Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


воскресенье, 22 июля 2007 г.

İ Z D İ H A M

(roman)

...Yenə atasını gətirirdilər... Atasının cənazəsini uzun-uzun kişilər gətirirdi. Onların ardınca uzun-uzadı dəstələrlə qara geyimli adamlar gəlirdi. Adamların üzü batan günün rəngindən qırmızı idi deyə, hamısı bir-birinə oxşayırdı. Bir az da elə bil keçiyə oxşayırdılar. Bəbəyi görünməyən xırda gözləri günün zəif işığından qıyıla-qıyıla, itələşə-itələşə gəlirdilər...
Arada bir adamların içindən kimsə yeri təpikləyib göyə atılırdı. Lap arxadan, hardasa izdihamın qurtaracağından kişnərti səsləri eşidilirdi...
Adamlardan sonra cərgə ilə əklillər gətirirdilər. Əklillərin kağız gülləri külək vurduqca, ovulub xırda kəpənəklər kimi izdihamın üstü ilə uçurdu...
Qara geyimli adamlar yaxınlaşdıqca, izdihamın uğultusu eşidilməyə başlayırdı… Külək bərkiyir, saysız-hesabsız qara geyimləri qara bayraqlar kimi möhtəşəm-möhtəşəm yellədirdi...
...Uğultunun içi ilə hardansa, uzaqdan zəif-zəif sızan tanış səs eşidilirdi...
Atası idi... tabutda gözüyumulu uzana-uzana, burnunun içində balaca bayquş kimi buppuldayırdı... Harasısa ağrıyırdı, ya ağlayırdı?! Ya bəlkə oxuyurdu?..
Qəhər boğazını sıxdı:
- Ana-a-a!.. - deyib qışqırdısa da, səsini eşidən olmadı.
İzdiham getdikcə gedir, qara duman kimi çəkilib uzaqlaşırdı…
Ana nənəsi hardasa, arxasındaydı, vergül qaşlarını tərpədə-tərpədə:
- İndi bilərsiz aclıq nədi, yetimlik nədi... - deyib ləzzət içində gülümsəyirdi.
Nənəsi güldükcə ağzından, bir-birindən aralı uzunsov, metal dişləri görünürdü. Nənəsi gülümsünüb-gülümsünüb axırda dəmir dişlərini bir-birinə vura-vura:
- Anan çox qudurmuşdu. - dedi.
- Elə demə... - dedi və hiss elədi ki, boğazına dolan qəhərdən ağzı büzülür - anam ölüb axı?!..
- Ölsün elə!.. - nənəsi ilan kimi fışıldadı...
Nənəsinin çiynindəki boz sərçə də ağzını açıb ilan kimi fışıldadı, boynuna dolanan çəhrayı, kor soxulcan da başını qaldırıb o yan-bu yana yellədə-yellədə fısıldadı…
...Əl atıb nənəsinin üzünü cırdı… Nənəsinin üzü əlcək kimi soyulub ovcunda qaldı…
...Nənəsinin dərisini yerə atmaq istədisə də, alınmadı. Dəri yapışqan kimi ovcuna yapışıb qopmaq bilmirdi…
Yerdən daş götürüb dərini daşla sürtdü, ovuntulayıb yerə tökdü. Sonra haradansa bozumtul toyuqlar gəldi və nənəsinin quru dərisini tələm-tələsik dənlədilər.

...İzdiham gözdən itəndən sonra yerə oturub ayaqlarını uzatdı. Qıçları xeyli uzanmışdı, həm də elə bil azca əyilmişdi.
Qıçlarını bir-birinə doladı. Qıçının biri o birinə üç-dörd dəfə dolanıb buruldu. Sonra ha çalışdı, aça bilmədi. Qıçları düyün düşmüşdü...
Qapının zəngi vuruldu və o düyünlü qıçlarını ardınca sürüyə-sürüyə əlləri üstə iməkləyib qapını açmağa getdi.
…Gələn anası idi. Anası onu görmədi, üstündən keçib otaqlara girdi, bir müddət onu oralarda axtardı…
...Ha istədi qışqıra, səsi çıxmadı. Əl çalıb anasını çağırdı. Anası gəlib onu tapdı, əyilib bir müddət mehriban gözlərlə üzünə yaxından baxdı.
- Necəsən?... - dedi.
...Atası da buradaydı. Otağın aşağı başında, yazı masasının üstündəki stolüstü lampanın işığında üzü divara oturub bir qıçını əsdirə-əsdirə yenə nə isə yazırdı... Yaza-yaza siqaret çəkirdi, tüstü burnundan, qulaqlarından çıxırdı.
Sonra nə oldusa, tüstü burula-burula atasının təpəsindən çıxmağa başladı… Atası qələmi yerə qoyub qulaqlarını tuta-tuta:
- Başım yandı, ay Allah!.. - deyib bağıra-bağıra otaqların arasıyla vurnuxdu.
Anası mətbəxdən balaca suçiləyənlə gəlib atasının başını suladı.
Atasının başı sudan cızıldayıb tüstülədi.
Anası tüstünü üzündən yelləyə-yelləyə, gülümsəyə-gülümsəyə gəlib onu qucağına aldı, gətirib çarpayısına uzatdı, üzünə çəhrayı tülə bənzər nə isə çəkib:
- Yat daha, gecdi. - dedi və ha yanasa getdi.
...Örtüyün o biri üzündən hər şey çəhrayı görünürdü...
Atasının başının tüstüsü kəsmişdi. Atası indi çəhrayı vərəqlərin içində acgöz-acgöz eşələnirdi, elə bil onların arasında yeməlisini axtarırdı…
...Sonra hardansa ərinə oxşayan cavan oğlan gəlib başının üstünü aldı, çəhrayı bığlarıyla üzünə gülümsəyib duvağı üzündən qaldırdı, qoluna girib onu ayağa qaldırdı.
…Ayağa qalxanda dizinin üstündəki güllər yerə töküldü…
...Musiqiçilər dəhlizdə dayanmışdı, elə oradan, gülərüz adamların arasından ona baxa-baxa, gözləri bərələ-bərələ nə isə, gülməli hava çalırdılar…
Əri yerdəki gülləri yığıb onun qucağına basdı. Baxıb gördü qucağındakı, dabanı yeyilmiş köhnə ayaqqabılarıdı…
...Sonra yadına düşdü ayaqqabıları haradan gəlib çıxmışdı qucağına. Bayaq "Vağzalı"nın səsi həyətlərində eşidiləndə özünü itirib ətəyi ayaqlarına dolaşa-dolaşa o yan-bu yana qaçanda, çəkmələri geyməyə macal tapmamışdı. Bayaq ayaqqabıları sabun kimi sürüşkən idi, ha əlləşirdisə də, sıçrayıb əlindən çıxırdı.
...Əyilib ayaqlarına baxdı. Ayaqları soyuqdan donub, ağarıb ağappaq dişə oxşayırdı…
Əri qoluna girib onu musiqiçilərin yanından keçirdi, ehtiyatla pillələri düşürdü.
...Pilləkəni düşdükcə, ağ gəlinlik paltarının uzun ətəyi aradabir arxasınca pillələri düşən qohum-əqrəbanın ayaqları altında qalırdı, onu yerində laxladırdı. Sonra paltarının ətəyi arxada elə bil nəyəsə ilişdi…
...Geriyə çönəndə ürəyi qırıldı... Arxada heç kəs yox idi. Ətəyini məhəccərə keçirib harasa getmişdilər...
Qayıdıb ətəyini məhəccərdən çıxarmağa başladı, alınmadı. Məhəccərdən aşağı baxıb gördü, əri lap axırıncı mərtəbəni enir.
…Əri əlləri cibində kiminləsə danışa-danışa pillələri enirdi, küçəyə çıxanda şaqqanaq çəkib güldü. Sonra ərinin səsi bir xeyli də həyətdən gəldi. Əri nə isə hərbi aviasiyadan danışırdı. Ərinin səsi bir mğddət də eşidilib yox oldu.
…Ətəyini bir də, bu dəfə var gücü ilə dartdı... Başında nə isə uzundraz bir şey vardı, tərpəndikcə, təpəsində laxlayıb dingildəyirdi. Ha əlini başına atıb yoxlamaq istədi, əli başına çatmadı. Əli gödəlib enlənmişdi, ağzına güclə çatırdı...
Ətəyini bir də dartanda, başındakı uzunsov güldana oxşar nə isə yerə düşüb çilik-çilik oldu...
...Səsə qonşuların qapıları açıldı. Dayanıb əsəbi üzlərlə onun yöndəmsiz hərəkətlərinə baxdılar.
...Ətəyini dartışdırdıqca, ətürpədən cırıltı səsi mərtəbələrə yayıldı, bu eybəcər cırıltıya hansısa evdə oyanan körpə əti kəsilmiş kimi çığırıb ağladı… bir də baxdı ki, çığırtı səsi ətəyindən gəlir.
Çığıran, böyük qızı idi, məhəccərin dəmirlərinə keçirdiyi başını çıxara bilmirdi.
Uşağı başıqarışıq necə dartdısa, qızın qulaqları qopub yerə düşdü.
Üzbəüz qapının ağzında dayanan qalınqaş kişi qaşlarını əsəbi-əsəbi oynada-oynada, nifrət dolu gözlərlə gah ona, gah da qızının, düşbərə kimi yerə yapışan qulaqlarına baxıb:
-Tfu! - dedi və qapını çırpdı.
Uşağın qulaqlarını, xəcalətdən nəfəsi kəsilə-kəsilə yerdən qaldırıb ciblərinə basdı, ağrıdan göyərib özündən gedən uşağı qucağına alıb, ayaqları bir-birinə dolaşa-dolaşa, tələm-tələsik aşağı endi...
...Endikcə pillələr qurtarmırdı, burula-burula, uzana-uzana harasa, lap aşağı gedirdi...
Bir neçə mərtəbədən sonra qapılar qurtarırdı, pillələrinsə sonu, qurtaracağı görünmürdü...
...Ərinin səsi indi də hardansa yuxarıdan gəlirdi. Əri yenə hərbi aviasiyadan danışırdı…
Qonşular səs-səsə verib:
- Çox mübarək, xoşbəxt olun... oğullu-uşaqlı olun... - deyirdilər.
Musiqiçilər də hardasa yuxarıda çalırdılar. Sonra əri də, musiqiçilər də danışa-danışa, çala-çala çıxıb harasa getdilər. Hardasa, uzaqda maşınların qapıları çırpıldı, qonşuların qəhər dolu səsləri eşidildi...
...Qızı qucağında vurnuxub zıqqıldadı, qulaqlarının qanını balaca əlləriylə üz-gözünə yaxdı, sonra qanlı əllərini ağzına soxub sümürə-sümürə yuxuya getdi.
...Uşaq qucağında əyilib bir müddət aşağıya, sonra yuxarıya baxdı...
...Pilləkənin əvvəli-axırı görünmürdü… Pillələrdən sonra həyətlərinə açılan çöl qapısının ha tərəfdə olduğunu yadına salmağa çalışdısa da, pillələrin harda bitib qurtardığı yadına düşmədi... pilləkənin üstünə oturub qızını qucağında yellədə-yellədə:
- A - a - a!.. - dedi.
Qızı başını qoltuğuna soxub yuxuya getdi.
Bir müddət uşağı yellədə-yellədə pilləkənin sakitliyinə qulaq asdı… Çox keçmədi ki, hardasa, lap aşağıda kiminsə qapısı açıldı və aşağıdan, nəyinsə o biri üzündən anasının yorğun səsi eşidildi, pillələr boyu əks-səda verdi…
Anası:
-Tez o-o-ol... - deyə bağırırdısa da, səsi hələ də uzaqlardan gəlirdi - …bunlar atamı yandırdılar!..
Uşağı qucağına alıb ayağa qalxdı, ayaqları bir-birinə dolaşa-dolaşa, nəfəsi kəsilə-kəsilə pillələrlə aşağı qaçdı…
...Evləri uşaqla dolu idi… Uşaqlar dəhlizdə, otaqlarda qaynaşırdı. Beş-altısı velosiped sürürdü, bir az böyükləri pərdələrdən, çilçıraqdan asılıb yellənirdilər, qalanları bir-birinə dəyə-dəyə döşəmə boyu iməkləyirdi… Anasının qucağında tutduğu iki çağa acgöz-acgöz hərəsi bir döşünü əmirdi.
...Anasının saçları uzanıb çiyinlərinə tökülmüşdü… qucağındakı çağalar döşlərini əmə-əmə, saçlarını xırda-xırda hörürdülər.
...Uşağı qucağından yerə düşürüb başının tükü qabara-qabara:
- Bu nədi belə?.. - dedi.
Anası uşaqları pərdələrdən qopara-qopara:
- Səndən soruşmaq lazımdı. - dedi, sonra uşaqlar elə döşündən asıla-asıla əllərini belinə vurub onunla üzbəüz dayandı, nifrət dolu üzü ilə - Bəlkə deyəcəksən xəbərim yoxdu?.. - dedi.
...Bədənindən xoşagəlməz üşütmə keçdi.
...Uşaqlardan bir-ikisi ayağına çatıb topuğu ilə üzüyuxarı dırmaşırdı, aşağıdan yuxarı balaca üzlərlə ona baxıb miyoldayırdılar...
...Anası evin künc-bucağından, şkafların altından, stulların üstündən uşaq yığırdı... yığa-yığa, qəhərli səsiylə:
- Min kərə dedim, iki uşaq bəsindi. Dedim-demədim? - dedi.
- Dedin. - deyib başını aşağı saldı.
Anası deyinə-deyinə uşaqları iri, tozlu çuvala yığırdı:
- Bəs niyə sözümə qulaq asmadın?..
...Axırıncı uşağı balışın altından çıxarıb ağzınacan uşaqla dolu çuvalın içinə basdı, bürmələyib ağzını yoğun iplə sarıya-sarıya, bəbəyi irilən xəstəhal gözlərlə üzünə zillənib:
- Di tez ol... - dedi.
...Mətbəxə keçib əl-ayağı əsə-əsə kibrit axtardı, kibriti tapıb ayaqları bir-birinə dolaşa-dolaşa gətirib anasına verdi. Anası kibriti əlinə alıb təngənəfəs:
- Bəs nöyüt?.. - dedi.
...Nöyüt anasının yataq otağından, paltar şkafının içindən tapıldı...
Nöyütü anasına verəndən sonra divara qısılıb üzünü qollarıyla bağladı... sonra dözməyib dirsəyinin altından baxdı ki, necə anası, bəbəkləri irilib gözünün ağını örtə-örtə nöyüt şüşəsinin qapağını açır, necə şüşəni, içi uşaqla qaynaşan adamboylu çuvalın üstünə əndərir, sonra geriyə çəkilib yanan çöpü çuvalın üstünə atır...
...Kibrit çöpünün toxunmağıyla çuvalın alışmağı bir oldu… dilsiz-ağızsız, bədheybət pəzəvəngi andıran çuval ətürpədən səslərlə cüyüldəməyə, vığıldayıb nəhəng adam kimi oturub-qalxmağa, alov bədəninə işlədikcə otağın içiylə atılıb düşməyə, tüstüsü təpəsindən çıxa-çıxa özünü divarlara çırpmağa başladı… Sonra nə oldusa, çuval qapqara qaraldı, arxadan zərbə almış kimi, nərə çəkib üzü üstə yerə sərildi... qapqara tüstü otaqlara dolub ətrafı səskeçirməz qaranlıqlara qərq etdi...
Tüstünün qarasndan boğulub öskürə-öskürə evin içi ilə dörd dolanıb:
- Ana!.. - deyib çağırdısa da, səsinə səs verən olmadı… odu ki, tüstünün qaranlığı ilə uzun uzadı yol getməli oldu.
Evin divarları, dəhlizi tüstünün qaralığında əriyib itmişdi... qaranlığın içiylə bircə dümbədüz, uzun-uzadı yol uzanırdı… o yolla da getdi… çox keçmədi ki, göz-gözü görməyən boğanağın içində kiminləsə alın-alına toqquşdu… qaxsımış tər iyi ilə şirin ətir iyinin qarşıq qoxusundan tanındı...
Məktəb direktoru Sürəyya müəllimə idi. Dərin qırışlarla dolu uzun sifəti tüstünün içiylə ağır, qəzəbli bayraq kimi aramla dalğalanırdı...
Sürəyya müəllimə ona dəyib dayandı, sağ gözünün üstünə enən qırışı qaldırıb bir gözüylə üzünə baxdı, qalın kişi səslə:
- Əllərini göstər. - dedi.
…Əlləri yanan çuvalın hisindən qapqara qaralmışdı, cütləyib qabağa uzatdı, Sürəyya müəlliməyə göstərib başını aşağı saldı.
Sürəyya müəllimə o biri gözünün qırışını da aralayıb onun əllərinə diqqətlə baxdı, sonra başını qaldırıb hələ də bayraq kimi dalğalanan üzü ilə bu dəfə diqqətlə onun gözlərinin içinə baxdı, qalın səslə:
- Get, valideynin gəlsin. - dedi, gözlərinin qırışını yerinə buraxıb ayaqlarını tüstünün içi ilə sürüyə-sürüyə yoluna davam elədi… Br qədərdən sonra hardansa arxadan, tüstünün ən qatı yerindən Sürəyya müəllimənin səsi eşidildi.
Sürəyya müəllimə arxada kiminləsə toqquşub:
- Əllərini göstər... - dedi, - get, valideynin gəlsin... - dedi.
Sürəyya müəllimə uzağa getmədi… bir qədər yeriyib orda, arxada kiminləsə rastlaşıb ayaq saxladı, geriyə çönüb qara tüstünü əyri bədəni ilə yara-yara, ayağını sürüyə-sürüyə ona sarı yeridi… Geri çönməsə də, ürəyi əsə-əsə hiss elədi ki, Sürəyya müəllimə ardınca tək gəlmir...
Tüstü seyrəldikcə, baxıb gördü sən demə, bu, tüstü yox, həmin qara geyimli izdihamdı ki, içiylə yeriyir… Qapqara, sopsoyuq geyimlər çiyinlərinə toxuna-toxuna, ayağı dəqiqədə bir nəyəsə ilişib onu yerində laxlada-laxlada...
Yenə arxada kimsə paltarının ətəyini tapdalayırdı… sonra kimsə atılıb ətəyi arxada yerlə sürünən gəlinlik paltarının ətəyinə oturdu, həzdən civildəyə-civildəyə arxasınca süründü…
Çönüb baxdısa da, tanımadı. Girdəsifət, arıq bir arvad idi… ətəyinin üstündə bardaş qurub oturmuşdu, başı, qulaqları əsə-əsə civildəyib gülürdü.
Arvadın üzü tanış gəlirdi. Hardasa şəkildə, ya kinoda görmüşdü, yadına sala bilmədi…
Atasının cənazəsi hardasa, irəlidə üzürdü. Atası yenə burnunun içində balaca bayquş kimi ulayırdı, bu səsə qara tüstünün hansı ucqarlarındansa qara bayquşlar səs verirdi...
...Başının tükləri qabardı… yaxası mədəsinəcən açıq paltarının boyun-boğazını ha dartışdırdısa da, sinəsini bağlaya bilmədi… Bir qədər sonra bayquş səsləri lap yaxından eşidildi… Elə bil izdihamın içindən kimlərsə uladı, sonra xısın-xısın gülüşdülər…
...Oğrun-oğrun o yan-bu yanına baxıb aradan çıxmağa yer axtardı... ...Arxadan kimsə kürəyini çubuqlayıb quru səslə:
- Yeri-yeri. - dedi.
Geri çönməsə də, səsindən tanıdı. Suğra müəllimə idi... Allah bilə, yenə çəp gözlərinin xırda, qara gilələri hikkədən bir az da çəpləşmişdi, tüpürcəyi, həmişəki kimi göyərmiş dodaqlarının künclərində qurumuşdu, ucu daim yazı taxtasından asılan köhnə xəritələrin deşiklərinə ilişən göstəricisini havada yellədə-yellədə gəlirdi…
Sonra kim idisə, lap qulağının dibində uladı, bayquş başını ona sarı çevirib gözlərini bərəltdi, tüklü buxağını əsdirib vahiməli-vahiməli quqquldadı…
Qorxudan içi titrəyə-titrəyə üzünü tutub ağladı.
- Ağla bala, ağla, ağlamalı günlərin çatıb daha.
Yenə metaldiş nənəsi idi. Qabaq cərgələrin arasıyla addımlayırdı… qocalıqdan sümüyü əyilmiş qıçlarını arxasınca sürüyə-sürüyə, nazik üzünü qoz belinin arxasından çıxarıb ona sarı boylana-boylana, nəfəsi həzdən itə-itə:
-Hələ çox ağlayacaqsan. Hamınız ağlayacaqsız. Ağlaya-ağlaya öləcəksiz, ölə-ölə ağlayacaqsız... - deyə fışıldayırdı.
Nənəsinin boz sərçəsi də yenə çiynində idi, yenə qara, tum gözlərini dinməz-söyləməz üzünə dikmişdi. Çəhrayı soxulcan da öz yerində idi, nənəsinin boynunda sulu boyunbağı kimi qıvrılıb balaca başını quyruğunun ucuna bəndləmişdi.
Bayaqdan bura Suğra müəllimənin cərgəsində milçəkləri qova-qova gedən uzun, qarabuğdayı adam əlindəki iri milçəköldürənlə arxadan necə vurdusa, nənəsi milçək kimi vızıldayıb susdu. Asfaltda nənəsindən nöqtə boyda nəm ləkə qaldı...
...Kimsə qolundan tutub kənara çəkdi, ətəyi arxadakıların ayağı altında qalıb cırıldı.
Fatma idi… ağ məktəbli önlüyü də, bir ucu başından çiyninə asılan lenti də mürəkkəb ləkələri ilə dolu idi... Gözlərini qıyıb başıyla hansısa uzaqları göstərirdi, nəyəsə işarə ilə dinib-danışmadan, «gedək» deyirdi…
…Fatmayla bir sivişib aradan çıxdılar, yüyürüb qara izdihamdan uzaqlaşdıqca, arxadan Suğra müəllimənin nazik çubuğunun vıyıltısını eşidirdilər...
Suğra müəllimənin çubuğu arxada vıyıldaya-vıyıldaya, bədənləri gizildəyə-gizildəyə qaçıb özlərini məktəbin arxa həyətinə yetirdilər, orda idman zalının girişində küncə dirənmiş iri, qara çəlləyin qapağını açıb içinə girdilər, sonra köməkləşib qapağını bağladılar.
- Burda bizi tapa bilməyəcəklər. - Fatma gözlərindən çəlləyin qaranlığını qığılcım saça-saça dedi, sonra yerini rahatladı.
Çəlləyin dibi dəmir-dəmürlə, bir də əhəngə oxşar narın qumla dolu idi. Fatma altından çömçəyə oxşar uzunsov dəmiri sivirib qaranlığın içində yelləyə-yelləyə:
- Ölsələr də, ağıllarına gəlməyəcək. - dedi. - İkinci zəngdən sonra çıxarıq...
...Çəlləkdə vaxt tez ötdü, çox keçmədi ki, uzun-uzadı ikinci zəng çalındı və uşaqlar həyətə dağıldılar… çəlləyin üstündə atılıb dəmir qapağı at ayaqlarıyla döyə-döyə o yan-bu yana qaçdılar. Sonra sakitlik çökdü və kimsə çəlləyin qapağını qapını döyən kimi döydü.
Nəfəsini içinə qısıb çəlləyin aralı çatından çölə zilləndi... Çələyin aralı çatını Suğra müəllimənin yaşımtıl qulağı bağlamışdı... nə isə axtaran yekə əl kimi yuxarı-aşağı gəzişirdi… Çox keçmədi ki, çat cırıldayıb bir az da aralandı və Suğra müəllimənin havanı iyləməkdən uzanmış çəkic kimi iti burnu içəri soxuldu... səliqəli ardıcıllıqla çəlləyin hər küncünü iyləyib gizli əmr almış kimi duruxdu və çəlləyin aralı çatından içəri Suğra müəllimənin çəngələ oxşar əli soxuldu... Əl bir müddət çəlləyin içi boyu kor əqrəb kimi o yan-bu yana yeriyib onları axtardı… gah başlarına, gah dizlərinə qonub elə bil kor gözləriylə gah Fatmanın, gah da onun üzünə baxdı... bir müddət beləcə barmaqları üstə yeriyib-yeriyib axır ki, Fatmanın topuğunu tapdı...
Fatma topuğu Suğra müəllimənin əlində, kədərli gözlərlə qaranlığın içindən ona son dəfə baxdı, balaca, girdə gözləri yaşla dolub şüşə qırığı kimi par-par parıldadı...
Suğra müəllimənin caynağı Fatmanın topuğundan yapışıb bir müddət onu çəlləyin içində başıaşağı saxladı, sonra harasa yuxarıya qaldırdı, üz-gözünü sivirib cıza-cıza, pal-paltarını cırıb tökə-tökə çəlləyin çatından çölə çıxardı...
Bir müddət bədəni qorxudan titrəyə-titrəyə, Fatmanın çəlləyin o biri üzündən eşidilən səsinə qulaq kəsildi... Fatma əvvəl pişik kimi miyoldadı, sonra toyuq kimi qaqqıldadı, axırda nəfəsi kəsilə-kəsilə, uzun-uzadı kişnədi və götürüldü...
...Dizləri əsə-əsə çəlləyin çatından baxıb gördü Suğra müəllimə Fatmanın belində ucu sınıq göstəricisini havada oynada-oynada Fatmanın dalını döyəcləyə-döyəcləyə "ehe-he-hey!.." - deyə-deyə məktəbin sarımtıl binasına sarı qaçmaqdadı...
Fatma kişnəyə-kişnəyə uzaqlaşdıqca, çəlləyin içinə qaranlıq çökdü... Yoxsa, hava qaraldı?!.. Axır nə oldusa, çəlləyin içi getdikcə isinməyə və daralmağa başladı...
...Ürəyi sıxıldı. Çiynini çəlləyin qapağına dirəyib qaldırmaq istədisə də, gücü çatmadı. Çəlləyin qapağı elə ağır idi, elə bil üstündə kimsə oturmuşdu.
Odu ki, büzüşüb çəlləyin küncünə qısıldı... Sonra deyəsən yuxuya getdi...
...Yuxuda, gözlərini qıyıb bədəninə soyuq tər gələ-gələ, dizləri boşala-boşala, hansı möcüzəyləsə yuxuya getmiş Suğra müəllimənin qulağına civə tökürdü...
...Civə, istilikölçənin sınıq ucunun çatından gümüşü mürəbbə kimi ağır damlalarla səliqə ilə Suğra müəllimənin yekə qulağına uyğun olmayan xırda dəliyindən içəri süzülürdü… süzüldükcə, Suğra müəllimə ləzzətlə zarıyırdı.
İstilikölçənin civəsi qurtarırdı, Suğra müəllimənin zarıltısı kəsmək bilmirdi...
İçi boşalmış istilikölçəni gizləməyə yer yox idi. Oğrun-oğrun o yan-bu yanına baxıb heç kimin görmədiyindən arxayın olduqdan sonra istilikölçəni Suğra müəllimənin qulağının deşiyindən içəri buraxdı… və Suğra müəllimənin qulağının içi ilə bir müddət vıyıltı ilə uçub hardasa dərində şarappıltıyla yerə dəyən nəyinsə səsi eşidildi… Onda Suğra müəllimə gözlərini iri-iri açıb üzünü ona çevirdi, civənin parıltısından gümüşüyə çalan üzü əyilə-əyilə:
- Bunu sən elədi-i-in???.. - deyib vahiməli səslə bağırdı...
Suğra müəllimənin bağırtısına qaçıb gələn ağ xalatlı qadınlar onu döşəküzünə bənzər ağlara bürmələyib harasa apardılar… dörd bir yanı dərman iyi qoxuyan ağ otağın yuxarı başında ağ geyimdə ağ yataqda yatan anasın yanına gətirib topuqlarından başıaşağı salladılar… Odu ki, ilk dəfə anasını tərsi-mayallaq gördü…
Belədə anası çarpayını kürəyində saxlayan uzun saçlı, ağ böcəyə oxşayırdı...
Sonra soyuq suyun altında yaxşı-yaxşı yuyub bələdilər, aparıb ayrı bələklərlə dolu yarıqaranlıq otağın bir küncünə qoydular və çıxıb getdilər.
...Otağın yuxarı başı bələklərlə dolu idi. Həkimlər gedən kimi bələklər cərgə ilə sıraya düzülüb oxumağa başladılar. Xorun içindən kim idisə cır səslə oxuyurdu... Baxıb gördü kiçik qızıdı. Bələklərin ən balacasında əl-qolu sarınmış vəziyyətdə... balaca ağzını göyə açıb civiltili səsi ilə oxuyurdu. Oxuduqca ağzı quş dimdiyi kimi açılıb yumulurdu.
Sonra kimsə otağın işığını yandırdı.
İşığın yanmatıyla, bələklərin dağılışıb döşəmə boyu ilbiz kimi, yırğalana-yırğalana sürünməyə başlamağı bir oldu...
Ağ geyimli həkimlər ha o yan-bu yana qaçdılar, bələklərin hamısını tuta bilmədilər. Bələklər sürünə-sürünə divar boyu qalxdılar, bir-ikisi tavana qalxıb çiçırağın buynuzlarından başıaşağı asıldı…
...O da qarnını soyuq döşəməyə sürtə-sürtə bir xeyli bələklərin süründüyü səmtə sürünüb tərlədi.
Bələklər divarın yuxarı hissəsindəki dəliyə çatıb bir-bir ora soxuldular.
Həkimlər əllərinə keçən bələkləri odun kimi üst-üstə arabalara yığdılar, tələsik adımlarla başıalovlu halda harasa daşıdılar.
...Divarın küncü ilə irəlidə sürünən bələk o birilərdən çəlimsiz idi deyə, dəlikdən daha rahat keçdi. Keçib ordan geriyə boylandı, göz vurub xırıltılı səsi ilə:
- Gəl-gəl, ey dili-qafil. - deyib gözdən itdi.
Baxıb gördü bələkdəki bığlı, çalsaç kişidi. Kişinin nəfəsindən acı tənbəki iyi gəlirdi.
...Başını dəliyə salıb sonu, dibi görünməyən qaranlığa baxdı…
...Dəlikdən nəmiş və kif iyi gəlirdi... bir də ha tərəfindənsə qəribə səslər eşidilirdi... Elə bil hardasa lap dərinlikdə kimisə çimdirirdilər, başına vedrə ilə su tökürdülər...
...Əvvəl başını, sonra bütün bədənini dəliyə saldı, sürünüb üz-gözünü divarın cod səthinə sürtə-sürtə, bələklərin ondan əvvəl qazıb açdığı havasız yollarla bir xeyli süründü...
...Yol çox uzun idi, süründükcə qurtarmırdı. Bir qədərdən sonra divar qurtarırdı, yumşaq nəm torpaq başlayırdı…
Torpaq azca isti idi. Elə bil kimsə indicə yatıb-durmuşdu. Torpağın içi elə sakit idi, süründükcə, az qalırdı öz xışıltısından qulaqları bata.
Torpağı iyləyə-iyləyə səs gələn tərəfə getdi...
...Atasını torpağın ən ilıq yerində basdırmışdılar…. Sürünüb atasının üzü ilə gəzdi, yanağına, ordan çənəsinə keçdi.
Atasının üzü azca dəyişmişdi, gözləri, burun dəlikləri torpaqla dolu idi... Burnu nazilib uzanmış, qaşları yuxarı dartılmış, bığları məftil kimi qabarıb dən-dən durmuşdu.
...Əlini bələkdən çıxarıb çeçələ barmağı ilə bığın bir telinə toxundu...
Tel sim kimi gərilib titrədi, cingildəyib torpağın qumunu oynatdı.
Barmağını atasının bığları boyu gəzdirdi… və torpağın içi ilə nə vaxtsa, lap çoxdan eşitdiyi tanış, kədərli musiqi gəzdi…
Musiqinin səsinə ətrafda nə qurd-quş vardısa sürünüb, yeriyib gəldilər, dövrə vurub muncuq gözlərini üzünə zillədilər.
...Bələkdən o biri əlini də çıxarıb atasının bığlarında ikiəlli çaldı... Çaldıqca, sarımtıl ilbizlərin, qəhvəyi böcəklərin gözləri böyüdü… Baxıb gördü böcəklərin ən xırdası kiçik qızıdı, yanlara uzanan nazik bığlarını tərpədə-tərpədə nöqtə başı ilə ona baxır...
Atasının bığları quru idi deyə, çaldıqca, kökündən qırılıb yerə töküldülər.
Musiqi kəsildisə də, ilbizlər yerlərindən tərpənmədilər, gözləri böyüyə-böyüyə üzünə zillənib qaldılar…
Torpağa balaca oxlar kimi sancılan bığları yığıb gətirdi, nə qədər çalışdı əvvəlki yerinə taxa bilmədi. Odu ki, onları bir kənara qoydu, utana-utana sürünüb atasının cibinə girdi.
Cibin içi kif bağlamışdı… yuxarı küncündə anası oturmuşdu… bardaş qurub başını aşağı salıb nə iləsə məşğul idi…
Sürünə-sürünə anasının yanına getdi. Anası iynə-sapla cibin yırtıq küncünü tikirdi… Onu görüb:
- Odu ki, pul üzünə həsrətik. - dedi. - Bu boyda yırtıqnan cibdə pul qalar?!.
...Başını yırtığa salıb çölə baxdı.
Yırtığın o biri üzü gözqamaşdıran işıqla, adamla dolu idi. Adamlar əsəbi üzlərlə işıqlı vestibüldə gəzişə-gəzişə lift gözləyirdilər. Adamların arasından tanış üz ona əl eləyib yanına çağırırdı.
...Ayağa qalxıb yeridi, gəlib liftin qabağında dayandı.
Liftin qapısı açılıb-bağlandı və o tanımadığı əsəbi adamlarla, dörd divarı güzgülü, havasız liftin içində qaldı, üzü divara dirənə-dirənə, nəfəsi kəsilə-kəsilə uzun müddət harasa yuxarı qalxdı...
Darısqallıqdan və havasızlıqdan liftin güzgüləri buğ tutub bulandı. Bir qədər sonra liftin buğu adamların üzünü də tutdu və o üzsüz adamlarla bir xeyli beləcə boğula-boğula harasa yuxarıya qalxdı…
Liftin qapıları axır ki, açıldı və o hamıyla bir güzgülü döşəməli geniş zala çıxdılar.
Zal təmtəraqlı geyimli adamlarla dolu idi. Qadınlar başlarından fəvvarə vuran lələkvari sancaqlarla, kişilər əyinlərindəki zərli pencəklərlə zalın gur işığı altında bərq vurub işım-işım işaldayırdılar...
Burdan adamların üzləri də geimləri kimi bərq vururdu.
Onu görüb əl çaldılar, əllərindəki gülləri:
- Afərin!.. Afərin!.. - deyə-deyə ona atdılar.
Gülləri havadaca tutub ehtiramla baş əydi, sonra qabağındakı mikrofonu tıqqıldadıb bir addım geriyə çəkildi, uzun, qara zurnasını ağzına tutub ovurdları şişə-şişə çalmağa başladı…
Çaldıqca, ovurdları ilə bir qulaqları, sonra bütün bədəni üfürlənib şişdi, ayaqları yerdən ayrılıb onu havaya qaldırırdı… və o, zurna çala-çala, hələ də həyəcanlı üzlərlə ona "Afərin!.." deyib çığırışan adamların başları üstündən uçub ha yanasa getdi…
...Zurnanı getdikcə daha təsirli çala-çala bir xeyli də şəhərin üstü ilə uçdu…
Zurnanın səsi yuxudan oyananlar pəncərələrdən, eyvanlardan yuxarı boylana-boylana içlərini çəkdilər:
- Bu uşağın tumanı hanı? - dedilər.
Sonra kim idisə tanıya bilmədi, ətəyindən dartıb onu səhnədən yerə düşürtdü, qara zurnanı əlindən dartıb aldı:
- Ayıbdır... - dedi. - heç olmasa qəmli hava çal.
...Baxıb gördü yenə atasını gətirirlər. Atasını indi elə bil bayaq gətirdikləri səmtin əksinə aparırdılar.
…İrəlidə gülləri yoluq əklillər, ardınca qara geyimli adamlar, lap axırda atasının qara cənazəsi gəlirdi... Cənazəni aparmaqdan yorulub əyri-üyrü çarxlı arabanın üstünə qoymuşdular, getdikcə arxalarıyca sürüyürdülər… Sürüdükcə atasının üzü dəyişirdi… burnu bığlarının üstünə asılır, qulaqları boynuna enirdi…
…Zurnanın düymlərini basıb ovurdlarını şişirdə-şişirdə qəmli hava çaldı… Çaldıqca, gözündən axan yaş boyun boğazını islatdı, ağlamaqdan gözləri çəpləşdi...
...Atasının cənazəsini babası sürüyürdü. Tabutun iplərini iki tərəfdən çiyninə aşırıb uzun boynuyla irəliyə dartına-dartına, nəfəsi kəsilə-kəsilə addımlayırdı... Arada bir qoltuğundakı uzun dürməkdən dişləyib qəhərli səsiylə:
- Yazıq balam... - deyib hıçqırırdı…
...Babasının ardınca nə qədər qaçdısa da, çata bilmədi. Babasının uzun boyu qara izdihamın içində bir müddət də görünüb yox oldu.
Zurnanı bir kənara atıb ürəyi az qala ağzına gələ-gələ:
- Ana-a-a!.. - deyib hönkürdü.
- Can ana!..
...Anası kökəlmişdi... qarnı yırğalana-yırğalana gəlib başının üstə dayanmışdı, əyilib üzünə baxırdı… Bir müdət beləcə baxıb-baxıb, əl-ayağını yığışdırıb onu qucağına aldı, döşünü ağzına basıb yelləyə-yelləyə:
- A-a-a-a... - deyə yatırtmağa çalışdı.
Anasının döşünün giləsi düymə kimi hamar və bərk idi deyə, heç cür ağzına girmirdi...
Anası onu əvvəl yavaş-yavaş, get-gedə sürətlə yellədi… sonra sürəti artırıb özü də yanaşı uzandı… və bir müddət beləcə, anasıyla birgə yelləndilər...
...Yelləncəyin sürəti get-gedə artırdı...
Yellənə-yellənə, yanında uzanan anasına baxdı.
...Anası yellənə-yellənə yatırdı... Yarıaçıq ağzından yuxudan keyiyib ağaran, yelləndikcə, xırda-xırda titrəyən dili görünürdü...
Yelləncəyin sürəti artdıqca, anasının xorultusu bərkiyirdi... Anası bir qədər belə xoruldadıqdan sonra pələng kimi nərildəməyə başladı...
Nəriltidən bədəni titrədi, başını anasının qoltuğuna soxub ürəyi əsə-əsə gözlədi...
Anasının qoltuğunun içi yumşaq və isti idi… lap dərinliyində aramla bapbalaca girdə saat çıqqıldayırdı…
Anası nərildədikcə, saatın çıqqıltıları sürətlənirdi, onunsa başının tükləri qabarırdı…
günəşin üzü boz ləkələrlə tutulurdu… yelləncəyin yoğun kəndirləri cırıldaya-cırıldaya üzülürdü...
Sonra nə oldusa, anası birdən-birə elə bir nərə çəkdi ki, yelləncək kökündən qopub harasa geriyə uçdu…
...Beləcə, başı anasının qoltuğunda, balaca saatın çıqqıltılarına qulaq asa-asa uzun müddət geriyə uçdular, sonra harasa dəyib gurultu ilə yerə düşdülər.
...Ayağa qalxıb axsaya-axsaya əvvəli-axırı bilinməyən dümdüz divarın dibi ilə gəzib anasını axtardı…
Anasının xorultusu hardansa, divarın o biri üzündən gəlirdi...
...Divarın qurtaracağındakı kəfkirli saatın altında isə ata babası oturmuşdu… Gözündə eynək, əynində zolaqlı pijama, qaşları yuxarı dartıla-dartıla, bir qıçını əsdirə-əsdirə əsəbi üzüylə qəzet oxuyurdu. Onu görüb ayağının əsməsini saxladı, qaşlarını bir az da yuxarı dartıb:
- Bı-ı-ıy?.. - dedi və daha heç nə demədi.
Axsaya-axsaya yaxına gəlib əzilmiş dizini babasına göstərdi.
- Qıçım sınıb. - dedi.
Babası bir müddət təəccübdən irilən gözləri ilə onun üzünə baxıb elə bil daha nə isə deyəcəyini gözlədi.
Axsayıb bir addım da yaxına gəldi, əzilən qıçını göstərib:
- Bu qıçımdı. - dedi.
Babası bir müddət də onun əzik qıçına baxıb başını yellədi, buxağını əsdirib:
- Qonşun pisdi, köç qurtar, qıçın ağrıyır, kəs qurtar. - dedi.
Yerə oturub dizinin qapağını açdı. Dizinin içində çıqqaçıqla saat işləyirdi, dizinin qapağını qaldıranda dingildəyib zəng çaldı…
Babası zəngin səsinə qaşlarını bir az da yuxarı qaldırdı, boynunu irəliyə uzadıb əsəbi halda:
- Bı-ı-ıy? - dedi və əyilib nəhəng başmağını ayağından çıxartdı, başının üstə hərləyib ona tolazladı.
Başmaq başının üstündən vıyıltıyla keçib arxasında dayanan əlizənbilli yekəburun kişinin sifətinə dəydi.
Kişi dizi üstə idi deyə, babasının üstünə diz-dizi sürünə-sürünə getdi… böyründən vıyıltı ilə ötüb kreslonun qabağında dayandı, iniltili səslə anlaşılmayan dildə nə isə dedisə də, babası üz-gözünü turşudub buxağını əsdirə-əsdirə:
- Xeyr!.. - dedi.
Yekəburun kişilərdən bir neçəsi də gəldi… onlar da babasının kreslona sarı diz-dizi sürünə-sürünə getdilər… arxaları ona, üzləri babasına durub nə isə inildədilər...
Onlar inildədikcə, babası içini çəkib:
- Bı-ıy!?.. - dedi... sonra ayağa qalxıb kreslosunun yanındakı iri suçiləyəni əlinə aldı və dizi üstə dayananları, gülləri sulayan tək, suladı…
…Baxıb gördü, kişilərdən biri yarpaqladı... gözlərini qıyıb bir az da diqqətlə baxdı və anladı ki, kişi sən demə, yarpaqlamayıb, eləcə oturduğu yerdə kirpi kimi tikan çıxarıb.
Sonra nə oldusa, «kirpi-kişi» başını aramla geriyə çevirdi, kirpi üzüylə ona zilləndi, burnunun ucundakı qara, yumru xalını sıxıb maşın siqnalına bənzər qəribə səslər çıxartdı…
...Babası oturub əsnəyə-əsnəyə ona baxırdı... Sonra hardansa babasının, noxud boyda arvadı gəldi, atılıb babasının çiynində oturdu, balaca qollarını havada yelləyib civildəyə-civilədyə, hələ də dizi üstə dayananlara nə isə başa salmağa başladı…
Nənəsi sözünü bitirib babasının qolu boyu yeridi boynuna, ordan başına çıxdı, qulağına girib yox oldu.
Nənəsinin yoxa çıxmağıyla, «kirpilərin» geriyə qanrılması balaca, qara ayaqlarını xırda-xırda işlədə-işlədə üstünə yeriməsi bir oldu.
...Qabaqda yekəburun kirpi gəlirdi… bədənini yumaq kimi yığıb kürəyindəki oxlardan ona sıçrada-sıçrada irəliləyirdi...
Oxlar başının, çiyninin üstündən vıyıltıyla uçub geçdikcə, qaçırdı… biri uzun, o birisi gödək ayaqlarının üstə ördək kimi ləngə vura-vura, canını götürüb oralardan uzaqlaşırdı...
Arxadan babasının hirsli səsi eşidilirdi. Babası içini çəkib - "Bı-ıy?!".. - deyirdi və getdikcə «bıy»ı daha ucadan bağırırdı...
…Arxadakılar axır ki, gəlib çatdılar, onu yerə yıxıb çığırda-çığırda, tüklərini yolmağa başladılar...
Tükləri yolunduqca, çığırıb qaqqıldadı, sonra tüksüz, çılpaq bədəniylə, yalın yanlarını basa-basa qaçdısa da, acıqlı kirpilərin əlindən qurtula bilmədi…
Onu yerə yıxıb ayaqlarını iplə sarıdılar, qollarını geriyə qarıb dilini çıxartdılar… və o, bədəni qorxudan yığılıb açıla-açıla, iti bıçağın soyuq tiyəsinin xirtdəyinə yeridiyini hiss elədi... Bıçaq damarları boyu sürüşdükcə, noxud nənəsinin həyəcanlı civiltisini eşitdi...
- Başını üstündə qoy... - nənəsi incə səslə dedi -…elədə gözəl olur...
Nənəsi danışa-danışa deyəsən, onu bişirmək üçün ocaq qalayırdı… hardasa lap yaxınlıqda çırtaçırtla yanan çırpının iyi gəlirdi...
...Kişilərin əlindən bir təhər sivişib çıxdı, boğazından fəvvarə vuran qanı lehməsində sürüşə-sürüşə, yarıkəsik başı çiynində laxlaya-laxlaya anasının yanına qaçdı…

***

...Anası yuxudan oyanıb uzanan yerdə gərnəşirdi… onun çiyninə düşən başına baxıb əsnəyə-əsnəyə:
- Gəl, yıxıl yat... - deyirdi, - sabah tezdən durmalıyıq...
Bir müddət beləcə, bircə damarından asılı başı anasının ayaqlarında, buludlu göyə baxa-baxa xırıldadı... Sonra meh əsdi... əsib-əsib gücləndi... küləyin səsinin içi ilə hardansa, uzaqdan adda-budda bayquş səsləri eşidilməyə başladı…
İzdiham hardasa yaxında idi...
...Qışqırmaq istədisə də, səsi çıxmadı… səsin əvəzinə, boğazından eybəcər xırıltı çıxdı. Xırıldaya-xırıldaya:
- Getmə, Hektor, getmə qanlı meydana!.. - deyib huşunu itirdi...


* * *

…Onu da tabuta qoyub atası ilə yanaşı aparırdılar...
...Ana nənəsi belini əyə-əyə, arıq, sümüklü qollarını yellədə-yellədə hamıdan qabaqda gedirdi:
- Balam əldən gedir e...e... - deyib ağlayırdı, ya gülürdü, başa düşmək olmurdu.
...Sonra kimsə arxadan nənəsini itələyib üzü üstə yerə sərdi və izdiham ağır ayaqlarını sürüyə-sürüyə nənəsinin üstündən keçib getdi.
…Dikəlib oturdu, onunla yanaşı izdihamın üstü ilə üzən atasının nəhəng üzünə zillənib qaldı…
Atasının üzü ağır-ağır nəfəs alırdı… dərisi qalxıb-enir, alnının qırışları açılıb-yığılırdı… qırışlar qarmon səsinə bənzər cırıltılarla açılıb-yığıldıqca, yumulu gözlərinin kənarlarıyla iri damlalarla yaş axırdı…
...Dizi üstə dikəlib atasının cənazəsinə keçdi, üzünə yaxından baxdı…
Hardansa yaxınlıqdan zirzəmi qoxusunu andıran nəmiş qoxulu soyuq hava dəydi yanağına…
Hava atasının qulağından axırdı…
Başını qulağın dəliyinə salıb:
- U...u!!!. - deyə uladı.
Səsi qulağın qaranlıq dərinliklərində əks-səda verdi… sonra kimsə qulağın lap dərinliyindən səsini uzada-uzada:
- Uhu-hu-hu!.. - eləyib susdu. Yoxsa, öz səsi idi, geriyə belə qayıdırdı?!..
Bir müddət gözlərini gərə-gərə qulağın döşəmə cığırlarla harasa üzüaşağı aparan qarınlaqlarına baxa-baxa oturub qaldı...
Hardasa, qaranlığın qurtaracağından uğultu səsi eşidilirdi… elə bil külək əsirdi… əsib hansısa qapısını cırıldadırdı...
Əvvəl bir ayağını, sonra bütün bədənini qulağın içinə salıb dayandı. Gözü qaranlığa öyrəşdikcə, əyri-üyrü pillələrlə qaranlığın dibinə aparan ensiz cığırlardan biri ilə səs gələn tərəfə yollandı…
...Qulağın içi isti və yumşaq idi… elə bil döşəyin üstü ilə yeriyirdi…
Cığır bir qədərdən sonra burulub üstü sürüşkən pillələrlə harasa, yuxarı qalxırdı...
Pillələri dəqiqədə bir sürüşüb büdrəyə-büdrəyə, bir təhər çıxdı…
...Köhnə, rəngi getmiş qapıı idi, küək vurduqca cırıldaya-cırıldaya açılıb-bağlanırdı...
Qapıdan içəri keçib dayandı.
...Cavan ata babası, babasının atası və atasının cavan anası, əlləri dizlərinin üstündə yuxarı başda yanaşı oturub mərhəmət dolu gözlərlə ona baxırdılar...
Atası da burda idi… ağ-qara uşaqlıq şəklindəki həmin girdə sifəti, səliqəylə yana daranmış qəhvəyi saçlarıyla babasının qucağında oturub deyəsən, şəkil çəkdirməyə hazırlaşırdı…
Onların başı üstündən qalın çərçivədə iri şəkil asılmışdı. Şəkildə də həmin adamlar idi. Həmin geyimdə, həmin üzlərlə cərgə ilə oturmuşdular. Atası orda da həmin bu nimdaş gödəkçədəydi… onu görüb babasının qucağından yerə düşdü, yaxınına gəlib aşağıdan-yuxarı üzünə zilləndi, yerə oturub hıqqana-hıqqana altı yeyilmiş balaca çəkmələrini ayağından çıxartdı və onları bir-bir onun ayağına geyindirməyə başladi, iplərini dişi ilə çəkib bağladı, sonra iməkləyib yerinə qayıtdı, dırmaşıb yenə babasının qucağında oturdu.
Çox keçmədi ki, babaları da onu gördülər, əl eləyib yanlarına çağırdılar, aralarında oturdub şəkil çəkdirdilər…
Şəkilçəkən təzə şəkli divardan, bayaqkı şəklin altından asdı və o ürəyi sıxıla-sıxıla, baba-nənəsinin arasında özünün əvəzinə, əyriburun, qoca qarını gördü, barmağını qaryı tuşlayıb:
- Bu mənəm?.. - dedi.
Fotoqraf əsəbi üzlə:
- Yox, bəs mənəm?!.. - dedi.
Üzünü tutub qəhərdən boğula-boğula ağladı... Balaca atası babasının qucağından düşüb əlindən tutdu və bayaq gəldiyi əyri-üyrü, sürüşkən cığırlarla onu işıq gələn tərəfə apardı…
Çıxışa çatıb ayaq saxladılar. Atası balaca əlini uzadıb dörd bir yanlarını bürüyən qapqara izdihamı göstərə-göstərə, gözlərini ova-ova, südəmər körpə səsiylə ağladı…
Atasını hey ovutmağa çalışdısa da atası kirimək bilmədi...
...Əlacı kəsilib atasını qucağına aldı, izdihamın içinə atılıb adamları yara-yara harasa irəliyə qaçmağa başladı...
Qaçdıqca, hava qaraldı, axşam düşdü, küləklər əsdi, yağışlar yağdı, izdihamın son ucu, qurtaracağı görünmədi... qara geyimli adamların cod paltarları boyun-boğazını, qollarını siyirib qanatdı, yalın ayaqları ucuiti dikdabanların taptağı altında əzildi… Sonra yenə hardasa lap yaxında bayquş uladı... və o, ayaq saxlayıb tövşüyə-tövşüyə yan-yörəsinə baxdı...
...Hər tərəf qalın yarpaqlı sıx meşəlik idi... Nəhəng ağaclar külək vurduqca, çiyin-çiyinə dəyir, qara yarpaqlarını oynada-oynada yellənib bayquş kimi ulayırdılar...
...Atasını hardasa əlindən salıb itirmişdi...
...Özünü, vahimədən az qala ürəyi dayana-dayana nəhəng palıdın dibinə saldı, üzünü ağacın quru gövdəsinə sürtüb:
- Qorxuram... - deyə-deyə ağladı…
Qoca palıdın içindən səs gəlmirdi… Arada bir lap dərinliyində xırçıltıyla əzilib iki bölünən nəyinsə səsi eşidilirdi...
Başını qaldırıb yuxarı - palıdın budaqlarına baxdı…
...Palıd çoxdan qurumuşdu... Yarpaqsız budaqları məftil kimi burulub hərəsi bir yana əyilmişdi... Budaqların arasından göyün bir parçası, bir də, yarısından da azı qalan əyri ay görünürdü… Bir də göyün lap dərinliyindən saysız-hesabsız adam səsləri gəlirdi...
…Göy adamla dolu idi... Adamlar uğuldaya-uğuldaya nə isə danışır, danışa-danışa elə bil ona baxırdılar... Hamısı da acıqlı idi… deyinib uğuldaya-uğuldaya aşağı enir, üstünə yeriyirdilər…
Adamlar irəlilədikcə, göyün özü ağırlaşıb pillə-pillə aşağı enirdi…
...Palıdın quru qabığını dırnaqlarıyla kərtənkələ kimi qaşıya-qaşıya, gövdəsi boyu yuxarı dırmaşdı, özünü gövdənin yuxarı hissəsindəki oyuğa salıb nəfəsini saxladı, meşənin səsinə diqqət kəsildi...
Göyün qəzəbli uğultusu burda eşidilmirdi…
…Oyuğun içi soyuq və nəm idi, göbələk iyi gəlirdi. Sonra oyuğun içində nə isə şıqqıldadı… kimsə alışqan yandırıb girdə gözləri ilə üzünə zilləndi, sonra həmin alışqanla nəyinsə üstünə bərkidilmiş balaca, əyri şamı yandırdı…
...Cırtdana oxşayan balacaboy, çalsaç bir adam idi… bir-birinin yanından bitmiş girdə, qonur gözləri ilə ona baxırdı… dişsiz ağzının üstündə qıvrılan burnunu tez-tez çəkə-çəkə:
- Səni də gördülər?.. - deyə mıçıldadı.
Cırtdanın gözləri hədsiz doğma gəldi ona, odu ki, onunla üzbəüz oturub onun kimi astadan:
- Kim?.. - dedi.
Cırtdan kibrit çöpünə oxşar xırda barmağını harasa yuxarı tuşlayıb:
- Onlar. - dedi.
Bədəni titrəyə-titrəyə:
- Hə. - dedi.
- Bura gələ bilmirlər, - kişi dedi, - qorxma.
Sonra nə oldusa, cırtdanın donu açıldı, gözlərinin içində sevinc dolu işartılar oynadı, balaca əllərini bir-birinə vurub:
- Acsan?.. - dedi.
- Hə. - cavab verdi və başını aşağı saldı.
Cırtdan oyuğun qaranlıq küncünə çəkilib bir müddət orda səssiz-səssiz vurnuxdu və çox keçmədi ki, oyuğun içinə qəribə bişmiş iyi yayıldı, sonra odda qızaran nəyinsə çırtıltısı eşidildi və cırtdan-kişi əlində, az qala özü boyda ağır tavanı tarazlığını zorla saxlaya-saxlaya gətirib kətilin üstünə qoydu, gözləri ilə gülüb:
- Ye. - dedi.
Bişmişin qəribə dadı vardı, yedikcə ağlamağı gəlirdi...
...Cırtdan-kişi keçib onunla üzbəüz oturdu, əlini çənəsinə vurub girdə gözlərini üzünə zillədi, sonra slini uzadıb başını sığallaya-sığallaya:
- Ata-anan hardadı?.. - dedi.
Tikə boğazında qaldı, gözü doldu:
- Atam da, anam da ölüb. - dedi.
Cırtdan-kişinin də gözü doldu, qəhərdən dodaqları büzülə-büzülə:
- Qurba-a-an olum... - dedi, - ağlama, ye.
Hiss elədi, necə qaşlarının altı göz yaşıyla dolub ağırlaşır… yaş gözlərinə dolub tavanın içinə tökülür...
Balaca kişinin də gözü dolub boşaldı, ağlayıb dodağı büzülə-büzülə:
- Qurba-a-an olum... - dedi, oyuğun qaranlıq küncünə gedib ordan rəngi solub bir-birinə qarışmış həsirvari nə isə gətirdi, onun çiyninə salıb başını sığalladı, ağlamaqdan sulanıb bir az da möhkəm qıvrılmış burnunu qolunun arxasıyla silib göz vurdu:
- Yat, - dedi, - balaca qız, yat. Sabah günəş çıxacaq, güllər açacaq, çoxlu göbələk bitəcək...
Həsirin istisinə qızına-qızına, şamın yanar diliminə baxa-baxa yuxuya getdi...
Yuxuda yenə adamla dolu göy aşağı enirdi... Adamlar yenə narazı uğultularla üstünə yeriyirdilər...
...Yuxudan dik atılı...
...Səhər açılmışdı. Oyuğun içi bomboş idi. Nə cırtdan-kişidən, nə tavadan əlamət yox idi...
Başını oyuqdan çıxarıb meşəyə baxdı.
Meşə duman içindəydi... Ara-sıra quş səsləri eşidilirdi.
Çoxlu göbələk bitmişdi... Bir istədi qışqırıb cırtdan-kişini çağıra, yadına düşdü ki, adını bilmir. Odu ki, əlini ağzına qoyub səsini uzada-uzada:
- Qurba-a-an olum!.. - deyib çağırdı.
Səsi meşənin içində əks-səda verib ağacların arasıyla dolaşdı. Ağaclar yellənib yarpaqlarını tərpədə-tərpədə:
- Qurba-a-an olum... - deyə-deə meşəyə səs saldılar…
Meşənin soyuğu canına doldu… üşüyüb oyuğun küncünə sıxıldı, başını dizlərinə qoyub sakitcə ağladı.
Ağaclar bir müddət də yellənə-yellənə:
- Qurba-a-an olum... - deyə-deyə pıçıldadılar…
Sonra külək qalxdı. Hansısa uzaqlıqlardan tanış uğultu səsini qovub gətirdi...
Başını oyuqdan çıxarmadan gözünün ucuyla aşağı baxdı.
...Qara izdiham palıdın altından keçib gedirdi… quru xəzəli tapdaya-tapdaya, meşəyə xışıltı sala-sala gün batan tərəfə irəliləyirdi… külək əsdikcə, cənazədə qara kostyumda yatan atasının saçları dalğalanırdı...
Sonra izdihamın içindən kimsə onu gördü aşağıdan-yuxarı ona:
- Ayıbdı!.. Aşağı düş!.. - deyə qışqırdı.
Onun ardınca o birilər də qışqırmağa, «Ar olsun!..», Ayıb olsun!..» - deyə bağırmağa baladılar…
...Paltarı palıdın məftil budaqlarvna ilişib cırıla-cırıla aşağı düşdü.
Onu boynunun ardından itələyib izdihamın içinə saldılar:
- Allah biabır eləsin!.. - deyə itələşə-itələşə özləri ilə apardılar.
Bir müddət bayquşlar ulaya-ulaya, qara geyimli adamların arasıyla atasının cənazəsinin ardınca getdi...
…Getdikcə hava qaraldı, quşların civiltisi eşidilməz oldu… sonra tam qaranlıq və sakitlik çökdü… izdihamın ayaq səsləri də yoxa çıxdı… və qaranlığın hansı tərəfindənsə çağa səsi eşidilməy başladı…

***
Ürəyi qırıldı…
...Anası idi, ağzında əmzik, girdə gözləriylə dinməz-söyləməz ona baxırdı... dinmədiyini görüb əmziyi yerə tüpürdü və göyərə-göyərə ağlayıb özündən getdi...
Anasını qucağına alıb əmziyi ağzına basdı:
- A-a-a… - deyə-deyə yellədisə də, anası sakitləşmədi, əmziyi yenidən tüpürüb nəfəsi itə-itə vığıldadı...
Tələm-tələsik köynəyinin düymələrini açıb döşünü anasının ağzına saldı. Anasının ağzı ağlamaqdan soyumuşdu… döşünü acgöz-acgöz əmdikcə gözü qaraldı, başı hərləndi...
Sonra baxıb gördü anasının balaca dodaqlarının altından qan sızır...
Döşünü anasının ağzından çəkib çıxartmaq istədisə də, anası əl çəkmədi, balaca əlləriylə bərk-bərk döşündən yapışıb buraxmadı.
...Anasıyla bir müddət nəfəsi kəsilə-kəsilə, bir-birinin üz-gözünü cıra-cıra əlləşdilərsə də, anasına gücü çatmadı… döşü anasının ağzında, bədəninin qanı azala-azala gözü qaraldı... yuxuya getdi…

***

...Anasının zarıltısına oyandı.
Anası belini əyib arxası ona oturmuşdu, "Vay canım..." - deyib zarıyırdı.
Bədəni zəiflikdən əsə-əsə iməkləyib anasıyla üzbəüz dayandı.
Anası sarı əlləriylə üfürlənib tarıma çəkilmiş qarnını qucaqlayıb oturmuşdu.
...Əlini anasının qarnına toxundurdu. Anasının qarnı düyün-düyün daş bağlamışdı.
Dizi üstə oturub anasının qarnını ovuşdurdu, içindəki daşları əli ilə yumşaltdı. Daşlar əriyib yumşaldıqca, anası gözünü yumub:
- Oxxay... - dedi.
Sonra xalası gəldi. Kök bədənini yırğalayıb bardaş qurdu, onunla bir anasının qarnını ovuşdurdu, xəmir kimi yoğurdu… arada bir yanındakı ləyəndən un götürüb anasının qarnına səpdi, yoğurub girdə-girdə kündələr kəsdi, sonra kündələri ətəyinə yığıb ayağa qalxdı, anasının bir nöqtəyə dikilən hərəkətsiz gözlərini bağlayıb üzünə ağ çəkdi, sakit səslə:
- Öldü. - dedi.
Sonra boynuna dağılan saçlarını unlu əlləriylə səliqəylə başına bərkidib onun əlindən tutdu:
- Gedək. - dedi.
Anasını göstərib dəhşətdən keyimiş dilini ağzının içində zorla hərləyə-hərləyə:
- Bəs o?.. - dedi.
- O ölüb. - xalası bir də, bu dəfə coğrafiya müəlliməsi kimi dedi.
Əli xalasının əlində anasının çarpayısından uzaqlaşdıqca, gördü, necə anası üzünə çəkilən ağın ucunu qaldırıb onların ardınca baxır...
Xalasıgilin həyəti evləri ilə üzbəüz idi, təndir həyətin ortasında idi.
Xalası onu təndirin qırağına oturdub kündələrdən birini əlinə verdi:
- Al, oynat. - dedi, sonra özünü təndirin böyründə yerə yıxıb yaymağa başladı.
...Kündə yupyumşaq idi, əlini tərpətməyi ilə əyilib üyülürdü.
Xəmirdən balaca adamlar düzəldib təndirin yanında üzbəüz düzdü…
Xəmir adamlar üzü üstə yerə yapışıb qaldılar… Odu ki, hamısını təndirə atdı, təndirin içinə əyilib baxdı.
Xəmir adamlar alovun hisindən qarala-qarala yanıb külə dönürdülər...
Kündələrdən bir-ikisini də çırpışdırıb bir az iri adamlar düzəltdi. Üzlərini çimdikləyib hamısına ağız-burun düzəltdi, sonra başlarını əzib, qol-qıçlarını qopardıb onları da təndirə atdı, özü təndirin qırağına çıxıb atılıb düşə-düşə rəqs elədi...
...Bir azdan kündələr qurtarmışdı... təndirin qırağında bircə kündəyə oxşayan xalası qalmışdı… arxası ona oturub hələ də nə isə yayırdı deyə, onu görmürdü.
Barmaqlarının ucunda asta-asta yeriyib arxadan xalasına yaxınlaşdı.
Xalası təndirin içinə asılıb çörək yapırdı deyə, başı təndirdə, arxası yuxarıda idi.
...Çiyni ilə itləyib xalasını təndirə saldı...
Xalası təndirə başı üstə düşüb orda səssiz-səmirsiz yanıb qaraldı…
Xalasını yandırandan sonra hiss elədi ki, gözlərinə qan doldu, bəbəkləri də şıqqıldayıb böyüdü və o, bədəninə yığılıb gözlərinə dolan qanın içindən ətrafına baxdı… yandırmaq üçün yenə nə isə axtardı…
...Həyətdə bircə xalasının kündəyə oxşar gipgirdə, ağ pişiyi qalmışdı...
Pişiyin quyruğundan tutub bir-iki dəfə havada hərlədi və aparıb təndirə atdı, sonra dırnağını çeynəyə-çeynəyə yanmağına baxdı.
...Bu məqam hardansa əri gəlib çıxdı, sinəsinə zillənib gözləri böyüyə-böyüyə:
- Bəs döşlərin hanı?.. - dedi.
...Sinəsinə baxıb qızardı.
Döşlərinin əvəzinə sinəsindən büzüşmüş əlcəklər asılmışdı.
Əri nifrətlə əlcəklərə baxıb:
- Gör daha nə hoqqa çıxara bilərsən?!.. - dedi, sonra iri addımlarla həyətdən çıxdı.
Ərinin arxasınca küçəyə qaçdı.
Əri maşınların arasıla gedirdi...
Ərini çağırıb:
- Qayı-ı-ıt!!.. - deyə bağırdısa da, əri qayıtmadı...
Özünü maşınların arasına atıb ağlaya-ağlaya ərini axtardı… Ərinin əvəzinə, maşınların arasında qalıb az qala yerə yıxılan atasını tapdı…
Atası bir əli cibində, o biri əlini başının üstə yelləyə-yelləyə:
- Rəngdir bu dünyada hər şey!.. - deyə-deyə yolun düz ortasyla gedirdi…
Avtobuslar, maşınlar hərəkətlərini dayanıb ona siqnal verirdi...
Atasının belini qucaqlayıb yoldan çıxardı, bir təhər sürüyüb həyətə gətirdi, nəfəsi kəsilə-kəsilə yuxarı çıxarıb qapılarının zəngini vurdu.
...Qapını anası açdı, onları əsəbi üzüylə süzüb təzədən bağladı, üstəlik arxadan iki dəfə qıfılladı.
Qapını nə qədər döydüsə də, anası açmadı.
Çox keçmədi ki, içəridən pianinonun səsi eşidilməyə başladı...
Anası pianinoda çalıb-oxuyurdu.
Atası pianinonun səsinə ayağa qalxıb qapını təpiklədi.
Qapı axır ki, açıldı. Atası dəhlizə girib üzü üstə yerə yıxıldı, çiyinləri titrəyə-titrəyə hönkür-hönkür ağladı…
Anası gəlib əllərini belinə vurdu, bir müddət beləcə, əlləri belində dayana-dayana yuxarıdan-aşağı atasına baxdı. Sonra nə fikirləşdisə, atasını xalça kimi bürmələyib ortadan iplə bağladı, aparıb divar şkafına soxdu, açarla iki-üç dəfə açarlayıb açarı cibinə qoydu.
...Atası divar şkafından hansı heyvanın səsi iləsə böyürməyə başladı...
Anası böyürtüyə əhəmiyyət vermədi, o biri otağa keçib orda yenə pianinoda çala-çala əsəbi səslə oxudu.
Gəlib anasıyla üzbəüz dayandı, əlini uzadıb:
- Açarları ver. - dedisə də, anası ona məhəl qoymadı, əlini saxlayıb nifrət dolu gözlərlə ona zilləndi, sonra cibində gizlədiyi açarı çıxarıb ağzına atdı və deyəsən uddu.
Anasının ayaqlarından yapışıb nə qədər başıaşağı çalxaladısa da, açar düşmədi.
Açarın əvəzinə anasının ağzından çeynənib əzilmiş məktub düşdü...
Məktubu əlinə alıb oxudu.
Atasının xətti idi. Məktub bircə sözdən ibarət idi: "Sevirəm..."
...Şkafın qapısını dişi ilə açdı.
Atası bağlama kimi bağlanıb xırıldayırdı…
Bağlamanı ha üz-bu üzə çevirdisə də, düyününü tapa bilmədi.
Atası - başı qarnının üstə, ayaqları qulaqlarının altında xırıldaya-xırıldaya:
- Dəymə, - dedi, - belə yaxşıdı.
Onda bükülü atasını qoltuğuna vurub həyətə düşdü. Uşaqlar onu görüb atıla-atıla gəldilər, başına yığılıb bükülüyə tamaşa eləməyə başladılar.
Sonra kimsə:
- Gəlin "top aldı qaç" oynayaq. - dedi və cavabı gözləmədən, bağlamanı qoltuğundan sivirib top kimi çiləyə-çiləyə həyətin aşağı başına apardı. Uşaqlar da onun ardınca götürüldü…
Uşaqların dalınca ha qaçdı, çata bilmədi.
Uşaqlar bükülü atasını bir-birinə ata-ata bir xeyli qaçdılar. Ha qaçdı, atasını uşaqların əlindən ala bilmədi... özünü yerə vurub ağlamağa başladı.
Ağlamağına məhəl qoyan olmadı. Uşaqlar çığırışa-çığırışa, arada bir onun başına, burnuna çırtma vura-vura, bükülü atasını bir-birinə ata-ata qaçıb getdilər.
Uşaqlar qaçanda atasının bağlamasından nə isə yerə düşüb həyət boyu diyirləndi.
Əl atıb tutdu, ovcuu açanda ürəyi qırıldı...
…Atasının bəbəyi idi, gün dəydikcə buz qırığı kimi əriyib sulanırdı, barmaqlarının arasından yerə damcılayırdı...
...Bir müddət həyətin ortasında gün başına düyə-düyə oturub ağladı… sonra oturmaqdan yorulub üzü üstə uzandı…
Anası eyvana çıxıb yuxarıdan nə qədər çağırdısa da, başını qaldırıb baxmadı.
Anası bir müddət yuxarıdan yalvarıb onu yeməyə çağırdı, sonra çağırmaqdan yorulub içəri girdi və daha çıxmadı...
Hava get-gedə qaralırdı... Binanın pəncərələrində bir-bir işıqlar yanmağa başlayırdı...
Bircə onların pəncərələrində işıq yanmırdı…
Dizlərini qucaqlayıb meynəliyin arasında - nəm torpağın üstündə oturub qaldı… bir-bir yanan pəncərələrə baxdı... qəfildən yan-yörəsindən, kimsəsiz həyətin qaranlığında köz kimi işaran pişik gözlərindən vahimələndi… Bir istədi qalxıb evə gedə, ayağını torpaqdan çəkə bilmədi...
...Ayağı torpağın dibinə kök atmışdı… orda nəm meynə köklərinə hörülüb düyünləmişdi, dartdıqca, belini ağırdırdı...
Bir qədərdən sonra binanın bütün pəncərələrində işıq söndü… həyətin qaranlığına ay işığı düşdü… Ayın işığın oldu, ya nə oldusa, meynələr şaxələnib ilan kimi süründülər... uzanıb ətrafda nə vardısa hər şeyin boyun-boğazına sarıldılar... maşınların üstünə qalxıb, ağacların budaqlarına dolandılar, pişiklərin boğazında qıvrılıb binaya sarı dartındılar...
Bir də onu gördü ki, o da ha yanasa dartılır… dərisi, sümükləri gicişə-gicişə böyüyür… ayaqları, qolları, barmaqları uzanır..
Meynələrlə bir uzana-uzana binaya sarmandı, mərtəbə-mərtəbə qıvrılıb eyvanlarına çatdı, məhəccərlə üzüyuxarı sürünüb meynə budaqlarının arasından asıldı... üzünü pəncərələrinə söykəyib içəri baxdı.
...İçəri otağın işığı yanırdı... Evləri adamla dolu idi.
Tavandan çilçıraq əvəzinə atası asılmışdı… adamlar o yan-bu yana keçdikcə, çiyinləri ilə atasına toxunub onu yellədirdilər...
Anası otağın ortasında oturub deyəsən, düyü arıtlayırdı.
...Atası bir müddət beləcə tavandan asıla-asıla yellənə-yellənə qaldı… Atasının cansız bədəninin ağırlığına tab gətirməyən asılqan kökündən qopub əyildi… atası döşəməyə dəyib inildədi...
Anası gəlib atasını yerdən qaldırdı, stulun üstünə çıxıb onu əvvəlki yerindən asdı, asılqanın möhkəmliyini yoxlayıb aşağı düşdü, əllərini döşlüyünə silib yenə düyü arıtlamağına davam elədi.
...Atası, bir müddət əlləri cibində, tavandan asılıb yellənə-yellənə yuxarıdan aşağı anasıyla nə haqdasa əsəbi-əsəbi mübahisə elədi. Anası nə dedisə hirslənib eləcə tavandan asıla-asıla əl-qol atmağa başladı.
Onda anası qayışaoxşar nəyisə gətirib atasının ayaqlarını, qollarını, bərk-bərk bağladı, ağzına da nə isə tıxayıb təzədən yerinə qayıtdı və düyü arıtlamağına davam elədi.
Bir qədərdən sonra o biri otaqlarda gəzişən adamlar gəlib atasını asılqandan açdılar, qollarının arasında çabalayıb inildəməyinə məhəl qoymadan, aparıb tabuta qoydular, tabutu gətirib onun çiyninə qoydular və sinəsi hələ də həyəcanla qalxıb-enən atası tabutqarışıq qollarının üstü ilə soyuq sürüşkən sabun kimi üzüaşağı - həyətə sürüşdü…
...Heysiz səslə:
- Ana-a-a... - deyib ağladı.
...İçəri otaqda hələ də düyü təmizləyən anası onun pəncərəyə dirənən üzünü axır gördü, gəlib pəncərəni açdı, onu qucağına aldı, atıb tuta-tuta:
- Balam ağlamasın... - dedi, sonra o biri otağa aparıb orda yerə döşənmih xalçanın üstündə oturtdu, oyuncaqlarını qabağına töküb - Balam oynasın. - dedi və yenə düyü arıtlamağa getdi.
...Atasını aparmamışdılar... Atası burda - başının üstündə idi… tavandan asılmış vəziyyətdə ölü gözlərlə üzünə zillənmişdi...
...Əlini uzadıb atasının ayağına toxundurdu…
Atası tavanın asılqanını cırıldada-cırıldada yelləndi.
Atasının cansız üzünə baxıb ağladı.
Anası ağladığını görüb kətil gətirdi, üstünə çıxıb atasını tavandan açdı, aparıb o biri otaqdan asdı və atasının cırıltısı bir müddət də o biri otaqdan eşidildi...
...Ac idi deyə, yerdən tapdığı qəzet parçasını ağzına basıb yedi.
Sonra böyük qardaşı gəldi. Qoltuğunda çoxlu qəzet gətirdi. Qəzetləri onun qabağına töküb burnuna çırtma vurdu:
- Ye, - dedi - təzə qəzetlərdi.
Sonra gülə-gülə əri gəldi, əlinə milçəköldürən verib gülə-gülə:
- Qır milçəkləri. - dedi və getdi.
...Bir neçə gün, ya bir neçə ay gün çıxıb bata-bata, küləklər əsə-əsə, yağış damı döyəcləyə-döyəcləyə əlində milçəköldürən evi dörd dolanıb milçəkləri qırdısa da, qırıb qurtara bilmədi… Milçəklərdən sonra bütün ev vızıldadı… evdə nə qədər çəngəl-bıçaq, iynə-sap vardısa, hamısı havaya qalxıb vızhavızla uçuşdular...
Onları xəkəndazla, sonra dişini qıcıya-qıcıya baltayla qırıb tökdü.
Çəngəl-bıçaqdan sonra döşəklər qalxdı, balışlarla ötüşə-ötüşə evin ortasıyla uçub uğuldadılar... Döşəklərlə bacara bilmədi, gücü çatmadı… Odu ki, atılıb çilçırağa mindi, çilçırağı yellədib özünü uçan döşəklərdən birinin üstünə saldı, evin ortasıyla dövrə vura-vura:
- Can, ay can!.. - deyib səsi gəldikcə qışqırdı…
Sonra kimsə aşağıdan sakit səslə onu çağırdı…
Aşağı baxıb qayınanasıyla qayınatasını gördü. Evin ortasında, əllərində zənbil dayanıb aşağıdan-yuxarı ona baxırdılar, sakit səslə:
- Düş aşağı, bala... - deyirdilər.
Aşağı düşüb xəcalətdən qarala-qarala qayınatasıyla, qayınanasıyla üzbəüz oturdu. Qayınatası qırışlı üzüylə:
- Ayıbdı, bala, - dedi, - döşəkdə yatarlar.
Qayınatasıyla, qayınanasıyla uzun müddət beləcə, hava qarala-qarala, külək pəncərələri döyəcləyə-döyəcləyə dinməz-söyləməz üzbəüz oturub qaldı… Otura-otura beli büküldü, dizlərinin üstünə qoyduğu əlləri qırış bağladı, gözləri dumanlandı…
Sonra qayınatasına baxıb-baxıb qəfildən öskürdü… sinəsi xışıldaya-xışıldaya öskürüb az qala boğuldu...
Qayınatası-qayınanası da ona baxıb öskürüşdülər. Sonra üçü də bir yerdə öskürə-öskürə bir-birinə baxdılar. Sonra qayınatasıyla qayınanası köməkləşib onu stuldan qaldırdılar, öskürə-öskürə gətirib çarpayıya uzatdılar, yanında oturub ona qaşıq-qaşıq şorba içirdə-içirdə öskürdülər… Sonra şorbanı qaşıqla içirtməkdən bezib şorba dolu qazanı boğazına əndərdilər, nəfəsini kəsdilər…
Bu vaxt əri gəldi, aşağı əyilib cavan üzüylə ona yaxından baxdı, əlini uzadıb gülümsəyə-gülümsəyə gözlərini bağladı...
Musiqiçilər də gəldi, başının üstündə dayanıb zurnanı cüyüldədə-cüyüldədə qəmli hava çaldılar… Qayınanası ayağa qalxıb isti dodaqlarıyla onun soyuq alnından öpdü, barmaqlarının ucunda yastı-yastı süzdü…
Onu çarpayıqarışıq apardılar...
Musiqiçilər çarpayının ardınca gəldi, pillələri endikcə zurnanın səsi zilə qalxdı, mərtəbələrdə qapılar taybatay açıldı, qonşular ağlaşıb:
- Can bala-a-a!.. - dedilər - Anan öləydi, bu gününü görməyəydi!..
...Heysiz başını yastıqdan zorla qaldırıb yazıq-yazıq:
- Atam da, anam da ölüb... yetiməm. - dedi.
Onda mərtəbələr bir-birinə qarışıb ağlaşdı, binadan göylərə göynərtili inilti qalxdı... Ağlaşma səsipillələr boyu əks-səda verib bütün şəhərə yayıldı...
...Üstü güllərlə dolu idi… onu izdihamlı küçələrlə apardıqca, bütün şəhər ağlaşdı... uzun-uzun binaların pəncərələrindən üstünə uzun-uzun güllər atdılar...
Üstündəki gül dağı ağırlaşdığından, onu çiyinlərdə aparmağa gücləri çatmadı, yerə qoyub sürüdülər, gətirib ağ tavanlı, ağ divarlı böyük otağa saldılar, yuxarıdan-aşağı ağzıbağlı üzlərlə ona baxdılar, üzünə işıq salıb:
- Qorxma daha, hər şey geridə qaldı. - dedilər, ağ bələyin içindən qara sakit gözləriylə üzünə zillənən çağanı göstərib:
- Qızın oldu. - dedilər, uşağı yanına qoyub getdilər.
…Uşaq qaramtıl göy rəngdə idi… dərindən nəfəs dərib gözlərini qırpmadan, indi də tavana baxırdı... qəfildən üzünü ona çevirib xırıltılı, tanış səslə:
- Necəsən?.. - dedi, dikəlib elə bələkdəcə üzbəüz oturdu, əllərini bələkdən çıxarıb çənəsinə vurdu, diqqətlə üzünə baxdı:
- Görürəm, pissən. - dedi.
Sonra gözü yol çəkə-çəkə:
- Mən də pisəm. - dedi, sonra gözlərini qıyıb harasa uzaqlara baxa-baxa - Mən lap pisəm. - dedi, sonra bələyi açıb balaca əlləriylə yarıq qarnını, sinəsini göstərdi...
Bapbalaca, qıpqırmızı ürəyinin bir tərəfi qapqara idi...
Qızı bir müddət beləcə - yarıq qarnıyla oturub qaldı, sonra xırda, ucuiti barmaqlarını içalatına ilişdirib qanatdı, ürəyinin qırmızı tərəfini deşib olan-qalan qanını axıtdı, mirvari bağırsaqlarını qırıb muncuq kimi yerə səpdi… sonra barmağını qana batırıb onun alnına iki zolaq çəkdi... sonra qanlı zolağın birini də öz alnına çəkib batıq səsiylə:
- Deyəsən düz olmadı. - dedi…
Bu məqam hardansa gözləri bərələ qalan həkimlər gəldi, uşağı qanlı bələyinə büküb uyuldaya-uyuldaya ha yanasa apardılar... və çox keçmədi ki, qızının xırıltılı səsi o biri otaqlardan eşidilməyə başladı... Qızı batıq səslə:
- Pisəm... lap pisəm... - deyib ağlayırdı...
Uşağın səsindən oldu, ya nə oldusa, gözləri qaraldı… elə bil ürəyi getdi… Yoxsa, öldü?..

***

Axır nə oldusa, bir müddət qaranlıq, havasız torun içində çabalaya-çabalaya qaldı…
...Sonra başını qaldırıb yuxarı baxdı.
Nəhəng alma ağacı idi... Ağacın alma dolu budaqları külək vurduqca, əsib yırğalanırdı… yırğalandıqca, almalarını yerə atırdı...
Ağacın ən uca budağında atası dayanmışdı… budaqları silkələyə-silkələyə, ona gülümsəyirdi... əlini yelləyib:
- Bura gəl!.. - deyirdi...
Ağacın gövdəsini, pilləkəni çıxan kimi, birnəfəsə dırmaşdı…
Atası tələbəlik şəkillərində geydiyi həmin dama-dama köynəyindəydi… Başı ülgüclə qırxılmışdı, boynu niyəsə nazilmişdi...
Atası almanın birini çəhrayı ovuclarında sıxa-sıxa iki yerə böldü, yarısını ona uzadıb:
- Al, ye. - dedi.
Almadan dişləyib yedikcə, gözləri doldu… atası ağlamağını görməsin deyə, üzünü yana çevirdi.
...Alma tikəsi atasının boğazında qaldı, gözləri çuxura düşdü, dərdli-dərdli içini çəkib…
- Pissən. - dedi. - Görürəm, sən də pissən...
Bu məqam atasını çağırdılar… hardansa yuxarılardan:
- Bu sizin vəəzifə borcunuzdur!.. - deyən qəzəbli səs eşidildi və atası onunla xudahafizləşmədən, ağacın bir ucu buludların arasında itən gövdəsiylə üzüyuxarı dırmaşdı...
- Ata!.. - deyib qışqırdısa da, atası onu eşitmədi, bir qədərdən sonra buludların ağlığında gözdən itdi və hardansa, lap yuxarılardan atasının həyəcanlı səsi eşidildi:
- Həmişə belədi… pisdi, ya yaxşıdı, bunu heç vaxt bilmək olmur…
Əlindəki yarımçıq almanı yerə atıb ti budaqlar qollarını, dizlərini cıza-cıza yuxarı dırmaşdı… Ağacın gövdəsinə sarılıb ha yuxarı baxdısa da, atasını görmədi…
Atası buludların o üzündə idi, orda kimlərləsə o üz bu üzə gəzişirdi deyə, uzun ayaqlarının kölgəsi ağacın üstünə düşürdü…
Yerə yıxılmasın deyə, gövdəyə bərk-bərk sarılıb aşağı baxdı.
Külək qalxırdı... Burdan baxanda, həyətləri görünmürdü...
Üzünü buludlara tutub səsi gəldikcə:
- Ata!.. - deyib qışqırdısa da, külək səsini qovub uzaqlara apardı, sonra ağacı gövdəsiqarışıq yırğalayıb vahiməli-vahiməli cırıldatdı... Sonra bir də, bu dəfə lap bərk əsdi və onu gövdədən qoparıb aşağı saldısa da, yerə dəymədi... paltarının kürəkliyi hansı budağasa ilişib onu havadan asılı saxladı…
Başı hərlənməsin deyə, gözlərini yumdu…
Çığırtısına anası gəldi, dizlərini çırpıb:
- Belə də müsibət olar, ay camaat?!.. Bu uşağın günahı nəydi axı?!.. - deyib ağladısa da, səsinə səs verən olmadı… Anası ağlayıb-ağlayıb axırda həlim səslə ona:
- Düş aşağı, qızım, yıxılarsan. - dedi. - Sən ki, ağıllısan?!.. Düş aşağı.
Əri də gəldi. Əri üççarxlı velosipeddə, yerə səpilən almaları yara-yara gəldi… Gəlib anasıyla yanaşı dayandı, əllərini belinə vurub aşağıdan yuxarı:
- Bu nə hərəkətdi, eləyirsən?!.. - dedi. - Özünü gicliyə vurmusan, nədi?..
Budaqdan asıla-asıla çiyinlərini çəkib:
- Gicliyə niyə?.. - dedi.
- Düş aşağı, dedilər sənə!.. - əri çığırdı.
Ha o yan-bu yana vurnuxub qurcalandısa da, özünü budaqdan qopara bilmədi...
Əl atıb paltarını budağa ilişən yerdən çıxarmaq istədi… baxıb gördü, paltarının budağa ilişən hissəsi yarpaqlayıb...
Odu ki, əllərini arxasında çarpazlayıb başını aşağı saldı...
Əri şalvarının balaqlarını çırmalayıb onun ardınca ağaca darmaşdı… ağacın gövdəsinə sarılıb ha yuxarı dartındısa da, gövdənin quru qabığını ovub tökməkdən savayı əlindən bir iş gəlmədi… odu ki, yerə düşüb aşağıdan-yuxarı pərt səslə:
- Adam ol!.. - dedi.
Anası da ərinə qoşulub ağlamsına-ağlamsına:
- Düz deyir bala, adam ol. Sən Allah, adam ol. - dedi.
Sonra hər ikisi bir-birinə qoşulub biri o birinin sözünü kəsə-kəsə:
- Adam ol… adam ol… adam ol… - deyib ağladılarsa da, o paltarını budaqdan qopara bilmədi…
Əri mişar gətirib ağacı mişarlamağa başladı.
Mişarın xırda, paslı dişləri ağacın gövdəsinə yeridikcə qolları ağrıdı, ayaqları tutuldu... budaqdan qopub yerə - yaşıl almaların arasına düşdü, dığırlanıb durdu.
Əri mişarı bir kənara atıb yaxına gəldi, anasıyla bir aşağı əyilib boyunlarını uzada-uzada, gözlərini qıya-qıya onu almaların arasında bir xeyli axtardılar...
Əri əvvəl ona, sonra yanındakı almalara baxıb:
- İndi nə bilək bu hansıdı?.. - dedi.
Anası çiyinlərini çəkdi, gözünü qıyıb onu ayrı almaların içində axtarırdı...
Əri lap üstündə dayanmışdı, ağlamaqdan qızarıb qan çəkmiş gözlərini tez-tez qırpa-qırpa:
- İnsansan, adamsan, bizi niyə bu qədər incidib əldən salırsan?.. - deyirdi.
Anası dizi üstə düşüb almaları bir-bir əlinə götürürdü, sığallayıb sinəsinə basa-basa məlahətli səsiylə:
- Düz deyir bala, yorma bizi, adam ol... - deyirdi.
…Nəfəsini içinə qısıb burnunu yerə söykəyib hərəkətsiz qaldı.
Əri dikəlib əsəbi-əsəbi:
- Dəliylə bir quyuya düşmədik?.. - dedi və iri addımlarla velosipedinə minib siqnal verə-verə, almaları dığırladıb bir-birinə vura-vura çıxıb getdi.
Anası çöməlib iki addım aralıda oturdu, gözü almalarda yazıq-yazıq:
- Bala, heç olmasa anana yazığın gəlsin... - dedi.
Anası bir müddət beləcə oturub qaldı, sonra almalardan qucağına yığıb ayağa qalxdı, birinin tozunu üstünə silib dişlədi və yeyə-yeyə uzaqlaşdı...
...Bir müddət beləcə, bir yığın almanın arasında, külək başındakı cüt yarpağı yellədib əsdirə-əsdirə dayanıb qaldı...
Sonra hardansa bağça uşaqları qaçıb gəldi… almaları ciblərinə, qucaqlarına yığdılar, hərəsindən bir-iki dişdəm qopardıb qartopu kimi bir-birinə atdılar...
Onu yerdən girdəbaş oğlan götürdü… balaca, yumşaq ovcunda o üz-bu üzə çevirib şabalıdı gözlərini döydü, burnuna tutub iylədi, yanağına sürtüb üzünü sığalladı... cibinə qoyub özü ilə bağçaya apardı...
Orda onu nahardan sonra da dişləmədi, eləcə ovcunun içində o üz-bu üzünə çevirə-çevirə baxdı, iylədi, yanağına sürtdü...
Günorta uşaqlar soyunub yataqlarına girdilər, özləri ilə gətirdib gəldikləri almaları yorğanın altında xırçaxırçla yedilər.
Girdəbaş oğlan isə yatağına uzanıb onu balışının yanına qoydu, barmağını alnında, burnunda gəzdirib heyran gözləriylə düz gözünün içinə baxdı… eləcə baxa-baxa xumarlanıb yuxuya getdi...
Otağın sakitliyindən, onu da yuxu apardı...
...Yuxuda yenə ağacdaydı... budaqdan asılmışdı... ağacı mişarlayırdılar, gövdəsindən tutub bərk-bərk silkələyirdilər...
...Gözünü açanda, Zərqələm müəllimənin təndir çörəyinə bənzər uzunsov sifətinə tuş gəldi… Zərqələm müəllimə onu çiynindən silkələyirdi.
- Ölmüsən?..
...Qalxıb oturdu.
Uşaqlar çoxdan oyanmışdılar, paltarlarını geyinib daranmışdılar, indi barmaqlarını ona uzadıb:
- Ölü!.. Ölü!.. - deyə-deyə hırıldaşırdılar.
Girdəbaş oğlan da uşaqların arasındaydı, barmağı ağzında, təəccübdən irilmiş gözlərlə ona baxırdı...
...Dama-dama şal paltarını dəmir çarpayının başından çıxarıb geyindii, yaxasını düymələyə-düymələ:
- Ölü özünüzsüz. - dedi, sonra döşəyin altında gizlədiyi corablarını da çıxarıb geyindi.
Zərqələm müəllimə onun geyinib qurtarmağını \özləmədi, kətilin üstünə çıxıb əl çala-çala uşaqlara:
- Sıraya düzülün!.. - dedi, sonra əllərini belinə vurub - İdmana başladıq!.. - deyib kətilin üstündə tullanmağa başladı. - Bir-iki! Bir-iki!..
Müəllimə tullandıqca, qarnı atılıb-düşürdü, döşləri ağır toplar kimi bir-birinə dəyib çalxalanırdı, balaca, taxta kətil kök ayaqları altında laxlayıb elə cırıldayırdı, elə bil bu dəqiqə ortadan iki bölünəcəkdi...
Uşaqlar da əllərini belinə vurub Zərqələm müəllimə kimi yerlərində atılmağa başladılar... Zərqələm müəllimə isə daha hündürə tullanmağa başladı… saçları tullanmaqdan pırpızlaşıb bir baş yuxarı qalxdı, gözlərinin qarası irildi və başı az qala tavana dəyə-dəyə hoppanıb:
- Yuxarı, bir az da yuxarı!.. - deyib dəli kimi gülməyə başladı…
Uşaqlar da Zərqələm müəlliməyə baxıb get-gedə daha hündürə tullana-tullana dəli kimi güldülər...
Bircə girdəbaş oğlan hündürə hoppana bilmirdi, əllərini belinə vurub, aradabir çiynindən sürüşüb düşən aşırmasını yerinə qaytara-qaytara sərçə kimi atılıb düşürdü…
Zərqələm müəllimənin gözü girdəbaş oğlana sataşdı, qaşları çatıldı, üzü əyilə-əyilə ayağa qalxıb nəhəng addımlarla uşağın üstünə yeridi:
- Bu nə hərəkətdi?.. - deyib qulağından yapışdı.
Girdə oğlan gözü müəllimədə, var gücü ilə ha yuxarı atıldısa da, əvvəlkindən hündürə tullana bilmədi.
Onda Zərqələm müəllimə dişini qıcıyıb uşağın qulağını, açarı buran kimi, üç dəfə burub yerindən qopartdı, hamının gözü qarhısında aparıb küncdəki dördkünc zibil qutusuna tulladı.
Oğlan küçük kimi zingildəyib susdu, dizi üstə düşüb qulağının qanı döşəməyə damcılaya-damcılaya, iməkləyə-iməkləyə çarpayının altına girdi, dizlərini qucaqlayıb qulağının qanını silə-silə ağladı...
...Atılıb Zərqələm müəllimənin xirtdəyindən yapışdı, dişlərini qulağına keçirib gücü gəldikcə sıxdı…
Zərqələm müəllimə ha çığırıb, vurnuxub onu qulağından qopartmaq istədisə də, dişlərini qulağının ətindən çıxara bilmədi...
...Onu Zərqələm müəllimənin qulağından kəlbətinlə çəkib çıxartdılar. Sonra da həmin kəlbətinlə müəllimənin qulağını ehmalca onun ağzından çəkib çıxartdılar.
Sonra kim idisə tanımadı, gülümsər üzüylə ona yaxınlaşıb əlindən tutdu, ayağa qaldırıb başını sığallaya-sığallaya dəhlizə çıxartdı, əlinə narıncı-yaşıl kağızlı konfet verib çöl qapısını açdı və həmin gülümsər üzüylə onu həyətə ötürdü.
Əlində konfet həyətə çıxıb dayandı...
Bağça qapıları, o həyətə çıxan kimi arxadan bağlandı, üç-dörd dəfə açarlanıb, deyəsən, o üzdən qıfıl da asıldı, xırda gözlüklü pəncərələri adam üzləri ilə doldu…
Müəllimlər, uşaqlar rəngləri avazıya-avazıya pəncərə şüşələrinin arxasından ona zilləndilər...
Girdəbaş oğlan da uşaqların arasındaydı, ona baxa-baxa səssiz-səssiz ağlayırdı...
...Qapını əvvəl yumruqladı ki, açsınlar, sonra təpiklə döyəclədi.
Qapını açmadılar.
Onda pəncərənin məhəccərinə dırmaşıb üzünü şüşəyə dirəyib içəri baxdı.
Pəncərənin o üzündəkilər hürküb geriyə çəkildilər.
Qapı açılmayacaqdı…
Yerə düşüb ayaqlarını hikkəylə yerə vura-vura bağçanın ucu-bucağı görünməyən nəhəng həyəti ilə tək-tənha getdi...
...Getdikcə, həyət qurtarmırdı... Bağçanın balaca binası arxada qalsa da, onu qarabaqara izləyənlərin üzləri şüşənin arxasından çəkilmirdi...
...Yeridikcə hava qaralırdı, yenə axşam düşürdü… Hava qaraldıqca ucu-sonu görünməyən həyət heyvanabənzər ağaclarla dolurdu…
Ağaclardan bəzisi itə, o birisi filə oxşayırdı... Çoxlu dəvə ağaclar da vardı, boyunlarını uzadıb zəncirvari ardıcıllıqla yırğalana-yırğalana yan-yörəsində dalğalanırdılar...
...Arxada nə isə xırçıldadı… Elə bil kimsə ayağını quru budağın üstünə qoydu...
Geriyə çönmədən götürüldü… nəfəsi qarala-qarala qaçdı... Qaçdıqca ağacların quru budaqları üzüny, çiyinlərini sivirib cızıq-cızıq elədi.
Sonra elə qaçdığı yerdə ağaclardan ən uzununun budağı qoluna sarılıb onu yerində laxlatdı...
Başını qaldırıb gördü babasıdı…
Babası qolundan yapışıb buxağını yellədə-yellədə:
- Xeyr!.. - deyirdi.
...Babası tək deyildi. Uzun sifətli, qara geyimli adamların arasındaydı… Adamlar atasının boş cənazəsini nəyinsə üstünə qoyub arxalarıyca sürüyürdülər.
Dodağı büzülə-büzülə:
- Atam hanı?.. - dedi.
Babası əyilib ona gözünü ağartdı, barmağını sol bəbəyinə tuşlayıb:
- Gözümün içində!.. - dedi.
Barmaqlarının ucuna qalxıb babasının sol bəbəyinə baxdı və bəbəyin dərinliyində qəhvəyi gödəkçəsində oturub qəmli-qəmli ona zillənən balaca atasını gördü…
...İzdiham dayandı.
...Atasının boş cənazəsini yolun ortasına qoydular. Qara geyimli adamlar cənazənin ətrafında dövrə vurub ona yol açdılar, hüznlə üzünə zillənib qaldılar.
O, cənazəylə üzbəüzdə qoyulan hündür stulun üstünə çıxıb əllərini arxasında çarpazladı…
Gur işıqlı projektorları yandırdılar.
Projektorların işığından üzü yığıla-yığıla, dili ağzında böyüyə-böyüyə:
- Afrika Yer kürəsinin ekvatorunda yerləşir... - dedi və dediyi sözdən pörtüb qaraldı.
Atası haqqında deyəcəyi bütün sözlər yadından çıxmışdı... Yadında qalan bircə şey vardısa, o da mavi xəritənin aşağı hissəsində payız armudu kimi saralan Afrikaydı...
- Afrikada ucsuz-bucaqsız savannalar, Cunqli meşəsi var...
O, danışdıqca camaat əl çaldı, sonra atasının qara çərçivədə böyüdülən şəklini qucağına verib:
- Danış. - dedilər.
Şəkli əlinə alıb, o biri əlindəki göstəricini atasının burnuna qoyub:
- Bu, atamın burnudu. - dedi.
Hamı əl çaldı.
- Bu qulaqlarıdı…
Sonra onu əlində atasının şəkli yerə düşürüb cənazənin qabağınca apardılar və o, adamla dolu küçələrlə gedə-gedə:
- Bu, atamın gözüdü... Bu, bığlarıdı... - dedi.
O danışdıqca, hamı içini çəkib bir ağızdan:
- Can-can... - dedilər, sonra şəkli ondan alıb bir-birinə göstərə-göstərə:
- Bu, burnudu... bu qulaqlarıdı... - deyə-deyə, əlbəəl bir-birinə ötürdülər.
Şəkil əldən-ələ gəzməkdən əzilib-üyüldü, atasının üzü çirklənib qaraldı, burnu əyildi...
Şəkli adamların əlindən alıb evə qaçdı.
Anası telefonla kiməsə:
- Evlə yoxdu. Ölüb... - dedi və dəstəyi asdı.
Hamama keçib orda şəkli iri ləyəndə, sabunlu suda yuyub çəngələdi, sıxıb zivəyə sərdi. Ütünü tələm-tələsik qızdırıb şəkli ehtiyatla ütülədi, sonra aparıb divardan asdı.
Atası, şəkil yuyulandan sonra əlini çənəsinə vurmuşdu… Qara kostyumunun altından görünən qolçağı yuyulub-ütülənəndən sonra ağappaq ağarmışldı...
Kətili qoyub üstünə qalxdı, atasının ağappaq qolçağını iylədi.
Qolçaqdan qar iyi gəlirdi...
Sonra öz şəklini də gətirib atasının şəklinin yanından asdı. Sonra babasının, nənəsinin, xalasının, bibilərinin, dayılarının, ulu baba-nənələrinin də şəkillərini tapıb yan-yana, alt-üst asıb bütün divarları şəkillə doldurdu. Qalanlarını döşəməyə düzə-düzə dəhlizə çıxdı, çöl qapısını açıb şəkilləri pillələrə düzə-düzə, divarlara vura-vura aşağı düşdü, həyətin ortasınacan gedib çıxdı...
Anası pəncərədən boylanıb əsəbi-əsəbi:
- Bu nə gündü evi qoydun?! Gəl, necə töküşdürmüsən, elə də yığışdır!.. - deyə üstünə qışqırdı.
Şəkillərdən yerə sərə bilmədikləri çantasında bir ayağı üstə atıla-atıla məktəbə qaçdı.
Sinfə girib onları yazı taxtasından asdı, göstəricini əlinə alıb müəllim təbiri ilə danışmağa başladı.
- Bu, mənim nənəmdi... bu, nənəmin bacısıdı... bu, onun bibisi oğludu... bu, bibisi oğlunun qızıdıı...
O danışdıqca, botanika müəllimi Zəhra əllərini arxasında çarpazlayıb partaların arasıyla gəzişə-gəzişə, acıqlı gözlərlə:
- Bibisi uşağı yox, bibisinin nəvəsi!.. - dedi.
- Bu mənim babamdı... bu, babamın atasıdı... bu, babamın babasıdı, bu da onun o biri oğludu...
Sonra nə oldusa, Zəhra müəllimə getdiyi yerdə qəfildən geriyə qanrıldı, cibindən çıxardığı kal armudu yuxarı qaldırıb qaşlarını əsəbi-əsəbi oynada-oynada:
- Uşaqlar kim deyər, bəs bu kimdi? - dedi.
Uşaqlar barmaqlarını ona tuşlayıb bir ağızdan:
- Bu, odu!.. - dedilər.
- Düzdü! - Zəhra müəllimə deyib armudu taqqıltıyla stolun üstünə qoydu. - Odu ki, neynəmək lazımdır?..
Uşaqlar bir ağızdan:
- Günə qoyub yetişdirmək!
- Düzdü!.. - Zəhra müəllimə deyib məmnun halda yerinə əyləşdi, nəhəng döşlərini növbə ilə qaldırıb stolun üstünə yan-yana qoydu, sonra əllərini döşlərinin üstünə qoydu, sonra döşlərinin üstünə fincan-nəlbəki qoyub çay süzdü, buğlana-buğlana içə-içə:
- Di aparın. - dedi.
Uşaqlar üstünə cumub əl-qolunu burdular, onu qucaqlarına alıb qışqırışa-qışqırışa məktəbin dəhlizləri boyu qaçdılar. Gətirib quru meyvələrlə, cücülərlə dolu botanika kabinetinə - pəncərənin qabağında günün altına qoyub getdilər və o, uzun müddət gün başına dəyə-dəyə, şişib sulana-sulana pəncərənin qabağında qaldı...
...Sonra hava qaraldı, dəhlizdən uşaqların səs-küyü kəsildi və o, çənəsi qarnına dirənə-dirənə əsnəyib böyrü üstə uzandı.
...Qaranlıq düşdükcə, pəncərənin şüşələri əsib cingildədi... Sonra külək şəffaf üzü ilə, dağınıq saçlarıyla pəncərəyə dirənib bir müddət bozumtul gözlərlə ona baxdı, sonra gözü onda, saçları yerə-göyə çırpıla-çırpıla ulayıb ağladı.
Ya yağış yağdı?!.. Pəncərəni döyə-döyə yağıb yuxusunu qaçırtdı və o, başını qaldırıb pəncərənin o üzündən çox-çox uzaqda, şəhərin dağüstü məhəllələrində, minlərlə köhnə qəbirlərin arasında qaralan təzə, qara qəbirdən sızan tanış səsi eşitdi...
...Anası idi, zəif xəstə səsiylə həzin-həzin oxuyurdu... Arada səsi tükənirdi, kəsilirdi, sonra yenə qırıq-qırıq eşidilirdi...
Bir qədərdən sonra anası oxumağını kəsdi… havasızlıqdan boğula-boğula vurnuxmağa, qəbrin divarlarını dırnaqlarıyla qaşıyıb tökməyə, ağır bədəniylə çırpınıb yeri-göyü titrətməyə başladı...
Pəncərədən düşüb əvvəl sürünə-sürünə, sonra iməkləyə-iməkləyə anasının yanına getdi...

***

...Ayaqları bir-birinə dolaşa-dolaşa, yağış keçəl başını döyə-döyə uzun-uzadı yol getdi... Fəvvarələr dolu xiyabanların yanından ötüb üzüyuxarı dırmaşdı…
...Anasının səsi getdikcə, aydın eşidilməyə başlayırdı...
Anası daha oxumurdu, nəfəsi təngiyə-təngiyə, dırnaqlarıyla qəbrini sökürdü…
...Qəbristanlığa çatıb ayaq saxladı.
Anasının, başdaşıya həkk olunmuş üzünü yağış yuyub aparmışdı… Odu ki, başdaşıdan ona üzsüz qadın baxırdı…
- Pisəm!.. - anası hardansa aşağıdan, torpağın dərinliyindən xırıldadı. - Lap pisə-ə-əm...
Qəbri yan tərəfdən eşməyə başladı… Bel yox idi deyə, torpağı əli ilə qazdı… sonra dizi üstə düşüb iki əli və ayaqlarıyla qazdı…
Qazdıqca torpağın içindən anasının əşyaları çıxmağa başladı…
Əvvəl bir şüşəsi çatlaq eynəyi çıxdı… onun ardınca, belinə sarıdığı dama-dama yun şalı… sırğasının bir tayı, sonra ət maşını, bir neçə düymə, anasının güllü qulaqbalışı, çəkmə tayları, yun corab, iki kəfkir və qol saatı çıxdı və daha heç nə çıxmadı...
Qəbri adam boyunda qazıb içinə girdi, bir əlində kəfkir, yağış başına döyə-döyə oturub qaldı…
...Anasının səsi hardansa lap dərindən, elə bir Yerin o üzündən gəlirdi...
Anası son nəfəsiylə zarıyıb susdu... sonra nəfəsi kəsilə-kəsilə nə isə pıçıldadı…
Yerə uzanıb qulağını torpağa dirədi…
Torpaq isti və yumşaq idi… anasının səsi lap qulağının dibində pıçıldayırdı:
- Səni çox istəyirəm... lap çox...
Üzünü torpağa sürtüb ağlaya-ağlaya:
- Sənsiz darıxıram... - dedi.
Anası səsini kəsmişdi, nəfəsini saxlayıb ona diqqət kəsilmişdi...
...Dizi üstə qalxıb yenə dırnaqlarının altı torpaqla dola-dola qazdı.
...Yağış kəsmək bilmirdi... Qəbirin sonu, dibi görünmürdü…
...Başını qaldırıb yuxarı baxdı.
Hava açılırdı... Yuxarıdan, kimlər idisə, tanıya bilmədi, dövrə vurub nifrət dolu gizlərlə ona zillənmişdilər...
…Yerin o üzündən hələ də anasının pıçıltısı eşidilirdi...
- Səni istəyirəm... - anası deyib yanıqlı-yanıqlı içini çəkirdi...
Qollarının heyi tükənirdi… anasının səsi getdikcə, yaxınlaşırdı...
- Səni istəyirəm... - anası pıçıldadı. - Çox istəyirəm, lap çox. Bilirəm, incidirəm səni. Amma söz verirəm, daha eləmərəm...
...Anasının bu sözündən sonra göy guruldadı, sonra şimşək çaxdı...
Yuxarıdan baxanlar çəkilib getdilər... Onların, palçığın içi ilə şappıldayan addım səslərini də eşitdi..
Şimşək bir də çaxdı… Bu dəfə elə bil onun beynində çaxdı... və o başa düşdü bayaqdan bəri qulağının dibində pıçıldayan kimdi...
...Çönüb nifrətlə yanında uzanan ərinə baxdı.
Əri əlini onun boynuna dolamışdı… ac pişik gözləriylə:
- Gəl yanıma... - deyə pıçıldayırdı...
Göy guruldadı… ərinin gözlərinin xəstə parıltısı bu gurultudan elə bil bir az da artdı, yanıb söndü...
Sonra ərinin gözləri bir də yandı və daha sönmədi… həmin o parıldayan gözlər sürünüb yaxınına gəldi... və o, anası hardasa aşağıda qəbri eşib onları yırğalaya-yırğalaya, külək, şəffaf üzü ilə ona baxıb ağlaya-ağlaya kimlərisə köməyə çağırdı…
...Sonra işıq yandı.
Qabaq cərgədə oturanlar geriyə qanrılıb saralmış bənizlərlə üzünə zilləndilər, bir-birinə baxıb başlarını yellədilər.
…Ayağa qalxıb qızara-qızara başını aşağı saldı, dırnaqlarını didişdirib altına dolan torpağı çıxartdı…
- Bu tərbiyəsiz səhnələrlə nə demək istəyirsiniz?..
Bunu qalın kəkili alnının üstündə çəpəki dayanan girdəsifət qadın dedi.
- Özünüz də guya qadınsınız!..
- Buyurun səhnəyə!.. - dedilər.
Cərgələrin arasından keçib səhnəyə qalxdı.
- Buyurun, izah eləyin görək, bütün bunlarla nə demək istəyirsiz. - həmin qadın başını əsdirə-əsdirə dedi və onu nifrət dolu gözlərlə başdan-ayağa süzdü.
- Doğurdan, biabırçılıqdır.
Bunu qabaq cərgədə oturan eynəkli adam dedi.
Səhnəyə qalxıb bədəni həyəcandan soyuq tər basa-basa köynəyini soyundu.
Aşağıda əyləşənlər içlərini çəkib başlarını yellədilər:
- Biabırçılıqdı. - dedilər.
- Siz bir bunun boynuna baxın. Bu nə boyundu?!..
- Bu uzunluqda da qıç olar?..
Çəpəki kəkilli qadın ayağa qalxıb üzü zala dayandı, qəzəbli hakim hökmü ilə:
- Belələrini tonqalda yandırmaq lazımdır ki, gələcək nəsillərə dərs olsun!.. - dedi və dabanlarını döşəməyə vurub dağ-divarı əsdirə-əsdirə zaldan çıxdı.
O birilər də ayağa qalxıb başlarını narazı-narazı yellədə-yellədə, "ayıb olsun!", "yandırmaq lazımdı!.." - deyə-deyə zaldan çıxdılar.
Səhnədə yarıçılpaq vəziyyətdə dayanıb dura-dura, gedənlərin ardınca baxıb gördü, hamısının qıçı gödəkdi.
Əyilib öz uzun ayaqlarına baxanda boğazını qəhər tutdu… ayaqqabısının bir tayını çıxarıb gedənlərə atdı…
Ayaqqabı hamıdan arxada gedən arıq kişiyə dəyib onu böyrü üstə yıxdı…
Kişi yıxılıb yanındakına, yanındakı o birinə, o biri bu birinə dəydi… və gödəkqıç adamlar domino daşları kimi sırayla yerə sərildilər...
Sonra hardansa qalın bığlı, qoca qarovulçu gəlib çıxdı, onları bir-bir səliqəylə domino qutusuna yığıb cibinə basdı, ona baxıb öskürə-öskürə:
- Anan zəng eləmişdi, uşaqların ağlayır. - deyib çıxdı…
…və bir müddət dəhlizdən, qarovulçunun köhnə ayaqqabılarının səsi eşidildi və itdi.

1990



Комментариев нет:

Отправить комментарий