Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

8 Июль 2007 г.

CAN ÜSTƏ

A.Məsud


Yataq otağının aralı qapısından həmişəki kimi onun xara üzlü yorğanı, çarpayısının yanındakı alçaq kətilin üstündə, suyu uzun müddətdən bəri dəyişilmədiyindən, balaca, bulanıq akvariumu xatırladan çapma stəkanı, çoxdan taxılmadığından, ölü balıq kimi stəkanın dibinə yatan protez dişləri görünürdü.
Dəhlizdə soyunduğum plaşın xışıltısından, ya bəlkə neçə vaxtdan bəri vurduğum ətirin iyindən, deyəsən o, bu dəfə də gələnin kim olduğunu hiss eləmişdi. Bunu onun, son ayların pəhrizindən çarpayıdan seçilməyən cansız ayaqlarının, yorğanın altı ilə, sualtı çəkisizliklə üzən tək, ləng gəzişmələrindən bilmək olurdu.
Mənim gəlişimi o, ötən dəfə də beləcə - başını balışdan ayırmadan, əvvəllər elədiyi kimi, azca da olsa, dikəlib aralıqdan görünən dəhlizə boylanmadan, elə gözüyumulu vəziyyətdə bilmişdi. Ötən dəfə də onu oyatmamaqdan ötrü otaq boyu barmaqlarımın ucunda gəzdikcə, o, özünü ölülüyə vurmuşdu. Guya halı xarab olmuşdu, o günü axşamacan, mən oturmaqdan yorulub üzülmüş vəziyyətdə evə gedənəcən, gözlərini bircə dəfə də olsun açmamışdı. Elə bil bu qurama ölüm halları ilə məni qorxudub bu evdən, ətrafından didərgin salmaq istəyirdi.
Bu dəfə otaqda ondan başqa iki nəfər də vardı. Deyəsən onun uzaq kənddən gələn qohumları idi. Kirpiyəbənzər çalsaç bir kişi, bir də qırmızıyanaq oğlan uşağı.
Kişi məni görcək yüz illər tanıdığı yaxın adamını görən tək:
- Yaxşı gəldin, halı bayaqdan çönüb. - dedi.
Qocanın halı bu dəfə deyəsən doğrudan pisləşmişdi. Burnu saralıb qarmaq kimi üzüaşağı uzanmışdı, gözləri dərin, qara çuxurlara batmışdı. Elə bil nəfəsi də gəlmirdi. Yarımaçıq ağzından, quruyub avazımış damağı görünürdü.
- Sabaha çəkər… - kişi ağzının içində, elə bil bu dəfə özü-özünə dedi, sonra çönüb böyründəki pəncərədən çölə boylandı.
Mən yaxına gəlib qocanın üzünə diqqətlə baxdım. Bu dəfə o, deyəsən doğrudan ölürdü. Ağır-ağır dərdiyi qısa nəfəslərinin içiylə hardansa uzaqdan gələn sızıltı dolu səsi eşidilirdi…
- Səidə hanı?.. - soruşdum.
- Qonşuya çıxdı. Həkimə zəng eləməyə getdi. Bayaqdan telefonu da kəsiblər. İş düyünə düşəndə, belə düşür. - kişi sözünü bitirib niyəsə mənə fərəhlə baxdı.
Qoca ötən dəfə də bu vəziyyətdə idi, amma danışırdı. Qızdırmalı adamlar kimi sayıqlayırdı, bir-birinə dəxli olmayan məntiqsiz cümlələləri təngnəfəs ardıcıllıqla sıraya düzürdü, arada bir elə bil bu can çəkişməsindən yorulub susurdu, göz qapaqlarını azca aralayıb bulanıq bəbəklərini otaq boyu gəzdirir, gözü mənə sataşanda, elə bil öz içində qəşş eləyib huşunu itirir, özünü qəsdən hansısa yeni qarabasmanın içinə salırdı…
Belə sayıqlamaları vaxtı bəzən onun öz yatağındaca, gözümüz görə-görə necəsə, bədəninin, ya üzünün hansısa hərəkəti ilə harasa ayrı məkanlara düşdüyünün, orda təbiətinə uyuşmayan əcayib işlərlə məşğul olduğunun - kimlərləsə gizli sövdələr qurub nələrisə, hansısa həyatəhəmiyyətli prosesləri səbir və gərginliklə izlədiyinin şahidi olurduq. Belə məqamlar, onun həqiqətən özündə olmadığını, yoxsa özünü məndən yayındırmaqdan ötrü bu kökə qoyduğunu nə mən, nə də Səidə bu neçə vaxtı heç cür müəyyən edə bilmirdik. Səidənin dediyinə görə, o, bircə məni görəndə bu kökə düşürdü. Mən gedəndən sonra özünə gəlir, balışına dirsəklənib, heç nə olmayıbmış kimi, dinməz-söyləməz şam sıyığını yeyirdi.
Dəfələrlə düşdüyü krizislərində - nəbzinin seyrəlib itdiyi, nəfəsinin qısılıb hardasa xirtdəyində son qapanmalarla pıqqıldadığı məqamlarda üstünə çağırılan həkim briqadasının, ətraflı müayinədən sonra başlarını qaldırmadan, bədgüman bir arxayınlıqla:
- Onu nahaq incidirsiz. Bu, daha bizlik deyil. – deməsindən, biz onun həqiqətən can üstə olduğunu anlayırdıq.
Lakin elə həmin o «canüstü» məqamlarında, onun heysiz, qoca əlinin, çarpayının kənarına əyləşib qoluna təzyiqölçənin rezin qolçağını bağlayan həkimin - orta yaşlı, dolu bədənli cavan qadının ağ biləyinə əqrəb kimi sarılıb, orda nəyisə acgözlüklə sümürən təki yığılıb açıla-açıla elə bil nə isə yediyini görəndə heyrətə gəlirdik… Onun bu xəstəhal qadın hərisliyinin bədnam izlərini, o öləndə də - son nəfəsi boğazında çalxanıb bitəndən sonra da ölü bəbəklərində görəcəyimizə nə mənim, nə də Səidənin şübhəsi yox idi. Lap bu yaxınlarda, həmin bu ölü halı ilə - ifadəsiz gözləri guya hansısa məchulluğa zillənmiş, cansız qolları çökək qarnının üstə lazımsız, quru ağac parçaları kimi atılmış vəziyyətdə uzandığı yerdə, birdən-birə onun sönük bəbəklərinin, yanına baş çəkməyə gələn qonşu qadının kök baldırına dikildiyini anlayanda da biz dəhşətə gəlmişdik. Onda biz bu cansız bəbəklərin, bizdən yayınmaqdan ötrü dikildiyi nöqtədən bilinər-bilinməz, cüzi bir tərpənişlə qadının baldırından yayınıb, yaxındakı qədim nahar stolunun yoğun ayağına usta bir fəndlə axmasından, onun hələ saysız-hesabsız həyat nöqtələrinin diri olduğunu anlamışdıq.
...Dəhlizdən səs gəldi. Gələn Səidə idi, içəri girib təngənəfəs halda:
- Düşə bilmədim. - dedi, sonra mənə baxıb, bayaqdan bəri burdaymışam kimi, salamsız-kalamsız - bəlkə maşınla gedim?.. - deyə soruşdu.
- Hara?.. - mən dedim.
- Təcili yardıma… - dedi, sonra başıyla atasına işarə elədi - Görmürsən yenə nə gündədi?!.
Səidənin rəngi solğun idi. Burnu qocanın burnu kimi nazilib uzanmış, gözləri çökəyə düşmüşdü.
- Guya həkim gəlib neyləyəcək, a bala?!. - kirpi-kişi dilləndi. - Tay üzü o yanadı. Yasini də bilirəm, qorxub eləmə, heç hara da gedəsi döyüləm. Bu bədbəxtin kimi var ki?.. Ata-anasının bircə oğluydu. Anası da, bu lap uşaq olanda ölüb. Ögey ananın umuduna böyüyüb yazıq. Bir əmioğlusu mənəm, mən də gəlmişəm. Onu torpağa tapşırıb dönəcəyəm.
Kişinin bu sözündən elə bil otağın döşəməsi əsdi. Ya bu bizə belə gəldi?!. Döşəməni, bayaqdan bəri yerinin içinə heykəl donuqluğuyla pərçim olmuş qocanın təkanabənzər anlaşılmaz nəriltisinin titrətdiyini, Səidəylə mən bir qədər sonra, qoca, öz nəriltisindən tutulan boğazını, xarab maşını işə salan tək, qəribə xırıltıyla arıtlayanda başa düşdük…
Qocanın nəriltisindən əmioğlunun üzündəki fərəh nəhayət ki, itdi…
- Görməli günlərimiz qabaqdaymış. - Səidə gözü atasında, batıq səslə dedi. Qocanın, bayaqdan bəri burda gedən söhbətlərə qulaq asdığını deyəsən o da başa düşmüşdü.
Əmioğlu ayağa qalxıb çarpayıya yaxınlaşdı, cibindən, deyəsən özüylə kənddən gətirdiyi güzgü parçasını çıxarıb qocanın ağzına tutdu, sonra üstünə silib yerinə qayıtdı.
- Lap az qalıb. - deyib nədənsə əllərini qaşıdı.
Səidə qocaya yaxın getmədi, yanında əyləşib qorxudan bərələ qalmış gözlərini atasına zillədi. Son günlər onun dəhşətli qorxu hissi keçirdiyini, üzünün çaşqın ifadəsindən, irilib ağara qalan gözlərinin çevik, anlaqsız baxışlarından, səsinin içiylə ötüşən zəif titrəmələrdən bilmək olurdu.
Səidənin gözləri hələ ötən dəfədən – qoca, huşu özündə ikən, balışına söykənib yarıoturaq vəziyyətdə oturaraq qurtum-qurtum çay içən zaman, mənim qəfil sualımdan çeçəyib qaynar çayı üstünə dağıdanda, göyərib nəfəsi itə-itə əcaib öskürək tutmasında boğulandan beləcə ağara qalmışdı. Onda qoca bir xeyli bu gedər-gəlməz öskürək tumasında boğulub axırda ölmüşdü… Nəfəsi itmiş, gözləri harasa yuxarı diyirlənmişdi, bir az sonra isə başı cansız vəziyyətdə balışın üstünə düşüb qalmışdı.
...Lap birinci dəfə isə, hələ mənim sualımdan çox-çox qabaqlar, onun evin içində gümrah addımlarla gəzib-dolandığı vaxtlarında, məni mehriban üzlə qarşılayıb evdəkilərin əhvalından bir-bir xəbər tutandan sonra, Səidə mətləbi açıb, onun həyatı barədə yazı yazmaq istədiyimi deyəndə o, pis günə düşmüşdü. Rəngi qəfildən ağarmış, üzündə ölüm qorxusunu andıran qorxunc ifadə dolanmışdı. Ayağa qalxıb ehmal addımlarla sakitcə otaqdan çıxmış, hamama girib bir xeyli orda gizlənmişdi.
- Sən heç can verən adam görməmisən?.. - qoca eşitməsin deyə, lap astadan soruşdum.
Səidə mənə baxmadan, nədənsə peşiman olmuş kimi başını buladı. Sonra biz bir il bundan əvvəl həmin bu otaqda, qocanın pərçim olduğu həmin bu yatağın içində, uzansa öləcəyindən qorxub gecə-gündüz dimdik otura-otura ölümə mətanətlə sinə gərən rəhmətlik Xədicə xalanın can verməyini xatırladıq…
Yeriyəndə addımlarının zərbəsindən ev titrəyən, yoğun səsindən həyətin uşaqları göz qırpımındaca yoxa çıxan, blokda tutduğu yekə siçovulları nəhəng yumruğuyla yerindəcə əzib öldürən əzəmətli Xədicə xalanın, ölümünə bir neçə saat qalmış üzündəki yazıq ifadə ilə, nazilib incə qız səsinə çönən heysiz civiltiylə:
- Qorxuram, a bala… yaman qorxuram… - deməyini, ağır-ağır nəfəs dərib döşəməyə, niyəsə xilas yerinə baxan kimi baxdığını yadımıza saldıq…
Onda Xədicə xalanın üzünün vahiməsindən, Ölümün darısqallıq dolu havasız keçidinin hardasa lap yaxınlıqda olduğunu, necəsə, hər ikimiz duymuşduq. Bu, geriyə yolu olmayan, sonsuz, dibsiz, əbədi qaranlığa qədəm basmağın xofuna bənzər bənzərsiz bir qorxu hissi idi…
Sonra mən, bir vaxtlar, pəncərələri dörd bir yandan açıq olan havalı evimizdə, öz yatağının içində, suda batan təki boğulan, boğula-boğula da, hardasa mənim yan-yörəmdə gördüyü kimlərəsə mehriban-mehriban əl eləyən xalamın can verməyini xatırladım… Həmin o gün xalamı, elə bil onun, sevinə-sevinə əl elədiyi ən yaxın adamları boğdular və o gün mən, xalamın məhrəm bir arxayınlıqla pənah apardığı yaxın adamlarının getdikcə ona yaxınlaşdığını, başının üstə durub üzünə lap yaxından baxdığını dəqiq hiss eləmişdim, xalamın, lap son nəfəslərində, dəhşətdən bərələ qalmış gözlərlə kimlərləsə üz-üzə, gözə-gözə qaldığını öz gözlərimlə görmüşdüm…

* * *

- Kişi sənin sualından bu kökə düşdü. - Səidə bir qədər sonra, biz ikilikdə mətbəxdə oturub axşam yeməyinə düyü arıtlayanda dedi.
Mən günahkar kimi çiyinlərimi çəkdim:
- Mən nə dedim axı?..
Qocanın, həyatında nə vaxtsa baş verən nələrdənsə – olsun ki, bizim bilmədiyimiz hansısa bağışlanmaz günahlarından, bircə özünün bildiyi cinayət havalı naməlum sirlərdən ölümcül dərəcədə qorxması, açıla biləcək hansısa məxfiliklərin izlərini, az qala ölümü ilə ört-basdır etmək səyləri, onun barədə yazdığım yazının, mən düşündüyümdən daha ciddi və dərin mənalar daşıdığından xəbər verirdi. Ağır müharibə illərində təhsilini başa vurub birbaş kəndə yollanaraq, orda öz tələbə təcrübəsi ilə ucqar, yoxsul kəndin böyük bir kolxozuna sədrlik etməsi, sonradan o rayonun icra başçısı işlədiyi dövrlər atın belində kəndlərin daş-kəsək yollarıyla gəzib buğda bölümünə nəzarət etməsi, ön cəbhədən yayınan fərariləri məharətlə tapıb hərbi komissarlığa təhvil verməsi, əsgər ailələrinə, xüsusən göyçək dul qadınlara «qayğısı» barədə mən, hələ lap uşaqlıqda Xədicə xaladan eşitmişdim. Hələ onda, sözü üzə şax deyən bu saya arvadın da ərinin keçmişi barədə söhbətlərində hansısa məqamların üstündən - qorxunc, dibsiz uçurumların üzərindən ötən tək, qəribə bir ehtiyatla sivişdiyini, nələrinsə böyründən ustalıqla ötüşdüyünü duymuşdum.
...Biz otağa qayıdanda əmioğlu çarpayının ayaq tərəfində oturmuşdu əllərini dizlərinin üstə qoyub, ağzının içində deyəsən yasin duasını oxuyurdu. Uşaq səsi alınmış televizorun qabağındakı kresloda oturduğu yerdə yuxulamışdı.
Qoca bayaqkı vəziyyətdə idi. Üzü indi də, rus nağıllarının qorxunc qəhrəmanının - Ölməz Kaşşeyin qəzəbli simasını andırırdı. Bayaqdan bura elə bil qəribə bir qeyri-mütənasibliklə bir az da kiçilmişdi, yağını qızmar tavada əridib yığılan yağlı balıq tikəsi kimi hissə-hissə ərimişdi…
Biz otağa girəndə, onun quru, sümüklü barmaqları pianonun dillərində çalan təki, çökək qarnının üstə aramla qalxıb-enir, elə bil kiməsə, nə barədəsə anlaşılmaz işarələr verirdi…
Keçib bayaqkı yerimizdə - çarpayıyla üzbəüzdəki stolun arxasında əyləşdik. Burdan baxanda, bu cansız əllər qumsal səhraların günü altında susuzluğun yandırıb qurutduğu səhra əqrəblərini xatırladırdı. Həmin bu «əqrəbləri» mən ötən gecələrdən birində yuxuda, əlimdə çəkmə tayı, uzun müddət yarıqaranlıq otaqların içiylə vurnuxa-vurnuxa öldürməklə məşğul olmuşdumsa da, onları öldürə bilməmişdim. Bu qısa, çevik ayaqlı həşəratlar ətürpədən sıçrayışlarla otaq boyu o yan-bu yana qaçışır, dəlmə – deşiklərə soxulub orda görünməz ağızlarıyla nələrisə tələm-tələsik altdan-altdan çeynəyib üyüdürdülər. Mən bütün yuxunu onları çəkmə taylarıyla, yaxud döşəmədə, daş ütünün ağırlığı altında yaxalayıb əzirdimsə də, onlar hər yerdən öz yenilməz, ülgüc itiliyi ilə sivişib çıxır, tüklü ayaqlarıyla böyür-başımdan qaçırdılar…
Mən, ümumiyyətlə, son vaxtlar tez-tez onunla bağlı qəribə, yarıqaranlıq yuxular görürdüm. O, daim bu yuxularda mənim ha tərəfimdəsə ciblərində eşələnir, ordan tapıb çıxardığı xırda kağız-kuğuzun içində elə-bil hansısa vacib sənədi axtarırdı…
…Səidə çay gətirib stolun üstünə düzdü.
- Düyü asmışam. - dedi. - Bir azdan hazır olar.
Əmioğlu Səidənin bu sözünə haçandan-haçana, duasını bitirib stulunu nahar stolunun yaxınına çəkərək, qabağındakı buğlu çaydan bir qurtum alandan sonra:
- Neynək. - deyə cavab verdi.
Mən çayı mürəbbəsiz içdim. Otağın həmişəki kif qoxusunun mürəbbəyə də hopduğuna şübhəm yox idi.
Bu qoxunun, gündüzlər Səidə işdə olanda qocaya baxmağa gələn dayədən - Səidəgilin uzaq qohumu, balaca, tumgöz gəlindən də gəldiyini hiss eləmişdim. Bu iydən Səidənin də halı çönürdü, evə girən kimi qapı-pəncərəni açıb otaqlara havanı təzələyən dezadorant fışqırdırdısa da, kif qoxusunun buxar mədliyini andıran şəffaf dumanı havatəzələyənin şux ətrini bircə saniyənin içində əridib udurdu.
Bəzən mən bu qoxunu, otaqların içiylə yeriyəndə, üzümün, boynumun dərisiylə də duyurdum. Bu qoxunun otaqlar boyu hardansa yuxarıdan, şəffaf tül pərdə kimi üzüaşağı asıldığını, yeridikcə onun içindən, soyuq alov dilimlərindən keçən tək keçdiyimi də hiss eləyirdim.
…Dayənin dediyinə görə otaqların havasını o, gündə bir neçə dəfə dəyişirdi. Üzü dənizə baxan dördlaylı pəncərələr, onun dediyinə görə, gün ərzində bir enç dəfə taybatay açılır, dəniz tərəfdən gələn balıq qoxulu dəniz küləkləri otaqların içində oynayırdı.
Olsun ki, dayə də bizi aldatmırdı. Bu qoxunun özünəməxsus rənginin olduğunu, deyəsən o da anlamışdı, hələ bir neçə ay bundan əvvəl, qoca yatağa düşməmişdən əvvəl əlini tez-tez divarların kağızına çəkərək:
- Bir vaxtlar bu kağızlar açıq sarı idi… - deyib qəribə təəssüflə üzümüzə baxırdısa da, nə Səidə, nə də mən, onda onun nəyə işarə vurduğunu anlamırdıq…

* * *

-…Elə bil nəfəsi dayanıb… - Səidə ağarmış bənizi ilə indi də qocaya yaxından baxırdı.
Burdan baxanda onun yarımaçıq quru ağzı - çoxdannan bəri ayaq dəyilmədiyindən yolu, cığırı quruyub itmiş sirli bir ərazinin girişini – qədim, qorxunc dərinliklərə aparan əfsanəvi mağar girəcəyini andırırdı...
- Nəfəsi gəlir hələ. - əmioğlu çayını birnəfəsə içib stəkanı nəlbəkisinə qoymuşdu, indi mürəbbəsini yeyə-yeyə, qocanın, kitab şkafının üstünə qalanmış «tarixi qovluqlarına» baxırdı. Mürəbbəni başa vurub geriyə söükənərək:
- Ay mənim alim əmioğlum. Zəhmətkeş qardaşım - deyib elə bil özü-özünə təsirlənirdi.
…Mənsə, Xədicə xalanın, il uzunu ağır bədəni ilə kətilin üstünə qalxıb tozlarını bir-bir ehtiyatla sildiyi bu qovluq qalağından o biri otaqlarda da bol olduğunu yaxşf bilirdim. Dəfələrlə, evi başına götürüb darısqallıq yaradan bu tozlu qovluq qalağından xilas olmaq üçün onları iki-bir gizlicə zibilliyə atan Xədicə xalanın. qocanın qəzəbinə tuş gəldiyinin şahidi də olmuşdum. Bu özbaşınalığına görə, evi aylarla pulsuz qoyan qocanın uzun müddət arvadını dindirməməsinin səbəbindən, Səidəylə mən həmişə sonralar, qovluqlar yerinə qayıdandan sonra, qocanın ürəyi yumşalanda xəbər tuturduq.
- Səhər-axşam yazır bala. - Xədicə xala günah dolu üzüylə nagüman halda elə deyirdi, elə bil öz dediyinə həm də şübhələnirdi - Deyəndə də deyir, çörəyim bunnardan çıxır.
Bu qovluqların yazılma prosesini illər uzunu mən də görmüşdüm. Təqaüdə çıxandan sonra onun həmin qaydada - işlədiyi vaxtlardakı kimi sübh tezdən oyanıb. işə tələsən adamlar kimi, üzünü hər səhər taraş etməsini, sonra öz parad formasında - nişastalı ağ köynəyində, qalstukunda yazı masasının arxasına keçib, orda səhərdən-axşamacan, bir gözü küncdəki televizorda, bir qulağı masasının üstündəki balaca əl radiosunda, fasilə vermədən, qəribə bir həvəslə işləməsi, məndə hələ o vaxtdan, il-ildən artıb çoxalan bu yazılara maraq oyatmışdı. Əslinə qalsa, onun barədə yazı yazmaq fikrini də mənə, həmin bu sirli qovluqlar təlqin etmişdi.
Səidənin dediyinə görə, bu qovluqlar qocanın, hansısa tarixi mərhələ dövrünə aid yazdığı fundamental elmi əsr idi. Mənə isə nədənsə elə gəlirdi ki, qoca həmin bu qovluqlara, öz həyatı barədə yazdığı sirli xatirələrini yığır. Çünki bu adamın, evindən, ailəsindən çox, həmin bu qovluqlara bağlandığını, elə bil onlarda yaşadığını, orda öz rahat yuvasında gizlənən tək gizləndiyini, necəsə, hələ lap uşaq yaşlarımdan hiss eləmişdim.
…Səidə başını qoluna qoyub deyəsən yuxuya getmişdi. Əmioğlu da oturduğu yerdə geriyə asılıb, müvazinətini itirmədən mürgüləyirdi.
Ortaya düşən anlaşılmaz fasilədən, ya dörd bir yanımda uyuyanlar içində qəfildən duyduğum qəribə azadlıqdan, ya nədənsə birdən-birə bu əlçatmaz, sirli qovluqlara toxunmağın mümkünlüyünü anladım… Ayağa qalxıb onlara sarı getmək istəyirdim ki…
-…Odu bax, onu deyirəm… köpək oğlu!.. Tutun onu!.. Tez olun!.. - deyə kimisə köməyə çağıran qocanın səsi otağın ağır sakitliyində güllə kimi açıldı…
...Yatanlar da, mən də dik atıldıq.
Qocanın yumulu gözləri, yumulu vəziyyətdəcə bərəlmişdi… həmin o yumulu gözlərlə o, kiməsə qəzəblə baxırdı…
- Başlandı… - əmioğlu yuxusuzluqdan qızarmış gözlərini ova-ova dedi.
- Nə başlandı?.. - Səidənin onsuz da solğun bənizinin rəngi tamam qaçdı.
Əmioğlu başıyla qocanı göstərib:
- Adətən belə başlnyır… - dedi. - …tay o tərəfin astanasındadı.
Bir istədim kişidən, onun nə vaxtsa, hardasa mürdəşir işləyib-işləmədiyini soruşam, Səidəyə sarı əyilib:
- Bunun reportajlarından lap çərlədik. - dedim.
Qoca bir də, bu dəfə içini lap dərindən çəkdi… sonra onun, qoz qabığını andıran qaramtıl bürüşlü göz qapaqları qala qapıları kimi ağır-ağır aralandı, ordan, onun nə vaxsa lap çoxdannan köhnəlib saralmış bəbəkləri göründü…
O, yenə kiməsə baxırdı… baxa-baxa, nəfəsi darala-darala deyinirdi:
- …ötən dəfə göstərmişdim axı sənə… ay mağmın!.. Get, Qafarı çağır… - qoca indi də niyəsə əcnəbilər kimi, qəribə, sınıq ləhcəylə danışırdı.
«Qafar» adını eşidəndə əmioğlu yerində qurcalandı:
- Bay dədə!.. Qafarı deyir… - işıltılı gözlərlə gah qocaya, gah bizə baxdı - Qafar əmioğlumuzu deyir… İnişil ölüb… Bax, indi onu çağırır… demək tay çatıb… - gözünü qocadan çəkmədən dedi.
- …Xasayı da çağır… - qoca boğula-boğula dedi - qoy o açsın… bunun dilini bircə o bilir.
- Xasay kimdi?.. - həyəcanla soruşdum.
Əmioğlu mənə baxmadan, əli ilə haranısa arxanı göstərə-göstərə:
- O da bizlərdəndi… - dedi, sonra üzümə baxıb qəribə bir avazla - …O da o üzdədi. - əlavə elədi.
…Həyəcandan dizlərimin boşaldığını hiss elədim…
Qocanın, neçə aydan bəri boğulub ölə-ölə, məndən gizlətdiyi sirləri, deyəsən, özü-özünə açılmaq istəyirdi…
- Hə… hə.. - qoca indi də nədənsə yanıb yaxıla-yaxıla, əsəbi-əsəbi nərildəyirdi, ifadəsiz bəbəkləri, işə salınmış tək, gözlərinin içiylə hərlənirdi… - …sən elə fikirləş… sən saydığını say…
Qocanın bəbəkləri istidən, ya elə bil nəyinsə ağırlığından əzilib, əriyib xəstələnmişdi…
…Səidə ehmalca yatağın kənarına oturub atasının əlini əlinə aldı…
- Bala, sən orda oturma… keçinər, qorxarsan… - əmioğlu bərkdən dedi və onun bu sözündən qocanın halı lap dəyişdi. O, üzünü divara çevirib, kamança səsini andıran qəribə bir iniltiylə inildəməyə başladı.
Səidə diksinib ayağa qalxdı, doluxsunduğunu gizləməkdən ötrü üzünü yana çevirib o biri otağa keçdi.
- …Yığışdırın bu adamları burdan… - qoca indi də üzüdivara sayıq-layırdı… - …keçin burdan… keçin-keçin! Burda dayanmaq omaz!..
Əmioğlu mənə, mən ona baxdım.
- Sayıqlayır, bala, qorxma … - o dedi - …hələ çəkəcək.
- Demək hələ astanada deyil?.. - soruşdum. Həyəcandan başımı itirmişdim…
- Yox hələ. - əmioğlu qətiyyətlə deyib, üzündəki gümrah ifadə ilə əvvəl mənə, sonra bayaqdan bəri gözü televizorda, oturduğu yerdə mürgüləyən uşağa baxdı.
…Çarpayıya yaxınlaşıb yaxındakı kətilə əyləşdim, əyilib qocanın üzünə lap yaxından baxdım:
- Burnunun ucu nazilib, həm də ağarıb… - dedim - anam da, keçinməyinə bir saat qalmış bu sifəti almışdı…
Bu sözümdən sonra qoca üzünü mənə çevirdi, ağır göz qapaqlarını qaldırıb gözümün içinə baxa-baxa, qəribə yazıq bir pıçıltıyla:
- Nə istəyirsən məndən?.. - dedi.
Dəhşət içində ayağa sıçradım… Əmioğlu da mənimlə bir ayağa qalxdı:
- Qorxma, bala, sayıqlayır. - dedi – Can üstə belə olur həmişə.
Qocanın ifadəsiz gözləri hələ də məndə idi.
Bu gözlərdə, pəsdən eşidilən canavar ulartısını andıran qorxunc, sarımtıl işartılar sezilirdi…
Yerimi dəyişdim. Qocanın gözləri mənim bayaqkı yerimdə qaldı… elə bil söndü… Yenə ortaya uzun-uzadı gərgin sakitlik düşdü.
Qocanın bu sirli «gizlənpaç oyunu» məndə, evin dörd bir yanında qiymətli pul bağlamaları kimi səliqəylə üst-üstə qalanan qovluqlara marağımı bir az da artırırdı.
Otağa göz gəzdirdim. Əmioğlu anlaqsız gözlərlə televizorun səssiz ekranına zillənmişdi. Özümü toplayıb ayağa qalxdım və illərdən bəri toxunulmağı yasaq olan qovluqlara sarı getdim… Əl atıb birini götürdüm, yerimə qayıdıb, düyününü çəkdim.
Düyünün çəkilməyi ilə, qovluğun içində illərdən bəri gərilmiş kağız qalağının, yumşaq kart dəsti kimi stolun üstünə dağılmağı bir oldu.

Əlimə keçən səhifəni oxudum…
…Əvvəli səhifənin başında başlayıb, getdikcə harasa aşağı, vərəqin ortasına enən, əyri-üyrü hərflərlə yazılmış sözlər, cümlələr, yazıdan çox, ayağı hansı möcüzəyləsə mürəkkəbə batan kəpənəyin səhifə boyu gəzişməsini andırırdı.
Höccələyə-höccələyə bir neçə cümləni oxudum.
Nə vaxtsa 50-ci illər xəbərlər proqramında gedən mətnlərin adda-budda, nizamsız köçürmələri olduğunu, o dövrlərin tarixi terminologiyasından anladım. Səhifələrin çoxu elə belə də başlayırdı:
«Axşamınız xeyir, əziz tamaşaçılar…»
Vərəqləri tez-tez səhifələyib o üz-bu üzə çevirdikcə, Sov. İKP qurultaylarının materiallarından, tarlalarda gedən səpin işlərinin vəziyyətindən, sosializm yarışından, doqquz uşaq anasının manqa başçılığından xəbər verən qırıq, məzmunsuz cümlələr, bu saralmış səhifələrdə diktor mətnindən çox, kiminsə, həyatsevər insanın ölümqabağı sayıqlamaların stenoqramını xatırladırdı…
O biri səhifələri vərəqlədim. Vərəqin birində səhifənin ortasından: «ey… nazənin gözəl, sənin ilmə-ilmə saçlarındır…» - sözləri yazılmışdı.
Sözlərin altından qığılcım işartılarını andıran ucuiti hərflərlə: «…rekordunu başa vurdu… Ərəfat dağının altı ilə gedən yol boyu…» - nun ardınca isə, «sən özün öləsən…» sözləri, sonra yenə neçə-neçə əlaqəsiz sözlər, cümlələr gedirdi…
-…əl vurma… əl çək… yalvarıram… işin olmasın… Axı nə istəyirsən?.. Nə istəyirsən məndən?.. - qoca yenə boğula-boğula sayıqlayırdı. Həm də elə bil mənimlə danışırdı…
…Hiss elədim ki, vahimədən, ya xofdan, başımın tükləri qabardı…
…Qoca bu dəfə mənə baxmırdı… yalvarış dolu gözlərini tavana zilləyib elə bil Allaha yalvarırdı…
-…bir də eləmərəm… keç günahımdan… eləmə… Dəymə, rahat burax məni… dəymə onlara …
Əmioğlu başını aşağı dikib cibindən çıxardığı nəm yaylığını gözlərinə basmışdı.
- O nəyi deyir?.. - astaca soruşdum.
- Ona dəyirlər. - əmioğlu qəribə alim ədasıyla dedi.
- Kim?..
- Belə şeyləri bilməsən yaxşıdı, bala. Cavansan, nəyinə gərəkdi? - kişi deyib yaşlı gözlərlə pəncərədən, qaranlıq, kimsəsiz küçəyə baxdı.
…Mən ayağa qalxıb şkafın üstündən bir-iki qovluq da götürdüm, gətirib onları da stolun üstünə qoydum və düyünlərini çəkdim.
…Heyrətdən bədənimdən soyuq gizilti keçdi. Bu qovluqlar da o birilərindən idi…
«…sabahınız xeyir, əziz dinləyicilər…» sonra cümlə qırılırdı, o biri cümlə yenə ortadan başlayırdı «…Sevastopolun qarlı düzənləri ilə… həqiqət də bu idi… niyə onu buraxmadılar ki…»
-…səni deyirəm, səni!.. – qocanın, sakitliyi qəfildən pozan, ağır, köhnə qapı cırıltısına bənzər səsindən ikimiz də dik atıldıq…
…İndi onun hər iki gözü açıq idi… rəngi bozarmış bəbəkləri gözlərinin içiylə, tələyə düşmüş kimi hərlənir, elə bil qırağa sıçramaq istəyirdilər… Qoca özündə deyildi, narahat bəbəkləri yenə kiməsə qəzəblə baxırdı… İndi o, sözlərini zorla, getdikcə itən nəfəsinin altından, hansısa keçilməz darısqallıqlardan çəkib çıxaran təki gətirirdi…
- …o dəfə dedim axı… dedim ki, gəlmə… Gəlmə… Gəlmə!!.. - qoca deyib. gizlənən təki, üzünü divara çevirdi, orda lap astadan:
-…qorxuram səndən… o dəfə dedim axı, qorxuram… özün də bilirsən necə qorxuram…
…Vahimədən bədənim üşündü…

* * *

...O axşam qocanın bu son sayıqlamalarının mənə, yoxsa əmioğlunun dediyi kimi, O dünyadan onun ardınca gələn hansısa mötəbər elçiyə aid olduğunu nə o gün, nə də sonralar, nə mən, nə də Səidə müəyyənləşdirə bilmədik.
Qoca səhərə yaxın qəribə, şirin bir mışıltıyla keçindi.
O keçinən zaman otaqda məndən başqa hamı yatmışdı. Səhərə az qalırdı. Mən, yük maşınına sığacaq «tarixi» qovluqların içində eşələnirdim. Burda yazılanların, qocanın canüstü sayıqlamalarının davamına, ya əvvəlinə bənzədiyindən donub qalmışdım… Heç bir mənası, məntiqi ardıcıllığı olmayan bu sözlərdə, həm də qəribə idi ki, bizl\rin anlamadığı hansısa yad qanunauyğunluqlarla yaşanan ağrılı, sirli həyatın havası duyulurdu. Həmin səhər qocanın keçinməyindən mən tamamilə təsadüfən, hardasa yaxınlıqda kiçik kilidəbənzər nəyinsə səliqəli bir çırıqqıltıyla açılmasına, ya bağlanmasına bənzər səsə başımı qaldıranda xəbər tutdum və onu, cansız gözlərini iri-iri açıb üzümə baxan yerdə görmüşdüm.
Mən yatanları oyadanda artıq gün çıxmışdı.
Səidə niyəsə ağlamadı, ağappaq bənizi ilə otaqları gəzib dolaşa-dolaşa güzgülərin, şüşəli bufetlərin üzlərinə süfrə çəkdi. Əmioğlu bir xeyli qocanın üzü ilə məşğul oldu. Əvvəl heç cür bağlanmaq istəməyən göz qapaqlarını basa-basa axır ki, yerinə oturtdu, sonra ağ dəsmalla çənəsini bərk-bərk çəkib axır ki, bağladı
Məsciddən maafa gələnəcən mən çarpayının yaxınlığındakı kətildə oturub, qocanın dəqiqəbədəqiqə dəyişən, qanı çəkildikcə məsumlaşıb gözəlləşən üzünü müşahidə etdim…
…Son anda, evdən çıxarılmaqdan ötrü, üstündəki yorğana, bələyə bükülən tək büküləndə, onun üzü gəncləşib məsumlaşmışdı, bu dünyadan, ömrünün ən gözəl çağında, heç nə eləməyə macal tapmamış, nakam çağında köçən bakirə oğlan üzünə çönmüşdü...
Mənsə bu sirli oğlan barədə yazdığım yazımı tamamlamaqdan ötrü Səidədən, evi başına bürüyən bu qovluqları özümlə evimizə aparmağın icazəsini almışdım…