Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

22 Июль 2007 г.

MÜVƏKKİL VAYSMAN

...Elmlər Akademiyasının həyətinə daxil olanda, Qulam Hüseynli buralarda heç vaxt görmədiyi qəribə bir mənzərə ilə üzləşdi...
...Şəhərin canına daraşıb idarələrin, dükanların, yeməkxanaların üstünə üz sərlövhələrini yapışdıran, mərkəzi küçələrdə çəhrayı, etinasız üzlərlə gəzişib milli meyvələrdən acgözlüklə təpişdirən əcnəbilər deyəsən buralara da yol tapmışdılar.
Nəhəng sərv ağaclarının və sarımtıl çiçək xiyabanının arasında qol-budaq atan bu elm məbədinin geniş həyətində, qoltuqlarında qalın qovluqlar, arxayın yerişlərlə asta-asta gəzişən alimlərin əvəzinə, bu dəfə binanın girişinə aparan ensiz asfalt yollarda bir-birinin ardınca, burunlarında balaca, dördkünc əcnəbi bayraqlar yellənən rəngbərəng, xarici maşın dəstəsi dayanmışdı.
Maşınların qorxunc parıltısından, binanın nəhəng qapıları ağzında iri gül dəstələrinin arxasından boylanan işçilərin çaşqın üzlərindən, Qulam Hüseynli bədənindən soyuq cərəyanvari nəyinsə ötüb keçdiyini hiss etdi.
Bu gərginlikdən tezcə qurtulmaqdan ötrü girişdə dayananların böyründən sivişib ayaq saxlamadan, özünü foyeyə saldısa da, orda da bu təntənənin ətürpədən əlamətlərindən yaxa qurtara bilmədi.
Foye həyətin təntənəli əhvalını səliqəli bir ardıcıllıqla burda da davam etdirirdi.
İkinci mərtəbəyə aparan mərmər pillələrin üstündə əcnəbi dildə nəhəng, ağ plakatlar, mavi bayraqlar asılmışdı.
Qulam Hüseynli burda özü də bilmədən bir dəstə həyəcanlı professorun - bir neçə yorğun gözlü ədəbiyyat, tarix, dilçilik elmləri doktorlarının cənginə keçdi.
Professorlar həmişəki yorucu ahəngləri ilə bugünkü tədbirlə bağlı hey nə isə deyir, kimisə nəfəs dərmədən tərifləyir, bir-birinin ardınca qarmaqarışıq suallar yağdırır, sonra da cavab gözləmədən gizli gərginliklə girişi güdürdülər.
Onların hansındansa hamam kisəsinin nəmiş iyinə bənzər kifsəmiş iy gəlirdi. Elə bil kimsə günün bu günorta çağı elə burdaca, elə beləcə dayandığı, danışdığı yerdə çürüyüb kif atmaqla məşğul idi.
Professorlar danışdıqca, Qulam Hüseynli keçmiş günləri - həmin bu akademiyada aspirant olduğu unudulmaz, qaynar illəri, bir vaxtlar ona çox möhtəşəm və əzəmətli görünən bu elm ocağının dəhlizləri boyu cavan, gümrah üzlərlə o yan - bu yana gəzişən, bir-birini, institut direktorlarını, qocaldıqca sual işarəsinə dönən qoca akademikləri yamsılayıb gülüşən elmi işçiləri xatırlayır, kövrəlir, təsirləndiyini gizləməkdən ötrü üzünü o yan - bu yana çevirə-çevirə dağınıq baxışlarla foyenin sütunlarını, tavanını seyr edirdi.
Əslində o vaxtdan bu yana elə bil bir o qədər də vaxt keçməmişdi... - Qulam Hüseynli fikirləşdi, o nəsildən salamat qalan professorlar isə elə günə düşmüşdülər, elə bil buralardan - akademiyanın bu səskeçirməz divarları arasından nəhəng traktorabənzər nə isə adamşumlayan qurğu keçib getmişdi.
...Akademiyanın özü də dəyişmişdi. Yığılıb daralmışdı elə bil. Dəhlizləri də əvvəlki kimi işıqlı deyildi daha. İndi bu dəhlizlər Qulam Hüseynliyə, təsadüfi adamlarla dolub boşalan ürəksıxan qatar perronlarını xatırladırdı.
Hər şey çox kədərli və üzücü idi.
...Professorlar bir də ikinci mərtəbəyə qalxanda - nəhəng, lakin təmirsiz olduğundan xeyli solğun görünən iclas zalına daxil olanda susdular. Qulam Hüseynli ilə yanaşı əyləşib gül səbətləri ilə bəzədilmiş təmtəraqlı səhnəni, getdikcə adamla dolan zalı güdməyə başladılar.
Qulam Hüseynli də səhnəyə baxırdı, baxdıqca neçə illərdən bəri köhnə, sınıq trolleybus kimi bir böyrü üstə əyilə-əyilə işləyən, bütün zaman və məkan dəyişikliklərindən üz yığcam marşrutu ilə keçib çıxan kasıb, doğma idarəsi - “Qələm” ədəbiyyat mərkəzi barədə düşünmək istəyirdi.
Sonra gül-çiçək dolu təmtəraqlı səhnəyə baxdıqca o, Mərkəzin canına, havasına hopmuş qədim qələm dostlarını - Şairi, ötən həftə Mərkəzdə qeyd etdikləri ad gününü, Şairin günlərini zəhərə çevirə-çevirə Sözün qüdrətindən, ən ağrılı dərdindən danışmaqdan ehtiyat edə-edə, rəngi ağara-ağara danışmasını, onun o ecazkar nitqindən balaca Fərəcin halının xarablaşmasını, məclisin axırına yaxın real ədəbiyyatı mistik ədəbiyyata heç cür dəyişmək istəməyən Ağəlinin Sadayın üzünə qəfildən sillə vurmasını və sairəni xatırlayır, saçlarının dibi ilə qarışqa yerişiylə yeriyən anlaşılmaz giziltidən qəribə yöndəmsizlik duyurdu.
Dünyanın bu vurhavurunda - hər şeyin pula alınıb-satıldığı, hər kəsin, puldan savayı hər bir şeyindən, qəribə ürək genişliyi ilə keçdiyi belə bir qorxunc dövrdə, Elmlər Akademiyası kimi, maddi dünyadan tam uzaq, müqəddəs elm ocağının belə, özünü yaşatmaq uğrunda əcnəbilərlə - qıçları boyda ədəbaz uşaqlarla nə isə qoşub düzdüyü bir vaxtda, onların “Qələm” mərkəzi, heç kimə lazım olmayan, bir kəsə bir qəpiklik xeyir gətirməyən Böyük Ədəbiyyatla, ədəbiyyatın əbədi qanunlarını araşdırmaqla məşğul idi…
Bu da heç kimdən yox, elə onun özündən, sarsaq ədəbiyyat fanatizmindən irəli gəlirdi. Məsələnin də faciəvi tərəfi elə bu idi. Bütün idarə də, dostları da, təbii halda ona uyğunlaşmaqla məşğul idi. Necə deyərlər, “balıq başından iylənər…”
...Qəribədi ki, dəfələrlə bu haqda fikirləşə-fikirləşə gəlib bu yerə çatmışdısa da, vəziyyətin bu dramatikliyini sidq-ürəkdən anlayaraq nəyisə düzəltmək, dağıdıb dəyişmək istəmişdisə də, bir şey alınmamışdı, şirin, qorxulu yuxudan oyanmaq istəyən adam çırpıntısı ilə özü-özündə çabalaya-çabalaya, dibsiz, sərhədsiz ədəbiyyat sularında boğula-boğula elə bil əvvəlkindən də dərinə getmişdi...
...Kimə lazım idi bu əbədi qanunlar?.. - Qulam Hüseynli yerində əsəbi-əsəbi qurcalanıb fikirləşdi. - Bu nə xəstəhal manikal - mistik ovqat idi düşmüşdülər?.. O da, o birilər də, balaca Fərəc də, Şair də, Dəniz də, elə o birilər də elə bil hansısa dini sektanın üzvləri idi. Bir qədər kənardan, ayıq gözlə baxanda, hamı xəstəyə oxşayırdı…
O biri yazıçıların gecə-gündüz tədbir görüb gün-güzəranlarını düzəltməklə, xarici ölkələrdə kitab nəşr etdirib pul qazanmaqla məşğul olduqları bir vaxtda, onlar tüstülü otaqlarda Sözün dəyərini, hardasa alt qatlarında gizlənən mənalarını təhlil edir, saatlarla boğazları cırıla-cırıla bir-birinə hansısa sözün saysız-hesabsız variassiyalarını sübut edir, sonra bir-birinin üzünə baxa-baxa, elə bil öz dediklərindən məst olurdular.
...Hər dəfə bu yerə gəlib çatanda Qulam Hüseynlinin yadına, qələm dostlarının, onu dəfələrlə mənəvi, lap elə cismani ölümdən xilas edən ecazkar sətirləri düşür, bayaqkı ani üsyanını, illər boyu beyninin hansısa ayıq küncündə gizlədiyi nadürüst baqqal iddiası hesab edir və elə həmin dəqiqə bu qorxunc iddianı, səhvlər dolu lazımsız qaralama kimi əzib yaddaşından kənara atırdı.
Amma bu dəfə… Mərkəzin, təcili təmirə ehtiyacı olan aşsüzən tavanı, pulsuzluqdan və Böyük Ədəbiyyat sevgisindən bir qismi arıqlayıb qaralan, digər qismi şişib saralan sadiq əməkdaşlarının vəziyyəti, nədənsə məhz bu gün - Akademiyanın bu işgüzar havasında ona lap dözülməz gəldi.
Məhz burda o, mütləq nə isə eləməli olduğunu, nəyisə dəyişməli, Mərkəzi, üz ilahi duman örtüyünə bürüyüb bətnində boğan və indi, burdan - Akademiyanın, təntənə və intizam saçan bu işıqlı iclas salonundan gözünə nəhəng Ölüm dumanı cildində görünən qorxunc Ədəbiyyat qalasının hansı bir divarınısa uçurub sökməli olduğunu anlayırdı.
...Salon adamla dolurdu...
Elm əhli Qulam Hüseynlinin buralarda olmadığı son on ildə tamam dəyişmişdi.
Zalın əksər hissəsi gənclər idi, qalanı Qulam Hüseynlinin tanımadığı, orta yaşlı, cavan alimlər idi. Onlar da özlərini kiməsə oxşada-oxşada, cərgələrin arasıyla ədalı yerişlə gəzinir, bir-biri ilə qəribə üslubda salamlaşır, qabaq cərgədə oturanlara, sənədəbənzər nə isə ötürürdülər.
Azlıq təşkil edən hissə - Qulam Hüseynlinin, qədim zamanlardan bəri tanıdığı qocaman alimlər - belibükük, göyümtül akademiklər idi. Onlar zala aşağı qapıdan daxil olub səliqəli qarışqa sürüsü ilə - bir-birinin ardınca yeriyib həmin səliqə ilə də qabaq sıralarda yanaşı əyləşdilər.
Qulam Hüseynli xatırladı ki, otuz il bundan əvvəl də bu akademiklər eynilə bu cür çəkisiz və göyümtül idilər. Bu dövrlər ərzində görünür, balaca bellərini büküb bir az da göyərə-göyərə hardasa kənarda, zamanın axınının altında qalmışdılar.
...Çox keçmədi ki, tədbir başladı və səhnəyə, akademiyanın vitse-prezidenti - üz-gözündən dəli sevinc yağan, orta yaşlı, dolu bədənli bir adam çıxdı, iri addımlarla səhnənin mərkəzinə yeriyib yağlı səsi ilə danışmağa başladı.
Vitse-prezidentin, bu nəmiş qoxulu qədim salonun səhnəsində özünü yöndəmsiz hiss etdiyi duyulurdu. O, lazım olduğundan bərk danışır, arada bir, qurduğu mürəkkəb cümlələrdə burxulub pərt çaşqınlıqla kəkələyir, bir sıra lazımsız əl hərəkətləri eləyirdi. Natiqi bu hala, qabaq cərgədə yanaşı oturub düymə gözlərini səhnəyə zilləyən akademiklərin, heç nə ifadə eləməyən donuq üzlərinin saldığını Qulam Hüseynli o dəqiqə anladı.
Bu sayaq baxışları o, idarəçilik təcrübəsində az görməmişdi. Mərkəzin dözülməz ağır maddi durumundan, sökük damından, içində küləklər oynayan dəhlizlərindən, üst-üstə qalanıb saralan qiymətli əlyazmalarından danışarkən, ona həmin bu heç nə ifadə eləməyən donuq üzlərlə qulaq asan nazirlərin, yüksək rütbəli məmurların qəbullarında eynilə bu kökə düşdüyü, bir cümləni bir neçə dəfə, şüursuz surətdə təkrar etdiyi, danışdığı yerdə öz sözündən hikkələnib əsəbiləşdiyi, səsini ucaldıb anlaşılmaz mətnlə sözünə yekun vurduğu və otağı uduzmuş vəziyyətlərdə tərk etdiyi az olmamışdı.
Görünür bu sayaq baxışların, ölüm qoxulu əbədiyyət kimi, canlı və diri olan nə varsa, hamısını öz ağır, laqeyd sükutu altında əzib məhv eləmək qabiliyyəti var… - Qulam Hüseynli fikirləşdi.
...Vitse-prezident qəfildən düşdüyü ləngərli vəziyyətdən tez bir zamanda çıxıb səhnəyə əcnəbi şirkətin nümayəndələrini dəvət elədi.
Tədbirin təmtərağından elə bil bir qədər çaşmış əcnəbi nümayəndələr - səhnəyə rəngbərəng şalvarlarda çıxan iki cavan oğlan öz dillərində nə isə danışmağa başlayanda, nümayəndələrdən birinin cılız bədəni, narıncı çilli üzü, Qulam Hüseynlinin yadına, bir neçə ay bundan əvvəl, Mərkəzə nəşr sifarişi almaq məqsədi ilə getdiyi Alman səfirliyini, səfirliyin məsul işçisi - narıncı çilli üzü nifrətdən savayı heç nə ifadə eləməyən müvəkkil Vaysmanı saldı...
…Şəhərin mərkəzi küçələrindən birində, bir vaxtlar görkəmli el şairinin yaşadığı, üstü şəbəkəli qədim binanın alt mərtəbəsində yerləşən səfirliyin, qəribə, qorxunc bir şümallıqla yonulmuş boz divarları, daim örtülü vəziyyətdə qalan səskeçirməz, şəffaf qapıları, qapıların o üzündə, ölüm düşərgəsi məhbuslarının qorxusuyla ehtiyatla yeriyən əməkdaşların üzləri, həmişə olduğu kimi, yenə Qulam Hüseynlinin yadına, uzaq uşaqlıq illərində, faşist Almaniyasının törətdiyi vəhşiliklər barədə baxdığı ağ-qara müharibə filmlərini xatırlatdı...
Hələ bircə sətir belə tərcümə etmədikləri ”Alman ədəbiyyatı antologiyası”nın nəşri ilə bağlı səfirliyə ünvanladıqları rəsmi məktubdan Səfirliyin qəbul şöbəsində - onunla dəyirmi şüşənin o üzündən candərdi danışan, danışdıqca elə bil hardansa altdan, ucuiti çəkməsi ilə ayağını əzib tapdayan cavan qadının qısa, əsəbi cavabları, onu içəri ötürüb səskeçirməz dəhlizlər boyu harasa yuxarılara aparan balaca, cüssəsiz oğlanın, dəqiqədə bir çönüb ona şübhəli nəzərlərlə baxması, Qulam Hüseynlini, hələ müvəkkillə görüşdən əvvəl nə isə xoşagəlməz ovqata salmışdı.
...Vaysmanın, ürək dərmanı iyi qoxuyan balaca, səliqəli otağına daxil olduqda isə - adamdan çox, qorxunc elektron qurğusuna bənzəyən bu alman müvəkkili ilə üzbəüz oturandan ikicə dəqiqə sonra, Qulam Hüseynli tutduğu bu işə görə ürəkdən peşman olmuşdusa da, göndərdiyi o məktubu ürəyində yüz dəfə cırıb tikə-tikə doğramışdısa da, canını Vaysmanın şüşə gözlərindən qurtara bilməmişdi…
Həmin o görüşdən sonra, Qulam Hüseynlinin o başıbəlalı məktubu ilə əlaqədar Vaysman onu səfirliyə bir neçə dəfə də çağırtdırmışdı. Orda - çəkisizlikdə qalan kosmik kayutabənzər balaca, havasız otağında onu müttəhim qismində dindirərək, işdi əgər antologiyanın nəşrinə ayrılacaq vəsait ödənilərsə, bu alman pullarının hara, necə xərclənəcəyi barədə dönə-dönə müxtəlif səpkili gərgin istintaqlar aparmışdı. Antologiyanın nəşrinə ayrılacaq pul sarıdan hələ də soraq yox idi, Vaysmansa ötən həftədən başlayaraq inadkar ardıcıllıqla Qulam Hüseynlinin yuxularına girməyə başlamışdı.
O, bu yuxularda, qadın paltarına bənzər uzunətəkli şərq libasında peyda olur, isti, narıncı zilli qollarını Qulam Hüseynlinin boynuna dolayıb çilli yanağını yanağına yapışdırır, azərbaycan dilində məlahətli sözlər deyir, gah əcnəbi polis formasında gözünə işıq sala-sala, bir-birinin ardınca öz dilində şer mətninə bənzər üzücü mətnlər söyləyir, gah da qəmli alman gözləri ilə ona hardansa uzaqlardan baxırdı…
Son yuxularından birində isə, Qulam Hüseynli, bədəni soyuq tər basa-basa qazıb canını Vaysmanın, onun üstünə qısqırtdığı nəhəng qoyun itindən qurtarmaqla məşğul idi...
Bütün yuxunu o, yalın ayaqları iti daşlara ilişib qanaya-qanaya, nəfəsi kəsilə-kəsilə hansısa kəsə yollarla qaçmışdısa da, səhərə yaxın, yuxudan ayılar-ayılmaz, heyi tükənə-tükənə yerə sərilmiş və Vaysmanın nəhəng itinə yem olmuşdu...
…Yuxudan ayılandan sonra isə, bədənini bürüyən soyuq tərdən üşüyə-üşüyə, tərindən nəmlənən yorğanına bürünə-bürünə bir daha o tərəflərə getməyəcəyini, Vaysmanı bir ünsür kimi yaddaşından birdəfəlik silib atacağını qərara almışdısa da, elə həmin gün, düz ikicə saatdan sonra Mərkəzə daxil olarkən, pillələrin böyründə, baxımsız bitkilər kimi saralıb uzanan işçilərini gördükdə, ürəyi əzilmiş, yenə səfirliyin, qala qapılarının kilidinə bənzər ağır, dəmir kilidlərini, səskeçirməyən yoğun, şəffaf şüşələrini və Vaysmanın narıncı üzünü xatırlamışdı...
...Professorlardan hansısa yerində qurcalanıb yanıq pıçıltıyla yanındakının qulağına nə isə deyirdi...
Qulam Hüseynli gözünün yanıyla professorlara baxdı. Professorların üzlərindəki miskin heyrət ifadəsindən ürəyi bulandı.
Axı niyə, niyə onlar bu gündəydilər?.. - Qulam Hüseynli ürəyinin qəfildən əsəbi-əsəbi döyündüyünü hiss elədi.
Niyə o, - bu qədər əsərin, ssenarilərin, irihəcmli tərcümələrin müəllifi, Almaniyanın allah bilə hansısa ucqar vilayətində, xırda elektron cihazları komplektinə bənzər ortabab bir ailədə böyüyüb hansısa dəqiq elm üzrə ala-babat təhsil almış bu dar düşüncəli əcnəbinin qarşısında beş-on manat puldan ötrü müttəhim kimi oturmalıydı, onun təhqiramiz suallarına ölüb yerə girə-girə cavab verməli idi, bütün bu məşəqqətdən üzülsə də, yenə o ölüm havalı idarəni yaddaşından silib ata bilməməli idi, hər görüşdən xəstələnib üzülsə də yenə ora qayıtmalıydı?..
Niyə özləri ağırlığında elmi əsərlər müəllifi olan, bu çalsaç professorlar, adlarını belə bilmədikləri bu ütük əcnəbi uşaqlara bu qədər pərəstişlə baxmalıydılar?..
Bunlar da rus deyildilər ki?..

* * *

...Vaysman bu dəfə tək deyildi. Yanında Ştrausa bənzəyən hündürboy, gözəl bir alman oturmuşdu. Hər ikisi ona baxa-baxa asta səslə almanca nə haqdasa danışırdılar.
Dili bilmədiyindən, ya son günlər Vaysman haqqında çox düşündüyündən, nədənsə Qulam Hüseynliyə birdən-birə elə gəldi ki, almanlar onun yöndəmsiz vəziyyətini, gülünc görkəmini müzakirə etməklə məşğuldurlar. O biri almanın ala gözlərinin dərinliyində, xüsusən qız dodaqlarına bənzər yaraşıqlı ağzı nahiyəsində kinayəli gülüşə bənzər nəyinsə açıq-aydın başlanğıcı görünürdü.
Vaysmanın it gözünü andıran girdə, boz gözləri, eynəyin arxasından aramla Qulam Hüseynlinin bığlarında, səhər evdən çıxarkən tələm-tələsik geyindiyindən, qaydasından xeyli uzun alınan yaşıl qalstukunda, ağlığı artıq çoxdan solmuş nimdaş köynəyinin, bir o qədər də təmiz olmayan yaxalığında gəzinir, tez-tez sabunlanmaqdan qabıq atan nazik, ağ əlləri, stolun üstündə səliqə ilə yığılmış sənədləri hamarlayırdı.
Qulam Hüseynli almanların baxışları altında tədricən qızardığını, yöndəmsiz qızartının qaynar su axınıyla üzüyuxarı yeriyib saçlarının dibini gizildətdiyini hiss etdi və nədənsə, bu gün, görüş münasibətilə xüsusi səliqə ilə təmizləyib parıldatdığı ayaqqabılarını xatırladı.
Ayaqqabıları silinmişdisə də, burnunun əziyi olduğu kimi qalmışdı. Bu ayaqqabıları Qulam Hüseynli bir ay bundan əvvəl, şəhərin mərkəzi küçələrindən birində, almanların ayaqqabı dükanından almışdı. Odu ki, arvadı həmişə ona ucuzlu ayaqqabı almağı məsləhət görürdü ki, bircə aya burnunu, dabanını əzib pis hala saldığı çəkmələri kasıb-kusuba paylayanda, heç olmasa heyfsilənməsinlər.
...Vaysmanla gözəl almanın, məxfi xidməti danışığı sona yetmək bilmirdi. Onlar artıq ona baxmırdılar, Vaysmanın, bayaqdan bəri qorxulu mücrü kimi tumarladığı qovluqdakı sənədləri bir-bir diqqətlə gözdən keçirir, arada bir, sənədlərin arxasından şübhəli gözlərlə ona elə baxırdılar, elə bil onun üzünü, sənədlərdəkilərlə tutuşdururdular.
Burdan - Qulam Hüseynlinin oturduğu yerdən Vaysmanın ayaqqabıları da görünürdü. Bu ayaqqabılar, o içində ayaq yoxmuş kimi təptəzə görkəmdə, sakitcə elə dayanıb durmuşdular, elə bil ona mağaza vitrinindən baxırdılar.
Qulam Hüseynli almanların ensiz biləklərinə, çəlimsiz, sarımtıl boyunlarına baxa-baxa, bu biləklərin, boyunların davamı ola biləcək nazik, quru ayaqlarını təsəvvürünə gətirə-gətirə fikirləşdi ki, bu köynəklər də, ayaqqabılar da, bu cansız, soyuq bədənlərdə həyat üzü görürdülər ki, köhnələlər?.. - Bu nədir?..
Vaysman, uzun, ağır xəstəlikdən əti tökülən xəstə dirsəyinə bənzər dirsəyini stola dirəyib yenə həmin sənədi yuxarı qaldırmışdı...
Bu, antologiyanın nəşrinə sərf ediləcək istehsal xərclərinin kalkulyasiyası idi. Vaysman niyəsə bu sənədə nifrət edirdi. Hər dəfə də söhbət məhz bu sənədin havaya qalxmasıyla başlayır, Qulam Hüseynlinin yeknəsəq izahatı ilə başa çatdırılırdı.
Qulam Hüseynli bu dəfə də, həmişəki mətnini işə saldı, nəşr etmək niyyətində olduqları antologiyanın, alman ədəbiyyatının azərbaycan oxucusuna tanıtmaq məqsədi kimi müqəddəs məqsəd daşıdığını, bu işin alman-azərbaycan mədəni əlaqələrinin inkişafı sahəsində dəyərli addım olacağını və sair və ilaxırı dedi...
Bütün bunları avropasayağı təbəssümlə, sözlərdə, cümlələrdə xüsusi pauzalar verə-verə, əsəbi müvəkkilləri, bacardıqca qıcıqlandırmayacaq asta, mülayim səslə danışdısa da, Vaysman havada saxladığı sənədi aşağı salmadı, girdə gözlərini bircə dəfə belə olsun qırpmadı.
O biri almanın da, ağız nahiyəsində ehtiyatda saxladığı kinayəsi yerindəcə qaldı.
Qulam Hüseynli ənənəvi mətnini sona yetirib Vaysmanın, bayaqdan bəri cinayət dəlili kimi havada saxladığı sənədə baxa-baxa fikirləşdi ki, hər iki alman, bu izahatdan sonra onunla nə isə baş verəcəyini gözləyir. Onunla nə baş verməliydi ki?..
Vaysman sənədi bir müddət də beləcə, havada saxlayıb onu sınayıcı baxışlarla gözdən keçirdi.
Qulam Hüseynli, iliyinə işləyən bu kəsici baxışlardan tərləməyə başladığını, tərinin, qəribə ehtiyatla köynəyinə hopduğunu və bundan utanıb həyəcanlanıb daha sürətlə tərlədiyini hiss etdi. Ürəyində, bir neçə ay bundan əvvəl mühasiblə birgə ötəri hesablayıb yazdıqları bu kalkulyasiya ilə bağlı deyəsən tələskənliyə yol verdikləri barədə fikirləşdi və yadına düşdü ki, o rəqəmlər barədə demək olar ki, heç nə xatırlamır.
Sonra hansısa məqam birdən-birə ona elə gəldi ki, almanlar onun tərləməyindən həzz alırlar.
...Vaysman bir anlıq elə bil Qulam Hüseynlinin söylədiyi mətndən qane oldu, sənədi aşağı endirib səliqə ilə əvvəlki yerinə, qovluğun içindəki kağızların arasına saldı, ordan ayrı birisini çıxardıb, onu böyründə oturan gənc almanın qarşısına qoydu.
Bu, antologiyaya daxil ediləcək yazıçıların siyahısı idi. Alman dilində yazılmış bu kiçik siyahını Qulam Hüseynli uzaqdan tanıdı.
- Burda “Kristian” sözü düz yazılmayıb. Alman dilində K hərfi XH yazılır. Sizdə isə bu elə “K” gedir.
Ştrausa bənzəyən gənc alman azərbaycan dilində, öz dilində danışdığı kimi, samitləri boğazında, dişlərinin arasında sıxıb güllə kimi ata-ata, incə saitləri qalınlara qata-qata danışır, yumşaq azərbaycan sözlərini ucubiz, köntöy dəmir qırıqları kimi elə bil, sapanddan atırdı.
Ştraus sözünü bitirib nəhayət ki, gülümsündüsə də, bu təbəssümdən, üzünün qəddarlığı elə bil bir az da artdı.
-...bir də, burda 100 kitabın müəyyən təşkilatlara paylanacağı göstərilir. Bu...
...Yox, bu daha lap ağ oldu... - Qulam Hüseynli əsəbiliyindən az qala nəfəsi itə-itə boğuldu - ...bunlar məni casus hesab edirlər nədi?..
Burda gənc alman qəfildən sözünü kəsib Vaysmansayağı baxışla onun gözünün içinə necə baxdısa, Qulam Hüseynli dizlərinin boşaldığını, uzun müddətdən bəri qurudub yoxa çıxardığı tanış qəhərinin boğazına ilişdiyini hiss etdi…
Qulam Hüseynli dizlərinin hansı hallarda bu sayaq boşalıb xəstə dizləri kimi əsdiyini dəqiq bilirdi. Odu ki, hiddətdən içi əsdi. Bu sütül məmurlar gör bir onu nə hala saldılar?..
Birdən-birə içində nəyinsə, çoxdan, lap çoxdannan bəri zəifləyib, öləziyib sönən nəyinsə ləngər vurub onu harasa qabağa itələməyindən dik atıldı, ayağa qalxıb:
- Bura baxın, siz nə demək istəyirsiniz?.. - dedi və öz səsindən elə bil bir az da qəhərləndi. Azərbaycana aidiyyatı olmayan bu yad otaqda, bir cüt cansız almanın hüzurunda səslənən doğma, səsindən kövrəldi... - Bəlkə o təşkilatlardan da sizə arayış gətirim ki... - burada dayandı, nə deyəcəyini unutdu. - Siz... Siz məni nə hesab edirsiniz, hə?..
Almanlar Qulam Hüseynlinin həyəcanlı səsindən, qəhərdən boğula-boğula dediklərindən zərrəcən dəyişmədilər, kor gözünə oxşar şüşə gözlərlə üzünə baxmaqlarına davam etdilər.
...Əsəbilikdən, ya bəlkə üz səsinin təsirindən, nə oldusa Qulam Hüseynlinin gözü qaraldı...
- Neçə vaxtdı mənimlə müttəhim kimi rəftar edirsiz... Elə bilirsiz anlamıram?.. Siz...
Bu yerdə gözlərinin dolduğunu, göz yaşını saxlaya bilməyəcəyindən, bu elektron-almanların qarşısında ağlayacağından ehtiyat edib sözünü yarımçıq kəsdi…
...Səfirliyin, addım səslərini udan döşənmiş dəhlizlərindən keçdikcə, hardasa buralarda - bu havasız, ölü binada ilişib qalmaq, addım səsləriylə bir bu yumşaq, səssiz dəhlizlərin canına çəkilib yoxa çıxmaq qorxusuyla özünü küçəyə saldı.
...Küçə adamla dolu idi. Adamlar yüngül geyimlərdə, açıq kafelərdən süzülən musiqi sədaları altında rahatca gəzişirdilər.
...Havası çatmırdı... Tini burulub Fəvvarələr meydanına üz tutdu. Bir neçə dəqiqə əvvəl qəhərlənib ayağa qalxanda, necəsə, gözünün ha yanı iləsə, almanlardan hansı birininsə dodağının səyirdiyini, üzündə məmnunluğa bənzər nəyinsə dolaşdığını duyduğunu xatırladı.
Bu ədəbaz müvəkkillərin allah bilir, neçə vaxtdan bəri intizarla gözlədikləri əlamətdar təslim aktının deyəsən həyata keçirmişdilər...
Siqaretini yandırıb fikirləşdi ki, bir daha bu miskin görüşləri yadına salmasın.
Bir müddət heç nə düşünmədən, sağ-solundan ütənlərin üzlərinə, ayaqqabılarına baxa-baxa yeridi...
Sonra nə oldusa, Qulam Hüseynliyə elə gəldi ki, gördüyü bütün bu ayaqqabılar həmin o alman ayaqqabı dükanının məhsuludu.
Ayaqqabıların hamısı, Vaysmanın ayaqqabısı kimi təptəzə və parıltılı idi, qatı açılmamış təzə dərilərinin cırıltısından qulaq tutulurdu.
Hamı alman ayaqqabısında idi. O da alman ayaqqabısındaydı.
Bu fikirdən ürəyi sıxıldı. Özünü evə çatdırıb bu təhlükə qoxulu ayaqqabılarından tezcə xilas olmaq istədi... Əlindəki siqareti bir yana tullayıb addımlarını yeyinlətdi.
Ən qəribəsi o idi ki, bütün bu miskinliyin, bu qaba ədalətsizliyin canında, həm də elə bil onun bu «zərərçəkənlik» vəziyyətinin əleyhinə işləyən nə isə də var idi. Qulam Hüseynli gedə-gedə fikirləşdi. Bütün qəddarlığı və əclaflığı ilə birlikdə Vaysman elə bil həm də nədə isə haqlı idi...

* * *

…Bir həftədən sonra Qulam Hüseynli alman müvəkkili tərəfindən başına gətirilən bu müsibətlə əlaqədar Alman səfirinə ətraflı məktub yazdı.
O biri həftənin axırı səfirlikdən cavab məktubu gəldi. Qulam Hüseynlini, ətraflı izahat üçün bu dəfə səfirliyə, mədəniyyət işləri üzrə müvəkkil Frau Zibek dəvət edirdi.
Onlar kiminlə, necə rəftar etdiklərinin ədalətsizliyini anlamışdılar... - Qulam Hüseynli təskinlik izində düşündü. Yüksək bədii fikirlərlə, kəskin, dolğun arqumentlərlə əsaslandırılmış məktub öz təsirini göstərməyə bilməzdi.
...Təyin olunan gün o, Vaysmanla “Ştrausun” simasında alman soyuqluğu, yersiz alman ədası ilə bağlı hazırladığı qısa, lakin tutumlu mətn sinəsində, səfirliyə gəldi.
...Girəcəkdə dəyirmi şüşənin arxasında oturmuş almanvari qadın həmişəki kimi asta səslə telefonla danışırdı, onu görüb söhbətini kəsərək:
- Eşidirəm... - dedi.
- Mənim saat 13-ə dəvətim var... - bu yerlərdə daim hüquqsuz, «səsi alınmış» vəziyyətdə dayanıb duran Qulam Hüseynli, bu dəfə səfirlikdən görüş barədə aldığı kiçik bildiriş vərəqəsini gizli qürurla qadına uzatdı. Qadın vərəqəni alıb etinasız üzlə nəzərdən keçirdi:
- Kim dəvət edib?.. - dedi.
- Frau Zibek. - Qulam Hüseynli dedi və qabırğasının altında çırtlamaq istəyən qıdığabənzər nə isə hiss etdi.
Qadın o biri telefonun dəstəyini götürüb hansısa düyməsini basdı, almanca qısaca nə isə deyib susdu, sonra dəstəyi yerinə qoyub həmin səslə:
- Görüşə dörd dəqiqə gecikmisiz. - dedi - Frau Zibek məşğuldu. Əlavə görüş üçün müraciət edə bilərsiniz...
...Qulam Hüseynli girəcəyin sol divarına vurulmuş dəyirmi saata baxdı.
Həqiqət ikiyə dörd dəqiqə işləyirdi...