QƏZA
Yataq otağı isti və sakit idi. Bircə ara-sıra həyətdən pişiklərin həyasız çığırtısı eşidilirdi. Elə bil hər gecə kimsə pişikləri zorlayırdı. Belə gecələr əri evdə olmayanda nədənsə ona elə gəlirdi ki, pişikləri zorlayan əridi.
…İşığı keçirib soyundu, gecə köynəyini geyib çarpayıya oturdu. Sonra təzədən qalxıb işığı yandırdı. Üzünü kremləmək yadından çıxmışdı. Güzgünün qabağında əyləşib kremin qapağını açdı. Fikirləşdi ki, gör bir neçə ildi bu kremdən alıb evə yığır, səhər-axşam üzünə yaxır. Hesablayıb üst-üstə yığsan, yəqin üç litrlik balon eləyər. Gör bir bu üzü neçə kilo krem yeyib?!..
Kremi həvəssiz-həvəssiz üzünə çəkib barmaqlarının ucuyla gözlərinin altını, alnını ovdu. Hər belə massajdan sonra üzü elə bil bir az da çox qırışırdı. Massajı düz eləmirdi, nədi?! Ya bəlkə arıqladığından üzü yığılıb qırışırdı?! Axır nə idisə, çox ürəkbulandıran mənzərəydi.
…Qalxıb işığı keçirdi, qıçlarının əzələsi küt-küt ağrıyırdı... Yadına düşdü ki, iki gündü idmanla məşğul olmur. Odu ki, uzandığı yerdəcə, ayaqlarını qaldırıb salmağa, müxtəlif hərəkətlər eləməyə başladı. İdman elədikcə bədəni, saçının dibi tərləyib gicişdi. Əsəbi-əsəbi fikirləşdi ki, normal adamlar idmanı səhərlər eləyir, sonra duşun altına girib çimir, səhər yeməyi yeyir və sair. O isə səhərlər xalatını əyninə keçirməyi zorla çatdırırdı. Üç uşağı yedirtmək, geyindirmək, ərini yedirtmək, geyindirmək...
Əri elə bil iflic idi. Yemək verirdin yeyirdi, vermirdin, acından ölürdü. Təmiz köynək, corab, ütülü şalvar verirdin, geyirdi. Vermirdin, elə çirkin içində gəzirdi. Demək ərinin də anasıydı. Bütün evin anasıydı.
...Ürəyi pis-pis bulandı. Fikirləşdi ki, daha ana olmaqdan bezib. Sonra fikirləşdi ki, bəs nə olmaq istəyir indi?.. Fikirləşdi ki, bəlkə idmanı-zadı tullasın bir yana?! Dieta-zad da cəhənnəm olsun. Dieta saxlayandan bəri əsəbləri lap korlanıb. Xörək iyi gələndə bədəni, əl-ayağı əsir. Bu nə müsibətdi axı?! Kökəlir, belə cəhənnəmə kökəlsin, üzü qırışır, lap belə dünəndən qırışsın, saçı tökülür, lap belə keçəl qalsın, sonra?! Kimə lazımdı onun görkəmi, bütün bunları kimə xoş gəlmək üçün eləyir axı?!.
...Ayaqlarını tərpətdikcə çarpayının taxtaları elə cırıldayırdı, elə bil altında aramla quru ağac sındırırdılar... Fikirləşdi ki, bax, həmişə belədi, indi nə qədər ki, yuxuya getməyib, əri gəlib çıxmaq bilmir. Elə ki, gözünə yuxu gedəcək, o dəqiqə qapı tıqqıldayacaq, o da dik atılıb oyanacaq, ürəyi döyünəcək, qalxıb yuxulu üzüylə, pırtlaşıq başıyla qapıya gedəcək, gözlükdən baxıb ərinin qorxudan rəngi avazımış məzlum üzünü görəcək. Sonra əri içəri girib gözünün yanıyla onun üzünə, yuxulu baş-gözünə baxacaq. Onun vür-vücudu da asılı olacaq onun qapı döyülənəcən yatıb gördüyü yuxunun məzmunundan. Ya ərini sorğu-suala tutub deyinəcək, ya yerə-göyə qarğış tökəcək, ya da dünyanın ən məzlum qadını kimi dinməz-söyləməz gedib yerinə girəcək. O tıqqıltıdan sonra mütləq yuxusu qaçacaq, ürəyi zəif-zəif döyünəcək, yerinin içində vurnuxacaq, sonra qalxıb oturacaq, nifrətlə böyründə ağzıaçıq yatan ərinə baxacaq. Əri də səhərəcən yuxuda nə isə yeyib ağzını marçıldada-marçıldada, ya da kiməsə hirslənib dişlərini qıcıya-qıcıya, ətini ürpədəcək...
Bunu fikirləşdikcə yenə bədəni əsəbi-əsəbi gicişdi. Fikirləşdi ki, nə qədər olar axı?.. Nə qədər adamın ətini ürpədərlər, əsəblərini sürtgəclə sürtüb qaşıyarlar?!. Odu ki, otuz yaşı ola-ola elə sürətlə qocalır, elə bil əlliyə çathaçatdadı.
Bir dəfə qocalmağını yuxuda da görmüşdü. Görmüşdü dırnağı gicişir. Dırnağını qaşıyanda çıxıb ovcunda qalır. Sonra dişi gicişirdi, dişi də düşüb iki barmağının arasında qalırdı. Sonra qulağı, burnu, döşü qaşınırdı. Qaşıdıqca da hamısı bir-bir kökündən üzülüb qucağına tökülürdü...
...Ayaqlarını velosiped sürürmüş kimi havada hərləməyə başladı. Hərlədikcə nəfəsini içinə çəkib buraxdı. Belədə qarın əzələlərinin tarımlığını daha yaxşı hiss eləyirdi.
O gün qardaşının, onun arıq sifətinə baxıb: "Bu nə gündü qoymusan özünü?!"- deməyi yadına düşdü.
Fikirləşdi ki, doğrudan bu nə gündü qoyub özünü?! Şagirdə oxşayır. Odu ki, axır vaxtlar uşaqları da baxmır sözünə. Nə deyir, üzünə baxıb hırıldayırlar.
Ən qəribəsi isə bu idi ki, indi lazım olan çəkidən də az idi, amma arıqlamaq həvəsi canından çıxmırdı ki, çıxmırdı. Özünü əridə-əridə yoxa çıxarmaq istəyirdi, nədi?..
...Divarın o üzündən - blokdan ara-sıra ayaq səsləri eşidilirdi. Kimlərsə tələsə-tələsə yuxarı qalxırdı, ya aşağı düşürdü?! Hərdən də blokda bərkdən-bərkdən, az qala boğazı cırıla-cırıla öskürürdülər. Elə bil bloka əks-səda sala-sala öskürməkdən həzz alırdılar... Ayaq səsləri hərdən yaxınlaşıb lap qapılarının ağzına çatırdı amma o dəqiqə də hardansa böyürdən şarıqpıltıyla qapı açılırdı, ayaq səsləri o qapının içinə keçib yoxa çıxırdı. Bu ayaq səslə qulaq asdıqca ona elə gəlirdi ki, əri pillələri qalxıb qapılarına çatır, sonra nə fikirləşirsə çünğb təzədən geriyə qayıdır. Əri evə qayıtmaq istəmir...
...İdmandan idi, ya nigarançılıqdan idi, nə idisə ürəyi sıxılırdı… Qalxıb pəncərəni taybatay açdı.
Yaz gəlirdi... Bunu havanın iyindən hiss eləmək olurdu. Bir neçə günə havalar lap isinəcəkdi, gün adamın gözünü deşəcəkdi, ağaclar çiçəkləyəcək, şairlər yenə ilhama gəlib bahar ətirli yazdan, tumurcuqlardan əttökən şerlər yazacaqdı... Və heç kim də bu yazı, ilıq günəşi, tumurcuqları əlli dəfə gördüyünü və yazın daha bundan savayı heç nəyi olmadığını fikirləşməyəcəkdi.
Fikirləşdi ki, ümumiyyətlə yaz - fəsillərin içində ən əttökənidi. Bu qoca, müdrik dünyanın ilaşırı bu dona girməyində, gəncləşib bəzənməyində riyakarlığa oxşar nə isə vardı. Bu qoca dünyaya payız, qış daha çox yaraşırdı. Çünki bu dünyanın əvvəli də, axırı da qış idi, soyuq idi - ölüm idi… Bu dünyanın ölüsü də dirisindən çox idi...
Bura gəlib çatanda bütün ölüb-gedən qohum-əqrabası yadına düşdü. Ata-anası, baba-nənələri, xalaları, dayıları, əmiləri... ...Hamısı ölmüşdü. Qalan bircə o idi. Beş-on il tanıdığı adamların - ərinin, üç mənasız uşağın əlində əsir-yesir qalmışdı. ...Uşaqların üçü də ərinə oxşayırdı. Elə oxşayırdılar, elə bil əri doğmuşdu onları. Odu ki, ömək istəyirdi. Bir də ona görə ömək istəyirdi ki, yenə yaz gəlirdi... Adamlar yalandan gülürdü quşlar da yalandan oxuyurdu, kəpənəklər gün enəndə öləcəkdi, otları bir azdan gün vurub saraldacaqdı...
Belə fikirləşdikcə hiss elədi ki, ölmək istədiyinə görə uşaqlarından utanır. Bu, onları hardasa yarı yolda qoyub qaçmaq kimi bir şey idi... Niyə doğurdu axı onları?! Fikirləşdi ki, doğanda hardan biləydi ki, ana olmağın sevinci, doğuşdan sonra - ağrı kəsib bədənin rahatlananacan, bir də doğduğun uşağın üzünü görənəcəndi. Sonra uşaqlar böyüdükcə nəyə sevinməliydi axı?! Uşaqlar böyüdükcə - dərdləri də böyüyürdü...
...Uşaq barədə daha ayrı bir hikmətli söz sala bilmədi yadına. Hə, deməli indi uşaqlarını yarı yolda qoyub ölə bilməzdi. İxtiyarı yox idi. Sonra fikirləşdi ki, dərdə bir bax: ölmək üçün də ixtiyarı olmalıdı. Ölməyin də, görünür, öz qanunları var, vaxtı, icazəsi var. Sonra da fikirləşdi ki, bəlkə bu da bir cür ötəri vəziyyətdi? Belə vəziyyətləri o qədər olub ki, Allaha şükür. Yadına dəfələrlə özünü öldürmək istədiyi vaxtları düşdü. Sonra yadına balkonda dura-dura, dişsiz ağzıyla alma yeyən qızını elə ordan - məhəccərdən aşağıya tullayıb öldürmək istədiyi düşdü… Uzun müddət özü-özlüyündə uşağı necə atacağını, onun havayla kəlləmayallaq aşa-aşa uçacağını, yerə dəyib öləcəyini götür-qoy eləməyi düşdü… Onda uşaqlarıyla əri sözü bir yerə qoymuşdular. Gecənin birinci yarısı ərinin gəlməyini gözləyirdi, ikinci yarısı körpə oğlunun yuxusu qaçırdı, günortalar da qızının dəliliyi tuturdu. Yadına, evin içi ilə yorğunluqdan, yuxusuzluqdan canavar kimi ulaya-ulaya, onu-bunu qapa-qapa gəzməyi düşdü. Yadına gəlir, o vaxtlar güzgüyə baxanda üzünü canavara oxşadırdı. Fikirləşdi ki, əslinə qalsa, elə indi də canavara oxşayır. Sonra fikirləşdi ki, canavara yox, yəqin itə oxşayır. Ağıllı, sadiq itə.
Fikirləşdi ki, əvvəllər də elə bil bu günə düşdüyü olurdu. Dünyadan bezirdi... Hə, olurdu. Amma, bu qədər uzun çəkmirdi. Arada, görürdün bir-iki gün ölmək istəyirdi. Sonra qalan o biri günləri min dəfə Allaha şükür eləyirdi ki, nə yaxşı ki, hələ ölməyib, həyat gözəldi, mənalarla, sirlərlə doludu və sair və ilaxır.
...Qonşu evlərin hansındasa kimsə gülürdü, qəşş eləyib özündən gedirdi. Özü də baş açmaq olmurdu, gülən arvaddı, ya kişi. Pəncərəni kip bağlayıb pərdəni çəkdi. Gəlib saata baxdı. İkiyə qalırdı. Yerinə uzanıb qaranlıqda tavana baxmağa başladı. ...Blokda ayaq səsləri tamam kəsildi. Bütün qapılar bağlandı. Elə bil binanın ümumi yolu da bağlanıb kilidləndi. İndi əri gəlsəydi belə, o boyda sakitliyin içindən keçib yuxarı qalxa bilməyəcəkdi.
Evə sakitlik çökdü deyə, yavaş-yavaş bütün əşyaların səsi eşidilməyə başladı.
Şkafın içində üst-üstə yığılan paltarların paketləri asta-asta çıqqıldadı. Paketlər bütün günü kip durmaqdan yorulub boşalırdılar, dincəlirdilər. Döşəmə özü-özünə elə cırıldadı, elə bil gərnəşdi.
...Otağa sakitlik çökdükcə elə bil içəri hardasa uzaqlarda baş verən faciənin havası axmağa başlayırdı… Hə, bu, elə belə sakitlik deyildi. Faciə baş vermişdi. Odu ki, əri gəlib çıxmaq bilmirdi. Əri bu gün günortadan işdə yox idi. Yəqin yenə o müstəntiq dostuna bitişmişdi. Allah bilə indi üzbəüz oturub nədən danışırdılar, nə çürüdürdülər. Danışanda da tez-tez, adamın ətini tükə-tükə "onunçün" deyirdi. "Onunçün ki, axşam işim vardı, onunçün deyirəm".
Ərinə neçə dəfə elə belə də deyirdi. Deyirdi "ətin tökülsün", amma nolsun?! Ərinin əti-zadı tökülüb eləmirdi. Əksinə, gündən-günə kökəlirdi, özü də nəyə görəsə qıçları kökəlirdi.
...Əri indi maşına minirdi, matoru işə salırdı...
Hava qaralandan sonra bağ yolları lap daralır, iti işığını buynuz kimi adamın üzünə dirəyən maşınların sayı artır. Matorun istisi adamı lap keyləşdirir, əri yarıyumulu gözləriylə, yarıaçıq ağzıyla sükanı hərləyir...
...O biri otaqda qızı yuxuda qışqırdı:
- Balaca özünsən! Sənsən balaca!..
Qızı gecələr tez-tez beləcə çığırırdı yuxuda, balaca qardaşıyla vuruşurdu. Günortalar da bacı-qardaş tez-tez beləcə didişirdilər. Axırda da həmişə qız döyülürdü.
Hər axşam işdən evə qayıdanda içəri girən an dediyi sözlər də artıq öz-özünə gəlirdi dilinə:
- Dərsini eləmisən?
- Hm.
- Yeməyini yedin?
- Hm.
- Get əl-üzünü yu...
Sonra böyük qızıyla ana-bala üzbəüz oturub şam yeməyini yeyirdilər. Qızın avazımış rəngi uzun müddət üzündə qalırdı. Elə bil evdə tək qaldığı saatlarda kimsə qorxudurdu onu, lapdan, küncdən çıxıb "xox" eləyirdi. Allah bilir, o işdə olanda bu böyük, sakit otaqlarda nələr baş verirdi?! Nə tıqqıltılar, nə cırıltılar, nə pıçıltılar gəlirdi bu evin künc-bucağından?!
- Mən gələnəcən darıxmırsan?
Qızı başını yelləyib sakit-sakit onun üzünə baxırdı:
- Bircə dərsdən qayıdanda darıxıram.
Yediyi tikə az qalırdı boğazında qala.
- Dərsdən qayıdanda mən ki, evdə oluram...
Qızı azca qızarırdı:
-Yolda darıxıram...
Qızı böyüdükcə onun özünə oxşayırdı. Qızına baxdıqca, hər şeyin təzədən başlayacağını duyurdu... Yenə qaranlıq, havasız məktəb illəri, çox qısa tələbəliyi, ərə getməyi və sair və ilaxır.
...Yox, əri bu vaxtacan səssiz-səmirsiz itə bilməzdi. Ürəyi əsəbi-əsəbi döyündü. Bayaqdan bəri uzanan yerdə fikirləşdiyindən ağırlaşan göz qapaqları açıldı. Yuxusu çəkildi.
Hə, bu qəza nə vaxtsa baş verməliydi. O gün gəlib çatmışdı və qəza baş vermişdi.
Əri müxtəlif vəziyyətlərdə gözünün qabağına gəldi...
...Maşın çevrilmişdi... Maşının altından, ərinin göyərib quruyan əli görünürdü... Getdikcə uzaqlaşan üzü sükana keçib tanınmaz hala düşmüşdü..
...Maşın yoldan çıxıb yuvarlana-yuvarlana dərəyə enirdi... Dərənin dibindən ərinin, çığırtıları eşidilirdi...
...Hə, qəza baş vermişdi... Bu qəza çoxdan baş verməliydi. Bunu o, çoxdannan, dəfələrlə, dönə-dönə hiss eləmişdi, yuxularında da görmüşdü. Axı bu, miskin, yeknəsəq həyatı nə qədər yaşamaq olardı?..
Hamının həyatında əlli eniş-yoxuş vardı. Birinin əzizi ölürdü, biri özü ölürdü, biri sonsuz idi, o birinin o qədər uşağı vardı ki, qarınlarını doyura bilmirdi.
Hə, bu gecədən onun faciəsi başlayırdı. Bu gecədən axır ki, həyat özünün qara hissəsini ona göstərəcəkdi...
...Qalxıb küçənin işığında görünən saata baxdı. Dürdə işləyirdi. Sonra gəlib pəncərədən kimsəsiz, qaranlıq şəhərə baxırdı. Şəhərin saysız-hesabsız dümdüz qaranlıq binaları baş daşlayırdı elə bil. Şəhər bu gecə nəhəng qəbiristanlığa oxşayırdı...
Fikirləşdi ki, durub bir-bir ərinin qohum-əqrəbasına zəng vursun, desin... Sonra fikirləşdi ki, nə desin? Desin ki, ölüb?! Bəlkə ölməyib?! Yox, ölməyinə dəqiq ölüb, çünki indi özünü tamamilə tək hiss eləyirdi. Özünü ağıllı-başlı dul qadın hiss eləyirdi.
Sonra fikirləşdi ki, durub ev-eşiyi də, özünü də sahmana salsın. Çünki hava işıqlanan kimi ərini tapacaqdılar, evə gətirəcəkdilər. Ya da xəstəxanaya aparıb yaracaqdılar. O da gedib xəstəxananın qapısı ağzında ağlaya-ağlaya gözləyəcəkdi. Başında qara ürpək, əynində qara paltar. Birdən yadına düşdü ki, heç adam arasına geyməyə deyəsən fərqli qara paltarı yoxdu.
...Qalxıb işığı yandırdı. Şkafın rəflərində eşələndi. Sonra çöl şkafından zindan kimi ağır çemodanları düşürdü.
Çemodanın birinin cəftəsi açıq idi deyə, düşürəndə qıçını cızıb qanatdı. Qıçının qanı döşəməyə damcıladı. Qanı döşəməyə süzülə-süzülə mətbəxə getdi, tənzif götürüb geri qayıtdı. Kəsiyi sarıya-sarıya fikirləşdi ki, indi əri də beləcə qan içindədi... Belə fikirləşdikcə əti ürpəndi. Sonra dəhlizin işığını yandırıb qıçından süzülən qan izlərinə baxdı. Mətbəxdən yaş əski gətirib dizi üstə oturdu, əti çimçəşə-çimçəşə qan ləkələrini sildi.
Çemodanları açıb izindəkiləri evin ortasına tökdü. Əlinə keçən qara dar paltarı çıxarıb üstünə tutdu, sonra əyninə geydi. Paltar keçən ilki kimi tökülürdü əynindən. Hər tərəfdən dörd barmaq yığmaq lazım idi.
Gedib mətbəxdən iynə qutusunu gətirdi. İynəni sapladı, saata baxdı. Beşə on beş dəqiqə işləyirdi. Hava açılanacan çatdırardı.
Paltarı astar üzünə çevirib kökləyə-kökləyə fikirləşdi ki, qara paltar əynində gedib xəstəxanaya çatdı, meyiti görəndə neyləməlidi?!
Fikirləşdi ki, gərək ağlaya-ağlaya qaçıb özünü meyitin üstünə atsın...
Sonra atası öləndə anasının özünü aparmağını saldı yadına. Anası onda qətiyyən ağlamırdı. Anası deyirdi ki, qadının əri üçün ağlamağı ayıbdı".
Odu ki, ağlamaq bir o qədər vacib deyildi. Sonra birdən nə oldusa, kövrəldi, yadına nişanlı vaxtları düşdü.
Xəstəxanaya çatan kimi ağlayıb özünü divara söykəyəcəkdi. Öz xasiyyətini yaxşı bilirdi. Ağlayanda bir adama, bir yerə söykənməliydi. Gücü azalırdı, nədi? Yəqin gəlib onu divardan aralayıb aparacaqdılar. Sonra da fikirləşdi ki, birdən heç kim ayırmadı onu divardan, yaddan çıxdı?!
...İynə barmağına girdi. Barmağı qanadı. Fikirləşdi ki, niyə belə səfeh-səfeh şeylər haqqında fikirləşir?! Ondansa üz gününə ağlasın. Tək qadın, üç uşaq...
Ərinin, tər tökə-tökə iki qucağı dolu daşıyıb soyuducunu doldurduğu bazarlıq iki-üç günə qurtaracaqdı. İki-üç gündən sonra özü getməli olacaqdı bazara, əlinin damarları şişə-şişə, ovucları kəsilə-kəsilə ağır-ağır zənbilləri özü daşıyacaqdı.
Sonra birdən yadına düşdü ki, əri olmayandan sonra bazarlığı neyləyirdi axı?! Özü pəhriz saxlayırdı, uşaqlar da ki, Allaha şükür, meyvəylə şirniyyatdan savayı dillərinə heç nə vurmurdular.
Demək bazarlıq eləməkdən, bazardan gələn torpaqlı kartof-soğanı, qanlı əti yuyub yerbəyer eləmək kimi iyrənc proseslərdən canı qurtaracaqdı. Bir qutu yumurta alıb basacaqdı soyuducuya, qurtardı getdi. Fikirləşdi ki, heyf deyil yumurta?! Çox mədəni ərzaqdı. Nəyi var içindədi, nə əlin batır, nə iyi gəlir. Bişməyi də göz qırpımında.
Ağlına gələn bu fikirdən ürəyi çırpındı. Demək, xörək bişirməyəcəkdi. Bu dəqiqə mətbəxin rəfinə sığınıb onu sakitcə gözləyən ət maşınıyla gündə-gündə döyüşməkdən canı qurtaracaqdı. Ət maşını bu dəqiqə onun ömrünü gödəldən vasitələrin ən birinclərindən idi. Ət maşınının, gündə-gündə itilətdirməkdən nazilib az qala kəpənək qanadına dünən bıçağı əti çəkib üyütmək əvəzinə özünə sarıyırdı, mühərriki dayandırıb inək kimi böyürdürdü, yəni ki, «məni sök, təzədən yığ».
Xörək bişirmək lazım olmasaydı, ət maşınıyla da döyüşməyəcəkdi, ətürpədən səslər çıxaran bıçaqitiləyənlə də. Yağlı qab-qazan sürtəndə barmaqlarını deşib qanadan dəmir qabsürtənlərdən də, xörəyin alabəzək ləkələr saldığı qaz pilətəsini gündə üç-dürd dəfə yumaqdan da canı qurtaracaqdı. Sonra bədəninə isti gələ-gələ fikirləşdi ki, canı deyəsən hələ çox şeylərdən qurtaracaqdı. İllərlə səhər-axşam zəhləsini töküb qanına yeridiyi, yuxusuna girdiyi işlər bir-bir yadına düşdükcə həyəcanlanırdı, əlləri əsirdi, saçlarının dibi gizildəyirdi.
Azadlıq haqqında fikirləşdikcə, beyninə o qədər təzə fikirlər, yeni həyat üslubları gəlirdi ki, onları üst-üstə, böyür-böyürə yığanda tamam ayrı həyat alınırdı, o da tamam ayrı adama oxşayırdı.
Hə, demək təzə həyat başlayırdı…
...Paltarın hər iki tərəfi hazır idi. Qalxıb gecə köynəyini soyundu, paltarı geyinib güzgünün qabağında dayandı.
...Sonra həvəssiz-həvəssiz soyunub xalatını geydi. Otağın ortasında qalaq-qalaq üst-üstə yığılan paltarlara, ağzı açıq, içi boş çemodanlara baxdı. Burda demək olar, bütün illərin paltarları vardı. Fikirləşdi ki, gör bir nə qədər yaşayıb? Bu qədər pal-paltar nə vaxt geyilib?!
O biri otağa keçib işığı yandırdı, paltartikən maşının qabağında oturub iynəsini sapladı, paltarın böyürlərini maşına vurdu.
...Hava yavaş-yavaş açılırdı. Fikirləşdi ki, bir saatdan sonra başlasın ərinin qohum-əqrəbasına zəng vurmağa.
Sazlarını əsəbi-əsəbi daradıqca, darağın dişləri doldu. Sonra əlini belinə vurub yenə döşəmənin ortasına tökülən paltar qalamasına baxdı.
Pal-paltarların arasında ara-sıra ərinin köhnə köynək şalvarları da dəydi gözünə. Fikirləşdi ki, bunların hamısını bir boğça eləyib kasıb-kusuba verər. Sonra yenə ürəyi çırpına-çırpına fikirləşdi ki, ümumiyyətlə, bütün bu pal-paltarı ləğv eləmək lazımdı ki, köhnə illərin möhürü kimi gözdağı olmasın.
...Qapı taqqıldadı. Elə bil qapını yox, onun başını taqqıldatdılar. Ürəyi əsə-əsə fikirləşdi ki, kim ola bu vaxt? Sonra o dəqiqə də başa düşdü ki, gecənin bu vaxtı ərindən savayı kim ola bilər?!
Demək əri gəlmişdi. Əri qayıdıb gəlmişdi...
...Qapı bu dəfə əməli-başlı döyüldü, sonra da dalbadal üç dəfə zəngi vuruldu. Əri yəqin daha uşaqların oyanmağından qorxmurdu.
...Vur, vur... Əlin döyənək olunca vur. Görüm sonra neyləyəcəksən.
...Qapının zəngi aramsız çalınırdı. Uşaqlar deyəsən oyanmışdılar. O biri otaqdan səsləri gəlirdi, sonra uşaqlardan hansısa otağın qapısını açıb dəhlizə boylandı:
- Ana... ay ana..
- Nədi?
- Qapı döyülür e...
- Eşidirəm, get yat...
Əsəbilikdən gözü qarala-qarala fikirləşdi ki, demək o, burda özünə qara paltar tikəndə bu bəydadaş allah bilə harda, kiminlə kef eləyirmiş.
…Ağlamağı tutdu. Fikirləşdi ki, gör bir necə səfeh qadındı…
..Qapı lap bərk döyüldü. Əsəbləri davam gətirmədi, dəhlizə çıxıb işığı yandırdı. Gözlükdən baxdı.
Əri müqəssir üzlə qapının o tərəfindən düz gözlüyə, onun üzünə baxırdı.
- Nə var?
- Qapını aç...
- Açmıram...
- Dedim aç, biabır eləmə bizi. Camaat yatıb.
- ...
- Aç deyirəm yoxsa...
- Hə, nə yoxsa?
- Özün bilirsən...
- Bilmirəm.
Əri qapıya necə vurdusa, qapının dəmiri guruldayıb yerində oynadı. O biri otaqda uşaqlardan hansısa səsə oyanıb ağladı.
... Məcbur olub qapını açdı.
Əri qoltuğundakı bükülü ilə, narazı üzlə içəri girib ona əyri-əyri baxdı, sonra bükülünü güzgünün qabağına elə qoydu, elə bil o, bükülünün içindəkini görəndən sonra o, bayaqkı yersiz hərəkətinə görə xəcalət çəkib yerə girəcəkdi.
- Bura mehmanxanadı?
-...
- Sənnənəm.
Əri indi də bükülünü açırdı. Açıb əliylə göstərə-göstərə:
- Telefondu...- dedi.
- Telefonu neynirəm?!
- O gün demirdin?!.
- O gün çox şey deyirdim. Onlar niyə qalmadı yadında?..
- Nə deyirdin?..
- Deyirdim bura mehmanxana döyül, gec gəlsən, küçədə qalacaqsan...
- Di bəsdi, yaxşı.
- Nə yaxşı?! Yadında bircə telefon qaldı? Telefonu almaq axı ən asanıdı?! Çətini evə gəlməkdi, evdə oturmaqdı... Məni görməkdi...
...Əri çəkmələrini soyunub başmaqlarını geyinirdi.
- Nəyə gəlmisən? Yatmağa yerin yoxdu?..
- ...
- Bu da təzə çıxdı. Hər gələndə qoltuğunda bir şey gətirir. Nədi bu, rüşvətdi?
- Başın xarab olub sənin…
- Xarab olar da...
Əri hələ bir müddət o biri otaqda musiqiyə qulaq asdı. Sonra mətbəxə keçib bir xeyli də orda eşələndi.
...Fikirləşdi ki, əri indi mətbəxdə gözündən yuxu tökülə-tökülə qəsdən eşələnir, onun yatmağını güzləyir. Gözləyir o yuxuya getsin ki, lal-dinməz ölü kimi böyründə uzanıb qalsın, onun artıq suallarından, iynəli süzlərindən canını qurtarsın.
Fikirləşdi ki, əri bu dəqiqə ölüylə də yatmağa razı olar, təki onun deyintisini eşitməsin. Sonra fikirləşdi ki, əri onun ölümünü istəyir. Yəqin hər gecə ona rüşvət gətirməkdən bezib, tərbiyəsiz uşaqlar kimi başını aşağı salıb onun deyintilərinə qulaq asmaqdan daha ürəyi bulanır.
Hər axşam əri rəngbərəng, al-əlvan məclislərdən evə, dustaqxanaya qayıdan kimi qayıdırdı, pillələri ağır-ağır çıxa- çıxa ürəyində bəlkə min dəfə Allahdan ona ölüm diləyirdi. Gecələr isə o ağzıaçıq yata-yata əyri-üyrü yuxular görəndə, əri Allah bilə dirsəklənib diqqətlə onun üzünə baxırdı, nəfəsinə qulaq asırdı. Qulaq asa-asa fikirləşirdi ki, bu nəfəs nə vaxt kəsiləcək görən? Bunu fikirləşə-fikirləşə, o anı gözləyə-gözləyə də yuxuya gedirdi…
…Əri hələ də mətbəxdə idi. İndi də aramla su içirdi, ya əllərini yuyurdu, bilmək olmurdu. Axır nəydisə, su səsi gəlirdi. Nəfəsini saxlayıb sakitliyə qulaq asdı. Su səsi deyəsən hamamdan gəlirdi…
...Qalxıb barmaqlarının ucunda dəhlizə çıxdı, gəlib hamamın qapısında dayandı...
Hamamın qapısı yarımaçıq idi. Əri vannanın kənarında oturub dizlərinə dirsəklənmişdi. Əl-üz yuyandan şırhaşırla su axırdı.
...Qapını aralayanda əri dik atıldı.
- Burda niyə oturmusan?
- ...
- Nəyi gözləyirsən?
- Heç nəyi...
- Bəs niyə yatmırsan?
-...
- Ürəyin bulanır?
- Yox... Ürəyim niyə bulanır?!
- Məni görəndə deyirəm...
- Yenə başladı...
- Qulaq as... bu nə oyundu axı? Bulanırsa, denən bulanır da... Nədən qorxursan?..
- Nədən qorxuram?.. Heç nədən qorxub eləmirəm...
- Onda de də...
- Nə deyim?
- Denən zəhləm gedir səndən...
- Getmir axı?!
- ...
- Ayrılmaqdan qorxursansa, sənədlə ayrılmarıq, amma sən Allah mənnən oyun oynama... De, mən də işimi bilim…
- Nə işini?..
- Bilim də... Sənin xirtdəyinə keçib çürütmüyüm. Mən də özüm üçün...
- Hə, nə?..
Hiss elədi ki, qızarır. O qızaranda ərinə elə bil od vururdular. Elə bil bu qızarmaqda nə isə, mənasını özü də başa düşmədiyi biədəb şeylər var idi.
…Ərinə indi də elə bil od vurdular, bayaqdan xumarlanan yuxulu gözləri birdən-birə işıldadı:
- Hə, niyə dalını demədin?..
…Hiss elədi ki, lap pörtdq. Üzü pörtüb allah bilə indi qaraya çalırdı…
...Əri vannanın kənarında oturub ona baxırdı... Sonra sərt hərəkətlə qapını çəkib arxadan cəftəni vurdu.
...Uşaqları yataq otağının qapısından, qorxudan avazımış yuxulu gözlərlə ona baxırdılar:
- Ana, ata neynir orda?
- Ata ölüb!..
…Bunu çığıran əriydi. Səsi gecənin qaranlığında hamamın içində əks-səda verib bütün evi bürüdü.
Uşaqlar bu sözdən sonra səs-səsə verib ulaya-ulaya ağlaşdılar...
Uşaqları ovudub yerlərinə sala-sala fikirləşdi ki, hər yaz belə başlayır. Andıra qalsın bu yaz fəslini...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
воскресенье, 22 июля 2007 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий