S.V.A.C.O.
Qulam Hüseynli muzeyin girəcəyinə toplaşan bir yığın rusbabı tələbəni görəndə əvvəl çaşdı, sonra gözətçidən, şair Bitkinin yaradıcılıq gecəsinin burda keçirilib-keçirilmədiyini dəqiqləşdirdi və muzeyin ikinci mərtəbəsinə aparan mərmər pillələrlə yuxarı qalxmağa başladı.
Muzey - Qulam Hüseynlinin, uzun illər bundan əvvəl gördüyü həmin nimdaş vəziyyətindəydi. Nəhəng giriş qaplarının şəbəkəsi də, yuxarı mərtəbələrə aparan mərmər pillələrin solğun, sumağı xəlçəsi də, girəcəyin sol cinahında qaralan qədim qarderob da, uzun illər bundan əvvəlki vəziyyətlərində, həmin məhrəm köhnəliklərində qalmışdılar. Qarderobda işləyən alçaqboy, yaşlı qadın da həmin illərin yadigarı idi, əsməri üzünün qırışları, çal birçəkləri Qulam Hüseynliyə, hansısa qədim el havasını xatırlatdı.
Dörd bir yanını kommersiya dükanları, apteklər və rabitə şöbələri bürüyən qədim Milli Muzeyin, bu yorucu hay-küyün içində, eynilə əlli il bundan əvvəlki qaydada, dəyişmədən, olduğu kimi qalması, Qulam Hüseynlini həm təəccübləndirdi, həm də bir qədər kövrəltdi.
Yaradıcılıq gecəsi muzeyin ikinci mərtəbəsində, geniş foyedən sonra gələn iri salonda keçirilirdi. Qulam Hüseynli foyeyə çatanda, burda tanımadığı, nə zahiri, nə də davranışı ilə yerli sakinlərə bənzəməyən qəribə insan dəstəsi ilə – dama-dama şalvarlı kişilərlə, qara eynəkli, kübar ədalı, əsəbi qarılarla, qalın, sarı hörükləri az qala topuqlarına dəyən yekəpər rus qızlarıyla, başı panamalı kürən qocalarla dolu idi.
Yaşadığı əlli altı illik ömrünün heç bir döngəsində, şəhərin heç bir guşəsində rast gəlmədiyi bu qəribə insan yığnağına düşəndə, Qulam Hüseynli ilk əvvəl anlaşılmaz bir yöndəmsizlik hiss eləyib aradan sivişmək istədisə də, Bitkinin, keçilməz narazılıqlar dolu lal baxışları gözlərinin qabağına gəldi. Bitkin heç nə demədən başını aşağı salıb ürəkgöynədici, dərin ah çəkdi və Qulam Hüseynliyi o dəqiqə, getdiyi yerdə ayaq saxladı. Bir müddət o, yad məkana düşən əcnəbi turist çaşqınlığıyla foyenin girəcəyində vurnuxdusa da, mərtəbəni aşağı enməyə ürək eləmədi. Düşdüyü bu yöndəmsizliyə tezliklə son qoymaq məqsədilə, özünü, girəcəkdə ləngimədən, tələsik muzeyin əsas salonuna saldı.
Salonda da adam çox idi. Adamların bir hissəsi, divarlar boyu cərgələnən stullarda əyləşmişdilər, digər hissəsi, Bitkinin yaradıcılığını sərgiləyən nəhəng foto-stendin qarşısına yığışmışdı.
Salondan, Qulam Hüseynlinin heç vaxt heç bir yerdə eşitmədiyi qəribə qoxu, daha doğrusu, bir neçə ədəvanın qarışığının iyi gəlirdi... Qulam Hüseynli, bədəninin, bu qəribə qoxunun, ya nəyinsə yaratdığı, mənası özünə də aydın olmayan, anlaşılmaz həyəcan hissindən yığıldığını hiss etdisə də, özünü o yerə qoymadı, ətrafına laqeyd baxışlarla nəzər sala-sala, oturmaq üçün özünə müvafiq yer axtardı və tapdı. Bir neçə addımla özünü, yaxınlıqda, qapının yanına düzülmüş kreslolardan birinə salıb sakitcə oturdu.
Burdakı adamların da heç birini Qulam Hüseynli tanımırdı. Və nəinki tanımırdı, geyimləri və üzləriylə, ədaları və qoxularıyla heç vaxt heç yerdə görmədiyi bu «yadellilərin» əhatəsində olmaq – Qulam Hüseynli üçün bəlkə də o səbəbdən çətindən çətin idi ki, müstəqilliyə qədəm qoyandan bəri, ölkənin xaricində və daxilində gedən açıq-gizli proseslərdən, müxtəlif məramlı əcnəbi təşkilatların təhlükəli fəaliyyətlərindən o qədər eşidib oxumuşdu ki, indi milli mənsubiyyəti ilə məhrəm olmayan hər bir şey gözünə ilan-qurbağa qismində görünürdü. Qulam Hüseynli dörd bir yanında ləng ilbiz hərəkətləriylə gəzişən adamların üzlərinə baxa-baxa, bir həftə bundan əvvəl, hansı möcüzəyləsə stolunun üstündə peyda olan mavi dəvətnaməni, dəvətnamənin içindəki mətnin məzmununu yadına salmağa çalışdı və xatırladı...
Dəvətnamənin içindən çıxan ağ vərəqdə, yağlı çap şriftləriylə səliqəylə yazılmışdı:
«Hörmətli Qulam Hüseynli!
Sizi, görkəmli şair-publisist... (sonra saysız-hesabsız titullar, fəxri adlar, bir neçə ictimayi-təşkilatın adları və sair gəlirdi) Bitkinin yaradıcılıq gecəsinə dəvət edirik...»
Vərəqin axırında tədbirin vaxtı və ünvanı göstərilirdi.
Qara eynəkli kişilərdən biri eynəyini çıxarıb elə bil ona salam verdi…
Qulam Hüseynli yerində qurcalanıb kişinin salamı ehtiramla aldısa da, sonradan, qara eynəklinin, onun oturduğu kreslonun arxa tərəfindən yeyin addımlarla kişiyə sarı yeriyən sumağı pencəkli, arıq qadınla salamlaşdığını anlayıb pərt oldu və bir həftə bundan əvvəl stolunun üstündə peyda olan dəvətnamənin lap axırında, yazılmış «S.V.A.C.O.» abreviaturasını xatırladı.
Nə demək idi bu S.V.A.C.O.? – Qulam Hüseynli yerində qurcalanıb ayağa qalxdı, bayaqdan bəri gizləməyə yer tapmadığı əllərini şalvarının ciblərinə basıb, salonun sağ cinahında ucaldılmış hündür foto-stendə sarı addımladı.
Dünənki yağışın palçığı, boz əhəng kimi burunlarında quruyan ayaqqabılarını təmiz, mahud döşəməyə basdıqca, bu səhər, binanın işığı yanmadığından, bir də ən əsası işə tələsdiyindən, onları təmizləməyi yaddan çıxardığını xatırladı və gözaltı, ətrafında gəzişənlərin ayaqqabılarına nəzər saldı. Bütün ayaqqabılar, salonun möhtəşəm çil-çırağı altında, rəngbərəng, balaca maşınlar kimi bərq vururdu.
Stendin qarşısında, həmin o ədəvasayağı qoxulardan bütöv bir lay yaranmışdı. Stendi ziyarət edənlərin hər biri görünür, öz qoxu payından burda xatirə qoyaraq kənara çəkilmişdi.
Qulam Hüseynli bir neçə addım atıb, özünü, harasa daxil olan tək, qoxu layının içinə saldı və fotoları nəzərdən keçirə-keçirə, əslində isə, bu sirli qoxunun canına yeritdiyi çaşqınlıqdan, ya nədənsə gözləri qarala-qarala, yenə ürəyində həmin o «S.V.A.C.O.» - nun mənasını xırdalamağa çalışdı.
«Sülh -Vətən - Azərbaycan -Cəmiyyəti...»
«Sənət - Vicdan - Amal - Cəmiyyəti...» Bəs «O»?..
Bu məqam, Bitkinin şəkilləri ilə bəzədilmiş foto-stendə baxdığı yerdə, ağlına gələn növbəti fikirdən, ürək döyüntülərinin ləngiyib qəribə, sərxoşyana bir nizamsızlıqla axdığından özü də xoflandı...
Bəs axı niyə, bu bulqakovsayağı iblisanə məclisə, o boyda qələm əhlindən, ondan savayı bircə adam belə dəvət olunmamışdı?.. Qulam Hüseynli bunu fikirləşib gözünün yanıyla, stendin qarşısındadayana-dayana, hansısa əcnəbi dildə asta-asta danışan adamlara baxdı...
Sol tərəfində, kövrək çiyinləriylə az qala ona pərçimlənib dayanan iki, arıq qarı stendə sulu gözləriylə, başları əsə-əsə, baxa-baxa susurdular. Qarıların rəng-rufu elə idi, elə bil bura, hardansa, gün işığı dəyməyən havasız bir yerdən - Yerin altından çıxıb gəlmişdilər.
Qulam Hüseynli nəfəsini bir anlıq saxlayıb, sağ tərəfində, öz aralarında nə barədəsə astadan danışan orta yaşlı, başı beretli kişi ilə, dərisinin suni ağlığıyla mum heykələ bənzəyən qadının söhbətinə diqqət kəsildisə də, onların anlaşılmaz, qarışıq nitqindən heç nə anlamadı. Qadın da, kişi də, Qulam Hüseynliyə, nə vaxtsa uzaq uşaqlıq illəri tamaşa etdiyi hansısa operettanın baş qəhrəmanlarını xatırlatdılar.
Danışan əsasən qadın idi. Başını qəribə, dairəvi hərəkətlərlə tərpədə-tərpədə, Qulam Hüseynlinin heç vaxt eşitmədiyi dildə, fışıltı dolu sözlərlə gizli təlaşla elə bil nədənsə gilelənirdi. Onun danışığı, Qulam Hüseynliyə, adi danışıq mətnindən çox, kilsələrdə şam işığında oxunan dua mətnlərini xatırlatdı. Qadının bu fışıltısından, ya nədənsə, Qulam Hüseynli qəfildən özünü pis hiss elədi, qulaqları, təyyarədəki kimi sancıb uğuldadı, ağzında, hansısa kimyəvi qarışığın dadını andıran qəribə tam əmələ gəldi… Bir qədər keçəndən sonra Qulam Hüseynli toparlanıb, yan-yörəsində dayanan o biri adamların da danışığına diqqət kəsildisə də, yenə bircə sözü belə, tuta bilmədi. Əhvalı isə, tamam-kamal, stendə - qəribə simmetriya ilə yanbayan, alt-alta düzülən fotoşəkillərə baxanda pozuldu…
Fotolardakı Bitkin, onun tanıdığı, vətənpərvər şerlərilə böyüyüb formalaşdığını zənn etdiyi həmin adam deyildi… Stenddə cərgələnən demək olar, bütün fotolarda Bitkinin insansevər gözlərinin dərinliyində izaholunmaz məkrin və qəzəbin işartıları sezilməkdəydi...
Qulam Hüseynli eynəyini düzəldib şəkillərdən birinə lap yaxından baxdı və Bitkinin gözlərinin dərinliyində işaran yandırıcı qəzəbdən bədəninin vicələndiyini hiss etdi. Qəribəydi ki, şəkillərin heç birində Bitkin, sənətkar bioqrafiyası boyu üzünün atributuna çevrilmiş həmişəki qara eynəyində deyildi. Həyatının hansısa, Qulam Hüseynliyə məlum olmayan dövrlərini əks etdirən fotoların hər birinin altında Bitkinin ayrı-ayrı fikirləri yazılmışdı.
«Dünyanın bir üzü işıq, o biri üzü qaranlıqdı. İşıqda azan qaranlığa çıxmaz...»
Fikirdən sonra Bitkinin, yağlı boya və fırçayla çəkilmiş, «botanika» sözünü andıran vermişelvari imzası gəlirdi. Qulam Hüseynli imzalara baxdıqca, Bitkini, alt dodağını çeynəyə-çeynəyə, şəkillərin böyür başında rəssam fırçasıyla işlədiyi yerdə təsəvvürünə gətirdi. Belə vəziyyətdə Bitkin, şairdən çox, mühəndisə oxşayırdı…
Stendin mərkəzi hissəsindəki foto-şəkillərin birində Bitkin yol getdiyi yerdə, hansısa çağırışa, ya nəyəsə geriyə çönmüşdü, üzündə, qəribə casus ifadəsi vardı. Burda Bitkin, elə bil onu qarabaqara izləyən kiminsə əlindən qaçıb canını qurtarmaqla məşğul idi.
Qulam Hüseynli, foto-şəkillərlə bir canına tədricən yeriməyə başlayan naməlum xofun tərini silməkdən ötrü cibindən burun yaylığını çıxarıb alnınını quruladı və eynəyini düzəldib o biri fotoların qarşısına keçdi.
Stendin aşağı hissəsinə cərgə ilə vurulmuş digər fotolarda Bitkin matros kostyumunda idi, bir əlində tutduğu dolçadan su tökə-tökə, Qulam Hüseynlinin heç vaxt görmədiyi qapqara saqqalını yuyurdu. Foto-stendin sol tərəfindəki nisbətən iri fotoda isə Bitkin, kəfənəbənzər uzun, ağ libasda, qollarını sinəsində çarpazlanmış vəziyyətdə dərin fikrə dalmışdı. Şəklin böyründə: «Hindistan səfəri» - yazılmışdı.
Fotolara baxdıqca, Qulam Hüseynlinin fikirinə o da gəldi ki, dəvətnamədə yazılan sirli «S.V.A.C.O.» – nun açmasının, olsun ki, həmin bu Hindistanla, Bitkinin əynindəki bu uzunətəkli, ağ libasla hansısa əlaqəsi olmamış deyil. Elə bu məqam qəfildən, arxadan kimsə xırıltılı səslə bərkdən-bərkdən güldü və bu gülüşdən Qulam Hüseynli niyəsə dayandığı yerdəcə pörtdü. Başını aşağı salmadan, gözucu, burnu palçıqlı ayaqqabılarına baxdı, sonra əllərini cibindən çıxarıb foto-stenddən uzaqlaşa-uzaqlaşa, qonaqların çoxalıb sıxlaşdığı cərgələrin arasıyla özünə yer axtara-axtara fikirləşdi ki, necə olub ki, uzun illərlə eyni bir təşkilatda birgə işlədiyi Bitkini, bu vaxtacan bircə dəfə belə olsun, bu şəkillərdəki kimi eynəksiz görməyib?!..
Zal getdikcə dolurdu… Bayaq muzeyin qarşısına yığışan tələbələr, əllərində gül-çiçək, divar boyu cərgələnib nəyəsə hazır vəziyyətdə dayanmışdılar. Bitkinin özü isə hələ ki, gözə dəymirdi. Görünür, kimlərləsə hardasa gizlənmişdi. – Qulam Hüseynli, axır ki, özünə yer tapıb otura-otura fikirləşdi. Hamını çaşdırmaqdan ötrü, yaxud olsun ki, həmişəki kimi, hamıdan hər şeydən seçilmək məqsədilə, mərasim başlananda, alovlu qutunun içindən sağ-salamat çıxan sirk qəhrəmanı kimi, qəfildən zalın ortasından çıxmağa hazırlaşırdı. Sonra Qulam Hüseynli bunu gözünün qabağına da gətirdi və bu fikirdən niyəsə özünə və üzləri bir-bir gözünün qabağına gələn bir dəstə fağır qələm adamına yazığı gəldi.
Bitkinin, hamını çaşdırmaq, o birilərdən nə iləsə, necəsə seçilmək azarı Qulam Hüseynliylə bir, ədəbiyyat sahəsində çalışan adamların çoxu bilirdi. Bunu, Bitkinin şerlərini sevənlər də, sevməyənlər də, bu salona toplaşanlar da bilirdi. Odu ki, gecənin başlanması bir xeyli ləngisə də, hamı səbrlə nəyinsə başlanmasını gözləyirdi.
Ədəvasayağı qoxu layı foto-stendin qarşısından, Qulam Hüseynli ilə birgə buralara da gəlib çıxmışdı, fışıltı dlou sirli pıçıltılara qarışa-qarışa elə bil bir az da qatılaşmaqdaydı. İşdi, gecə başlanmazdan aradan çıxmaq qərarına gəlsəydi, bu yoğun qoxu qatını yarıb keçmək mümkün olmayacaqdı. – Qulam Hüseynli ürəyi sıxıldığından tavana baxa-baxa fikirləşdi. – Yeganə yol – çəpərdən atılan tək, qoxu layının üstündən atılıb qaçmaq, yaxud, tikanlı məftillərin altından keçən tək, döşəmənin üstğüylə sürünüb çıxmaq idi. Sonra qəfildən nə oldusa, bayaqdan bəri yandırıcı fışıltılar şəklində eşidilən bu ədəvaqoxulu, sirli pıçıltıların tilsimi özü-özünə qırıldı... kimsə Qulam Hüseynlinin lap böyründən:
- Da vse mı tam... – dedi və Qulam Hüseynli, bayaqdan bəri ardınca qara duman kimi sürünən bu anlaşılmaz «duaların», uzaq tələbəlik illərində, şəhərə oxumağa gələrkən addımbaşı böyür-başından eşitdiyi, özünün də ara-sıra işlətdiyi rus dili olduğunu anladı... Bir qədər sonra hardasa elə bil qonşu salonda qapı çırpıldı və Qulam Hüseynli, nəhəng salonu başına götürən rus sözlərinin hamısını necəsə birdən eşitdi. Elə bil hamı birdən danışdı və Qulam Hüseynli, kürəyinin ortasıyla üzüyuxarı sürünüb tədricən başına yığılan qanının gicgahlarında lükküllədiyini hiss elədi.
Əsəbləri əməlli başlı korlanıb… – Qulam Hüseynli fikirləşdi və alnına yığılan növbəti tər damlalarını, pencəyinin sağ cibindən çıxardığı iri burun yaylığıla, nə iləsə tələyə bənzəməyə başlayan bu əcayib məclisdən necəsə qurtulmaqdan ötrü başını yuxarı qaldırıb tavana baxmağa başladı.
Tavan adamla dolu idi. Başıçalmalı, qıyıqgöz adamlar, balaca atların üstündən, bardaş qurub oturduqları xəlçələrdən aşağı baxırdılar. Uzun illər bundan əvvəlki yaşımtıl-mavi naxışlarla işlənmiş bu qədim miniatürlər, muzeyin ümumi əhvalına uyğun, neçə illərin qalın toz örtüyü altında rahat-rahat bozarmağındaydı.
Qulam Hüseynli gözlərini qıyıb tavanın künclərində və tən ortasında işlənən o biri miniatürlərə də baxdı, sonra eynəyini düzəldib, salonun divarlarına da nəzər yetirdi və həmin yaşımtıl-mavi miniatürlərin, burda da qalın toz rahatlığının altında uyumaqda olduğu aşkar etdi. Divardakı miniatürlərin məzmunu fərqli idi. Tavandakı başıçalmalı, qıyıqgöz adamlar burda bellərini əyib bir-birinin ardınca düzülmüşdülər, görünməz kiməsə təzim edirdilər. Balaca, barmaqsız əllərini, dilənən tək, kiməsə açıb, qıyıq gözlərini, divarın bir qədər aşağı hissəsində - sinəsində ox, yerdə uzanmış yaralı ceyrana zilləmişdilər...
Bu nə demək idi?.. – Qulam Hüseynli yenə tərlədiyini hiss elədi və bu intensiv tərləmə prosesinə görə öz-özünə əsəbiləşdi. – Bu qıyıqgöz adamlar kim idi?.. Kimə təzim edirdilər? Əllərini kimə açmışdılar, nə istəyirdilər?..
Salonun o biri divarlarındakı miniatürlərdə də həmin başıçalmalı, qıyıqgöz adamlar idi… müxtəlif vəziyyətlərdə sıraya düzülmüşdülər. Birində oturan yerdə, o birində, atların belində... Hər birində də dilənirdilər...
Alnının tərini quruladıqca, Qulam Hüseynlinin yadına düşdü ki, həmin bu miniatürləri o, uzun illər bundan əvvəl, uzaq tələbəlik illərində, bu muzeydən savayı, hardasa ayrı bir yerdə də görmüşdü. Amma harda?.. O vaxt, dəqiq yadına gəlir, həmin bu miniatürləri balaca heykəlciklər şəklində görmüşdü. Hətta orası da yadına düşdü ki, hansı birinsə başına dolanıb bu qıyıqgöz, tamahkar adamlara müxtəlif nöqtələrdən də baxmışdı... Və bir də dəqiq yadında qalan o idi ki, o vaxt həmin bu qıyıqgöz adamların əllərində ox var idi...
Salon adamla dolduqca, içərinin temperaturu elə bil yüksəlirdi. Yoxsa Qulam Hüseynliyə elə gəlirdi?..
Dama-dama pencəkli, əliəsalı kişilər salonun mərkəzində qəlyanlarını tüstülədə-tüstülədə, narahat addımlarla gəzişir, qadınlar alabəzək yelpiklərini çıxarıb xırda-xırda əsdirə-əsdirə üzlərini yelləyirdilər. Qəribə olan bir də bu idi ki, - Qulam Hüseynli qalstukunun düyününü boşaldıb yerində qurcalana-qurcalana fikirləşdi – burda hamı bir-birini tanıyırdı. Salona yenicə daxil olanların, gecənin məclis əhli ilə, uzun illərdən bəri itirdikləri əziz adamlarıyla görüşən təki gizli həyəcanla görüşdükləri, qəhərlərini, öz mədəniyyətləri hesabına cilovladıqları göz qabağındaydı. Salonun yuxarı başında – Bitkinin oturacağı uzunsov rəyasət stolunun arxa hissəsində əlləri bellərində, dabanlarını altdan-altdan mərmər döşəməyə vura-vura dayanan kürən rus qızları, qollarını yana açıb salon boyu rəqs eləməkdən özlərini zorla saxlayırdılar...
Burda – saniyəbəsaniyə nəyəsə hazırlaşan bu əcayib salonda nə isə baş verməliydi. – Qulam Hüseynli ürək döyüntüləri zəifləyə-zəifləyə fikirləşdi. Bütün bu əcayib qəribəliklərin, əslində hansısa gözlənilməz, lakin həyatəhəmiyyətli nəyəsə hazırlıq olması, qonaqların hər birinin üzündə, salonun hər küncündə duyulmağa başlamışdı.
Niyə bunu bayaqdan bəri başa düşməmişdi?.. – Qulam Hüseynli pencəyinin cibindəki xırda pulları qarışdıra-qarışdıra fikirləşdi. - Başa düşməmişdi ki, bu qədim milli muzeyi özlərinə yığıncaq yeri seçmiş bu rusbabı əhali əslində yaradıcılıq gecəsinə yığışmamışdı. Yaradıcılıq gecəsi məsələsi, burda bəhanədən savayı ayrı bir şey deyildi və əslinə qalsa, bunun, Bitkinə də elə bir dəxliyyat yox idi.
Bu yerə gəlib çatanda, Qulam Hüseynli, burda – bu salonda nələr baş verə biləcəyi barədə fikirləşdi və ağlına gələnlərdən gözləri qarala-qarala ayağa sıçrayıb yan-yörəsinə baxdı...
Ona məhəl qoyan yox idi.
Çönüb girişə sarı yönəlməyə hazırlaşırdı ki, salonun, tavana dirərənən qədim şəbəkəli giriş qapısında, gül dəstələrinin arasından sınayıcı nəzərlərlə ona baxan Bitkinin ağarmış bənizi göründü… Bitkin, salondakıların gur alqışları altında içəri daxil olub təvazökar addımlarla, qucağındakı gül dəstələrini, qarşısına çıxan qadınlara paylaya-paylaya, arxasınca gələn bir dəstə adamla yuxarı başa yeridi.
Bitkin, Qulam Hüseynlinin beşcə dəqiqə bundan əvvəl gördüyü foto-şəkillərdəki həmin qara eynəyindəydi, rəyasət stolunun böyründə onun üçün ayrılmış hündür söykənəcəkli, sumağı kresloya əyləşib ayağını-ayağına aşırdı və tünd şüşəli eynəyinin arxasından görünməyən gözləriylə ona yenə baxdı. Yoxsa bu, Qulam Hüseynliyə elə gəldi?..
Oturanların üzü elə idi, elə bil uzun müddətdən bəri içlərində sıxıb saxladıqları qara kədəri, niskili çölə buraxmağın, boğazlarına dirənən acı qəhəri göz yaşlarında əridə-əridə ağlamağın məqamını gözləyirdilər. O məqam hardasa lap yaxındaydı... Qulam Hüseynli bunu, salonun aşağı başında divar boyu cərgələnən tələbələr, kiminsə işarəsiylə yüksək tonda hansısa rus romansını oxumağa başlayanda anladı. Tələbələr əllərindəki gülləri bir kənara qoyub nə vaxtsa soyunmuşdular, üzlərini zalın yuxarı başında oturan Bitkinə tutub oxuyurdular. Tələbələr oxuduqca, Qulam Hüseynli, böyür-başında oturanların, göz yaşlarını gizlicə sildiyini, bəzilərinin, başlarını aşağı salıb qəm dəryasına qərq olduğunu müşahidə etdikcə, özünü, bu yekdil cəmiyyətdə bir daha qərib hiss elədi.
Tələbələr romansı bitirdikdən sonra əllərindəki gülləri havaya atıb salon boyu səpdilər. Güllərdən biri havada süzə-süzə Qulam Hüseynlinin ayağının lap yaxınlığında yerə düşdü.
Bu, Qulam Hüseynlinin heç vaxt - nə uşaqlıq illərində kənddə, nə sonralar, şəhərin heç bir gül dükanında görmədiyi, xırda, sarı ləçəkləri ilə inci topasını andıran qəribə çöl çiçəyi idi... Çiçəyə baxdıqca, Qulam Hüseynlinin təsəvvüründə bu çiçəyin, özü kimi xırda, zərif çiçəklərlə bir bitdiyi ucsuz-bucaqsız, yad çəmənliyi canlandırdı və yenə ürəyini pis-pis bulandırdı.
Salona sakitlik çökən kimi, Bitkinlə yanaşı əyləşən ortaboylu, çatmaqaş adam ayağa qalxıb mikrofonun arxasına keçdi, Bitkinin yaradıcılığı, şerlərinin, milli mədəniyyətlərin ünsiyyətində xüsusi və əvəzedilməz rolu barədə qısaca danışıb mərasimi açıq elan elədi.
Çatmaqaş adamın, Qulam Hüseynliyə, altmışıncı illərin, al boyalarla işlənmiş rəsm tablolarında təsvir olunan qəhrəman neftçilərin üzlərini xatırlatdı. Sonra Qulam Hüseynlinin gözü, natiqin dayanıb danışdığı kürsünün arxasında, divarda yağlı boyalarla işlənmiş orta əsr şairlərinin portretlərinə sataşdı. Şairlərin də üzləri qəribəydi ki, bir-birinə oxşayırdı. Bircə çalmalarının quruluşu və geyimlərinin üslubu müxtəlif idi.
Mikrofona, sarı hörüklü qadınlardan biri yaxınlaşdı, nəhəng bədəni həyəcandan titrəyə-titrəyə, rus dilində Bitkinə həsr etdiyi şeirini oxumağa başladı.
Qulam Hüseynli, qadının şeirindən ağaran Bitkinin, qəribə çaşqınlıqla ciblərində eşələməyini, ordan tapıb çıxardığı siqaretlə alışqanı titrək əllərinin içində zorla saxlaya-saxlaya işə salmağını müşahidə etdikcə, oturduğu yerdə donub qaldı...
Bütün bunlar nə demək idi?.. Bu qadın kim idi?.. Bitkinlə – ömrünü, yaradıcılığını millətinə və vətəninə həsr etmiş bu el şairi ilə, hansısa ucqar rus kəndinin sağıcısına oxşayan bu yekəpər rus qadınını bir-birinə bağlayan nə idi?.. – Qulam Hüseynli hövsələsi darala-darala, tələm-tələsik fikirləşdi.
Qadın çıxışını bitirəndən sonra salondan qopan gur alqış sədalarının altında yerinə qayıtdı, həyəcandan pörtüb qızarmış üzünü əlləri ilə gizləyib başını aşağı saldı.
Görünür ağlayır… – Qulam Hüseynli, ürəyi həyəcanla döyünə-döyünə fikirləşdi. – Amma niyə? Nə baş verir axı?..
Bitkin də kövrəlmişdi, başını aşağı dikib, dərin qullablar vura-vura, özünü siqaret dumanında gizləməyə çalışırdı.
Salonun alqışları avazımaq üzrə söz, şəhərin məşhur psixiatoruna verildi. Yəhudi psixiator mikrofonun arxasına keçib, orda «r» hərfini yeyə-yeyə, son illər cəmiyyətdə yaranan təbəqələşmədən, insan yadlığından, milli dözümsüzlükdən, müxtəlif dünyalı adamların, bir dünyanın qanunları çərçivəsində yaşamaq məcburiyyətinin faciəsindən danışdı və axırda nədənsə onun da gözləri doldu və səsi əsdi...
Qulam Hüseynli gərginlikdən quruyan dilini ağzının içində zorla hərlədə-hərlədə fikirləşdi ki, bəlkə bütün bu əcayib gecə, bu səbəbi naməlum ağlaşma - vətənini tərk etməyə, ömürlük hansısa uzaq ölkəyə köçməyə hazırlaşan Bitkinin son gedişinə həsr olunmuş vida mərasimidi?.. Elə bu məqam, Qulam Hüseynlinin beynindən ötənləri sanki havadaca tutan Bitkin tünd şüşəli eynəyini çıxarıb burun yaylığıyla silə-silə, xırda gözlərini uzaqdan-uzağa düz Qulam Hüseynlinin üzünə zillədi və Qulam Hüseynli ömründə birinci dəfə Bitkinin, daim müxtəlif eynəklərin arxasında gizlədiyi gözlərini axır ki, gördü… və bundan ürəyi qırıldı...
Bitkinin, adam üzü ölçülərindən xeyli iri, cansız üzündən, qəlyanın saraldıb, seyrək qarğıdalı dənələrinə oxşadan dişlərinə, soyuq səlist nitqinə qətiyyən uyuşmayan, xırda quş gözünə bənzər qəmli gözlər baxırdı... Qulam Hüseynli belə qəmli gözləri yalnız mehriban delfinlərdə, o da fransız səyyahlarının, delfinlərin sualtı həyatından çəkdiyi sənədli filmlərdə görmüşdü.
Bitkin bir müddət delfin gözləriylə Qulam Hüseynliyə baxıb, eynəyini, yorğanı başına çəkən tək, gözünə taxdı və üzü yenə hansısa qaranlıq dərinliklərə qərq oldu...
Psixiatordan sonra, mikrafon qarşısına, güləşçiyəbənzər alçaqboy bir adam çıxdı və bas opera səsiylə, Bitkinin sözlərinə bəstələnmiş kədərli bir romans oxumağa başladı.
Romans rus dilində idi...
Qulam Hüseynli küçəyə çıxanda, hava dəyişmişdi… Göyün üzünü qaramtıl duman bağlamış, ha tərəfdənsə baş alıb nəhəng gövdəli ağacları bir-birinə çırpan güclü külək, bir neçə saat bundan əvvəl muzeyin ətrafında qaynaşan adamları qovub ha yanasa aparmışdı.
Havanın bu qəfil tutqunluğundan, ya bayaqkı məclisin ab-havasından, ya nədənsə, Qulam Hüseynli, bədəninə dolan qızdırmaqabağı xəstə üşütmədən titrətdi, paltosunun boyunluğunu qaldırıb, milli muzeyin binasından tezcə uzaqlaşmaq məqsədiylə tələsik addımlarla yolun o biri üzünə adladı, küçənin aşağı başındakı marşrut taksiləri dayanacağına tərəf addımlaya-addımlaya, ədəvasayağı sirli qoxusu hələ də canından çıxmayan mərasim barədə, hansısa məzhəbə qulluq edən bu yad insanları bir araya gətirən naməlum təşkilat, yaxud cəmiyyət ola biləcək sirli qürumun adı barədə bir də uzun-uzadı fikirləşdi.
«S.V.A.C.O.» abreviaturasındakı «C.» hərfinə görə, olsun ki, bu, fəaliyyət yönümü ölkənin hansı sahəsiyləsə əlaqəsi olan cəmiyyəti ifadə edirdi. Amma digər «S», «V», yaxud, ən əsası, sondakı «O» nəyin, hansı sözün baş hərfi idi?.. – Qulam Hüseynli, bayaqdan bəri hardasa lap yaxınlığında, onunla yanaşı addımlayan cavan adamı şübhəli nəzərlərlə gözdən keçirə-keçirə fikirləşdi. Sonra yenə ürəyində, bu sirli abreviaturanın mənasını açıqlamağa çalışdısa da, bir şey alınmadı. Bütün hallarda sondakı «O» hərfi havada qalırdı...
Bitkinin, bir-birindən əcayib fotoları, salon boyu aramla yerini dəyişən ədavasayağı qorxu layı, döyüşə hazırlaşan tək, dabanlarını qəribə hikkəylə yerə vura-vura, nə isə eləməyə köklənmiş yekəpər rus qadınları, Qulam Hüseynlinin, anadan olandan bəri yaşadığı, hər küçəsinə, az qala hər tininə bələd olduğu bu şəhərdə necəsə, nə vaxtdan bərisə işə düşən hansısa məxfi, məxfi olduğu qədər də təhlükəli proseslərdən xəbər verirdi… Bu, nə proseslər idi?.. Qulam Hüseynlininin, ağır iş gününün gərginliyindən onsuz da yorğun beyni bunu anlamağa qadir deyildi.
Dayanacağa çathaçatda nə oldusa, ya Qulam Hüseynliyə elə gəldi, elə bil arxadan kimsə çağırdı onu… Ayaq saxlayıb geriyə çöndü, uzaqdan görünən milli muzeyin, qalın pərdələrlə bağlı pəncərələrinə baxdı və ürəyi düşdü…
Pəncrələrin o üzündə elə bil nə isə yanıb sönürdü... Ya bu, Qulam Hüseynliyə elə gəlirdi?!.. Amma muzeyin, uzun illərin yağışından qaralıb paslanmış damından aram-aram göyə sızan tüstüyəbənzər nəyisə Qulam Hüseynli, qədim binanın özünü görən tək, bütün dəqiqliyi ilə gördü və bu mənzərədən ürəyi sıxıldı, dayanacağa yenicə yan alan taksiyə əl eləyib mindi.
Evə çatanda, hava tamam qaralmışdı. Televizorda, skripkaçılar dəstəsinin ifa etdiyi matəm marşını andıran hüznlü musiqi verilirdi. Qulam Hüseynli özünə çay dəmləyib, daimi yerinə - televizorla üzbəüz divanın, oturulmaqdan yastılanıb çökən sağ cinahına yayılıb ekrana zilləndi... və kədərli musiqinin altında niyəsə yenə Bitkini, onun böyük, rəngsiz üzünə uyuşmayan xırda delfin gözlərini xatırlamağa başladı. Sonra nə oldusa, musiqi qəfildən kəsildi və ekranda diktorun, gizli həyəcandan kölgələnmiş üzü göründü. Diktor, saat yarım bundan əvvəl, şəhər yaxınlığındakı dustaqxanalardan birində baş vermiş qanlı qiyam barədə rəsmi informasiyanı oxudu.
Qiyam, Rusiyada hərbi təhsil almış bir qrup rusdilli azərbaycan zabiti tərəfindən törədilmişdi. Zabitlər dustaqxana işçilərinin geyimlərində, hərbi avtobusla darvazadan çıxarkən yaxalanmış və yerlərindəcə güllələnmişdilər. Diktorun bəyənatından sonra ekranda, ölən qiyamçıların şəkilləri göstərilir, yatdıqları kameradan birbaşa reportaj verilirdi.
- Divarlarda gördüyünüz bu işarələrin, neçə vaxtdan bəri hazırlanan qiyamla əlaqəli olması versiyası da var... – jurnalist çaşqınlıq dolu üzü ilə, dörd bir yandan onu mühasirəyə almış yarıqaranlıq divarlardan sanki hürkə-hürkə danışırdı. Kamera aramla, dustaqların yatdıqları dəmir çarpayıların, çörək yedikləri qaramtıl stolun, divarlar boyu cızdıqları yazı və işarələrin üzəriylə gəzirdi.
- Nə qədər qəriibə də olsa, bu yazıların müəllifləri, bizim azərbaycanlılardır… - jurnalistin səsi kadr arxasından eşidilməyə başladı və kamera, divarlardan birindəki yazıları iri planda göstərməyə başladı.
Yazıların çoxu rus sözləri idi. Bəziləri qara kömürlə yazılmışdi, çoxu mıxla, ya hansısa ucuiti alətlə cızılmışdı. Bəziləri aydınca oxunurdu da.
Qulam Hüseynli eynəyini gözünə keçirib ekrana sarı əyildi və sözlərdən bir neçəsini hecalaya-hecalaya oxudu. Bu, iri hərflərlə yazılmış «svoboda», və «slova» sözləri idi. Yazıların arasında, ani bir kadrda gözünə dəyən, ya bəlkə görünən tanış beş hərfdən isə Qulam Hüseynlinin, az qaldı oturduğu yerdə ürəyi dayana…
«S.V.A.C.O.» burda da həmin çap şriftləriylə, hansısa iti, dəmir alətlə cızılmışdı... kameranın rəngi tökülmüş, hisli divarında müxtəlif sözlərin və işarələrin arasında qorxunc damğa kimi qaralırdı...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 9 апреля 2008 г.
на 9:13
Подписаться на:
Комментарии к сообщению (Atom)
1 коммент.:
Salam , men Afaq Mesudun yazdiqlarini beyenirem amma bu SVACO adli olan hekayeni oxudum ve bir az hekayede olan duzgun catdirilmamanin oldugunumu gordum ya mene ele gelir ? ele bil ki hekaye yarimciqdir be ya tam anlasiqli deyil. Qoxunun divarlardaki minaturlarin Delfin gozlu Bitkinin qiyama ne dexli var idi ki, ve ya sadece hekayeni qorxulu etmek ucunmu bu qeder detallar elave olunmusdur ? herhalda bunu Afag xanim bizden yaxshi bilir
Отправить комментарий