Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


понедельник, 22 октября 2007 г.



ÖLDÜRDÜLƏR


Fatma binanın girəcəyinə çatanda, əlindəkiləri yerə qoyub özü də üstündə oturdu. Bayaqdannan bəri avtobusda gələ-gələ, hələ dünən gecə də, qatarın nəm yorğan-döşəyində yırğalana-yırğalana boğazını neçə dəfə qəhər tutmuşdusa da, ağlamağı gəlmişdisə də, özünü güclə saxlayıb ağlamamışdı. Bilirdi ki, ağlasa, Fəridə də ona baxıb ağlayacaq. Fəridə də ki, ağlamağa başladı, Allah göstərməsin. Üz-gözü elə günə düşürdü ki, Fatmanın öz dərdi yadından çıxırdı, uşağı tələsik bağrına basıb ovudurdu, təki ağzı açılmasın, açılıb qulaqlarının dibinəcən yayılmasın, onsuz da iri burnunun pərəkləri enlənib bütün üzünü tutmasın. Amma, şəhərin mərkəzində, tünlük küçələrin arasında yerləşən çoxmərtəbəli, boz binanın girəcəyinə çatanda, özünü saxlaya bilmədi, dünən kənddə, əzilməsin deyə, bir-bir kağıza büküb səliqəylə böyür-böyürə, üst-ystə yığdığı qış armuduyla dolu səbəti girəcəyin ağzındaca yerə qoyub üstünə oturdu, Fəridə görməsin deyə, ləçəyini gözünün üstünə endirib səssiz-səssiz ağladı.
Fəridə də ansına baxıb pilləkənin məhəccərinə qısıldı, dodağı büzüldü, ağlamağa hazırlaşırdı ki, Fatma cəld ayağa qalxıb üst-başını sahmana saldı, zənbilləri əlinə alıb uşağın çiynini dümsüklədi:
- Di yaxşı, sən də. - deyib, özü də zənbillərin ağırlığından ləngərləyə-ləngərləyə pillələri qalxmağa başladı. Qalxdıqca da, hər mərtəbədə ayaq saxlayıb qapıların nömrələrini, üstündəki yazfları oxudu. Rəngbərəng qapıların heç birinin arxasından səs-səmir gəlmirdi. Elə bil heç birinin o üzündə adam yaşamırdı.
Binanın camaatı bu vaxt yatırdı, nədi?.. - Fatma fikirləşdi, sonra bunu təsəvürrünə də gətirdi. Qapıların o üzündə, bərbəzəkli otaqlarda, ipək üzlü yumşaq yorğan-döşəklərdə rahat, qayğısız üzlərlə yatan şəhər adamlarının yuxulu üzlərinigözünün qabağına gətirdi. İndi belə çıxırdı ki, burda, bu beşmərtəbəli, altı guşəli binada oyaq olan bircə Fəridə ilə o idi. Əslinə qalanda, o hələ dünənki gecədən oyaq idi, şəhərə gətirəcəyi sovqatları yığıb sahmana salandan bəri gözünə yuxu getməmişdi.
Axırıncı mərtəbəyə çatanda, Fatma əlindəkiləri yerə qoyub, ağ rəngli qapının üstündəki yazını oxudu. Qapının yuxarı hissəsində qızılı hərflərlə yazılmışdı:
«Mənzil 124 Xəlilov R. A».
Başıyla qapıya işərə eləyib:
- Buradı. - dedi.
Fəridə barmaqlarının uclarına qalxıb, zəngə sarı dartınanda, uşağı geriyə itələyib astaca:
- Dinc dur!.. – dedi. - Şəhərdə bu vaxt yuxudan durmurlar.- sonra qulağını qapıya söykəyib içərinin sakitliyinə diqqət kəsildi.
İçəri sakit idi. Hardasa elə bil su damcılayırdı.
Əyilib açar deşiyindən içəri baxdısa da, girəcəyin qaranlığından, heç nə görə bidlmədi. Açar deşiyindən evin, şirniyyatla, təzə çəkmə iyi ilə qarşıq isti havası axırdı.
Yükləri ayağıyla divarın dibinə itələyib üstünə oturdu, Fəridəyə:
- Otur, gözləyək. – dedi. - İndi girsək, ayıb olar. Deyərlər, səhərin gözü açılmamış özlərini yetirdilər.
Fəridə zənbillərdən birinin üstünə oturub boğcasını qucağına aldı.
Boğcanın içində Fəridənin çəhrayı paltarı, qardaşının, hələ ötən il Bakıdan alıb gətirdiyi təzə, boz məstlər, bir də xırda-xuruş - saç sancaqları və lentləri vardı. Bunları Fəridə, Sona xalasıgildə qalacağı günlər geyinməkdən ötrü özü ilə kənddən gətirib gəlmişdi.
Çox keçmədi ki, üzbəüz qapının o biri üzündən ara-sıra səslər eşidilməyə başladı… Əvvəl kimsə öskürdü, sonra qapı cırıltısı və addım səsləri eşidildi. Qapı açıldı və içəridən, orta yaşlı bir kişi və məktəbli forması geymiş əkiz qızlar çıxdı. Hər üçü, deyəsən isti yeməkdən pörtüb qızarmışdı. Qızlar da, kişi də təəccüblə Fatmayla Fəridəyə, sonra da altlarındakı iri zənbillərə baxdılar. Qızlar Fəridə ilə yaşıd olardı, hər ikisinin saçları tarım yığılmış, boyunlarının ardına iri bant vurulmuşdu.
Qızlardan biri pilləkənləri düşə-düşə çönüb Fəridəyə dil göstərdi və bundan Fəridəni ağlamaq tutdu, dodağını dişləyib anasına baxdı.
Anası oturduğu yerdə qulağını ağ qapıya dirəyib içəri elə diqqət kəsilmişdi, elə bil bu dəqiqə qapının o tərəfində nə isə baş verməli idi.
Çox keçmədi ki, ağ qapının da o üzündən yumşaq addım səsələri eşidilməyə başladı. Sonra hansı otağınsa qapısı cırıldadı və Fatma ürəklənib cəld ayağa qalxdı, barmaqlarıının ucuyla qapını asta-asta taqqıldatdı.
Qapını Sona xanım açdı, bir müddüt uzun, çəhrayı gecəköynəyində, saçları çiyninə dağılmış halda qapının ağzında dayanıb Fatmanın üzünə elə baxdı, elə bil Fatmanı ömründə birinci dəfəydi görürdü. Sonra haçandan haçana yuxudan ayılmış kimi, qaşlarını yuxarı qaldırıb:
- Bıy?!.. - dedi. - Xoş gəlmisən, ay Fatma. Nə əcəb səndən?! Xeyir ola?!..
Əmiqızının bu sözləri Fatmanı qapının ağzındaca kövrəltdi. Fatma dinib danışmadan ağlamsınıb divar dibinə yığdığı zənbilləri bir-bir içəri yığmağa başladı. Hamısını yığıb qurtarandan sonra əmiqızıyla öpüşüb görüşdü.
- Xeyir döyül, ay Sona. - deyib bu dəfə gözünün yaşını axıtdı.
- Nolub genə? Ərinnən küsübsən?
- Yox əşi, ərim-yazıq neçə vaxtdı yorğan-döşəkdədi. - Fatma dedi, sonra dəhlizin divarına söykənib nəfəsini ağır-ağır dərə-dərə - Xasayı tutublar. - dedi və öz dediyindən bir az da təsirlənib gözünün yaşını sel kimi axıtdı.
- Bıy?.. Nə vaxt, nə üstə?
- Mən başıdaşlının havaxt günü olub ki, indi də ola?! Dedim…
- Mənə bax e, məni elə çaşdırdın, qapının ağzında dayanıb durmuşuq. Keç içəri. - Sona xanım dedi və Fatmanı içəri otağa keçirdi, orda xara üzlü şişman divanın bir tərəfinə oturdub özü də yanında əyləşdi.
- Dedim, uşaqlar daha böyüyüb, bir az rahatlanaram. Bu da mənim rahatlığım… - Fatma deyib susdu.
Fəridə hələ də boğcası qoltuğunda, dəhlizdə dayanmışdı. Bilmirdi, o da içəri girməlidi, ya yox.
- Srağagün təmtərağnan, zurna-balabannan yola saldıq onu bura. Bu gün Minskə yola düşsiydi, əsgərliyə. Mənim ağlım olmadı, gərək kənddən adam qoşaydım ona. Uşaq ki uşaq…
Sona xanımın hövsələsi daraldı.
- Di yaxşı, de görüm, neyləyib axı bu Xasay?
- Biləcəridə… haman o yola salınan stansiyada kimnənsə sözü düşüb, savaşıb. Tutub salıblar milisyə. İndi… - Fatmanın, bu yerdə yenə gözləri doldu - Bu gün hamı çıxıb getdi...
- Hara?
- Minskə.
Sona xanım qaşlarını qaldırıb dəhlizə boylandı, orda Fəridənin ayaqları altında bir-birinə söykənən dolu zənbillərə baxdı.
Fatma da gözünün yaşını silib zənbillərə baxdı:
- O iri zənbildəki - armuddu, o birilər də, bir az balıqdı, bir az da kürü. - dedi, sonra ətəyinin pürçüklərini təmizləyə-təmizləyə rəng verib rəng ala-ala - Deyirəm, bəlkə Rəhim qardaş mənnən gedəydi?!.. Ya heç olmaya, bir zəng vuraydı. Onun bircə zəngi…
Sona xanım çiyindərini çəkdi:
- Özün xasiyyətini özün bilirsən. İllah da belə cəncəl işlər üçün lap doğma oğlu ola ha, zəng vurmaz. Elə tərsdi ki!..
Fatma içini çəkib dəhlizdə, boğcası qoltuğunda dayanan Fəridəyə, sonra da, hərəsi bir tərəfə əyilən zənbillərə baxdı.
- Deyirəm, bəlkə…
- Yox, əzizim, üz vurma. Bax, durub o boyda yolu gəlmisən, lap əcəb eləmisən, gözüm üstə yerin var. Amma bu barədə…
Fatma çiyninə sürüşən kəlağayısını başına dolayıb ayağa qalxdı, əlacsız halda:
- Nə deyirəm?.. - dedi, sonra Fəridəyə işırəylə - Onda qoysana, Fəridə sizdə otursun. Mən gedim, görüm neynirəm. Yalvarım-yaxarım, deyim doqquz uşaq anasıyam, ərim yataq xəstəsidi. Diz çöküb yalvarım… bəlkə buraxalar.
Fatma bunu deyib yenə səssizcə ağladı. Sona xanımın da gözləri doldu.
- Üzmə özünü, düzələr inşallah. Buraxarlar, Allahın köməkliyiylə.
Fatma gedəndən sonra Fəridə bir müddət də, boxçası qoltuğunda, dəhlizdəki zənbillərin arasında döyüküb qaldı.
Sona xanım Fatmanı yola salanda, ağızucu Fəridəyə: «Keç içəri, qızım, qapı ağzında niyə durmusan?..» - dedisə də, Fəridə yerindən tərpənmədi.
Sona xanım qapının ağzına yığılan zənbillərə məhəl qoymadan, tələsik addımlarla evin o başına getdi, sonra deyəsən hamam girdi. Çünki bir müddət hamamdan suyun səsi eşidildi. Sona xanım orda suyu şırıldada-şırıldada, deyəsən, əl-üzünü yudu, ya da olsun ki, çimdi. Bir qədərdən sonra isə ordan, başında iri dəsmal çıxıb özünü yataq otağna saldı. Bir qədərdən sonra yataq otağından, geyimli-kecimli, ətir saça-saça dəhlizə çıxdı, Fəridəni həmin yerində görəndə təəccüblə:
- A-a?!.. Sən bayaqdan elə burja dayanmısan?.. Niyə içəri keçmirsən, bala? - dedi – bura özgə yer deyil ki?! Ananla dosdoğma əmiqızıyıq. Mən də sənin xalan. Keç, keç, utanma. Bizimkilər də indiyə durarlar.
Sona xanımın bu sözləri də Fəridəni yerindən tərpətmədi. Fəridə boxçasını bir az da bərk-bərk qucağına sıxıb üzünü divara çevrdi.
Sona xanım içi sovqat dolu zənbilləri sürüyə-sürüyə mətbəxə apardı, ordan bir də, bu dəfə lap mehriban səslə:
- Bura gəl, qızım. Kömək elə, boşaldım bunları. - dedi.

***

Bir qədərdən sonra Sona xanımın oğlu, gəlini və iki körpə nəvəsi yuxudan oyandılar. Uşaqlar, dəhlizə qaçıb otaqların arasıyla ayağıyalın o baş-bu başa qaçdılar, sonra gəlib Fəridəylə üzbəüz dayandılar, barmaqlarını ağızlarına soxub dinməz-söyləməz onun üzünə zilləndilər.
Fəridə uşaqların baxışlarından niyəsə pərt oldu, yerində qurcalanıb saçlarını sahmana saldı, corabının yamağı görünməsin, deyə ayaqlarını cütlədi.
Uşaqlar analarının da, səsi o biri otaqlardan eşidilən atalarının da çağırışlarına məhəl qoymadılar, barmaqlarının onunu da ağızlarına basıb maraqdan irilən bəbəklərdə Fəridəyə elə zilləndilər, elə bil ömürlərində görmədikləri əcayibliyə tamaşa eləməkdən doya bilmirdilər. Çox keçmədi ki, qapısı dəhlizə açılan otaqların hansındansa cavan bir qadın çıxıb tələsik addımlarla Fəridəyə sarı gəldi, ona çatanda isə gözünün ucunu ona tərəf qaldırmadan, ümumiyyətlə, onu görmədən, hövsələsiz hərəkətlərlə uşaqların əlindən yapışıb sürüyə-sürüyə deyəsən, mətbəxə apardı.
Bir qədərdən sonra Fəridənin gəlişi münasibəti ilə, ya evin gündəlik adəti üzrə qonaq otağında təntənəli süfrə açılmışdı, çay dəsgahı düzəlmişdi. Süfrəyə, Fəridənin, ömründə görmədiyi qəribə peçenyelər, lülələri quş dimdiyini xatırladan balaca südqabılar, çaydanlar və sair düzülmüşdü.
Bütün bu «təmtəraqdan», yoxsa, süfrənin arxasında təntənə dolu gərgin üzlərlə oturanların baxışlarından, Fəridənin ürəyi bulandı… qabağındakı içi dolu nimçəyə gözünün ucu ilə belə baxmadan, başını aşağı salıb dinməz söyləməz oturdu.
Sona xanım, üstünə şəkər tozu səpilmiş yelpincvari bulkaya kərə yağı çəkib Fəridənin nimçəsinə qoydu, sonra eynilə Fəridənin nəğmə müəlliminin təbiriylə:
- Ye, qızım utanma. - dedi - Burda kənar adam yoxdu.
Rəhim kişi çayı qaynar-qaynar başına çəkib pörtdü, Sona xanıma baxıb Fəridəyə işarəylə:
- O saat bilinir, şəhər uşağı döyül. Nə qalıbsa, kənddə qalıb. - dedi.
Fəridə əlini bulkaya uzatmadı, mədəsi, bulkanın dadlı qoxusundan sümrülə-sümrülə, gözünü yerə dikib gözlədi ki, hamı yeyib qurtarsın.
Səhər yeməyindən sonra Rəhim kişi kök, yumşaq əliylə Fəridənin başını sığallayıb işə, uşaqların ata-anası geyinib-kecinib öz aralarında xısınlaşa-xısınlaşa harasa çıxıb getdilər. Sona xanım nəvələrini yedirib əl-üzlərini yudu, qonaq otağının döşəməsindəki xalçanın üstünə oturdub qabaqlarına, o biri otaqdan gətirib gəldiyi bir torba oyuncağı səpdi, özü isə, olsun ki, nahar hazırlamaqdan ötrü mətbəxə getdi.
Sona xanım gedəndən sonra uşaqlar oyuncaqlara məhəl qoymadan yenə barmaqlarını sümürə-sümürə, matdım-matdım Fəridəyə zilləndilər.
Uşaqların baxışlarından, ya bulkanı tələsik çeynədiyindən, sonuncu tikə Fəridənin boğazında qaldı, onu çeçədib öskürtdü. Əlini çay dolu fincana atmaq istəyəndə, uşaqlardan biri - yaşca bir qədər böyüyü stola sarı diyirlənib Fəridənin fincanını göz qırpımında ələ keçirdi, ağzına dirəyib acgöz-acgöz içə-içə, çayı üstünə, döşəməyə dağıda-dağıda dəhlizə qaçdı.
Fəridə matı-qutu qurumuş halda uşağın ardınca baxa-baxa qaldı…
Ayrı kim olsaydı, tikəsinə göz dikəni Fəridə qamarlayıb elə döyərdi ki, doğma anası belə onu tanımazdı. Amma anasının, dünəndən bəri bütün yolu ona dönə-dönə tapşırdığı hər an qulağındaydı. Bu evdə o özünü xüsusi ədəblə aparmalıydı, acsa da, suzsuz olsa da, səsini, cınqırını belə çıxarmamalıydı, çünki bura kənd yeri deyildi, şəhər idi. Şəhərdə isə ayrı qanunlar işləyirdi.
…Arxadan kimsə lentini dartıb açdı. Bu da, o biri uşaq idi, Fəridənin lentini ağzına salıb çeynəyə-çeynəyə, gözlərinin dərinliyində işaran qələbə sevinci ilə geriyə çəkilirdi...
Fəridə əl atıb uşağı tutmaq istədi. Uşaq lentin hamısını ağzına basıb, xalçanın üstüylə pişik kimi o yaq-bu yana dığırlandı. Uşağın bu dığırlanmasından Fəridəni də gülmək tutdu, dizi üstə döşəməyə düşüb uşağı qıdıqlamağa, güldürüb, ağzındakı lenti çıxarmağa çalışdı. Bu vaxt uşağın o birisi də özünü yetirdi, özünü döşəməyə yıxıb Fəridənin boynunu qucaqladı…
Onların səsinə dəhlizin o biri başından Sona xanım da gəlib çıxdı, yağlı əllərini havada saxlaya-saxlaya qapının ağzında dayanıb bir müddət onların oynamağına tamaşa elədi, sonra elə ordan:
- Ehtiyatlı ol, qızım. Balacadılar, qol-qıçları əzilməsin. – dedi.

***

Nahardan sonra Sona xanım qonaq otağının xara üzlü yumşaq divanında Fəridə üçün yer saldı, uşaqları da yatırtmaq üçün qışqırdıb ağlada-ağlada o biri otağa apardı və bir müddət ordan, Fəridəylə oynamaqdan bir xeyli coşmuş uşaqların səsləri eşidildi və evə sakitlik çökdü.
Hündür tavanlı, işıqlı qonaq otağı da sakit idi. Bircə üzbəüz divardan ona zillənən nəhəng divar saatının yeknəsəq çıqqıltıları eşidilirdi. Fəridə bu çıqqıltıların altında soyundu, Sona xanımın divanın üstünə sərdiyi yumşaq üzlü qəhvəyi ədyalın altına girib böyrü üstə çöndü, gözlərini yumub anasının dediyi kimi, «əmrə tabe» olmağa – yuxulamağa çalışdısa da, yata bilmədi. Divanın yaşıl xaradan işlənmiş bərbəzəkli parçası ona, ötən yay tətildə, «Azərbaycan nağılları» kitabında gördüyü rəngli şəkillərdən təsəvvüründə qalan xanların, xəlifələrin saraylarında işlədilən mütəkkələri xatırlatdı. Bir qədər belə uzandıqdan sonra kürəyi üstə çönüb, əllərini başının altında daraqlayıb tavana baxa-baxa anası haqqında fikirləşməyə başladı… və anasına yazığı gəldi. Anası, olsun ki, heç vaxt belə yumşaq divanda, bu cür yumşaq tüklü ədyalın altında yatmamışdı. Heç bayaqkı süfrəyə düzülənləri də, olsun ki, anası ömrü boyu dadmamışdı. Bəlkə də heç vaxt, heç bir vaxt dadmayacaqdı da. Və nəyinki, dadmayacaqdı, anası, dünyada belə peçenyelərin olduğu barədə heç bilməyəcəkdi də...
Köksünü ötürüb fikirləşdi ki, indi ansı tanımadığı bu şəhərdə, şəhərin admla dolu, qarmaqarışıq küçələrində dolaşa-dolaşa Xasayı axtarır… Görən Xasay indi hardadı?.. Dünən Xasayın tutulmaq xəbərini alanda, böyük xalasının qırmızısifət əri qəribə bir ədayla:
- Kitabı bağlandı tay Xasayın. Şəhər yerində milisdən qurtarmaq - müşkül məsələdi. - demişdi.
O elə deyəndə, anası qəfildən hönkürüb elə ağlamışdı ki, Fəridənin mədəsi sancılanmışdı. Özü isə ağlamamışdı, özünü tox tutub bu qırmızı üzlü, pis adamın gözünün içinə baxmışdı.
…Divarr saatı kəfkirini işə salıb danqıldadı. Dördün yarısı idi.
Çöldə möhkəm külək qalxmışdı deyə, bağlı pəncərələrin kip çərçivələrindən də olsa, asta vıyıltıyla içəri dolub pərdələri yellədirdi.
Ayağa qalxdı, yalın ayaqlarını döşəməyə ehmal-ehmal basa-basa pəncərəyə yaxınlaşdı, ordan küçələrə baxdı.
…Yağış yağırdı… Üzbəüzdəki səkidə gözə dəyən tək-tük adamlar üzlərini yaxalıqlarının arasında gizlədib tələsik addımlarla dayanacağa sarı qaçırdılar.
Şəhərə - ağarmış domino daşları kimi böyür-böyürə düzülən binalara baxa-baxa fikirləşdi ki, görən indi anası bunların hansındadı?.. Ya bəlkə küçədədi, saçları, güllü paltarı yağışın altında islana-islana, kimlərəsə yalvara-yalvara Xasayı axtarır?.. Sonra bunu təsəvvürünə də gətirdi. Necə anası şəhərin küləkli, yağışlı küçələri ilə yaş paltarda dolaşır, oğlu Xasayı axtarır… və bu təsəvvürdən ürəyinin başı söküldü, gözlərinə diyirlənən yaşı qolunun arxasıyla silib yerinə qayıtdı, divana uzanıb adyalı başına çəkdi və ürəyi çırpına-çırpına fikirləşdi ki, axı anası niyə bu qədər yubandı?.. Bəlkə anasını da, xalasının qırmızısifət ərinin dediyi milislər tutublar?.. Tutub Xasayın yanına salıblar?..
Sonra bunu gözünün qabağına da gətirdi… Necə üzü tüklü, köynəyi çirkli Xasayla, saçları çiyinlərinə dağılmış gözüyaşlı anası, yarıqaranlıq zindanın yoğun dəmirlərinə sarılıb inləyə-inləyə kimlərəsə yalvarırlar…
…Külək pəncərənin nəfəsliyini taqqıldatdıqca, Fəridəni ağlamaq tuturdu, üzünü balışa basıb hönkür-hönkür ağlamaqdan özünü güclə saxlayırdı. Burda ağlamaq olmazdı. Bir də anası da həmişə deyirdi ki, ağlayanda, üzü eybəcər günə düşür, onsuz da yekə ağzı böyüyüb az qala, qulaqlarının dibinə dirənir, burnu tuluqlanıb armuda dönür, qızartısı da saatlarla çəkilmək bilmir.
Sonra Xasayı düşündü və ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə də Xasay indi hardasa, lap yaxınlıqda, buralarda - xırda, qaranlıq pəncərələrini kor kimi ona zilləmiş bu binaların hansısa birindədi?..
…Yataq otağının qapısı cırıldayıb açıldı. Uşaqlar itələşə-itələşə içəri cumdular, yalın ayaqlarıyla otaq boyu o yan-bu yana qaçdılar. Sona xanım onların səsinə gəldi, nəvələrinin əlindən tutub ədəb-ərkanla o biri otağa - körpələri geyindirməyə apardı.
Uşaqlar nə tez durmuşdular?.. Yoxsa, onu yuxu aparmışdı?.. – fikirləşib dikəldi. - Bütün gecəni plaskart vaqonun dəmir kimi bərk oturacağında dingildəyə-dingildəyə, dəqiqəbaşı ləngər vurub nəhəng heyvan fışıltısıyla fışıldayan qatarın səsinə dik atılıb yuxudan oyana-oyana yatdığından, divanın isti yumşaqlığında yuxuya getdiyini hiss eləməmişdi?..
…Uşaqların hansı birisə özünü dəhlizin döşəməsinə çırpıb yanıqlı-yanıqlı ağlamağa başladı. Uşağın səsindən, ya havanın qəfil qaranlmasından, Fəridənin ürəyinə anasıyla və Xasayla bağlı pis-pis fikirlər damdı.
Dəhlizdə balaca bayquş səsiylə ulayan uşağın ağlamağı da, hər əşyası xüsusi dəbdəbə saçan bu havasız ev də, haranısa qapı kimi döyən külək də bu axşam Fəridəyə yaxınlaşmaqda olan qorxulu və təhlükəli olan nədənsə xəbər verirdi…
Ayağa qalxıb tələm-tələsik geyindi, pəncərənin qabağına qaçıb şəhərə baxdı.
Hava qaralmışdı deyə, indi küçədə ümumiyyətlə gözə adam dəymirdi… Külək də güclənmişdi… indi nəfəsliklə bərəbər, pəncərənin çərçivəsini laxlada-laxlada qorxunc-qorxunc uğuldayırdı...
Bayaq gün işığında nəhəng, boz qəbiri andıran üzbəüzdəki binanın pəncərələrində artıq işıq yanırdı, tül pərdələrin arxasından, nahar masasının arxasına yağaşmış ailə üzvləri görünürdü. Adamlar bu işıqlı, isti evlərdə oturub çay içir, çörək yeyirdilər…
Anasından isə hələ də xəbər yox idi.
Çox keçmədi ki, Rəhim kişi də işdən qayıtdı, uşaqların ata-ansı da gəlib çıxdı.
Sona xanım önlüyünü döşünə taxıb qonaq otağının ortasındakı dəyirmi masanı bəzədi, süfrəni qab-qacaqla doldurdu. Mətbəxə keçib bayaqdan bəri orda bişirdiyi toyuq qızartması ilə düyünü, büllur stəkanlara paylaşdırdığı qaynar dovğanı gətirib süfrəyə düzdü. Hamı süfrə başına yığıldı, Sona xanım Fəridənin nimçəsinə xörək çəkib:
- Di soyutma, başla. – dedi, sonra o birilərin nimçələrinə xörək çəkdi.
Çəngəl-bıçaqlar işə düşdü, Fəridəni isə ağlamaq tutdu.
Yediyi tikə Rəhim kişinin boğazında qaldı:
- A bala, sənə noldu?.. - deyib niyəsə Sona xanımın üzünə baxdı.
Fəridənin qəhərindən Sona xanım da çaşdı… günah dolu üzüylə ərinə, uşaqlarına, sonra Fəridəyə baxıb:
- Balamsan, sənə noldu? – dedi və Fəridənin halı Sona xanımın məhrəm səsindən bir az da korlandı, bayaqdan bəri tarıma çəkib içində saxladığı göz yşları yanaqları boyu süzülüb sinəsinə töküldü.
Hamı pərt-pərt bir-birinə baxdı.
Fəridə gözünün yaşını qolunun arxasıyla silib, dünən axşamüstü kənddə anasıyla bir köhnə qəzet parçalarına büküb səliqəylə zənbilin dibinə yığdıqları, indi isə süfrənin ortasında ağ, çini meyvəqabında saralan armudlara baxdı, başını aşağı salıb dodaqlarını bir-birinə pərçimlədi ki boğazına dolan qəhərini hönkürüb səsi gəldikcə ulamasın.
Rəhim kişi, armudlardan birini nimçəyə dilimləyib Fəridənin qabağına qoydusa da, Fəridə başını qaldırmadı, yadına, müharibə filmlərində gördüyü dəhşətli mənzərələri saldı ki, təki ağlamasın, təki anası deyən kimi, «onsuz da yekə ağzı qulaqlarının dibinəcən yayılmasın.»
- Anan indi harda olsa, gələcək. - Sona xanım Fəridənin çəngəliylə armud dilimlərindən birini götürüb onun ağzına uzatdısa da, Fəridə nə armuda, nə də Sona xanıma məhəl qoymadı.
- İşin olmasın, özü yeyəcək. - Rəhim kişi kədərlə deyib ayağa qalxdı, keçib küncdəki televizorla üzbəüz kresloya əyləşdi.
…Fəridə süfrəyə düzülən yeməklərdən dilinə vurmadı, bütün axşamı masanın arxasında başıaşağı oturub qaldı. Şam yeməyi bitib başa çatandan sonra da, süfrə yığılıb, hərə öz otağına dağılışanda da yerindən tərpənmədi.
Hamının başı özünə qarışıb fikri ondan yayınanda sonra ayağa qalxıb pəncərənin qabağına keçdi, məxmər pərdənin arxasında gizlənib qaranlıq küçəyə baxa-baxa orda da ağladı.
Güclü küləyin, yağışın döydüyü küçələrdə daha gözə adam dəymirdi… Səkilərin kənarları boyu düzülən uzun işıq dirəkləri küləyin müqavimətindən budaqsız, sütül ağaclar kimi yellənib az qala köklərindən qopmaq istəyirdilər… Sonra şəhərin ha tərəfindənsə yanğın maşınının ətürpədən siqnalları eşidildi və Fəridə ürəyi sıxıla-sıxıla fikirləşdi ki, əgər indi anası qayıdıb gəlməsə, demək daha gəlməyəcək… O da ömrünün axırınacan bu gur işıqlı, yad evdə qalacaq. Sonra ağlına gələn növbəti fikirdən ürəyi lap sıxıldı.
Ağlına gələn fikir isə bu idi ki, çox güman ki, anası onu bura - bu evə elə bundan ötrü gətirmişdi. Xasayı axtarmaq bəhanəsiylə aradan çıxıb onu bu adamlara birdəfəlik təhvil verərək, kəndə qayıtmışdı. Özü demiş, «uşaqların yavannığını çatdıra bilmədiyindən», onu da başından beləcə əkmişdi, Sona əmiqızısının köhnə arzusunu da – «ev işlərində ona hayan olacaq üzüyola qız uşağını tapmaq» tapşırığını da beləcə yerinə yetirmişdi. Ötən il ondan iki yaş böyük bacısını böyük vəzifələrdə işləyən dayıuşaqlarına təhvil verdiyi kimi, onu da bu evə təhvil vermişdi...
Bu fikirdən, içinin yarpaq kimi titrəyib əsdiyini hiss elədi…
Demək bu gündən etibarən o, bu evdə yaşayacaqdı. Səhərlər - üstü şəkərli bulkalar, axşamlar - qızardılmış toyuq yeyəcək, günortalar xara üzlü divanda, qonaq otağının divar saatının ürəksıxan çaqqıltıları altında yatmalı olacaqdı…
Bayaqdan bir neçə dəfə boğazının yoluna dirənib nəfəsini təngidən qəhərini saxlaya bilmədi, səsi çıxmasın deyə, hər iki əlini ağzına basıb dişlərini bir-birinə sıxdısa da, hönkürtüsünü saxlaya bilmədi. Televizorun səsi ağlamağını eşidilməz etdi deyə bir müddət pərdənin arxasında ürəkdən ağladı, sonra gözlərinin yaşını silib pərdəni araladı və aralıqdan görünən meşin üzlü çöl qapısına baxdı…
Anası bu qapıdan gəlməliydi. Palçığa davamlı qaloşu andıran bu qara dərili meşinin isə kimisə içəri buraxacağı inanılası məsələyə oxşamırdı…
Bu məqam balacalardan biri özünü pərdənin arxasına salıb Fəridənin ayaqlarına sarıldı. Çox keçmədi ki, o biri uşaq da gəlib Fəridənin böyrünə qısıldı, ətəyini didişdirib küçük kimi zingildədisə də, Fəridə yerindən tərpənmədi, daha dizi üstə döşəməyə düşüb onları əyləndirmək üçün dovşan kimi iməkləmədi. Onda uşaqların hansısa balaca, iti dişlərini Fəridənin biləyinə keçirib gücü gəldikcə sıxdı və Fəridənin ağrıdan gözləri yaşardı.
İstəsəydi, bircə şapalağıyla uşaqların ikisinin dərsini verərdi, amma dinmədi, dişlərini bir-birinə sıxıb səbrlə nəyisə gözlədi… Uşaqlar onun dinmədiyini görüb yumruqlarını işə saldılar, balaca əlləri ilə onun qarnını, qıçlarını döyəclədilər, qollarını cırmaqladılar…
Fəridə dinmirdi… istəyirdi uşaqlar onu bir az da bərk döysünlər, qol-qıçını dişləyib qanını axıtsınldar, elə günə qoysunlar ki, anası qayıdanda, onu tanımasın…
…Qonaq otağından yaylım atəşi kimi açılan çığırtıya bütün ev dik atıldı… Özlərini hövlnak otağa yetirən Sona xanımla Rəhim kişi gördükləri mənzərədən yerlərindəcə donub qaldılar.
…Fəridə otağın ortasında dizi üstə oturmuşdu, ağzını göyə açıb, hansısa heyvanın səsini andıran qorxunc səslə ulayırdı... Uşaqlar bir qıraqda, əlləri ağızlarında döyüküb Fəridəyə baxırdılar…
Fəridənini balaca ağzı rezin kimi dartılıb qulaqlarının dibinəcən yayılmaqdaydı… burnu enlənib köpüşməkdə, tuluqlanıb sulu armuda çerilməkdəydi…
…Fəridənin ağlamağından, ya küləyin növbəti həmləylə pəncərələrə çırpılıb şüşlələri titrəməsindən, meşin üzlü çöl qapısının zəngi vuruldu.
Gələn Fatma idi. Özünü qızının səsinə hövlənak içəri salıb Fəridəni qucağına basdı. Anasının bu hərəkətindən qəhəri birə on artdı, başını anasının qarnına basıb ağlamaqdan nəfəsi kəsilə-kəsilə:
- Mən..ni bur…da ödürdü…lə-ə-ər!!! Öldürdülə-ə-ər!!!..- deyib zarıdı.
Fatma donuq halda əmisi qızına baxdı.
Sona xanımın da, Rəhim müəllimin də üzü elə idi, elə bil Fatma gedəndən bəri həqiqətən, uşağı öldurməklə məşğul olmuşdular.


1984

2 комментария:

  1. Xatirlamaq istemediyim usaqliqimin epizodlari goz onumde ele canlandiki..Bunu nece bacardiz,Afaq xanim?

    ОтветитьУдалить
  2. sizin hekayeniz meni az da olsa problemlerimden ayirir size minnetdaram

    ОтветитьУдалить