Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 10 сентября 2008 г.

525-ci qəzet
12 aprel 2008-ci il, şənbə
«İzdiham" məni ölümdən qurtarıb»


O, dünyaya yalnız sözün gözüylə baxır. Yəqin elə bu səbəbdən də onun sözlərindən doğulan ədəbiyyat həyat qədər canlı, diridi. Beləliklə, Yaşar Əliyevin şənbə qonağı yazıçı Afaq Məsuddu.
Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub.
1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-86-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-88-cu illərdə "Azərbaycantelefilm"də direktor vəzifələrində çalışıb.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
"Üçüncü mərtəbədə" (1976), "Şənbə gecəsi" (1980), "Keçid" (1984), «Tək», (1990), İzdiham" (1991), "Subbotniy veçer" (Moskva 1984) "Azadlıq" (1997), "Yazı" (2005) kitabları nəşr edilib.
"Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir.
Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza" televiziya filmləri çəkilib.
2003-cü ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar"). Bir sıra mükafatlara layiq görülüb Azərbaycanın əməkdar incəsənət xadimidir. Ailəlidir, üç
övladı var.


- Ədəbiyyatın əzəli və əbədi mövzularından biri də atalar və oğullar mövzusudu. Əslində, bu mövzu çoxdan sırf yaradıcılıq müstəvisindən çıxaraq həm də ədəbi mühitin bir nömrəli mövzusu statusunu alıb. Gedənin gələni, gələnin gedəni qəbul eləmədiyi bu nəsil qarşıdurması bəzi məqamlarda ədəbiyyatımızın xeyrinə, bəzi məqamlarda zərərinə işləyib. Çünki bu rəqabət heç də həmişə yaradıcı istiqamətdə olmayıb. Doğrusu, əlbəttə ki, hər bir yazı adamı böyük sözün övladıdı və bu mənada, onda bütün sələflərindən ən azı bir cizgi, bir nişanə olmalıdı. Amma bir əsrin üç nəslini özündə təmsil edən ailələr var ki, onlardan biri də sizin mənsub olduğunuz ailədi. Babanız, xalq yazıçısı Əli Vəliyev otuzuncu, atanız, tanınmış tənqidçi Məsud Əlioğlu altmışıncı və nəhayət, Afaq Məsud yetmişinci illər nəslini təmsil edir. Maraqlıdı, belə bir ailənin təkcə cismani deyil, həm də mənəvi davamçısı olan Afaq Məsud bu mühitsiz Afaq Məsud ola bilərdimi?
- Sözsüz ki, ədəbiyyata gəlməyimdə, mənsub olduğum tanınmış ədəbiyyatçı nəslin - Vəliyevlər şəcərəsinin, yaşadığım mühitin, eləcə də atamın və babamın böyük rolu olub. Lakin sırf qələm adamı kimi, mən nə babamdan, nə də atamdan nəsə götürdüyümü, necəsə, nə iləsə qaynaqlandığımı deyə bilmərəm. Daha doğrusu, lap bu yaxınlaracan deyə bilmirdim. Lakin bu yaxınlarda - atamın səksən illiyi ilə əlaqədar oxumalı olduğum əsərlər külliyatını, bir də - bu dəfə olsun ki, daha peşəkar gözlə, yenidən oxumağa başlayanda, qəfildən atamla öz aramda, inanılmaz, ağlasığmaz duyğu və düşüncə eyniliyini kəşf etdim. Baxmayaraq ki, o, sırf elmi-ədəbi tədqiqatla, mənsə, bədii yaradıcılıqla məşğul olmuşuq, bu müxtəlif üslublu mətnlər indi yanaşı qoyulub oxunsa, onların, eyni adam tərəfindən yazıldığına şübhə yarana bilər. Sözlərin deyiliş tərzi, emosional partlayış dolu bənzətmələr, sətirlərarası kölgədə saxlanılan gizli fikir qatı o qədər mənimkidi ki, oxuduqca, bəzən məndə elə bir təəssürat yaranmağa başlayırdı ki, mən - nə vaxtsa yazdığım bu yazıları indi, öz ölümümdən sonra oxuyuram.
Atamın bir çox əsərlərini hələ tələbəlik vaxtı, elə sonralar da, oxumuşdum. Amma bu qəliz üslublu, sırf elmi-nəzəri yazıların, hansısa cəhətdən mənə, yaxud bədii yaradıcılığıma yaxınlığını hiss eləməmişdim. İndi isə oxuduqca anlayırdım ki, mən - təkcə fiziki cəhətdən yox, həm də mənəvi cəhətdən məhz bu kitabların müəllifinin - Məsud Əlioğlunun qızı, ya bəlkə də elə özüyəm. Çıxılmazlıq nöqtəsindən azadlığa sıçrayışlardan tutmuş, ən xırda hisslərin böyük əzabında qovrulmağa qədər, sən demə, biz nə qədər də bir-birimizə oxşayırmışıq?!.. Mən həm də bir daha anladım ki, biz, nə doğmalarımız, nə də özümüz haqqında heç nə bilmirik. Yazıları oxuduqca, mən - kimin, kimi davam etdirdiyini də dəqiq müəyyən edə bilmirdim və düşünürəm ki, az yaşadığına, ya bəlkə hansısa daha ayrı, sirli səbəbdən öz tükənməz yaradıcı potensialını, istədiyi həcmdə və keyfiyyətdə xərcləyə bilmədiyinə görə, atam yaza və deyə bilmədiklərini, ayrı cür desək, xərcləyə bilmədiyi enerjini olsun ki, mənə ötürüb. "Ulduz" jurnalında təzə-təzə dərc olunmağa başlayan hekayələrimin, məndən xəbərsiz "Məsud" ləqəbiylə dərc edilməsinin də, təsadüf olmadığını, mən yalnız indi başa düşürəm. Və bütün bunlardan sonra onu da deməliyəm ki, bir söz adamı kimi, Sözə münasibətimdə, bu kəşfin özü də, hansısa əsaslı rol oynamır. Yəni mən yenə, ədəbiyyata onlardan gəldiyimi deyə bilmərəm. Bu mənada, yəni sırf sənət baxımından, mənim, atama da, babama da münasibətim - onların sağlıqlarında da, ölümlərindən sonra da belə olub. Yəni onlar həmişə mənim üçün - həyat və yaradıcılıqlarını, orta və ali məktəbdə ədəbiyyat müntəxəbatı kitabında oxuyub öyrəndiyim ədiblərlə - Azərbaycan ədəbiyyatının zənginləşməsində xüsusi çəkisi və rolu olan qələm adamlarıyla bir sırada olublar və baxmayaraq ki, atam Məsud Əlioğlu və babam - Əli Vəliyev, şəxsiyyətləri və ədəbi irsləriylə qürur duyulası simalardır, onlarla qürur duymaq, yaxud adlarını, orden-medal əvəzi yaxama taxmaq, necəsə, mənim ağlıma gəlməyib. Atalarını, ölümlərindən sonra yaşatmağa, adlarını əbədiləşdirməyə həvəsli övladları, bu sədaqətlərinə görə alqışlayıram, amma özümə qalanda, mən heç vaxt - yaddaşında kimi necə saxlamağı, yalnız Özü həll edən Zamanın işlərinə müdaxilə etmək fikrində olmamışam. Atamın ikicildliyini, yubiley bəhanəsiylə çapa hazırlamağımın əsas səbəbi də - bir neçə ay bundan əvvəl, tamamilə təsadüfən əlimə keçən - ali məktəblərdə ədəbiyyat fənninin tədrisi üçün yenicə buraxılmış iki cildli "Müasir Azərbaycan ədəbiyyatı" kitabı oldu. Azərbaycan ədəbiyyatına, onun tarixinə bu qədər səthi, loru dillə desək, atüstü yanaşan ikinci bir kitaba, sözün açığı, rast gəlməmişəm. Yeri gəlmişkən, o kitabla bağlı, daha doğrusu, bu kitabın əsas hissəsini təşkil edən dil və fikir xətalarıyla dolu mətnlərin müəllifi - professor C.Abdullayevin, ali təhsil ocaqları üçün hazırladığı bu "töhfəylə" bağlı, mən ayrıca yazı yazmağı planlaşdırıram. Tələbələri maarifləndirdiyini zənn edən bu ədəbiyyatçının fikir və cümlələrindən elə sitatlar ayırmışam ki, onları oxuyanda adamın tələbələrə ürəyi ağrıyır. Kitabın ötən yüzilliyin ədəbi tənqidinə dair bölümünə - klassik və müasir ədəbiyyatımızın, eləcə də şifahi xalq ədəbiyyatının tədqiqinə dair neçə-neçə fundamental əsərlərin və monoqrafiyaların müəllifi, Azərbaycanın elmi-ədəbi fikrinin, barmaqla sayılan görkəmli nümayəndələrindən biri - Məsud Əlioğlunun nəinki əsərlərinin, adının belə düşmədiyi halda, ədəbi tənqid sahəsinə yenicə qədəm qoymuş, fikir və cümlələri ciddi redaktəyə ehtiyaclı gənc tənqidçilərin "ədəbi irsindən" anlaşılmaz bir səxavətlə söz açılmasının məntiqi mənə aydın olmadı. Eləcə də, ədəbiyyata - babam Əli Vəliyevlə bir - 20-30-cu (hətta daha sonralar) illər gələn və həmin illər, dövrün tələbi ilə "sovet quruculuğunun çiçəklənməsi", o dövrün "şanlı qəhrəmanları" haqqında yazıb-yaradan yazıçı-şairlərin, niyəsə "Müharibə illəri ədəbiyyatı" (?) başlıqlı bölümə, tək bir Əli Vəliyevinsə - ədəbiyyata 50-60 - cı illər gəlmiş Ə. Cəfərzadə, İ.Şıxlı, İ.Hüseynov və sair bu kimi, az qala övladı yaşında ədiblərlə bir, "Sovet ədəbiyyatı" bölümünə salınmasının səbəbi də mənim üçün qaranlıq qalır. Adıçəkilən bu kitabla bağlı dediklərim - yalnız mövzuətrafı yadıma düşənlərdir.
Hesab edirəm ki, bu kitab mütləq yenidən işlənib nəşr olunmalıdır.
Amma onu da deməliyəm ki, kitabın bir üstün cəhəti bu oldu ki, mən atamın əsərlər külliyatını nəşrə hazırlamağa başladım.
- Necə bilirsiz, yazıçının böyük söz ehtiyatına malik olması əsərin keyfiyyətinə ciddi təsir edirmi? Məsələn, ötən əsrin ən məhsuldar yazıçısı, yüzdən artıq romanın müəllifi Corc Simenon ən məhdud söz ehtiyatı olan müəlliflərdəndi. Deməli, ədəbiyyatda əsas qəliz düşünüb, bər-bəzəkli yazmaq yox, dildə də, düşüncədə də aydınlığa gedən yola çıxmaqdı.
- Düşünürəm ki, yazıçının dili ən azı, qrammatik baxımdan savadlı, ədəbi-bədii baxımdan qüsursuz olmalıdı. Hər hansı bir fikri, yaxud ən izaholunmaz, qəliz bir duyğunu ifadə etmək üçün demək istədiklərimi, çox az söz ehtiyatımla, qrammatik cəhətdən qüsursuz yaza bilməyim, şəxsən mənə kifayət edir. Düşünürəm ki, daxili yükü, aşılama qabiliyyəti olmayan əsəri, heç bir naxışlı dil, ibarəli cümlələr və sair xilas edə bilməz, yaxud onun zəif bədii-ruhi kefiyyətinə hər hansı bir məziyyət əlavə edə bilməz. Yalnız zəngin dil ehtiyatına arxalanıb yazıya girişən yazıçılar, böyük mənada heç nəyə nail ola bilməyiblər və yazıçıdan - ilk növbədə, az qala ali riyaziyyat qanunlarıyla hesablanmış məntiq və məsuliyyət tələb edən nəsr kimi ciddi sənətə uduzublar. Ədəbiyyata - əyləncə, başqatma vasitəsi kimi yox, insan kamilliyinə xidmətə köklənmiş institut kimi yanaşan insanlar bu gün də var və düşünürəm ki, onlar ədəbiyyata, xüsusən nəsrə, ilk növbədə artıq "kəşf olunmuş ərazilərdən" sonrakı - insanı yeni azadlıqlara və ölməzliklərə qovuşduran növbəti ərazilər əldə etməkdən ötrü müraciət edirlər. Və burda, dediyiniz həmin o dil faktoru nə yazıçı, nə də oxucu üçün elə bir ciddi rol oynamır. Belə yazıçının, dili zəngindirsə, lap gözəl. Amma bu üstünlüyü, bədii əsərin əsas göstəricisi hesab etmək olmaz. Bərbəzəkli ibarələrlə yazılan əsərlər, niyəsə həmişə mənə, pasterizə olunmuş süni süd məmulatlarından hazırlanmış rəngbərəng kremli, lakin insan orqanizminə heç bir təbii qida verməyən tortu andırıb. Naşı oxucu çox vaxt bu ibarələri, ehtiyac duyduğu mənəvi qida əvəzinə məmnuniyyətlə qəbul edib, lakin kitab örtülüb kənara qoyulandan sonra, o, yenə əvvəlki "aclığından" əziyyət çəkməyinə davam edib.
- Yenidənqurmanın ilk dövrlərində Rusiyada sərt nəsr adlı bir cərəyan yarandı. İnsan hisslərini və reallığı bütün çılpaqlığıyla ədəbiyyata gətirən həmin nəsil üçün tabu anlayışı yox idi.
Doğrusu, sizin əsərlərinizdə də insana heç bir güzəşt yoxdu. Sizcə, yazıçı nədəsə öz təxəyyülünə məhdudiyyət qoymalıdırmı? Ümumiyyətlə, ədəbiyyatda tabu anlayışı ola bilərmi?
- Yazmaq - olsun ki, kimin üçünsə istirahətdi, kimin üçünsə özünü kimlərəsə sübut etmək, yaxud tanınmaq vasitəsidi. Mənim üçün yazı - heç kimlə, hətta özümlə belə bölüşə bilmədiyim ağrılarımı, qələm və kağızla bölüşmək vasitəsidi. Bu da dərdləşməyin bir növüdü. Məndə yazıya ehtiyac, məhz belə məqamlar da, yəni səbəbi, çox vaxt özümə də aydın olmayan ağrılarımı bölüşmək ehtiyacı məqamında yaranıb. Kimsəsiz, sakit bir yerə çəkilib, orda qələm və kağızla təkbətək, üzbəüz qalanda, özümü Allahın dərgahında hiss eləmişəm. Yəni içimdə gizlədiyim hər bir şeyin, ovuc içinin aydınlığı ilə hardansa, ha tərəfimdənsə göründüyü bir ərazidə olduğumu duymuşam və artıq bütün təfsilatı və aydınlığıyla görünənlərdən nəyisə gizləməyin fərqinə varmamışam Əlbəttə, həmin məqam kağıza düşənləri, səhəri gün, ya o biri günlər təmizləməyə mənim həmişə imkanım olub. Amma heç vaxt bunu eləməmişəm. O səbəbdən ki, ən qadağalı fikrin, ya duyğunun, kağıza köçürüləndən sonra öz "yasaqlığını" necəsə itirdiyini, yumşalıb, bəraət aldığını hiss eləmişəm. 1989-cu ildə yazdığım "İzdiham" romanı ətrafında bu gün də müxtəlif səpkili mülahizələr yürüdülür. Biri bunu, qaravəlli adlandırır, digəri, sürrealist üslubda yazılmış psixoloji nəsr... O əsəri anlayanlar da var, anlamayanlar da. Amma dəqiq olanı odur ki, iyirmi ilə yaxındı ki, bu əsərə qarşı maraq sönmür. Səbəbi - yuxarıda dediyim həmin o "bəraət almış qadağaların" bu əsərdə özünə yer alması, yəni ictimailəşməsidi. Bu, bioqrafik yazıdı. Ən yaxın qohumlarımdan tutmuş, dostlarımacan, burda çox adam özünü görüb tanıya bilərdi və tanıyıb inciyənlər də oldu. Lakin Allaha min şükür ki, məsələnin bu tərəfi, yaxud cəmiyyətin, hansısa cümləm, yaxud fikrim barədə nə düşünəcəyi, məni heç vaxt narahat etməyib. Bəlkə ona görə ki, əsərlərimlə özümə heykəl qoymaqla, yaxud, əbədiləşməyə dair hansısa daha ayrı bir işlə məşğul olmamışam. Yazı mənim üçün öz içimdə, duyğularımda ilişib qaldığım çıxılmazlıqlardan xilas olmağın ən asan yolu olub.
- Sommerset Moyem deyirdi ki, Höte özünün ən yaxşı şeirlərini sevgilisinin bədənində yazıb. İngilis yazıçı bununla söz adamının ikili ömür yaşadığına işarə edirdi. Yəni, yazıçısansa hətta ən intim, ən məhrəm anlarda belə insanlıq ikinci plandadı. Bu mənada, o, yazıçını, hardasa, başqalarının dərdindən belə öz işi üçün faydalanan qeyri-səmimi insan hesab edirdi. Doğrudanmı belədi?
- Mənə gəlincə, nəinki, tanış-bilişi, dostlarımı və doğmalarımı, özümü də çox vaxt ədəbi personaj qismində, hardansa kənardan görürəm. Bayaq dediyim kimi, bu mənada "İzdiham" tanış-bilişin, qohum-əqrəbamın ən çox və incidiyi əsərdi. Bu, həm də mənim şüuraltı yaddaşımdan necəsə, hansı səbəbdənsə, öz-özünə süzülüb gələn unikal informasiyadır. Bu əsərin yazılma dövrü mənə - öz üzərimdə apardığım qəribə, ağrısız əməliyyatı xatırladır. Belə əməliyyatlar zamanı kimin hara, nə formada düşdüyünün fərqinə varmırsan. Əsas məsələ - nə vaxtdan bərisə canında yatan bir sıra öldürücü komplekslərdən azad olmaqdı. Bu mənada "İzdiham" məni, demək olar ki, ölümdən qurtarıb. Əslində, hər əsərimlə mən, nələrdənsə xilas olduğumu, havaya qalxdıqca özünü yüklərindən azad edən hava şarı kimi, yüngülləşdiyimi hiss etmişəm. İçi əşya və insan dolu bütün bu məkan, eləcə də Zaman - öz əbədiliyi və sirləriylə bir, məndən ötrü, əvvəli-axırı olmayan möhtəşəm bir Yazıdı. İndi gərək, hansı ustalığa malik olasan ki, bu Yazıyla paralel, sən də nəyisə yazmağı bacarasan. Daha doğrusu, həmin o möhtəşəm Yazının hansı tərəfindənsə oxuduğun nəyisə düz-əməlli köçürə biləsən. Əgər əlbəttə ki, bu Yazını oxumaq savadın varsa...
- Markes təxminən yarım əsrdi ki, "Yüz il tənhalıqda" romanının ekranlaşdırılmasına icazə vermir. Səbəb kimi oxucuların təsəvvüründə olan obrazların maddiləşməsini istəmədiyini göstərir. Məsələn, deyir ki, Ursulanın Sofi Lorenə çevrilməsinə razı olmaram. Sözümü nəyə gətirirəm. "Yuğ" teatrı sizin "Can üstə"nizi səhnələşdirdi. Bu sırf psixoloji hekayənin pyes ömrü sizi qane etdimi?
- Əslində, bu hekayə, üzərində nə vaxtdan bəri işlədiyim irihəcmli romanın bir hissədi. Bu əsər - eyni ərazidə - bədən və ruh vəhdətiylə ayrılmaz birliklə yaşayan maddi və ruhi dünyalar arasında çırpınan insanlar barədədi. Lakin əsəri yazdıqca, əlimdəki ədəbi materialın, zamanın və hadisələrin gedişatıyla dəyişməyə, yeni-yeni personajlar və situasiyalarla artmağa başladığını hiss edəndə, əsərin müəyyən qatlarına işləyən bu xətti ordan çıxarmalı oldum. Sonra hekayənin "Yuğ" Dövlət teatrının baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə pyes variantını işlədik. Zənnimcə, unikal tamaşa alındı. Qeyri-təvazökar çıxsa da, zənnimcə, Azərbaycanın teatr tarixində bu səpkidə tamaşa olmayıb. Düzdü, bəzi qələm dostlarım dedi ki, hekayə daha aydın və çəkisiz idi, pyes variantı onu nisbətən ağırlaşdırıb. Mənsə hesab edirəm ki, hekayə, pyesə çevrilməklə uddu. Çünki pyes, əsərin, romanda açılacaq bir sıra gizli qatlarını, tam olmasa da, üzə çıxara bildi.
- Tərcüməni hər bir millətin dünyaya açılan pəncərəsi də adlandırmaq olar. Biz əgər dünyayla dünyanın dilində danışmaq istəyiriksə, o pəncərəni taybatay açmalıyıq: həm bizim dünyanı, həm də dünyanın bizi aydın görməsi üçün. Bu məsələdə rəhbəri olduğunuz Tərcümə Mərkəzi böyük məsuliyyət daşıyır.
- Bu gün Mərkəzin fəaliyyətinin ən böyük uğuru - hörmətli prezidentimiz, cənab İlham Əliyevin, ötən il mədəniyyət və turizm naziri, cənab Əbülfəs Qarayevə təqdim etdiyim layihəmə əsasən, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və nəşri barədə sərəncamı imzalamasıdır. Ölkənin mədəni-mənəvi həyatı üçün bu, çox böyük hadisədir. Özünüz bilirsiniz ki, müstəqilliyə qədəm qoyduğumuz artıq neçə illərdir ki, Rusiya yolu ilə əldə etdiyimiz ədəbiyyatlardan əlimiz üzülüb, dünya səviyyəli ədəbi əlaqələr isə hələ ki, yox həddindədi. Bu, mənəvi aclıq, ayrı sözlə desək, məmləkəti mənəvi süquta sürükləyən təhlükə deməkdi. Bizim Mərkəz bu işi, neçə illərdən bəri öz qüvvəsi ilə, lakin damla-damla, yəni il ərzində bir, ya iki kitab nəşr etməklə həyata keçirirdi. Dövlət sərəncamı isə, ölkənin mənəvi həyatı üçün zəruri olan bu prosesin, artıq kütləvi səviyyədə həyata keçirilməsinə zəmin yaratdı. İndi bir təhlükəli məqam - tərcümələrin hansı səviyyədə həyata keçiriləcəyi məsələsi qalıb. Bu gün biz, adda-budda bədii tərcümə ədəbiyyatlarının, yüksək nəfis tərtibli nəşrləri ilə rastlaşırıq. Lakin, kitabın içinə - mətnin tərcümə keyfiyyətinə varanda, kitabın bu bahalı nəşrinə xərclənən pula heyfin, onu oxuyacaq azərbaycanlılara yazığın gəlir.
Təəssüflər olsun ki, bizim ölkədə hələ də bədii tərcümə haqqında düzgün təsəvvür formalaşmayıb. Biz elə bilirik ki, əgər kimsə Xarici dillər universitetini bitiribsə və onun hansı diləsə yiyələndiyini təsdiq edən diplomu varsa, o kəs bədii tərcümə ilə məşğul ola bilər. Lakin bu, heç də belə deyil. Bədii tərcümə sahəsi üçün nə həmin o diplom, nə də o kəsin gözəl təcüməçilik savadı kifayətdir. Əsərin yazıldığı bədii üslubda, yazıçının imzasını təsdiqləyən özünəməxsusluğuyla alınması üçün işə, mütləq bədii istedadı olan sənətkarlar qarışmalıdı. Tərcümənin yüsək keyfiyyətli, oricinala maksimal bədii adekvatlıqla alınması üçün biz (müəllif əsərin yazıldığı orijinal dilini bilmirsə) ilk növbədə əsərin sətri tərcüməsini alırıq, yalnız bundan sonra, əgər bu, nəsrdirsə, onu, bu işdə artıq müəyyən təcrübəsi olan, daha doğrusu, tərcümə qabiliyyətini bəyənib qəbul etdiyimiz yazıçıya, şeirdirsə, şairə sifariş veririk. Axı, bədii tərcümə - təkcə fikrin tərcüməsi demək deyil. Burada sətraltı duyğuların, mətnarası fikirlərin, olduğu qayədə, həmin bədii səviyyədə saxlanılması və müvafiq səviyyədə ifadəsi vacib şərtdir. Dəfələrlə olub ki, biz - neçə-neçə kitabın müəllifi olan istedadlı yazıçıya, yaxud şairə, "Xəzər" üçün sifariş verdiyimiz tərcümələri geri qaytarmalı olmuşuq.
Tərcümə sahəsinin əngəlliyi tək bir ədəbiyyat sahəsiylə bitmir. Uzun illər Rusiyanın tərkib hissəsində olduğundan, tərcümə problemləriylə üzləşməyən ölkəmizin, bu gün beynəlxalq aləmlə hər sahədə müxtəlif səviyyəli və səpkili əlaqələrə girməsi, hazırda dağınıq halda, qeyri-peşəkar səviyyədə fəaliyyətdə olan tərcümə sahəsinin yenidən qurulmasına, sistemli şəkildə tənzimlənməsinə zəruri ehtiyac yarandığından xəbər verir. Bu gün bu problem özünü, müxtəlif sahələr üzrə - nazirliklər səviyyəsindən tutmuş, kino dublyajına qədər göstərməkdədir. Bugünkü efir onsuz da dilimizi bərbad hala salır; müğənnilər bir yandan, yarırus, yarı azərbaycan dilində danışan naşı aparıcılar o biri yandan, tərcümə də bu tərəfdən. Bu gün tərcümə - qloballaşan dünyada elə bir zəruri sahəyə çevrilib ki, bütün ölkələrdə sistemləşmiş qurumlar tərəfindən, dövlət nəzarəti altında idarə olunur. Bizdə isə tərcüməyə hələ də ikinci dərəcəli sahə kimi baxırlar, ancaq unudurlar ki, bütün sahələrdə dünyayla ünsiyyət yaratmağın ilkin və əsas şərti - yüksək səviyyəli, peşəkar tərcümədir.
- Bəlkə Gürcüstandan nümunə götürək. Orda tərcümə sahəsinin uzun illər institut statusuyla fəaliyyət göstərməsinin qonşu ölkənin Avropaya daha sürətlə inteqrasiya etməsində az əhəmiyyəti olmayıb.
- Məhz bu siyasətin nəticəsidir ki, Nodar Dumbadze elə böyük bir yazıçı olmasa da, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub. Və həmin o institutun xidmətidir ki, gürcü ədəbiyyatı bu gün dünyanın aparıcı ədəbiyyatları sırasındadır. Azərbaycan ədiblərini isə, "Biləcəridən o yana" keçə bilmədiklərinə görə məzəmmət edirlər. Yazıçının inqilabi borcu, Markes demişkən, əsər yazmaqdır. Ölkəni, milləti dünyada tanıdan bu əsərlərin təbliği ilə, ölkə daxilində - efir və mətbuat, ölkə xaricində isə dövlət səviyyəli qurumlar məşğul olmalıdır. Bu, böyük maliyyə vəsaiti və məsuliyyət tələb edən ciddi bir işdir.
- Azərbaycandan baxanda dünyanı yaxşı-pis görə bilirik. Bəs dünyadan baxanda Azərbaycan necə görünür? Söhbət bizim ədəbiyyatdan gedir. Məlum olduğu kimi bu yaxınlarda Vyanada sizin əsərlərinizin geniş təqdimat tədbirləri keçirildi. Təəssüratlarınız necədi?
- 1999-cu ildə Vyana Universitetinin müəllimi Sena Doğan Bakıda Azərbaycan ədəbiyyatı üzrə araşdırmalar aparırdı. 2000-ci ildə o, mənim yaradıcılığımla bağlı doktorluq işi müdafiə etdi. Sonra məni Vyanaya dəvət etdilər. Orada silsilə tədbirlərdə - mətbuat konfranslarında, müxtəlif səpkili görüşlərdə çıxışlarım oldu, "Sərçələr", "Dahi" əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş edildi. Ötən il də Vyanaya dəvət olunmuşdum. Vyananın Mədəniyyət Departamenti tərəfindən. Orda Vyana radiosu ilə mənim, "Sərçələr" radio - pyesim oxundu. Bəstəkar seçimini öz öhdəmə buraxmışdılar. Vaqif Gərayzadənin "Şirvan naxışları" kompozisiyasının pianoda müşayiəti ilə oxunan bu radio-pyes vyanalılar tərəfindən çox bəyənildi. Sonra mənimlə müsahibə yayımlandı. Radio Hauz deyilən, adamla dolu salonda keçirilən bu tədbir, eyni zamanda həm də canlı yayımla Vyanaya ötürülürdü. Məni mütəəsir edən - soyuq alman qadınlarının "Sərçələr" - dən təsirlənib axıtdıqları dinməz göz yaşları oldu.
- Sizin yaradıcılığınıza təkcə Avstriyada deyil, digər ölkələrdə də kifayət qədər maraq var. Amma nədənsə bu barədə danışmağı xoşlamırsız.
- Ümumiyyətlə özünüreklamı yararsız vaxtöldürmə hesab edirəm. Əsəri, özü kimi reklam edən ikinci vasitə tanımıram. Mən nə Senanı tanıyırdım, nə onu Azərbaycana dəvət eləmişdim, nə ondan, mənim haqqımda yazmağı, yaxud əsərlərimi, pulsuz tərcümə etməyi xahiş etmişdim. Nə də ötən il dəvət aldığım Vyana Mədəniyyət Departamentinin direktoru Animariya Türkü tanıyırdım. Senanın 2000-ci ildə müdafiə etdiyi doktorluq işini, yadınızdadırsa, yalnız ötən il, o da iki gənc alimin təşəbbüsünü qiymətləndirmək məqsədilə açıqladım. Demək olar ki, hər ay internetdən, əsərlərimin müxtəlif ölkələrdə-İranda, Qırğızıstanda, Özbəkistanda və daha haralardasa nəşr edilməsi barədə məlumatlar alıram. Amma heç vaxt bunu reklam etmək barədə düşünməmişəm. Buna, yəni tanınmağa ehtiyacım və həvəsim yoxdu, ona görə. Dəvət olunduğum verilişlərdən və müsahibələrdən imtina etdiyimə görə məndən inciyən efir rəhbərləri də, qəzet redaktorları da bunu yaxşı bilirlər.
- Necə bilirsiz, Nobel xülyası azərbaycanlı yazarlar üçün gerçəkləşə bilərmi?
- Nobel mükafatına təqdim olunmaq üçün, yazıçının, ən azı 30 ölkədə nəşr olunmuş əsəri olmalıdı və burda məsələ, təkcə xarici ölkələrdə nəşr olunmaqla bitmir. Mükafata təqdim edilən əsərə, dünya ictimaiyyətinin diqqəti cəlb olunmalıdı. Nobel mükafatına təqdim olunmağın böyük akademik yolu var. Bu, özfəaliyyətlə - yəni əsərini öz pulunla tərcümə etdirib hər hansı bir ölkədə müəyyən tirajla nəşr etdirməklə başa gələn iş deyil. Burda yenə tərcümə məsələsi, bu məsələyə dövlət qayğısı məqamı ortaya çıxır. Əsər yazmaq və eyni zamanda, Nobel mükafatı kampaniyası aparmaq - eyni müstəviyə sığan işlər deyil. Təqdim olunan əsərin arxasında ya gərək İsveç Akademiyası üçün, müəyyən milli statusu olan - ingilis, fransız, yaxud alman millətinin nümayəndəsi olasan, ya da əsərin arxasında, yazıçının mənsub olduğu dövlət dayana.
Bu gün biz Nobel mükafatının yaxasından yapışıb durmuşuq. Düşünürəm ki, bu Nobel xəstəliyi, mənim "Can üstə" pyesimin qəhrəmanı - Nobel mükafatı laureatı, yazıçı-qadından sonra dəbə düşüb. Amma başqa mükafatlar da var: Buker, Qonkur və s. Orda da təmsil olunmaq lazımdır.
- Sonda soruşmaq istərdim: Afaq Məsud yazıçı ömründən başqa ömrü yaşaya bilərdimi?
- Xeyr. Amma onu da deyim ki, mən - ancaq yazanda, yazıçı olduğumu hiss edirəm. Başqa vaxtlarda mən - adi qadın, ana, idarə rəhbəriyəm, ev işləriylə məşğul olanda evdar qadınam... Və həmin məqamlarda, qəfildən yazıçı olduğum xatırlayanda, bu yerlərdən qəribə bir çəkisizliklə - ruh bədəndən ayrılmaq istəyən tək, ayrılmaq istədiyimi hiss edirəm və nədənsə kövrəlirəm... Özümə yazığım gəlir, nədi?..

Комментариев нет:

Отправить комментарий