Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 23 октября 2007 г.



ELÇİN ŞIXLI


Əzizim Elçin, 1964-cü ildə səninlə bir birinci sinfə gedəndə, rəhmətlik Ümidə xalanın: «Apanik, Elçini sənə tapşırıram, maşın yolunu keçəndə əlindən tut.» - deyib səni mənə qoşması elə bil lap çoxdannan - nə vaxtsa uşaqlıq illəri baxdığımız hansısa müharibə filmində, həm də lap bu yaxınlarda - məktəblə 50 yaşımızın tamamı arasında hələ də olduğu rəngində və əhvalında qalmağında olan qısa fasilədə baş verib. Görünür, Zaman da Göylər kimi, Yerin özü kimi qat-qat, lay-laydır… Bu laylarda lap uzaqlarda olanlarla lap yaxında baş verənlərin bir araya düşməsi, yan-yana, böyür-böyürə dayanması bəlkə də bu səbəbdən bizləri təəccübləndirmir. Olsun ki, indi lap yaxınlığımda duyduğum o uzaq günlər həm də bəlkə də lap qabaqda, əlçatmaz, ünyetməz irəlilərdədir… yaşa dolduqca, biz hələ hey ona sarı gedəcəyik…
Çox sevinirəm ki, bizlərin həyat yolunu, qocalığını müəyyənləşdirən uşaqlıq illərimiz səninlə bir keçib, unudulmaz İsmayıl Şıxlıyla, qıyqacı gözləri daim müdrik təbəssümlə parlayan Ümidə xalayla, mənim balaca qardaşım Fərruxla ən yaxın, doma ünsiyyətlər dolu ilıq, doğma bir mühitdən qaynaqlanıb. Düşünürəm, bu yaşımacan yaradıcılığımda da, fərdi keyfiyyətlərimin formalaşmasında da, həyatım boyu itirib qazandıqlarımda da o illərin, o münasibətlərin, bu unudulmaz insanların xüsusi və əsaslı payı olub.
Zənnimcə nə atama, nə də babama xas olmayan fil səbrini, insanlara, dünyaya iddiasız, rahat münasibətimi mən, nə qədər qəribə də olsa, mənzilimizdən iki mərtəbə aşağıda yerləşən sizin həmin o rahatlıq və əminamanlıq dolu mənzilinizdən mənimsəmişəm.
Bu günün özündə də, axşamlar işdən evə qayıdarkən, pilləkənləri qalxdığım yedə, üçüncü mərtəbənin solunda yerləşən bu tarixi mənzilin qarşısı ağzında ayaq saxlayır, içəridən İsmayıl əminin boz rəngli portativ makinasının çıqqıltısını, sənin - başında balaca, buxara papaq, sinənə basdığın uydurma sazla oxuduğun aşıq havlarını, Ümidə xalanın:
- Apanik, orda niyə durubsan?!.. İçəri keç görüm. - deyən səsini eşidirəm… atamın qəddar zarafatlarına İsmayıl əminin ağayana təbəssümlə gülümsəyib başını yelləməsi, atamın qara yumorundan qəribə, gizli bir zövq alan Ümidə xalanın qaqqıltısı yadıma düşür… Sevinirəm ki, bu nəciblik və ziyalılıq qoxulu ilıq mühitdə böyüyən sən və mən, yolumuzu soyuq, dərin okean kimi gözləyən ömür yolunu keçdikcə, özümüzü, ruhumuzu, kökümüzü itirmədik, məsləkimizi, əqidəmizi, ən əsası, mahiyyətimizi dəyişmədik. Yüksək maarifçilik, insan ləyaqəti dolu bu münbit mühitin bizlərdə əkdiyi toxumları bütün keşməkeşlərdən qoruya-qoruya cücərdə bildik və düşünürəm ki, daha bundan o yana bizi laxladmağa, səmtimizi, yönümüzü dəyişməyə qadir olanın bizlərə gücü çatmaz.
Sevinirəm ki, neçə illərdən bəri baş redaktoru olduğun rus dilli «Zerkalo» qəzeti bu gün ölkənin ən milli qəzetidi. Və sevinirəm ki, ümumiyyətlə, Azərbaycanda bu səviyyədə qəzet və sənin kimi qədim ziyalı xislətli baş redaktor var.
Sevinirəm ki, Azərbaycanın, «ziyalı» adının ucuzlaşdırılıb bir vaxtların gülüş obyekti olan «zavmağ»ı, «obexees»-i səviyyəsinə endiyi bir dövrdə sənin kimi, xalqının rifahı uğrunda gördüyü əvəzsiz işlərinə görə heç bir təmənna ummayan, heç bir mənafe güdməyən, nəyinsə xatirinə kimsəyə əyilməyən, xalqını, dilini, Vətənini İsmayıl Şıxlı əqidəsi və qəlbi ilə sevən belə bir ziyalısı var və sevinirəm ki, həmin bu ziyalı həm də mənim qardaşımdı.

Комментариев нет:

Отправить комментарий