Y A T A Q X A N A
Məstan dedi: «belim ağrıyır…» Bütün bina bir ağızdan dedi: «can…»
Məstan səbir gətirdi, bütün bina dedi: «sağlam ol, Məstan».
Məstan öskürdü, bütün bina ona dava-dərman daşıdı. Məstanın arvadı xörək bişirdi, bütün bina onun xörəyini təriflədi, bəyəndi, bəyənmədi. Biri dedi: «…əcəb ləzzətlidir», o biri dedi: «…duzu çoxdur». Məstanın arvadı özünə çəkmə aldı, bütün bina «mübarək» dedi.
Məstanın uşağı həyətdə yıxıldı, bütün bina içini çəkdi…
Məstanın yaşadığı bina belə bina idi.
Məstana həmişə elə gəlirdi ki, evdə yox, küçədə, həyətin ortasında yaşayır. Evdə sərbəst hərəkət eləməyə qorxur, demək istəsəydini otuz dəfə ölçüb-biçir, götür-qoy eləyib sonra danışırdı. Məstangilin evi elə bil qulaqlı idi. İki dəfə dalbadal asqırsaydın, bütün qonşular bir-birinə dəyirdi, o günü gecəyə kimi zəngləşir, bir-birindən hal-əhval tuturdular. Odu ki, Məstan da, arvadı da, uşağı da özlərini ehtiyatla aparırdılar, bir-birilə evin içində də «bəli», «xeyr», «buyurun»la danışırdılar.
Evdə Məstan qalstukla gəzib-dolanır, oturub-duranda dönə-dönə üst-başını yoxlayırdı. Hətta gecələr də, bütün bina yuxuya gedəndən sonra da, yorğan-döşəkdə də Məstan özünü sərbəst hiss eləmirdi. Elə arvadı da çarpayıda o yan-bu yana çönəndə, üzbəüzdəki güzgüdən özünə, saçına baxırdı. Yayın cırhacır istilərində də heç biri üstünü açmağa, üstüaçıq yatmağa ürək eləmirdi.
Elə bil Məstangilin evlərində böyük bir kamera var idi. Bu kamera gecə-gündüz onları izləyir, hərəkətlərini, səslərini lentə yazıb elə oradan düz həyətə ötürürdü.
Təkcə Məstangil yox, bütün binanın sakinləri - yüz əlli ailənin yüz əllisi də bu gündə idi. Bəlkə də elə buna görə bu vaxta qədər bu yüz əlli mənzilin heç birində heç bir hadisə baş verməmişdi.
Məstanın bir qədər rahatlıq tapdığı yeganə yer öz iş otağı idi.
O hər gün idarəyə gəlir, kabinetinin qapısını o üzdən möhkəm açarlayır, keçib rahat kreslosunda əyləşir, ətrafına nəzər salaraq, kabinetinin tənhalığından qəribə bir zövq alırdı. Kabineti Məstan üçün yeganə xilas yeri idi. Bəzən ürəyi çırpına-çırpına otağına göz gəzdirib bu tənhalığın nə vaxtsa əldən gedə biləcəyindən gizli-gizli xoflanır, sonra bu qorxunc fikirləri özündən qovaraq, bu kiçik sığınacağından fərəhlənməklə məşğul olurdu: «…dörd divar, tavan, bir də mən…» Bu balaca otağın şirinliyi o qədər cazibədar idi ki, qınayan olmasaydı, Məstan yorğan-döşəyini də gətirib burada gecələyirdi.
Məstangilin üçotaqlı mənzilinin hər bir otağı, onun kabinetindən iki dəfə geniş və işıqlı idi. Bu otaqlar gözəl mebel dəstləriylə, rahat, yumşaq divanlar və xalılarla döşənməsinə baxmayaraq, Məstan niyəsə rahatlığını bu balaca dəftərxanada tapırdı və da, Məstanda qəribə, anlaşılmaz hisslər oyadırdı.
Bəlkə ona görə ki, Məstan fikirləşirdi, burda - öz balaca, kasıb iş otağında o, istədiyi kimi otura bilirdi?!.. Burda, məstan istəsəydi, ayaqlarını stolun üstünə qoyardı. İstədiyi qədəri, barmaqlarını şaqqıldadardı, lap paltarını soyunub şer də yazardı. Axı burda Məstanı heç kim görmürdü. Heç kim onun oturuşu-duruşu ilə bağlı öz rəyini bildirmirdi, əlavə söz soruşmurdu. Bu isə elə bir şey idi ki, lap dünyanın özünə dəyərdi.
Məstanın, hər səhər qapısı açıb içinə sevinə-sevinə daxil olduğu, dərindən nəfəs dərib fərəhləndiyi bu kabinet - texnikum yataqxanasının müdir otağı idi. Məstan da bu otağın «yiyəsi», yəni yataqxananın müdiri idi. İşinin öhdəsindən yaxşı gəldiyindən nə texnikum müdiriyyəti, nə də obirilər ona dəyib-dolaşmır, ilin axırı, səliqəylə yazıb doldurduğu hesabatını isə, oxumadan imzalayırdılar. Odu ki, bu sabit rahatlıqdan və iş birliyindən fərəhlənən Məstan hərdən bir, otağın qapısını o üzdən açarlayıb şer də yazırdı.
Evdə isə Məstan heç vaxt şer yazmağa ürək eləmirdi. Çünki bircə dəfə istirahət günü divanda oturub elə-belə şəkil çəkdiyinə görə, başı əməlli-başlı ağrımışdı. Düz iki saatdan sonra bütün bina onun şəkil çəkməyindən xəbər tutmuş, zənglər başlamışdı… Kimi təbrik eləyir, kimi onun bu yeni məşğuliyyətini ələ salıb dolayır, o birilərsə qorxunc maraq yanğısıyla, onun çəkdiyilə maraqlanırdılar.
Odu ki, həmin o şəkil əhvalatından sonra Məstanın gözü yaman qorxmuşdu. İndi Məstan şəkil çəkmək, kitab oxumaq istəyəndə tualetə girir, orda da çox otura bilmirdi. Bütün bina bir-birinə dəyib, Məstnın tualetdə, həddindən artıq oturduğundan narahat olurdu:
- Məstana nə isə olub.
- Bəlkə zəhərlənib?..
- Bəlkə soyuq dəyib?..
Məstan bu binaya evlənən gündən köçmüşdü. On altı il ailəsi ilə bir bu binada bir damın altında yaşamasına, oğlunun artıq on beş yaşı tamam olmasına baxmayaraq, arvadı ilə hələ də ilk dəfə görüşdüyü dövrlərdəki kimi, lap nişanlı vaxtlarındakı pərdələrlə dolanırdılar. Ürəyindən keçənləri bir-birinə deyə bilmir, acıqlarını da içlərində gizlətməli olurdular. Zarafat deyildi, dörd yüz adamın arasında ağzına gələni danışmaq, kefin istəyəni eləmək olmazdı.
Hələ bu on altı ildə, bircə dəfə də olsun, Məstan, arvadı ilə ürəyi istəyən zarafatı da eləməmişdi. Hərdən bir kefinin kök vaxtlarında, sevindiyindən tullanmaq, divara kəllə vurmaq istəyəndə, gizlin bir yer tabıb orda barmaqlarını gəmirir, hirslənəndə isə, göyərib qaralıa-qarala yatağına girib, yorğanın altında ağlamı olurdu. Dörd yüz adamın içində o yekəlikdə kişi sevincindən top kimi atılıb düşə, yaxud öz mədəniyyətsizliyini göstərə-göstərə, arvad-uşağının üstünə çığıra bilməzdi axı. Onda bütün bina gülməkdən, yaxud təəccübdən lərzəyə gəlib, Allah bilir, lap sökülərdi
Axı eyvanları qonşu eyvanlara bitişik idi və bütün binada olduğu kimi, onların da eyvanlarının arası qapıyaoxşar taxtalarla ayrılırdı. Odu ki, günün günorta çağı, ya da gecənin bir aləmi Məstan bir də görürdü, hansısa qonşunun uşağı mətbəxlərində marçamurçla su içir, yaxud əllərini yuyur. Ya da bir də görürdü, kimsə eyvanlarında paltar sərir, yaxud hamamda ağları suya çəkir.
Odu ki, bu on altı ilin ərzində Məstanın, illər boyu üst-üstə yığılan sevinci, acığı üst-üstə yığılıb ağır, qənbər daşa dönmüşdü, içinin şansısa dərinliklərində, ürəyinin başında yatmışdı. Odu ki, Məstan hələ lap cavan yaşlarından ürək ağrılarına görə cibində validol, ya volokordin gəzdirir, içindəki bu ağır yükdən xilas olmağın yolları barədə fikirləşirdi. Bir də əslinə qalsa, son vaxtlar daha nə arvadıyla, nə də oğluyla nə haqdasa danışmağa ehtiyac da yox idi. Arvadı bütün dərd-sərini qonşu qadınlarla bölüşür, öyrənəcəyini onlardan öyrənir, deyəcəyini onlara deyir, oğlu binanın uşaqları ilə oturub-durur, gecə-gündüz evdə tapılmır, olsun ki, o da hansı qonşununsa mənzilində su içib tualetə gedirdi.
Qonşular qollu-budaqlı çay kimi Məstangilin evinin arasıyla o yan-bu yana axır, onlaro, bir-biriylə danışmağa, bir-birinə baxmağa belə macal vermirdilər.
İllər keçdikcə, Məstan bu binaya da, bu gurşad həyatına öyrəşirdi. Hətta gecələr işıqlar sönəndə də, öz yorğan-döşəyində də belə, Məstan özünü bütün qonşularla hamılıqla bir yerdə hiss edir, hətta yuxularında da özünənəzarəti əldən vermirdi.
Məstanın işlədiyi yerlə evi arasında əslinə baxsan, elə bil bir o qədər də fərq yox idi. Ora da yataqxanada idi, bura da. Bircə fərq orasındaydi ki, yataqxana sakinləri ilbəil dəyişirdi, bu «yataqxanadakılar» isə binanın əbədi sakinləriydi.
Lakin bəzən, xüsusən gecələr, bu haqda, nə iləsə əlaqədar ayrı cür fikirləşəndə, Məstanı dəhşət bürüyürdü. O səbəbdən ki, bütün götür-qoylarından sonra Məstan qəfildən necəsə anlayırdı ki, onun bu yer üzündəki həyatı, illlər ötsə də, o qocalıb əldən düşsə də, elə bu cür - sərbəstliyə, azadlığa tamarzı qaldığı bu yataqxanada keçəcək. Məstanın bu gecə düşüncələrinin ən qorxunc məqamı isə, bu həyatın sonluğu olurdu. Bütün hesablamalara görə, o, öləndə də qonşuları ilə bir yerdə olacaqdı. Çünki ötən həftə, üzbəüz blokun dördüncü mərtəbəsində yaşayan qonşunun arvadı, yaxın günlər qonşuların, yerli icra hakimiyyətinə, binaya, «Qardaşlıq məzarı» adı altında xüsusi torpaq sahəsinin aırılması üçün müraciət etmələrini ağzından qaçırmışdı. Bu xəbər Məstanı qorxutmuşdusa da, onun, nə vaxtsa qonşulardan tamam ayrı bir yerdə - uzaq, sakit bir qəbiristanlıqda sakitcə tirlənib qala bilməsini, qonşularınsa, heç nə olmayıbmış kimi, öz evlərində, əvvəlki kimi sakit yaşamasını da təsəvvüründə canlandıra bilməmişdi.
Məstangilin binası zahirən də yataqxananı xatırladırdı. Fərq bircə bundaydı ki, bu «yataqxananın» müdiri yox idi.
Bütün mənzillərin çölü də, içi də bir-birinin eyni idi. Hər birinin tavanın asılmış eyni çilçıraqla, eyni mebel dəstləriylə də bir-birinin davamına, ucu-bucabı olmayan nəhəng, çoxotaqlı mənzilə bənzəyirdi. Bu möhtəşəm eyniliyin səbəbi isə, hər bir mənzilin içinin və çölünün qurulmasına dörd yüz adamın qiymət və göstəriş verməsi idi. Bütün mənzillərdə servant, içində mütləq bahalı qab-qacaq, heç olmasa, dörd-beş büllur qab, mütləq çini çay servizi və sair. Bu cür servant bu binanın etiketi idi. Bu binada qonaq otağını ayrı cür bəzəmək - biədəblik, yaxud qanunsuzluq idi. Qonaq otağının ayrı mənzərəsi, məsələn, servantsız olması, bu binada, təxminən ailənin başçısız olması qədər faciəvi və mümkünsüz bir məsələ idi. Qəribəsi də bu idi ki, illər ötsə də, öz məişət yararsızlığını sübuta yetirsə də, bu servantlar bu binada heç kimi bezdirmirdi. Elə bil servantı da, binanın bir divarı kimi dövlətdən təhvil almışdılar. Binanın növbəti mütləq atributu rəngli televizor idi. O səbəbdən ki, dörd yüz adam heç cür bir-iki mənzilə yerləşə bilməzdi. Məstangilin binasında isə biri rəngli, o biri rəngsiz televizora baxa bilməzdi. Əvvəla, heç kimin buna ürəyi gəlməzdi ki, özü rəngli televizora baxsın, qonşusu rəngsizə. Bir də, bu binada gərək heç kim o birindən nə əskik, nə də üstün olaydı. Binanın qanununa görə, burda hamının payı bərabər olmalıydı. Hamı eyni qədər sevinib, eyni miqdarda həzz almalıydı, eyni qədər kədərlənib eyni qədər ağlamalıydı.
Bu qarşılıqlı həssaslıqdan, məhəbbət və qayğı fəvvarəsindən son vaxtlar Məstanın ürəyi bulanmağa başlamışdı. Axı bu bitib-tükənməz, məcburi mehribançılığın səbəbi nə idi?!.. Bu xəstəhal qayğıkeşlik nəyə lazım idi?!..
Bu haqda Məstan, yalnız işdə, öz balaca kabinetində, sərbəst olan məqamlar fikirləşməyə imkan tapırdı. Bəzən də öz suallarına hardansa elə cavablar tapıb verirdi ki, oturduğu yerdə əsəbiləşib özündən çıxır, hardansa əlinə keçən qovluqları stolun üstünə çırpıb otaqdan çıxır, bir müddət özünü, yataqxananın yarıqaranlıq dəhlizində o baş-bu başa var-gəl edə-edə siqaret çəkməklə sakitləşdirirdisə də, qəfildən elə orda da, səhər-axşam evinin içini işıqlandıran qayğıkeş «projektorların» bu dəqiqə onun beynindən keçənləri də binaya yayımlamasından xoflanır, özünü ələ alıb, tələsik otağına qayıdırdı.
Məstangilin binasının xəstəhal qayğıkeşliyi, inadkar mehribançılığı, illər keçdikcə, səngimək, soyumaq əvəzinə, gün-gündən elə bil bir az da şiddətləniri. Bəzən, xüsusən istirahət günləri Məstana elə gəlirdi ki, qonşuların mehribançılığından bina asta-asta yırğalanmağa başlayır, mənzillər və eyvanlar, həyətin qarajları belə tədricən, yırğalana-yırğala bir-birinə yaxınlaşır, divarlarını əridə-əridə, vahid, möhtəşəm bir əraziyə çevrilir...
Binanın bu «nümunəvi» mehribançılığı həyətin itlərinə, pişiklərinə də sirayət etmişdi. Adətən bir-birini didişdirən bu cığal küçə heyvanları da, son vaxtlar səhərdən axşamadək bir-birini duz kimi yalayırdılar.
Məstanın vəziyyəti bir də ən çox yayda çətinləşirdi. Çünki Yay fəslində bomboş boşalan yataqxanada iş tapmayan Məstan, vaxtının əksər hissəsini evində - həmin bu «mehriban qonşuluq şəraitində» keçirməli olurdu. Odu ki, bu dəfə, növbəti «yay faciəsindən» qurtulmağın yolları barədə Məstan bütün ili müxtəlif planlar cızmış, çox götür-qoydan sonra, yayın ən «ölü», binanınsa əksinə ən diri vaxtlarında, on-on beş günlüyə bu hay-həşirdən uzaq, skit bir guşəyə - bacısıgilin, Apşeronun səfalı guşələrindən birində yerləşən bağına köçməyi qərara aldı.
Bağ əhvalatından xəbər tutan qonşular düz bir ay onları «yola saldılar», binanın az qala bütün mənzillərində, bu müvəqqəti ayrılığın «həsrətini ovudan» məclislər quruldu, bütün bina onlarla görüşüb-öpüşüb ağlaşdı və səhəri gün Məstangil nəhayət ki, bağa köçdülər.
***
…Məstan bağın darvazasından ayağını içəri qoymağıyla, müvəqqəti də olsa, axır ki, doğma bir yerə gəlib çıxdığını anladı və sevindiyindən əlindəkiləri qapının ağzındaca yerə buraxıb, evin qarşısında ucalan nəhəng tut ağacına dırmaşdı və quşlar həzin-həzin cükküldədikcə, günəşin ilıq şüalar boynunü, qollarını sığalladıqca, budaqlarda hələ də tək-tük saralan tut qurularından yığıb yedi. Tut mərasimi başa çatdıqdan sonra yerə enib şalvarının balaqlarını dizəcən qatladı, corablarını ilıq qumun üzəriylə ayaqyalın gəzməyə başladı. Çoxdan idi, Məstanın yekə ayaqları, qış-yay çəkmə-corabın içində tərləyib qabar ata-ata, yetişmiş soğan başlarını xatırladan əyri barmaqları hava, gün üzü görmürdü. Evin arxa tərəfindəki hovuza çatanda isə, Məstan ağlını lap itirdi, əynindəkiləri, hovuza çatar-çatmaz soyunub özünü soyuq suya atdı. Orda ürək genişliyi ilə o baş-bu başa üzə-üzə xoşbəxtliyin nə demək olduğu barədə uzun-uzadı fikirləşdi. Sonra fıştırıq çalmağa başladı və çala-çala fikirləşdi ki, bax, indi burda, bu gözdən-könüldən uzaq günəşli bir ərazidə ondan heç kəs, heç nə soruşa bilməz. Heç kəs burnunu eyvandan çıxarıb, mədəniyyət xatirinə saxta təbəssümlə gülümsəyə-gülümsəyə:«Xeyir ola, ay Məstan, fışdırıq çalırsan?» - deyə bilməz. Yaxud, ayaqyalın gəzdiyinə görə, bir köpəyoğlu gözlərini bərəldib, öz əttökən məsləhətlərindən yağdıra bilməz. Bu fikirlərdən Məstan bir az da ürəklənib mahnı oxumağa başladı:
Səni mənə verməzlər, aman, sarı gəlin…
Aman, sarı gəlin, aman, sarı gəlin…
Arvadı bir də onu gördü ki, Məstan quş kimi qonub ağacın ən uca budağına, səsi aləmi götürüb. Arvadı ha qışqırdı, ha ağacı tərpətdi, Məstan eşitmədi. Oxumaqdan Məstanın gözləri böyüdü. Böyüyüb hərəsi gavalı boyda oldu. Üzü şişib, təzə çörək kimi qızardı. Məstan hey oxudu, oxudu… Sonra necəsə, oxuya-oxuya, bütün damarlarından, az qala iliyindən süzülən uzun illərin ağrı-acısının, torpağın nəmliyinə, ağacların yarpaqlarına hopduğunu öz gözləriylə gördü, içinin qəribə bir yüngüllüklə boşaldığını, rahatlandığını hiss elədi.
Həmin gün Məstan, səsi batanacan oxudu.
Elə həmin gün də arvadı, Məstanın hələ bu vaxtacan görmədiyi sifət çıxartdı, hikkədən gözləri bərələ-bərələ, bu on altı ilin ərzində dişinin dibinə, ürəyinin başına yığılanların hamısını birdən dedi. Məstan da, baxmayaraq ki, heç yeri qaşınmırdı, pərt-pərt əvvəl qarnını, sonra başını qaşıdı. Sonra Məstanın, əsəbilikdən, ya nədənsə əlləri gicişdi və Məstan əllrini bir-birinə sürtə-sürtə qaşıdı. Zarafat deyildi, arvadının üzünün şişib bu gökə düşməyini, gözlərinin qan çəkib bərəlməyini Məstan, bu on altı ildə birinci dəfə görürdü. Arvadının ağzının əməlli-başlı iri olduğunu da Məstan, niyəsə elə həmin günün axşamı gördü. Elə həmin axşam da, Məstanın arvadı, hikkədən üfürülüb açılmış burun pərələri ilə ona, hansısa dəhşət - filmində gördüyü əjdahanın üzünü xatırlatdı.
Səhəri gün isə, Məstanın, dərslərindən həmişə beş alan, adı, məktəbin şərəf lövhəsindən düşməyən oğlu, bağın arxa tərəfində əlinə keçən iki pişiyin quyruğunu bir-birinə bağlayıb, yazıq heyvanların quyruqlarını odladı… Pişiklərin, bağları başına götürən çığırtısı Məstanı, bağın ağaclıq hissəsində asılan tor yelləncəkdə yatdığı yerdə, öldürücü elektirk cərəyanı kimi vurdu... Bir gün sonra isə, Məstanın mədəni tənbehlərindən heç bir nəticə çıxarmayan uşaq, qonşu bağda kiminsə toyuğunu hovuzun içinə salıb boğdu.
Günlər bir-birini əvəz etdikcə, havanın temperaturu gündən-günə yüksəldikcə, Məstanın arvadının da, oğlunun da başı elə bil xarab oldu, gah oğlu, gah da arvadı hər gün xoruz səsi eşitməyən əcayib hoqqalar çıxarmağa başladılar. Vəziyyət gün-gündən çətinləşirdi. Arvadı ifritəyə, oğlu, dəli keçiyə dönüb, bağı bir-birinə qatıb-qarışdırırdılar. Arvadı günlərlə əlinə daraq almır, paltarını həftələrlə dəyişmir, əlinə keçəni əyninə geyib kəndin küçələri ilə tum çırtlaya-çırtlaya gəzirdi.
Məstan bir də baxıb gördü ki, arvadının yerişi də dəyişib, duruşu da. İndi arvadı güləndə, niyəsə Məstanın canına üşütmə düşürdü. Arvadı yeridikcə, yerin tozunu göyə qaldırırdı. Oğlu da düz divara dırmaşırdı, qurda dönüb bağı gəmirirdi, söz də deyəndə, ona da, anasına da kobud cavablar verirdi. Oğlunun əlindən bağda it-pişik qalmamışdı, yazıq heyvanat onun əlindən qaçıb dəlmə-deşiklərə soxulmuşdular.
Məstan başını itirir, gecələrlə sübhəcən yuxusu ərşə çəkilə-çəkilə, düşdükləri bu qəribə vəziyyət səbəblərini arayıb axtarırdısa da, aydın bir nəticəyə gələ bilmirdi. Yuxu görürdü, nədi?!.. Sərbəst, rahat həyat dediyi, bu idimi?..
Bir gün oğlu yenə dəli keçiyə dönüb bağı gəmirirdi. Məstanın da hövsələsinin lap dar vaxtıydı. Bürküdən gözləri qarala-qarala, arvadının, çırpıb sındırdığı qapının qulpunu düzəldirdi. Qızmar gün şüalır da bir yandan kürəyinin ortasına şığıyıb dərisini yandırırdı…
Elə bu vaxt, bağın dərinliyindən qalxan qəfil hay-küy Məstanı işindən ayırdı… və Məstan bir də onu gördü ki, oğlunun iki qulağından yapışıb uşağı silkələyə-silkələyə… gözləri qarala-qarala, səsi gəldikcə bağırır...
Nə elədiyini anlamırdı… özünü, əsəbdə, ya nədənsə güclənmiş qollarını dayandıra, saxlaya bilmirdi… oğlunun qollarını dişləyib, qulaqlarını burduqca, yanaqlarını çimdikləyib qarnını təpiklədikcə, elədiklərindən özü də vahiməyə gəlirdisə də, heç cür dayana bilmirdi… Ha istəyirdi dayansın, nəfəsini dərsin, əlləri, ayaqları dinc durmurdu… Arvadı da nə qədər eləyirdisə, Məstanın əl-qolundan yapışıb qışqıra-qışqıra ağlayıb yalvarırdısa da, onu saxlaya bilmirdi…
Oğlunun səsi bağları başına götürmüşdü:
- Ay papa, öldüm!!! Vurma, ay papa!!!
Məstansa vurmaya, dişləməyə bilmirdi. Vurub dişləməkdən, çimdikləyib çalxalamaqdan yorulmmaq, doymaq bilmirdi… Sonra Məstan bir də baxıb gördü, necəsə, haçansa atılıb oğlunun belinə minib… dişlərini uşağın qulağının ətinə keçrib, həzzdən, acı nəşədən coşa-coşa səsi gəldikcə bağırır…
Arvadı əlacsız qalıb qonşuları köməyə çağırdı:
- Ay camaat!.. Öldürdü!.. Qoymuyın!.. Kişinin ağlı çaşıb, qoymayın!.. - deyib səsi gəldikcə bağırdı.
Məstanın arvadı başını itirmişdi… Bu on altı ilin ərzində uşağa bircə çırtma da vurmayan, sözunu də pərdəylə, utana-utana deyən ərinin indi birdən-birə nəhəng, quduz gəmiriciyə çevrilməsindən donuxub qalmışdı.
Məstan oğlunun kürəyində bütün bağı dövrə vururdu. Uşaq hara qaçdığını özü də bilmirdi. Kürəyində, bar-bar bağırıb bədənini göyərdən atasının, bir də qollarında, qulaqlarında göynənən ağrının əlindən qaçıb qurtarmaq istəyirdisə də, ayaqları, quyruqlarını bir-birinə düyünlədiyi pişiklərə dolaşıb onu dəqiqədə bir büdrədirdi.
Məstan özü öz vəziyyətindən elə bil havalanmışdı. Elə bil nə vaxtdan bərisə içində yaşayan, bu on altı ili xırda-xırda boy atıb böyüyən əjdaha oyanmışdı.
Qonşular köməyə gələndə, Məstan hələ də oğlunun kürəyində idi. Uşaq üzü üstə yerə yıxılıb heysiz-heysiz zarıyırdısa da, Məstanın ürəyini soyuda bilmirdi.
Məstanın arvadı kənarda dayanmışdı, üzünü tut ağacının gövdəsinə söykəyib səssizcə ağlaya-ağlaya havalanmış ərinə baxırdı. Oğlunun döyülməyindən çox, deyəsən, ərinin havalanmasından qorxmuşdu.
O gecə nə Məstan, nə arvadı, nə də oğlu səhərəcən yata bilmədilər. Oğlunun qulaqları, burnu şişib göyərmiş, qollarını, kürəyi Məstanın ağır zərbələrindən qançır olmuşdu. Uşaq səhərəcən o yan-bu yana çön-çönə zarılıqca, Məstanın ürəyi ağrıyır, arvadı isə gözünün yaşını tökdü.
Məstanın vəziyyəti hamıdan betər idi. Bir yandan bayaqkı hərəkətinə görə xəcalət çəkirdi, o biri tərəfdən, oğluna ürəyi ağrıyırdı. Bir yandan da, bu vaxta kimi oturub-durub arzuladığı, heç olmasa on-on beş günlük ailəsi ilə təklikdə keçirmək istədiyi sərbəst həyatın bu qədər qorxunc, təhlükəli olduğundan dəhşətə gəlirdi.
Məstan bütün gecəni çox fikirləşdi və bu qərara gəldi ki, nə qədər gec deyil, səhərin gözü açılan kimi, evlərinə qayıtsınlar.
Səhəri gün Məstangili yığışıb şəhərə - evlərinə qayıtdılar.
Evlərinə çatan kimi bütün bina onlara axışdı. Hamı Məstanın oğlunun göy qulaqları ilə maraqlandı. Dedilər, guya uşaqlarla dalaşıb. Onda bütün bina bir ağızdan «can…» dedi. Sonra bir həftə gecə-gündüz onlara dava-dərman, ləzzətli yeməklər, mer-meyvə daşıdılar. Oğlunun «keçiliyi» həmin gün keçib getdi. Uşaq dönüb əvvəlki tərbiyəli, utancaq oğlan oldu. Kimi gördü, utanıb tər tökdü. Arvadının qırışığı da, evə gəlib çatan kimi açıldı, ağzı kiçildi, burun pərələri yerinə oturdu, onun buyruqlarına əvvəlki ədəblə: «bəli», «buyur»la cavab verməyə başladı.
Hamı rahatlanıb özünə gələndən sonra Məstan eyvana çıxıb dərindən nəfəs aldı, şəhəri bürüyən çoxmərtəbəli binalara baxa-baxa, neçə illərdən bəri gördüyü şəhəri elə bil birinci dəfə gördü və birdən-birə, bütün bu, zahirən boz binaların, əslində, onların binası kimi, mehbibançılıq və birlik ənənələrini özündə yaşadan yataqxanalar olduğunu anladısa da, bu fikirdən niyəsə yenə ürəyi sıxıldı.
1983
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 2 апреля 2008 г.
на 4:28
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий