Yazarkən, mən can üstə oluram…
«EL» jurnalı
- Mən yaşadıqlarımı xatırlamıram. Bir əsərimin qadın qəhrəmanı da belə bir fikir söyləyir: «Mən buna qədər olanları xatırlamıram. Elə bil heç olmamışam…» Bu duyum müəyyən mənada mənim öz dünyaduyumumdur.
- Cəhd eləyib xatırlamırsınız, yoxsa nəyisə xatırlamaq sizə müyəssər olmur?
- Cəhd eləsəm, əlbəttə, xatırlayaram. Xatirələrə dalmaq, ötüb-keçənlərin sevinci, ağrısı ilə yaşamaq mənim üçün həmişə maraqsız olub. Həyatımda baş verən bir neçə ağrılı və bir neçə sevincli hadisələri çıxmaq şərtilə. Onlar mənim bioqraviyama daxil olan hadisələrdir. Bunlardan heç hara qaça bilməzsən. O ki, qaldı ötən yaşantılara dalmağa, açığı buna mənim nə vaxtım, nə də elə bir ehtiyacım olmur. Mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özümdən! – o qədər informasiya alıram ki, ötüb keçənlərə burda yer qalmır. Hər anım mənim üçün həm informasiya, həm də kəşfdir. Bu məşğuliyyət deyil. Bu, mənim həyat tərzimdir. Ömrün hər mərhələsində insan əvvəlkindən fərqli olur, nələrisə yenidən anlayır, nə isə kəşf edir. Məndə isə bu proses reaktiv sürətlə getməkdədir. Bu gün mən artıq bir həftə bundan qabaqkı adam deyiləm. Niyəsə keçmiş mənim bu günki varlığım, duyğularım üçün əhəmiyyətsizdir. İstəyərdim məni düzgün başa düşəsiz. Duyğu səyahətlərimdə mən elə ərazilərə, elə məkanlara gedib çıxıram və oralarda elə zaman dövrlərini başa vururam… ayılında isə görürəm ki, bunların hamısı bir ya iki dəqiqənin içində, bəlkə də daha az müddətdə baş verib. Bu səyahətlərdən sonra hər şey mənə çox kiçik və əhəmiyyətsiz gəlir.
- İnsana bu dünyada az vaxt verilib ya çox?
- Biz düşündüyümüzdən xeyli çox. Sadəcə biz bu zaman kəsiyini belə qəbul edirik. Bax bir də görürsən ürəysıxan bir yerdə oturub nəyisə gözləməyə məcbursan. Bu zaman adama dəqiqələr illər qədər uzun və ağır gəlir. Əslində isə bu, yer həyatının zaman duyumudur. Bu, əsasən insan əsil həyatına yol tapmayanda belə olur. Əsil həyat isə, bizim qayğılardan ibarət bu gündəlik həyatımız deyil, bizim ruhi həyatımızdır. Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur.
- Bu həddən ziyadə uzun ömürdə siz özünüzü xoşbəxt hesab edirsinizmi?
- Əlbəttə, axı mən bu darıxdırıcı həyatından qurtuluş yolunu tapmışam. Zahirən mən hamı kimi yaşayıram. Səhərlər işə gəlir, axşamlar evə qayıdıram, oğlumun dərslərinə baxıram, son xəbərləri dinləyirəm. Amma bütün bu yeknəsəkliyin içində gizlənən sonsuz arakəsmələr var ki, onların qapıları mənim üçün daim açıqdır. Elə buna görə də günlərin yeknəsəkliyini, ömrün qısa, ya uzun olmasını hiss etmirəm.
- Yenə də, bizim keçmişimiz yaşantılarımızdan, bugünlə bağlı təəssüratlarımızdan asılı olmayaraq var və bizdən asılı olmayaraq artıq sənədləşdirilib. Necə yaşamaq və necə dünyanı görmək-duymaqdan ötrü əvvəl dünyaya gəlməliyik. Bəlkə söhbətimizi də elə burdan başlayaq…
- Bilirsiz, insanın dünyaya gəlməsi - yalnız bir qadınla bir kişinin evlənib dünyaya uşaq gətirməsi demək deyil. İnsanın dünyaya gəlməyinin çox dərin kökləri, izahsız qanunauyğunluqları var, burda nəsil kodları, bürclərin səmavi təsiri və sair və ilaaxır… və əgər bütün bunları rəqəmləşdirsək, gözümüz qarşısında saysız-hesabsız rəqəmlərlə dolu kainatölçülü cədvələbənzər bir panoram açılar. Ümumiyyətlə bizlərin taledən danışması, ona hər hansı münasibət bildirməsi bir növ cahillikdir. İnsan öz taleyindən razı, yaxud narazı ola bilər. Amma onun taleyinə yaxşı yaxud pis deməyə heç bir haqqı yoxdur. Ən azı ona görə ki, onun tale deyilən ilahi yazı haqqında heç bir təsəvvürü yoxdur. Öz tapeyimdən danıhanda, razı və narazı söhbətini bir kənara qoymaq şərtilə, bir neçə zədələri deyə bilərəm: atamı 9-cu sinifdə oxuyanda, anamı 26 yaşında olanda, qardaşımı bu yaxınlarda itirmişəm. Bir də sözsüz ki, məşum 20 yanvar hadisələri… Bunlardan başqa çəkdiyim çətinliklər bir o qədər də əhəmiyyət daşımır ki, onlara zədə deyə bilim. Sevincli hadisələr sırasında: iki qızım artıq ailə həyatı qurub, üç nəvəm var, bir neçə əsərim var ki, onlara görə daim qürur duyuram, bir neçə il bundan əvvəl avstriyalı bir alim tərəfindən yaradıcılığımı tədqiq edən doktorluq dissertasiyası müdafiə olunub… Bunlar taledən gələn sevincli anlardır. Vəssəlam.
- Gəlin söhbətimizin bədii hissəsinə keçək. Günlərin bir-günü bir qız dünyaya gəldi, adını Afaq qoydular. Bu ad hardan götürülüb?
- Atam Nizami Gəncəvinin vurğunu olub. Onun sevdiyi və sonradan evləndiyi gözəl bir qadının adı Afaq olub. Mənə belə danışıblar. Lakin zənnimcə atam bu adın mənasını əsas götürüb. Afaq – Kainat deməkdir. Atam - filologiya elmləri doktoru, professor Məsud Əlioğlu Hüseyn Cavidin yaradıcılığına, şifahi xalq ədəbiyyatına, bizim klassiklərə dair, eləcə də öz dövrünün müasir ədəbi prosesləri haqqında bir sıra dəyərli elmi - tədqiqat əsərlərinin müəllifidir. Ömrünün son dövrlərində ərsəyə gətirdiyi bir sıra əsərləri artıq onun dərin fəlsəfi qayəsini üzə çıxarmağa başlamışdı, lakin ömür vəfa eləmədi və o 45 yaşı tamam olmamış dünyasını dəyişdi. Məhz həmin o son dövrlərin əsərlərinə görə onun yaradıcılğı ədəbi-tənqiddən çox, ədəbi-fəlsəfi tədqiqat kimi qiymətləndirilirdi.
- Onun dövrdən narazılığı ilə əlaqədar çox danışırlar onu tanıyan adamlar.
- Məsud Əlioğlu o dövrün hakim ideologiyası ilə heç cür barışa bilmirdi. Elə bu səbəbdən, sovet dövründə yaşamağımıza baxmayaraq, nə mən, nə də qardaşlarım o atmosferi evdə hiss eləməmişik. Sovet psixologiyası, sovet ideologiyası bizim qapıdan içəri buraxılmayıb. Bizim evdə həmişə sərbəst düşüncəyə, azad fikirlərə üstünlük verilib. Atam o dövrün yalançı şüarlarını o qədər qəbul edə bilmirdi ki, quruluşa, ideologiyaya saxta sədaqət göstərən vəzifə adamlarını da, yeri düşdükcə cəmiyyət içində təhqir eləməkdən özünü saxlaya bilmirdi. Bu xasiyyəti işinə də əngəllər yaradırdı. Dəfələrlə atamın kitabları «qlavlit» deyilən nəşr senzurası tərəfindən yasaq edilirdi, sosialist realizminə yad fikirlərinə görə adı Mərkəzi komitənin qərarlarına salınırdı və aylarla, illərlə nə məqalələri, nə də kitabları işıq üzü görə bilmirdi. Bundan bizim ailə də əziyyət çəkirdi. Axı o illər ədəbi-tənqidçilər də digər qələm əhli kimi kitablarından aldıqları qonarar hesabına dolanırdılar. Bu səbəbdən biz tez-tez maliyyə çətinliklərilə üzləşirdik...
- Bəs babanızın, xalq yazıçısı Əli Vəliyevin nüfuzu ona yardımçı olmurdu?
- Babamın nüfuzu yardımçı olurdu ki, ona dəymirdilər, millətçi damğası ilə Elçibəy kimi dustaqxanalara salmırdılar. Mənim babam qatı kommunist idi. O, kommunist ideologiyasına inanırdı və bu inamına görə mən ona, onun xatirəsinə hörmət edirəm. Bu, sözün əsil mənasında etiqad idi. Əli Vəliyev məsləkinə ürəkdən bağlı, sədaqətli adam idi. O, inanırdı ki, o hökumət insana zəhmətinə görə qiymət verir, kasıblara əl tutur. Doğrudan da Ədi Vəliyev elə bir dövrdə, elə bir çətin, kasıb vəziyyətdən gəlib cəmiyyətin ən yüksək təbəqəsində ictimayi nüfuz sahibi olmuşdu ki, bu quruluşa inanmağa elə bilirəm, onun haqqı var idi. Atamı sərbəst düşüncələrinə görə həmişə ən çox danlayan da elə babam olurdu.
- Bəs atanızın dünyagörüşü hardan formalaşıb?
- Deyə bilmərəm. Bəlkə öz daxili azadlığından, ya kiminləsə ötəri bir görüşdən, yaxud eşitdiyi bir sözdən, ya musiqidən, olsun ki, hansısa duyğudan, fikirdən… Məgər biz bilirik ki, beynimizdən ötən fikirlər, yaxud duyğularımız hardan qaynaqlanır?..
- Atanızın sizə təsiri olub?
- Bu yaxnlarda onun kitablarından birini vərqləyirdim. Qəfildən dik atıldım… elə bil öz cümləmi oxudum… İlahi…- fikirləşirəm - …bu cümləni elə bil mən özüm yazmışam. Sonra öz yazılarıma baxıram. Hər cümlədə, hər abzasda onun nəfəsi hiss olunur. Açığını deyim ki, mən ədəbiyyata Məsud Əlioğlunu mütaliədən gəlməmişəm. Elə ona görə də bu oxşarlıq məni heyrəti gətirirdi. Görünür ki, bu da bayaq dediyim həmin o ruhi mövcudluqla bağlıdı.
- Ailədə necə övlad olmusunuz?
- Məniə üç qardaşım var. Ailənin yeganə qızı və ən kiçiyiyəm. Valideynlərim istəiyrdi ki, iki övladları olsun, biri oğlan, biri qız. Məni gözləyə-gözləyə daha iki oğlan da gəldi dünyaya. Anam danışırdı ki, hər dəfə «qız olacaq» deyə çəhrayı yorğan-döşək tutardı, amma yenə oğlan olurdu. Hətta məndən bir yaş böyük qardaşım Araz dünyaya gələndə, anam deyirdi:«uşağın heç üzünə baxmaq istəmirdim. Amma elə ki, gətirib qucağıma verdilər, o da iri, qonur gözlərini açıb mənə baxdı, elə bil ürəyim düşdü...» Arazdan sonra nəhayət y mən gəldim dünyaya. Xasiyyətcə oğlanlardan da dəcəl idim. Mən bütün qızlar kimi kuklalarla, plastmas stəkan-nəlbəki ilə yox, tapança - tüfənglə oyunlara meylli idim. Bu yaxınlarda isə qəribə bir hadisə baş verdi. Özüm də bu hadisəyə təəccüb qaldım… Kiçik qızım Rənagildə idik, qəfildən nəvəmin oynatdığı kuklanı ondan alıb elə qucaqladım ki, hamı mənə heyrətlə baxmağa başladı. Ertəsi gün qızım həmin o kuklanı mənə gətirib gəldi. İndi özüm üçün bu hadisədən belə nəticə çıxarıram ki, bütün uşaqlıq illərimi tapança-tüfənglə oynadığımdan, görünür içimdə balaca bir qızın kukla nisgili qalıb.
- Hərəkətləriniz uzun zaman qız həsrətində olan ananızı qeyzləndirmirdi?
- Yox, anam həm zahirən, həm də daxilən gözəl qadın idi. İndiyə qədər onu tanıyanlar, onu xatırlayanda birinci növbədə «gözəl Rəna» deyirlər. Anam məni necə varam, elə də sevirdi.
- Sonra məktəbə getdiniz…
- «İzdiham» adlı romanımda baş verən hadisələrin hamısı təhtəlşüurdan qaynaqlanır. Həmin əsərə məktəb də daxil olub. Məktəb də mənə görə təhtəlşüurdur. Faşist Almaniyasında ölüm düşərgələri nə demək idisə, mənim üçün də «məktəb illəri» o deməkdir. Doğrudur, məktəbdə məni öldürməyiblər, işgəncə verməyiblər, amma aldığım mənəvi zədələr, sıxıntılar, sonsuz qadağalar və yasaqlar… hamısı düşərgəni xatırladır. Bəlkə də bu təəssüatı məndə evdəki azadlıqla məktəbdəki ciddi rejim arasında düşdüyüm temperatur fərqi yaradıb. Oxuduğum 190 saylı məktəb sovet quruluşunun qatı modeli idi. Təsəvvür edin, biz hər gün məktəbə gələndə saçımızdan tutmuş çantamıza qədər nə var, yoxlanılırdı. Bu, insanı məhv eləmək deməkdir. Bəzən deyirlər:»bizim azırbaycanlılar öz hüquqlarını bilmir, yakxud bilirsə də müdafiə etmək bacarıqları yoxdur. Bu sayaq müti vətəndaşlar ordusunu yetişdirən kimidi, nədi?.. Məktəb. Bizdə məktəb hamını bir ölçüyə, bir qəlibə salmağa çalışır, insanın fərdiyyətini və şəxsiyyətin bərabərləşdirir. Bu məqam çoxlarının etiraz səsini eşidirəm: «Yox, siz nə danışınrsız? Məktəb həyatı insanın ən gözəl, qayğısız, şən dövrləridir ». Əlbəttə, əözsüz ki, hansısa şən məktəbli məqamlarını mən də yaşamışam. Amma, deyin görək məktəb sizi şəxsiyyət, fərdiyyət kimi yetişdiribmi? Uşaq ikən azadlığını məhv eləyən, ləyaqətini alçaldan, qəlbini sıxan, əzən, səni boğan bir yerə mən təəssüf ki, «qayğısız, şən çağlarım» nöqteyi-nəzərindən baxa bilmirəm. Dəqiq bildiyim odur ki, bizim məktəblərdən - təhsil və səviyyəni qoyaq bir kənara, bu ayrı bir söhbətin mövzusudur, mənəviyyatı şikəst olunmuş uşaqlar çıxır. Necə oldu məni şikəst eləyə bilmədilər? Buna bizim evin azad, sərbəst havası imkan vermədi. Bizim evdə əsasən atam tərəfindən yaradılan o ab-hava olmasaydı, mən də hər addımımı, haqlı olduğumu bildiyim halda belə, qorxa-qorxa, çəkinə-çəkinə atacaqdım, mənəvi iflic olacaqdım. Bəzən heyrətlənirlər ki, əsərlərimdə, başqalarının deyə bilmədiyi, ifadə etməkdən çəkindiyi duyğuları mən sakit şəkildə qələmə alıram. Əgər düşüncəndə, duyğularında eybəcər bir şey yoxdursa, niyə özünü olduğu kimi ifadə eləməkdən ehtiyatlanmalısan? Bütün dünya belə yazır. Və böyük mənada ədəbiyyat da elə budur. Düşünürəm ki, bu azadlığı mənə evim və atam verib. Məsud Əlioğlu kimi işıqlı, geniş, azad düşüncəli ziyalılar bu gün böyük ehtiyac var. Onun hələ 60-cı illərdə müstəqilliklə bağlı fikirlərinin sonrakı hadisələrə böyük təsiri oldu. Yazılarında sətiraltı toxunduğu mətləbləri, şifahi çıxışlarını, söhbətlərini öyrənirdilər, onları maqnitafon lentlərinə yazıb bir-birinə ötürürdülər. Bizim evdə həmişə qonaq olardı, bu söhbətlər də çox vaxt orda gedərdi. Atamın həm də gözəl səsi vard. O, «Koroğlu» operasını əvvəldən axıracan, bütün simli və qeyri alətlərin çalğısı ilə birgə bizim üçün oxuyardı. Xudu Məmmədov, Tofiq Kazımov, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev atamın ən yaxın dostları idilər. Onların teatr, musiqi, fəlsəfə və ədəbiyyat haqqında söhbətləri lentə yazılsaydı, bu bəlkə də Azərbaycanın fikir tarixi üçün əvəzolunmaz bir töhfə olardı. Atam o azad təfəkkürü olmasaydı, olsun ki, mən də bu cəmiyyətin mənən şikəst elədiyi insanlarından biri olardım. Mən necə yazıram, elə də düşünürəm. Yaxud nə düşünürəmsə, onu da yazıram. Bu isə, Azərbaycanda hər kəsə nəsib olan xoşbəxtlik deyil.
- Yazmağa nə vaxt və necə başladınız?
- Yazmağa uşaq vaxtında başlamışam. 5-ci sinifdə oxuyanda «Qarğalar niyə qarıldayır?» adlı hekayə yazdım. «Azərbaycan pioneri» qəzetində nəşr olunmuşdu. İndi heç hekayənin məzmunu da yadıma gəlmir. İlk ciddi hekayəm «Həsən əmi» oldu. Bu hekayəni mən 1977-ci ildə, Bakı Dövlət Universitetinin II kursunda oxuyanda yazmışam. Hekayənin baş qəhrəmanı bizim qohum idi və mən onun həyat tərzi ilə bağlı elə bir hadisənin şahidi oldum ki, uzun müdddət heyrət və çaşqınlığa düşdüm. Sonra gördüm ki, təkcə təəccüblənməklə iş bitmir. Odur ki, oturub bu situasiyanı yazdım. Həsən əmi boz bir adam idi. Boz rəngli də həyat sürürdü. Bu hekayə ittiham deyildi, heyrət və çaşqınlığın məhsulu idi. Axı mən həyatı rəngarəng, emosional qavramağa öyrəşmişdim. Birdən - birə belə bir boz insan və bu bozluğu heç cür dağıda bilməyən, ona boya əlavə edə bilməyən bir hadisə. Ən maraqlısı budur ki, Həsən əmi həyatda yaradıcı şəxs idi, şer yazırdı. Bununla belə insan həyatı yox, robot həyatı yaşayırdı. Hər gün eyni vaxtda yuxudan durur, çörəyini yeyir, işə gedir, işdən qayıdır… Bütün bu bozluq, o boz həyat tərzi qəfildən vahimə yaratdı məndə və mən onu qələmə aldım. Bax bu zaman yazmağın ləzzətini duymağa başladım. Doğrudan da gözəldir, sən yazırsan və səni narahat edənlərdən bir-bir azad olursan.
- Yazılarınızı çap etdirmək problemi olmadı sizin üçün?...
- Birinci hekayəmi, həmin o dövrdə «Ulduz» jurnalının baş redaktoru olan Yusif Səmədoğlu çap elədi. Hekayəm həqiqətən də onun xoşuna gəlmişdi.
- Bəs şəxsi həyatınızı qurmaq barədə nə zaman düşünməyə başladınız?
- Həyat yoldaşımla 1977-ci ildə tanış olmuşam. İki ildən sonra evlənmişik. O, məndən iki kurs yuxarı oxuyurdu. Mən jurnalistika, o isə hüquq fakultəsində. O da ziyalı aildəndir. Atası - tarix elmləri doktoru olub, uzun müddət biz oxuduğumuz ali məktəbin prorektoru işləyib. Yoldaşımla tanışlıq bir az qeyri-adi oldu. O məni universitetdə görüb telefonla evə zəng eləmişdi. Mənsə artıq onda yazı həzzinin nə demək olduğunu bilirdim. Odu ki, bu sayaq tanışlıq cəhdlərinə bir o qədər də məhəl qoymurdum. Beləcə o mənim xasiyyətimə iki ilə yaxın dözdü. İki ildən sonra biz nişanlandıq və mən ona əslində nə qədər bağlı olduğumu yalnız bundan sonra anladım.
- Yaradıcılıq sizi həyatdan ayırmır?
- Yaradıcılıqdan kənar mənim üçün həyat yoxdur. Yadımdadı, tələbəlik vaxtı rəfiqələrimi tamamilə başqa şeylərlə maraqlandırırdı, söhbətləri bu həyatın məlum tərəfləri barədə olardı. Məni isə, evimizdəki zəngin kitabxanadan bir-bir seçib çıxardığım kəşflərim - Dünya Ədəbiyyatı kitabxanasının cilidləri maraqlandırırdı. Tamamilə bizim həyatdan uzaq dünyalar... Bomarşe, yaxud Qaldoni, yaxud Qotsi, Meterlinq... Soruşmaq lazım idi ki, bunlar sənin nəyinə lazımdı axı?.. O dövrlər hamı Çingiz Aytmatovu, yaxud Floberi oxuyurdular. Görünür ki, mən ədəbiyyata məhz həmin o dövrlər, beləcə addım-addım, bu sayaq mütaliələrlə daxil olurddum... Qardaşım Eyvaz rejissor idi, Kukla teatrında işləyirdi. O, məşhur teatr xadimi Sergey Obrazsovun kitabını tərcümə edirdi. Nəyə görəsə yarımçıq qoymuşdu, onun əvəzinə kitabı böyük həvəslə mən tərcümə edirdim. Yaşıdlarım, rəfiqələrim bulvara, kinoya gedəndə, mən, başım hərlənə – hərlənə Oraztsovu tərcümə edirdim və bundan izaholunmaz bir həzz alırdım…
- Sizin o biri qardaşlarınız hansı peşə sahibləridir?
- Böyük qardaşım İlyas biologiya elmləri namihzədidir, Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifədə işləyir, kiçik qardaşım Araz tikinti biznesi ilə məşğuldur. O ki, qaldı Eyvaza, o rejissor idi… Bənzərsiz isdedada malik böyük səhnə rejissoru… «Duyğular imperiyası» silsiləsində belə bir duyğum var ki, onu, qardaşım Eyvazı itirərkən, elə bir rütbəm artdı. Qanlı-qadalı müharibələrdə ağır yaralanan sərkərdə kimi... Qəribə hissdir. Onun ölümünə qədər başqa cür yaşayırdım, Eyvazdan sonra elə bil içimdə nə isə düyünləndi, ağırlaşdı… mən bərkidim. Bu ölüm varlığımda nəyisə büsbütün dəyişdi.
- Bəs, atanızın ölümü?
- Atam vəfat eləyəndə sarsılmışdım. 9-cu sinifdə oxuyurdum, anladığım yalnız o oldu ki, belə bir hadisə baş verdi, burda onun ömrü qırıldı. Anlaqsız, key bir reaksiya… Onun dəfni mənə qəribə təsir bağışladı. Evimiz Hüsü Hacıyev küçəsindədir. Dəfn mərasimində Füzuli meydanından Sabir bağının girəcəyi ucu, sonu görünməyən izdihamla dolu idi. Mən sonradan həmin bu izdiham barədə sən demə roman yazacağam. Əslində «İzdiham»ı mən bu hadisənin təsirindən yazmışam. İlk baxışda mənim atam nə dövlət xadimi idi, nə xüsusi bir statusu var idi. Floloq, elmlər doktoru. Amma onun dəfn mərasimində gördüyüm o izdiham mənə onun kim olduğunu anlatdı. Bu hörməti o özü qazanmışdı. Öz unikal insansevərliyi ilə, işıqlı ruhu ilə, yazdığı bənzərsiz əsərləri ilə… O bütün yaradıcı sferalarla əlaqəli idi. Teatr, kino, rəssamlıq, musiqi aləmi onun doğma əraziləri idi… və əlbəttə ki, ədəbiyyat. Onun nüfuzu təkcə yazıları ilə bağlı deyildi. O öz varlığı ilə cəmiyyətdə mühit yaradırdı. Mühiti, atmosferi tərtib eləyən nəhəng bir şəxsiyyət idi. Bilirsiniz, axı cəmiyyət əslində bir qab sudur. Bu suyun içinə qiymətli metal - qızıl, yaxud gümüş atmasaq, qabdakı su bulanmağa başlayacaq, tərkibində zərərli, kifsəmiş hüceyrələr yaranacaq. Bax Məsud Əlioğlu da cəmiyyətdə həmin o qiymətli metal funksiyasını yerinə yetirirdi. Belə insanların cəmiyyətdən getməsi böyük itkidir.
- Bayaq mən sual verdim ki, atanızda azad düşüncə hardandır. Bəlkə bu genetik yaddaşla bağlıdır.
- Ola bilər. Bizim varlığımız, həm maddi, həm də ruhi mövcudluğumuz bizim məntiqi düşüncəmizdən daha ağıllı və daha dərindir. Bura yalddaş da daxildir. Mən ata tərəfdən Sisyandanam, ana tərəfdən isə Xızı rayonundan. Hər ikisi dağ yerləridir. Bunu mən bilməsəydim belə, bir gün özümdə, canımda hiss edəcəkdim. Məsələn, yay ayları, havalar isinəndə mən özümü Bakıda çox pis hiss edirəm. Onu da görürəm ki, nə yoldaşım, nə bağ qonşularım yay ayları mən çəkdiyimi çəkmir. Mən uzun müddət yay aylarında düşdüyüm acınacaqlı vəziyyətimin səbəbini anlaya bilmirdim, başa düşmürdüm ki, niyə bu hallara düşürəm, ürəyim bulanır, əl-ayağım şişir… Bunu günlərin bir günü, yaxın dostum, sənətşünas Məryəm Əlizadə dedi mənə. Sən demə, isti havalarda dəniz səviyyəsi mənim üçün az qala ölümə bərabər bir səviyyədir. Odu ki, indi havalar isinəndə dağ rayonlarına gedirəm. Bu, sırf genetik yaddaşın işidi. Düşünürəm ki. atamın da alışıb-yanmağı, yaşadığı cəmiyyətdə heç cür rahatlıq tapa bilməməsi, köklərə, qaynaqlardan gələn dəyərlərə bağlılığı bir növ genetik üsyan idi.
- Məncə yaddaşdan başqa burda ailə ənənəsi də var. Babanız Əli Vəliyev ağır, amma olduqca maraqlı həyat yaşamışdı, onları qələmə aldı, bədii şəkildə bir ömrü sənədləşdirdi, sonra atanız, Məsud Əlioğlu, gördüklərini, xatırladıqlarını tədqiq etməyə, onların məna qatlarına enməyə başladı, sonra siz - Afaq Məsud yazmağa başladınız… Bir növ yeni baxışdan ailə salnaməsini davam etdirdiniz. Bəs sizdən sonra necə, bu ənənə davam etdiriləcək?
- Bilmirəm. Oğlumda, övladlarımın ən kiçiyində maraqlı müşahidələr hiss edirəm. Bir dəfə, hələ onda onun 5 yaşı vardı, bağda üzbəüz oturub çörək yeyirdik… Qəfildən o mənə baxıb: « Əslində insanlarda hər şey ölüdür, təkcə gözlərindən və səslərindən başqa…» Açığını deyim, beşyaşlı uşaqdan bu sözləri eşidəndə matım qurudu. Çay qurtumu nəfəsimə getdi… Bəli, axı həqiqətən də insan yeganə diri olan ruhu yalnız iki cəhətində ifadə olunur, səsində və baxışlarında. Görürsən kimdənsə soruşuruq: «nə olub sənə,səsin bir təhərdi?» Çünki onu görmürük, səsindən müəyyən edirik ki, daxilində nə isə baş verir. Yaxud baxışlarından ovqatını hiss edirik. Dinməsə belə. Oğlumun belə qeyri-adi fəlsəfələrinin tez-tz şahidi oluram. Amma, məncə o, ədəbiyyatçı olmayacaq. Çünki, oturmaqla və qələmlə arası yoxdu.
- Bax, siz özünüz dediniz ki, babanız çox çətin bir həyat yaşamış, ağır vəziyyətdən çıxmışdı. Bununla belə bu çətinliklər ona iri həcmli romanlar yazmağa mane olmamışdı. Bəs, sizə necə, yazınıza, düşüncələrinizə məişətdə yarana biləcək çətinliklər mane ola bilərmi?
- Ola bilər. Mən evdən çıxanda, kandara salınan balaca xalçanın qatlanmış qalan ucunu da, qapıdan qayıdıb düzəldirəm. Çünki bilirəm, içimdəki bütün sahmanımı pozacaq, bir işə girişməyə əlim gəlməyəcək… Yazıya girməkdən ötrü gərək mənim məişətimdə hər şey son dərəcə hamar və problemsiz olsun. Yalnız bundan sonra yaradıcılıqla məşğul ola bilərəm. Yaradıcılıqla məşğul olmayanda, bu cür xırda məişətproblemlərin həlli ilə məmnuniyyətlə məşğul oluram. Yazanda isə adi, kiçicik bir problem, məsələn, su kranının xarab olması, yaxud soyuducunun işləməməsi, məni məhv etmək qüdrətinə malikdir. Yazmaq - mənim üçün can üstə olmaq kimi bir şeydir. Natiq Səfərov həmişə deyirdi ki, « Sən az qala qanınla yazırsan… Belə olmaz. Bu cür çox yaza bilməzsən. Yazıçı gərək bir az yüngül, bir qədər də kənardan yazsın». Bəlkə də. Amma mən yazanda, dəqiq hiss edirəm ki, özümü tərk edirəm… özümdən, ruh bədəndən çıxan kimi, ayrılıram. Yazmaq – əslində ölmək kimi bir şeydi. Öləndə də insan bir haldan başqa hala keçir. İndii təsəvvür edin, belə bir keçid məqamında hər hansı bir səs, yaxud qıcıq yaradan səs olarsa, mən bu keçidi keçə bilərəmmi?..
- Sizinlə müsahibə aparmaq çətindir. Özünüz necə, hərdən özünüzə sualla müraciət edirsiniz?
- Yox. Mən özümü görmürəm. Zahirən əlbəttə görürəm. Güzgüdə özümə baxıram, saçlarımı düzəldirəm, köynəyimlə çantamın rəngini tutuşdururam. Amma bir fərd kimi, Afaq kimi özümü görə bilmirəm. Mən söhbətimizin əvvəlində qeyd etdiyim elə bir genişlikdəyəm ki, orda mən özümü toz zərrəciyi hiss edirəm. Eləcə də mənim «mən»im həmin o nəhəngliyin qarşısında demək olar ki, heç nədir.
- Əgər keçmişinizə qayıtsaydınız, orda nəyisə dəyişərdiniz?
- Yəqin ki, ailə qurmazdım. Mən yoldaşımı, uşaqlarımı həddən ziyadə çox sevirəm, həyatımı onlarsız təsəvvür eləmirəm. Sadəcə özüm kənardan görürəm ki, mənimlə yaşamaq nə qədər çətindir. Uşaqlarım üçün mən bəlkə də ən ideal anayam. Amma nəyisə, hansı bir istilisə onlara verə bilməmişəm və yenə bilmirəm. Hansı məqamlardasa onları mənən zədələyirəm. Olub ki, aylarla yazdığım əsərə qapıldığımdan, uşaqlara elə belə, mexaniki analıq eləmişəm. Mən həmişə yazmıram. Amma i bu sayaq vəziyyətlərə istənilən an düşməyimin təhlükəsini özüm də hiss edirəm.
- Ailəniz olmasaydı, bunun sizin həyatınıza təsiri olacaqdımı?
- Əlbəttə. Dağıdıcı təsiri olacaqdı. Əsasən yazı prosesində düşdüyüm həmin o ecazkar ərazilərdən olsun ki, geriyə qayıda bilməyəcəkdim. Ailəm olmasaydı, mən əlbəttə ki, o səyahətlərdən geri qayıtmayacaqdım. Amma indi, nə qədər füsünkar, nə qədər maraqlı da olsa. mən geriyə qayıtmalı oluram. Bilirəm ki, burda məni gözləyənlər var…
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:09
Комментариев нет:
Отправить комментарий