Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


понедельник, 2 февраля 2009 г.

NATİQ SƏFƏROVA MƏKTUBLAR

Əzizim Natiq, bu məktubu sənə ötən ilin sentyabrında - havaların sərinləşməyə başladığı ərəfədə qoyub getdiyin həmin o sınıq-salxaq Tərcümə Mərkəzindən yazıram.
Niyəsə, indi sənə məktub yazmaq mənə qəribə gəlir. Sənə heç vaxt məktub yazmamışam, ona görə, yoxsa, indi səninlə məktub vasitəsi ilə ünsiyyətdə olmağın özü mənə qəribə gəlir?.. Axı həmişə yaxınımda olmusan?!.. Elə indi də bilirəm, hardasa, buralardasan. Bunu bəzi səhərlər, əsasən də sənin sevdiyin havalarda - havanın indiki kimi sərinləməyə başladığı, yağışın, çiskinin, isti bürkülərin qızdırıb tarıma çəkdiyi əsəblərini soyudan vaxtlarda lap dəqiq hiss edirəm. Əvvəl dəhlizin hansı tərəfindənsə partlayan asta gülüşün eşidilir, bir qədər sonra qəbul otağında güldürdüyün qızların səsi gəlir və mən, səni görmədiyimdən bəri deyib danışacaqlarımı tələm-tələsik yadıma salmağa başlayıram.
Bizimlə olmadığın bütün bu ili qəribə bir sadəlövhlüklə, ya bəlkə itki sızıltıları hələ sovuşmayan canımı qorumaqdan ötrü sənin yenə həmişəki kimi - uzun fasilələrlə tənbəlliyindən, yaxud, bu dünyadan iyrəndiyinə görə küçəyə çıxa bilmədiyindən gəlməyib ara-sıra telefonla hal-əhval tutacağından arxayın idim. Yəni sən həqiqətən, bir də heç vaxt gəlməyəcəksən?..
İndi hardasan?.. Bu məktubum çatacaqmı sənə?..
Eyvaz dünyasını dəyişəndə, yadındadı, ağrılarıma dözə bilmirdin, balaca əllərini dizlərinin arasında cütləyib uşaq kimi qarşımda otururdun, dinməz-söyləməz üzümə baxırdın, özün də gülümsəyirdin ki, birdən çəkdiyin ağrıların ciddiliyini anlayaram?.. Axı sən həmişə məni balaca hesab eləyirdin?!.. Bəlkə də sən haqlısan. Mən niyəsə, heç cür böyümürəm. Ömrüm uzunu bir-birinin ardınca verdiyim itkilərdəndi, ya nədəndi ki, elə bil yaşa dolmuram, daim ha yandansa üstümə axan bitib-tükənməz yetimliyin zədələrindən azad ola bilmirəm. Görən niyə, hə?..
Aydın öləndə də, mən ağladıqca, üzümə pərt-pərt baxıb gülümsəyirdin. Elə gülümsəyirdin, elə bil onun ölməyindən xəcalət çəkirdin.
Bəs indi necə, gülümsəyirsən?.. Axı mən yenə ağlayıram.
Qəribədi ki, hüzr məclisindən sonra sənin üçün ilk dəfədi ağlayıram. Görünür, bir daha gəlməyəcəyini yalnız indi anlayıram, sənə məktub yaza-yaza. Özün belə öyrətmişdin məni. Gah tez-tez gəlirdin, gah da aylarla adamla heç danışmaq istəmirdin. Bilirəm, sənin üçün maraqlı deyil, amma hər halda yazıram: Mərkəzdə hər iş öz qaydasıyla gedir. «Xəzər»in ikinci sayının çapdan çıxmasını gözləyirik. Sənin əvəzolunmaz tərcümələrinin yerini heç kim doldura bilmir. Necə də bu vaxta qədər ağlıma gəlməyib ki, jurnalda klassik tərcümələri yada salan boş bir rubrika açaq. Yaxud, səni andıracaq boş səhifə, tərcümələrin olmayan boşluğun altında isə imzan.
İndi Ramiz də, Zakir də jurnalın işinə çox köməklik edirlər. Görürlər axı, təkəm. Yaşar da, Nəriman da, İbrahim də həvəslə işləyirlər. Hələ təzə bir qızımız da gəlib - Ülkər. Sözün əsl mənasında, sənin davamçındır. Danışmaqla arası yoxdu, ədəbiyyatı sənin kimi - dərisi ilə hiss edir, sənin kimi də işgüzardı.
Ramizi görəndə, niyəsə elə bil səni görürəm. Axı o da sənə çox bağlıdı. Biz ümumiyyətlə, niyə bu qədər bir-birimizə bağlıyıq?..
Görürəm, Ramiz də məni görəndə pis olur, amma üzə vurmur. Eləcə Vaqif də, Zakir də, sevimli oğlun Şahbaz da. Sənin barəndə danışmağa, burda heç kim ürək eləmir. Məni ağrıtmaqdan qorxurlar, ya özlərini sənin ağrından qoruyurlar?.. Səndən sonra hamı üçün qorxmağa başlamışam. Gah Ramiz üçün qorxuram, gah Vaqifdən nigaran qalıram.
Məndən nigaran qalma. Özün ki, bilirsən, belə zədələrə öyrəncəliyəm. Bunu da bir təhər ötüşdürəcəyəm. İnsan nəyə öyrəşmir ki?!.. Başımı sufilərlə qatıram.
Sənə gör bir nə deyirəm. Deyirdim həmişə sənə ki, bu təhsil, kitablar və sairə mənə heç nə vermir?.. Mənə verilən hisslərim və duyğularımla verilir?.. Mən bir onların köməyi ilə maariflənirəm?..
Bax ki, Məhəmməd peyğəmbər bu barədə nə deyib:
«Ay Allah, Sənə tərəf heç bir fayda götürmədiyim biliyim sarıdan qaçıram…» Dahiyanəydi, yox?.. Bir də Qəzalinin qısa tərcümeyi-halını oxuyanda, yaman kövrəldim.
Bağdadın baş mədrəsəsinin baş müəllimi, İslam hüququ müdürəsi (professoru) Məhəmməd əl-Qəzali qəfildən naməlum səbəbdən işini yarımçıq buraxaraq, şəhəri tərk edir... Var-dövlətindən, əmlakından imtina edən sufi zahidliyə, tərk-dünyalığa çəkilir. Bir neçə ildən sonra ailəsinin davamlı təkidi, zahidlik həyatının codluğuna davam gətirməyən bədəninin hökmüylə yenidən mədrəsəyə qayıdırsa da, tezliklə (dörd ildən sonra) yenidən şəhəri tərk edib bu dəfə əbədi olaraq, yoxduğa qərq olur. Bir müddətdən sonra böyük sufinin, dünyasını uzaq səhralıqda yerləşən kimsəsiz mağaraların birində - ac, tənhalıq həyatında dəyişdiyi məlum olur.
İslamın sütunu sayılan Əl Qəzalinin həyatı barədə bu qısa bioqrafik məlumat niyəsə mənə sənin, kədərli xatirələr və əziyyətlər dolu iztirablı, çətin həyatını, Mərkəzdə işlədiyin dövrləri, burdan küsüb getməyini, bir qədər sonra bizim təkidimizlə geriyə qayıtmağını, sonra yenə, bu dəfə bizləri ədəbi tərk etməyini xatırladır…
Axı sən incə idin?!.. Havanın temperaturundan tutmuş, insanların üzlərinin ifadələrinədək, hər şey sənə öldürücü dərəcədə təsir eləyirdi. Gah qıcıqlandırır, gah kövrəldirdi… Bircə kəlmə söz, yaxud, Günəşin naqolay şüası səni məhv edə, yaxud göylərə qaldıra bilirdi…
Bir müddət xəstə yatan Vaqif sağalıb işə çıxanda necə ağladığın yadındadı?..
Bilirəm, indi bizlərə deyiləsi nə qədər sözün var, nə qədər acılı-şirinli təəssüratın yığılıb. Kədərli və gülməli. Axı sən ən kədərli şeylərdə belə gülməli olan nə isə tapmağın ustası idin?!..


2005-ci il sentyabr


Əzizim Natiq,

çoxdandı sənə məktub yaza bilmirəm. Ona görə yox ki, buna vaxtım yoxdu, ya səni unutmuşam. Sadəcə, yenə məni daim xilas eləmək istədiyin həmin o qayğılar bataqlığında vurnuxmağımdayam və bu havasız darısqallıqdan yazıb sənin də ürəyini sıxmaq istəmirəm. Bilirsən ki, həmişə yadımda və yanımdasan. Bəzən sübhün erkən çağında soyuq, küləkli havaların ara verdiyi sakit ayazlarda ara-sıra budaqlara, pəncərə məhəccərlərinə qonub orda gizli-gizli cippildəşən quşları dinlədikcə, hardansa, lap yaxından, yaxınlaşmaqda olan təhlükədən ehtiyat edən səsini eşidirəm...
- Bunlar yenə əttökən civiltilərini işə saldılar. Olsun ki, yaza az qalıb...
İndi quşların "əttökən" civiltiləri daha məni əvvəlki qədər darıxdırmır. Olsun ona görə ki, yazın gəlişindən xəbər verən bu civiltilərin daha səni darıxdırmadığını bilirəm və indi daha nə yazın gəlişi, nə havaların isinməyi, nə də bu isinmələrin ardınca gələn "qorxunc yay" məni əvvəlki kimi qorxutmur. Oralarda yay olurmu?..
Burda biz səni tez-tez xatırlayırıq. "Natiq demişkən" deyib məzəli sözlərini, duzlu ibarələrini yada salıb xeyli gülürük, sonra da qəmli-qəmli susuruq. Burda Mərkəzin bu təmirsiz binasında yerin hər an görünür. Ələlxüsus da, hamımız bir yerə yığışanda.
Dünən Vaqif Cəbrayılzadə qəbul otağına girib:
- Afaq evdədi? - soruşanda da, qəbul otağında olanlar onun bu "səhvinə" gülüşəndə də, mən yenə səni, rəhmətlik Aydını1 xatırladım. Axı Mərkəzi bizim evimiz edən - siz oldunuz?!.. Sənin yoxluğunu məncə, ən çox, mən hiss eləyirəm. Ən çox da, məxsusi bir ləzzət aldığın "dəqiq" müşahidələrimi sənə danışmaq istədiyim, amma elə həmin an da səninlə danışmağın mümkünsüz olduğunu anladığım ən çıxılmaz, ən darısqal məqamlarda. Az qala hər an, hər saniyə görüb, tutub, anlayıb "kəşf etdiklərimi", duyub yaza bilmədiklərimi, yaxud, sözə və yazıya gələ bilməyənlərin mahiyyətini, olduğu qədəri və dəqiqliyi ilə, öz şirəsi və incəliyi ilə anlayan, basmaya hopduran tək, canına çəkən ikinci müsahibi indi hardan tapım?...
İndi mən həmin o "qırmağıma keçənləri" Ramizə, Vaqifə, Zakirə danışıram və danışdıqca, sənin hardasa, lap yaxında oturub xısın-xısın güldüyünü, "sən mənim canım, onu bir də danış" - deyib böyürdən pıqqıldadığını eşidirəm… şad xəbərdən işıqlanan tək, xoşbəxtlik və səadət saçan gözlərinin parıltısı da elə bil bir anlıq aramızdan sivişib ötür... gülüb-gülüb qəfildən susursan, demək istədiklərini deyə bilmədiyindən, ya bəlkə bizə dediklərini eşitmədiyimizdən tutulub pərt olursan… bizdən, yoxsa acı taleyindən, yoxsa, aramızdan şəffaf pərdə kimi asılıb bizləri səninlə üz-üzə, göz-gözə durmağa qoymayan keçilməz Zaamn Səddindən küsüb qeybə çəkilirsən...
Bir vaxtlar Aydının oturduğu yerdə oturub keçmiş günləri yada saldıqca, yadıma, həmin bu otaqda balaca əllərinlə rəhmətlik Aydının saçlarını "əyirib", başında "tac" düzəltməyin, Aydınınsa, sənə müqavimət göstərmədən, məlul baxışlarla bizə baxa-baxa, günahsız uşaq təbəssümüylə gülümsəməyi, iki gündən bir Mərkəzin birinci mərtəbəsindəki otağında, balaca elektirik sobasında sosiskayla bibər qızartmağın, hamımızı başına yığıb türk müharibələrindən, Xaç yürüşləri zamanı baş verən qanlı qarşıdurmalardan, çox sevdiyin Stalindən, Rasputindən, əcaib ölümlərlə ölən əmilərindən, Naxçıvandan, çətin uşaqlıq illərindən danışa-danışa yedirtməyin, bu «nahar ziyafətindən» qəribə, anlaşılmaz bir həzz almağın, siqareti damağına qoyub gözlərin dumanlana-dumanlana xəyallara dalmağın düşür… Bütün bu danışdıqlarını çölün qarlı-qasırğalı vıyıltısından qurtulub, sənin balaca, isti komana qısıla-qısıla, hardasa yaxında çırtıltıyla yanan divar sobasının (əslində isə xırda ölçülü, adi elektrik sobasının) istisinə qızına-qızına, xüsusi məharətlə bişirdiyin bibərli sosiska qızartmasından yeyə-yeyə dinlədiyimizdən, ya nədənsə, indi hər şey mənə, nə vaxtsa, uşaqlıqda dinlədiyim qədim, mehriban nağılları xatırladır. Sənin o balaca "komanın" rahatlığı, o əfsanəvi "sobanın" çırtıltısı bu gün də Mərkəzin qızdırıcısız, köhnə binasını isitməyindədi. Çatışmayan - bircə nağılçıdı. Öz əsrarəngiz "nağıllarıyla" bizləri həyatın miskin xırdalıqlarından, qorxunc, eybəcər reallıqlarından xilas edən balaca, mehriban nağılçı.
Səni bir də ən çox, əlimə qələm alıb yazmağa başlayanda xatırlayıram. Yazılarımı, məsuliyyət və sayıqlıq saçan uşaq sifətiylə oxumağını, axıra çatdıqda, vərəqləri bir neçə an səliqəylə üst-üstə yığıb guya sahmana sala-sala, əslində isə, düşünmək üçün vaxt uda-uda susmağını, sonra eynəyini çıxarıb üzümə məmnunluqla, yaxud, narazıl turşumuşluqla zillənməyini, əsər xoşuna gələndə:
- Filliqrannı yazılıb, əhsən! - deməyini, gəlməyəndə, (əsasən bu, "Duyğularla" baş verirdi.) - Afka, bu, ciddi iş deyil. Başını bunlarla qatma. Böyük gəmiyə üzməyə, dərin dəryalar gərək. - deməyini xatırlayıram.
Böyük ədəbiyyatın nə demək olduğunu, əsil ədəbiyyatı konyukturdan fərqləndirən cəhətin, əsərin insana təsir dərəcəsi ilə təyin edildiyini, yazıçının nəyi yazmalı, nəyi yazmamalı olduğunu və sair və ilaxır ədəbi mətbəx incəliklərini müəllim səbri və həvəsi ilə başa salmağın heç vaxt yadımdan çıxmayacaq. Axı mənim müəllimim sən olmusan. Heç bir kitabda və ali məktəbdə oxuyub eşidib öyrənə bilmədiklərimi mənə sən izah eləmisən. İndi daha mən sənin nəzarətin və iradların olmadan da, nəyi yazmalı, nəyi yazmamalı olduğumu bilirəm, amma, bu yazılardan daha əvvəlki qədər həzz almıram, hər cümləmin, hər sözün üstündə əvvəlki kimi əsmirəm. Son bir neçə ili əsərlərimə yaranan biganəliyim, olsun ki, sənin o "filliqran" reaksiyalarından məhrumluğumdu. İndi mənim səninlə tək bir ünsiyyət vasitəm qalıb: - Sənə məktub yazmaq.
Sənə yaxın günlərdə yazdığım bir neçə duyğumu göndərirəm. Bu duyğuların hansından təsirlənəcəyini, hansını oxuyanda uğunub özündən gedəcəyini, hansına çatanda: "Afka, vallah sən dahisən, mən ölüm, bunu necə tutmusan?.." - deyib yastı-yastı güləcəyini, hansından kövrəlib susacağını, içi iztirab və sevgi dolu gözlərin dola-dola üzümə zillənəcəyini bilirəm...



1. Aydın Məmmədov - Mərkəzin ilk sədri, görkəmli türkoloq - alim

2006 - sentyabr.



Комментариев нет:

Отправить комментарий