Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 2 января 2008 г.

CAN ÜSTƏ


(İki hissəli müəmmalı qətl hadisəsi)



HADİSƏDƏ İŞTİRAK EDİRLƏR:




Yazıçı: - orta yaşlı qadın, Nobel mükafatı laureatı.

Qoca: - keçmiş vəzifə sahibi, uzunömürlü təqaüdçü, Yazıçının keçmiş qonşusu.

Qohum: - Qocanın uzaq kənddən gələn əmisi oğlu - 70 yaşlarında.

Səidə: - Qocanın nəvəsi, Yazıçının yaşıdı və uşaqlıq rəfiqəsi.

Mərhumlar:

Xədicə: - Qocanın mərhum arvadı - yaşlı qadın.

Qafar: - Qocanın mərhum sürücüsü - orta yaşlı.

Məmur: - Qoca ilə bir dövrdə daha yüksək vəzifədə işləmiş mərhum.

Qonaq: – Enerji təchizatı idarəsinin əməkdaşı cildində Əzrayılın özü.

Həkim: - «Təcili yardım» həkimi qiyafəsində adsız mələk.






BİRİNCİ HİSSƏ




Yarıqaranlıq otaq. Dörd bir yan qalın, tozlu qovluqlarla doludur. Otağın bir tərəfində kiçik yazı masası, digər tərəfində köhnə dəmir çarpayıda can verən Qoca, çarpayının yanında - Qocanın protez dişləri salınmış bulanıq sulu stəkan, dava-dərman, nimçə, eynək, köhnə qəzetlər və sair yığılmış alçaq dolab, dolabdan bir qədər aralıdakı stulda, qolları qoltuğunda oturmuş Qohum görünür. Küləyin səsi evin içiylə canavar ulartısı ilə ulayır.


Qoca: (sayıqlayır, təngənəfəs) …odu, ordadı… zirzəmidə… aşağı düş… düş aşağı… düş deyirəm sənə... (təngənəfəs halda susur) …Bura niyə belə qaranlıqdı?.. (yaxınılığında olan kiməsə) Səninləyəm… deyirəm, buralar niyə belə qaranlıqdı, hə?.. (inildəyir) Cavab ver… olmaya… (gözləri hədəqəsindən çıxa-çıxa yan-yörəsinə boylanır) Odu bax, ordadı, görürəm… lap aşağıda… görürsən?.. Görmürsən?.. Budey, gözünün qabağındadı ki?!.. Adə, o boyda qapını görmürsən?.. (astadan) Açarları bura ver… Ver açarları ona!.. Hə, di qurtar, vaxt gedir, gələn olar… hərlə açarı… hərlə-hərlə… Hə… belə ha… Noldu, açılmadı?.. Açılmadı???..


Qohum ayağa qalxıb Qocanın üstünə əyilir, nəbzini yoxlayır, qulağını sinəsinə dirəyib nəfəsinə qulaq asır, cibindən çıxardığı güzgü parçasını Qocanın ağzına tutur, ətəyinə silir və keçib yerinə əyləşir.
Qapı cırıltısı… Çöldən eşidilən küləyin səsi güclənir. Yarıqaranlıq dəhlizdən ilk əvvəl əcayib telefon zənginin səsi eşidilir. Zəngin ardınca Yazıçı peyda olur. Otağa daxil olub bir müddət tərəddüd içində ətrafa boylanır, sonra otaq boyu oğurluğa gəlmiş kimi, barmaqlarının ucunda yeriyə-yeriyə qovluqlara yaxınlaşır, acgöz baxşlarla onalara zillənir.


Qoca: (gözüyumulu sayıqlayır) …Gəlir… yenə gəlir… (qəfildən vəhşi səslə bağırır) Qoymayın, gəli-i-ir!!!.. (Qohum dik atılıb yan-yörəsinə boylanır) Odu, bax, gözləri necə parıldayır?!.. Yenə quzğun kimi gəlir!.. Canımı almağa gəlir… (bağırır) Qoymayın!.. Siz Allah, qoymayın!.. (heysizləşir) …Qoymayın, ay subaylar… ay yaşlılar… heyvərələr hər yerə… dırmaşdılar...
Qohum: (fəxrlə tamaşaçılara) Sabirdəndi... (Qocaya baxa-baxa) Ay zalım, elm dəryasıydın!.. Heyif səndən əmioğlu, heyif!.. Heyf o başından ki, bir azdan…
Qoca: (sayıqlayır) …bir azdan?.. Nə bir azdan?.. Bir azdan heç nə... heç nə olmayacaq… (qəfildən aqressiv yaxınlığında olan kiməsə) …Nə qoyun kimi durub baxırsan, ay heyvərə?!.. Görmürsən necə gəlir?.. Tutun onu!.. Zindana!.. 463-ə!.. (nəfəsi təngiyir) …Pəncərəsi olmayan… (məkr dolu həzzlə) …qaranlıq, havasız zindana… Hər saatdan bir də… yerinə su tökün… (ikrahla gülür) …döşəməsi buz bağlasın… ayaqları donub qupquru qu-ru-sun…


Qoca sayıqladıqca Qohum ayağa qalxıb küncləri, çarpayının altını axtarır, haralarasa boylanır və Yazıçını görür.


Qohum: Bıy?!.. Nə yaxşı gəldin, a bala?!.. Halı bayaqdan çönüb…
Yazıçı: (turşumuş üzlə) Çönüb?.. (çarpayıya yaxınlaşır, etinasız baxışlarla Qocaya baxır) Hə, çönüb. (tamaşaçılara, Qocaya işarə ilə astadan) Yenə bildi, gələn mənəm. Gözüyumulu bildi. Ötən dəfə də içəri lap sakitcə, barmaqlarımın ucunda girmişdim. Onda da bilmişdi, gələn mənəm. Gözüyumulu bilmişdi. Bunu necə, hardan bilirdi başa düşə bilmirəm...
Qoca: (guya sayıqlayır, təngənəfəs)…ay yazıq, sən nəyi bilirsən ki, bunu da biləsən?!.. Bunu... bunu vaxtı ilə bizlərə öyrədiblər!.. Ağzıəyriləri boyunlarının ardından tanımağı öyrədən kimi… (qəfildən coşur) Biz!.. (yenə heydən düşür) …bunun məktəbini keçmişik... (nəfəsi təngiyir) Bax… məsələn, elə ki… havam çatışmır… elə ki… qarnımın içi doğram-doğram doğranır, o dəqiqə bilirəm… hardasa yaxınlıqdasan…
Qohum: (qürurla) …Dilinə qurban olum, ay əmoğlu! (tamaşaçılara) Can üstə də gör bir nə təhər savadnan, səlist ədəbi dildə danışır ey?!.. (Yazıçıya, sirr açan təki) Bunun sayıqlamasında da dərin hikmətlər var!
Qoca: (qəfildən bağırır) …Dərinizə saman təpəcəyəm, köpəy uşağı!.. (inildəyib özündən gedir. Yazıçı Qocanın üstünə əyilir, üzünə gah uzaqdan, gah yaxından baxır, barmağı ilə burnunun istisini yoxlayır).
Yazıçı: (Qohuma) Hə… Burnunun ucu dünəndən bura elə bil saralıb… (çarpayının yanında yerə çöməlib Qocanın üzünə indi də profildən baxır) Həm də elə bil uzanıb… (ayağa qalxır, Qocanın nəbzini tutur) Zəif vurur. Bir-iki…
Qoca: (sayıqlayır) …yeddi-səkkiz… (nəfəsi daralır, qəfildən əl atıb Yazıçının qolundan yapışır, ehtirasla) Firən-gi-iz... Firən-gi-iz!..
Yazıçı: (çırpınıb Qocanın əlindən qurtulur) Firəngiz?.. (Qohuma) Firəngiiz kimdi?..
Qohum: (kövrək) Xalaqızımızdı. İnişil öldü yazıq. (Qocaya baxır) Gözünə görünür. Bu, həmişə belə olur. İnsan can üstə olanda, o dünyaya köçmüşləri başına yığışır. Bir növ qarşılamağa gəlirlər... İndi bax, fikir ver. (Qocaya sarı əyilib bərkdən) Əmioğlu, xalaqızı yenəmi çayın o üzündədi?..
Qoca: (sayıqlayır) …o üzündədi… ordadı… Orda ki, inək otlayır… balaca, arıq inək… Mənə əl eləyir… çağırır… İnək də böyürür… onu da inişil kəsiblər…
Qohum: (fəxrlə, həm də az qala ağlaya-ağlaya) Görürsən?.. Ölür tay, a bala. Səhərə çıxa, ya çıxmaya. Gör bir… bax bir, burnu nə təhər uzanıb?.. Soltan babam rəhmətə gedəndə onun da burnu eynilə bu günə düşmüşdü. Oturduğumuz yerdə bir də gördük ki, kişinin burnu nazildi… ucu uzanıb aşağı əyildi… (tilsimə toxunan kimi, astadan tamaşaçılara) Elə bil kimsə, ha tərəfdənsə əl uzadıb... (əlini Qocanın burnuna uzadır) …onun burnunu dartmağa başladı…
Qoca: (Qohumun əlindən vurur) Ay-ay-ay!!!.. Dəymə!.. Sənə dedim, dəymə, zimbat oğlu, zimbat!..
Yazıçı: (peşəkar maraqla Qohuma) Zimbat?.. Zimbat kimdi?..
Qohum: (qururla) Vallah, nə bilim?!.. Bir onu bilirəm ki, biz qanan məsələ döyül. Onun bildiklərini bizlər… (Yazıçıyla özünə işarə edir) …bilə bilmərik.
Qoca: (sayıqlayır) …öldürəcək… vallah o, bura bundan ötrü gəlir… vallah niyyəti budu… O dəfə də dedim… inanmadız… amma axı mən bilirəm?!.. Mən bədbəxt… Ağzıyəriləri qulaqlarının ardından tanıyan bədbəxt…
Qohum: (Qocaya məhəl qoymadan, tamaşaçılara) İndi sən gör ki, bu can deyilən nə olan şeydi də!.. Can – üstə! Yəni ki… (əlləriylə nəyinsə üstü ilə yeriyən tək) …canın üstündə!.. Gör indi bu nə olan şeydi ki, bu cür ağıl dəryasını, bu ağırlıqda bilik müccəsəməsini nə günə salıb…
Yazıçı: (fikirli) Nə günə salıb?.. (Qocanın çarpayısından aralanır, iş yerinə gəlmiş kimi, yazı stolunun arxasfına keçib çantasını üstünə qoyur, eynəyini və qələmini çıxarıb əyləşir, enəyi gözünə taxıb stolun üstündə qalaqlanmış kağızları nəzərdən keçirməyə başlayır)
Qohum: Nə günə salacaq?!.. Görmürsən, nə gündədi?.. (ağlamsınır, ağı deyən kimi) A-ağlını-ı ba-a-şında-an çıxarıb… Rəngi-in sara-aldıb… so-olduru-ub… Ha-amı-ya… (qəfildən dayanır) …belə mə-ən əmio-o-oğluna da möhta-ac qoyub… (burnunu çəkib toxtayır, cibindən yekə burun yaylığı çıxarıb eybəcər səslər çıxara-çıxara burnunu boşaldır. Yazıçı səsə dik atılıb Qohuma baxır. Qohum yaylığı səliqə ilə qatlayıb cibinə qoyur, üzünü iki əli ilə, əl-üzünü yuyan tək ovxalayıb yerini rahlayır.) Ölür tay, a bala. Bu dəfə tay toşnu ölür!
Yazıçı: (kağızlarda eşələnə-eşələnə, iztehzayla) Ölür!.. Dünən də ölürdü!.. Srağa gün də, ondan bir ay əvvəl də… Onda da eynilə bu gündəydi. Burnu da, qulaqları da beləcə saralıb uzanmışdı. Amma səhəri gün… (tamaşaçılara, əsəbi gülüşlə) Səhəri gün Səidə dedi ki, mən gedəndən sonra o, heç nə olmayıbmış kimi, dim-dik dikəlib yerinin içində oturub. Adam balası kimi sıyığını yeyib.
Qoca: (dikəlib oturur, Yazıçıya) Neyləsin Səidə-yazıq?!.. Tay görür əl çəkmirsən də. Axırda məcbur olub üzünə də deyib ki, «babam səni görəndə halı xarablaşır.»?!.. (yenə özündən gedib yatağa sərilir) …ovçu Pirimin nağılındakı kimi…
Yazıçı: (maraqla) Ovçu Pirim?.. (Qohuma) O... ovçu Pirim dedi?.. Nə mənada?..
Qohum: (gizli qürurla) Bala, o nə deyirsə, elə belə demir. Onun hər sözündə məna var!..
Yazıçı: (gəlib Qocanın başı üstündə dayanır, üstdən-aşağı acı kinayə ilə) Axı niyə elə mən gələndə halınız xarablaşır, hə?.. Yoxsa məndən qorxursuz?.. Mən adamyeyənəm, nəyəm?..
Qoca: (başını adyalın altından çıxarır, Yazıçı eşitməsin deyə, astadan tamaşaçılara) O, adamyeyəndi. Ona inanmayın. Qabağına çıxanı yeyir. Baxmır qocadı, cavandı, uşaqdı. Neçə dəfə öz balasını yeyib. Gözümlə görmüşəm. Qorxunc adamdı!..
Qohum: (əllərini yorğanın altına salıb Qocanın ayaqlarını ovur, Yazıçıya) Bu andır qarabasmalar yazığı lap əldən salıb… kişi hər şeydən qorxur…
Qoca: (sayıqlayır) …buğda sıyığıdı… yox, amma… deyəsən… (ağzını marçıldadıb fikrə gedir) …yulafdı… hə… özüdü ki, var - yulafdı…
Qohum: (kədərli müdrikliklə Qocaya baxa-baxa) Bu dünya kimə qalıb ki, sənə də qala, ay əmoğlu?.. Amma sən… (ağlamsınır, qürurla) …qalacaqsan bu dünyaya! Vallah, qalacaqsan! Öz zəhmətinlə, qüdrətli əməllərinlə qalacaqsan! Bax… (qovluqlara işarə ilə) …qoyub getdiyin bu topdağıtmaz səlnamələrin - əzəmətli heykəlin tək, dünya durduqca duracaq!..
Yazıçı: (yerinə qayıda-qayıda, istehzayla Qohuma) Səlnamələr?.. Hansı səlnamələr?.. Siz… bu qovluqları deyirsiz?!. Onları oxumusuz?..
Qohum: (fəxrlə) Oxumuşam da sözdü?..
Yazıçı: (yerinə əyləşir, eynəyini saçlarına keçirir) Eləmi?.. Belə de!.. Orda nə yazılıb, deyin biz də bilək də...
Qohum: (müdrik rahatlıqla) E-eh, sən denən orda nə yazılmayıb!.. Bu kişinin qiymətin vallah, öləndən sonra verəcəklər. (tamaşaçılara) Bizlərin xisləti budu, balam da-a!.. Biz ölübaz xalqıq. Sağlarla aramız yoxdu ki?!.. İstəyirsən belə göyə dırmaşıb ordan ulduz dər - heç kim əhəmiyyət verməyəcək. Amma bax, elə ki, düşüb öldün… Hə-ə, bax onda…
Qoca: (tələsik sayıqlamalarla) …ölmürəm… ölmürəm… ölü… ölü... ölülər… (qəfildən dikəlib yerinin içində oturur, teatral pafosla) Kim?.. Ölülər?!.. (məkrlə gülür, iblisanə) Kim öldü?.. Deyin mən də bilim!.. Deyin, ölən kimd!.. Bu dəfə kim öldü?!.. Tez olun, deyin mənə!.. Mən həqiqəti bilməliyəm!..
Qohum: (Qocanı yatağına uzada-uzada, tamaşçılara) …hə-ə, bax, onda heykəlini qoyacaqlar. Biz də bu cür millətik, balam də. Ölübaz xalqıq. Adam gərək sözün düzünü diyə, balam də…
Yazıçı: Siz demədiz, (istehzalı təbəssümlə) o səlnamələrdə nə yazılıb.
Qohum: Demədim? Hə, nolar, deyim, eşit! (mobil telefonu zəng çalır) Bu dəqiqə… (pencəyinin altındakı nəyinsə döş cibinin dərinliyindən min bir əziyyətlə tapıb çıxardığı telefonuyla əlləşir) Bu şoğəribin də dilini öyrənənəcən… (düyməsini axır ki, tapıb basır) Alo-alo?!.. Bıy, səsini eşidək, qardaş!.. (gərginliklə dinləyir) Hə, hələ ki, burdayam. Hələ yox, hələ çəkər. Nə bilim, vallah... (gözü Qocada) Elə bilirəm səhərə çəkər. Alo-alo?!.. Kəsildi… (telefonla əlləşir)
Qoca: (əcayib ciddiliklə) …bu gün sıyıq yaman dadlıdı… amma… elə bil… (qəfildən donur, qalxıb yerinin içində oturur, dolabın üstündəki sıyıq dolu nimçəni əlinə alıb qaşıqlayır, ağzını marçıldadıb elə bil tamından şübhələnir) …həmişəki dadı vermir… Elə bil… (sıyığı vahimə ilə iyləyir) …qəribə ətri də var… (sıyığa, dəhşətli nəyəsə baxan kimi baxır, nimçəsini Yazıçıya uzadır)


Yazıçı ovsuna düşmüş kimi Qocaya baxır. Ətraf dəyişir. Ecazkar səslər. Yazıçı nimçəni əlinə alıb iyləyir və sanki sıyığın qoxusundan məst olur.


Yazıçı: (ovsunlanmış halda) Qəribə ətri var… Bu ətri mən hardasa qoxlamışam… (ayağa qalxır)
Qoca: (vahimə içində, səsi əks-səda verir) Mən... Mən də qoxlamışam... Amma harda?.. Nə vaxt?..


İşıq dəyişir. Əcayib musiqi. Yazıçı qorxunc əcayib rəqsi andıran çəkisiz hərəkətlərlə dolaşır.


Qoca: (vahimə içində yorğanı burnunacan çəkir)…Harda?.. Harda?.. (ətrafına boylanır) …Gözüm qaldı yollarda…
Yazıçı: (qəfildən dayanır, səslər kəsilir) Yadıma düşdü!..
Qoca: Hə!..
Yazıçı: Yasda!.. (Qoca vahimə içində titrədir) Bu… (yadına salmağa çalışır) …kiminsə yası idi… Dəqiq xatırlaya bilmirəm kimin.


Qoca dəhşətli bağırtılarla çığırıb yatağına sərilir. Qohum diksinib telefonunu cibinə basır.


Qohum: Can-can-can əmoğlu. Gör bir necə əziyyət çəkir, fağır. Deyirdim axı, «az yaz, ay qardaş, yorma özünü, qədir-qiymətini onsuz da bilən olmayacaq.» Sənsə elə yazırdın, yazırdın, yazırdın…
Yazıçı: (Qohuma məhəl qoymadan, nəyisə yadına salmağa çalışır) Onun… (dayanır) …bir cür qəribə adı da var… Sehrli… sirli… (qəfildən sevinclə) Tapdım!.. (tamaşaçılara) Müşk! Müşk-ənbər!..
Qoca: (vahimə içində) Ən-bər?.. Ənnn-bər???!..
Yazıçı: (Qocaya məhəl qoymadan, tamaşaçılara) Bu, qəribə bir ədəvadır. Onu deyəsən, səhv eləmirəmsə, ceyranın göbəyindən hazırlayırlar. Düzgün işlədilmədikdə, bəzən o zəhərlənmə də verir.
Qohum: (Yazıçıya) A bala, onu bizlərdə firniyə vururlar, hüzr düşəndə süfrəyə düzürlər…
Yazıçı: (fikirli) Hə-hə, hüzr düşəndə. (nə isə kəşf etmiş kimi eynəyini gözünə taxıb qovluqlara sarı gedir, ağzının içində «müşkü-ənbər» deyə-deyə orda səhifələri vərəqləyir, nə isə axtarır)
Qoca: (sayıqlayır) …müşkü-ənbər?... Müşkü-ənbər!.. (astadan) …Müşk.. Müşkiyyə… kiyyə… Ceyran…
Yazıçı: (başını qalırır, Qocaya) Siz… nə dediniz?.. (Qohuma) O… nə dedi, Müşkiyyə?..
Qohum: (Yazıçıya məhəl qoymadan tamaşaçılara) Rəhmətlik Xudaverdi dayım onu yaman xoşlayırdı!..
Qoca: (sayığlayır) …Müşk!.. Müşk!.. Püşk!.. (qəfildən yaşına yaraşmayan qəribə bir nazla) Püşk atıram - fala baxıram!.. Fala baxıram - püşk atıram… Canlara dəyən oğlanam…
Yazıçı: (gəlib Qocanın başı üstündə dayanır, həyəcanla qulağına) Siz… indicə… bu dəqiqə «Müşkiyyə» dediz?..
Qohum: (tamaşaçılara) Allah cəmi ölənlərinizə rəhmət eləsin, (qalxıb oturur, qürurla) Xudaverdi dayım da can üstə eynən bax, beləydi. Elə bil kimdənsə qorxurdu… Yaman qorxurdu. Amma, kimdən?.. (ətraf dəyişir, sirli səslər eşidilməyə başlayır)
Yazıçı: (həyəcanla Qohuma və tamaşaçılara) …Müşkiyyə mənim nənəmin adıdı. Onu o vaxt - 37-də gecə ilə evindən… bax bu binadan, üzbəüzdəki mənzildən aparıblar…
Qohum: (Yazıçını eşitmir)…Bax, bunu ta axıracan bilə bilmədik!
Qoca: (sayıqlayır, kimlərəsə) …Yavaş!.. Ehtiyatla!.. Ay uşaq, keç ordan!.. Keçin-keçin!.. Yol verin… Görmürsüz, ölü aparırlar?!.. (qəfildən dəhşət içində) Yerə bax, yerə!.. Gör bir necə yırğalanır?!. Elə bil… elə bil lap… (üzü qəfildən şıltaq ifadə alır) …göbək atır?!.. (uzanan yerdə çırtma çalır)
Bir az yavaş, lap asta…
yıxıllam, ölləm, asta…
yaxın gəl, asta-asta…
gül yığaq dəstə-dəstə…
ay boyu bəstə-bəstə…


Yazıçı vahimə içində geriyə səndələyir.


Qohum: (Qocaya məhəl qoymadan, sözünə davam edir) …O boyda kişi ki, təpiyini yerə vuranda… (ayağa qalxıb təpiyini yerə vurur, Qoca dik atılıb bürüşür) …yer titrəyirdi!.. Ölənə yaxın dönüb oldu, ayıb olmasın, lümək cücə. (çiyinlərini büzüb yamsılayır) Əsim-əsim əsirdi…
Yazıçı: Sizlərdə nə qədər ölən olub, ay canım?!.
Qohum: (Yazıçıya məhəl qoymadan) …boyun boğazını tər aparırdı yazığı. Elə hey deyirdi: (yamsılayır, vahimə gözlərini içində bərəldə-bərəldə) «Gəlir! Amandı, qomayın, gəlir!» - deyirdi, «Qoymayın, aparacaq!..» -deyirdi…
Yazıçı: Sözünüzü kəsirəm, siz…
Qohum: (eşitmir) …Amma elə ki, «Canımı almağa gəlir!..» - deyəndə… (təsirlənir) hə-ə, bax onda bildik ki, Əzrayılı deyir, fağır... (yenə burnunu silib yaylığını səliqə ilə qatlamağa başlayır)
Qoca: (sayıq) Əzrayıl?!.. Əzrayıl kimdi?!.. (qəfildən əsəbi) Neçə dəfə deyəllər, hər yoldan ötəni qəbuluma buraxmayın!..
Qohum: (Qocaya məhəl qoymadan tamaşaçılara) …Rəhmətlik dayıdostum Münəvvər bibim də eynən belə… (Qoca ya işarə ilə) …bax, eyni ilə bu cür!.. Baxmayaraq ki, o da çox savadlı adam idi… kəlmeyi-şəhadətini bir deyirdi, bir deyirdi… nə bilim?!.. Hər ədəvası ilə, zər-zənguləsiylə. Bax, o da… (ciddi bilici görkəmi alır) …o da eynən bax belə. Elə hey deyirdi: (yamsılayır) «Gəlir… qoymayın, gəlir!..» - deyirdi…


Yazıçı gəlib Qocanın başı üstə dayanır, çantasından çıxardığı əl lupası ilə onun bəbəklərini yoxlayır.


Qoca: (tamaşaçılara, sayıqlamada) …ova gəlib… ovçudu… ovçu Pirimin nağılı. Öz nizəsiylə gəlib. Özü də tək də deyil… üç nəfərdilər… Üçünün də əlində nizə var…
Qohum: (tamaşaçılara) …elə hey deyirdi: «Kitabı verin mənə». Dua kitabını deyirdi. Biz də gətirib verirdik. Vallahi-billahi, yazıq bu kitabı bir basırdı bağrına, bir basırdı bağrına, tək yeganə balasını da belə qucaqladığını görməmişdik! Sonra başlayırdı özü-özüyçün… kitaba baxmadan ha!.. elə sinədən oxumağa. Bah!.. Bu, elə bir mənzərəydi ki?!.. Nə bilim?.. Baxan, vəcdə gəlirdi. (qəfildən harasa yuxarı) Allah sənə rəhmət eləsin, ay Münəvvər dayıdostu!.. Ay mənim savadlı, dünyagörmüş, kitabsevər dayıdostum!.. (yerini rahlayır) Ba-ax, uşaqlarıma da demişəm: Yasinimi özüm oxuyacam. İndiki mollalara etibarım yoxdu.
Qoca: (sayıqlayır, vətənpərvərlik təlaşıyla) …Ay haray!.. Ay haray!.. Ana Vətən çağırır!.. (qəfildən astadan harasa ayrı tərəfə) Eşitmirsən, qoduğ?.. Mən yox, mən ölürəm, içim yanır. (Yazıçı diksinib yerinə qayıdır. Qoca konvulsiv hərəkətlər edir) Ay haray! Ay haray! Qoymayın!.. Apardı!.. (səsi enir, gülümsəyir) Apardı sellər Saranı…
Qohum: (gözü Qocada, tamaşaçılara) E-eh! Deyirəm, can şirin şeydi. Rəhmətlik Əfzəldin babam öləndə elə can verirdi, elə can verirdi… (özü-özünə astadan) …verməsəydi, ondan yaxşıydı. (tamaşaçılara) O boyda kişi, o tövr Rüstəm Zal… Nərə çəkəndə… (ayağa qalxıb əlini toqqasına keçirir, nərə çəkir)
Qoca: (dik atılır, Qohuma astadan) İtil burdan, heyvərə!.. Qocaldın, yenə adam olmadın. Öküzün biri öküz!.. O tövr ki, səni böyütmüşdülər…
Qohum: (Qocaya məhəl qoymadan) …o tövr zəhmli adam, dönüb olmuşdu evin ən mağmın uşağı. Bşı bax, beləcə aşağı asılmışdı… (təqlid edir) …dili-ağzı tutulmuşdu… Soruşurdum ki, (qulağı ağır eşidən kiminləsə danışan kimi, bərkdən) «Əfzəldin baba!.. Ay Əfzəldin baba!.. Deyirəm, uzaq yola çıxırsan! Bəlkə ürəyin yol üstə nə isə istəyə?!.. De, yerin deşiyindən də olsa, tapım gətirim!.. Yolun uzaqdı, tədarükünü gör!..» O isə dinmirdi, gözünü, bax beləcə… (təqlid edir) …aşağı dikib mağmın uşaq kimi elə bil nədənsə utanırdı. Pa-atennən!.. Deyirəm, bu can adamı nə günə salarmış, ə-ə?!..
Yazıçı: (qovluqlarla məşğuldu, eynəyi gözündə qeydlər aparır, Qohuma) Elədi-elədi.
Qoca: (sayıqlayır) Aman-aman!.. Yandım, aman!.. (qəfildən astadan Yazıçıya) Dəymə onlara. Orda sənlik bir şey yoxdu. (qəfildən yazıq-yazıq) Axı necə əlin gəlir?.. Axı onlar səninki deyil?!..
Yazıçı: (fikri oxuduğu kağızlarda) Mənimkidi.
Qoca: (sayıqlayır) Yox-yox, elə demə!.. Bağrım çatlayar!.. Elə demə! (qəfildən ayağa sıçrayıb Yazıçının üstünə cumur) Girmə bağçama!.. O bağçanın bülbülü mənəm!.. (Yazıçı hürküb otağın ayrı küncünə qaçır, Qoca yazı masasını bədəni ilə qoruyan tək) Bunlar vəhşilər üçün yazılmayıb!.. İnsanlar üçün, adamlar üçün yazılıb!.. Onları insanlar oxuyacaq. (qəfildən zəifləyir, qaçıb yerinə girir, iniltiylə) Yeri get işinə, ay ov adamı!..
Yazıçı: (yazı masasının arxasına qayıdır, Qocaya məhəl qoymadan, tamaşaçılara) Əvvəllər mən də, Səidə də ona inanırdıq. Elə bilirdik o doğrudan ölür. Səidə deməsəydi ki, mən qapıdan çıxan kimi bu «ölü» xortlayıb yerinin içində oturur… hələ bu bir yana qalsın, qəzetləri qabağına töküb (əsəbi təbəssümlə) …krasvordlara girişir…
Qoca: (yazıq-yazıq tamaşaçılara) Vallah, ölürəm… içim doğranır… yanır!.. İnanmırsuz, ölürəm?..
Qohum: (Qocanı yerinə uzada-uzada) A bala, niyə inanmırıq?.. Allah eləməmiş-Allah eləməmiş, Yezid-zad döyülük, ha. Görmürük, ölürsən?.. Tay adam nə təhər ölər?.. (yorğanı səliqəylə üstünə çəkir) Özünü darıxdırma, əmoğlu, tay lap az qalıb. Döz bir az. (tamaşaçılara qürurla) Bir azdan ağlayacağıq. Sənə də, imama da… (bir anlıq düşünür) Yezidə də!..
Yazıçı: (sözünə davam edir)…Bu yazıq təcili yardım işçiləri də girinc-giriftar olublar bu adamın əlindən. Hər dəfə gəlib onu təpədən-dırnağa - ürəyini, təzyiqini, bəbəyini, temperaturunu, daha nə bilim nəyini yoxlayırlar, sonra da deyirlər: «Ölür!» (keçib Qocanın baş tərəfindən durur, onu ikrahla süzür) İndi daha onlar da gəlmir!..
Qoca: (uzanan yerdə gözünü açır, ciddi) A bala, görmürsən ölürəm?!.. Həkimlər gic-zaddılar, öz başlarına desinlər ki, «ölür?..» (dikəlib yerinin içində oturur) Bax, bu, mənim burnum: gör, nə gündədi?!.. Sapsarı saralıb, uzanıb. (tamaşaçılara) O gün, uzandığım yerdə elə bil kimsə burnumdan yapışdı… (əli ilə burnunu dartır) …dart ki, dartasan, dart ki, dartsan!.. (Yazıçıya) Bu, qulaqlarım. (qulaqlarını didişdirir) Azdı bunlar?.. Azdısa, dalını da deyim... (yorğanını qaldırıb əlini şalvarının içinə salır) Bax, bu…
Yazıçı: (tələsik halda üzünü çevirir) Lazım deyil-lazım deyil, siz Allah. (yerinə qayıda-qayıda) Biabırçılıq...
Qohum: (sözünə davam edir, tamaşaçılara)…Şərəfəddin bibioğlumsa, ölməyə lap azacıq, lap belə ditdanacıq qalmış elə:«müşkü-ənbər!», «müşkü-ənbər!» deməyə başladı… O müşkü-ənbəri ki, bizlərdə halvaya vururlar a...
Qoca: (qalib rahatlığı ilə) «Halva-halva» deməklə ağız şirin olmaz... Gərək onu belə… (nəfəsi təngiyir, əl hərəkətləri ilə təsvir edir) …yeyəsən! (qəfildən bağırır) Hamuvuzun halvasını yeyəcəyəm, köpəy uşağı!..
Qohum: (Qocaya baxır) Yenə halı çöndü. (yorğanı düzəldir, fikirli halda tamaşaçılara) Bu «müşk» sözü də nə isə mənə bir təhər təsir eləyir e… Elə bil… (üzündə xof dolu vahimə dolanır) …söz də olsa, hardansa, o dünyadan düşüb. Damcı kimi. Fikir verin: Müşk!.. Müşk!.. Müşk…


Qocanın bədəni hər «müşk» kəlməsindən diksinib titrəyir.


Yazıçı: (tamaşaçılara) O gün Səidə deyir ki… (Qohuma) Doğrudan, heç soruşmuram, bəs Səidə hanı?..
Qohum: Başını itirib yazıq Səidə. Qabağınca qonşuya çıxdı. Həkimə zəng eləməyə getdi. Telefonu da səhərdən kəsiblər. Külək də bu yandan… Əvvəl sizin qapınızı döydü, açan olmadı… (birdən duruxub dayanır) Bıy?!.. Doğrudan heç demirsən, demə sən tay bu binada olmursan, hə?.. Deyirlər, özünə qəşəng bir imarət tikdiribsən?.. Sağlığına qismət. Deyəsən, sənə nə isə zırpı bir mükafat da veriblər, hə?.. Orası yadımda qalmadı pul, yoxsa, orden… (Yazıçı onu eşitmir, saçlarını iki əli ilə bir-birinə qatıb qarışdıra-qarışdıra otağın ortasıyla lunatik kimi o yan-bu yana gəzişir) Sənnənəm, a bala. Pul, yoxsa, orden?..
Yazıçı: (fikirli halda Qohuma) Orden-orden. (qəfildən ayaq saxlayır) Orden?!.. Ax orde-en!.. (tamaşaçılara) Gərək Səidədən onun ordenlərinin yerini öyrənəydim!.. (yazı masasının arxasın qaçıb orda kağızlara nə isə qeyd edir)
Qoca: (ayağa sıçrayıb özünü masanın qabağına atır, əli ilə masanın açarli siyirməsinin üstünü döyəcləyə-döyəcləyə) Ordenlərin hamısı burdadı!..
Yazıçı: (Qocaya işarə ilə tamaşaçılara) Guya indi bu can verir də. Bir qulağı isə burdadı.
Qoca: (əllərini belinə vurur) Bəs nə?.. Bəs niyə deyirlər: «Bir ayağı o üzdə, biri burda»?.. Niyə deyirlər: «Bir qulağı o tayda, biri bu tayda», hə?..
Yazıçı: (ona məhəl qoymadan, yerinə əyləşir, kağızları götür-qoy eləyə-eləyə tamaşaçılara) Demək elə ki, görürdük bu, ölür… yəni hər dəfə inanırdıq ki, o ölür, təcili yardımı çağırırdıq. Təcili yardımın işçiləri də cana yığılıblar bura gəlməkdən. Ünvanı eşidən kimi dəstəyi asırlar…
Qoca: (yerinə qayıda-qayıda) Belə cəhənnəmə assınlar!.. (keçib yerinə uzanır, eynəyini gözünə taxıb dolabın üstündən qəzet götürür, tamaşaçılara) Qudurğanlığa bir bax!.. Dəstəyi asırlar!.. (qəfildən əsəbi çığırtıyla) …İzətğ svoloçnuö mrazğ!.. (Yazıçıya, astadan) Həkimləri deyirəm, vreditelləri!.. (qəzeti oxuyur)
Yazıçı: (Qocaya məhəl qoymadan) …Onlar deyirdilər «ölür…» amma elə ki, təcili yardımın işçiləri gəlirdi, Səidə ilə mən onun heysiz, qoca əlinin, təcili yardımın həkiminin… kök, yaraşıqlı qadının ağappaq biləyinə sarılıb onu əqrəb kimi acgöz-acgöz… (nifrətlə Qocaya zillənir) sümürən tək, yığılıb-açıldığını görəndə, mat-məəttəl qalırdıq!.. İndi daha onlar da gəlmir...
Qoca: (gözü qəzetdə, etinasız) Üzləri yoxdu gəlməyə, ona görə!.. Əllərindən bir iş gəlir ki, gəlsinnər?!.. Köpəy uşağı!.. (əsəbi çığırtıyla) Hamısını zindana!.. 463-cü kameraya!..
Yazıçı: (stolun arxasına keçib yazır) Dörd yüz altmış üç. (fikirli halda) Yenə həmin nömrə.
Qoca: (qəzeti aşağı salır, şübhə içində özü-özünə) Qəribədi... doğurdan niyə gəlmirlər, hə?.. Bəlkə mən doğurdan ölmüşəm, hə?.. (vahimə içində tamaşaçılara) Bəlkə, artıq… yoxam?.. Hə?..
Qohum: (ayağa qalxır, Qocanı yatağına uzada-uzada) A kişi, niyə yoxsan?.. Budu burdasan, bizimləsən. Hələ ki, nəfəsin gedib-gəlir. Özünü darıxdırma. (əsnəyir) Bir ölümə çarə yoxdu.
Qoca: (vahimə içində) Ölümə çarə yoxdu... Onu kim dedi «ölümə çarə yoxdu»?.. (qəfildən əsəbi çığırtıyla) Bu nə səfeh söhbətdi?!.. Kim uydurub bu cəfəngiyyatı?!.. (yamsılayır) Ölümə çarə yoxdu - ölümə çarə yoxdu!.. (qeyzlə) Bu dünyada hər şeyə çarə var!.. (qəfildən həlim səslə Yazıçıya sarı çönür) Bu dünyada hər şeyə çarə var, qızım… Eşit, qeyd elə: elə şeylərə çarə var ki, «Ölüm!» orda heç nədi… (səsi bir az da enir) Məni anladın, bala?..


Məkanda nə isə dəyişir. Əcayib musiqi.


Qoca: (qəzetdən oxuyur) Onun bu şorgözlüyünün, bu xəstəhal qadın hərisliyinin bədnam izlərini o öləndə də... son nəfəsi boğazında çalxalanıb bitəndən sonra da ölü bəbəklərində görəcəyimizə nə mənim, nə də Səidənin şübhəsi yox idi…
Yazıçı: (çaşqın halda Qocaya sarı çönür) Siz… onu hardan oxuduz?..
Qoca: Nəyi?..
Yazıçı: (ovsunlanmış kimi Qocaya sarı yeriyir) Bu… indicə dediyiniz o cümləni deyirəm, onu hardan oxuduz?..
Qoca: (ciddi) Cümlə?.. Hansı cümlə?..
Yazıçı: (təşfiş içində tamaşaçılara) O cümlə mənim son əsərimdəndi! Onu mən… (təəccüblə özü-özünə) …axı o əsəri mən hələ çapa verməmişəm?!.. (Qocaya) Siz bunu hardan oxuduz, hə?..
Qoca: (astadan) Bıy, məgər bu sənin əsərindəndi?.. (çiyinlərini çəkir) Qəribədi.
Qohum: (mürgü içində) …dəryadı - dərya… sonsuz, dibsiz ümman... Sülhəddin xalam oğlu da… (sözləri yuxunun içində əriyib yastılanır) …be-lə-cə… de-yir-di…
Yazıçı: Siz…
Qoca: (qəfildən dəyişir, astadan) Sözümü kəsmə!.. Bax, mənim haqqımda həmin o «çap olunmamış» əsərində yazırsan: «onun xəstəhal qadın hərisliyi…»
Yazıçı: (qorxu və çaşqınlıq içində) Bəli, qadın hərisliyi.
Qoca: Qadın hərisliyi, xanım qız, bütün başqa sevdalar kimi, misal üçün, azadlıq sevdası, yaradıcılıq ehtirası kimi adi bir azardı. Əslində, bunların hamısı xəstəlikdir. İndi hərənin bir xəstəliyi var. Məsələn bax, (mürgüləyən Qohuma işarə ilə) bu adam-mərasim xəstəsidi. Xüsusən də yas mərasimlərinin düşkünüdü. Kim öldü - orda molladı, kim doğuldu - orda mamaçadı. Sənsə… (dolabın üstündən nə isə götürüb ağzına qoyur və dişsiz damağıla çeynəməyə başlayır)
Yazıçı: (Qocanın çeynəyib qurtarmasını gözləyir, axırda səbri daralır) Sizin bu şam mərasimi başa çatmadı?..
Qoca: (ağzındakını nəhayət ki, «udur») Sənin… (yenə dolabın üstündən götürdüyü nəyisə ağzına qoyub sözünə çeynəyə-çeynəyə davam edir deyə, dedikləri güclə anlanılır) …sənin azarın yazıdı-yazı. Bəli-bəli, yazı. Yazı, qələm… (çeynədiyini nəhayət ki, udur və o o biri görünməz «tikəni» Yazıçıya uzadır)
Yazıçı: Yazı?!.. («tikəni» alıb çeynəmədən, mexaniki halda udur, nə isə anlamış kimi ovsunda) Hə, yazı… qələm… (tamaşaçılara) Axır vaxtlar… (çaşqınlq içində) …mən yuxuda da yazıram…
Qoca: Ay aton rəhmətlik. Bəs mən nə deyirəm?.. Danış bala, aç ürəyini, çəkinmə.
Yazıçı: (tamaşaçılara ovsunda) …axır vaxtlar, yazıyla çox məşğul olduğumdan, ya nədənsə… (çiyinlərini çəkir) …tədricən elə bil danışıq qabiliyyətimi də itirirəm… Danışıq, şifahilik son vaxtlar mənə kobud və yöndəmsiz gəlir… Görünür mən… (qəfildən susur, ovsuna düşmüş tək, astadan) …yavaş-yavaş yazıya çevrilirəm!..
Qoca: (tamaşaçılara) Bəs mən nə deyirəm?..
Qohum: (təsirlənir, Qocaya) …yaman deyir... qabırğalarımın altı… qıdıqlanır…
Qoca: (müəllim təbiri ilə) Həyat isə bu deyil, bala!.. Həyatı bizlər görmüşük. (qürurla xatırlayır) At belində, çiynimdə beşaçılan, bu dağ sənin, o dağ mənim. Rayona girəndə hamı tir-tir titrəyirdi! Bir köpək uşağı gözümdən qaça bilməzdi!.. (şüarla) «Hamı ön cəbhəyə!..» «Ana Vətən çağırır!..» (Yazıçıya astadan) Eşidirsən?!. Eşit, qeyd elə! Bax, material budu!.. Yoxsa ki, «əqrəb belə gəldi», «bulanıq su» belə getdi… Neyləyəsən, sən- yazığın gördüyü budu. Bax, bu yazılar, (qürurla qovluqlara baxır) dövrün mənzərələridi. (təsirlənir) Bunları mən gələcək nəsillər üçün yazmışam. Bəli-bəli!.. Bizlər gələcəyi düşünmüşük, bala! Milyonları düşünmüşük! Sənsə… (susur, yenə ağzındakı «tikəni» dişsiz damaqları ilə əzişdirir)
Yazıçı: (sükutdan sonra ifadəsiz) Niyə susduz?.. Deyin, nə mənsə?..
Qoca: (eynəyini gözünə taxır, Yazıçını başdan-ayağa süzür) Vallah yazıqsan, bala. Bu dünyanı goru eşən tək, az eş, qızım, onsuz da axırına çıxa bilməyəcəksən.
Qohum: (mürgü içində sayıqlayır) …bilmədiyin söz yoxdu… hər elmə yiyələndin… o qiymətli qafana yığdın hər biliyi... nə əziyyətlər çəkdin…
Qoca: (Qohuma, astadan) Sən sus!.. (Yazıçıya) Belə olmaz, mənim balam. Bir özün fikirləş. Bax, cavan, yaraşıqlı qadınsan, gül kimi ailən, uşaqların, hər tərəfli uğurlu həyatın… Dünyanın ən böyük ödülünü - Nobel mükafatını da aldın. Üstündə bir ətək də pul verdilər sənə… Adın dünya tarixinə yazıldı. Hörmətin, izzətin, qılıncının qabağı da kəsir, dalı da. Balam, get yaşa də!.. Bir az da özün üçün yaşa. Özün yaşaya bilmirsən, yaxınlarına, uşaqlarına gün ağla. Onu da istəmirsən. Bəs adama deməzlər ki ya, «balam, bəs nə istəyirsən?..»
Yazıçı: (fikirli halda) Nobel mükafatı? Onu mən istəməmişdim, onlar özləri verdi.
Qoca: Bah-bah-bah! Sən dedin, mən də inandım. Amma, məsələ onda deyil.
Yazıçı: (hövsələsiz) Onda deyil?..
Qoca: Məsələ ondadı ki, (şübhə dolu gözlərlə Yazıçını süzür) yazdıqlarından və dediklərindən belə çıxır ki… (susur, çoxmənalı baxışlarla tamaşaçılara, sonra yenə Yazıçıya baxır) sən adam deyilsən.
Yazıçı: Adam deyiləm?!.
Qoca: (ata nəvazişi ilə) Belə çıxır, mənim balam.
Yazıçı: (fikirli halda öz-özünə) Adam deyiləm…
Qoca: İndicə özün də dedin ki, danışmağı da yadırğamısan!.. Amma bu, sənin günahın deyil, qızım.
Yazıçı: (çaşqın) Mənim günahım deyil?..
Qoca: Hamısı bax, əlindəki o qələmin fitvalarıdı!.. (Yazıçı bayaqdan bura əlində tutduğu qələmə baxır) Sizləri pis günə qoyan odu!.. Gah bu yana çəkir sizi, gah o yana sürüyür, gah sağa, gah sola çevirir… gah göylərə qaldırır, gah da kəlləsi üstə yerə elə çırpır ki, olan-qalan ağlınızı da itirirsiz. (qəfildən şair təbiri ilə) Yenə göylərdədir şair xəyalım!..
Yazıçı: Siz məni anlamadız. Qələm… (söz axtarır, kədərli sirri açan kimi tamaşaçılara) Qələm - mənim adımdı.
Qoca: (gözləri bərəlir) Adındı?.. (tamaşaçılara) Bəli də, yenə başladı. Yenə uydurmalar işə düşdü. Onun adını bilməyən varmı, siz mənim canım?..
Yazıçı: Mən heç nəyi uydurmuram. Mənim adım... (qəfildən bəyanət şəklində) Mənim əsil adım Qələmdi, Qələm!..
Qoca: (əsəbi) Bəsdir!.. Bəsdir uydurduğun!.. Bütün yazdıqların da beləcə uydurmadı!.. Hamınız uydurursuz!.. Homerdən bu yana uydura-uydura gəlirsiz!.. (yamsılayır) «əqrəb kimi acgöz-acgöz sümürə-sümürə…» Bəli, sümürürəm!.. Bəli, ləzzət alıram!.. Olmazın ləzzət!.. O anlarda… (ehtirasla) ətrafımda saysız-hesabsız pəncərələr açılır… oralarda nələri gördüyümü sən heç təsəvvürünə belə gətirə bilməzsən!.. (tamaşaçılara səmimi) Bilmədiyin barədə necə yazmaq olar axı, ay başınıza dönüm?!. .


Səidə həyəcan içində otağa daxil olur, Qoca Səidəni görən kimi özünü yatağa yıxıb inildəməyə başlayır.


Səidə: (təngənəfəs) Düşə bilmədim… (Yazıçıya) …bəlkə maşınla gedim, hə?..
Yazıçı: Hara?
Səidə: Təcili yardıma. (Qocaya işarə edir) Görmürsən, yenə nə gündədi?..
Qoca: (mahnı oxuyur)
Gün çıxmamış sən tarlaya çıxanda,
Səs salırsan hər mahala Sürəyya…
(qəfildən melodiyanı dəyişir, oynaq motivlə) Çıx yaşıl düzə…
Qonaq gəl bizə…
Yazıçı: (yorğun halda Qocaya baxa-baxa) Nə gündədi?..
Səidə: (sakitcə) Yazıq nənəmin də başına bu oyunları açmırdı?!.. (Qoca mahnı oxuyur) Guya xəstələnib yorğan-döşəyə düşürdü, bədənini soyuq tər basırdı… yazıq arvad dərman dalınca özünü küçəyə atırdı… (çönüb Qocaya baxır) evə qayıdanda isə onu tapmırdı…
Qoca: (sayıqlayır, balaca uşaq təbiri ilə) …daha eləmərəm… buraxın gedim…
Səidə: (Qocaya məhəl qoymadan) …nənəm deyirdi: «Kişi elə bil arvad acıdı! Elə bil arvadları yeyir!..» - deyirdi. O dəfə görmədin?.. Az qaldı həkimin biləyini… (sərxoş hərəkətlərlə Yazıçının biləyindən yapışıb ağzına aparır, dişləmək istəyəndə, Yazıçı qolunu geriyə çəkir) …çeynəyib yeyə?..
Qoca: (Yazıçıya və Səidəyə baxa-baxa, yazıq-yazıq) …daha yemirəm… istəmirəm… ürəyim bulanır… şor… şor istəyirəm... (qəfildən bağırır) Mənə şor veri-i-in!!!.. (kiminsə yumruğundan yayınan tək, yazıq-yazıq) …vurma mən…
Qohum: (yuxudan dik atılır, özünü Yazıçının üstünə atır) A bala, niyə qırırsız bir-birinizi?.. Nə istiyirsiz bu kişidən?..
Qoca: (ağızucu Qohuma) Nə istəyəcək, canına azar istəyir… guya nənəsini axtarır… (tamaşaçılara) Balam, harda görünüb ki, qovluqda nənə axtaralar?.. Əslində, ona heç nənə - filan lazım deyil! (xəbis-xəbis) Nənəsini meşədə canavar yeyib… onun iyinə gəlib… qan iyinə. (qəfildən heysizləşir, sayıqlayır) …Amma əbəs yerə… heç nə alınmayacaq… elə burdaca, beləcə… maraqdan qovrula-qovrula gəbərəcək… (qəfildən qeyzlə kiməsə) …dayan-dayan, bu şillə sənə baha oturacaq!.. (ayrı səslə o biri böyrünə astadan) …istiyirsən elə burda ölək - çuvalda… o çuvalda ki, buğda var… (qeyzlənir, ayrı səslə) …Nə hətərən-pətərən danışırsan, əbləh?!.. Təsdiq edirəm - budur!..
Qohum: (Səidəyə, xoflu) Əzrayılla danışır… (cibindən yekə yaylığını çıxarıb gözlərinə sıxır) Yazıq əmoğlu… hanı sənin o günlərin?.. Qapında cüt-cüt dayanan qara dövlət maşınların?.. Zəhmindən zağ-zağ əsən klaxmallı köynəkli işçilərin?.. Yağışmı yudu onları, selmi apardı?..
Qoca: (sayıqlayır) …dağa qalxıblar… buz bulaqlar… göy çəmənlər… (oxuyur)
Sərin bulaq, isti kabab, göy çə-mən…
Dörd yanımız ətir saçan ya-sə-mən…
Səidə: (bezgin halda Yazıçıya) …İndi biz neyləyək?..
Qoca: (qəfildən qeyzlə) …Biabırçılıqdı!.. İt yiyəsini tanımır!.. Belə də ölkə olar?!.. (bağırır) Buranın bir yiyəsi var, ya yox?.. Sizdən soruşuram!!.. Orda… (təngənəfəs) …rəhbərin plakatı cırılıb… özü də düz ağzından!.. (halı dəyişir, səsi zəifləyir) …Bu nədi belə?.. Küçələr adamla dolub daşır… adamlar zibil kimi hər yanı bürüyüb… (qəfildən zəhmlə) …Yığışdırın bu adamları burdan!..


Qohum ayağa sıçrayır, tələsik halda əl telefonunun nömrələrini yığa-yığa dəhlizə çıxır. Səidə qorxu içində geriyə səndələyir.


Qohum: (səsi dəhlizdən gəlir, telefona çığırır) Siz yeri qazdırın!! Elə orda - Əfzəldinin yanında! Bir az dərin qazdırın! (əsəbiləşir) Bə mən nə deyirəm?.. Pisdi!!.. Lap pisdi!.. Olsun ki, səhərə çəkər!.. Yox-yox, bu dəfə tay üzü o yanadı!.. (daha bərkdən) Deyirəm o tərəfini dayna!.. Ə kişi ö - lür!!!.. Başa düşdün?.. Ö-ö-ö-lü-ü-ür!!!


Qoca «Ölür!» kəlməsini eşidəcək, nəfəsi itə-itə əcayib öskürək tutmasında boğulmağa başlayır. İşıq dəyişir. Əcayib səslər.
Yazıçı ayağa qalxıb gözündə eynək, anlaşılmaz şövqlə Qocanın konvulsiyalarını izləyir.
Səidə «həkim, həkim!..» deyə-deyə təlaş içində otaqdan çıxır.
…Otaqda bir-birinin ardınca mərhumlar peyda olmağa başlayır. Onların mərhum olduğu - boz, cansız rəngli dərilərindən, bir də üzlərinin eyni ifadələrindən bilinir.
Hamıdan əvvəl əlində köhnə akkordeon, Qafar daxil olur. Özünü ehtiyatla qovluqların içinə salıb orda hansısa vacib sənədi axtarmağa başlayır. Onun ardınca Xədicə peyda olur, sualtı çəkisizliyi andıran hərəkətlərlə otaq boyu dolaşa-dolaşa Qocanın çarpayısını səliqəyə salmağa, qovluqların, yazı masasının tozunu almağa başlayır. Xədicənin ardınca otaqda daha bir mərhum - Məmur görünür, o Qafara nə işarə verirsə, o biri akkordeonunu çiyninə salıb tanış melodiyanı «çalmağa başlayır.»
Məmur Qocanın çarpayısının kənarına əyləşir və qəzəblə onun üzünə zillənir.

Qoca: (gizli isteriyayla mərhumlara) …o, bura məndən ötrü gəlir… özü də gör bir nə vaxt… mənim bu halımda... (nəyəsə üstüörtülü işarə ilə, astadan) …o hər şeyi bilmək istəyir… Olmayanları da… (Qafara) …sənin çaldığın havanı da… (Məmura) …sizin qan qrupunuzu da…


Qafarla Məmur qəzəblə Yazıçıya baxırlar. Xədicə ağzını əlləriylə qapayır.


Yazıçı: (yorğun halda Qocaya) Mən onsuz da biləcəyəm. Bilmək istəyirsinizsə, əslində mən…


Mərhumlar dəhşət içində bir-birinə baxırlar, səssiz bağırtılarla yoxa çıxırlar…


Qoca: (sözünü kəsir) Səni hamı yaxşı tanıyır. Hamı bilir əslində, sən kimsən.
Yazıçı: Kiməm?..
Qoca: Deyim?.. Mənfur casus!.. Vot!..
Yazıçı: (hiddətlə) Mən?!.. Mən - mənfur?!..
Qoca: Mənfur- mənfur!.. İndi də nənəsinin uydurma faciəsini bəhanə eləyib evlərə soxulan casus!.. Tfu!!..
Yazıçı: (hiddətlə) Siz… mənə… Axı…
Qoca: (ləzzətlə) Hə, nədi?.. Söz tapmırsan, ay söz ustası?..
Yazıçı: (çaşqın) Siz… Bu… casusluq deyil… Bu... (söz axtarır) Bu, mənim peşəmdir!.. Bunun nəyindən qorxursuz ki?!.
Qoca: Qorxuram?.. (tamaşaçılara) Bu nə danışır?.. (lağla) Hə, qorxuram… yaman qorxuram…
Qohum: (telefonla danışa-danışa içəri daxil olur) …elə günə düşüb ki, görsəniz, inanmayacaqsız…
Yazıçı: (Qocanın yorğanını səliqəyə sala-sala) Amma bax, mən bir qoca tanıyırdım ki, ömrü boyu ailəsinə, yaxınlarına zülm və haqsızlıqlar edə-edə, əclaflıqlar və murdarlıqlar bataqlığında üzə-üzə, uzun-uzadı, xəstəliksiz, ehtiyacsız, rahat bir ömür yaşadı… (xüsusi vurğuyla) …Ölən günü isə!..
Qoca: (səmimi maraqla) Aha…
Yazıçı: (səsi enir) …o qədər incələşib gözəlləşdi ki, on altı yaşında bakirə yeniyetməyə sifəti aldı. (Qocaya nifrətlə) Və həmin o yaraşıqlı bakirə məsumluqla da bu dünyanı tərk etdi!..
Qoca: (qürur dolu qalibiyyətlə) Əhsən qoca, əhsən!..
Yazıçı: (elmi-tədqiqat işi aparan tək tamaşaçılara) Bax, məhz burda bizləri hansısa qorxunc həqiqətlərin astanasına aparıb çıxaran izaholunmaz sirr var…
Qoca: Yenə başladı… Anlaşılmaz!.. İzaholunmaz!.. Yenə sirr açır… Sirr xəstəsi…
Yazıçı: (qəfildən dəyişir, qocaya sarı çönür) Demək deyirsiz bu qiymətli «səlnamələrinizi» gələcək nəsillər üçün yazmısınız, hə?.. (əlini qovluqlara atır) Baxaq görək…
Qoca: (saxta qorxu ilə) Aman, dəymə, dokunma onlara, sakın!..
Yazıçı: (qovluqlardan birini açır, altdan-altdan Qocaya baxa-baxa, oxuyur) Oxuyuram «ömrünüzü həsr etdiyiniz» səlnamələri!..
Qoca: (qəfildən ayağa sıçrayıb özünü yazı masasının yanına atır, əlindəki tapançanı Yazıçıya tuşlayır, boğuq səslə) Əllər yuxarı, haramzada!..


Yazıçı əlləri yuxarıda ayağa qalxır. Sim qırılmasını andıran səs…


Qoca: (astadan) Kənara çəkil. (Yazıçı əlləri yuxarıda kənara çəkilir) Bu evdə, mənim süfrəmdə yediklərin sənə haram olsun!.. Otur, yaz!..
Yazıçı: (əlləri yuxarıda) Nə yazım?..
Qoca: (çiyniylə itələyib Yazıçını yazı masasının arxasına oturdur) Yaz: «mən, filankəsova filankəs - (xüsusi vurğuyla) Nobel mükafatı laureatı!.. illərlə etimad qazandığım bu evə məqsədyönlü gizli səbəblə gəlmişəm. Məqsədim - babam yaşında adamın - qocaman təqaüdçünün qəlbinə nüfuz edib munis sirlərini əldə etmək, əldə olunanlara bəzək-düzək verib veteranı bir ünsür kimi cəmiyyətdən kənarlaşdırmaq, gözdən salıb illər uzunu qazandığı etimadı yoxa çıxarmaq idi. Lakin, yazaraq, söz verirəm ki, öz yeni əsərlərimdə veteranın yenilməz ideyalarına sadiqlik ənənələrini əzmlə davam etdirəcək, bir daha şübhə doğuran sətiraltı məcazlardan istifadə etməyəcəyəm.
Yazıçı: (əlləri yuxarıda) Mən bunu yaza bilmərəm.


Otağa Qohum daxil olur, keçib yerinə əyləşir.


Qohum: (onlara məhəl qoymadan tamaşaçılara) Deyirəm, gör bir nə zəmanəyə gəlib çıxdıq?!.. Bir qazıtdığ yerin qiyməti ölünün özündən baha çıxır!..
Yazıçı: (Qohum eşitməsin deyə, astadan Qocaya) Tapançanı yerə qoyun. (Qoca başını bulayır) Yerə qoyun deyirəm!.. Yoxsa bu saat…
Qoca: (astadan) Nə bu saat?..
Yazıçı: (astadan) Sizin bu (qovluqlara işarə ilə) səlnamələrinizi açıb tökərəm ortaya, televiziyanı, jurnalistləri də çağırıb biabır eləyərəm sizi. Qoy görsünlər, tanısınlar, əslində siz kimsiz…


Xədicə işgüzar addımlarla otağa daxil olur, tapançanı Qocanın əlindən alıb əvəzində əlinə sıyıqla dolu nimçə verir, hardansa süpürgə tapıb çəkisiz hərəkətlərlə döşəməni süpürməyə başlayır.
Qoca qorxu içində sıyığını yeyir. Yazıçı, heç nə olmayıbmış kimi, yerinə əyləşib işinə davam edir.


Qoca: (gözü döşəmədəqə, içini çəkir) Xədicə!.. Ay Xədicə!.. Siçovul!! Gəl, onu tut!.. Çarpayının altını yeyib dağıtdı… indi də qovluqlara girişib… Sənin sevimli qovluqlarına…
Qohum: (Qocanın başını sığallayır, qəhərlə) Hardadı Xədicən, ay qurbanın olum?.. (gözlərinin yaşını qurulayır) İndi hardan tapıb verim onu sənə?.. (ağlayıb-ağlayıb toxtayır, boğazını arıtlayıb) Az qalıb… bu qədər dözmüzən, bir az da döz. (üzü işıqlanır, harasa yuxarılara baxa-baxa) Tezliklə görüşəcəksiz… (əlindəki yaylığı yelləyə-yelləyə ağı deyir).
Bu dağlar, qoşa dağlar,
Verib baş-başa dağlar,
Bu yoldan kimsə ötüb,
Göy inlər, bulud ağlar…


Xədicə keçib Qocanın başı üstündə dayanır. Yazıçı qovluqlardan birini əlinə alıb oxuya-oxuya otaqdan çıxır.


Qoca: (Xədicəyə baxır, tamaşaçılara astadan) Yenə hirslidi. (Xədicəyə yazıq-yazıq) Bir yadına sal… yadına sal da, necə sənin də, uşaqların da əziyyətini çəkmişəm, sizi necə saxlamışam, bu mərtəbəyə qalxanacan, gecə-gündüz, gözümün qarası gedib ağı gələnəcən işləmişəm, yazmışam-yaratmışam. Odeyna… (qovluqları göstərir) topdağıtmaz xəzinə qoyub gedirəm. O qovluqların hər birinə bir bufet… bufet nədi, imarət almaq olar.


Xədicə Qocanı dinləyib qəfildən peysərinə şapalaq çəkir. Qoca şapalağın ağrısından it kimi zingildəyir.


Qohum: (muğamat üstündə ağı deyir) …İndi Xə-dicə-ə-n gözlə-ə-yir səni… Bağrına basıb gözlə-ə-ri-i-ind-ən öpəcək. Belə deyəcək, a-ay Bağı-ı-r... ca-an Bağı-ı-ır…

Xədicə çönüb şapalağın birini də Qohumun peysərinə ilişdirir.


Qohum: (başını tutur) Uy!.. Bu nəydi?.. Elə bil təzyiqim qalxdı?!
Səidə: (dağınıq qovluqları səliqəyə salır, yerə tökülən vərəqləri yığır) Ay əmi, min kərə demişəm sənə - ağını arvad deyər, kişi yox.
Xədicə: (ağlaya-ağlaya ağı deyir) Dağda çiskin olurmu?..
Duman çiskin olurmu?..
Ağlar gözüm, çox ağla…
Bundan pis gün olurmu?..
Qoca: (ehtiyatla ona qoşulur) Dəyirmanın püskünə,
Çaxmağına püskünə,
Özün öldün qurtardun,
Məni qoydun pis günə…
Xədicə: Bura bax, ay… (özünü saxlayır) Deyirdim, gəl bu tozlu qovluqları ataq, onların əvəzinə evə bir bufet alıb qoyaq, hə?.. (Qocanın böyrünə yumruq vurur)
Qoca: (yazıq-yazıq) Deyirdin-deyirdin…
Xədicə: Deyirdim, onların tozundan burnumun içi giyişir, sinəm tutulur, əlirgiyəm qalxır, hər tərəfim od tutub yanır?.. (hər yerini qaşıyır) Deyirdim, demirdim?..
Qoca: Deyirdin - deyirdin…
Xədicə: Bə niyə eşitmirdin məni?.. İki ayağını bir başmağa soxub: (yamsılayır) «sən qanan məsələ döyül!» deyirldin? (tamaşaçılara, ağlamsınır) Nakam getdim bu dünyadan. Bir bufet də alıb qoymadın evə.
Qoca: Bəs televizor?.. Almadım?.. Bakıda birinci televizoru mən aldım səninçün! KVN!.. Linzayla!..
Xədicə: Ay səni televizor öldürsün elə!.. (yamsılayır) KVN!.. Linzayla!.. Heç qoyurdun, baxım?.. Üstünün örtüyünü qaldırmağımı görürdüm, qovmurdun məni otaqdan ki, (yamsılayır) «sən asqıranda ekran əyilir», hə?..
Qoca: (pərt halda tamaşaçılara) Hə də, əyilirdi balam də… Mən-bədbəxt neyniyim ki, sən asqıranda bütün bina tərpənirdi?
Xədicə: (onu eşitmək istəmir, qeyzlə) İtələyib məni mətbəxə salırdın!.. Otağına ayaq basmağa belə icazə vermirdin!.. Axşamacan it kimi qapının kandarında saxlayırdın!..
Qoca: (qorxu içində) Mən… Axı mən…
Xədicə: Kiri!.. (tamaşaçılara)…Məcbur olub (ağlamsınır) dözürdüm. Çünki səni adam bilirdim. (ağlamsınır) Göz gördü, könül sevdi. (qəfildən nifrətlə Qocaya) Gecələrsə, sən yuxuda kimlərləsə mazaqlaşanda, mən pencəyinin döş cibindən bahalı-bahalı sırğalar, üzüklər tapırdım… onları kimlərçün aldığını da bilirdim… (ağlamsınır) Şəkillərini də ciblərində gəzdirirdin, ay vicdansız, bimürvət şorgöz?!.. Mən… (tamaşaçılara, məlahətli bir səslə) …qaşlarıma, əllərimə xına qoyurdum, üzümə qatıq çəkirdim, uşaqları da çimdirib, qırmızı laləli donumu geyinirdim, bəzənib-düzənib səni gözləyirdim. (dəyişir) Sənsə evə girən kimi üzünü turşudurdun! (Qocaya) Göstər indi, göstər, necə turşudurdun üzünü!..
Qoca: (qorxaq-qorxaq başını bulayır) Bacarmaram.
Xədicə: (yumruğunu yelləyir) Göstər, deyirəm!..
Qoca: (qorxa-qorxa üzünü turşudur, yamsılayır) Fu…u…
Xədicə: (hökmlə) Denən, nə deyirdin!..
Qoca: (kövrək səslə) Nə deyirdim axı?..
Xədicə: (hədələyir) Özünü axmaqlığa vurma, gədə! De, nə deyirdin!..
Qoca: (əsəbi incikliklə) «Püff!..» - deyirdim. – «Yenə motal iyi gəlir...» - deyirdim. – «Yenə qatıq yaxmısan başına?..» - deyirdim...
Xədicə: Sonra nə deyirdin?..
Qoca: (qorxa-qorxa kəkələyir) Nə deyirdim?..
Xədicə: Yadından çıxıb, hə?.. (Qocanı yamsılayır qalın səslə, hökmlə) «Bura gəl, ay motal!..» - deyirdin, «Mənə çay gətir, motal!..» deyirdin!.. Mənsə sənə… (yazıqlaşır) balam kimi qulluq edirdim… səni bax bu əllərimlə çimdirirdim, ay vicdansız… (tamaşaçılara) O vaxtlar mən belə deyildim ki?!.. Güclü idim!.. İri idim! (Qocaya) Səni qətvəyə büküb qucağıma alırdım ki, birdən, Allah eləməmiş-Allah eləməmiş, canına soyuq dəyər, saçlarını tozsoranla qurudurdum ki, balışın nəmlənər…
Qoca: (tamaşaçılara, yazıq-yazıq) O vaxtlar fen yox idi…
Xədicə: Sənsə məni otağından qovurdun! (qalın səslə, hökmlə) «Yeri get işinə!..» deyirdin. (Qocanın üstünə yeriyir) Cəllad!.. (qəfildən nə isə xatırlayıb ayaq saxlayır, nəvazişlə) Əziz, sevimli… (qəfildən qəzəblə) qaniçən cəllad!.. (qollarını Qocanı altna salıb qucağına almaq istəyir)
Qoca: Yox-yox!.. Olmaz!.. Olmaz!.. (əmrlə) Qoy yerinə!.. (Xədicə ona məhəl qoymur) Yerinə qoy, deyirəm sənə!.. (əsəbi amiranəliklə) Yığışdır özünü!.. (Xədicə duruxub dayanır) Avam arvad! Heç vaxt heç nəyin yerini bilmədin! Yerini bil!.. (qəfildən astadan) Ay axmaq, məni bu cürə bilirsən, kim apara bilər?.. (Xədicə başını bulayır) Bilmirsən?.. (Xədicə yenə başını bulayır) Əzrayıl!.. Yalnız Əzrayıl!.. (bir qədər də astadan) Əzrayılı tanıyırsan?..
Xədicə: (Qocadan aralanır, əllərini, tozunu silən kimi bir-birinə çırpır) Yo-ox…
Qoca: Tanımırsan?.. Bəs sən… ikicə il bundan əvvəl burda, bax bu çarpayıda can verəndə, xırıldaya-xırıldaya… (yamsılayır) «qorxuram, yaman qorxuram» - deyib inildəyəndə O dünyadan dalınca kim gəlmişdi?..
Xədicə: (fikrə gedir) Kim gəlmişdi?..
Qoca: Bir yaduva sal də. Bu da səninçün siçovul tutub başını yumruğnan əzmək döyül ki?!.. (hövsələsi daralır) Yaduva sal, kim gəlmişdi dalunca!..
Xədicə: (bir qədər də fikirləşdikdən sonra sevinclə) Dədəm Qorqud!..
Qoca: (gülür) Ay bədbəxt… (gülməkdən uğunub gedir) Dədən döyüldü ye o.
Xədicə: Dədəm döyüldü?.. Bə kim idi?..
Qoca: Can verəndə adamın dalınca kim gəlir, a axmaq, hə?
Xədicə: Kim gəlir?..
Qoca: (xüsusi vurğuyla) O!!..
Xədicə: (dik atılır) O - yəni kim?..
Qoca: (tamaşaçılara) Günümə bax da. Bu adamla mən əlli il bax bu evdə yaşamışam. Bir adam ki, (əsəbi gülüşlə) Əzrayılla dədəsini ayıra bilməyə… (Xədicəyə) Əzrayıl!..
Xədicə: Yox, əşşi?!. Deyirəm axı, dədəmə oxşamırdı. (süpürgəsini qoltuğuna vurub, utancaq gülüşlə yaşmaqlanıb gülə-gülə yoxa çıxır).
Qoca: (onun ardınca) Yeri-yeri… yeri, get işüvə, tarla gözəli!..
Yazıçı: (əlində qovluq daxil olur) Yazıq Xədicə xala… (Qocaya) Statistikaya görə qadınlar ərlərindən çox yaşayır. (acı iztehza ilə) Burda da orijinalsız, istisnasınız!
Qoca: Hə, gəl indi bunu da araşdır!.. Pa atonnan!.. Bu adamın əlindən mafar yoxdu də. Ölürsən, ölməyə də qoymur. (yenə «özündən gedir və sayıqlayır») …Yenə bayram!.. Yenə şənlik!.. Gəl-gəl, əziz bayramım, bir də öpüşək!.. Həyat, sən nə qəribəsəq?!.. (qəfildən gözünə sataşan nədənsə ehtizaza gəlir) İlahi, gör bir burda nə qədər cücü var?!.. Rənbərəng, gözəl-gözəl cücülər… (bayaqdan bura başıaşağı oturub ağzının içində Quran oxuyan Qohuma) Gör bir, Əflatun necə də dayısı Ərəstuna oxşayır?!..
Qohum: (burun yaylığını gözlərinə sıxır, kədərlə) Məni daha tanımır… Ağzıəyrini boynunun ardından tanıyan Bağır daha məni tanı-mır!.. (ağı deyir) Bu-u mə-ənəm… sənin tək ta-na ə-moğlun-n…
Qoca: (sayıqlayır) …bəs bu?.. Bu yox, məhz bu... ağappaq… (qolundakı olmayan saata baxır) … Ay ama-an!.. Qatara gecikirəm! Cəmi üç dəqiqə dayanır… Birdən qapı açılmadı?!.. Neyləyərəm?.. Olmaz axı?!. Bu yekəlikdə də çarpayı olar?.. Əslində olar, amma olmamalıdır. (qəfildən sıçrayıb ayağa qalxır) Düzlən!.. Farağat!.. Addımla, marş!..


Parad marşı eşidilir. Qoca yerindən sırayıb yatağın içində addımlayır, sonra mil dayanıb, tribunadan parad qəbul edən tək, «qarşısından keçən insan kütlələrinə» əlini yelləyir. İzdiham səsləri eşidilir: «Yaşasın!», «Var olsun!..»
Çiynində akkordeon Qafar görünür. O oğrun addımlarla çarpayıya qalxıb Qocayla yanaşı dayanır və akkordeonu «çalmağa başlayır». Çala-çala Qocanın qulağına nə isə pıçıldayır, pencəyinin qoltuq cibindən çıxardığı sənədi gizlicə Qocaya ötürür.
Qoca sənədi alıb parada əl eləyə-eləyə, gözucu oxuyur, oxuduqca, dəhşətdən gözləri bərəlir, üzü əyilir, paradı salamlayan əli, cərəyan vurmuş kimi, havadan asılıb qalır.
Qafar pencəyinin o biri cibindən çıxardığı tapançanı da Qocaya gizlicə ötürür və müəmmalı şəkildə mürəxxəs olur.
Qocanın bir əli həvəssiz halda paradı salamlasa da, o biri əli tapançanın tilsiminə düşür... silahı ovcunun içinə sıxıb tətiyini çəkir və aramla gah tribunanın qarşısından ötüb keçən insan kütlələrinə, gah tamaşaçılara, gah da otağın bir küncünə çəkilib qovluqları tədqiq edən Yazıçıya tuşlanır… son anda tapança geriyə «qanrılır» və Qocanın özünə «zillənir»…
Qoca bağırır və tapança sanki bu bağırtıdan açılır….
İşıq dəişir. Qoca üzünü tutub yataqdan yerə yıxılır.
Mərhum Məmur tapançanı yerdən qaldırıb səriştəli ehtiyatla burun dəsmalına bükür.


Səidə: (dəhşətlə içini çəkir) Qan!.. Onun burnundan qan gəldi!.. Bu… bu… O, ölür!.. (çaşqın halda yerində vurnuxur) Mən… Həkim çağırmsaq lazımdı, həkim!..
Qohum: (Qocanı ehtiyatla kürəyi üstə çevirir, müəllim təbiri ilə Səidəyə) Can çəkişməsidi bala. Bizim tərəflərdə buna «Axır əlamət» deyirlər. Həkim-zad lazım döyül. (Qocanı Səidənin köməyi ilə yatağa salıb üstünü basdırır, tamaşaçılara gizli sevinclə) Gedim, dəstəmazımı alım!.. (otaqdan çıxır)
Qoca: (sayıqlayır) …Dəyməyin… dəyməyin… heç kəsə izn vermərəm!.. Heç kəsə!.. (vahimə içində ayılır) …Sən sus!..


Otaqda mərhumlar peyda olur. Qoca onları görüb dikəlir. İşıq dəyişir. Əcyib səslər.
Mərhumlar dolabın yanındakı stulu çarpayının üstünə qoyurlar, Qocanı stula oturdurlar, özləri səssiz addımlarla otaq boyu dolaşa-dolaşa döşəməyə səpilmiş kağızları əllərinə alıb oxuyurlar. Məmur Qocaya yaxınlaşıb əl çantasından çıxardığı qadın çəkməsinin tayını ona uzadır. Qoca çəkmə tayını iyləyib bağrına basır, sonra ayağına geyməyə çalışırsa da, geyinə bilmir.


Qoca: (vahimə və təlaş içində) Yox-yox!.. Bu, mənim çəkməmdi. Dəqiq mənimkidi. İnanmırsız mənimkidi?..


Mərhumlar Qocanın çəkmə ilə əlləşməyini müşahidə edirlər. Mərhüm Məmur əl çantasından çıxardığı sənədi hakim təbiri ilə oxuyur.


Məmur: «Salmanova Müşkiyyə Paşa qızı. 1912-ci il. Varlığıyla partiya ideyalarına antitəbliğat ovqatı yaratmaqda günahlandırılır…»
Qoca: (duruxur, vahimə içində əlindəki çəkmə tayına baxır) Yox-yox, bu, mənim çəkməm deyil. Baxın bir, ayağıma olmur…


Qafar Qocaya yaxınlaşıb dinməz üzrxahlıqla onun qollarını qandallayır.


Qoca: Mən?.. Yox, siz neyləyirsiz?! Hamınız səhv edirsiz… Nəyisə qarışdırırsız. (Yazıçıya işarə ilə) O da elə bilir. Bu, düz sözümdü, mənim çəkməm deyil. Görmürsüz, barmağımın ucunda qalır?.. Buyurub yoxlaya bilərsiz.


Yazıçı Qocanın üstünə şığıyır, əllərini boğazına keçirib onu boğur.


Yazıçı: (yandırıcı pıçıltıyla) De, yaramazın biri, yaramaz!..
Qoca: (boğula-boğula) N-nəyi?.. D-deyi-im?!.
Yazıçı: (nəfəsi təngiyə-təngiyə) Bütün bunlar nə deməkdi, onu de… Bu çəkmənin sahibinin soyadını de!.. 463 nəyin və haranın nömrəsidi, onu de!..
Qoca: (boğula-boğula) …B-bu… a..di rə-rə-qəmlər…di… çək… mə isə…


Məmur iri, ağır addımlarla yeriyib qocanın başı üstünü alır, Yazıçını Qocadan kənarlaşdırır. Yazıçı geriyə səndələyib yuxudan ayılmış kimi ətrafına baxır, yazı masasının arxasına qayıdıb eynəyini gözünə taxır və işinə davam edir.


Məmur: (oxuduğu sənədi əlinin içində bürmələyir, o biri əlinə vura-vura, amiranə) Hə, belə-belə işlər, Bağır Cəfəriç. Hamımızın axırı budu. Qocalıq, xəstəlik, yorğan-döşək, sayıqlamalar… Bu mərhələdən hamı keçir. Amma baxır, kim necə. (pauza)
Qoca: (qorxu içində) Necə yəni «necə»?..
Məmur: (narazı) Siz yaman çox sayıqlayırsız. Artıq sözlər danışırsız.


Qoca təşfiş içində ayağa sıçrayır, Məmurun qarşısında farağat vəziyyətini alır.


Qoca: (qızdırmalı kimi astadan) Mən qəti sayıqlamıram, yoldaş Yoldaşov!.. Sayıqlasam belə, əqidə sayıqlığımı itirmirəm!.. Mən… (qəfildən dizi üstə düşür, səmimi kövrəkliklə) …sizi sevirəm, yoldaş Yoldaşov. Sizə şeir də ithaf etmişəm, özünüz yoxlaya bilərsiniz. (dizin-dizin sürünüb küncdəki qovluqlardan birini seçir, geriyə sürünüb onu Məmurun qarşısında döşəməyə qoyub açmaq istəyirsə də, mərhum Məmur bir ayağını Napoleonsayağı ədayla qovluqların üstünə qoyur)
Məmur: Bu ki, sizin şeriniz deyil, Bağır Cəfəriç, özünüzü niyə aldadırsınız? Bu şeiri mənə sizin (xüsusi vurğuyla) «görkəmli», «əzəmətli» şairiniz yazıb. (tamaşaçılara, acı rişxəndlə) Canını havasız, qaranlıq zindanlardan, bədənləri rəqqas kimi əsdirib göbək atdıran elektrik cərəyanlarından qurtarmaqdan ötrü…
Qoca: (ayağa sıçrayır, farağat vəziyyətində) Ədəbiyyat - ikiüzlülükdür, yoldaş Yoldaşov!.. Bu, bizim firqənin illərlə sınaqdan çıxardığı əbədi, dəyişməz şüarıdır!.. Bizim borcumuz - simasız cızmaqraçıların axırına çıxmaq, ikiüzlülüyün kökünü partiyamızın səadət bağçasından kəsmək, intellegent donuna girmiş bu saxtakarları ifşa etməkdir!..
Məmur: (qanıqara) Sənin də son vaxtlar aludə olduğun bu cızmaqaraçılığın heç xoşuma gəlmir. Olmaya, sən də…
Qoca: (Qoca onu eşitmirmiş kimi, əlaçı şagird təbiri ilə, səsi gəldikcə ucadan)
Odur bütün dünyada ən müqəddəs, ən əziz!
Sülhün, haqqın günəş tək, sönməyən məşəlidir!..
Ən çətin döyüşlərdə bütün zəfərlərimiz
Yalnız onun zəkası, işıqlı əməlidir!..


Məmur əllərini arxasında çarpazlayıb fikirli halda otaq boyu gəzişir.
Səidə daxil olur, yerdən qaldırdığı kağızı ucadan oxuyur.


Səidə: Əcəb ağ gündədir mənim vətənim!
Dünyaya yayılıb şanım-şöhrətim! (gözlərini qıyıb mətnin ardını astadan oxuyur)
Gəl doyunca ağ üzündən dişləyim… (döyüküb yan yörəsinə baxır, ardını
daha astadan oxuyur) Bu gecə bizim gecə - sevirəm səni…
(ayrı vərəqi qaldırıb oxuyur) Kimdə vardır gözəlim, səndə olan şux… (sonrasını ürəyində oxuyub dəhşət içində Qocaya zillənir)


Mərhumlar yerdən qaldırdıqları kağızları oxuyurlar. Bir-birinə uyuşmayan mətnlər qarışıqlığı yaranır. Məmur ayağa qalxıb hökmün ardını oxuyur. Hamı susub hökmü dinləyir.


Məmur: Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 346-prim, 643 bəndinin «A» bölməsinin 4-cü, 634 bəndinin «F» bölməsinin 6-cı, 463-cü bəndinin «A» bölməsinin 3-cü və həmin bəndin «Q» bölməsinin 1-ci paraqrafında göstərilən əsaslarla Salmanova Müşkiyyə Paşa qızı…


Qafar peyda olur çiynində tüfəng, nizamlı əsgər addımlarıyla Qocanı qabağına qatıb aparır.
Otaqdakılar bir-bir qeybə çəkilir. Ətraf qaranlığa və səssizliyə qərq olur.


Yazıçı yorğun halda ayağa qalxır, tamaşaçılara nə isə demək istəyirsə də, fikrindən daşınır, yazı masasının arxasına keçib eynəyini, bloknot və qələmlərini çantasına yığır, pencəyini geyinib otağın işığını söndürür və çıxır.
Dəhlizdən Yazıçının cib telefonunun əcayib sədaları eşidilir, getdikcə azalır və itir.



BİRİNCİ HİSSƏNİN SONU







İKİNCİ HİSSƏ



Həmin otaq. Amma nəyinsə dəyişdiyi hiss olunur. Çöldə uğultdayan küləyin səsi çarpayıda uzanan Qocanın iniltilərinə qarışıb.
Qohum əynində Qocanın zolaqlı pijaması, qolları qoltuğunda çarpayının yanındakı stulda əyləşib.
Yarıqaranlıq dəhlizdən Yazıçının cib telefonunun əcayib səsi eşidilir. Qohum səsə bənd imiş kimi, gözü ilə Qocaya nəyisə başa sala-sala, saxta öskürəklə öskürməyə başlayır.
Yazıçının silueti dəhlizin yarıqaranlığında, bir qədər sonra otaqda görünür. O yenə otaq boyu barmaqlarının ucunda yeriyib küncdə üst-üstə qalanan qovluqlara yaxınlaşır, əlini, püşk çıxaran tək, qovluqlardan birinə atıb açır. Qovluqun içindən, kağız əvəzinə balış tükü fəvvarə vurur...

Yazıçı: (dik atılıb qovluğu, əlini yandıran kimi, yerə atır) Uy bisimillah!..


Qohum məkrli qəhqəhəylə gülür


Qoca: (Qohumun təbiri ilə astadan) Bisimillahir-rəhmanir-rəhim, əlhəmdü lillah rəbbül aləmin… Ər rəhmanir rəhim, maliki yavmiddin… İyyakə nəbudu və iyyakə nəstəin… İhdinəs Sirat-əl müstəqim, Sirat - əl ləzinə əl əmtə əleyhim…
Yazıçı: (qovluğun içindən düşmüş vərəqi əlinə alıb oxuyur) «…hər şeyi kağıza köçürə bilmək - böyük səadətdir… Bütün gördüklərini, eşitdiklərini, hər səsi, sözü yaza bilmək xüsusi istedad və səbr tələb eləyir…
Qoca: (Qohumun təbiri ilə sayıqlayır) Nə yaxşı gəldin, a bala?!.. (Qohuma işarə ilə) Halı bayaqdan çönüb. Həcər bibimiz də can üstə olanda, (Qohuma) yadındadı, ta axıracan özünü necə apardı?.. (Yazıçı diksinib gah Qocaya, gah da Qohuma baxır, sanki hansının hansı olduğunu dəqiqləşdirmək istəyir) Kişi kimi! Mətanətlə! Amma, nə fayda?.. Elə ki, Əzrayıl gəlib başının üstünü aldı…
Qohum: Ax Əzrayıl-Əzrayıl!.. Səndən xilas yoxdu ki, yoxdu… Harda olsa, gəlib tapacaqsan ovunu!..
Qoca: …arvad başladı uşaq kimi yalvarmağa, (yamsılayır, yazıq-yazıq) «möhlət verin mənə, möhlət!..» deməyə. (Yazıçı, qovluq qoltuğunda yazı masasına sarı gedir, orda qovluğu masanın üstünə qoyub pencəyini soyunur) Buna deyən gərək: «ay arvad, səksəni ötmüsən, yenə möhlət istəyirsən?..» Adam utanır, vallah... Arada elə bil özü də utanırdı… başını aşağı salıb üzünü divara çevirib yeməkdən imtina eləyirdi… Axır günlər lap utancaq olmuşdu, yazıq. Ağzını üstündəki ədyalla belə… (üstündəki ədyalla yaşmaqlanan tək) bağlayırdı. Elə o cürə - yaşmaqlana-yaşmaqlana da, gəlin kimi köçdü bu dünyadan... Bizlər beləyik balam də, ölməklə aramız yoxdu. Nəslimiz belədi.
Yazıçı: (qovluqdan çıxardığı o biri vərəqi stolüstü lapmanın işığına tutub oxuyur) «…mürəbbənin üstüylə qəşəng bir milçək dolanır… mürəbbədən dadmaq istəyir… qaşığı ona sarı itələyirəm, «ye, əzizim, doyunca ye…» - deyirəm… Axır ki, qaşığa qonur… anlayıram: bu balaca, zərif cücüyə dəyə bilmərəm… buna sadəcə, haqqım çatmaz…» (susub nifrətlə Qocaya baxır) Bəs 37-də dırnağı çıxarılanlara, kəllə sümükləri aramsız damcılarla deşilənlərə haqqınız çatırdı?..
Qohum: (sualı gözləyirmiş kimi, Qocanın təbiri ilə astadan) Onlar həqiqətən ölməli köpək uşağı idilər. Bir özün fikirləş: bir şair ki… (o yan-bu yanına baxır, astadan) …yüksək, ali hisslərdən, dünyanın özündən də böyük mətləblərdən yazan dahi filosof «xox!» eləyən kimi, mücül olub qorxaq dovşana çevrilə… (yamsılayır, yaltaq səslə) «Mən yox-mən yox, o…» - deyə… əl-ayağı əsə-əsə: «Sizə yazıb bildirirəm ki, mən - filankəsov filankəs bu sətirləri yazarkən, heç də partiyama, onun, səadət dolu işıqlı gələcəyinə, böyük, humanist kommunist ideyalarına xələl yetirmək fikrində olmamışam» yaza, bunun harası yazıqdı?..
Qoca: (ağzının içində dua oxuyur) …əuzu billahi min-əş şeytanır-rəcim… Bismillahir rəhmanir rəhim… Əlhəmdü lillah rəbbül aləmin… (duanın ardını oxuyur)
Qohum: Balam biz görmüşük şairi dar ağacına çəkərlər, diri-diri tonqallarda yandırarlar, o da sinəsini qabağa verib: «Öldürün məni!» deyər. Bax, Nəsimi. Dərisini diri-diri soydular, o da… (çarmıxa çəkilmiş pozanı alır) …qan gözünü tuta-tuta: (pafosla) «Ən-əl-həqq!..» - deyib durdu.
Qoca: (sayıqlayır) İşiniz olmasın... qoy soysunlar… dəyməyin ona…qoy heç olmasa, birinin dərisi soyulsun… Gələcək nəsillər üçün…
Qohum: Bilirsən bala, dərinə gedəndə, Nəsimin özü də düz demirdi axı?!.. (tamaşaçılara) Buna deyən gərək, «balam, həqq sənsənsə, onda bəs o birilər, o peyğəmbərlər kim idi?.. O müqəddəs bükülülər, kitablar nəydi?..» Bax bu şair-yazıçı tayfasından o Allahlıq iddiasına görə həmişə zəhləm gedib də! Başdan-başa uydurmadılar!
Yazıçı: (qovluqdan çıxardığı vərəqləri, pul banknotları kimi bir-bir işığa tutub baxa-baxa) Nə uydurma, a kişi?!..
Qohum: (əsəbi) Bəli, uydurma!.. Hamınız uydurursuz! Elə o da… İmaməddini deyirəm… o da uydururdu!.. (acı istehzayla) «Mənə sığar iki cahan!..» Pa atonnan!.. A balam, hansı cahan?.. (tamaşaçılara) Hansını deyir ə, bu?.. Bəyəm bu dünya elə iki cahandan ibarətdi?.. Bax biz…
Yazıçı: Siz, yəni kim?.. (bloknotunu açır, nə isə qeyd eləməyə hazırlaşır)
Qohum: (çaşır) Yəni… (qəfildən bədgüman) …belə hökumət adamlarını deyirəm. Dövlətin təmsilçilərini nəzərdə tuturam. Heç vaxt öz cızıqlarından çıxmırlar. Sizin kimi Allahlıq iddiasına düşmürülər. Nefti də axtaranda, bilirlər harda axtarlar. Əvvəl o yerin xəritəsini cızdırıb quyunun yerini dəqiq müəyyənləşdirirlər, sonra o yeri belə yavaş-yavaş oyurlar…
Qoca: (sayıqlayır) …Allaha yalvar… denən keç günahımdan… neyləmişəmsə, qanmazlığımdan eləmişəm… tövbə elə… (bağırır) …denən «tövbə!..»
Qohum: (danışa-danışa ayağa qalxır, guya Qocanın yorğanını düzəldir, əslində isə onun dodaqlarını, açarı buran kimi burub, ağzını «kilidləyir») …Yaxud, elektrik şalbanının üstünə yazıb yapışdırırlar: «Çıxma, öldürər!» Kim ki, bunu qulaqardına vurur, dəli kimi şalbana dırmaşır, cərəyan onu vurur, o da kəlləsi üstə yerə yıxılıb ölür!..
Qoca: (sayıqlayır) …can… can… can… canım… ay canım… ay mənim gözəlim, canım, gözüm…
Qohum: Sizsə… Belə olmaz axı?!. Ağına-bozuna baxmadan, elə dırmaşırsız, dırmaşırsız… A balam, hara dırmaşırsız?.. İş bərkə düşəndə isə… (qəfildən qəzəblə) min cilidə düşürsüz!..
Yazıçı: Hansı cildə?.. Şəxsən mən - elə buyam!
Qohum: Hələ yaxşı yetişməmisən, ona görə! Ədəbiyyatın… o necə deyirdin onu?.. (xüsusi vurğuyla) Bədii sözün!.. əsil tamını yaxşı-yaxşı çəkməmisən ciyərlərinə, ona görə!..
Yazıçı: (qeyzlənir) Bura bax, qohum, mən bilmirəm sən haranın… (özünü ələl alır) …nə peşənin sahibisən, amma… (barmağıyla hədələyir) …ədəbiyyatla işin olmasın!.. O, sən girən kol deyil!..
Qoca: (Yazıçını indi görürmüş kimi, vahimə içində içini çəkir) …ona… əlindəki tapançaya bax… Görürsən?.. O… barmaq deyil… tapançadı!.. İndi tətiyi çəkəcək… Bura gəlməyində məqsədi budu! (ağlamsınır) Axı deyirdim sizə, sizsə inanmırdız… (qəfildən bağırır) Qoyma!.. Tut onu!.. (ağlayır) …məni… o, bura məni öldürməyə gəlib… (yazıq-yazıq) …çəkmə tətiyi… dayan, qıyma…


Qohum və Yazıçı duruxub dayanırlar, təəccüblə Qocaya, bir-birinə və Yazıçının tapança lüləsi kimi hələ də havada saxladığı barmağına baxırlar. Yazıçı «tapançasını» gizlədən tək, əllərini arxasında gizləyir.


Qohum: («tapançadan» gizlənən tək, oturduğu stulun arxasına sıçrayıb çöməlir, ordan, səngərdən danışan tək, ehtiyatla Yazıçıya) Sənin o hörmətli, görkəmli el ağsaqqalın var e… O… (xüsusi vurğuyla) «neçə-neçə ədəbi əsərlərin» müəllifi… (ayağa qalxır, şəstlə keçib yerinə əyləşir, ayaqlarını bir-birinin üstünə aşırır) …dövlət maşınını arvadından çox istəyir. Prezidenti görəndə isə… (ayağa sıçrayıb dırnaqları üstə qalxır, balerinasayağı təzimlə) …nazlı-qəmzəli məşuqəyə çevrilir. (yamsılayır, incə səslə) «Bəli, cənab prezident!..», «Doğru buyurursuz, zat-aliləri!..» (dabanları üstə düşür, nifrətlə kənara) Tfu!!..
Qoca: (sayıqlayır) …döz bir az, qurbanın olum… az qalıb… lap az qalıb… (çönüb Qohuma) Yazıqsan, bala, özünü darıxdırma... Bax, Xasay əmoğlumuz yadındadı?.. O da can verəndə, elə hey tüpürürdü… tüpürməkdən dili-ağzı qupquru qurumuşdu… susuz torpaq kimi cadar-cadar olmuşdu…
Yazıçı: (Qocaya məhəl qoymadan, Qohuma) Mənim dövlət maşınım yoxdu. Prezidentlə də görüşmürəm. (tamaşaçılara ovsunda) Amma onun yaxınında olmağa, nəfəsi, qoxusu duyulan ən yaxın məsafələrində dayanmağa, oturmağa, havadan asılmağa can atan görkəmlilərimizin vəzifədən, orden və mükafatlardan da əlavə… (qorxunc sirri açan təki) … ondan daha nə istədiyini anlamağa çalışıram!..
Qoca: (sayıqlayır) …deyim indi nə istəyirlər… Sevgi istəyirlər, sevgi!.. Dövlət sevgisi!.. Güc sevgisi!..
Qohum: (Qocaya məhəl qoymadan, Yazıçıya) Bax, deyəndə sənə ki, siz - şair-yazıçı tayfası ikiüzlüsüz, acığına gəlir. Balam, ikiüzlüsüz də. Bax, Bi-Bi-Si-yə müsahibəndə deyirsən ki: (qovluqlardan birini açır, içindən oxuyur) «Mən həmişə məşhurluqdan qaçımşam. Məşhurluq – azadlığını öz xoşunla əlindən verməkdi. (onu şairanə səslə yamsılayır) Küçələrlə rahat yerimək, istədiyin asudəliyi yaşamaq - böyük səadətdir…», (səsi dəyişir) Bu yandan da dörd bir yanı öz şəkillərinlə doldurursan. İndi biz nə başa düşək, hə?..
Yazıçı: (Qohumun üstünə şığıyıb qovluğu ondan almaq istəyirsə də, o vermir, çaşqın halda) Siz… bu, hansı qovluqdu?..
Qohum: (qovluğu arxasında gizləyir) Balam, de, biz də bilək də. İndi sənin hansı sözünə inanaq, hə?.. Hələ ortada bircə dənə Nobel var, bu boyda hoqqalar çıxarırsan, gör indi Allah eləməmiş, əcdadların kimi, qaranlıq zindanlara düşsən, nələr eləyərsən!..
Yazıçı: (çaşqın) Nələr eləyərəm?..

İçəri Səidə daxil olur.


Qohum: (Səidəyə işarə ilə, astadan) Bax, birinci, elə bu sadiq uşaqlıq dostunu satarsan!.. Özü də keçi qiymətinə!..
Səidə: (pərt) Həyətdə yenə hüzür düşüb!.. Bu son iki ayda dördüncü ölüdü…
Qoca: (yastıqdan dikəlir, dəhşət içində) Ölü???.. (özünü balışın üstünə buraxır, şövqlə) Kimdi ölən?.. Ölən kimdi?.. Deyin mənə… Niyə susursuz?!. İndi kim öldü?.. Tez olun, deyin!.. Bu dəfə ölən kimdi, hə?..
Səidə: (keçib Qocanın başı üstündə dayanır) Sənin qulaq dostun. (Qoca əcayib səslərlə inildəyir, bilmək olmur, gülür, yoxsa, ağlayır) Talıb müəllim… Səkkizinci mərtəbədən. Srağa günün axşamı elə oturduğu yerdə keçinib. Dırnaqlarını tutan yerdə…


Ətraf dəyişir. Əcayib səslər. Hardansa, qaranlıqdan «qovluq var, qovluq…», «təzə qovluqlar…» - deyən insan səsləri eşidilir. Qohum dəhşət içində Qocanı qucaqlayır. Dəhlizdən: «işığa borcunuz var a, bacı, kəsirik!» və Xədicənin: «Əşşi kəsirsən-kəs də, tay cana yığıldıq əlinizdən axı…» sözləri eşidilir. Otaq qaranlığa qərq olur və yalnız danışanların səsləri eşidilir.


Yazıçı: Səidə… hardasan?..
Qoca: (sayıqlayır) …İşığa həsrətdir işlər, əməllər…
Qohum: Bağrım çatladı… Ay qız, Səidə, hardasan?..
Yazıçı: Səidə!..
Qoca: (sayıqlayır) …Səidə… Səidə… Səidə…
Səidə: Hə!!!
Yazıçı: Şamlar hardadı?..
Səidə: Dayanın bir də! Gözüm ayağımın altını görmür axı?!.. (uzaqlaşan ayaq səsləri)


Qaranlıq sakitlikdə təngiyən insan nəfəsləri, müəmmalı ah-uflar eşidilir…


Yazıçı: (əl fənərini yandırıb casus kimi otaq boyu gəzir, tamaşaçılara) Mistikadı!.. Xalis mistika!..
Qoca: (Qohumun dizinə dirsəklənir, kədərlə) …ancaq qaranlıqda görüşürük… neyləyək, ayrıca şəhərimiz yox… bəlkə də biz xoşbəxt ola bilərdik… bəlkə də xoşbəxtik, xəbərimiz yox… yaxın əyləş… burda bizdən savayı bir kəs yoxdu…
Qohum: (əsəbi) …Əlini çək, gədə!.. İtil, deyirəm!.. Zimbat oğlu, zimbat…


Yazıçı Qocaya yaxınlaşıb fənəri üzünə tutur. Hər üçü dəhşət içində bağırırlar. Dəhlizdən işıq ucu görünür. Səidə əlində yanar şam otağa daxil olur, çığıranların bağırtısına dik atılıb o da bağırır... Otağın işığı sanki bu bağırtılardan yanır və hamı otağın ortasında ağ xalatda peyda olan həkimə zillənirlər.


Səidə: (təlaş içində həkimə) Siz… kimsiz?.. Bura hardan girdiz?..


Həkim cavab vermir, baş barmağını çeynəyir.


Qoca: (qəfildən dikəlib yerinin içində oturur, gümrah halda Həkimə) Ölən mən deyiləm. Mən… (Qohumu göstərir) onun əmoğlusuyam. Budu burdayam. Baxın, sapbasağlamam. İstəyirsiz, Lezginka oynayım...

Həkimin cavabını gözləmədən, ağzında «Lezginka»-nın motivini oxuya-oxuya, yataqda oturan yerdə rəqs edir. Qohum da, tilsimə düşmüş kimi, hövlanak ayağa qalxıb çaşqın halda rəqs edir. Yazıçı da, qeyri-iradi rəqsə qoşulur. Səidə dəhşət içində oynayanlara baxır.

Həkim: (rəqsə məhəl qoymadan, görünməyən kiməsə astadan) Məlumatı həmən göndərmişdim. Demişdim axı, səkkizinci yox, ikinci mərtəbə.
Qeybdən səs: Məlumat yenə səhv ötürülüb.
Həkim: (əsəbi) Allah əkbər!.. Kim baxır orda axı bu işlərə, anlaya bilmirəm?!.. İndi mən neyləyim?.. (sükut, yerinə atılmış telefon qudoklarının səsi)
Qohum: (Həkimi yanlayır) Siz heç dördüncü mərtəbədə olmusuz?.. Orda bir qarı… balaca bir qarı can üstədi…
Səidə: (çaşqın halda gah Qohuma, gah həkimə baxır) Siz…
Həkim: (əlini Qocanın göbəyinə qoyur və əli, cərəyan vurmuş kimi, əsməyə başlayır, astadan kiməsə) Qəribədi… ötən dəfə də onun canı on beş qranomil idi. Həmən ölçüdə də qalıb. Bu, görünməyən işdi. Əslində, o artıq çoxdan…
Qeybdən səs: Bu barədə ötən dəfə məlumat verilmişdi. Bu, bizim səlahiyyətimizdə deyil. İşinizi görün.
Qoca: (Həkimə) Doxdur, dünən onun… (Qohumu göstərir) …burnundan qan açıldı. Bizlərdə buna «axır əlamət» deyirlər.
Qohum: (həkimə astadan) Bu, işarədi. Bunu arayışınızda mütləq qeyd eləyin.
Səidə: (həkimə) Bağışlayın, elə bil siz… ötən dəfə gələn deyilsiz axı, hə?.. Axı deyəsən, ötən dəfə, elə ondan qabaq da… sizi görməmişəm... (Həkim cavab vermir, məşğuldur)
Qoca: (Səidəyə) Gördün a bala?.. O da mən deyəni dedi. Deyir: «ölür. Tay lap az qalıb, döz bir az. Görmürsən rəngi-rufu nə gündədi?!..
Səidə: O dəfə də demişdilər… (nifrətlə Həkimə) Amma onlar gedəndən sonra o, durub idman elədi…


Qohum Səidənin bu sözündən ayağa sıçrayır, qollarını yana açaraq, təlaşla idman hərəkətləri eləməyə başlayır. Hamı təəccüblə bir-birinə baxır.


Səidə: (qorxu içində geriyə çəkilir) Ay mama!..
Həkim: İdman elədi?.. (fikirli) Ölümqabağı belə hallar olur.
Yazıçı: (əlindəki qovluğu kənara atır, Həkimə) Nə ölümqabağı-ölümqabağı salmısız?!.. Sizə deyirlər «o idman elədi», sizsə elə (yamsılayır) «ölümqabağı!.. ölümqabağı!..» Camaatı ələ salmısız, nədi?.. Zəng eləyəndə, dəstəyi asırsız, gələndə də deyirsiz «ölür!..»
Səidə: (coşur) Hə də!.. Siz bizə düzünü deyəcəksiz, ya yox?!. Axı biz də insanıq?!.. Yazığıq axı?!..
Həkim: (çaşqın) Əsəbiləşməyin, xanım. Bilirsiz, elə mətləblər var ki…
Qeybdən səs: (Həkimin sözün kəsir, ciddi) İşinizi görün.
Həkim: (özünü ələ alır, mülayim səslə) Bir az səbirli olun, hər işi öz yoluna qoyan – səbrdir...
Səidə: Bəs biz neyləyirik?.. Səbr eləməkdən, səbr kasasına dönmüşük! İndi deyin neyləyək, kimi çağıraq?!.
Həkim: (sehrli səslə) Qorxun, qorxun, qorxun belə sözlərdən!.. İndi, belə vaxt buralarda belə danışmaq olmaz!.. Axı bura…
Qeybdən səs: (ciddi) İşinizi görün.
Həkim: (səsə məhəl qoymadan) …astanadı!..
Yazıçı: (başını qaldırır, tilsimlənmiş kimi) Astana?..
Qoca: (başını qaldırır, vahimə ilə) Astana?..


İşıq dəyişir… Əcayib səslər. Həkim qəribə sehrli hərəkətlər edə-edə, əcayib yerişlə qovluqlara sarı gedir, orda birini açır.

Həkim: (sehrli səslə oxuyur) «Dünən Sədrəddin də dünyasını dəyişdi. Elə əziyyətlə getdi ki, yazıq… O dünyadakı əzizlərinə əl eləyə-eləyə. Niyəsə, mənə də əl eləyirdi. Elə hey: «Bağırcan, Bağır, gəlirəm!.. Gözlə, qardaşım!» - deyirdi. Mən burda ola-ola, o məni (süni təəccüblə) O üzdə - ölülərin arasında necə görə bilərdi?..» (qovluğu bağlayıb müəllim təbiri ilə Səidəyə) Görürsüz, canüstü məqamlar nələr baş verir?..
Yazıçı: (ovsunlanmış kimi Həkimə sarı gedir) Bu… bunu hardan oxuduz?.. (qovluğu Həkimdən alıb oxuyur) «Həyətin uşaqları bağıra-bağıra oynayırlar. Mən də burdan sakitcə onlara: «Bağırın-bağırın, əziz balalar!..» – deyirəm. Mən ki, ölməmişəm! Mən sağam!.. Ölən öldü, qalan mənəm!..» (nifrətlə Qocaya baxır) Ölümdən necə də qorxurmuşsunuz…
Qoca: Mə-ən?.. Qorxaq – belə sənin o dılğır cızmaqaraçılarındı!.. Quyruqları qapı arasında qalan kimi, bütün nəslini satmağa hazır olan simasız köpək uşağı!..
Yazıçı: Nə?.. (yanındakılara) O nə dedi?.. Simasız?.. Mənəm simasız?.. (ayaqqabısının bir tayını çıxarıb Qocaya tulazlayır, Qoca qabağında yerə düşən ayaqqabnı yerdən götürüb Yazıçıya atır)
Səidə: (Həkimə) Görməli günlərimiz qabaqdaymış…
Həkim: (fikirli halda) Bu, can çəkişməsidi. Ölümqabağı belə şeylər olur. İnsanın gözünə nələrsə, kimlərsə görünür, insan ağır qalüsinassiya halları keçirir... Belə bir deyim də var, eşitməmiş olmazsız. Deyir: «xəstə ki, başladı başmaq atmağa – demək, vaxtı çatıb.»


Qohum ayağa qalxıb Qocaya yaxınlaşır, cibindən güzgü parçasını çıxarıb Qocanın ağzına tutur. Qoca inildəməyə başlayır.


Səidə: (güzgünü Qohumun əlindən alıb əsəbi-əsəbi yerə çırpır, Qocanı itələyib yatağına salır, Qohuma) Sən də bu güzgünü dəqiqədə bir gözümüzə soxursan!.. Tədqiqatçı olub mənimçün!..
Həkim: (əli inildəyən Qocanın nəbzində fikirli, yenə kiməsə astadan) Bu, nə iləsə əlaqədardır. Onun əvəzinə qonşu mənzillərdəkiləri aparırlar. Binada daha xəstə qalmayıb.
Qohum: (güzgünü yerdən götürüb cibinə basır, canfəşanlıqla həkimə) Qalıb-qalıb, dördüncü mərtəbədə balaca bir qarı qalıb. Ba-pbalaca bir qarı… Belə yüngül, çəkisiz… Can üstədi… Qoy cibinə, apar.
Qeybdən səs: (işgüzar tonda) Məlumat hər dəfə belə gedir. Bu, bizlik deyil. İşinizi görün.
Həkim: (Qohuma məhəl qoymadan, Qocaya) Az qalıb, bir qədər dözün.
Qeybdən səs: (işgüzar) Ölür.

«Ölür» kəlməsindən hamı dik atılır.

Qoca: (dik atılır, həyəcan içində) Ki-im – mə-ən???..
Qohum: (lağla) Yox, mən!.. (əlindəki güzgünü ona göstərir, məkrlə) Ay balam, niyə başa düşmək istəmirsən, nəfəsinin istisi tay yoxdu!.. İndi neyləyək, zornan nəfəs verək sənə?..
Qoca: Necə yəni yoxdu?.. Bəs axı… (vahimədən bərəlmiş gözlərlə ətrafındakılara baxır) Axı mən danışıram, yeyirəm, rəqs edirəm?!.. (qəfildən üzü dəyişir, Qohumun yaxasından ikiəlli yapışıb özünə sarı çəkir, qəzəblə) Deyirsən, «yoxdu nəfəsim?», elə elə ki, olsun, it oğlu!.. Yoxsa, yenə qoduqluğa basdırıb yal yedizdirərəm sənə!.. (Qohumu itələyib yerinə oturdur, tamaşaçılara, nikbin) Bu nə deyir?.. Mənim nəfəsimə nə gəlib?.. Budu ha… (bardaş qurur, nəfəsini yoqa üsulu ilə alıb buraxır) Doxdur, buna bax... (dərin nəfəslər alır) Odu a-a!..


Səhnədə mərhum Qafar peyda olur, ehtiyatla Qocaya sarı yeriyir.


Qafar: (Qocaya) O sənə elə gəlir, Cəfəriç. Bu, həmişə belə olur. Canın çıxanda, adama elə gəlir, cibindən nə isə düşdü… əyilib götürmək istəyirsən… bir də baxırsan, budu ha-a… sən harda-a-a, əl-ayağın harda-a-a…
Qoca: (tələsik əllərini yoxlayır, ayaqlarını tərpədir) Əllərim də, ayaqlarım da budu burdadı.
Qafar: (sevincək) İndi tay ayaqların sənə lazım olmayacaq. Düz bir həftədi ki, heç nə yemirsən.
Qohum: (qürurla) Bir həftədi ki, boğazından su da keçmir!
Qoca: (şübhə ilə) Su da keçmir?.. Di, sən öl?!..
Qafar: Bir damcı da!.. Bu isə… (astadan, Qocanın qulağına) Bu o deməkdi ki, artıq üzü bu yanasan.
Qoca: (çaşqın halda Qohuma baxır) Üzü…
Qohum: (qəddar səslə) Üzü o yana.
Qoca: (vahimə içində) O yana, yəni ha tərəfə?..
Qafar: (nəvazişlə) O yan, elə bu yandı. Bizim tərəflər.
Həkim: (sehrli səslə) Əslində, hər yan bir yöndədi, hamı bir aradadı…
Qoca: (qızdırmalı kimi, nəfəsi təngiyir) Hansı yön?.. Nə ara?… Siz məndən nə istəyirsiz?.. (qəfildən gözü Qafara sataşır, gözləri bərələ qalır) Qafar?!.. Qafa-ar… bu sənsən?..
Səidə: (əlini əlinə vurur, Qohumun təbiri ilə) Bay dədə, Qafarı deyir… (fərəhlə o birilərə baxır) Qafar əmioğlusunu deyir. Ömrü boyu sürücülük eləyib ona. Yaxın silahdaşı olub…
Yazıçı: (qovluqların içindən bezgin) Bunun nə qədər silahdaşı olub, ay canım?!..
Səidə: İnişil maşın altda qaldı yazıq… Onu görür. Demək tay çatıb.
Yazıçı: Hara çatıb?..
Həkim: (sehrli səslə) Astanaya.
Səidə: Astanaya?..
Qohum: Qazaxıstanın paytaxtına?..
Qoca: Bura… (ətrafına baxır, əcayib işıqlar, səslər əks-səda verir) …məgər bura astanadı?..
Qafar: Astanadı, əzizim. Özüdü ki, var: As-ta-na…
Qoca: (tamaşaçı zalının işıqları yanır, tamaşaçılara) Bəs bu adamlar kimdi?.. Astana sakinləridi?..
Qafar: Hə, burda hamı Astana sakinidi. Biz də, onlar da… (tamaşa zalının işığı tədricən azalır)
Qoca: (ətrafı vahiməli nəzrələrlə gözdən keçirir) Astana… yəni…
Həkim: (sehrli səslə) Yəni bu dünyayla O dünya arasında olan ilahi keçid…
Qafar: Çox xatalı yerdi. Burda ağlagəlməz işlər baş verə bilər. Bu yer… (Qocanın qulağına astadan) …xüsusi zonadır.
Qoca: (vahimə içində) Zona?..
Qafar: (səsi dəyişir, ərkyana) Hə də. O dəfə demişdim axı sənə?!..
Qohum: (Qocanın qulağına, məxfi) Bu… həmin o zonadı?..


Səidə çarpayının kənarına oturur, Qocanın nəbzini tutur.


Həkim: Siz burda oturmayın, xanım. Canını qəfildən tapşırar, qorxarsız.


Həkimin bu sözündən Qoca kamança səsini andıran iniltiylə inildəyir.
Səidə diksinib ayağa qalxır.


Qoca: (sayıqlayır) …ölüm… ölülər… kim var burda?… Səidə, sən burdasan?.. (cavab gözləmədən) Bəs sən?.. (Həkimə işarə ilə) Bəs bu kimdi?.. (bağırır) Bu adamlar kimdi, doldurmusuz bura?.. Bölüşdürün… kim ha tərəfdə olmalıdı! Sağdakılar sağa, soldakılar sola! (qəfildən zəifləyir) Artıq adamları yığışdırın burdan… Dağılışın… havam çatmır!.. Pəncərələri açın…
Yazıçı: (kiməsə ucadan) Açın pəncərələri!
Qafar: (hamını dəhlizə sarı itələyir) Dağılışın. Keçin-keçin, burda dayanmaq omaz!


Qapının zəngi vurulur.


Səidə: Dayanın!.. S-s-s!.. (astadan) Bu, işıq idarəsindədi! Gedim, sayğacı düzəldim…


Barmaqlarının ucunda dəhlizə sarı yeriyir. İişıq sönür.
Qorxunc səslər... Yarıqarnlıqda otağa kiminsə daxil olduğu bilinir. Hamı bir-birinə dəyir.
Qocanın iniltisi, doğuş əzablarının səsini andıran vahiməli bağırtılara keçir.
Qafar Qocanın üstünə şığıyıb onu boğmağa başlayır.
Qohum yerini tutub səsi titrəyə-titrəyə Yasini oxuyur.
Xədicə tələsik hərəkətlərlə Qocanın çənəsini bağlayır.
Səidə isterik çığırtılarla: «Öldü?.. Öldü?..» - deyə-deyə yerində vurnuxur.
Yazıçı əl fənərini Qocaüa tuşlayıb peşəkar maraqla onun boğulmasını müşahid edir...
Qəfildən işıq yanır və hamı təəccüb içində, otağa daxil olan Qonağa zillənir.
Qonaq heç kimə məhəl qoymadan, elektrik sayqacında qurdalanır, orda nəyinsə yerini dəyişdikdən sonra eynəyini gözünə yaxınlaşdırıb göstəriciləri səliqəylə bloknotuna köçürür.

Qafar: (vahimə içində Qonağa işarə ilə Qocaya) Bu… Odur!..
Qoca: (hövlanak) Kim?.. (Qafar dəhşət içində geri çəkilib yox olur)
Xədicə: (qollarını geniş açıb kövrələ-kövrələ Qonağın üstünə yeriyir, qəhərlə) Dədə, ay dədə!.. Qamən axan suların!.. Qaba ağacım… cöngə gözlərin…
Qonaq: (Xədicəyə astadan) İtil!.. Yaxın gəlmə!.. Yeri get, işinə!.. (tamaşaçılara) Bu qədər qaba məxluq olarmı?!.. (Qocaya baxır) Yazıq… Ay yazıq…
Səidə: (dilxor halda tamaşaçılara) Heç hənanın yeridi?.. (Qonağa) …Ay qardaş… Ay əmi, deyirəm, bəlkə siz…
Qonaq: (Səidəyə məhəl qoymadan, bloknotunda nəyisə hesablayır, ağzının içində öz-özünə) Doqquz min beş yüz altmış dördü vuraq on iki tam yüzdə altıya, eləyir… (hesablayıb nə isə yazır)
Yazıçı: (eynəyini saçına keçirir, Qonağa) Ay yoldaş, bəlkə siz sabah gələsiz?.. Görürsüz ki, evdə xəstə var. Özünüz görürsüz də…
Qonaq: (nəzakətlə) Bacım, bu dəqiqə bütöv məmləkəti aləmdə xəstəsi olmayan ev yoxdu. İndi əgər biz işimizi xəstəlik kimi, gündəlik maneələrə görə dayandırsaq, gərək onda şəhər işıqsız qala. (bloknotuna baxır, Səidəyə) Üç aylıq borcunuz qalıb, bu da eləyir… (cibindən kalkulyatora bənzər əcaib bir şey çıxarıb düymələrini basır) …on bir manat yeddi qəpik…

Səidə hövsələsiz hərəkətlərlə paltarının ciblərində, sonra çantasında eşələnənəcən. Qonaq Qocaya yaxınlaşır. Xədicə Qonağın zəhmindən donuxub küncə sıxılır.


Qonaq: (Qocaya astadan) Hə, vəziyyət necədi, qoca, hazırsan?..
Qoca: (vahimə içində Qohuma) Bu kimdi?..
Qohum: (barmağını dodaqlarına basır) S-s!.. (vahiməli pıçıltıyla) Odu!..
Qoca: Odu?.. (qəfildən uşaq kimi ağlamağa, ayaqlarını döşəyə döyəcləməyə başlayır) Yo-ox… istəmirə-ə-əm… Getmirə-ə-ə-m… Möhlət… Möhlət…
Qonaq: Nə?.. Yenə möhlət?.. (tamaşaçılara) Pa atonnan!.. A kişi, adama nə qədər möhlət verəllər?.. Ötən dəfə gəldim, dedin: «möhlət», getdim, ötən il bu vaxtlara çəkərdi, gəldim, yenə zırıldayıb ağladın ki: «möhlət». Balam, bu möhlət bezrazmer zaddı bəyəm ki, ya darta-darta uzadasan?..
Qohum: (Qonağı yanlayır, canfəşanlıqla qulağına) Siz dördüncü mərtəbədə olmusuz?.. Orda bir balaca qarı…
Qonaq: (Qohuma məhəl qoymadan, qəfildən əsəbi) İki ildi hamını yığmısan burda boğaza!.. Gah üçüncü mərtəbəyə göndərirsən, gah səkkizə, gah o bloka, gah bu birinə. İnsanda bir insaf olar, mürvət olar. Binada tay adam qalmadı... Yeddi il əvvəl prostatun şişmişdi, yadundadı?.. Dedin, möhlət ver. Onda nə isə yazırdun. Yaxşı, bunu bildik. (tamaşaçılara) Mən ümumiyyətlə yazıya, sözə həmişə yüksək qiymət vermişəm...
Qoca: (sayıqlayır) …Cəhənnəmdi, cəhənnəm… hər yer yanır… havasızlıq… bürkü… balaca, qara adamlar… (qəfildən tavanda nə isə görmüş kimi içini çəkir) Simürğ quşu, al məni qanadlarına!..
Qohum: (Qocaya) Ağ eləmə tay. Cəhənnəmdə Simürğ quşu nə gəzir?..
Qonaq: (cibindən çıxardığı pulu saya-saya) Əsas məsələ - Cəhənnəm-Cənnət döyüll…
Səidə: (pulu saya-saya Qonağa yaxınlaşır, pulu uzadır) Nə varsa, elə budu… (boş pul kisəsini açıb içini Qonağa göstərir)
Qonaq: (pulu alıb sayır, sonra kalkulyatorda nə isə hesablaya-hesablaya) Əsas məsələ… (pulu səliqə ilə qatlayıb pencəyinin içəri cibinə qoyur) yol məsələsidi. Bu dünyadan O dünyaya keçid məsələsidi. Astana məsələsidi.
Qoca: (vahimə içində) Astana?..
Yazıçı: (başını qaldırır) Astana?..
Qohum: (vahimə içində) Qazaxıstanın paytaxtı?..


İşıq dəyişir. Otağın içi ilə küləyə bənzər nəyinsə dolaşdığı hiss olunur.


Yazıçı: (Səidəyə) Bu nədi belə?..
Səidə: (çaşqınlıq içində) Elə bil nə isə dəyişdi…
Həkim: (harasa uzaqlar baxır, sehrli səslə) Sübhün açılmasına az qalıb… Bir azdan üfüqdə Günəşin ilk şüası çırtlayacaq. Elədə, bütün dünyada nə isə dəyişir…
Qonaq: (heç kimə məhəl qoymadan, Səidəyə) Nolar, buna da şükür. Axır nə isə ödədiz. Camaatı bu qədər incitmək olmaz. İşıq idarəsinin uşaqlarını deyirəm. Onların da evi var, ailəsi var, sizdə olduğu kimi, xəstələri var… (tamaşaçılara) Ay camaat, borcunuzu öyrənin və ödəyin!..
Səidə: (əsəbi) Mənimlə də sizin aranızda lap az qalıb. Gələn aydan bu qapını sındırsanız belə, açan olmayacaq.
Qonaq: (nəvazişlə) Niyə ki, mənim balam?..
Səidə: Çünki… çünki gələn ay mən… (çantasını əsəbi-əsəbi didişdirib içindən təyyarə bileti çıxarır, Qonağa göstərir) Budur baxın!..
Yazıçı: (başını yazının üstündən qaldırır) Çünki o, bilet alıb. Gələn ay… (Qocaya baxır) Ümidvarıq ki, gələn aydan qardaşının yanına - Avropaya köçəcək. (ayağa qalxır) Ərə gedir!..
Qoca: (başını yastıqdan qaldırır) Qələt eliyir!.. (hamı heyrətlə içini çəkir) O, ərə yox, gora gedir!..
Qonaq: (Qocaya) Səfeh-səfeh danışma, qoca! Gora sən gedirsən, o yox! Bax, deyəndə sənə ki, vaxtın çatıb, «möhlət-möhlət» deyib ağlayırsan. Kor-kor, gor-gor, balam, çatıb vaxtın da!.. Yadındadı, bir müddətdən sonra, mən yenə gəldim. Onda da yenə yazı bəhanəsi ilə «möhlət» deyib ağladun. Yenə yazığım gəldi, dedim, necə olsa, kişi yazı adamıdı, yenə çönüb getdim. İndi yenə həyasız-həyasız «möhlət» deyib ağlayırsan. Özün cəhənnəm, bu yazıqlara rəhmin gəlsin. Nə görmüsən a kişi, bu toz-torpaqlı dünyada?..
Qohum: (Qocanın qolunu dümsükləyir, astadan) Öz aramızdı, düz deyir balam də! Sən lap ağını çıxartdın e-e!..
Qonaq: Bax, hər yerin zoqquldayır, dizlərin əsir, çörəyi çeynəməyə də taqətin yoxdu. (göylərə zillənir, üzü işıqlanır) Amma orda… (əlini dolabın üstündəki bulanıq su dolu stəkana atır və ordan Qocanın protezini çıxarır) …orda belə oyuncaqlar sənə lazım olmayacaq…
Həkim: (məlahətli səslə) Bu, ondan asılı deyil. Burdan əl çəkə bilməyən - onun, bu dünyaya öyrəşmiş toxumalarıdı.
Qoca: Toxumalar? Ah toxumalar… Mənim müdrik, sədaqətli toxumalarım… Sizi necə də sevirəm?!.. (kimisə qucaqlayan tək, qollarını özünə sarıyıb öz çiyinlərini, qollarını öpüşlərə qərq edir)
Qonaq: (səbri daralır, zabitəli səslə) Vətəndaş Cəfərov!.. Ayağa qalxın!..


Qoca ayağa sıçrayıb Qonağın qarşısında diz çökür.


Qoca: (yalvarışla) Mən hər şeyi yazmışam, yoldaş Bağırov…
Qohum: (astadan) Bo-oy?!..
Qoca: …olduğu kimi. Siz necə demişdiniz elə, qibleyi-aləm!.. Maliki-bil istiqlali-külli mərhumeyi-cahan!..
Qonaq: (əsəbi gülmək tutur) A kişi… Ay kişi, mən Bağırov döyüləm…
Qoca: (sözünə davam edi, məxfi tapşırığı çatdıran tək, astadan) Hər şeyi olduğu kimi yazmışam. Nöqtəbənöqtə. Necə demişdiniz. «Çto napisano perom, ne vırubiş i toporom!..» Hamısını da elə paylaşdırmışam ki, lazım olan əllərə çatsın. Buna illərimi sərf eləmişəm, yoldaş Bağırov. Sizə və partiyama sədaqət yolunda yorulmadan əzmlə çalışmışam. Bircə gün belə özümə rahatlıq verməmişəm!..
Qohum: (başını yelləyir, yanında dayananlara) Yazıq əmioğlu. Dövlət qulluğunda başı çox bəlalar çəkib. Hamısı onun nəticəsidi. O qorxunu o ömrü boyu canında gəzdirdi. Gecələr Stalinlə gizli görüşlərindən danışırdı. Deyirdi: «Koba hər gecə məndən hesabat istəyir…»
Qoca: (Qohuma sarı astadan) Tfu üzüvə, xəbərçi köpək oğlu!..
Yazıçı: (duruxur) Hesabat?.. Hansı hesabat?..
Qoca: (dizi üstə Qonağa) İcazə verin, yoldaş Stalin, sizinlə bağlı yazılası fikirlərim qalıb. İzin versəydiniz…
Qohum: (Qonağı yanlayır, Qocaya işarə ilə astadan) Bu, odur. Ötən dəfə həmkarınıza da demişdim. Əleyhinizə antitəbliğat kompaniyasını aparan odur. Səhər-axşam məclislərdə əleyhinizə danışır…
Qonaq: (saxta təəccüblə) Mənim əleyhimə?..
Qohum: Özüdür ki, var, zat aliləri, sizin. Bax, o isə… (gözündə eynək, təqdidatına davam edən Yazıçıya işarə edir)
Qonaq: (gülümsəyir) Nə karədir axı o?..
Qohum: Siz onu yaxşı tanımırsız. O, (yarıpıçıltıyla) sizin əməliyyatları təsvir etmək fikrinə düşüb!..
Qonaq: (maraqla) Əməliyyatları?.. Hansı əməliyyatları?..
Qohum: (qorxu və çaşqınlıqla) Canüstü əməliyyatları. (bir az da astadan) O üzə keçməyin sirli incəliklərini deyirəm. (səsi dəyişir) O cür yüksək həssaslıq, nəcib duyum qabiliyyəti tələb edən belə bir incə və məsuliyyətli məqamı o bilirsiz necə təsvir edir?.. (lap astadan)
Qoca: (sayıqlayır, mahnı oxuyur)
İsmi-pünhan, niyə məndən küsübsən,
Dost mehriban ya bir olar, ya iki…
Qonaq: (əlini Qohumun çiyninə qoyur, dostyana) Sən, yaxşısı budu, otur, oxu.

Qohum yerinə qayıdıb kiçik kitabçasını əlinə alır, bu dəfə xüsusi avazla oxumağa başlayır.


Qoca: (sayıqlayır qələbə təntənəsə ilə) Heç nə çıxmayacaq!.. Hamuvuzun halvasını yeyəcəyəm, köpək uşağı!.. Buna bir bax - mənə əmr eləyir!.. Nolar? Kim deyibsə, yaxşı deyib… «Zamana ehtiyacı var!..»
Qonaq: (Qocanın başının üstünü alır, hökmlə) Kəlmeyi-şəhadətini de.
Qoca: (vahimə içində) Uje?.. Axı… (Qohumu göstərir) …o hələ oxuyur?!..
Qonaq: Onun sənə aidiyyatı yoxdu. O dua burda qalanlar üçündü.
Qoca: (gözlərini bərəldir) Mən... demək, uje gedirəm də, hə?..
Qonaq: A kişi qorxma, səni elə nəcabətlə aparacağam, ruhun inciməyəcək. (ətrafdakılara) Mən sözə, yazıya həmişə qiymət vermişəm.
Qoca: (Qonağın cəngindən qurtulmaq üçün qəfildən ayağa sıçrayıb Yazıçının üstünə cumur) Bura bax ey, sən orda yenə nə axtarırsan?.. Dədöün malıdı, balam?.. Belə də həyasızlıq olar?.. Balam, bu qız… (Səidəyə işarə edir) …demədi sənə ki, «gəlmə bu evə?.. Babam səni görəndə halı xarab olur?..» (Səidə Yazıçını, qoruyan təki boynunu qucaqlayır) Tay adama necə deyərlər?!.
Yazıçı: (fikri qovluqlarda) Onlar mənimkidi!..
Qoca: (gözləri kəlləsinə çıxır) Nə??? Səninkidi?.. (o birilərə) Gördüz?.. Mən nə deyirdim?.. Qara qızın dərdi varmış. (Yazıçıya yazıq-yazıq) Bala, bunlar haçannan səninki oldu?..
Qohum: (duanın içindən Qocaya) Fikir vermə, ağzına gələni danışır. Gah itkin nənəsini bəhanə eləyir, gah qovluqları. Nə istədiyini özü də bilmir.
Qonaq: (Qohuma) Sən işində ol, yayınma!.. (Qohum dua oxumağına davam edir)
Qoca: (Yazıçının üstünə yeriyir) Sən gəl, burda ara qarışdırma!.. Gah mənə cumursan, gah qovluqlara, gah «nənəm!..» deyib dad eləyirsən… Qarnuun ağrısı de, biz də bilək balam da!..
Yazıçı: (fikri qovluqlarda) Mən sizə demişəm.
Qoca: Nəyi demisən?.. Almış il bundan əvvəl bu dünyadan göçmüş nənəni burda niyə axtarırsan? Dediyün budu balam da, bəlkə düz demirəm?.. Harda görünüb ki… (tamaşaçılara) qovluqlarda da adam axtararlar?..
Yazıçı: Qovluqlar mənə ayrı məsələdən ötrü gərəkdilər. Yüksək vəzifələrdə işlədiyiniz 37-ci illər barədə material toplayıram.
Qohum: (kitabçanı bir kənara qoyub ayağa qalxır) Material toplayırsan? Belə də material toplayarlar?.. Bir ayağı gorda olan ağsaqqal adama…
Qoca: (astadan Qohuma) Mənim hər iki ayağım burdadı.
Qohum: (Yazıçının üstünə yeriyir) …rahatlıq vermirsən, dirəmirsən kişini divara ki, nənəm belə gəldi, əqrəb belə getdi… Balam bu kişi sənə əlli dəfə adam dilində deyib ki, nənəni tanımır, o barədə də heç bir məlumatı yoxdu! Sənsə sakit olmursan, əl çəkmirsən, onun arxivinə girişirsən…
Qoca: (hardansa arxadan, astadan Qohuma) Təhqirləri de. Sən təhqirləri de...
Qohum: (Yazıçının üstünə yeriyə-yeriyə) Baban yaşında adama, özü də bu vəziyyətdə olan yataq xəstəsinə olmazın sözlər deyirsən, ittihamlar irəli sürürsən…
Yazıçı: Bəs o?.. O demir?.. Məni də, bütün qələm əhlini də təhqir eləmir?
Qoca: (hardansa, arxadan Yazıçıya) Ay sizi qələm öldürsün elə!..
Qohum: Bə niyə dözürsən bu təhqirlərə?.. Düz adamsansa, niyə çıxıb getmirsən evinə-eşiyinə, hə?..
Həkim: (hardansa kənardan) İnsanların bir-birinə təzyiq göstərməsi böyük günahdır…
Qoca: (Həkimə məhəl qoymadan Qohumun qarşısına keçir, Yazıçıya) Tay bir o qalıb üzünə tüpürüb qovalar səni, sənsə yenə əl çəkmirsən!..
Qonaq: (bəyənat formasında) Can üstə olan məxluqat nədənsə narahat olanda, canını tapşıra bilmir. Buna canbəsər deyərlər! (Yazıçıya) Özünü günaha batırma, qızım.
Yazıçı: (özünü itirir) Mən… bunu qəsdən eləmirəm. Bu, məndən asılı deyil. (başını aşağı salır) Yazısız, sözsüz mən həmişə özümü belə bir cür... (söz axtarır) …çılpaq hiss edirəm… (Qocayla Qohum mat-məəttəl bir-birinə baxırlar.)
Qohum: Bu da bunun danışdığı söz…
Qoca: Yalandır!.. Gözünün içinə kimi ağ yalandır!.. (yamsılayır) «çılpaq hiss edirəm» Yenə uydurur!.. Bütün bu dediklərin - ədəbiyyatdır!.. Hara gəldi, dürtürsən o andıraqalmış ədəbiyyatını!.. Bəsdir daha!.. (qəfildən yumşalır) Həqiqəti söylə!
Yazıçı: Hansı həqiqəti?..
Qoca: Bu evə soxulmağının əsil səbəbini!
Yazıçı: (çaşqın) Siz nə demək istəyirsiz?..
Qohum: (həzzlə, Yazıçıya) Hə, nədi?.. Özünü niyə itirdin?.. Düz adamsansa, de də!..
Yazıçı: (çiyinlərini çəkir, çaşqın) Mən… bu evə oğurluğa gəlməmişəm.
Qoca: (tamaşaçılara) Ağzında deyir «qovluqlar mənimdi», bu yandan da deyir «oğurluğa gəlməmişəm.» Gəl indi baş aç da.
Yazıçı: Mən axı demişdim sizə?.. Demişdim axı, əsər yazıram…
Qohum: Allah, sən saxla!..
Yazıçı: ...37-ci illərdə yüksək vəzifələr tutmuş partiya işçisinin həyatından.
Qoca: (tamaşaçılara) Yəni ki, məndən. Buyurun: portret – roman!
Qohum: (əllərini bir-birinə vurur) Pa atonnan, qızda üzə bir ba-ax!..
Yazıçı: Lap əslinə qalanda isə…
Qohumla Qoca: (maraqdan az qala ayaq barmaqlarının üstünə qalxıb tarıma çəailirlər) Aha?!..
Yazıçı: …mənə canüstü məqamın təsviri üçün…


Hamı heyrət içində içini çəkir. Yazıçı başını aşağı salıb susur.


Qohum: (tamaşaçılara) Sən insanda həyasızlığın dərəcəsinə bir bax!..
Qoca: (tamaşaçılara) Başa düşdüz də?.. Bu adam bura mənim ölümümü yazmaq üçün gəlirmi ki, onu öz əsərində təsvir eləsin!
Səidə: (vahimə içində kənara səndələyir) Sən heç bunu mənə deməmişdin…
Qoca: Hə-ə, axır ki, gəlib çatdıq mətləbə. Axır ki, uydurmalarını bir kənara qoyub adam dilində danışdın. (qəfildən yazıq-yazıq tamaşaçılara) Ay camaat, eşidin, bilin: bu adam… yox-yox, bu məxluq canidir!.. Mənə inanın, qardaşlar!.. Gördünüz?.. Bunu özü də boynuna aldı. Ona nə qovluqlar lazımdı, nə itkin nənəsi. Bu adama… (ağlamsınır) mən lazımam, mən – köpək oğlu!..
Qonaq: (Qocaya qəzəblə) Kəlmeyi-şəhadətini de, qoca!.. De: Əşhədü ənla İlahə İlləllah!..
Qoca: (Qonağı eşitmirmiş kimi, qəhərlə) ..Demə mən… uzunömürlü təqaüdçü, əmək veteranı… (protezi stəkandan çıxarıb ağzına taxmağa çalışır) …bu dünya şöhrətli adam üçün… (xüsusi vurğuyla) Nobel mükafatçısı üçün!.. əbədi… tfu, ədəbi material imişəm! (yazıq-yazıqYazıçıya) Bala, ayrı bir şey tapmadın yazmağa?..

Yazıçı başını aşağı salıb iti addımlarla yazı stoluna sarı yeriyir.

Qohum: (astadan Qocaya) Sən bir ona bax - ona bax, yenə ora gedir…
Qoca: (özünü qəfil sıçrayışla yazı masasının qabağına atır) Dəymə onlara!..
Yazıçı: (Qocaya, sərt) Onlar mənimkidi!.. İcazəsini Səidədən almışam!..
Qoca: (gözlərini bərəldir) Səidədən?.. Səidə kimdi, a bala? (qovluqlara işarə ilə) Bu boyda zirvənin yiyəsi Səidədi bəyəm?.. (nifrətlə Səidəyə baxır)
Səidə: (çaşqın) Mən dedim, sonra verərəm… yəni ki…
Qohum: (eynəyini gözünə taxıb Səidəni düşmən gözü ilə başdan-ayağa süzür) Belə de-e!.. Denən, tay düşmən ocaq başındadı da!..
Qoca: (qışqırır) Sonrası olmayacaq!.. (Yazıçının üstünə cumur. Əlbəyaxa olurlur. Qohum da, Səidə də savaşa qoşulurlar)
Qohum: (əlləşə-əlləşə tamaşaçılara) Nə abırsız adammış ə-ə, bu!.. Nodeli də belə alıb bax!.. A bala, a bala!..
Qoca: (Yazıçıyla əlləşə-əlləşə, təngənəfəs) Mən hələ ölmürəm!.. Qovluqları da notarial qaydada dövlət arxivinə təhvil verəcəm!.. Qoy tarix üçün saxlansın!.. (çönüb bağırır) Notariusu bura çağırın!..


Yazıçı Qocanın üstünə şığıyır, özünü, evə aparmaq üçün bağlama-bağlama yığıb iplə sarıdığı qovluqların qənşərinə atır. Qoca onu kənara itələyir və onlar yenə əlbəyaxa olurlar.


Qonaq: Yoldaşlar, əl saxlayın. Belə olmaz axı?!.. Ay bacım!.. Sakit olun… Ayıbdır axı, ziyalı adamlarsız…


Ətrafdakılar Qocayla Yazıçını ayırmaq istəyirlərsə də, ayıra bilmir və özlərində biixtiyar savaşa qatılırlar.
Qonaq savaşanlara yaxınlaşıb kimlərisə ayırmağa çalışırsa da, naqafil şillədən geriyə səndələyir.


Qonaq: (nəfəsi təntiyə-təntiyə, qəzəbli hökmlə) Vətəndaş Cəfərov!.. (Qonağın zəhmli səsi hamını ayıldır, əl saxlayıb kənara çəkilirlər)
Qoca: (əlini Yazıçının boğazından çəkib farağat vəziyyəti alır) Bəli, yoldaş Yoldaşov!..
Qonaq: (bloknotuna baxır) Üç aylıq işıq borcunuz qalıb!.. (şığıyıb Qocanın başının üstünü alır, astadan) Hə, daha əcəlin yetişib, Qoca. Denən: Əşhədü ənla İlahə İlləllah!
Qohum: (duanı ucadan oxuyur) …innəkə lə mursəlin, Əla Siratil mustəqim, tənziləl əzizir rəhim, li tunzirə qəvmən ma unzirə aba uhum ğafilun…
Yazıçı: (üst-başını sahmana sala-sala, boğazını ovuşdura-ovuşdura, Qocaya) Dayan-dayan qoca kaftar, görürəm, yenə oynayırsan, yenə vaxt udursan. Amma mənimlə… (barmağı ilə hədələyir) …bu oyunlar keçməyəcək!..
Qoca: (Yazıçının barmağının hərəkətindən dik aıtır, gözləri vahimədən bərələ-bərələ) Qafar, a Qafar, tutun onu!.. Yenə tapançası əlindədi!.. Atmaq istəyir!.. Görmürsüz?.. (ağlamsınır, titrəyə-titrəyə) …La İlahə İlləllah!.. Əşhədü ənnə Mühəmmədin Rəsullullah!..
Qohum: (duruxur, duanı saxlayır) Tapança?.. Hansı tapança?..
Qonaq: (Qohuma, əsəbi) Sən oxu, dayanma! (Qocaya, qeyzlə) Qoca, susma, kəlmeyi-şəhadətini axıracan de!..
Yazıçı: (Qocaya) Bəli, qoca, sən haqlısan! Mən həqiqətən casusam! (tamaşaçılara, ovsunda) Buralara xüsusi tapşırıqla göndərilmiş casus!
Qoca: (ağlamsınır, ətrafındakılara) Gördüz?.. Axı deyirdim sizə. Deyirdim, o casusdu, bu evə tapançayla gəlir, sizsə qoyun kimi durub baxırdız…
Səidə: (çarpayının qabağında dizi üstə düşüb ağlayır) Baba, babacan, ay baba, bu, (arxasında dayanan Yazıçını göstərir) Sayaddı, bizim Sayad… qonşumuz Soltan müəllimin qızı. Yadına gəlir?..
Qoca: (Səidəyə məhəl qoymadan) Qovluqlar! İtkin nənə! Ailə səlnaməsi!.. Deyirdim, inanmırdız. Güdaza verdiz məni. (qəfildən astadan tamaşaçılara) O siz görən adamlardan deyil!.. Bu, qorxunc bir məxluqdu!.. Beləsini heç Mozdok döyüşlərində də görməmişəm…
Səidə: (Yazıçıya) Tanımır.
Yazıçı: Tanıyıır. O məni lap yaxşı tanıyır!.. Plaşımın xışıltısından, vurduğum ətirin qoxusundan tanıyır!.. Özünü ölülüyə vurur ki, təki suallarıma cavab verməsin!.. Amma əlyazmalar yanmır. Hər şey, (əlini qovluqların üstünə qoyur) burdadır!.. (qəfildən hər iki əlini cütləyib Qocaya tuşlayır və bundan otağın arxa divarında, iri tapança kölgəsi yaranır) Bura bax, Qoca, sən haqlısan! Mən sən gördüyün adamlardan deyiləm!.. Mən… (aramla çəkilən «tapança» tətiyinin səsi eşidilir) TƏZƏ ADAMAM!!!.. (güllə səsi)


İşıq dəyişir. «Öldü!..», «Öldü!..» deyən bağırtılar bir-birinə qarışır. Yazıçıdan savayı hamı otaq boyu vurnuxur.
İşıq yanır. Yazıçı otağın mərkəzində dayanıb, dəhşət içində öz əllərinə baxır.
Qohum oturduğu stulun yanına üzü üstə yerə sərilib.
Səidə dizi üstə Qohumun yanında oturub ağlayır.
Qoca öz yatağında inləyir.


Qoca: (qələbə təntənəsi ilə) …Mən bilirdim! Bunu həmişə bilirdim!.. Hər şeyi qabaqcadan bildiyim kimi bilirdim!.. Bilirdim, axır kimsə gələcək!.. Gələcək və xilas edəcək!..
Səidə: (ağlaya-ağlaya Qohumun çiynini tərpədir, getdikcə səsi qorxunc bağırtıya çevrilir) Hummət əmi!.. Hümmət əmi!.. (çaşqın halda ətrafındakılara baxır) Bu nədi belə?.. Axı bu, necə ola bilər?.. Axı…

Musiqi. Otaq tədricən mərhumlarla dolur. Hardansa Qonaqla Həkim peyda olur. Onlar sınayıcı nəzərlərlə Qocaya zillənirlər. Hamı günahkar halda çiyinlərini çəkir. Qohum qəfildən ayağa qalxır, üst başını sahmana salıb çaşqın nəzərlərlə ətrafdakılara baxır.


Qohum: Mənə nolmuşdu, hə?..


Səidə Qonağın bilinməz işarəsi ilə Qocanın üstündəki adyalı yerə sərir. Qoca ayağa qalxıb sevincək hərəkətlərlə geyinir..
Qonağın növbəti işarəsi ilə Qohumla Qafar dəhlizə çıxırlar və ordan, adamboylu, üçbuynuzlu asılqanla qayıdırlar, onu, Qonağın lal işarəsi ilə adyal büküb çiyinlərinə alırlar.
«Dəfn» mərasiminin iştirakçıları hüznlü addımlarla «cənazənin» arxasınca dua oxuya-oxuya gedən Qohumla bir otağı tərk edirlər.
Otaqda təkcə Yazıçı qalır. O, tamaşa boyu kənara yığıb yoğun imlə sarıdığı qovluqları çevik hərəkətətlərlə iri sakvoyajın içinə yerləşdirir, yazı masasının üstündəki bloknotunu və eynəyini, qələmini və cib telefonunu əl çantasına basaraq pencəyini geyinir, bir əlində əl çantası, o biri əlində – içi qovluqlar dolu iri sakvoyaj otaqdın çıxıb qapını arxasınca bağlayır. Çox keçmir ki, o geriyə qayıdır, yazı masasının üstündə yanılı qalan stolüstü lampanı və otağın işığını keçirərək, çıxır.
Qaranlığa bürünmüş məkanın uzaq dərinliyində möhtəşəm qapı cırıltısı eşidilir.

Комментариев нет:

Отправить комментарий