PROSES ADAM
Kimlərsə - ən doğma, ən yaxın adamlarım belə, gözlərinin həqiqətinə özlərindən daha çox bel bağladığım fikir, hiss doğmalarım belə haralarasa çönür, yön alır, hansısa irili-xırdalı proseslərə qoşulurlar…
Dörd bir yanım proseslərlə doludu. Gümrah, iyrənc, miskin, təmiz, neytral proseslər...
Bəzən mən o proseslərin, isti yel axınına bənzər istiqamətlərini, axma sürətini, başlanğıc və qurtaracaq nöqtələrini də duyuram…
Mənimsə heç hara getməyə həvəsim yoxdu. Mən özüm prosesəm...
YADDAŞ MANEVRLƏRİ
Tez-tez yuxuda - ikicə saat əvvəl ayrıldığımız real həyatımızı - kimliyimizi, yaşadığımız şəhərin iqlimini, işlədiyimiz idarənin rəngini, ata, ana olduğumuzu, uşaqlarımızın üzünü, evimizin divarlarını, valideynlərimizin artıq on beş-iyirmi il bundan əvvəl dünyalarını dəyişdiyini unudub zərrəcən çaşmadan, təəccüblənmədən, heç vaxt görmədiyimiz yad mənzillərdə, tanımadığımız şəhərlərdə yaşayır, uzun illərdən bəri qəbirlərini dönə-dönə ziyarət etdiklərimizlə üzbəüz əyləşib çay içir, hansısa körpələrə yiyəlik edir… bəzən də döşəmədən ayrılıb qarnımız yerə dəyə-dəyə, nəfəsimiz itə-itə uçur… səhərlər isə bu gizli yaddaş manevrlərimizi asanca unudur, burnumuzun ucunda gedən bu gündəlik ilahi aktlara azca da olsa, heyrətlənmirik...
QORXULU MİLLƏT
Keçən həftə oğlumla bulvarda gəzərkən təsadüfən daxil olduğum üfunət qoxulu heyvanxanada birdən-birə nə isə doğma, tanış bir mühitə düşdüyümü hiss etdim…
…Baxımsızlıqdan, sıxıntı dolu natəmizlikdən üzülüb dar qəfəslərindən müdrik insan gözləri ilə bizə baxan balaca, yalqız meymunlar, əsəbi dələlər, qorxaq dovşanlar, hikkəli tovuzquşular qorxulu bir ölkənin sakinlərinə - millətə oxşayırdılar…
İNTİHAR
Dünyanı duyğularıyla qavradığına görə sevdiyim Roma filosofu Senekanın fikrini ilk dəfə, təsadüfən ingilis filosofu Frensis Bekonun, hissiyyat və duyğu aləmindən uzaq, soyuq beyin məhsulu olan “Hər şey barədə” adlı kitabının arxa hissəsindəki izahlı lüğətdə, minlərlə informativ sözlər arasında oxuyarkən, mən - akademik sakitliyi ilə ürək üzən darıxdırıcı qiraət zalının ortasında, qəfildən, gözəl bir gəncin, hamının gözü qarşısında intihar etməsi hissini yaşadım…
FƏXRİ XİYABANIN SİRLƏRİ
Bir cür zəhər qoxulu çiçəklər də var ki, onlar yalnız fəxri xiyabanda, soyuq əzəmətləriylə ayrı-ayrı muzeylərə oxşayan möhtəşəm qəbirlərin böyür-başında bitir... Bəzən acı badam qoxusunu andıran bu qoxunu xiyabandan çox-çox kənarlarda duyur, bir çox görkəmli sənətçilərimizin fəxri xiyabanda basdırılmaq arzusu ilə yaşayıb-yaratmaq əzmini, bu qoxunun anlaşılmaz, izahsız ecazı ilə bağlayıram...
KÜTLƏ MƏHƏBBƏTİ
Kütlə sevgisi - sahili olmayan qorxulu, bulanıq dənizin ucsuz-bucaqsız, məhrəm ağuşuna bənzəyir…
NARINCI HÖRÜMÇƏK
Srağagünkü yuxumda, balışımın üstü ilə büdrəyə-büdrəyə qaçan axsaq, narıncı hörümçəyi, bu səhər idman elədiyim otağın divarıyla qaçan gördüm. Balaca hörümçək həmin o çolaq yerişiylə büdrəyə-büdrəyə elə qaçırdı, elə bil çaşıb çıxdığı yuxunun qapısını axtarırdı.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
вторник, 10 июля 2007 г.
на 09:00
Комментариев нет:
Отправить комментарий