Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 26 февраля 2008 г.



MƏDƏD


…Tozlu ayaqqablarına, ətəyi yeyilib ağarmış şalvarının balaqlarına baxa-baxa yeriyirdi… Yeridikcə də ayaqlarına yazığı gəlirdi. Gör bir neçə illərdən bəriydi onu minnətsiz-filansız kürəklərində daşıyırdılar. Ürəyi hara istəyirdi, aparırdılar, gətirirdilər.
Səhər açılandan mağazaları gəzib-dolaşırdı. Əslində almamalı bir şeyi yox idi, amma gəzib-dolanırdı. Qızıl dükanında üzüklərə, sırğalara baxırdı, qiymətlərini bir-biri ilə tutuşdururdu. Ordan çıxıb oyuncaq dükanına girirdi, orda balaca maşınların, velosipedlərin yan-yörəsinə hərlənə-hərlənə, satıcıları yöndəmsiz suallarıyla bezdirə-bezdirə, çığırda-çığırda tapançaları, balaca pianinoları əlinə alıb bir-bir yoxlayrdı, taqqıldadırdı, dınqıldadırdı. Fasilələrdə yaxınlıqdakı kafeyə girib orda ürəyinə yatandan alıb yeyirdi, sonra lap səhərdən nəzərdə tutduğu seansa bilet alıb kinoya girirdi. O kinodan çıxıb, o birisinə bilet alırdı və yenə mağazaları dolaşırdı, evə qaş qaralanda qayıdırdı.
Mədədin istirahət günləri belə keçirdi. Dəyişən - bircə filmlər olurdu. Təzə film olmayanda, məcbur olub, yaddaşını söndürüb gördüklərinə bir də təzədən elə baxırdı, elə bil birinci dəfə baxır. O da alınmayanda, daha ekrana yox, gözaltı qaranlıq zalın arxa cərgələrində oturub orda-burda cüt-cüt qucaqlaşıb öpüşənlərə baxırdı.
Bir sözlə, istirahət gününü maraqlı keçirməkdən ötrü Mədədə heç kim lazım olmurdu. Nəyə görə kinoya kiminləsə getməliydi, yan-yana, dirsək-dirsəyə oturub bir filmə ikilikdə baxmalıydı?.. Təklikdə baxanda məgər filmin ləzzəti gedirdi?.. Yaxud, niyə kafedə mütləq kiminləsə üzbəüz oturub kiminsə üzünə, ağzına baxa-baxa çörək yeməliydi?.. Bu nə vəhşilik idi, ümumiyyətlə?..
Mədəd evdə də bu prinsipinə sadiq qalırdı. Evdə keçirdiyi saatlarda kiminləsə üzbəüz, ya yanaşı oturub nə haqdasa danışmağa, ya yeməyə heç vaxt nə marağı, nə də həvəsi olmurdu. Telefona cavab vermək məsələsi isə Mədəd üçün evə dair işlərin ən faciəvisi idi. Hər zəngdə cavab verməli olduğu «necə-nətərsən»lərdən, «can-baş», «kef-əhval»lardan can qurtarmaqdan ötrü dəstəyi yerinə atmaqdan özünü zorla saxlayırdı. Bəzən dözməyib dəstəyi, o üzündə kimsə danışa-danışa atmalı olurdu… mənasız suallar yığnağına «hm» deyib inildəməkdən zinhara gəlib danışığı kəsir, sonradan zəng vuranlarla qanacaqsız davranışına görə evdəkilərin danlağına qulaq asmalı olurdu.
Ümumiyyətlə, insan münasibətləri ilə bağlı Mədəd çox şeyi anlamadığını dərk edirdi. Başa düşə bilmədiklərindən ən başlıcası - bir-birilərindən heç bir vəchlə əl çəkmək istəməyən adamların bitib tükənməz ünsiyyət həvəsi idi. Adamların ardı-arası kəsilmədən bir-birilərinə zəng vurub saatlarla telefondan asılmaları, bununla da doymayıb bir-birinin evlərinə gedərək, orda gecədən keçənə qədər hey nə haqdasa həvəslə danışa-danışa «döşək çürütmələri» onda həmişə qəzəbli bir heyrət doğururdu.
…Əlini zəngin düyməsinə basıb gözlədi. Qapını haçannan-haçana kiçik qardaşı açdı. Açıb üzünə baxmadan, əsəbi addımlarla mətbəxə getdi.
İçəri keçib ayaqqabılarını soyna-soyuna fikirləşdi ki, olsun ki, yenə hansısa təcili işindən ayırdı onu. Sonra da fikirləşdi ki, adamın nə qədər təcili işi olarmış?!..
Qardaşı yenə arvadıyla mətbəxdə nə isə düzəldirdilər. Yenə nə isə qururdular, sökürdülər, yığırdılar.
«Hamısı bekarçılıqdandı.» - fikirləşdi və dinib-danışmadan otağına keçdi. Orda kreslosuna əyləşib televizorun düyməsini basdı və bayaq qəzet köşkündən alıb gətirdiyi təzə qəzetləri iyləyə-iyləyə vərəqləməyə başladı.

***

Gecəyə yaxın balaca mətbəxdə tərpənməyə yer yox idi. Anası bir əli belində qaz pilətəsinin qabağında dayanmışdı, paltarbasan ağacla pilətənin üstündəki yekə vedrədə buğlanan ağları basırdı.
Qardaşı elektrik ütüsünü açıb içalatını stolun üstünə boşaltmışdı, nazik bıçaqla ütünün içini qurdalayırdı.
Qardaşı arvadı əlində sıyıq dolu çuxur, qorxulu səslər çıxara-çıxara körpəsinə nağıl danışırdı.
Nənəsi yan otaqda üzüdivara dayanıb namaz qılırdı.
Bütün bunları Mədəd bayaq - dəhlizdən otağına keçərkən, yolüstü gördü. Televizoru yandırıb üzbəüzdəki kreslosuna yayxandı. Qəzetləri bir də o üz-bu üzünə çevirib diqqətlə iylədi və fikirləşdi ki, qəribədi, əvvəllər yalnız qəzetləri iyləyirdi, mətbəə şriftinin, qəzet kağızının iyindən həzz alırdı. Axır vaxtlarsa hər şeyi iyləyir. Pencəyini də, süfrəni də, əllərini də, televizorun ekranını da... Axır vaxtlar iyləmək – onun üçün yemək, yatmaq, nəfəs almaq kimi, gündəlik həyat ehtiyacına çevrilib. Özü də qəribə olan budu ki, hər qoxudan bir ovqata düşür. Süfrənin qoxusundan narahatçılıq hissi, dəmir qaşığın qoxusundan kədər, pencəyinin qoxusundan nəyinsə nisgilini duyur.
Olsun ki, hər bir şeyin qoxusu o əşyanın məlumat daşıyıcısıdır. - fikirləşdi və burnunu otaq boyu gəzdirib havanı iylədi… Hə, bu gün otağında təmizlik işləri aparılıb. Havadan təmizləyici tozun və yenicə qurumuş döşəmənin iyi gəlir. Televizorun ekranına düşən əksinə baxa-baxa fikirləşd ki, odu ki, hər şeyi iyləməkdən burun pərələri enlənib. Burnu indi elədi, elə bil o, həyata da bundan ötrü - iyləməkdən ötrü gəlib. Özü də təkcə qəzetlərin, süfrələrin, corabların iyini yox, adamların da iyini bilməkdən ötrü. Məsələn, artıq gör bir neçə illərdi ki, dəqiq bilir: anasının iyi nənəsinin iyiylə demək olar ki, birdi. Yaxud, qardaşının iyindən nədənsə ürəyi sıxılır və sair və ilaxır. Qəribədi ki, bircə öz iyini bilmir. Bu barədə həmişə tramvayda yol gedəndə, bir də axşamlar - soyunub yerinə girəndə, hərdən də səhərlər - hamama keçib orda güzgünün qabağında dayanıb üzünə baxa-baxa dişlərini yuyanda fikirləşir. Fikirləşir ki, bəlkə öz iyi heç yerli-dibli yoxdu?..
Televizorda yaşıl qabıqlı həşərat yığnağının yaşayışını göstərirdilər… Həşəratlar bir-birinin başına dırmaşa-dırmaşa, həm də bil nə isə eləyirdilər.
Corablarını çıxarıb döşəmənin bir küncünə atdı. Ayaqları bütün günü şəhəri gəzib - dolaşmaqdan yapışqan kimi idi. Fikirləşdi ki, çimmək lazımdı. Çimməyin vaxtı çatanda, az qalırdı havalana. Çünki hər şeydən əvvəl ayağa qalxıb özünə təmiz pal-paltar hazırlamalıydı, sonra hamamı isitməli, soyunub soyuq vannanın içinə girməliydi… sonra sabunlar, liflər, daraqlar…
Bir də evlənmək məsələsi yadına düşəndə, ürəyi az qalırdı dayana. Nənəsinin dediyinə görə, evlənməsəydi, qocalanda, ona həyan olan olmayacaqdı. Nənəsi ölüb gedəcəkdi, anası da əvvəl-axır qocalacaqdı. Beli əyilib, dizləri əsəcəkdi. Onda onun xörəyini kim bişirəcəkdi, çörəyini kim alacaqdı?.. O özü də, günlərin bir günü qocalıb əldən düşəcəkdi, daha küçələri də indiki kimi, təkbaşına gəzib dolaşa bilməyəcəkdi. Gözü televizorda göstərilənləri seçməyəcəkdi, qəzetlərin şriftlərini görməyəcəkdi. Qulaqları da göy gurultusundan savayı ayrı heç nə eşitməyəcəkdi…
…İçini çəkib yorğun-yorğun fısıldadı. Mütləq evlənməliydi. Kiçik qardaşının qızı artıq məktəbə gedirdi. O isə qorxurdu. Tələm-tələsik evlənib özünə öz evinin içində dərindən dərin quyu qazan evli qardaşının gününü görürdü, ona görə. Bir də ona görə ki, evlənəcəyi qızı axtarıb tapmağın özü də elə asan məsələ deyildi. Bunun üçün o, azı beş-altı qızla tanış olmalıydı, bu qızların hərəsiylə heç olmasa bir dəfə gəzintiyə çıxmalıydı, bir-iki dəfə kafeyə, kinoya, teatra getməliydi, oturuşlarına, duruşlarına fikir verməliydi ki, hal-xasiyyətlərinə bələd olsun. Yalnız bu yorucu və məşəqqətli prosesdən sonra kimə evlənəcəyinə qərar verməli və ömrünün axırınacan həmin o «bəyənib seçdiyi» ilə üz-üzə, göz-gözə qalmalıydı. Ekiz heyvan tayları kimi, onunla bir yatıb - bir durmalıydı, bir yeyib, bir içməliydi, bir yerdə qarıyıb, qocalıb ölməliydi. Nənəsinin deməyinə görə, həyatın qanunu bu idi. Bunu anası da deyirdi, balaca qardaşı da…
Bir də onu narahat eləyən məqam – evlənəndən sonra arvadının onadan nələrsə tələb eləyə biləcəyi idi. Yerini rahatlayıb fikirləşdi ki, arvadı ondan nələr tələb edə bilərdi görən?.. Hər dəfə bu yerə gəlib çatanda, qanı qaralırdı… qardaşının yaşayışının çətinlikləri gözünün qabağına gəlirdi…
Qardaşı evlənəndən bəri tamam dəyişmişdi. Həmin o gülərüz, zarafatçıl adamdan əsər-əlamət qalmamışdı. Anası deyirdi ki, hamısı ailə qayğılarındandı. Evlənəndən bəri qardaşı da, qardaşının arvadı da elə bil qocalmışdılar. Əzazil xozeyinin taptağı altında inləyən təhkimli kəndlilər kimi gecə-gündüz işləyirdilər, nəyisə söküb-tikirdilər, yamayırdılar, yuyub-ütüləyirdilər, işləri də bitəndə uşaqlarını döyürb, mübahisə eləyib boşqabları sındırırdılar...
Onu da belə bir həyat gözləyirdi... - televizorda qaynaşan naməlum cücü sürfələrinin nizamsız hərəkətlərinə baxa-baxa dərdli - dərdli fikirləşdi. Sonra nə oldusa, qəfildən boğazını qəhər tutdu. Axı həyat niyə belə qurulmuşdu?.. Onun ki, nə qadına, nə uşağa ehtiyacı yoxdu, başını aşağı salıb sakitcə yaşayır özü üçün. Heç kimə dəyib-dolaşmır, bir kimsəylə işi yoxdu. Hər səhər evdən çıxıb kitabxanaya yollanır, orda başı şişənə qədər, qulaqları guruldayana qədər işləyir, yazır, pozur, köçürür. Müdafiəsinin vaxtına da az qalıb daha. O isə hələ də fəsillərin içində itib-batmaqdan zövq alır. Yazıb başa çatdıracağı, ümumiləşdirib yekun nəticəyə gətirib çıxaracağı məsələləri bir də, dönə-dönə, xüsusi həzzlə gözdən keçirir, yoxlayır və bundan – şəhərin mərkəzində yerləşən qədim kitabxananın akademik sakitliyinə qərq olmaqdan, çöl həyatının mənasız məzmunsuzluqlarından gizlənib xilas olduğu bu şəfqətli elm ocağının bakirəliyindən izaholunmaz bir rahatlıq, əmin-amalıq duyur. Nöqtəni qoyub dissertasiyanı təhvil verməyə - kitabxana ilə vidalaşmağa ürəyi gəlmir. Çünki dəqiq bilir ki, anasının da, nənəsinin də, günləri həsrətlə saya-saya gözlədikləri müdafiə - hər şeyin sonu, əbədiyyət qoxulu bütün bu dəyişilməz rahatlığın axırı olacaq.
Ürəyi əsəbilikdən çırpına-çırpına fikirləşdi ki, heç dəxli var?!.. O da belə yaşayır. Bəlkə heç qocalmayacaq? Beş-on ilə elə beləcə - oturduğu yerdə, fəsillərin arasında eşələndiyi yerdə öləcək?..
Yoxsa, nənəsi deyən kimi, qocalacaq?.. Qocalıb əldən düşəcək, qocalıqdan ölümünəcən iniltiyə, zıqqıltıya bənzər uzun-uzadı, sarımtıl bir ömür yaşayacaq, köhnə bezi andıracaq həmin o sapsarı, mənasız illəri yorğan-döşəkdə keçirməli olacaq?.. Bax, məhz onda arvadı, uşaqları, nəvə-nəticələri, nənəsi deyən kimi, yatağının ətrafına toplaşacaqlar, gözlərini ona zilləyib boğazına qaşıq-qaşıq şorba tökəcəklər. Öləndən sonra isə gözlərini arvadı yumacaq, onu kəfənə büküb hörmətlə, ədəb-ərkanla basdıracaqlar.
Nənəsi deyirdi ki, onların nəslində hamı qocalığını bu sayaq ədəb-ərkanla – xəstələnib yorğan-döşəkdə keçirəndən sonra uşaqları, nəvələri başına yığılıb ona qaşıq-qaşıq şorba içirəndən sonra adam kimi can verə-verə ölüb.
«İt kimi yaşa - adam kimi öl!..» - nənəsi evlənməkdən söhbət düşən kimi deyirdi. Deyib bükülü kürəyini dikəldirdi. Elə bil bu məsəldən xüsusi zövq alırdı.
Anası onu hökmən evləndirəcəkdi. Bunu, son vaxtlar anasının onunla mülayim danışmağından bilirdi. Anası qız da tapmışdı, uzaq qohumlarından idi. Mədəd gələcək həyat yoldaşını görməsə də, qız tez-tez yuxusuna girirdi.
Yuxuda evlənəcəyi qız - onun gələcək həyat yoldaşı kök, bığlı bir arvad idi… əlini belinə vurub qaz pilətəsinin qabağında dayana-dayana, iri çömçəylə dovğa bulayırdı, xəmir kündələyirdi, alnının tərini qoluyla silib Mədədin üzünə gülə-gülə qabağına yeriyirdi.
…Dəhlizə taqqa-quruq düşmüşdü. Olsun ki, yenə qardaşıyla arvadı idi. Allah bilir, yenə mebellərin yerini dəyişirdilər. Qardaşıyla arvadının qapının şüşəli hissəsindən görünən kölgələri bir-birini ötə-ötə o baş-bu başa gedib gəlir, nə isə daşıdıqları bilinirdi.
Bu dəqiqə hansı birisə Onun otağının da qapısını açıb içəri boylanacaqdı, əvvəl yaxşı-yaxşı:«Mədəd, yatmamısan?» - deyib üzünə zillənəcək, sonra: «Görmürsən, ölürük?.. Bəlkə ayağa qalxasan, sən də işin bir qulpundan yapışasan?!..»
İş qazandı-nədi ki, qulpundan yapışasan?! – Mədəd fikirləşib ehmal hərəkətlərlə ayağa qalxdı, paltarını soyunmadan, yatağına girib yorğanı başına çəkdi.
Belədə, yorğanaltı qaranlığın isti havasızlığında uzaq uşaqlıq illəri yadına düşürdü… Yenə o illəri xatırladı. Tətillərdə nənəsigildə qalmağını, nənəsinin onun üçün kağızdan düzəltdiyi dovşanabənzər əcayib fiqurları, qəzetdən düzəltdiyi futbol meydançasını, balaca futbolçuları, noxuda bənzər kağız topları, mürəbbə üçün təmizlənmiş ərik, gilas dolu iri ləyənlərin içinə girib, hıçqırana qədər yeyib doyandan sonra, ləyənin içindəcə - ərik və gilas tumlarının içində yatmağını xatırlayvb qəhərləndi...
Fikirləşdi ki, qəribədi ki, onda nənəsi ona heç nəyə görə acıqlanmırdı, mürəbbəni zayladığına görə onu cəzalandırmırdı. O birilərə isə acıqlanırdı, qardaşını saatlarla üzü divara küncdə dayanmağa məcbur edirdi.
Olsun ki, nənəsi onu hamıdan çox istəyirdi. – fikirləşib əsnədi. O qədər istəyirdi ki, onu nəinki küçəyə, gecələr subaşına getmək lazım gələndə, həyətin o başındakı ayaqyoluna tərəf getməyə də qoymurdu. Günortalar isə, həyətin bütün uşaqları küçəyə çıxıb top aldı-qaç, ənzəli, beşdaş oynayanda, o bu oyunlara yalnız pəncərədən baxmaqla kifayətlənirdi. Onda yadına gəlir, həyət də, əl-üzləri toz-torpağa bulaşıb çirklənən, səsləri küçəni başına götürən həyət uşaqları da ona, televizorda baxdığı filmlər kimi uzaq və əlçatmaz görünürdülər…
…Elə bil güllə açıldı. Dik atılıb yerinin içində oturdu.
Qardaşı otağın ortasında dayanıb ona baxırdı. Əlindəki ütülü şalvarı, ağ, nişastalı köynəyi və təmiz corabları üstünə atıb, qəribə ikrahla:
- Ayağa qalx! Evə adam gələcək. - deyib çıxdı.
Qardaşının hirsi, otağın qapısı çırpılandan bir müddət sonra da pəncərənin pərdələrini yellətdi, kitab rəflərinin şüşələrini cingildətdi.
Fikirləşdi ki, görən niyə evlənəndən bəri qardaşı ona belə nifrət eləyir?..
Qardaşını əsəbiləşdirən, ona qarşı ikrah yaradan olsun ki, üzündəki sakitlikdi. Hə, elədi. Çünki dəfələrlə olmuşdu ki, gecə-gündüz arvadıyla bir nə isə söküb-tikməkdən, qurub yaratmaqdan əldən düşən qardaşının onun yuxulu gözlərinə baxdığı yerdə özünə nifrət elədiyini hiss eləmişdi. O öz otağında bədəninin quruluşunu alan kreslosunda, ya çarpayısında yayxananda, qardaşı əlində süpürgə-xəkəndaz, uşaqlarının töküb-töküşdürdüyü zir-zibili yığırdı, fasilələrdə acından üzülə-üzülə evə qaçanda, qapını o - çiynində yorğan, əsnəməkdən ağzı cırıla-cırıla açırdı… O, bütün gecəni San- Remodan verilən estrada festivalından feyz alanda, qardaşı o biri otaqda xəstə uşağını qolları keyiyənəcən o baş-bu başa gəzdirir, arada bir səbri tükənəndə özünü, qucağında uşaq, qapısını açıb müharibə filmlərindəki təhqir edilmiş və alçaldılmış insanların üzüylə:
- Bəlkə televizorun səsini bir qədər alasınız, Mədəd müəllim?!.. – deməkdən saxlaya bilmirdi.
Belə vaxtlarda qardaşı ona elə nifrətlə baxırdı, elə bil artıq bir söz desəydi, tüpürəcəkdi üzünə. Elə baxırdı, elə bil qucağındakı uşaq onunku yox, Mədədinki idi.
Hərdən Mədədə elə gəlirdi ki, qardaşının ona paxıllığı tutur. Çünki axır günlərin müşahidələrindən Mədəd bu nəticəyə gəlmişdi ki, qardaşının qanı məhz onu görəndə qaralır… Məhz onu görəndə qardaşını elə bil arı sancırdı, dəli cöngəyə dönüb evin döşəməsini titrədə-titrədə, əsəbi addımlarla o baş-bu başa yeriyirdi, otaqların qapılarını çırpırdı, uşaqlarını itələyir, acıq eləyib dilinə günlərlə çörək vurmurdu. Qardaşı içinə yığılan bu nifrətin əsil səbəbini isə anasının, ya Mədədi canından çox istəyən nənəsinin qorxusundan dilinə gətirə bilmirdi. Odu ki, qardaşının bütün hirsi-hikkəsi gözlərinə yığılmışdı. Odu ki, qardaşının gözləri, içinin hirsinə davam gətirmirdi, qan çəkib qabarmışdı.
…Çarpayısının aşağı tərəfinə sərilən ütülü şalvara baxdıqca, dünən səhər yeməyi vaxtı anasının, uzaq qohumları Xədicə xalanın onlara gələcəyini və ona bəyəndirmək üçün özü ilə həmin o qızı gətirəcəcəyi haqqında elədiyi söhbətləri xatırladı… Xədicə xalanın meribanlıq və səadət saçan parıltılı üzü gözünün qabağına gəldi və Mədəd Xədicə xalanın gətirəcəyi qızla bu gün tanış olandan sonra onu, Xədicə xalanın planına uyğun evlərinə də öturməli olduğu xatırlayıb qanı qaraldı.
Tanışlıq mərasiminin ona sarı yaxınlaşmaqda olan gərginlik və saxtalıq dolu darıxdırıcı havası hardasa ətrafında dolandı. Dikəlib ayaqlarını döhəməyə salladı və fikirləşdi ki, indi o bu boyda işin öhdəsindən necə gələcək? O boyda gərginliyin altında neyləyəcək?..
…Qapı astaca cırıldadı. Qapının arasından nənəsinin başı göründü. Nənəsi içri girib başmaqlarını sürüyə-sürüyə ona yaxınlaşdı, başının üstünü alıb:
-Ayağının altında ölüm, qadalarını alım, Mədəd. – dedi və qırışlı dodaqlarını onun alnına yapışdırıb öpdü, sonra çarpayısının kənarında oturub yazıq-yazıq üzünə baxdı.
- Di dur, geyindirim səni, bala. - dedi. Elə dedi, elə bil ona yazığı gəldi.

***

Qonaq otağında iri stol açılmışmışdı, süfrə bəzənmişdi.
Qardaşı stolun arxasında yox, divanın küncündə oturub onu altdan-altdan qanlı-qanlı süzürdü, nifrətlə ütülü şalvarının şax qatlarına baxırdı.
Fikirləşdi ki, olsun ki, şalvarını qardaşı ütüləyib, odu ki, elə qanlı-qanlı baxır. Baxır ki, utansın, ölüb yerə girsin.
Özünə təzəcə yer eləyib oturmuşdu ki, qapının zəngi vuruldu və çox keçmədi ki, otağa Xədicə xala daxil oldu, kök ayaqlarını döşəməyə yumşaq-yumşaq basa-basa üstünə yeriyib o üzündən-bu üzündən elə öpdü, elə bil ondan həyatəhəmiyyətli hansısa məsələnin həlli asılı idi. Sonra dəhlizə çıxıb, bu dəfə içəri qızla birgə girdi. Qız Mədədin gözlədiyindən gözəgəlimli və utancaq idi. Qapıdan içəri girməyilə, çıxıb mətbəxə qaçmağı bir oldu. Bütün axşamı orda oturub gözə görünmədi. Orda xörək çəkdi, qab yudu, çay dəmlədi. Elə bil onlarda qulluqçu işinə düzəlməyə gəlmişdi, bacarığını göstərirdi.
Süfrə arxasında gedən söhbətlər ömrün qısalığına, dünyanın faniliyinə, insanın həyatı boyu üzləşdiyi çətinliklərə sinə gərməsi üçün arxa cəbhəyə – yəni ailəyə ehtiy aclı olmasına və sair və ilaxır bu səpkili mövzuları əhatə etsə də, Mədəd başını aşağı salıb kəlmə belə kəsmədən, dinməz-söyləməz şam yeməyini – çox sevdiyi yarpaq dolmasını yeməklə, üstündən alma piroqu ilə iki stəkan çay içməklə məşğul oldu.
Məclisin axırına yaxın Xədicə xala mətbəxə keçib qızla bir qayıtdı, qızı qolundan tutub sürüyə-sürüyə içəri saldı, özü də əllərini belinə vurub qələbə təntənəsi ilə Mədədin üzünə baxdı. Qız üzünə dikilən baxışlardan gizlənən tək, özünü stolun arxasına salıb oturdu, başını aşağı dikib ölüm hökmü gözləyən tək nəyisə gözləməyə başladı.
Mədəd qızın dolu yanaqlarına baxıb fikirləşdi ki, əlbəttə o onlarla birgə oturub çörək yesəydi, daha məqsədəuyğun və təbii alınardı, o isə bunu eləmədi. Amma indi evə çatan kimi mətbəxə cumacaq, orda soyuducudakıları masanın üstünə boşaldıb nəfəsi kəsilənəcən yeyəcək.
Qızın gərginliyi getdikcə azalmaq əvəzinə, elə bil daha da artırdı… şifon yaxalığının narın titrəməsindən, ürək döyüntülərinin getdikcə bərkidiyi bilinirdi. Özünü də elə qurutmuşdu, elə bil burda – bir neçə adamın əyləşdiyi süfrə arxasında yox, bütün şəhərin diqqət mərkəzində - hansısa sürüşkən yüksəkliklərdə oturmuşdu, saysız-hesabsız insanlar üzünə tuşlanmış gur projektorların işığı altında onun burnunun, dodaqlarının hərəkətini izləyirdi...
Mədəd qızın, gərginlikdən tarıma çəkilmiş üzünə, bir-birini didişdirən əllərinə baxa-baxa fikirləşdi ki, belə vəziyyətdə adam oturduğu yerdə ölə də bilər. Sonra kövrək həyəcan dolu gözlərinin üzünə zilləyən anasına baxıb fikirləşdi ki, belə bir qızı seçməkdə əslində anası da, nənəsi də haqlıdı. Onun arvadı məhz belə bir qız olmalıydı. Utancaq, qaradinməz, başıaşağı. Ən əsası da o idi ki, qızın ona dəyib-dolaşmaq ehtimalı çox cüzi idi. Sonra qızla birgə yaşayacağı evlilik həyatını gözünün qabağına gətirdi. Elə bil pis deyildi…
O, adəti üzrə bədəninin quruluşunu almış kreslosuna yayxanıb televizora baxırdı, yaxud küçələri veyillənə-veyillənə beyninə istirahət verirdi. Qız isə hardasa, o biri otaqlarda nə iləsə məşğul olurdu, nə isə yuyuldu, təmizləyirdi, nəyisə qaşıyırdı, dəmir sürtkəclə sürtüb parıldadırdı… o yaxınlığından ötəndən isə uzaqbaşı, gözlərini qaldırıb həmin bu utancaqlıqla, səssiz-səmirsiz üzünə baxırdı.
Bir də son bir neçə ayı gördüyü yuxuların təsirindən, ya nənəsinin səsinin titrəməsindən, Mədədin ürəyinə dammışdı ki, bu qızı da rədd eləsə, nənəsi demişkən, «bayquş tənhalığına düçar olacaq, qocalıb yatağa düşəndə, evin bir küncündə, kirli yorğan-döşəyində zarıya-zarıya uzanıb qalacaq, bir qurtum su üçün heysiz-heysiz zarıyacaqsa da, inildəyib ağlayacaqsa da, səsini eşidən olmayacaq, suzluqdan quruyub qaxaca dönən dili damağına yapışa-yapışa, taqətsizlikdən əsə-əsə ayağa qalxıb pəncərənin qabağına sürünəcəksə də, orda pəncərənin laylarını taybatay açıb qışqırmaq, adamları köməyə çağırmaq istəyəcəksə də, səsi çıxmayacaq, nəfəsi gəlməyəcək və o elə ordanca - pəncərənin məhəccərindəncə, bədəninin yarısı çölə sallanmış vəziyyətdə də canını tapşıracaq… Amma kimə?.. Məsələnin qaranlıq tərəfi də elə bu idi…» Onun bu tənhalıq faciəsinin tamaşasına bütün həyət, bütün küçə yığışacaq və bu, ailə həyatının qədrini bilməyən insanların yaddaşında silinməz bir iz buraxacaq, yaddaqalan bir dərs olacaq. Bir dəfə Mədəd bunu yuxuda da görmüşdü. Yuxuda pəncərədən asıldığı yerdə qəfildən dirilib ayağa qalxmışdı, pəncərənin məhəccərinə çıxıb səsi gəldikcə, bütün həyətə:
- Ay camaat, məni dinləyin!! Ailə – insan həyatında mütləq vacib olan həyatəhəmiyyətli zərurilikdir!!.. – deyə çığırmışdı.
Bu qızla da evlənməsəydi, axırı mütləq belə olacaqdı… - Mədəd fikirləşdi və qızın, ucları xırda-xırda qıvrılan saçlarına baxdı, yarımçıq kompotunu birnəfəsə başına çəkdi.
…Evə getmək vaxtı çatanda qız utandığından, ya nədənsə, qızarıb qaraldı, alnı tər damcılarıyla örtüldü, bir az da elə bil əyildi. Olsun ki, bu axşamkı planı o da bilirdi.
Qızın bu halına baxdıqca, Mədədin ürəyi ağırıdı.


***


Bütün yolu bir-birinə baxmaqdan, kəlmə kəsmədən, yanaşı addımladılar.
Qız bacardığı qədər incə və səssiz yeriməyə çalışırdı deyə, addımbaşı büdrəyir, gah da çəkməsinin hündür dabanı asfaltın üstündə sürüşüb ətürpədən səslər çıxarırdı ki, bu da Mədədin əsəbilərinə toxunurdu. Bir də qız yerişi ilə çox məşğul olduğundan, ya nədənsə, yeridikcə fısıldadığını deyəsən, hiss eləmirdi.
Mədəd əzab çəkə-çəkə fikirləşdi ki, qızın burnunda olsun ki, ət var… və bu fikirdən birdən-birə küçələr də, adamlar da ona niyəsə yazıq və kədərli göründülər. Sonra birdən necə oldusa, qız budrədi. Mədəd qızın qolundan tutmaq istəyəndə, ürəyi qırılıdı. Büdrəməyi qıza elə bil Allahdan düşdü, ikiəlli Mədədin qolundan tutub daha buraxmadı.
Bir müddət də belə addımladılar.
Bir qədərdən sonra Mədədin birdən-birə ürəyi darıxdı, beyninə axmaq-axmaq fikirlər gəldi ki, guya qız bir daha onun qolunu buraxmayacaq. Odu ki, qolunu sərt hərəkətlə sivirib qızın qucağından çıxartdı… gözləri qaraldı…
Bayaqdannan bura fikirləşdikləri alt-üst olmuşdu… Onu, təsəvvürünə gətirdiyi həyat gözləmirdi. İndi böyrü ilə yanaşı addımlayan bu qız evlənəndən sonra onun özünü də belə bərk-bərk qucaqlayıb bağrına basacaq, tərpənməyə, nəfəs almağa imkan verməyəcəkdi. Beynində ildırım kimi çaxan bu fikrin vahiməsindən bədənindən sopsoyuq bir üşütmə keçdi. Üşüyə-üşüyə fikirləşdi ki, bircə qızı tez evlərinə yola salıb canını qurtarsaydı, yaxşı olardı. Çünki ona deməyə nə sözü vardı, nə də soruşmağa sualı.
Sonra qəfildən Mədədin hövsələsi lap daraldı, yoldan ötən taksini saxlayıb qapısını açdı. Qız taksiyə baxıb qaşlarını qaldırdı, təəccüblə çiyinlərini çəkib bütün axşamın ərzində birinci dəfə danışdı:
-Gəlib çatmışıq axı?!..
Qızın səsindən də, artikulyassiyasından da ürəyi bulandı. Qızı qolundan çəkib maşına oturtdu, pulu sürücünün qucağına atıb:
- Hara deyir, ora sür. - dedi.
Maşın təkan verib yola düzəldi. Mədəd nəfəsini dərib köynəyinin yaxasını açdı, asta-asta evlərinə sarı addımlaya-addımlaya həyatın gözəllikləri haqqında fikirləşməyə başladı.


* * *


Bir aydan sonra Mədəd həmin o qızla evləndi.
Evlənənən günün səhərisindən arvadıyla evin içində gizlənpaç oynadılar.
Arvadı mətbəxə girdi, Mədəd eyvana çıxdı, arvadı eyvana çıxdı, Mədəd hamamxanaya qaçdı. Arvadı hamamxanaya cumdu, Mədədi orda tapmadı. Mədəd başını qaşımaq üçün əlini qaldıranda arvadı onun başını qaşıdı. Çəkməsinin bağını bağlamaq üçün çömələndə, arvadı becid tərpənib bağları ondan qabaq bağladı. Su içmək üçün əlini stəkana uzadanda, suyla dolu stəkan burnuna dirəndi…
Onu dəli məhəbbətlə sevən arvadının cəngindən qurtulmaq üçün Mədəd olmayan işlər arayıb axtardı. Bir köynəyi ona beş dəfə yudurtdu, bitkilər və cücülər haqqında məlumat toplamaq üçün onu gah kitab mağazasına, gah kitabxanaya göndərdi.
Arvadı isə Mədədin göndərdiyi yerlərdən bumeranq kimi üstünə qayıtdı, burnuna dirənib gözünün qabağından çəkilmədi ki, çəkilmədi.
Mədəd daha əvvəlki kimi istirahət günləri kinoya gedə bilmədi, kitabxanada da əvvəllər elədiyi kimi istədiyi qədər ləngiyə bilmədi. Evə vaxtından gec gələndə, arvadı dizi üstə düşdü, üzüqoyulu döşəməyə sərilib ağlaya-ağlaya Mədədin gününü qara elədi.
Bir neçə aydan sonra Mədədin arvadının boynuna uşaq düşdü və Mədəd doğulacaq körpəsinin başını qarışdırmaq üçün növbəti tədbirlər planı cızmağa başladı...
Mədədin anası da, nənəsi də xoşbəxt idilər. Qocalanda, Mədədin gözünü yummağa artıq iki adamı var idi.


1983

2 комментария:

  1. Sizin hekayelerinizin bir birinden maraqli ve real hadiseler ustunde qurulmasi meni her zaman ozune cekir. Semimi sozumdu. Men sizin azerbaycanli xanim olduqunuzla qurur duyuram. Size minnetdaram

    ОтветитьУдалить