Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 30 апреля 2008 г.


GÖZ YAŞIYLA AXAN ŞAİR

Bir göz yaşında azmışam
üzlə axıram aşağı,
ancaq üzü tanımıram
Bu göz yaşı məndən axır?..
Mən bu gözü tanımıram...

Qəfil sevgi etirafını, canı yaralı adamın gizli sızıltısını andıran bu misraların müəllifi Vaqif Bayatlıdır. Düz altmış il bundan əvvəl, oktyabr ayının ilk ongünlüyünün hansısa naməlum günündə, ya bəlkə hələ ondan da bir az əvvəl - hardasa sentyabr ayının sonlarında dünyaya gəlmiş bu uşaq üzlü şair, üzü qədim əsrlərdən bəri böyük, ilahi Eşqin təmaslarından yaralı canlarıyla Azərbaycanın şeir tarixini yaratmış, dunya şeir səltənətinə dərin hikmət və qədim Şərq ecazı qoxuyan şeiriyyəti ilə daxil olmuş dahi şairlərimizin layiqli davamçısı, onlardan biridir.
Vaqifin anadan olduğu günün tarixi anası Dursun xanımın xatırlamasıyla: «əncilin qurtaran vaxtına» - təqribi hesablamalara görə sentyabr ayının axırlarlarına təsadüf etsə də, biz, (Vaqifin yaxın qələm dostları) Azərbaycanın ədəbi fikir tarixi üçün, şəksiz əlamətlar olan bu hadisənin tarixini oktyabr ayının 1-nə müəyyənləşdirdik. Niyə məhz oktyabr ayının 1-nə?.. Səbəbini özümüz də bilmədik...

***

…Əslində, bu, belə də olmalıydı. Dünyanın qəbul olunmuş məkan və zaman anlayışlarına heç nəyi ilə uyuşmayan, bu darısqal qaydalar və çərçivələr məkanına heç bir vəchlə sığışmayan Vaqif Bayatlının doğum tarixi də görünür ki, Yer vaxtının və hadisələrinin müəyyən etdiyi real məqamlar və məkanlar üzrə yox, onun «Vaqif Cəbrayılzadə», sonradan «Vaqif Bayatlı» adıyla bizlərin arasında - zaman və məkan ölçülərinin işləmədiyi Söz Ərazisində zühur etdiyi məqamla müəyyənləşməliydi.
Lap əslinə qalanda isə, Vaqifin doğulduğu ilin özü də - «əncilin yetişib qurtardığı» həmin o naməlum payız hadisəsinin təsadüf etdiyi ilin dəqiq tarixi də, onu az-çox tanıyanlar üçün, hələ bu günəcən öz qeyri-müəyyənliyini qoruyub saxlamaqdadır. Ən azı o səbəbdən ki, onu tanıyan, yaxud tanımadan, sıravi oxucu gözüylə kənardan seyr edənlərin heç biri, gecə-gündüz şəhərin hansı naməlum səmtlərindən, hansısa daha naməlum istiqamətlərinə yeriyə-yeriyə, daha doğrusu yüyürə-yüyürə yaşayan, küçələri ilin mövsümləri, ya havanın temperaturu üzrə eninə-uzununa ölçə-ölçə, elə bil Kainata can atan, Kainat qanunlarını hər mövsümdə bir dəyişib öz daxili qanunları və arzularıyla təzələyən, Yer kürəsini, gah ayağının altına ilişən bir parça torpaq, gah Allahın tək bir ibadətdən ötrü yaratdığı müqəddəs ulduz elan edən bu qəribə adamın, bütün qayda -qanunlarıyla insan ruhunu sistemli şəkildə məhv etməyə köklənmiş bu darısqal dünyada yaşadığına inana bilmir. Digər tərəfdən, şeiriyyətin ən ali pilləsində yazıb-yaradan, misraları, qədimdən qədim qərinələrin havasını axıdan bu Duyğular Sultanının bu qədər nəhayətsiz, ölçüyəgəlməz duyğular kəhkəşanını, hansısa ötəri altmış ilin ərzində əxz edib özününküləşdirdiyini düşünəndə, heyrətə gəlməmək olmur. Həmin bu sirli müəmmanı, eyni ilə həm də Vaqifin, yaşa dolduqca, kobudlaşıb qartımaq əvəzinə, gün-gündən nazilib incələn yeniyetmə qaməti, il-ildən seyrəlib nazilmək əvəzinə, gün-gündən qalınlaşıb uzanan şirəli saçları, yaşının sənəsinə uyuşmayan, özünün: «yeri səhv düşən bığları» hesab etdiyi qara, qalın qaşları, üzünün, körpə uşaq sevincini, bəzən, səbəbsiz qüssə dolu incikliyini qoruyub saxlayan ifadələri də yaradır.
Çəkisiz bədəninin pərvazlığından, ya bəlkə pərvazlı ruhunun çəkisizliyindən, az qala havayla yeriyən, əynindəki geyimləri, ən küləksiz havalarda belə, necəsə, öz-özünə dalğalanan, düz getdiyi yerdə yolunun səmtini qəfildən küləyin, ya başının üstü ilə üzən buludun istiqamətiylə dəyişən bu əbədi səyyahı şəhərin küçələrində, dənizkənarı parkda görənlər Füzulinin Məcnunu, ya da bəlkə də elə özünü xatırladan bu adamın, ölkənin, milli kəmiyyət strukturunu müəyyən edən sıravi Azərbaycan vətəndaşı omadığından, həmin dəqiqə duyuq düşürlər.

Göyüzündə qaça-qaça
hara gedir bu uşaq?!..
Bu uşaq hamıdan qoca,
xəbəri yox, qaçdıqca,
sınır göyü, sınır yolu,
xəbəri yox,
ürəyi sınıq segiylə,
ovcu sınıq göylə dolu.
Toxunuram sınıqlara,
sınıqlar quşlara dönür,
ürəyim bir ovuc dənə,
quşlar ürəyimə qonur
ürəyimi dənləməyə…

***

Dənizkənarı parkda Vaqifin öz iş otağı var. Bu - üst budaqları Vaqifi ən güclü yağışlardan, aşağı qolları xəzri küləklərdən qoruyan nəhəng palıd ağacıdır. Vaqif içi dəniz və palıd qoxulu bu sehrli otağa, nə palıd yarpaqlarının «xəfif pıçıltısını» dinləyib ilhamlanmaqdan ötrü, nə gözünün qarşısında dalğalanan «qəmli Xəzərin» «mivari köpüklü» sularını seyr edib vəcdə gəlməkdən ötrü gəlir. Vaqif bu «otağa» - tüksüz, lələksiz quş balası öz məhrəm, isti yuvasına sığınan tək sığınmaqdan, özünü, anasının, ya əziz dostunun, ya bəlkə yoldan ötən məhrəm baxışlı bir naməlumun ağuşuna, ya bəlkə Göy pillələrinin hansısa hücrəsinə salıb, orda dinməz-söyləməz əriməkdən ötrü gəlir…

Ölsəm, bir də min il sonra dirilsəm,
Bu dünyada hər şeyin sonunu bilsəm?!..

…Bir çölün düzündə bir qara kolla
qəflətən tapışıb qalsam baş-başa,
baş-başa qaldığım o qara kol da
kolluğundan çıxıb dönsə qardaşa,
nə desəm, nə sorsam, cavab yerinə
tikanlı üzünü sürtsə üzümə,
hər tikan ucundan, tikan canından
bir damla göz yaşı baxsa gözümə
bir dəniz də gəlsə, üzündə gəmi,
hey sürtsəm üzümü divarlarına
uzanıb qollarım, bitib qollarım
dönsə o gəminin avarlarına,
sular qollarımı yuduqca yusa
saçlarım yosun tək axdıqca axsa…

Sonu, qurtaracağı olmayan bu misralar, olanların, ya olmadan, min ildən sonra ölüb, bir də dirilən şairin qəlbində baş verməkdən ötrü yol gələnlərin heç bir nəticəylə bitmədən, sonsuzluğa qədər elə beləcə, müəmmalı şəkildə havadan asılı qala-qala əvəzləməsiylə, insan ruhunun bu dünyadan əxz etdiyinin də beləcə - hər hansı məntiqi nəticəsi olmayan, ələgəlməz və izaholunmaz «duyğu hadisələrindən» savayı ayrı heç bir şey olmadığını aşkarlayır. Zahirən olduqca sadə, lakin düzgün dərk olunması üçün zəngin ruhi duyum tələb edən bu hisslər və duyğular çələngi, alt qatında dərindən-dərin ilahi hikmətlər gizləsə də, ifadə üslubu baxımından, su şırımı həzinliyi ilə könül oxşayan sadə və aydın şer dilində çatdırılır.
Bayatlının poeziyasına az - çox bələd olanlar bu şeiriyyətə, ölkə ədəbiyyatının qəbul olunmuş, ənənəvi şeir prizmasından yanaşmağın mümkünsüz olduğunu yaxşı bilirlər. O səbəbdən ki, Vaqif, adi, sıravi gözlə görülməyənlərin görkəmindən, duyulmayanların qoxusundan, izaholunmazların ağrısından yazır. Sıravi oxucuda, bəzən qızdırmalı adamın sayıqlamaları təəsüratını yaradan, əslində isə, şairin qəlbinin ən gizli hücrələrindən süzülüb gələn bu bənzərsiz duyğuların, insan ayağı dəyilməyən, hansısa tamam ayrı - səmavi ərazilərdən alınmasının özü də heyrət doğurur. Bu sayaq duyğuların hərfi mənada oxunması, insanın ürək döyüntülərini yaradan mənbəyin, hər hansı bir fizioloji səbəbə dayaqlanan tibbi-elimi məntiqlə əlaqələndirilməsi qədər mümkünsüzdür.
Bu şair mümkün qədər ehtiyatla oxunulmalı, hələ kəşf olunmamış, yamyaşıl qitə kimi öyrənilməlidi.
Şairin poeziyasında kifayət qədər rast gəlinən «min illər», «milyon illər» ifadələri də eynilə beləcə, uydurmaçılıqdan, xəyalpərvərlikdən uzaqdır, onun gündəlik həyatı boyu dəqiqəbədəqiqə yaşadığı real dünyaduyumu, bir vaxtlar yaşayıb ilahi eşqlə yaralandığı uzaq, qədim qərinələrin xatirəsidir:

Min ildi, milyon ildi
Sənə sarı qaçıram
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?!..

…Bütün vücudu və ruhuyla İlahiyə daim beləcə can atan Vaqifi, yolundan heç nə saxlaya bilmədi. Nə bu dünyanın mal-dövləti, nə mal-dövlət adlandırdığımızın daha cazibədar qolu olan oğul-uşaq, nə şan-şöhrət azarı. Onun, ən mərhəmətli və səxavətli iş adamlarıının, cəfakeş oliqarxların cəngindən, ən qaynar alov dilimlərinin ağzından qurtulan tək, sivişib çıxmasının, ona xeyirxahlıq diləyən insanların, həyatına maddi yüngüllük, rahatlıq gətirə biləcək təkliflərini pərtlik dolu qaralmış üzüylə rədd etməsinin şahidi olanlar Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kəsin qüdrəti çatmadığını yaxşı bilir.
Vaqif Sözün xəstəsi, Onun quludur. Vaqifi, şer yazarkən misralarla, sözlərlə, halına, xasiyyətinə yaxından bələd olduğu məhrəm adamlarıyla rəftar edən kimi, xüsusi ehtiyatla dolandığını, onlarla məxsusi münasibətlər qurduğunu, qafiyəyə, düzümə yatmayan, zahirən sadəcə, hərflər yığımı təsiri bağışlayan bu nazlı canlılarla gizli sövdələşmələr apardığını, kim də bilməsə, mən yaxşı bilirəm. Bir sözün o biri sözün yanında hansı vəziyyətdə dayanmasından izaholunmaz zövq alan, hansı sözün hansı sözə daha çox yaraşdığından, hansının hansına kölgə saldığından günlərlə, bəzən aylarla əzab çəkən Vaqifin şeir yazmağı, nə qədər qəribə görünsə də, mənə daim, kimsəsizlər evində çalışan əzabkeş dayənin həyatını andırır. Vaqif, əslində, heç bir sözə oturmaq imkanı olmayan, izaholunmaz duyğularını, necəsə, ifadə edən bu sözlərə, sözün əsil mənasında dayəlik edir.


***

Vaqif Bayatlı bu gün Azərbaycanda ən çox tanınan və oxunan şairdir. Şerləri qardaş Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da və hətta uzaq Avstraliyalda da oxunur və sevilir. Lakin özünün və şeirlərinin ətrafında ildən-ilə cücərib yaşıllaşan bu kütləvi sevgi bizim Vaqifi ovutmur, onu, qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan ala bilmir, gözlərinin dərinliyinə həkk olunmuş kimsəsizlik qorxusunu yoxa çıxarmır.
Vaqifin daim oyaq qəlbini, əbədi ac ruhunu nə geniş xalq kütlələrinin məhəbbəti, nə əcnəbi millətlərin marağı, nə varlı mərhəmətlilərin köməyi doyura bilmir. Nə vaxtsa qədimdən qədim qərinələrdə yaralanmış bu zədəli Qəlbi yalnız bircə sevgi - nə vaxtsa, həmin uzaqdan-uzaq, qədim qərinələrdə ona: «Ol!..» - demiş və elə həmin an da gözlərinin dərinliyinə baxıb: Şair ol!.. - demiş Ən Uca Eşqin qənirsiz şüanı, səbəbsiz nisgillə boğaza dolan qəfil qəhəri andıran Sevgisi doyurur bircə...

Min ildi, milyon ildi,
bağlayıb yollarımı bir-birinin ucuna
gəlib çatdım axırı Sənin dar ağacına.
Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.
Boynum dincələn görüb tez vururlar başımı…
çiynim dincəlir, Allah…
Şükür, şükür, çox şükür, Sən yenə Göyüzündən
mənə sarı enirsən…
dünya sönüb itdikcə,
gözümə Sən görünürsən…

1 комментарий: