdi, otaqların qapılarını çırpırdı, uşaqlarını itələyirdi, acıq eləyib günlərlə evdə çörək yemirdi, içinə yığılan bu naməlum nifrətinin səbəbini də, anasının, ya Mədədi canından çox istəyən nənəsinin qorxusundan dilinə gətirmirdi. Odu ki, qardışının bütün hirsi, hikkəsi gözlərinə yığılmışdı. Odu ki, qardaşının gözləri, içinn hirsinə davam gətirmirdi, qan çəkib qabrmışdı.
Çarpayısının aşağı tərəfinə sərilən ütülü şalvarına baxdıqca, dünən səhər yeməyi vaxtı anasının, uzaq qohumları Xədicə xalanın onlara gələcəyini və ona bəyəndirmək üçün özü ilə kiminsə qızını da gətirəcəcəyi haqqında dediyini xatırladı. Xədicə xalanın meribanlıq və səadət saçan parıltılı üzü gözünün qabağına gəldi və Mədəd xatrladı ki, deməli o, Xədicə xalanın gətirəcəyi qızla bu gün tanış olmalıdı, sonra da, Xədicə xalanın planına uyğun qızı evlərinə öturməlidi.
Ürəyi sıxıldı. Bu boyda işin öhdəsindən necə gələcəkdi?.. «Qızla tanışlıq» mərasimi nədən ibarət idi, orda o neyləməliydi?..
Qapı astaca cırıldadı. Nənəsi qapıdan boylandı, onun yatmadığını görüb ayaqlarını sürüyə-sürüyə içəri girdi.
-Ayağının altında ölüm, qadalarını alım, Mədəd…
Nənəsi çarpayısına çatıb ona sarı dartındı və qırışlı dodaqları ilə alnından öpdü, sonra çarpayısının kənarında oturub yazıq-yazıq üzünə baxdı.
- Di dur, geyindirim səni, bala. – dedi. Elə dedi, elə bil ona yazığı gəldi.
Qonaq otağında iri stol açılmışmışdı, süfrəyə cürbəcür yeməklər düzülmüşdü. Qardaşı bir küncdə oturub onu altdan-altdan, qanlı-qanlı süzürdü, nifrətlə ütülü şalvarının şax qatlarına baxırdı.
Fikirləşdi ki, olsun ki, şalvarını qardaşı ütüləyib, odu ki, elə qanlı-qanlı baxır. Baxır ki, utansın, ölüb yerə girsin.
Özünə təzəcə yer eləyib oturmuşdu ki, qapının zəngi vuruldu. İçəri ilk əvvəl Xədicə xala girdi, kök ayaqlarını döşəməyə yumşaq-yumşaq basa-basa üstünə yeriyib o üzündən-bu üzündən elə öpdü, elə bil ona nə isə əhəmiyyətli bir işi düşmüşdü. Sonra dəhlizə çıxıb, bu dəfə içəri qızla birgə girdi. Qız Mədədin gözlədiyindən gözəgəlimli və utancaq idi. Qapıdan içəri girməyilə, çıxıb mətbəxə qaçmağı bir oldu. Bütün axşamı ordan çıxmadı, orda xörək çəkdi, qab yudu, çay dəmlədi. Elə bil onlara qulluqçuluğa düzəlməyə gəlmişdi.
Məclisin axırına yaxın Xədicə xala mətbəxə getdi, qızın qolundan tutub sürüyə-sürüyə içəri gətirdi. Qız stolun arxasında oturub gözünü naməlum nöqtəyə zillədi. Mədəd qızın dolu sifətinə baxıb fikirləşdi ki, qız onlarla birgə oturub çörək yesəydi, daha təbii görünərdi. İndi evə çatan kimi, qapını bağlayıb mətbəxə cumacaq, orda soyuducunu boşaldıb nəfəsi kəsilənəcən yeyəcək.
Qız dinib-danışmadan elə oturmuşdu, özünü elə qurutmuşdu, elə bil otaqdakıların yox, bütün şəhərin diqqət mərkəzindəydi, hamı gözünü ona zilləyib, saysız-hesabsız procektorlarla işıqlandırılıb, nəhəng böyüdücülərlə böyüdülən burnunun, dodaqlarının hərəkətini izləyirlər.
Mədəd qızın, gərginlikdən tarıma çəkilmiş üzünə, bir-birinin ətini didən əllərinə baxa-baxa fikirləşdi ki, belə vəziyyətdə adam oturduğu yerdə ölə də bilər. Sonra kövrək həyəcan dolu gözlərinin üzünə zilləyən anasına baxıb fikirləşdi ki, belə bir qızı seçməkdə əslində anası da, nənəsi də haqlıdı. Onun arvadı məhz belə bir qız olmalıydı. Dinməz, utancaq, başıaşağı.
Ən əsası da o idi ki, belə bir qızın ona dəyib-dolaşmaq ehtimalı çox cüzi idi. Sonra süfrənin o biri başında oturub gözlərini hələ də hansısa nöqtəyə zilləyən qıza baxa-baxa, onunla birgə yaşayacağı həyatı gözünün qabağına da gətirdi. O, sevimli kreslosuna yayxanıb televizora baxırdı, yaxud küçələri veyillənə-veyillənə beyninə istirahət verirdi. Qız isə hardasa, o biri otaqlarda nə iləsə məşğul olurdu, haranısa yuyub-təmizləyirdi, nə isə tikirdi… Uzaqbaşı, gözlərini qaldırıb, beləcə səssiz-səmirsiz üzünə baxırdı.
Bir də Mədədin ürəyinə dəqiq dammışdı ki, bu qızı da rədd eləsə, nənəsi demişkən, dəqiq tək-tənha qalacaq, qocalıb əldən düşəndə, evin bir küncündə, köhnə çarpayısında, kirli yorğan-döşəyində uzanıb zarıya-zarıya su istəyəcək, heysiz-heysiz zarıdığından, səsini eşitməyəcəklər, susuzluqdan damağına yapışan dilinin xışıltısına məhəl qoymacaqlar. O, taqətsizlikdən əsə-əsə, bir təhər ayağa qalxıb pəncərənin qabağına sürünəcək, orda pəncərənin laylarını taybatay açıb qışqırmaq, adamları köməyə çağırmaq istəyəcək, lakin səsi çıxmayacaq, nəfəsi gəlməyəcək və eləcə pəncərənin məhəccərinə düşüb, bədəninin yarısı çölə sallanmış halda ölüb qalacaq… Onun bu tənhalıq faciəsinin tamaşasına bütün həyət, bütün küçə yığışacaq və bu, ailə həyatının qədrini bilməyən insanlara yaddaqalan bir dərs olacaq. Bir dəfə Mədəd bunu yuxuda da görmüşdü. Yuxuda pəncərədən asıldığı yerdə qəfildən dirilib ayağa qalxmışdı, pəncərənin məhəccərinə dırmaşıb ordan bərkdən-bərkdən:
- Ay camaat tək yaşamayın!.. –demişdi – Təklik – qorxunc şeydi!..
Bu qızla da evlənməsəydi, axırı mütləq belə olacaqdı… – qızın, ucları xırda-xırda qıvrılan saçlarına baxa-baxa fikirləşib, qabağındakı kompotu birnəfəsə başına çəkdi. Bir də bu qızı da almasaydı, daha evdə heç kimin üzünə baxa bilməyəcəkdi.
Evə getmək vaxtı çatanda qız utandığından, ya nədənsə, bir az da əyildi. Deyəsən, bu günkü gecənin planını o da bilirdi. Üzü qızarıb qaraya çalmağa başladı, alnındakı tər damcılarının sayı get-gedə artdı.
Qızın bu halına baxdıqca, Mədədin ürəyi ağırıdı.
***
Bütün yolu bir-birinə baxmaqdan, kəlmə kəsmədən, yanaşı addımladılar. Sonra birdən necə oldusa, qız budrədi. Mədəd qızın qolundan tutmaq istəyəndə, ürəyi qırılıdı. Büdrəməyi qıza elə bil Allahdan düşdü, ikiəlli Mədədin qolundan tutub, daha buraxmadı. Bir müddət də belə addımladılar.
Beş-on addımdan sonra Mədədin birdən-birə ürəyi darıxdı. Niyəsə beyninə axmaq-axmaq fikirlər gəldi ki, guya qız bir daha onun qolunu buraxmayacaq. Odu ki, qəfildən qolunu çəkib qızın qucağından çıxartdı.
Bayaqdan bəri bütün fikirləşdikləri alt-üst oldu. Qız onun özünü də belə bərk-bərk qucaqlayıb buraxmayacaqdı. Beynində ildırım kimi çaxan bu fikrin vahiməsindən, bədənindən sopsoyuq bir üşütmə keçdi. Üşüyə-üşüyə fikirləşdi ki, bircə qızı tez evlərinə yola salıb canını qurtarsaydı… Ona deməyə sözü yox idi, soruşmağa da sualı.
Qız bacardığı qədər incə və səssiz yeriməyə çalışırdı. Odu ki, addımbaşı büdrəyirdi, ya da çəkməsinin hündür dabanı asfaltın üstündə sürüşüb ətürpədən səslər çıxarırdı. Bu da Mədədi lap əsəbiləşdirirdi. Bir də, qız yerişi ilə çox məşğul olduğundan fısıldadığını deyəsən, hiss eləmirdi. Mədəd əzab çəkə-çəkə fikirləşdi ki, qızın burnunda ət var olsun ki və bu fikirdən birdən-birə küçələr də, adamlar da ona niyəsə yazıq və kədərli göründülər. Sonra qəfildən Mədədin hövsələsi lap daraldı, yoldan ötən taksini saxlayıb, qapısını açdı. Qız taksiyə baxıb qaşlarını qaldırdı, təəccüblə çiyinlərini çəkib, axşam ərzində birinci dəfə danışdı:
-Gəlib çatmışıq axı?!..
Qızın səsindən də, ona müraciətlə dediyi sözlərindən də ürəyi bulandı. Bir müddət əli maşının açıq qapısında, qızın, çaşqınlıqdan əyilən üzünə baxıb heç nə demədi, sonra qolundan çəkib onu maşına oturtdu, pulu sürücünün qucağına atıb:
- Hara deyir, ora sür. – dedi.
Maşın təkan verib yola düzəldi. Mədəd dərindən nəfəs alıb köynəyinin yaxasını, az qala qarnınacan açdı, çönüb asta-asta evlərinə sarı addımlamağa başladı.
* * *
Bir aydan sonra Mədəd həmin o qızla evləndi.
Evlənəndiyi gündən arvadıyla evin içində gizlənpaç oynadılar.
Arvadı mətbəxə girdi, Mədəd eyvana çıxdı, arvadı eyvana çıxdı, Mədəd hamamxanaya qaçdı. Arvadı hamamxanaya cumdu, Mədədi orda tapmadı. Mədəd başını qaşımaq üçün əlini qaldıranda arvadı onun başını qaşıdı. Çəkməsinin bağını bağlamaq üçün aşağı əyilmək istəyəndə, bağları arvad düyünlədi. Su içmək üçün əlini stəkana uzadanda, suyla dolu stəkan burnuna dirənirdi.
Bir müddət arvadının başını nə iləsə qatmaq üçün Mədəd olmayan işlər arayıb axtardı. Bir köynəyi ona beş dəfə yudurtdu, bitkilər və cücülər kolleksiyası haqqında ona mühazirələr oxudu, onu gah kitab mağazasına, gah qonşuya göndərdi. Arvadı isə bumeranq kimi, Mədədin göndərdiyi yerə dəyib üstünə qayıtdı, burnuna dirənib gözünün qabağından getmədi.
Mədəd daha əvvəlki kimi istirahət günləri kinoya da gedə bilmədi, kitabxanada da çox ləngiyə bilmədi. Evə vaxtından gec gələndə, arvadı dizi üstə üzü küncə oturub, ya da üzüqoyulu döşəməyə sərilib ağlaya-ağlaya Mədədin gününü qara elədi.
Bir neçə aydan sonra Mədədin arvadının boynuna uşaq düşdü və Mədəd doğulacaq körpəsinin başını qarışdırmaq üçün tədbir töküb planlar cızmağa başladı...
Mədədin anası da, nənəsi də xoşbəxt idilər. Qocalanda, Mədədin gözünü yummağa artıq iki adamı var idi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
26 Февраль 2008 г.
на 23:55
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий