Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

5 Июль 2007 г.

O




«…Əli arvadının buruq saçına dəyəndə dik atıldı… sinirləri qıc oldu, çəkilib öz yerinə girdi, yorğanı başına çəkib ürəyi döyünə-döyünə gözlədi. İndi olsun ki, arvadı gözünü ona zilləmişdi. Gözləri də gecənin bu qatı qaranlığında bayquş gözü kimi par-par parıldayırdı.
Bir anlıq, sabah səhər bu yorğanın altından necə, hansı sifətlə çıxacağını fikirləşdi. Sonra beyni yenə elə bil dondu və yenə anladığı, həmişəki kimi bir bu oldu ki, özüylə bacarmır, bədəni sözünə baxmır. Əsəbilikdən, ya da başına çəkdiyi yorğanın istiliyindən ürəyi, az qala partlaya-partlaya fikirləşdi ki, görən nə vaxt bu fxmaq vəziyyətdən çıxacaq?.. Sonra tərin içində boğula-boğula fikirləşdi ki, əslinə qalsa, yazıq bədəninin də günahı yoxdu. İndi, gecənin bu aləmində, öz yorğan-döşəyində arvadıyla böyür-böyürə yatdığı yerdə yenə Onu istəyən toxumalardı, toxumaları. Minlərlə, milyonlarla gözəgörünməz əclaf hüceyrələri. Onlar idi, onu bu günə qoyan, həyatını da dağıdan onlar idi, ömrü boyu istədiyi arvadını da, uşaqlarını da yetim qoyan onlar idi. Elə başını da onlar xarab eləmişdi. O balaca, gözəgörünməz əclaflar.
Belə fikirləşdikcə, birdən-birə bədənində, əl-ayağında xəbis-xəbis qaynaşan toxumalarını hiss elədi. Toxumaları yenə ac idi.
Arvadı içini çəkib əsəbi-əsəbi yerinin içində qurcalandı, bir anlıq sükutdan sonra qəfildən, ilan çalmış kimi yerindən sıçrayıb ayağa qalxdı, yalın ayaqlarını hikkəylə döşəməyə vura-vura, yorğanını ardınca sürüyə-sürüyə otaqdan çıxıb qapını çırpdı. Arvadı gedən kimi yağışın səsi eşidilməyə başladı. Yağış elə bil lap yaxında yağırdı. Yağdıqca, yataq otağı da, onun yatağı da elə bil sərinləyirdi.
Fikirləşdi ki, gör bir neçə vaxtdan bəridi, gecə-gündüz, ara vermədən yağış yağır. Sonra xatırladı. Onunla tanış olan gündən.
Tavandan süzülüb küncdəki vedrəni dolduran damcıların səsi eşidilməyə başladı və yenə damcıların səsiylə bir Onun qoxusu dəydi burnuna, başı hərləndi… ürəyi əsdi, həm də elə bil rahatlandı, yorğanı üstündən açıb, əllərini başının altına qoydu, dərindən nəfəs alıb gözünü yumdu və Onu gördü...
O, yarıqaranlıq dəhlizin o biri başında kiminləsə danışa-danışa ona baxıb gülümsəyirdi. O da, elə dayandığı yerdən Onun iyini hiss eləyirdi, hansısa çöl çiçəyinin qoxusunu andıran bu ecazkar qoxudan başı hərlənirdi… çöldə isə yağış yağırdı...
Fikirləşdi ki, görən niyə Onunla tanış olandan, elə bil həmişə yağış yağır?.. Axı düz iki il idi ki, gecə-gündüz yağış yağırdı. Bu aramsız yağışlardan, şəhər - yamşyaşıl meşəyə dönmüşdü. Küçələrin, binaların hisi-pası yuyulub getmişdi… Tavanları bu aramsız yağışlardan, budaq kimi çat atmışdı.

***

Arvadı səhər yeməyində onlarla oturmadı, hardasa o biri otaqlarda hövsələsiz hərəkətlərlə nələrisə yığıb açmaqla məşğul oldu. Arada bir, ucuiti nə iləsə elə bil divarı o biri üzdən qaşıdı...
Çörəyi həvəssiz-həvəssiz çeynəyə-çeynəyə, arvadının üzünü gözünün qabağına gətirdi və fikirləşdi ki, bu dəqiqə arvadı divarı bəlkə də başıyla deşir.
Uşaqları üzbəüz oturub dolu ovurdlarla, dinməz-söyləməz ona elə baxırdılar, elə bil ona yazıqları gəlirdi.

***

Bir neçə saatdan sonra evlərindən iki küçə yuxarıda yağış başına döyə-döyə Onunla üzbəüz dayanmışdı.
– Qurban olum, heç olmasa bircə saatlıq… - deyib Onün yumşaq əllərindən tutdu.
– Bu gün heç cür mümkün deyil. – O dedi və günahkar təbəssümlə gülümsədi.
Çiskindən idi, nəydisə, Onun üzü solğun və xəstəhal görünürdü. Səsi də elə bil solmuşdu, gözünün altı qaralmışdı, bəbəkləri hardansa uzaqdan baxırdı ona. Elə bil gözləri dustaqxanadaydı.
Yolun kənarıyla vıyıltıyla ötən maşın gölməçənin palçığını sıçradıb ikisinin də üstünü buladı.
– Bu gün də getməsək, başım xarab olacaq… - dedi və hiss elədi ki, bu dəqiqə çığırmasa, ürəyi partlayacaq. Odu ki, Onun qolundan tutub silkələyə-silkələyə dişlərinin arasından:
– Başa düşürsən?.. – deyib az qala bütün küçəyə çığırdı.
O gözlərini aşağı dikdi, kirpiklərinin arasına yığılan yağış damlaları yanaqlarından boynuna, ordan da süzülüb gödəkçəsinin sinəsinə töküldü.
Əlini Onun üzünə çəkdi:
– Gedək, qurban olum, gedək… gedək, gedək…
Bu sözü neçə dəfə dedisə, səsi öz başına düşdü. Sonra bunu O da dedi.

***

Bir neçə dəqiqədən sonra dayandıqları küçədən çox-çox uzaq, kimsəsiz bir evdə, yarıçirkli yorğan-döşəkdə yanaşı uzanıb tavana baxırdılar…
Bədəni isti və rahat idi. Nəbzi düzəlmişdi. Ürəyi saat kimi aramla vururdu.
Sonra birdən-birə, rahat uzandığı yerdə, necəsə başa düşdü ki, bədəniylə görünür daha heç vaxt bacarmayacaq, günbəgün, saatbasaat qurtaracağını gözlədiyi bu vəziyyətinin də sonu olmayacaq. Özü də yorulsa, Onu bədəni istəyəcək, bədəni əldən düşəndə, toxumaları acıyacaq. Bir sözlə, molla düz demişdi. Bu, onun axırı idi, həyatının qurtaracaq nöqtəsiydi. Burda hər şey sonna yetirdi. Özü də, ailəsi də, canını boğazına yığan dissertasiyası da.
Sonra bu fikirdən ürəyi sıxıla-sıxıla döyündü.
– Bunun axırı nolacaq?..
Bunu O dedi. Başı qolunun üstündə, arxası üstə uzanıb, gözlərini qırpmadan, tavana baxa-baxa, asta səslə elə dedi, elə bil hansısa tanış mahnıdan oxudu.
– Nəyin?..
– Bütün bunların.
– Heç nə.
– …
– Bir azda gözləyək.
– Nəyi?..
– Bəlkə tədricən keçib getdi?..
– Keçmir.
– Hə, keçmir.
– Düz iki ildi.
– Hə iki ildi.
– Bəlkə elə bu gün…
- Nə, bu gün?..
- Qurtaraq. – Onun səsi xırıldadı.
– Nəyi?..
– Hər şeyi.
– Necə?..
– Bir-birimizi görməyək.
– Onda nolacaq ki?..
– Bir-birimizi görməsək, keçib-gedər. Səni hər görəndə, ürəyim qopub ayağımın altına düşür.
– Mümkün deyil, yüz dəfə gəlib çıxmışıq bura. Hara getsən, ora gələcəyəm.
– Bilmirəm səndən nə istəyirəm. Bilsəydim, alardım, canım qurtarardı.
– …
– Yorulmuşam…
– Nədən?
– …
Qoluna isti su töküldü elə bil.
– Yenə ağlayırsan?..
– …
– Niyə, başına dönüm?..
– …
O, çönüb üzünü onun sinəsinə qoydu. Gözünün yaşı elə bil fincandan töküldü üstünə. Sonra lap astadan:
– Darıxıram sənsiz… – dedi.
Başını əyib Onun saçından öpdü.
– Yaman pis darıxıram. – O dedi və əvvəl asta-asta, sonra hönkürtüylə ağladı.
Qucaqlayıb Onun üzünü, alnını öpdü. Sonra yenə bir müddət ikisi də dinməz-söyləməz uzandılar.
– Hər şey, Allahın köməkliyiylə, yaxşı olacaq. – deyib Onun başını ehmal-ehmal sığalladı.
– Yaxşı, yəni necə?..
– Hər şey necə olur? Əvvəl-axır bir yerdə bitir, tükənir, qurtarır. Ola bilməz ki, bu da nə vaxtsa qurtarmasın.
Bu sözdən sonra uzun-uzadı sükut çökdü. Hər ikisi fikrə gedib yenə tavana baxmağa başladılar. Bir qədərdən sonra O:
– Heç nə qurtarmayacaq… - dedi.
– Onda evlənərik.
– Bəsdi, səfeh-səfeh danışdın.
– Onda səni götürüb gedəcəyəm…
– Hara?..
– Uzaq bir yerə.
– Hara getsək, tapacaqlar.
– Tapmazlar.
– Bəs uşaqlar?
– Uşaqlar?!..
Uşaqları, arvadıyla bir gəldi gözünün qabağına. Uşaqları analarını bərk-bərk qucaqlayıb ağlaya-ağlaya ona elə baxırdılar, elə bil o nə isə eləmişdi hər üçünə. Bir müddət uşaqları haqqında fikirləşdi və:
– Uşaqlar anasıyla qalar. – dedi. Sonra nə fikirləşdisə, Onu, çiyinlərindən tutub yuxarı qaldırdı, ağlamaqdan şişib qızaran üzünə baxa-baxa, yenə:
– Hər şey yaxşı olacaq. – dedi, sonra qucaqlayıb öpdü və fikirləşdi ki, bunu bəlkə də yüzüncü dəfə deyir Ona. Hər dəfə də elə deyir, elə bil bu fikir indicə ağlına gəlib.

***

Axşam televizorun qabağında otura-otura mürgülədikcə, yuxunun hansısa dərinliklərində bütün bədəninin gizildədiyini hiss eləyirdi. Televizorun qəfil çıqqıltıyla sönməsindən dik atılıb gözlərini açdı.
Arvadı idi, əllərini belinə vurub onunla üzbəüz dayanmışdı:
– Dur, get, yerində yat.
– Televizoru niyə keçirdin?
– Baxmırsan, mən də keçirdim.
– Yandır.
– Yandırmıram.
- Yandır, dedim sənə.
- Yandırmayacağam!
– Tfu, sənin… Dəliynən bir quyuya düşmədik?! – ayağa sıçrayıb arvadını ekranın qabağından itələdi, televizorun düyməsini basıb bayaqkı yerinə əyləşdi.
Arvadı səndələyib qapıya dəydi, qapının şüşəsi çatladı. Çatın, qol-budaqlı naxışından, yoxsa, dinməz-dinməz canına yığıb şişirtdiyi son ayların hikkəsindən, arvadının üzü yığıldı, çönüb hansısa boşluqlara əsəbi-əsəbi:
– Bəh-bəh!.. Çatın biri tavanda, biri də qapıda. Bir yekəsi də döşəmədə açılsaydı, bu xaraba dörd bölünərdi, ikimizin də canı bir-birindən qurtarardı!.. - deyib ayaqlarını hikkəylə döşəməyə çırpa-çırpa o biri otağa keçdi, orda nələrisə o yan-bu yana çırpa-çırpa, bir xeyli də orda deyindisə də, dedikləri, pəncərələrin şüşələrini, damın dəmirlərini şiddətlə döyəcləməyə başlayan yağışın səsindən eşidilməz oldu.
Çox kemədi ki, arvadının başı dəhlizin o biri başında göründü:
– Bilirsən, nə var?.. Onu çağır gəlib uşaqlarına da baxsın, xörəyinizi də bişirsin!..
– O - kimdi?.. – deyib arvadına sarı çönmək istədisə də, çönə bilmədi. Arvadının xırıltılı səsi qapının o üzündən eşidildi:
– Özün yaxşı bilirsən.
Sonra elə bil çöl qapısı çırpıldı. Çöl qapısı elə bil onun üzünə çırpıldı. Yuxudan ayılan kimi ayılıb divar saatına baxdı.
On ikiyə bir neçə dəqiqə qalırdı...
Özünü tələsik eyvana saldı, məhəccərdən asılıb, qonşular eşitməsin deyə, mümkün qədər astadan:
- Məlahət, dayan, hara gedirsən?.. – deyə çağırdısa da, arvadı ona məhəl qoymadı, ayaqqabılarının hündür damanlarıyla kimsəsiz, qaranlıq küçəyə taqqıltı sala-sala, yağışın içiylə harasa üzüaşağı getdi.
Məhəccərdən bir az da aşağı asılıb, astadan:
– Qulaq as, hara gedirsən gecənin bu vaxtı? – deyə qışqırdı.
Arvadı ayaq saxlayıb geriyə döndü, əllərini plaşının ciblərinə salıb:
– Ölməyə!.. – dedi və arvadının bu sözündən, yağış birdən-birə kəsdi. Sonra arvadı bir neçə addım da atıb, küçənin ha tərəfindənsə qəfildən peyda olan qara maşina mindi və yoxa çıxdı.
Üşüdüb içəri keçdi, eyvanın qapısını kip bağlayıb kreslonun içinə girdi, pultun düyməsini basıb, gözü ekranda, bir müddət arvadının – bu beyinsiz, əsəbi toyuğun gedə biləcəyi yerlər barədə fikirləşdi. Sonra birdən özü-özünü elə bil kənardan gördü. Gecənin bu vədəsində qurumsaq kimi oturub, arvadının hansısa naməlum maşında, hara gedə biləcəyi barədə fikirləşən qurumsaq. Sonra ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bu nə gündü axı salıb özünü?!.. Gör bir neçə aylardı heç hara getmir, heç kimi görmək istəmir, heç nəylə maraqlanmır, dostlardan qırılıb, qohumlar çoxdan ondan əlini üzüb, ailə bu kökdə, dissertasiyanın axırıncı cümləsini toz basıb… O alıb onu hamıdan.
Bunu fikirləşəndə, yenə Onun qəmli üzü gəlib durdu gözünün qabağında. Yenə ürəyi içinə düşdü, dizləri boşaldı. Üz-gözünü ovub pəncərədən görünən qaranlıq göyün bir parçasına baxa-baxa, ürəyində: «Allah, sən özün kömək ol…» - dedi, sonra bir müddət kimsəsiz küçənin, yağışdan sonrakı təmiz sakitliyinə qulaq asa-asa:
– Ay Allah, sən mənə ağıl ver… - dedi və elə bil bir az özünə gəldi.
– Ana!..
Oğlunun səsiydi. Olsun ki, arvadının bayaqkı taqqa-turukuna ayılmışdı.
Qalxıb tələm-tələsik özünü uşaqların yataq otağına saldı, əl atıb qapının yan divarındakı divar lampasını yandırdı.
Oğlu gecə alt-köynəyində, yerinin içində ayaq üstə dayanmışdı, gözünün birini ova-ova günahkar üzlə ona baxırdı:
– Ana hanı?..
– Neynirsən onu, uzan yat.
– Qarnım ağrıyır… - uşaq deyib yazıq-yazıq zıqqıldadı.
– Gəl qucuma. – əyilib oğlunu çarpayıdan qaldırmaq istədisə də, oğlu çarpayının o biri başına sıçradı, üzünü balaca əlləriylə qapayıb:
– Yox, qoy ana gəlsin… – deyə-deyə, bu dəfə ağlamağa başladı.
Uşağı qucağına alanda, burnuna dəyən iydən, məsələnin nə yerdə olduğunu başa düşdü və əli bulanmasın deyə, uşağı çanta kimi qoluna keçirib hamama apardı, orda soyundurub yuyub-təmizlədikcə, bir xeyli ögüdü. Ögüdükcə, oğlu pərtliyindən eyni sualı əlli dəfə verdi:
– Ana hardadı?..

***

Səhərə yaxın yuxudan, yenə üşüyüb ayıldı. Yağış nə vaxtsa, olsun ki, gecədən yağmağa başlamışdı. Yenə otağın ha tərəfindənsə, tavanın hansısa çatından süzülməyə başlayan aramlı damcıların səsi eşidilrdi. Verilişləri nə vaxtsa kəsilən televizorun ekranında qara-ağ nöqtələr qaynaşırdı…»
Bundan sonra ağ vərəq gəlirdi… Burda elə bil hər şey qurtarırdı.
Bundan sonra nə yazmalıydı?!.. Və ümumiyyətlə niyə yazırdı axı bütün bunları?.. Bəlkə ona görə ki, ona qədər və ondan sonra heç nə olmamışdı?.. Əlini, dərin qırışlar dolu alnında gəzdirə-gəzdirə fikirləşdi ki, axı həqiqətən də həyatında Ondan başqa nə olmuşdu ki?.. Saysız-hesabsız üzlər, səslər, məclislər, bir yığın mənasız kağız-kuğuz, hədiyyələr, maşın hissələri, pulsuzluq, çoxlu pul…
Qələmi kağızın boş hissəsinə qoyub nəfəsini dərdi. Stolunun bir kənarında sakitcə dayanıb onu gözləyən ürək həbblərindən ikisini ovucuna atıb dilinin altına qoydu və pəncərədən görünən mavi göyün bir hissəsinə baxdı. Çoxdannan bəri yağış yağmadığından, ya nədənsə, maviliyi getdikcə tündləşən bu göy parçası, çoxdannan bəriydi ki, daha ona heç nəyi xatırlatmırdı. İndi bu sakit, yarıqaranlıq otağı da, üstü ağ əhənglə suvanmış tavanın, uzaq keçmişdən qalan çat izləri də, daha kemişdən qalan nəyisə ona xatırlatmaqda aciz idilər. İndi həmin bu otaqdan, çönüb keçmişə baxanda, hər şey çox xırda, hay-küylü və mənasız görünürdü. Elə bil bütün ömrünü, adamla dolu hay-küylü stadionla qaçmışdı. Qaça-qaça böyümüşdü, kökəlmişdi, üz-gözü, əl-ayağı qırış basmışdı, qaşları ağarmışdı, beli bükülmüşdü, əldən düşüb, quru canını zorla sürüyə-sürüyə bu otağa gətirib çıxarmışdı. Fasilə - bircə O idi. O və onunla əlaqədar bütün olanlar, xırdalıqlarına qədər yadındaydı. Daha doğrusu, o uzaq, unudulmaz illər nə olmuşdusa, onun özündəydi. Onun hər sözü, səs keçidləri…
Ürək sıxıntıları yenə dəmir qəfəs kimi sinəsini tutdu.
Ayaqlarını sürüyə-sürüyə özünü bir təhər yaxındakı divana saldı, başını söykənəcəyə atıb nəfsini dərə-dərə pəngərəyə baxdı.
Yağış yağırdı…
…O gün də hava beləydi… hə… eynilə beləydi… – fikirləşdi.
…Xəstəxananın ağ divarlı, ağ çarpayılı otağında Ondan başqa heç kim yox idi. Sarığı qana bulanməş, solğun qoluna damcı-damcı şəffaf məhlul ötürən bir neçə iynə sancılmışdı. Onu görüb doluxsundu, üzünü divara çevirib içini çəkdi.
Çarpayısının böyrünə əyləşib əlini tümarladı. Onun bənizi, çox miqdarda qan itirdiyindən solmuşdu, dodaqları qupquru və rəngsiz idi, üzü divara uzana-uzana susurdu.
– Niyə belə elədin?
– …
– Gərək gəlməyəydim?..
O, elə bil heç nə eşitmədi, sonra üzünü çevirib, qorxudan, ya həyəcandan böyümüş gözlərlə baxdı.
– Niyə dinmirsən?.. İstəyirsən, çıxım gedim.
– Yox… - O haçandan-haçana, necəsə, dodaqları tərpənmədən dedi. Elə bil səsi gözündən çıxdı.
Əlini əlinə alıb dodaqların sıxdı. Onun əli quş qanadı kimi zərif və istiydi.
– Necəsən indi?..
O, bir müddət ağrıdan, ya nədənsə irilmiş gözləriylə ona baxıb susdu, sonra lap astadan:
– Darıxıram sənsiz… – dedi. Sonra o biri, iynəsiz qolunu uzadıb onun əlini sıxdı, dodaqlarına aparıb bir neçə dəfə zəif-zəfi öpdü.
Bir müddət beləcə, əli Onun yanağında, dinməz-söyləməz oturub bir-birinin üzünə baxdılar. Sonra nə oldusa, O qəfildən dəyişdi, yataqdan sıçrayıb ona sarıldı, güclə anlanacaq qırıq kəlmələrlə:
– Da-rı-xı-ram… sən-siz ço-x da - rı-xıram… darıxı-ra-a-am… – deyə-deyə, hansısa heyvanın səsini andıran iniltiylə inildədi.
…Sonra yadına gəlir, Onun səsinə otağa yığışan şəfqət bacıları köməkləşib, Onu ondan ayırmağa çalışdılarsa da ayıra bilmədilər. O, getdikcə daha bərkdən qışqırmağa, şəfqət bacılarının əllərində vurnuxmağa başladı… Bədəni, cərəyan almış kimi tir-tir titrəyir, qoluna taxılan iynələr yerindən oynayıb ətini qanadırdılarsa da, elə bil o, heç nə hiss etmir, qolundan sızan qanın, yorğan-döşəyi, əynindəki çit köynəyi, şəfqət bacılarının ağ xalatlarını al qana bürüməsini görmürdü. Sonra içəri bir neçə həkim daxil oldu. Məsələnin nə yerdə olduğundan duyuq düşən həkimlərdən biri başı ilə ona qapını göstərdi. Yəni ki, «Çıx get.»
Otaqdan çıxandan sonra xəstəxananın, ölüm qoxulu, mərmər döşəməli dar dəhlizləriylə addımlamağı, addımladıqca, dəhlizin divarlarını titrədən şimşəyin və göy gurultularının altında Onun, ağrı və iztirab dolu səsini eşitməyini xatırladı…
– Darıxıra - a - am… darıxıra-a-am!!!..
Onun səsini bütün xəstəxana, xəstəxananın nəhəng həyəti, sonradan gözləri qarala-qarala, dəli kimi qaçdığı izdihamlı küçələr də eşidirdi… Həmin axşam Onun səsi onun yataq otağının qaranlıq künc-bucağına da qısılmışdı, gecənin ölüm sükutlu sakitliyində, külək xışıltısını andıran qorxunc xışıltılarlı otaqların arasıyla sürünürdü…
Onu, çəhrayı örtüklü tabutda, kimsəsiz qəbirlərin arasıyla basdırmağa aparanda isə, O dinmirdi… sakitcə uzanıb ona diqqət kəsilmişdi…
…Otağın aşağı başında nə isə tərpəndi… hardasa lap yaxınında asılıb tül pərdə kimi yelləndi…
Ürəyi zəif-zəif çırpındı… Ayağa qalxıb Onu öpmək istədi… Həyəcandan, ya ayağa yöndəmsiz sıçradığından, çanağı tutdu, bükülü qaldı. Stulun başından yapışıb qaldı… Sonra eləcə bükülü hadla dayanıb dura-dura fikirləşdi ki, gərək əslində hər şey necə olmuşdusa, elə yazsın. Necə o alovlu məhəbbəti getdikcə, adi, fiziki təlabata çevrilmişdi… necə Ona, günün işığında baxıb üzündəki saysız-hesabsız çillərini, gözlərinin ətrfında iz salan narın qırışlarını görmüşdü… Sonra arvadının, dostlarının qarşısındakı əttökən sevgi etiraflarına görə xəcalət çəkmişdi…
Bütün bunları necə yazmaq olardı?..
Çöldə hava qaralmışdı. Yağış doluya keçmişdi, pəncərələrin şüşələrini əsəbi-əsəbi döyə-döyə tıqqıldadırdı. Sonra külək qalxdı və pəncərələrin çərçivələrini titrətməyə başladı. Şimşək də çaxdı… göyü vahiməli-vahiməli guruldadıb onu üşütdü.
Gözləri doldu.
O, cani idi. Niyə bu vaxtacan bunu bilə-bilə, boynuna almamışdı?.. Bütün ömrünü, «uğurlu qalibiyyətlərlə» yaşaya-yaşaya, özünü ağıllı və güclü hiss etmişdi?..
…Qapı astaca tıqqıldayıb aralandı. Böyük qızıydı:
– Ata… Səni bir dəqiqəlik olar?.. – deyib çəkildi.
Bir təhər dikəlib əli belində, dəhlizə çıxdı.
Qonaq otağı adamla dolu idi. Qızları, kürəknləri, oğlu, nəvələri onu görən kimi, bir ağızdan:
– Təb-rik edi-rik!.. – deyib əl çaldılar.
Sonra arvadı, dərisi sallanan sümüklü qollarında iri tort içəri girib:
– Nə gözlərini döyüb baxırsan?.. Yetmiş yaşın mübarək! – dedi və tortu süfrəyə qoyub şamlarını yandırmağa başladı.
Sonra üstünə atılan uşaqlarıyla öpüşə-öpüşə, fikirləşdi ki, bu adamlar da canilərdi. Çünki Onu bunlarla birlikdə öldürmüşdü.
Sonra başını süfrəyə əyib tortun şamlarını söndürə-söndürə fikirləşdi ki, bir adamın ölümü, sən demə, neçə adamı xöşbəxt edə bilərmiş?!..
Bütün axşamı göy vahiməli-vahiməli guruldadıqca, hamının əhvalı yüksəldi. Arvadı, bir gözü onda, xoşbəxt üzlə yorulmadan nə haqdasa danışdı. Arada hamı ona baxıb gülüşə-gülüşə əsəblərinə toxundular. Sonra yenə şimşək çaxdı...
Şimşək bu dəfə elə bil içində çaxdı, göylər də elə bil içindəydi, guruldayıb bütün bədənini titrətdi... Fincanını əlinə alıb dodağına yaxınlaşdırdısa da, içə bilmədi. Çönüb pəncərəyə baxdı.
…Pəncərə arxasındakı qaranlıq, yağışlı-tufanlı gecənin içindən kimsə ona baxırdı… Baxdıqca ağlayırdı… Yoxsa yenə yağış yağırdı?..
Sonra qəfildən anladı… O idi… otuz il əvvəlki solğun bəniziylə hansısa uzaqlardan, həm də elə bil lap yaxından, budu burdan ona baxa-baxa, elə bil nə isə deyirdi… Bir anlıq qonaq otağının səs-küyündən qırılıb, gecənin səsinə diqqət kəsildi və… Onun, külək uğultusunu andıran nəfəsini eşitdi…
– Darıxıra-a-am… – pəncərənin o üzündə elə bil xəzan xışıldadı – …darıxıra-am sənsiz…
Yoxsa qulağına elə gəldi?..
Ayağa qalxıb, fincanı əlində pəncərəyə yaxınlaşdı, fincanı məhəccərə qoyub pəncərənin cəftəsini burdu… və bir anın içində çölün qasırğalı tufanı otağa doldu, pərdələri yellədib tavana çırpdı, süfrəni dəniz kimi dalğalandırıb üstündəkiləri dağıdıb tökdü. Qədim, ağır çilçıraq küləyin təsirindən ləngər vurub saat kəfkiri kimi yellənməyə başladı… işıq söndü… Hamı içini çəkib çığırdı…
Bədənini küləyin müqavimətindən zorla saxlaya-saxlaya, üz-gözü yağışdan islana-islana, gözünü qıyıb, dolunun, yağışın arasından, zülmət gecənin içinə baxdısa da, hardasa uzaqlarda, küləyin göyə üfürdüyü ilğımabənzər tozanaqdan savayı ayrı bir şey görə bilmədi… sonra kim idisə, onu kənara itələyib yaxındakı divana yıxdı… Pəncərəni bağladılar və otağa sakitlik çökdü. Sonra deyəsən arvadıydı, o biri otaqdan şamla gəlib onunla üzbəüz dayandı, əyilib hürkmüş üzüylə ona yaxından baxdı, deyəsən nə isə soruşdu. Sonra o biri «qaniçənlər» də gəldilər, başına yığışb, şamın işığında bir-birinə oxşayan üzləriylə ona baxdılar…
Nə isə demək istədi, səsi çıxmadı… dodaqları heysiz-heysiz büzüldü. Sonra haçandan-haçanaözünü toplayıb:
– Darıxıram… – dedi və az qaldı ürəyi dayana...
Bunu deyən O idi…