Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


пятница, 27 февраля 2009 г.

Quzu yazıçı



Bu səhərin ala-toranında, yatağımda uzanıb heç nə haqda fikirləşmədən, yenidən yuxulamağa hazırlaşdığım yerdə, qəfil şimşək çaxıntısıyla hardansa üstümə yağa-yağa, həm də necəsə, içimdən qaynar şüa fəvvarəsiylə üzümə fışqıran möhtəşəm duyğu həmləsindən, arı çalmış kimi, dik atılıb ayağa qalxdım, yazı masamın arxasına keçib "gələnləri" hürkütmədən, qırıq-qırıq qeydlərlə vərəqlərə köçürməyə başladım. Köçürdükcə, bir çoxunu əldən buraxıb itirsəm də, qısaca mahiyyətini qaralamağa macal tapdığım, fikrimcə, əsrarəngiz duyğularımın bir hissəsini bədii ifadələrimlə cilalaya-cilalaya, mümkün kamil həddini ala-ala, növbəti silsiləmi yazıb başa çatdırdım. Sonra nəfəsimi dərib, səhərin bu çağında az qala bütöv şəhər salmış adamın şərəfli yorğunluğunda əriyə-əriyə, yazdıqlarımı bir də oxudum və özümü dünyanın ən xoşbəxt, ən ali varlığı sanmağa hazırlaşırdım ki, qəfildən, yazı nəşəsindən qurumuş damağım boyu gəzdirdiyim dilimlə, uzun illərdən bəri ağzımın içində gəzirdiyim bu mağaravari, əcaib ünsürün, əsasən qış fəsillərində, soyuq, qarlı havalarda yediyim kəllə-paçanın bozumtul şirəsində, dəryada qəzaya uğramış qayıq kimi görünüb - yox olan həmin quzu damağı olduğunu anladım.



Qorxunc uyarlıq



Vaxtı ilə ədəbiyyatımızda külüng çalan, qalın-qalın, dəbdəbəli kitablar yaza-yaza, aparıcı vəzifələrdə çalışan, iclas və yığıncaqlarda həyatsevər vücudu ilə kürsülərə qalxıb ordan, coşqun əzmkarlıqla "aktual" məsələlər qaldıran... indi isə, qocalıb əldən düşən, səsi, heyi tükənən, gözünün qarası bozarıb ağı saralan, təqaüdə çıxıb yaşadığı binanın həyətində, gözdən-könüldən uzaq, sakit bir guşədə, hər an ortadan çatlayıb onu üzüaşağı buraxacaq nazik, quru budaqda oturan tək, hürkü içində otura-otura, xəstə tülkü mürgüsüylə uyuyan ağsaqqal xalq yazıçımıza baxdıqca, niyəsə dövlətə olan sevgisini səsinin ən təsirli tərəfiylə, bəlağətli sözləri, zər-zibalı ifadələriylə, macal tapdığı yerlərdən dönə-dönə izhar eləməkdən öz ürəyini zədələyən cavan, enerjili xalq şairimizi xatırladım.



Mülk təntənəsi1



Bu yaxınlarda "iştirak etmək" məcburiyyəti ilə peyda olduğum yas məclislərindən birində, süfrənin o biri tayında mənimlə üzbəüz oturan qadınların, süfrəyə düzülmüş yeməklərə "girişməzdən" əvvəl, bu yumşaq, şirəli təamlarla mənim bilə bilmədiyim, hansısa əcaib münasibətlərlə ünsiyyətə girdiklərini, kəhrəba qovurmalarla, xaşxaşlı qoğallarla naz dolu ehtiraslı baxışlarla işvəli sövdələşmələr apardığını gördükcə, "yeyənlərin" və "yeyilənlərin" eyni materialdan olduğunu anladım.



Mələküt təntənəsi2



Adam kimi yaşamaqdan, evimə, işimə, insanlara yovuşub mümkün rahatlıq tapmaqdan ötrü özümdən qəsdən uzaqlaşdırdığım sehrli sufi mətnlərinin, daim ha tərəfdənsə gizli-gizli mənə sarı axdığını, ruhumda, duyğularımda damla-damla dəyişkənliklər yarada-yarada, məni ilıq, çəkisiz boşluqlara axıtdığını, anlaşılmaz, şirin ağrılar dolu bu ecazkar məhrəmlikdə əriyib itmək qorxusuyla ha tərəfəsə pərçimlənib, dayaqlanıb axmaq istəmədikdə, canıma sızıb, bətnimə hopub məndə yaşadığını duyduqca, özümü nə qədər üzüb əldən salsam da, heç vaxt adam kimi yaşaya bilməyəcəyimi anlayıram...



Möhtəşəm

mötəbərliyin iflası



Bir çox "möhtərəmlərin" və möhtəşəmlik azarkeşlərinin, möhtərəmlik və möhtəşəmlik atributları olan bahalı malikanələrin və maşınların, torpaq ərazilərinin və özəl binaların, son illər ucuz şou-biznesin möhtəşəmlik və mötəbərlik marağından xeyli uzaq, səfeh nümayəndələri tərəfindən, həmin həcmdə və keyfiyyətdə əldə edilməsi, ölkənin möhtəşəmlik və mötəbərlik iddialı "ali" vətəndaşlarının statusunu bir xeyli laxlatdı.

Sonsuz axtarışlar

girdabında



Müqəddəs kitablarda oxuduğumuz, yarıdoğru, yarıyalan bilib gizli yaddaşlarımızın hansısa ayıq nöqtələriylə, Özünü nə vaxtsa, axır ki, bizlərə yetirəcəyini dəqiq bildiyimiz, müddəti, Kainat ölçüləri ilə Bir Gün, bizim zaman ölçümüzlə "əlli min olan"3 Böyük Axirət Gününün artıq çoxdannan bəri yetişdiyindən, bizləri, asta odun üstə həlim-həlim qaynayan düyü kimi, ehmal-ehmal bişirdiyindən xəbərsiz yaşaya-yaşaya, Yeri hərəkətə gətirib vaxtı sürətləndirən, iqlimləri dəyişib kəndləri sular altında basdıran, torpaqları titrədib şəhərləri yarğanlara çökdürən, kişiləri qadına, qadınları kişiyə çevirə-çevirə bərabərləşdirən bu böyük Sınaq Günündə biz yenə nə axtarırıq?..



Dostoyevskinin

qəhrəmanı



Bu payız Moskvada keçirilən Beynəlxalq kitab yarmarkası günlərində bizim nümayəndə heyətini müşayiət edən Mişa adlı gülümsər üzlü rus oğlanın, Dostoyevskinin hansısa qəhrəmanlarından biri olduğunu, onun gülümsər üzünün alt qatında gizlənən tanış ağrının, uzaq tələbəlik illərində Dostoyevskinin əsərlərində duyduğum XIX əsrin Rusiyasının - yarıqaranlıq, kasıb mənzillərdə, qənbər döşəməli palçıqlı küçələrdə yaşanan həmin qədim ağrı olduğunu, olsun ki, mənim özümün də, həmin o uzaq illərin ağrılarıyla ağrıyıb-ağrıyıb, artıq çoxdannan ölmüş Dostoyevski personajlarından biri olduğumu anladım.



Qoçağın aqibəti.

Mən bir qoçaq adam tanıyıram ki, yaşı yetmişi adlasa da, Allahı tanımır.
Peşəsi yazmaq olsa da, O dünyanın varlığına, Ruhun mövcüdluğuna, bu dünyanın, yüksək vəzifəli şəxslər tərəfindən yox, İlahi qanunlarla - Qüdrətli və Dəyişilməz Yazıyla idarə olunduğuna inanmır.
Başı, gözü ağarsa da, beli bükülüb dizləri əssə də, bu qoçaq, dünyanı həmin cavanlıq ədəbazlığı və təmannayla sevir.
Bütün ömrünü, var qüvvəsini sərf edib, dəridən-qabıqdan çıxa-çıxa, daxıla yığantək, nəyinsə içinə, ya üstünə topladığı Şöhrətinin, son nəticədə dəbdən düşmüş köhnə palto qədər dəyərsiz olduğunu görə-görə, öz nəsliylə, nə vaxtsa əl verib görüşdüyü, üzbəüz, yanaşı oturub şəkil çəkdirdiyi yüksək rütbəli dövlət adamlarıyla yaxın münasibətlərindən qürur duymaqdan usanmır.
Ömrünün sayılası günləri son mənzilə dirənsə də, bu qoçaq həlimləşib saflaşmaq, müdrikləşib olanla barışmaq əvəzinə, düyünlənib dayazlaşır, onu, təbii mövsüm axıntısıyla kölgəyə qısan gəncliyə, yeniliyə, sütül növrəstə məkriylə nifrət edir.
...Və bircə an belə, ayaq saxlayıb, nəfəs dərib, Özü barədə, uzun, keşməkeşli illərlə hədsiz «ayıq» beyninin, xəstə bədəninin əsirinə çevirib içində qapatdığı Ruhu barədə düşünmür, Onu bircə anlığa belə, dincliyə, rahatlığa, azadlığa buraxmaq fikrinə düşmür.
Olsun ki, gizli yaddaşının hansısa oyaq tərəfiylə o, yaxşı bilir ki, azadlığa buraxacağı təqdirdə, bütün həyatıyla, şöhrət və nüfuz qazanmaq eşqiylə çürüdüb irinlətdiyi vücüdundan xilas olmuş Ruhu bir daha geriyə - ona qayıtmayacaq.





1. Mülk dünyası - maddi məkan, hisslərlə qavranılan bədənlər dünyası. İnsanların realizə olduğu dünya.

2. Mələküt dünyası - ilahi məkan, qeyri - maddi obyektlər və arxietiplər dünyası.

3. Quran: "Hədis ül Qüds"

на 1:35

Комментариев нет:

Отправить комментарий