Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 2 июня 2009 г.


Böyük Sirrin o üzündə

(Vaqif İbrahim oğlunun quruluşunda Hüseyn Cavidin
«Divanə»si barədə düşüncələr)

...«Yuğ»a aparan yarıqaranlıq pillələri qalxdıqca hər mərtəbənin dəhlizinə açılan sirli qaranlıqlardan qəribə hənirtilər, yanıqlı pıçıltılar eşidilirdi...
Ümumiyyətlə neçə illərdən bəri gəldiyim bu teatrın havasındakı anlaşılmaz, mistik fraqmentarlıq, hər hissəsinin, az qala hər hücrəsinin, bir-birinə aid olmayan müxtəlif zaman ərazilərinə işləməsi, dəhlizin özünə baş verən energetik toqquşmalar, qorxunc, anlaşılmaz təzyiqlər məni daim baxacağım tamaşadan əvvəl izaholunmaz, qəribə ovqatlara salır... O gün də belə idi...
...İkinci mərtəbəyə açılan dəhlizin hansısa naməlum yaxınlığından, qapısı çoxdandan bəri bağlı qalan hansısa sirli otaqda gedən pıçıltılar aydın eşidilir, hərdənbir elə bil pilləkənlər boyu əks-səda da verirdi...
...Onda özünü ölmüş bil... tanış, yağlı kişi səsi dönə-dönə astadan deyir, kimisə boğurmuş kimi təngiyir, hardasa yaxınlıqda köhnə çarpayının taxtaları cırıldayır... kimsə boğulurdu...
Bu səslər, hansısa qədim tamaşalardan bu qaranlıqlarda ilişib qalmış qocaman, mərhum aktyorların unudulmuş dialoqlarını da xatırlayırdı...
Sonradan aydınlaşdırdığıma görə isə, həmin bu qapısı bağlı, yanıqlı otaq demə, rəsmi dövlət xidməti otağı imiş... Yəni fasilələrdə istirahət üçün tamaşalara təşrif buyuran dövlət rəhbərinə ayrılmış xidmət otağı.
...Mərtəbələrin qaranlıq, sümürücü sükutu pilləkənə yığılıb ardımca qorxunc kabus kimi sürünür, ayaqlarıma dolaşıb yuxarı qalxmağıma mane olurdu...
...Üçüncü mərtəbənin dəhlizdənsə sadəcə kağız səsləri gəlirdi... Sanki kimsə – yazmaqdan, yazdıqlarının həcmindən, ya mənasından havalanıb xəstəhal bir aktivliklə bir yığın kağızı bir-birinə qatıb-qarışdırır, dəli kimi göyə sovururdu...
...«Yuğ»un yerləşdiyi axırıncı mərtəbəyə çatanda özümü, qoxulu nağılların, əcinnələr dolaşan qaranlıq, sıldırımlı yollarından qurtulub doğma yerlərinə çatdıran qəhrəmanı hiss edirdim...
...İbrahimoğlu otağında yox idi. Onun əvəzinə otaqda, torlleybusda gedirmişlər kimi, dinməz-söyləməz iki kişi ilə iki qadın üzbəüz əyləşmişdi...
İbrahimoğlu özü isə, deyilənə görə, dəhlizin sonundakı kostyum otağında idi...
...Çox keçmədi ki, o, dəhlizin yuxarı başında göründü... Hərbi kiteldə, bir gözündə qara sarğı, bir qolu şalban kimi ölü şəkildə böyründən asılmış vəziyyətdə idi, məni gördükcə, cinayət üstə yaxalanmış kimi pərt-pərt gülümsündü.
Bir neçə dəqiqədən sonra isə həmin bu görkəmdə o, tamam ayrı bir ovqatda idi, yığcam tamaşa zalının balaca, yarıqaranlıq səhnəsində qurulmuş əntiq lampalı dindirmə otağında Cavidin qadın obrazlarını dindirməklə məşğul olur, bu zalım aktdan elə bil özü də iblisanə bir zövq alırdı...
...Sualtı çəkisizliyi xatırladan qəribə bir plastikayla başını sığallaya-sığallaya, qadınlarla əlbəyaxa «döyüşlər»dən yerini dəyişən qara göz sarğısını dəqiqədə bir çəkib yerinə sala-sala, «protez» qolunu tumarlayıb qayışını sahmanlaya-sahmanlaya sözsüz dindirmələr aparır, qadınları didişdirir, işgəncə verir, öldürüb dirildir, bəzən də bu qəddarlıqdan usanıb heydən düşür, bayaqdan bəri döyüb əldən salıdığı bu binəva məxluqları susqun bir şəhvətlə sevir, əzizləyib öpür... və bütün bunlardan sonra yenə də gözümüzün qarşısında qovrula-qovrula, öz əbədi, rahatsız nakam vəziyyətində qalırdı...
Bu qovrulma, burahatsız məmnuniyyətsizlik Cavidin əsərlərində, qəhrəmanlarının canında duyulub həmişə... Hələ orta məktəbdə oxuduğum ədəbiyyat müntəxabatında, sonradan ali məktəbdə və nəhayət atamın sevə-sevə yazdığı məqalələrindən daha yaxından tanıdığım Cavid bu günəcən mənim üçün iddialı və təkəbbürlü, rahatsız və acıqlıdır. Və ən qəribəsi odur ki, çox vaxt bu mübhəm iddialarda şair, sənətkar iddiasından çox, acıqlı hökmdar, uduzmuş şəkərdə iddiası duyulur...
Cavidi, sanki, xoşbəxt görmək istədiyi qəhrəmanları yox, bu qəhrəmanların yaşadığı cəmiyyət, yaxud heç cür uyğunlaşa bilmədiyi, bəyənmədiyi hansısa ictimai proseslər, konsepsiyalar narahat edir. İnsanlar burda yalnız vasitədir, onların fərdi ağrıları da, dərinə gedəndə hansısa ictimai-sosial amillərə söykənib və bəlkə də bu baxımdan əsərlərində də, İbrahimoğlunun quruluş verdiyi «Divanə»də də yaşanılan əzablar, sarsıntılar insani, fərdi yox, daha çox ictimaidir və məhz bu səbəbdən fərddə ağrı doğurmur. Təntənə və əzəmət, möhtəşəmlik və qürur saçan söz külliyatı ilə ifadə olunan bu sarsıntıların, müəllifini ağrıtması da şübhəlidir. Sözsüz ki, Cavidin öz ağrıları var, lakin bu ağrılar heç də əsərlərində, diloq və monoqloqlarda kuliminasiya məqamlarında görünən ağrı tamaşası deyil.
Tamaşada şairin əsərlərini, təhlükəsizlik xidmətinin arxivlərindəki qovluqlardan heç nə ilə fərqlənməyən adi qovluqlara yığan Vaqif İbrahimoğlu səhv eləməyib. İnsan ruhunu əzən, onu ölüm kabusu kimi daim hər yerdə, hətta tənha qaldığı çarpayısında belə izləyən həmin o qorxunc illərin havası hələ də bu əsərlərdə bu günəcən yaşamaqdadır. Cavid həmin darısqal illərin havasını olduğu kimi əsərlərində yaşadan nadair sənətkarlarımızdan biridir. Əsərlərindəki ağır çıxılmazlıq havası, qəribə, anlaqsız xof, qəhrəmanların az qala iliyinə işləmiş tərəddüd dolu şübhələr və sair də görünür həmin o illərin bu günümüzə gətirib çıxardığı yadigarlarıdır. Təbiəti, əsərləri və hətta xarici görünüşü ilə o illəri çox xatırladan, yaratdığı obrazlarının üzərində apardığı qansız böcək əməliyyatlarının sirri hələ bu günəcən açılmayan bu qaradinməz insanın istəyi nə idi?.. Bu zavallı qadınlarda, heç cür baş aça bilmədiyi bu dünyada nəyi araşdırıb tapmağa, nədə rahatlanmağa can atırdı?!..
Cavidin müqaviməti, kini qəribədir ki, uydurduğu faciələrdən və bəhanə gətirdiyi səbəblərdən xeyli ağır və gizlidir. Onun həyat, dünya, bəşər qarşısındakı çaşqınlığı, acizliyi, sonsuz tərddüdləri, şübhələri təbii şəkildə burda da, özünü biruzə verir...
Özü-özü üçün, öz içində qurduğu əzablardan, ehtiras, yanğı dolu sarsıdıcı məqamlardan o burda da heç nə ilə, heç nə həll etmədən, rahatlanmadan, heç bir qənaətə gələ bilmədən, əliboş çıxır... Səbəb aydındır: ələ gəlməyən, dağınıq ictimai-sosial problemləri ədəbiyyat yox, zaman və cəmiyyətin özü həll edir.
Onun bu çıxılmazlığı istər-istəməz insanı, əvvəli-sonu olmayan, arzular, iddialar dolu havasız, dar bir məkana – qəliz, təkəbbürlü pafos bataqlığına salır...
Ədəbiyyatçı olmadan, Cavid yaradıcılığının «ənginliklərində» üzmədən bu nakam, faciəli ruhu olduğu kimi görməsi və onun tarifi faciəsini bu dərəcədə aydın, dəqiq ifadə edə bilməsi, Vaqifin Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən biri, bəlkə də ən başlıcasıdır...
Uzun illər Cavid fəlsəfəsinin «dərinliklərində» zərgər incəliyi ilə, yorucu araşdırmalar aparan alimlərin (o cümlədən mərhum M.Əlioğlunun) bəlkə də həddən ziyadə yaxınında olduqlarından dəqiq görə bilmədikləri Cavidi uzaq, ali nöqtədən görən İbrahimoğlu şairin gizli dünyasını bir neçə xırdaca, ilk baxışda sezilməz, sanki təsadüfi detallarla, əslində isə virtouzluqla açır... Daha dəqiq desək, Cavidi, yaratdığı öz qadın obrazları – tamaşaçılarla üzbəüz dayanıb bu dəbdəbəli, iddialı sətirlərlə yarım saat ərzində nəfəs dərmədən zalı güllələyən Afətlər, Marallar, Səlmalar, İsmətlər, Göyərçinlər həll edir...
Zavallı qadınları, cavabını, həll yollarını özü də dəqiq bilməyən hansısa qaranlıqlara sürükləyən müəllifin son istəyi də qaranlıqdır. Mürəkkəblədilmiş azərbaycan dili ilə türk dilinin qarışığında yazılmış qəliz təşbehlər, yorucu, üzücü həqiqətlər yığnağı, narazılıqlar, üzgünlüklər dolu bu qurğuşun misraların gülləbaranı altında əzilən, darıxan, sıxılıb tarıma çəkilən tamaşaçının tamaşanın bu yerində ayağa qalxıb haranısa – hava, işıq gələn bir yeri açmaq istəyi də baş tutmur... Pəncərə elə burdadır... Cavidin qəhrəmanlarının yaşadığı bu yarıqaranlıq, havasız məkanda... Lakin, bu pəncərə divara təbaşirlə çəkilib və tayları açıq olsa da, Cavid zülmətindən, qəlizliyindən boğulan zavallı qadınlar bu pəncərəyə dirənib nəfəs çəksələrdə, hava ala bilmirlər... Burada hər şey ölüdür... çiçəklər də kağızdandır, gəlin örtükləri nimdaş və sarıdır... qadınların ehtiraslı çılğınlıqla dediyi misralar kimi...
...Vaqifin böyük kəşflərindən biri şairin obrazıdır. Bu bədbəxt, lazımsız qadınları yaradan da, əzizləyib tumarlayan da, işgəncə verib darısqallıqlarda zolaqlı dustaqxanaya geyimində yatmaqdan iblisanə təsəlli tapan da o özüdür... Və burada bu balaca miniatür səhnədə biz bir sehirli bir həqiqətin də şahidi oluruq... Burda Cavid – həmin o qorxunc zamanın özüdür...
...Dindirmələr zamanı əzazil məmurun istifadə etdiyi şəxsi işlər qovluqları, həm də Cavidin əsərləri saxlanılar qovluqlardır...
Hər şey necə də dəqiqdir... Axı ədəbi əsərlər də, DTK arxivlərində yatan şəxsi işlər kimi qovluqlara yığılır, onlar da «Delo»lar kimi insan talelərindən bəhs edir...
İbrahimoğlunun, «Yuğ»un balaca tamaşa zalında, kasad dekorasiya ilə, ucuz kostyumlarla, heç bir işıq, səs effektindən istifadə etmədən, bircə saat ərzində təqdim etdiyi bu ibrətamiz mənzərə – hansısa qaranlıq iddialarına görə dünyadan hey intiqam almaq istəyən bu keşməkeşli intiqam yollarında dolaşıb qaranlıq fəlsəfə torlarına ilişən istedadlı, lakin acıqlı bir sənətkarın – çox qorxulu sirlərini cilid-cilid əsərlərində inadla açmayan, heç nə deməməkdən ötrü çox demək prinsipi ilə sözünü ustalıqla patetik sözlər okeanında gizləyən Hüseyn Cavidin faciəvi obrazını – o ağır vahiməli illərin obrazını yaradır...
...Mənə fikir və duyğu partlayışı təsiri bağışlayan bu tamaşadan, bu Böyük Teatrın balaca məkanından, «Yuğ» barədə, istedadı daim məni kövrəldən İbrahimoğlu barədə fikirlərlə uzaqlaşdıqca, Böyük Sənətin Zaman ərazisini düşünür, Cavidi sözün böyük mənasında oxuyan İbrahimoğlunun, həm də bu insanın acı taleyini könüllü surətdə onunla bölüşməyindən, günaşırı axşamlar bir saatın ərzində bu qaradinməz, acıqlı ruha çönüb onun ağrılar və nəşə dolu iztirablı tonqalında qovrulmaqdan həzz və rahatlıq tapdığından heyrət duyurdum...

Комментариев нет:

Отправить комментарий