İstedadlı türkoloq-alim Aydın Məmmədovun xatirəsinə.
İndi anlayıram səni nə qədər çox istəyirmişəm, Aydın. Gərək bunu sağlığında anlayaydım, deyəydim sənə. Axı görürdüm, bircə isti sözə nə boyda ehtiyacın var.
Hər səhər uşaq kimi otağıma gəlib üzbəüz kresloda otururdun, gözlərini bir nöqtəyə zilləyib dinməz-söyləməz, uzun-uzadı fikrə dalırdın. Onda balaca, lap balaca, ağıllı oğlana oxşayırdın. Sonra ortaya çökən yöndəmsiz sükutdan darıxdığımı görüb qol-qanadı sınmış quş kimi ayağa qalxırdın, pərişan saçlarını qatıb qarışdıra-qarışdıra, pərt-pərt gülümsəyə-gülümsəyə:
- Burda oturanda dincəlirəm… Sən Allah, bağışla. - deyirdin, sonra qapıya çatıb geriyə çönür. - Mənim bu dünyada heç kimim yoxdu. - deyirdin - Elə bilirəm, bacım da sənsən, qardaşım da, dostum da.
Sonra bir müddət də qapının ağzında fikrə dalıb fikir içində də çıxıb gedirdin.
Səninlə bir dəfə də olsun, özün dediyin kimi «sədr - müavinlikdən» çıxıb «iki qardaş» kimi söhbət eləmədik. Nə mane oldu buna, bilmədim. Bunun günahı yəqin ki, məndəydi. Hövsələsizliyimlə, səbirsizliyimlə, başımı, nə sənə, nə mənə dəxli olmayan xırda işgüzar söhbətlərlə qatıb səni də «ora» salmaq istəyirdimsə də, alınmırdı. Sən gedirdin… Dalğın gözlərinlə, üzündəki həyata laqeyid, küskün ifadəylə.
Sən düz bir il idi gedirdin və hər bir hərəkətin, hər sözün, üzünün hər ifadəsi düz bir il idi ancaq bunu deyirdi. Deyirdi: «Gedirəm… gedirəm… gedirəm…»
Biz, görünür ki, sən olduğun Yerdən çox-çox aşağıda idik. Odu ki, dünyadan küskün əhvalının, ala gözlərinin dərinliyində gizlənən qorxu ifadəsinin mənasını anlamırdıq. Buna kamilliyimiz çatmırdı, ya cavanlığımız mane olurdu?!..
Ölümünsə, çox şeyi başa saldı bizə.
Elə bil illərlə balaca ada bilib üstündə şad-xürrəm yaşadığımız nəhəng əjdahaydın, suya girib bizi də özünlə bir dənizin qaranlıq dərinliklərinə apardın. Niyə belə elədin, Aydın?..
Niyə daim darıxırdın?.. Nədən darıxırdın?.. Səhərin gözü açılmamış işə gəlirdin, Mərkəzə sığmayan hündür, qəmgin boyunla kimsəsiz dəhlizlərdən tək-tənha ötüb dustaqxanaya oxşayan nəhəng otağına girir, orda yuxarı başdakı yazı masanın arxasına keçib bir yığın dinməz telefonlarla təkbətək qalırdın. Mərkəz adamla dolan qədər orda tək-tənha oturub hey fikirləşirdin, fikirləşirdin, fikirləşirdin…
Sən nə fikirləşirdin, Aydın?.. Sənin o hündür alim alnının o üzündə nələr vardı?..
Nəşr, kağız-kuğuzla bağlı səbrsiz tələblərimə başını yelləyib:
- Eh… Afaq, Afaq, Afaq… - deyirdin və ardını demirdin.
Deyə bilmirdin. Dustaq kimi susurdun. Niyə susurdun?.. Sən kimin dustağıydın, nəyin dustağıydın?.. Niyə dərdini açıb bizə demirdin, ay Aydın?.. Niyə o dərdi tək çəkirdin?.. Bizə inanmırdın, ya bilirdin ki, deyib-deməməyindən onsuz da heç nə dəyişməyəcək?!..
Sən niyə elə darıxırdın?.. Bir yerdə duruş gətirə bilmirdin, canını gizləməyə yer tapmırdın… Gözünün lap dərinliyində nöqtələnmiş dəhşətli qorxunu da gizləyə bilmirdin. O nöqtəni mən həmişə görürdüm. Sən güləndə də, danışanda da, rəsmi kürsülərdən nitq irad eləyəndə də o nöqtə gözlərinin dərinliyindən yanıb-sönürdü… Olsun ki, yaxınlaşmaqda olan təhlükədən xəbər verirdi...
Sən nədən qorxurdun, Aydın?.. Kimdən qorxurdun?.. Bəlkə o qorxu idi, səni darıxdıran?.. Bəlkə o uşaq qorxuna görə Allahın Rəhmi gəldi sənə?..
Axı səni çox incidirdilər?!.. Hamımız incidirdik səni. Gah küsürdük, gah barışırdıq. Amma sən bir cür qalırdın. Gözünün içi heç vaxt dəyişmirdi. Bizim küsüb-barışmağımız gözündəki o qorxunu azaltmırdı, artırmırdı. İndi anlayıram, sən dəhşətli tənhaydın…
Sənin tənhalığını kəndinizdə də - balaca yarıqaranlıq evinizdə, cənazənin başına yığılan qohum-əqrabanın, doslarının, minlərlə pərəstişkarlarının arasında da gördüm. Sən o qədər adamın içində yenə tək idin… Nə o adamların, nə o evin, nə də dörd bir yanı səfalı mənzərələr saçan kəndinin sənə aidiyyatı yox idi, görürdüm. Cənazədə uzana-uzana, səni dövrəyə alan o qədər gözüyaşlı adamın arasından, o ah-nalənin altından qəmli gözlərinlə balaca pəncərənizdən görünən göyün bir parçasına baxırdın, görürdüm. Baxa-baxa yenə fikirləşirdin... Yoxsa, Allahla danışırdın?!..
…Mən sənin üçün həmişə ağlayıram, Aydın… Mərkəzin dəhlizləri boyu dolaşan tənha ruhunun hənirtiləri hələ də qulağımdan getmir. Mən indi səninlə bir ağlayıram.
Heyf səndən. Ağıllı, istedadlı, qüvvətli, zəif Aydın. Balaca oğlan…
1991
Комментариев нет:
Отправить комментарий