Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


воскресенье, 22 июля 2007 г.



QƏZA


Yataq otağı isti və sakit idi. Bircə ara-sıra həyətdən pişiklərin həyasız çığırtısı eşidilirdi. Elə bil hər gecə kimsə pişikləri zorlayırdı. Belə gecələr əri evdə olmayanda, nədənsə, ona elə gəlirdi ki, pişikləri zorlayan əridi.
İşığı keçirib soyundu, gecə köynəyini geyib çarpayıya oturdu. Sonra təzədən qalxıb işığı yandırdı. Üzünü kremləmək yadından çıxmışdı. Güzgünün qabağında əyləşib krem qabının qapağını açdı və kremdən üzünə yaxa-yaxa fikirləşdi ki, gör bir neçə illərdi, bu kremdən alıb evə yığır, səhər-axşam üzünə yaxır. Hesablayıb üst-üstə yığsan, azı üç litrlik balon eləyər. Gör bir bu balaca üzü neçə kilo krem yeyib?!..
Kremi barmaqlayıb gözlərinin altına, alnına da yaydı, sonra jurnalda oxuduğu üsulla xırda-xırda ovmağa başladı. Ova-ova fikirləşdi ki, hər belə massajdan sonra üzü hamarlanmaq əvəzinə, elə bil bir az da qırışır. Massajı düz eləmirdi, nədi?.. Ya bəlkə arıqladığından, dərisi boşalıb üzünü qırışdırıdı?.. Axır nə idisə, çox ürəkbulandıran mənzərəydi.
Qalxıb işığı keçirdi, qıçlarının əzələləri küt ağrıyla sızıldayırdı... Yadına düşdü ki, iki gündü idmanla məşğul olmur. Odu ki, yerinə uzanıb qarın əzələsi üçün hərəkətlər eləməyə başladı, ayaqlarını qaldırıb saldı, pəncələrinin ucuyla havada müxtəlif rəqəmlər cızdı.
Hərəkət elədikcə, saçlarının dibi tərləyib gicişdi. Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, normal adamlar idmanı səhərlər eləyir, sonra duşun altına girib çimir, səhər yeməyi yeyir və sair. O isə səhərlər xalatını əyninə keçirməyi zorla çatdırırdı. Üç uşağı yedirtmək, geyindirmək, ərini yedirtmək, geyindirmək...
…Əri elə bil iflic idi. Yemək verirdin yeyirdi, vermirdin, acından ölürdü. Təmiz köynək, corab, ütülü şalvar verirdin, geyirdi, vermirdin, elə çirkin içində gəzirdi. Deməli, ərinin də anasıydı. Bütün evin anasıydı.
Ürəyi pis-pis bulandı. Fikirləşdi ki, daha ana olmaqdan bezib. Sonra fikirləşdi ki, bəs nə olmaq istəyir?.. Fikirləşdi ki, bəlkə idmanı-zadı tullasın bir yana?! Dieta-zad da cəhənnəm olsun. Dieta saxlayandan bəri əsəbləri lap korlanıb. Burnuna xörək iyi dəyəndə əl-ayağı əsir. Bu nə müsibətdi axı?!.. Kökəlir, belə cəhənnəmə kökəlsin, üzü qırışır, lap belə büküş-büküş olsun, saçı tökülür, qoy keçəl qalsın, sonra?!.. Kimə lazımdı axı bütün bunlar, kimə xoş gəlmək üçün özünü öldürür axı?!.. Əri ki, onu, demək olar, görmür. İçəri ki, girdi, kor dana kimi, birbaş mətbəxə, ordan televizorun qabağına, ordan da yataq otağına keçir, onunla, gözü ya qabağındakı yeməkdə, ya televizorda, ya da yuxuda kəlmə kəsir.
...Ayaqlarını tərpətdikcə çarpayının taxtaları elə cırıldayırdı, elə bil altında aramla quru ağac sındırırdılar. Fikirləşdi ki, bax, həmişə belədi, indi nə qədər ki, yuxuya getməyib, əri gəlib çıxmaq bilmir. Elə ki, gözünə yuxu gedəcək, o dəqiqə qapı tıqqıldayacaq, o da dik atılıb oyanacaq, ürəyi bəd xəbər eşitmiş kimi pis-pis çırpınacaq, qalxıb yuxulu üzüylə, pırtlaşıq başıyla qapıya gedəcək, gözlükdən baxıb ərinin qorxudan rəngi avazımış məzlum üzünü görəcək… əri içəri girib gözucu onun, yuxudan əyilmiş üzünə, dağınıq baş-gözünə baxacaq… onun əhvalı da, vür-vücudu da asılı olacaq qapı döyülənəcən, yatıb gördüyü yuxusunun məzmunundan. Ya ərini sorğu-suala tutub deyinəcək, ya yerə-göyə qarğış töküb qapıları çırpacaq, ya da dünyanın ən məzlum qadını kimi dinməz-söyləməz gedib yerinə girəcək… amma daha yata bilməyəcək… o məşum tıqqıltıdan sonra mütləq yuxusu qaçacaq, ürəyi zəif döyünülərlə hey ha yanasa axacaq, bir müddət sancılanmış kimi yerinin içində vurnuxa-vurnuxa qalacaq, sonra dikəlib yerinin içində oturacaq, nifrətlə böyründə ağzıaçıq yatmış ərinə zillənəcək… əri də yuxuda gördüyü nəyisə yeyib ağzını marçıldada-marçıldada, ya kiminsə üstünə çımxırıb dişlərini qıcıya-qıcıya, ətini ürpədəcək...
Bunu fikirləşdikcə, bütün bədəninin yandırıcı bir gicişməylə gicişdiyini hiss etdi. Ayaqlarını saxlayıb fikirləşdi ki, nə qədər olar axı?.. Nə qədər adamın ətini ürpədərlər, əsəblərini sürtgəclə sürtüb qaşıyarlar?.. Odu ki, bu gündədi - otuz yaşı ola-ola, altmış yaşlı qadının dərin qırışları əsarətindədi. Hə, sürətlə qocalır…
Bir dəfə qocalmağını yuxuda da görmüşdü. Görmüşdü, necə dırnağı gicişir... əl atıb dırnağını qaşıdıqca, dırnağı qopub ovcunda qalır... sonra dişi gicişir… dişi də, barmağını vurmağıyla ovulub iki barmağının arasında qalır… sonra qulağı, burnu, döşü qaşınır... qaşıdıqca da, hamısı bir-bir kökündən üzülüb qucağına tökülür...
Ayaqlarını yuxarı qaldırıb velosiped sürürmüş kimi, hərləməyə başladı. Hərlədikcə, nəfəsini nizamladı. Belədə hamiləlikdən bərkliyini itirmiş qarın əzələlərini daha yaxşı hiss eləyirdi. Ötən aydan bura elə bil qarnı yığılmışdı. Ümumiyyətlə, elə bil bütün bədəni yığılmışdı.
Fikirləşdi ki, onun bu sayaq arıqlamağını görən qonşular Allah bilir, arxasınca nələr danışırdılar. Elə qohumlar da, üzünə gülüb, arxasınca nələr deyirdilər.
O gün qardaşı da, arıqlamaqdan gözlərinin altı kölgələnən sifətinə baxıb:
- Bu nə gündü qoymusan özünü?.. - dedi.
Fikirləşdi ki, doğrudan bu nə gündü qoyub özünü?.. Orta məktəb şagirdinə oxşayır. Odu ki, axır vaxtlar uşaqları da baxmır sözünə. Nə deyir, üzünə baxıb hırıldayırlar.
Ən qəribəsi isə bu idi ki, indi lazım olan çəkidən də arıq idi, amma arıqlamaq həvəsi canından çıxmırdı ki, çıxmırdı. Özünü əridə-əridə yoxa çıxarmaq istəyirdi, nədi?..
...Divarın o üzündən - blokdan ara-sıra ayaq səsləri eşidilirdi. Kimlərsə tələsə-tələsə yuxarı qalxırdılar, yoxsa, aşağı enirdilər?.. Hərdən də öskürürdülər. Bərkdən-bərkdən, boş pillələrə əks-səda sala-sala, az qala boğazları cırıla-cırıla. Elə bil gecənin bu sakitliyində əks-səda yaratmaqdan həzz alırdılar...
…Ayaq səsləri hərdən yaxınlaşıb lap qapılarının ağzına çatırdı, amma həmin dəqiqə də hardansa, böyürdən şarıqpıltıyla qapı açılırdı, ayaq səsləri o qapının içində əriyib yoxa çıxırdı. Hər dəfə də addım səsləri qapının ağzına çatanda nəfəsini saxlayıb qapıya açar salınacağını, yaxud, qapının hər gecəki kimi, asta-asta tıqqıldayacağını gözləyirdisə də, qapı tıqqıldamırdı. Olsun ki, əri idi, pillələri qalxıb qapılarına çatır, sonra nə fikirləşirsə, çönüb yenidən aşağı düşürdü. Əri evə qayıtmaq istəmirdi...
...Vaxtsüz idmandan oldu, ya nigarançılıqdan, ürəyi darıxdı. Ayağa qalxıb pəncərənin laylarını taybatay açdı.
Yaz gəlirdi... Havanın təzə biçilmiş ot ətrindən hiss olunurdu.
Bir neçə günə havalar lap isinəcək, günəş göz deşəcək, ağaclar çiçəkləyəcək, şairlər ilhama gəlib yenə «bahar ətirli» yazdan, «yamyaşıl» tumurcuqlardan əttökən-əttökən şerlər yazacaqdılar... və heç kim, heç kim bu yazı – həmin bu «ilıq günəşi», «növrəstə» tumurcuqları əlli dəfə gördüyü və yazın daha bundan savayı heç nəyi olmadığı barədə fikirləşməyəcəkdi.
Pəncərəni bağlayıb fikirləşdi ki, ümumiyyətlə, yaz - fəsillərin ən əttökənidi. Bu qoca, müdrik dünyanın ilaşırı bu sayaq al-əlvan dona girməyində, gəncləşib bəzənməyində riyakarlığa oxşar nə isə vardı... Bu qoca dünyaya payız, qış daha çox yaraşırdı. Çünki bu dünyanın əvvəli də, axırı da qış idi, soyuq idi - ölüm idi… Bu dünyanın ölüsü də dirisindən çox idi...
Bura gəlib çatanda, bütün ölüb-gedənlərini xatırladı… Ata-anası, baba-nənələri, xalaları, dayıları, əmiləri saralmış fotolardan ona baxdılar...
Hamısı ölmüşdü. Qalan bircə o idi. Beş-on il tanıdığı adamların – ərinin və üç mənasız uşağın əlində əsir-yesir qalmışdı. Uşaqların üçü də ərinə oxşayırdı. Elə oxşayırdılar, elə bil əri doğmuşdu onları. Odu ki, ömək istəyirdi. Bir də ona görə ömək istəyirdi ki, yenə yaz gəlir... Adamlar yalandan gülür, quşlar yalandan oxuyur, kəpənəklər gün enəndə öləcək, otları bir azdan gün vurub saraldacaq...
Belə fikirləşdikcə, hiss elədi ki, ölmək istədiyinə görə uşaqlarından utanır. Bu, onları hardasa yarı yolda qoyub qaçmaq kimi bir şey idi... Axı niyə doğurdu?..
Fikirləşdi ki, doğanda hardan biləydi ki, ana olmağın yeganə sevinci - doğuşdan sonrakı «analıq səadəti» deyilən qısaca bir andı?.. Sonra uşaqlar böyüdükcə, nəyə sevinməliydi axı?.. Uşaqlar böyüdükcə - dərdləri də böyüyürdü...
Uşaqlar barədə yadına, bundan savayı ayrı hikmətli söz düşmədi.
Hə, deməli indi uşaqlarını yarı yolda qoyub ölə bilməzdi. İxtiyarı yox idi. Sonra fikirləşdi ki, dərdə bir bax: ölmək üçün də ixtiyarı olmalıdı. Ölməyin də, görünür, öz qanunları var, vaxtı, icazəsi var. Sonra da fikirləşdi ki, bəlkə bu da bir cür ötəri vəziyyətdi? Belə vəziyyətləri o qədər olub ki, Allaha şükür.
Yadına dəfələrlə özünü öldürmək istədiyi vaxtları düşdü… bir dəfə dişsiz ağzıyla balaca əllərindəki alma qırığını yeyən qızı qucağında balkonda dayandığı yerdə qəfildən özünü körpəsiylə bir aşağı atıb öldürmək istəməyi, uzun müddət məhəccərdən asıla-asıla, qucağındakı körpəsiylə bir, necə atılacağını, uşaqla bir havayla kəlləmayallaq aşa-aşa uçacağını, yerə dəyib bir-birinin gözünün içinə baxa-baxa öləcəklərini götür-qoy eləməyi düşdü… Onda, yadına gəlir, uşaqlarıyla əri sözü bir yerə qoymuşdular, gecənin birinci yarısı ərinin evə gəlməyini gözləyirdi, ikinci yarısı - körpə oğlunun yuxusu qaçırdı, günortalar da qızının dəliliyi tuturdu. Yadına, həmin dövrlər evin içi ilə yorğunluqdan və yuxusuzluqdan canavar kimi ulaya-ulaya, onu-bunu qapa-qapa gəzməyi düşdü. Yadına gəlir, o vaxtlar güzgüyə baxanda da, özünü canavara oxşadırdı.
Fikirləşdi ki, əslinə qalsa, elə indi də canavara oxşayır. Sonra fikirləşdi ki, canavara yox, itə oxşayır. Ağıllı, sadiq itə.
Fikirləşdi ki, əvvəllər də bu günə düşdüyü olurdu. Dünyadan da özündən də bezirdi... Hə, olurdu. Amma, bu qədər uzun çəkmirdi. Arada, görürdün bir-iki gün ölmək istəyirdi, amma necəsə, bu uçurum darısqallığını andıran vəziyyətdən qurtulurdu, sonradan min dəfə Allaha şükür eləyirdi ki, nə yaxşı ki, ölməyib, həyat gözəldi, mənalarla, sirlərlə doludu və sair və ilaxır.
…Qonşu mənzillərdən hansındasa gülürdülər… kimsə qəşş eləyib özündən gedirdi… Baş da açmaq olmurdu, gülən arvaddı, ya kişi.
Yatağına girib yorğanı üstünə çəkdi, divar saatına baxdı.
Saat iki tamamı göstərirdi.
...Blokda ayaq səsləri tamam kəsilmişdi, bütün mənzillərin qapıları kip bağlanmışdı. Binanın ümumi girəcəyi də bağlanıb kilidləmişndi. İndi əri içəri girmək istəydi belə, bu boyda sakitliyin içindən keçə bilməyəcəkdi…
Sakitliyin ağırlığı altında sıxılan əşyaların səsi eşidilməyə başlayırdı…
Şkaf rəflərində, içi pal-paltar dolu cığara torbalar asta-asta çıqqıldadılar... Cığaralar bütün günü üst-üstə qalanmaqan yorulub boşalırdılar, dincəlirdilər. Döşəmə də cırıldadı… elə bil gərnəşdi. Otağa sakitlik çökdükcə, içəriyə, hardasa, uzaqlarda baş vermiş faciənin havası axmağa başlayırdı…
Hə, bu, elə belə sakitlik deyildi. Nə isə baş vermişdi… Faciə baş vermişdi... Odu ki, əri gəlib çıxmaq bilmirdi. Bu gün səhərin gözü açılandan üryi narahat idi… Əri də günortadan işdə yox idi. Yəqin yenə o müstəntiq dostuna bitişmişdi. Allah bilir, yenə üzbəüz oturub nədən danışırdılar, nə çürüdürdülər. Danışanda da tez-tez, adamın ətini tükə-tükə "onunçün" deyirdi. "Onunçün ki, axşam işim vardı, onunçün deyirəm".
Qəfildən gözünün qabağına gəldi, necə əri maşına minir, matoru işə salır... Hava qaralanda bağ yolları lap daralır, iti işıqlarını qoşa buynuzlar kimi bir-birinin üzünə dirəyən maşınların sayı artır... matorun istisi ərini bir az da keyləşdirir və əri sükanı yarıyumulu gözləriylə hərləyir...
...O biri otaqda qızının yuxulu səsi gəldi, olsun ki, yenə yuxuda danışıırdı:
- Balaca özünsən! Sənsən balaca!..
Qızı gecələrlə tez-tez beləcə qışqırırdı yuxuda, olsun ki, balaca qardaşıyla dalaşırdı. Bacı-qardaş günortalar da didişirdilər, axırda da həmişə qız cəzalandırılırdı.
Fikirləşdi ki, qızı böyüdükcə, ona oxşamağa başlayırdı. Odu ki, ona baxanda ürəyi sıxılırdı, hər şeyin təzədən başlanacağının qorxusunu canında duyurdu... Yenə qaranlıq, havasız məktəb illəri, çox qısa və mənasız tələbəliyi, ərə getməyi və sair və ilaxır.
Divar saatı kəkirini işə salıb bir dəfə danqıldadı. Saat üçün yarısını göstərirdi…
Yox, əri bu vaxtacan səssiz-səmirsiz itə bilməzdi…
Ürəyi əsəbi-əsəbi döyündü. Bayaqdan bəri uzanan yerdə fikirləşdiyindən ağırlaşan göz qapaqları açıldı, yuxusu çəkildi.
Hə, bu qəza nə vaxtsa baş verməliydi. O gün gəlib çatmışdı və qəza baş vermişdi.
Əri müxtəlif vəziyyətlərdə gözünün qabağına gəldi...
...Maşın çevrilmişdi... tüstülənən təkərlərin altından ərinin göyərib quruyan əli görünürdü... zərbədən tanınmaz hala düşmüş üzü sükanin arasına keçmişdi...
...Maşın yoldan çıxıb yuvarlana-yuvarlana dərəyə enirdi... və dərənin dibindən ərinin, çığırtıları eşidilirdi...
Hə, qəza baş vermişdi... Bu qəza çoxdan baş verməliydi, amma indi baş tutmuşdu. Əslində, bunu o, çoxdannan, özü də dəfələrlə, dönə-dönə hiss eləmişdi… yuxularında da görmüşdü. Axı bu miskin, yeknəsəq həyatı nə qədər yaşamaq olardı?..
Hamının həyatında nə isə baş verirdi. Birinin əzizi ölürdü, o biri özü ölürdü, birinin uşağı olmurdu, o birinin o qədər olurdu ki, qarınlarını doyura bilmirdi. Onunsa həyatında heç nə baş vermirdi.
Hə, bu gecədən onun faciəsi başlayırdı. Bu gecədən axır ki, həyat öz qara üzünü ona göstərəcəkdi...
...Ayağa qalxıb küçənin işığında saralan saata baxdı.
Dördə işləyirdi. Pəncərənin qabağına keçib ordan kimsəsiz, qaranlıq şəhərə baxdı.
Bir-birinə oxşayan dördkünc binalar başdaşlarını xatırladırdı... Hə bu gecə şəhər nəhəng qəbiristanlığa oxşayırdı...
Fikirləşdi ki, indi gərək bir-bir ərinin qohum-əqrəbasına zəng vursub desin. Sonra da fikirləşdi ki, axı nə desin?.. Desin, əri ölüb?!.. Bəlkə ölməyib?! Yox, ölməyinə dəqiq ölüb, çünki indi özünü tamamilə tənha hiss eləyir. Hə, özünü ağıllı-başlı dul qadın hiss eləyir.
Sonra fikirləşdi ki, niyə oturub, nəyi gözləyir?.. Durub ev-eşiyi də, özünü də sahmana salsın, çünki hava işıqlanan kimi ərinin meyidini tapacaqdılar, ünvanı dəqiqləşdirib bura gətirəcəklər… Ya bəlkə xəstəxanaya aparacaqlar?.. Hə, xəstəxanaya aparacaqlar… aparıb yaracaqlar... o da gedib xəstəxananın qapısı ağzında ağlaya-ağlaya gözləyəcək... başında qara örpək, əynində qara paltar... Birdən yadına düşdü ki, heç adam arasına çıxmağa fərli qara paltarı yoxdu.
İşığı yandırıb şkafın rəflərində eşələndi… sonra çöl şkafından zindan kimi ağır çemodanları aşağı düşürdü.
Çemodanın birinin cəftəsi açıq idi deyə, düşürəndə dizini cızıb qanatdı, dizinin qanı döşəməyə damcıladı... qanı döşəməyə süzülə-süzülə, mətbəxə qaçıb orda yarasını sarıya-sarıya fikirləşdi ki, indi əri də beləcə qan içindədi... Belə fikirləşdikcə də əti ürpəndi. Sonra dəhlizin işığını yandırıb dizi üstə oturdu, əti çimçəşə-çimçəşə, dizindən süzülən qan ləkələrini yaş əski ilə sildi.
Çemodanların içini evin ortasına boşaltdı, rənbərəng geyimlərin arasından tapıb çıxardığı qara paltarı üstünə tutub baxdı, sonra əyninə geydi.
Paltar keçən ilki kimi, tökülürdü əynindən. Hər tərəfdən dörd barmaq yığmaq lazım idi.
Gedib mətbəxdən iynə qutusu gətirdi, iİynəni saplayıb saata baxdı.
Beşə on beş dəqiqə işləyirdi. Hava açılanacan çatdırardı.
Paltarı astar üzünə çevirib kökləyə-kökləyə fikirləşdi ki, indi bu qara paltar əynində, gedib xəstəxanaya çatdı, meyiti görəndə neyləməlidi?!.. Ağlaya-ağlaya qaçıb özünü meyitin üstünə atmalıdı, yoxsa, elə dayandığı yerdəcə durub qalmalıdı?..
Atası öləndə anasının özünü aparmağını yadına saldı.
Anası onda heç ağlamadı, gəmiləri dəryada batmış kimi, dinməz-söyləməz oturub qaldı. Sonra anasının dərddən xırıldayan səsi gəldi qulağına:
- Yad oğluna ağlamazlar, bala.
Odu ki, ağlamaq bir o qədər vacib deyil… Bu məqam kövrəldi… yadına nişanlı vaxtları düşdü.
Yox, mütləq ağlayacaqdı… xəstəxananın qapısının ağzındaca ağlayıb özünü divara söykəyəcəkdi, ki yıxılmasın... öz xasiyyətini yaxşı bilirdi. Ağlayanda bir adama, ya bir yerə söykənməliydi. Gücü azalırdı, nədi?..
…Yəqin gəlib onu divardan aralayacaqdılar, aralayıb aparacaqdılar… sonra da fikirləşdi ki, birdən heç kim ayırmadı onu divardan, yaddan çıxdı?..
...İynə barmağına batdı... barmağı qanadı…
Fikirləşdi ki, niyə belə səfeh-səfeh şeylər haqqında fikirləşir?! Ondansa üz gününə ağlasın. Tək qadın, üç uşaq... Ərinin, tər tökə-tökə iki qucağı dolu daşıyıb soyuducunu doldurduğu bazarlıq iki-üç günə qurtaracaqdı. İki-üç gündən sonra bazara özü getməli olacaqdı… ağır-ağır zənbilləri əlinin damarları şişə-şişə, ovucları kəsilə-kəsilə özü daşıyacaqdı...
Fikirləşdi ki, niyə daşımalıdı o qədər ərzağı ki, əri olmayandan sonra heç xörək bişirməyə ehtiyac olmayacaqdı?!.. Özü daim pəhrizdədi, uşaqlar da ki, Allaha şükür, meyvəylə şirniyyatdan savayı dillərinə heç nə vurmurlar.
Deməli, bazarlıq eləməkdən, çöldən gələn torpaqlı kartof-soğanı, qanlı əti yuyub yerbəyer eləmək kimi iyrənc proseslərdən canı qurtaracaqdı… Bir qutu yumurta alıb basacaqdı soyuducuya, qurtardı getdi. Fikirləşdi ki, heyf deyil yumurta?!.. Mədəni ərzaqdı. Nəyi var içindədi, nə əlin batır, nə iyi gəlir. Bişməyi də göz qırpımında.
Ağlına gələn bu fikirdən ürəyi çırpındı. Demək, xörək bişirməyəcəkdi. Bu dəqiqə mətbəxin rəfinə sığınıb onu sakitcə gözləyən ət maşınıyla gündə-gündə döyüşməkdən canı qurtaracaqdı. Ət maşını bu dəqiqə onun ömrünü gödəldən vasitələrin ən birincisi idi… Gündə-gündə itilənməkdən nazilib az qala kəpənək qanadına dönən bıçağı əti üyüdüb xırdalamaq əvəzinə, özünə sarıyıb, mühərriki inək kimi böyürdürdü… Yəni ki, «məni sök, təzədən yığ». Xörək bişirmək lazım olmasaydı, nə ət maşınıyla döyüşməyə ehtiyac qalacaqdı, nə də ətürpədən səslər çıxaran bıçaqitiləyənə. Yağlı qab-qazan sürtmək üçün, barmaqlarını deşib qanadan iynəli sürtkəclərdən də, gün ərzində alabəzək ləkələrlə örtülən qaz pilətəsini gündə-gündə təmizləməkdən də canı qurtaracaqdı...
Bu yerdə bədəninə isti gələ-gələ fikirləşdi ki, canı deyəsən hələ çox şeylərdən qurtaracaqdı… İllərlə ürəyi bulana-bulana, zəhləsi tökülə-tökülə görmək məcburiyyətində qaldığı vəziə borcları bir-bir yadına düşdükcə, hiss elədi ki, həyəcanlanır, əlləri əsir, saçlarının dibi gizildəyir, otağın qarnlığı elə bir avazıyır... Yoxsa, səhər açılırdı?!..
Hə, demək təzə həyat başlayırdı… qayğısız, öhdəliksiz, azadz bir həyat…
Azadlıq haqqında fikirləşdikcə, beyninə o qədər yeni fikirlər, azad həyat epizodları gəldi ki, onları üst-üstə, böyür-böyürə yığanda, tamam ayrı bir həyat alınırdı… o da tamam ayrı adama oxşayırdı.
...Paltarın hər iki böyrü hazır idi. Qalxıb gecə köynəyini soyundu, paltarı geyinib güzgünün qabağında dayandı. Paltar əyninə kim otururdu.
O biri otağa keçib işığı yandırdı, paltartikən maşının qabağında oturub iynəsini sapladı, paltarı əynindən çıxarıb maşının iynəsi altına keçirdi.
...Hava işıqlaşırdı...
Fikirləşdi ki, bir azdan ərinin qohum-əqrəbasına zəng vuralıdı...
…Maşının düyməsini basıb söndürdü, sapı dişi ilə qırıb paltarı əynin geyindi, güzgünün qabağına keçib saçlarını daramağa başladı. Daradıqca, gözü güzgüdən, döşəmənin ortasında qalaqlanan geyimlərə sağaşdı...
…Pal-paltarların arasında ərinin bağda geydiyi zolaqlı pijama, bir neçə köhnə köynək şalvarları dəydi gözünə. Fikirləşdi ki, bunların hamısını boğçaya yığıb kasıb-kusuba paylayar. Sonra ürəyi çırpına-çırpına fikirləşdi ki, ümumiyyətlə, bütün bu pal-paltarı ləğv eləmək lazımdı ki, köhnə illərin möhürü kimi gözdağı olmasın.
...Qapı taqqıldadı. Elə bil qapını yox, onun başını taqqıldatdılar.
Ürəyi əsə-əsə fikirləşdi ki, kim ola bu vaxt?.. Sonra elə həmin dəqiqə də başa düşdü…
Əri ölməmişdi. Qayıdıb gəlmişdi. Hər axşam işdən evə qayıdan tək...
...Qapı bu dəfə əməli-başlı döyüldü, sonra dalbadal üç dəfə zəngi vuruldu. Olsun ki, əri daha uşaqların oyanmağından qorxmurdu.
...Vur, vur... Əlin döyənək olunca vur. Görüm sonra neyləyəcəksən.
Qapının zəngi aramsız çalınırdı. Uşaqlar deyəsən oyanmışdılar. O biri otaqdan səsləri gəlirdi, sonra uşaqlardan hansısa otağın qapısını açıb dəhlizə boylandı:
- Ana, ay ana…
- Nədi?
- Qapı döyülür.
- Eşidirəm, sən get yat.
Əsəbilikdən gözü qarala-qarala fikirləşdi ki, demək o, bayaqdan bura özünə qara paltar tikir… bu bəydadaş isə Allah bilir, harda nə işlə məşğul olur...
Ağlamağı tutdu. Fikirləşdi ki, gör bir necə səfeh qadındı?!..
Qapı lap bərk döyüldü. Əsəbləri davam gətirmədi, dəhlizə çıxıb işığı yandırdı. Gözlükdən çölə baxdı.
Əri müqəssir üzlə qapının o tərəfində dayanmışdı, düz onun gözünün içinə baxırdı.
- Nə var?
- Qapını aç.
- Açmıram.
- Dedim aç, biabır eləmə bizi. Camaat yatıb.
- ...
- Aç deyirəm, yoxsa...
- Hə, nə yoxsa?..
- Özün bilirsən.
- Bilmirəm.
Əri qapıya necə vurdusa, qapının dəmiri guruldayıb yerində oynadı. O biri otaqda uşaqlardan hansısa səsə oyanıb ağladı.
Məcbur olub qapını açdı.
Əri qoltuğunda bükülü, narazı sifətlə içəri girib əyri-əyri ona baxdı, sonra bükülünü güzgünün qabağına elə qoydu, elə bil o, bükülünün içindəkini görəndən sonra o, bayaqkı yersiz hərəkətinə görə xəcalət çəkib yerə girəcəkdi.
- Bura nədi səninçün, mehmanxanadı?..
-...
- Sənnənəm.
Əri indi də bükülünü açırdı. Açıb əliylə göstərə-göstərə:
- Telefondu. - dedi.
- Telefonu neynirəm?..
- O gün demirdin?!..
- O gün çox şey deyirdim, onlar niyə qalmadı yadında?..
- Nə deyirdin?..
- Deyirdim, bura mehmanxana döyül, gec gəlsən, küçədə qalacaqsan...
- Di bəsdi, yaxşı.
- Nə yaxşı? Yadında bircə telefon qaldı da, hə? Axı ən asanı telefonu almaqdı?!.. Çətini - evə gəlməkdi, evdə oturmaqdı, məni görməkdi...
Əri çəkmələrini soyunub başmaqlarını geyinirdi.
- Nəyə gəlmisən? Yatmağa yerin yoxdu?..
- ...
- Bu da təzə çıxdı. Hər gələndə qoltuğunda bir şey gətirir. Nədi bu, rüşvətdi?
- Başın xarab olub sənin.
- Xarab olar da.
Əri mətbəxə keçib bir müddət orda nə iləsə məşğul oldu.
İndi əri mətbəxdə, yuxusu gözündən tökülə-tökülə vaxt udur, onun yerinə girib yatmağını gözləyir… Gözləyir yuxuya getsin, ölü kimi lal-dinməz uzanıb qalsın ki, onun iynəli suallarından canı qurtarsın. Əri bu dəqiqə ölüylə də yatmağa razı olar, təki onun deyintisini eşitməsin.
Fikirləşdi ki, niyə bu vaxtacan ağlına gəlməyib ki, əri onun ölümünü istəyir?..
Hə, əri onun ölümünü istəyirdi. Çünki hər gecə ona «rüşvət» daşımaqdan cana doymuşdu, qapının ağzında nadinclik eləyən uşaq kimi başıaşağı dayanmaqdan ürəyi bulanırdı... Rəngbərəng, al-əlvan məclislərdən bura - darısqal dustaqxananı andıran evinə qayıdanda, pillələri ayaqları getməyə-getməyə qalxdıqca, ürəyində min dəfə Allahdan ona ölüm diləyirdi... Gecələr - ağzı, gördüyü əyri-üyrü yuxulardan açıla qalan vaxtlar əri balışına dirsəklənib onun üzünü, eybəcər xəritəni tədqiq edən tək, müşahidə eləməkdən, nəfəsinin nə vaxt kəsiləcəyini gözləməkdən bezmişdi.
…Əri hələ də mətbəxdə idi. İndi də yarımçıq, ləng qurtumlarla deyəsən, su içirdi… Yoxsa, əllərini yuyurdu?.. Axır nəydisə, su səsi gəlirdi.
Nəfəsini saxlayıb sakitliyə diqqət kəsildi.
Su səsi deyəsən hamamdan gəlirdi.
Barmaqlarının ucunda dəhlizə çıxıb səssiz addımlarla mətbəxə sarı yeridi...
…Hamamın qapısı yarımaçıq idi... əri vannanın kənarına oturub dizlərinə dirsəklənmişdi. Əl-üz yuyandan şırhaşırla su axırdı.
...Qapını aralayanda əri dik atıldı.
- Burda niyə oturmusan?
- ...
- Nəyi gözləyirsən?
Əri pərt-pərt çiyinlərini çəkdi:
- Heç nəyi.
- Bəs niyə yatmırsan?
- ...
- Ürəyin bulanır, hə?
- Məni görəndə də...
Əri yorğun halda nəfəs dərib üzünü yana çevirdi:
- Yenə başlandı.
- Qulaq as, bulanırsa, denən bulanır da. Nədən qorxursan?..
- Nədən qorxuram?.. Heç nədən qorxub eləmirəm.
- Onda de də.
- Nə deyim?
- Denən zəhləm gedir səndən...
- Getmir axı?!
- ...
- Ayrılmaqdan qorxursansa, sənədlə ayrılmarıq, amma sən Allah mənimlə oynama. De, mən də işimi bilim…
- Nə işini?.. – qəfildən əri suyu bağlayıb sınayıcı nəzərlərlə onun üzünə zilləndi.
- Yəni… - dedi və hiss elədi necə saçlarının dibinəcən bütün bədəni od tutub yandı.
- Hə, nə yəni?.. – əri dedi və hiss elədi necə ərinin gözləri gur işıqlı projektor kimi bütün içini işıqlandırdı.
Hiss elədi ki, qızarır. O qızaranda ərinə elə bil od vururdular. Elə bil onun bu qızarmağın biədəb nə isə var idi.
…Ərinə indi də elə bil od vurdular, bayaqdan xumarlanan yuxulu gözləri birdən-birə işıldadı:
- Hə, niyə dayandın?.. Davam elə.
Hiss elədi ki, lap pörtdü. Üzü pörtüb Allah bilir, qaraya çalırdı…
...Əri vannanın kənarında oturub ona baxırdı... Sonra sərt hərəkətlə qapını çəkib arxadan cəftəni vurdu.
...Uşaqları yataq otağının qapısından, qorxudan avazımış yuxulu gözlərlə ona baxırdılar:
- Ana, ata neynir orda?..
- Ata ölüb!..
Bunu bağıran, əriydi. Səsi gecənin sakit qaranlığında əks-səda verib bütün evi bürüdü.
Uşaqlar səs-səsə verib ulaya-ulaya ağlaşdılar...
Uşaqları bir təhər ovudub yerlərinə sala-sala fikirləşdi ki, hər yaz belə başlayır…
Onu lənətə gəlsin!..


1988

6 комментариев:

  1. butun hekayeler cox pessimist ruhda yazilib niye axi?heyat bele deyil belkede beledi ama butun aileler bele deyil olanlarida insanlar ozleri edir....bele hekayeler yazmiyin....coxunu oxudum ama xowbext sonluq yoxdu...AXI NIYEDE OLMASIN BIR GOZ QIRPIMINDA BITEN OMUR NIYE BELE KECSINKI?

    ОтветитьУдалить
  2. salam AFAQ xanim,bu lap heyatimi eks etdirir.

    ОтветитьУдалить
  3. Salam.Sizin Ceza povestinizi nece oxumaq olar?Internetde yoxdur.Satisda nece,varmi?Xahis edirem melumat veresiz.bu e-maile yazsaniz minnetdar olaram.status_quo@box.az

    ОтветитьУдалить
  4. Ana olmaqdan bezməz analar
    bunu ən azı evdə öz anasından hiss edib hər kəs

    ОтветитьУдалить
  5. Ele geseng bezir ki.Ana mefhumuna bu axmag sedaget vefadar jefadar kultu geyindirmek kime lazimdir axi Erin deniz medenlerinde aylarla itende Geri gayidanda ise xalaxetrin galmasin deye alayarimcig aile gaygilarini vezife borcu kimi birteher yerine yetirib dostlariyla eylencelere gacirsa aglina DA gelmirse ki zovcesinin de mesuliyyetlerden kenarlasib ancag ozune serf Ede bileceyi vaxtini temin etsin gadin ozunu eve aileye usaglara tehkim olmus dustag hesab edir.Her gun sebr telgin etmelidir ozune ki usaglara cimxirmasin mejbur etmelidir ozunu her seyi goyub bas goturub gacmamag ucun unsiyyetsizlikdenn aglina gelen sedagetsiz fikirleri Redd elemelidir basindan bicag sumuye direnenedek.Sonra ise...ya cemiyyetin asib kesdiyi gadina ya da butun bu fedakarliglarin heyfini ovladlarina minnet yuku ile yukleyob ozune tehkim eden gelinine kurekenine Gan udduran gaynanaya cevrilir

    ОтветитьУдалить
  6. Indi bu hekayenin yazilma meqsedi nedi?demey isdiyir Afaq Mesud hec urek acan hekayeler deyil menasizdi

    ОтветитьУдалить