O MƏNİ SEVİR…
(iki hissəli qurtuluş cəhdi)
İştirak edirlər:
Ayom – insandan çox, canavara bənzəyən, hərəkətləri, yaydan atılan oxu, göydə iti sürətlə axan od parçasını andıran, peşəsi və yaşı naməlum qadın.
Ayna – nə iləsə Ayoma bənzəyən, üzü və hərəkətləri quşu andıran, yaşı və peşəsi naməlum qadın.
Abd – ucaboy, arıq adam.
Naməlum kəs – dirijor, yaxud lakey kostyumunu xatırladan ağ – qara geyimli, üzü, ağ – qara qrimli əcayib insan.
PROLOQ
Bilinər-bilinməz aramlılqla hərlənən yarıqaranlıq, sferik məkan. Məkanın bir tərəfində - alabəzək jurnal mizi, mizin üstündə, müasir dəbli telefon, son dəbli stolüstü lampa görünür. Bu, Aynanın yeridir.
Məkanın əks tərəfində – şəffaf jurnal mizi, mizin üstündə, şəffaf telefon və şəffaf stolüstü lampa görünür. Bu, Ayomun yeridir.
Məkanın tən ortasından, tavandan, hər iki məkanı bir – birindən sərhəd kimi ayıran elektrik şnuru, şnurun ucundan lampa asılıb.
Ayom – üzü tamaşaçılara, digər tərəfdə Ayna – arxası tamaşaçılara əyləşib. Onlar telefonla danışır. Aynanın yanında Abd görünür. Onun oturduğu, ya ayaq üstə dayandığı, ya hardansa asıldığı, daim dəyişən işıq və kölgə əvəzlənmələrində anlaşılmır...
Əvvəlini eşitmədiyimiz söhbətlər – boşluğu, hava sovrulmasını andıran əcayib, sirli səslərin fonunda gedir.
Ayom: (çaşqın) … Bu, mənim günahım deyil... Günah onlardadı... (səsi enir,
tamaşaçılara) Mənim ağlıma da gəlməzdi ki…(fikrə gedir)
Ayna: (təmkinlə) Yenə şişirdirsən. Bu, sənin çoxdankı adətindi. Bu cür adlı-sanlı, hörmətli qadın… belə balaca, əhəmiyyətsiz bir şeydən ötrü… bu qədər…
Ayom: (sözünü kəsir) …Yox, məsələ onda deyil. Məsələ bundadı ki… (əsəbi gülüşlə) …mən Onu orda saatlarla gözlədim… Dəhlizdə!..
Ayna: (sakit) …Nolsun ki?.. Burda nə var axı?..
Ayom: (onu eşitmir, vahim içində) …Bir ordu adamın içində!…
Ayna: Yenə adamlar… Yenə ordular…Sənin əzəli və əbədi xəstəliyin. Axı o dəfə danışdıq, aydınlaşdırdıq ki, biz hamımız insanıq. Sən də, mən də adamıq.
Abd: Mən də adamam…
Ayom: (onu eşitmir) …Sən bir təsəvvür elə: mən gözləyirəm… Arada bir qapını açıb: “Noldu, hələ çox qalıb?..” – deyirəm. Onlarsa, “Gözləyin…” – deyirlər. “Gözləyin”, vəssalam… Mənsə… (birdən elə bil boşluğa düşür, vahimə içində özünü qucaqlayır)…orda… o adam axınında… o qədər gözlədim ki…
Ayna: (bezgin) Yenə başladın?.. Yenə məni üzürsən…
Ayom: (onu eşitmir, ovsunda) …Mən orda… hiss edirdim… (susur, vacib olan nə isə deyən təki) …Hiss edirdim ki, adamlar böyür-başımdan ötüb-keçdikcə mən… tədricən… yavaş-yavaş, harasa, ha yanasa sovruluram… Ha tərəfəsə çəkilirəm… (səsi enir, tamaşaçılara, birnəfəsə)…Yan-yörəmdən müxtəlif növ cücülərə, əcayib bitkilərə bənzər adamlar keçir düymə gözlərini üzümə zilləyirlər…
Ayna: (Ayomun təbiri ilə) «Zilləyirlər!» (tamaşaçılara) Demir ki, (məlahətlə) «baxırlar», «nəzər salırlar…»
Ayom: (susur, qəfildən həyəcanla) Onlar mənim böyrümdən yox… (əlini mədəsinin üstünə qoyur, günahkar səslə) …bax buramdan keçib gedirdilər… (səsi inamlı olur) Burdan!..
Abd: (boşluğa) …Ordan adamlar keçir…
Pauza. Nəyinsə burulduğunu, dağılmaq, sökülmək ərəfəsində olduğunu andıran səslər. Bu səslər Aynanı yerindən oynadır, ona əzab verir. Ayom hələ də nə isə deyirsə də, dedikləri anlaşılmır.
Ayna: (az qala ağlaya-ağlaya, səslərin fonunda) Sən… yenə niyə belə eləyirsən?.. Yenə o sözlərdən deyirsən. Mən onlardan qorxuram. O dəfə dedim axı sənə!.. (xoflu) Sənin bu sayıqlamaların məni əldən salıb!.. Dediklərin… (sözünü kəsir, qəfildən nəyisə anlayır) …Yox-yox, səsin… Sənin səsin…(üzü, harasısa ağrıyırmış kimi büzüşür)…həmişə mənim haramasa… (əlini ehtiyatla bədəni boyu gəzdirir) …ilişib qalır. Sonra o biri günlər… ta o biri günlər, elə hey ha tərəfimdənsə bitir. Göbələk kimi… yara kimi…
Ayna danışdıqca, Ayom ayağa qalxıb ona sarı gedir. O, getdikcə, tədricən məkana sirli qaranlıq çökür. Hardansa sızan zəif işıq seli. Ayna dəstəyi qoyub ayağa qalxır. Səslər dəyişir. Qadınlar işıq bərqində nəyinsə, haranınsa astanasında dayanan təki üzbəüz dayanırlar.
Ayom: (əli mədəsində, məkrli inadla) Onlar burdan keçirlər!.. Bir – bir!… Növbə ilə!..
Ayna: (vahimə içində Ayomu özündən kənara itələyir, qəfildən kəskin) Mənə nə?..
Ayom: (çaşqın) Sənə?..
Ayna: (daha sərt) Bura bax, nə istəyirsən məndən, hə?.. Nə vermisən mənə, ala bilmirsən, hə?.. Niyə məni yaşamağa qoymursan?.. Axı mən…
Ayom: (Aynanın yaxasından yapışır) Sən… nə dedin?.. Mən səni yaşamağa…
Ayna: Bəli!.. Sən!.. Məni!..
Qadınlar işıq bərqində vurnuxurlar.
Ayom: (Aynanı fəndlə yerə sərib üstünə çıxır) Sən… Sən mənimlə heç vaxt belə danışmırdın… İndi noldu, hə?.. Özünü nə hesab etdin?..
Ayna: Burax məni!.. Sən xəstəsən!.. Ruhi xəstə!.. Bunu özün də bilirsən!.. Hə-hə… bilirsən!.. Məni də öz gününə qoymaq istəyirsən!.. (qəti) …Alınmayacaq!..
Abd təmkinli addımlarla vurnuxanlara yaxınlaşır. Əvvəl elə bil onları ayırmaq istəyir, sonra elə bil vurnuxmanın sehrinə düşür. Hər üçü vurnuxur.
Abd: Əzizlərim, lazım deyil. Belə olmaz. Olmaz axı…(qəfildən bərkdən) Qaydaları pozmaq olmaz!..
Ayna: (vurnuxur) Adama neçə dəfə deyərlər, demə o sözləri mənə!!! “Burdan adamlar keçir, orda çaqqallar ulayır…” Nəyimə lazımdı, hardan kimlər keçir?!. Ümumiyyətlə… (Ayomu üstündən itələyib ayağy qalxır) Bəsdir daha!.. Nə vaxta qədər məni bu “izaholunmazlarınla” yoracaqsan?..
Ayom: (sıçrayıb yenidən onun yaxasından yapışır) Yoracağam?.. Sən yenə
o sözü dedin?..
Ayna: (üsyankar) Bəli!.. Həmin o sözdü! Yo–ra-caq-san!.. Sən məni yorursan!.. Mən yorulmuşam!.. Bezmişəm!..
Ayom: (əsəbi və çaşqın) Bezmisən?.. Axı mən… Axı sən… Sən ki, özün… Həmişə özün deyirdin ki…
Ayna: (vurnuxur) …Nə deyirdim?..
Ayom: (qəddar səslə) …Deyirdin ki, yaşaya bilmirsən… Bəli, bəli, bunu sən deyirdin!.. Özü də dəfələrlə!..
Ayna: (vurnuxur) Deyirdim, deməmiş olum!
Ayom: (onu eşitmir, nəfəsi təngiyə-təngiyə) Deyirdin, həyat başdan-başa mənasızlıqlarla doludu… Səhərlər, robot kimi işə gedirsən, axşamlar, gözünü döyənək edən evinə qayıdırsan, hamamxanada əl-üzünü yuyub, bişirdiyin hər günkü dadsız yeməklərdən yeyirsən, sonra yerinə girib yuxunun gəlməsini gözləyirsən, sonra yatırsan...(Aynanı silkələməkdən usanıb geriyə itələyir, ovsunda, öz-özünə) Səhəri gün də elə… O biri gün də elə…(tamaşaçılara, ovsunda) …Yuxuda da eləcə... İşə gedirsən, evə qayıdırsan… işə gedirsən, evə qayıdırsan…gövşəyirsən, yatırsan, sonra yenə işə gedirsən, yenə evə qayıdırsan… əl-ləri-ni yuyub göv-şəyi-rsən…yerinə girib yuxunun gəlməsini gözləyirsən…səhər yenə…
Abd ehtiyatla Ayomun çiynindən tutub yerinə qaytarmaq istəyirsə də, onu yerindən tərpədə bilmir.
Ayom: (ovsunda) …bu yeknəsək yöndəmsizliyin içində başını itirirsən…
Abd: (Aynaya, sərt) O olmayan başını!..
Ayom: (hələ də ovsunda)…bu dadsız, məzmunsuz həyatından yorulub əldən düşürsən... boğulub ölürsən…(ayılır, Aynaya) İmdad diləyirdin!..
Ayna: Kim, mən?..
Ayom: ( sərt) Bəli, sən!.. (çönüb iti addımlarla yerinə qayıdır)Mənsə səni özüm bildim.. Yazığım gəldi. Gör bir kimə yazığım gəlib. Hissiz, beyinsiz müqəvvaya! (qəfildən geriyə, Aynaya sarı çönür) Yox-yox, cansız, soyuq güzgüyə!..
Aynaya baxa-baxa müxtəlif pozalar alır. Ayna da biixtiyar onun hərəkətlərini təkrarlayır.
Ayom: Ay yazıq… Amma unutma: kənara çəkilsəm, heç nəsən!..
Ayna: (Abda) Kim, mən?..
Abd: (əsəbi) Bəli, sən!..
Möhtəşəm qapı cırıltısı səsi... Hər üçü, səs gələn səmtə boylanır. Pauza. Cırıltı səsi əcayib musiqi ilə əvəz olunur. Ayna başını aşağı salıb, müti yerişlə yerinə qayıdır. Abd təzim edib harasa geriyə çəkilərək gözdən itir. Ayom ovsunda, nə isə axtaran təki, məkan boyu vurnuxur. Onun bu vurnuxmasından, məkanın özü əsib yırğalanmağa başlayır… İşıq avazıyır və sönür.
I HİSSƏ
Qaranlıqda, telefonla danışan çoxlu adam səsləri eşidilir. Sözlər anlaşılmasa da, hiss ollunur ki, nəyinsə mübahisəsi, gərgin araşdırmaları gedir. Tədricən danışıqlar vəhşi kakafoniya halına gəlir və bir adamın çığırtısına çevrilir. Çığırtının kuliminassiya nöqtəsində, heçlikdən Abd peyda olur və səslər kəsilir. Qadınlar danışdıqca, hərə öz lampasını yandırıb-söndürür.
Ayna: (əsəbi) …Sənin son hərəkətlərin… (səsi qəfildən dəyişir) …Mən başa düşürəm, belə adamlar var. Elə adamlar var ki, onlar hər şeyi bir qədər fərqli görürlər. Yəni hamının görə bilmədiyi kimi. Bu, əlbəttə ki, xoşbəxtlikdi, səadətdi…
Ayom: Nə?..
Ayna: Sənin kimi yaşamaq. Bütün bu mənasızlıqlardan yuxarılarda. Elə bil guya burda, əslində isə… (söz axtarır) …hardasa ayrı yerdə. Amma axı mənim günahım nədi?.. Mən… Mən ki, sən düşdüyün… ya qalxdığın o yerlərə qalxıb-düşə bilmirəm. Mənim buna, sadəcə gücüm çatmır. Qorxuram…
Ayom: Qorxursan?.. Nədən?..
Ayna: Nədən?.. Səndən.Son vaxtlar sən elə şeylər edirsən ki, buna… (susur) Heç bilmirəm, buna nə ad vermək olar?.. …Bax elə o gün… O nə idi gətirdin başımıza?..
Ayom: (fikri lampada) Nəyi deyirsən?..
Ayna: O günkü o məclisi deyirəm. Yubileyi. Əvvəllər deyirdin, təntənəli ziyafətlərdən sonra, bir həftə, çirkli su udmuş kimi, xəstə yatıram. Bəs o günkü nə idi?!.
Ayom: O günkü?.. Hansı günkü?..
Ayna: Ötən həftəki o məclisi deyirəm. Orda ki, dediyin o cücülər yox idi. Sənə məhrəm adamlar idi. Ora ki, səni zorla aparmamışdım. Məni niyə o vəziyyətə saldın?..
Ayom: Orda… (xatırlamağa çalışır) …noldu ki?..
Abd: (boşluğa) Boğulub öldü…
Ayna: Noldu?!! (əsəbi) Yadından çıxıb, hə?..
Ayom: Yox, niyə ki?.. Yadımdadı… (xatırlayır) …Gur işıqlı otaq idi… təzə xiyar iyi gəlirdi…
Ayna: (kinayə ilə) …Yadında elə bircə bu qalıb?..
Ayom: (qorxu içində) Orda… mən nə isə elədim, hə?..
Abd: (boşluğa, ləzzətlə) Hamının üzünə tüpürdü…
Ayna: Elədin də sözdü?.. Məclisin şıdırğı yerində… (tamaşaçılara) …heç yubilyara söz verilməmişdi… Sən… Elə bil sənə, üzr istəyirəm, biz batırdılar!.. Qəfildən sıçrayıb ayağa qalxdın. Boyun da ki, maşallah, baxmayanın da gözünə girir.
Ayom: (əsəbi) Mənim bu boyum… (qəfildən susur, çaşqın) Elə bil ötən ildən bura bir az da uzanıb. (təşvişlə) …O, niyəsə ildən-ilə uzanır. Görəsən niyə, hə?.. Niyə uzanır?..
Abd: (boşluğa) O, böyüyür…
Ayna: (onu eşitmir) Mən… dişim bağırsağımı kəsir, dəridən-qabıqdan çıxıram ki, səni bir təhər saxlayım, oturdum. Yo-ox, nə danışırsan, səni saxlamaq olar?.. (susur, üzü dəyişir) …Sən gedəndən sonra hamı bilirsən nə dedi?..
Ayna bir müddət susur, başını yelləyir.
Ayom: Nə dedi?..
Abd: (əsəbi) De də!..
Ayna: ( nədənsə peşman olmuş kimi nəfəs dərir) Səndən sonra heç kim heç nə demədi. Hamı mat-məəttəl bir-birinin üzünə baxdı ki, bu qadın niyə belə eləyir, hə?.. Sözünün canı nədi?..
Ayom: Sözünün canı?.. (təlaş içində) Məgər… mən orda nə isə dedim?..
Ayna: Elə məsələ də ondadı ki, heç nə demədin!.. Yolunu azıb muzeyə girən zürafə kimi döyüküb qaldın. Üstəlik, bu azmış elə bil, məclisi pozdun!..
Ayom: (sarsılmış) Pozdum?.. Axı… mən neylədim?..
Abd: (Aynaya) Canına azar elədi…
Ayna: Daha neyləyəcəkdin?!. Məclisi yarımçıq kəsdin.
Ayom: Yarımçıq kəsdim?!. Mən?..
Ayna: Bəli, sən. Sən gedəndən sonra bilirsən nə oldu?..
Ayom: Nə oldu?..
Ayna: Məclis darmadağın oldu. Ortaya bir qurhaqur düşdü ki, gəl görəsən. Hamı səni müzakirə elədi.
Ayom: Məni?..
Ayna: Yubilyar, əsəbiliyindən, hönkür - hönkür ağladı!.. Səhəri gün isə… (susur, özünü toplayıb hüznlə) Düşüb öldü.
İşıq dəyişir. Qorxunc, sirli səslər. Qəfildən hər ikisinin lampası yanır.Hardansa uzaqdan təlaşlı kütlə səsi eşidilir: «Ona nə olu?..» «Ona nə isə oldu?..» «Öldü?..» «Öldü!..
Ayom: (səsi səslərə qarışır) …Öldü?.. Öldü?.. …Axı… niyə?..
Abd, oğurluq üstə tutulan kimi, çaşqınlıq içindədir.
Ayna: (qəddar hakim səsi ilə) Bunu səndən soruşmaq lazımdı!.. Mən ki, nə qədər elədim, səni saxlaya bilmədim. (sözü əks-səda verir) Zəncirdən qırılmış vəhşi cöngə kimi…
Abd: Meteor kimi…
Ayna: …özünü çölə elə atdın… (əsəbi gülüşlə) …elə bil orda kimsə dişlədi səni…
Ayom: (diksinir) …Dişlədi?.. (susub fikrə gedir, qəfildən nə isə yadına düşür) Hə… məni orda kimsə dişlədi…
Ayna ilə Abd çönüb mat-məəttəl bir-birinə baxır.
Ayom: (müqəssir) Amma, axı mən... (mədəsini ovuşdurur) …Mən ki, ordan barmaqlarımın ucunda çıxdım. Bunu heç kəs bilmədi.
Əcayib səslər. Söhbətlər, məkanın dərinliyindən ötüb keçən bir neçə adamın çiyinlarində tabut aparması ilə müşayiət olunur.
Abd: (tabut aparanlara, hüznlə) Allah rəhmət eləsin. Behiştlik olsun. (işgüzar) Tələsməyin. Ehtiyatlı olun. Bir az yuxarı… Sağa-sağa… Bax belə…
Ayna: Heç kəs bilmədi?.. Sən… (əsəbi çılğınlıqla söz axtarır, tapa bilmir, susur, sonra sərt) Sənə görə adam ölüb!.. Özü də bu, öz aramızdı, birinci hadisə deyil. (məkrlə) Sən elə dağıda-dağıda, öldürə-öldürə gedirsən!.. Buna, əfsuslar olsun ki, daha heç cür “tə-sa-düf” adı qoymaq olmur!..
Ayom: (çaşqın) Mən… (ayağa qalxır, tabut aparanlara) …bunu istəmirdim!.. (susur, səsi enir, tamaşaçılara) Bu, mənim günahım deyil. Günah onlardadı!.. Bunu… Bunu onlar özləri edir. Bilmirəm, qəsdən… yoxsa, özləri də bilmədən… (yerinə qayıdır, dəstəyə) Bax, o yubilyar da… Elə bilirsən, onu mən öldürdüm?..
Abd: (boşluğa, qürurla) Yubilyarı o öldürdü…
Ayna: (onu eşitmir) Yox axı nə qədər olar?.. Sənin hər hərəkətin… (qəfildən duruxub susur, ovsunda) Yox, səsin… Hər yerdə anlaşılmaz çaxnaşmalar yaradır. Hər şeyi, hər yeri alt-üst edir. İnsanlar tələf olur!..
Abd: Onu yaxına buraxmaq olmaz. Yaxın məsafələrdə o, daha qorxulu olur…(səsi enir, üzünü qapayır) Həm də…onsuz yaşamaq mümkün deyil. Onsuz, hər şey maraqsız və cansızdı…
Ayom: (heç birini eşitmir) Yox axı, sən bir qulaq as. Bilirsən o niyə öldü?.. Yubilyarı deyirəm. Çünki… (söz axtarır, nəyisə anlayıb susur, qəfilodən dəyişir) Çünki o… həmin o yubiley günü… o təmtəraqdan, o gurultulu təntənədən qorxdu!..(qəfil təhlükənin yaxınlaşdığını xəbər verən sirli səslər işə düşür) O qorxunc… həm də gülünc təntənənin içində öz miskinliyini başa düşdü!.. Məni, həmin o qorxunc təntənədən, tıxac kimi çölə atan miskinliyini!..
Abd: (görünməyən tabutun ardınca) Miskin köpəyoğlu!..
Ayna: (müəllim təbiri ilə) Bilirsən əzizim, mən sənə görə deyirəm. O xətəhal marağı insanlarda sən özün yaradırsan. Bilmirəm bilə-bilə, ya bilməyə-bilməyə. Sonra da gileylənirsən ki: “mənə elə baxdılar”, “mənə belə baxdılar”, nə bilim, “üstümə elə yeridilər”, “qarnıma belə girdilər…” Mənim yaxama keçirsən.
Ayom: Elə deyil bəlkə?.. (gücsüz) …Sən ki, bunu dəfələrlə öz gözlərinlə görmüsən.
Ayna: Nəyi?..
Ayom: Hamının, adamları deyirəm… mənim qarnıma girmək istədiyini. Məni görəndə nə hala düşməklərini deyirəm… Yadından çıxıb yoxsa?.. (qorxunc və cazibəli olan nəyisə görən təki ovsunda, tamaşaçılara) Üstümə… özlərini, uçuruma atan tək yeriməklərini deyirəm!.. Burdan… (əlini mədəsinin üstünə qoyur) keçməkdən ötrü növbəyə durmaqlarını deyirəm!..
Ayna: (dəstəyi çiyninə qoyub qalın bloknotu götürür) Yenə başlandı…
Ayom: (birdən ağlamağı tutur) Sən ki… Sən özün bundan dəhşətə gəlirdin ki?!.. Yadından çıxıb yoxsa?..
Ayna: Nədən dəhşətə gəlirdim?..
Ayna danışa-danışa qalın bloknotu o yan-bu yana vərəqləyir, hansısa səhifələri, tələsik hərəkətlərlə qoparıb cırmağa, bürmələyib yerə atmağa başlayır. O atdıqca, Abd onları ehtiyatla yığır, hamarlayıb üst-üstə qoyur.
Ayom: (kövrək) Onların… adamları deyirəm, düşdüyü o vəziyyətdən… Mənim o qonşum yadındadı?!. Lal inəyə oxşayan qozbel kişini deyirəm. Məni görəndə, matı-qutu quruyub, qıçları əyilən… Ya o sünbülqıran?!. Sağa-sola baxmaqdan ötrü bütün bədəni ilə o yan-bu yana çönən qız…
Hardansa uzaqdan Çaykovskinin «Fındıqqıran» baletindən siçovulların marşı eşidilir.
Ayna: (əlini saxlayır, sayıq) Sünbülqıran?.. Hə-ə, o “ç” hərfini “ts” kimi deyən qız. (təqlid edir) Burda tsoxlu tsitsək var… (gülməyi tutursa da gülmür) Yadıma düşdü…
Ayom: Sən ki… Sən özün deyirdin ki, “o, sənə – sevgilisinə baxan kimi baxır.”
Abd qəfildən dəyişilir,qəribə şövqlü addımlarla Aynaya sarı yeriyirir, orda dizi üstə düşüb, onun əllərini, dizlərini ehtirasla öpməyə başlayır. Ayna danışa-danışa onu, üstündən tozu çırpan kimi çırpır.
Ayna: Kim?..
Ayom: Həmin o sünbülqıran…
Ayna Abdı bir təhər üstündən itələyib yerə yıxır. Abd, heç nə olmayıbmış kimi, cibindən alma qırığını çıxarıb səliqə ilə silir və yeməyə başlayır.
Ayna: Sən… (söz tapmır) Bilirsən, ümumiyyətlə axır vaxtlar, sən özündən bilmirəm nə düzəldirsən…
Abd: (əsəbi) O, bilir… (Ayoma yaxınlaşır, çöməlib onun başını mərhəmətldə sığallayır.)
Ayna: Adam-adama baxar da. Yaraşıqlı qadınsan. Kifayət qədər məşhursan. Hamıya, o cümlədən qadınlara da, yaraşıqlı və maraqlı olan nəyəsə baxmaq zövq verir… Burda nə var axı?..
Abd: (boşluğa) Burda o var…
Ayom: Sənin bu miskin diaqnozlarından daha ürəyim bulanır…
Abd yumruğunu, vuracaqmış kimi Aynaya qaldırır, Ayna yayınır.
Ayna: Ürəyin… bulanır?..
Ayom: Burda məgər söhbət yaraşıqdan gedir?.. (səsi enir, qanıqara) Məşhurluğun bura nə dəxli?.. Burda… (qəfildən nə isə eşidən kimi üzü işıqlanır)…burda…
Abd: Ayomun tərzində) …nə isə ayrı mətləb var…
Sirli səslər.. Uzaq boşluqdan, hava sovrulmasını andıran nəfəs eşidilir… Ayom bu səsdən ehtizaza gəlir. Ecazkar səslər. Ayom görünməz Kiminləsə təmasdan, qəribə, sərxoş hallara düşür. Ayna ilə Abd bu səhnəni sarsılmış halda izləyirlər.
Ayna: (ovsunda) Ayrı mətləb?.. Bu… (söz axtarır)
Abd: (gözü Ayomda) …izahı olmayan sirrdi…
Ayna: (hələ də ovsunda, gözü Ayomda) Heç kim də sənin qarnına girmək istəmir. Bu xəstəhal fikirləri də birdəfəlik at başından…
Ayom uymuş halda harasa söykənib. Abd namaz qılır.
Ayna: (qəfildən ayılır, nə isə kəşf etmiş kimi,Ayoma) Onlar… adamları deyirəm, sadəcə… (söz axtarır) Sadəcə sənə can atırlar!..
Abd: (əllərini göylərə qaldırıb) Can atırlar!..
Ayom: (ayılır, vahimə içində) Can atırlar... Can… Can… (“can” sözü böyüyür və çoxalır) …Canlarını atırlar… (qəfildən susur, nəyisə kəşf edən kimi heyrətlə) Can atırlar?.. Bunu hardan bildin?..
Ayna: Nəyi hardan bildim?..
Ayom: Onların, adamları deyirəm… öz canlarını mənə atdıqlarını!.. (Hardansa uzaqdan eşidilən müxtəlif “can” səsləri...)
Ayna: Bunu bilməyə nə var?.. (rişxəndlə) Böyük işdi.
Abd: (rişxəndlə) Bu, böyük sevgidir!.. Xalqın sevgisi!!!...
Hardansa uzaqdan, qorxulu çoxluqla, xorla «can!-can!» deyən kütlə səsi eşidilir.
Ayom: Sevgi?.. (susur, sakit etirafla) Sən hər şeyi axıracan bilmirsən…
Ayna: Nəyi bilmirəm, məsələn?..
Ayom: (sirr açan tək ) Onlar mənə… elə-belə baxmırlar…
Sim qırılmasını andıran səs… “sən!..”, “qoy!..”, “ver!..”, “mən!..” “biz!..”, “aç!..”, “o!..”, “səni” səsləri, qırıq kəlmələri eşidilir.
Ayna: (dəstəyi kənara çəkir, nifrətlə) Yenə başlandı. Yenə yöndəmsiz müəmmalarını işə saldı. “Elə baxmırlar”… “belə baxmırlar”… (dəstəyə) Necə baxırlar?..
Abd: (ata qayğısıyla) Onlar onu istəyir…
Ayom: Onlar... (məkanın mərkəzində, təslim olan tək, dizi üstə çökür) …həmişə nə isə istəyirlər.
Ayna: Nə isə istəyirlər?.. Qəribə söz danışırsan. Onlar səndən nə istəyə bilər axı?.. Ev, maşın, yoxsa vəzifə?.. Bir də… (susub ikrahla Ayoma baxır) Sən kimsən axı?..
Ayom: (ona məhəl qoymadan) Bu, həmişə belə olub. Onlar öz qırmaqlarını atıblar… (hansısa görünməz qırmaqdan yayınan tək, oturduğu yerdə gah sağa, gah sola əyilir) …mən yayınmışam. Onlar atıblar, mən yayınmışam…
Ayna: Yenə başladı!.. Hansı qırmağı deyirsən?.. (dəstəyi yerinə qoyub Ayomun yanına gəlir, dizi üstə düşüb qollarını onun dizlərinə söykəyir, mülayim səslə) Axı niyə belə eləyirsən?.. Hər şeyi qəlizləşdirirsən. Qırmaq nədi? Mən ki, başa düşmürəm. Sadəcə… (söz axtarır) …insanlar darıxır. (tamaşaçılara) Bəli,bəli, hamı darıxır. (Ayoma) Bunu özün deyirdin ki, həmişə. Deyirdin, əslində ailələr də buna görə qurulur…idarələr də buna görə işləyir… (fikrə gedir) siyasət də, dövlət işləri də, bütün idman yarışları da, əslində buna görədi… Darıxmaqdan boğulub ölməməkdən ötrü… (gözləri uzaqlara dikilir) Deyirdin, « Əslində isə, biz hamımız, hansı çevrə boyusa hərlənirik…Hey nələrsə qurub – yaradırıq, ya da söküb-dağıdırıq… Bu…(əli ilə təsvir edir) …kiçicik dairəsi olan, qapalı bir çevrədi. İnsanlar da o çevrə boyu, cücülər işıqda azıb, nəyinsə başına hərlənən kimi, şüursuz-şüursuz hərlənib, hərlənib, axırda…(üzü, ağlayacaqmış kimi yığılır) özlərini yandırırlar... Və bu, (səsi yazıqlaşır) nə o işığa lazımdı, nə də cücülərə… (pərt halda tamaşaçılara baxır) Bunu özün deyirdin ki, həmişə…
İşıq tədricən azalır, məkana qaranlıq çökür. Abd, əlində üç şam, məkana daxil olur, gəlib qadınların arasında əyləşir, şamları öz aralarında bölüşdürür.
Abd: (şamları şamdanlarda bərkidə-bərkidə) Bəzən olur ki, insanlar o darısqal çevrədən qurtulmaq istəyir… Özlərini işığa çırpıb yandırmaqdan ötrü sinov gedirlər.
Ayom: (Abdı eşitmir, astadan) Sən başa düşmürsən. (susur, sirr açantək) Onlar məndən keçmək istəyirlər. Bax burdan…
Abd: (şama üz tutub) Ordan adamlar keçir…
Ayom: (fikirli) Əslində bu, elə belə də olur…
Ayna: Nə olur?.. (vahimə ilə) Yenə nə deyirsən?..
Ayom: (eyni tərzdə) Onlar məndən keçirlər. Bax burdan... (əlini mədəsinin üstünə qoyur)
Ayna: (monoton səslə) Ora – insanın ən zərif yeridi. Mədəaltı vəz də ordadı, bir az solda. O da bilirsən də…
Abd: …insanın sarı simidi…
Ayna: O sim, çox incə və həssasdı. Xüsusən, əsəbi zəif adamları qəribə hallara salır. Buna pankreatit deyirlər.
Ayom öz şamını mədəsinə tutub, qaranlıq boşluğa baxan tək baxır.
Abd: (kədərlə boşluğa) Mən ordan keçmişəm. (tamaşaçılara) Orda dəhliz var.
Ayna: (bezgin) Dəhliz?.. Yenə “dəhliz” dedin?..
Ayom: (hövlanak) …Dəhliz?!. Sən hansı dəhlizi deyirsən?..
Ayna: Sən… (ah çəkir) yorğunsan. Elə mən də. Dizlərim əsir. (qalxıb yerinə keçir, şamı söndürüb lampasını yandırır)
Ayom: Yorğunluğun bura nə dəxli?.. Ordan həmişə adamlar keçir…
Ayna: (qayğılı) Axı ötən dəfə danışdıq ki, bir qədər ara verəsən. İndi, o hadisədən sonra, sənə nəinki düşünmək, danışmaq belə olmaz… Qorxutmaq istəmirəm, bu… (susur, hakim səsiylə) Xəbərdarlıqdı. O günkü o hərəkətini deyirəm.
Ayom: Hansı hərəkətimi?.. Yenə o yubilyar məsələsini?..
Ayna: Yox, srağagünkünü deyirəm. Bütün şəhərə vəlvələ saldığın hadisəni. Dama dırmaşdığın günü deyirəm. Bax bu, sənin o axırıncı hərəkətin – ciddi xəbərdarlıqdı!..
Ayom: Xəbərdarlıq?.. (ayağa qalxıb, əlində şam Aynaya yaxınlaşır, orda bardaş qurub oturur)
Ayna: Bəli, xəbərdarlıq! O anormal duyğularınla, biz cəhənnəm, öz bədənini dağıdacaqsan.
Ayom: Bədənimi?.. (həyəcanla bədəninə baxır) Necə yəni?.. (qalxıb yerinə qayıdır, şamı söndürüb lampasını yandırır, dəstəyə) Necə?..
Ayna: Nə necə?.. Bunun necəliyi yoxdu ki?.. Bax, lap elə o gün, sənin o son verilişin gedən günü deyirəm. Televiziya ilə. Sənin o sözlərindən sonra mənim qapı qonşum…(tamaşaçılara) Sakit, tərbiyəli bir ailədi. Gəlin, bütün evini… Təsəvvür edirsiz, evində nə varsa, hamısını!.. Qab-qacağını, pal-paltarını, paltar şkafıqarışıq çölə – həyətin ortasına töküb kibriti çəkdi ki, yandıra… (hardasa sındırılan qab-qacaq səsi eşidilir). Qonşular zorla saxladılar. Əri!.. Maaşa baxan adamdı yazıq. Az qala boğub öldürürdü onu!..
Ayom: (həyəcanla) Öldürürdü?… Axı niyə?..
Ayna: Necə yəni niyə?.. İllərlə işləyib pul qazanasan, özünə ev-eşik qurasan, axırda da birisi gəlib o evi dağıda?!.
Ayom: (sarsıntı içində) Dağıda?.. Axı onun evini kim dağıtdı?.. Bəlkə deyəcəksən, onun evini də mən dağıtdım?..
Ayna: (soyuqqanlı) Bəs kim dağıtdı?..
Ayom: (heyrət içində) Mən?..
Abd: (boşluğa, qürurla) O evi o dağıtdı…
Ayna: Bəli, sən!.. Bəyəm birinci dəfədi?.. Bəyəm o qorxunc sözlərinlə, o yoluxucu duyğularınla az evlər dağıtmısan?!. Az adam məhv eləmisən?..
Abd: (tamaşaçılara, peyğəmlə) O, bunu qəsdən eləmir…
Ayom: (sarsıntı və çaşqınlıq içində) Mən… Axı mən…
Ayna: (sözünü kəsir) O gün, o gecə yarısı, əşyalar haqqında daha nələr demədin, hə?.. O nə dəhşət idi?.. Qulaq asdıqca, mən… (vahimə içində susur, sonra tamaşaçılara) Mən özüm, əynimdəkiləri… (əynindəkiləri əsəbi-əsəbi didişdirir, ayaqqabılarını ayağından silkələyib atır) dərimi soyan tək… (üstündə təsvir edir) …soyub atırdım… Sən ki… (səsi mülayimləşir) Axı özün bilirsən. Bilirsən ki, sənin sözlərin…
Abd: Əsasən də səsi…
Ayna: Hə, hə, ən çox da səsin!.. İnsanlara təsir edir. Danışanda, fikir ver, gör bir nə deyirsən. Bax həmin o gecə… (yadına salır) …necə dedin onu?.. O lap sonda, verilişin lap axırında… (vahiməli səslə) “Bizləri dörd bir yandan mühasirəyə alan cansız əşya ordusu…”
Zəlzələni, tufanı andıran səslər. Məkana hardansa saysız-hesabsız əşyalar – papaqlar və dibçəklər, süpürgələr və güldanlar, pal-paltar və çemodanlar və sair tökülür, asılır, gül dəstələri kimi müxtəlif yerlərdən pardaqlanır.
Ayom: Əşyalar?!. (yadına salmağa çalışır) …Əşyalar…
Nəhəng bufetlər, paltar şkafları, balışlar və yorğanlar diri hərəkətlərlə məkan boyu yeriyir. Abd yerindən sıçrayıb Aynanın arxasında əşyalardan gizlənir.
Ayna Necə deyirdin onu? (ovsunda, Ayomun təbiri ilə) «Onlar bizdən çoxdurlar… Öz cansızlıqları ilə bizlərdən möhkəm və əbədidirlər. Biz hamımız bu cansız əşya ordusunun həbsindəyik. Mühasirədəyik!..»
Ayna ilə Abd, təslim olan kimi, əllərini yuxarı qaldırırlar.
Ayom: (fikirli) Xatırlamıram… (hansısa kağızlarda eşələnir)
Ayna: O verilişdən sonra, çoxları… (əsəbi gülüşlə) öz əşyalarından – şkaflarından, ayaqqabılarından qorxmağa başlayıb. O gün mən… boğazıma sarıdığım şərfi, (tamaşaçılara) …o bir tikə cansız parça qırığını, yol getdiyim yerdə, yavaş-yavaş, altdan-altdan dartılıb məni boğmaq istədiyi yerdə tutdum!.. (dəstəyə, əsəbi) Bütün bunlar sənin işindi!.. O məsuliyyətsiz danışıqlarının nəticəsidi!..
Abd: O, təhlükəlidi…
Ayna: Hə, mən o təhlükəni hər an hiss edirəm!.. Ələlxüsus da sən susanda. Sən susanda, niyəsə həmişə mənə elə gəlir ki, (tamaşaçılara, vahimə içində) …hardasa… nə isə baş verir…
Ayom: (öz aləmində) Əşyalar… Xatırlamıram… (birdən nəyisə xatırlayır) Amma yox… mən… (susur) Deyəsən…
İri əşyalar tədricən yoxa çıxır. Abd, iri süpürgə ilə, ortaya tökülən qalan əşyaları süpürməyə başlayır.
Ayna: (həyəcanla) Hə, noldu?.. Niyə susdun?.. Mən bilirəm, susursansa, demək… Demək yenə nə isə düşünürsən. Yenə təhlükəli tədbirlər tökürsən!..
Ayom: (onu eşitmir) Axır vaxtlar hiss edirəm ki… (susur, çaşqınlıq içində) Mən… (tamaşaçılara) …təsir edirəm…
Ayna: Təsir edirsən?.. Bəs mən nə deyirəm?.. Yoxsa mənə qulaq asmırsan?
Abd: (süpürə-süpürə) O, heç də hər şeyi eşitmir…
Ayom: (çaşqın) …Bax elə ki, nə haqdasa fikirləşməyə başlayıram…
Ayna: (sözünü kəsir) Onu demisən. Nə isə fikirləşəməyə başlayanda, hardasa, nəyinsə hərəkətə gəldiyini. Sən “təsir” məsələsini dəqiqləşdir.
Ayom: Demişəm?.. Hardasa işə düşən çömçəvari nəyinsə, bütün ətrafımı… (təsvir edir) …dovğanı bulayan kimi, bulamağa başladığını...
Karusel hərlənməsini andıran əcayib səslər. Hardansa şən gülüş səsləri eşidilir.
Ayna: (bezgin) Demisən-demisən. Təsirdən danış…
Ayom: (səsi get-gedə yuxarı notlara qalxır) …telefonun aramsız zənglər çalıb, qapıların, divarların, tavanın döyüldüyünü!.. Hamının qəfildən!.. bir anda!.. xəstəhal yekdilliklə!.. məni axtarmağa başladığını.. (vahiməsi artır, hardansa uzaqdan aramsız telefon zəngləri, musiqi, rəqs edənlərin ayaq səsləri, maşın cüyültüləri, haray səsləri bir-birinə qarışır) …qonşuların rəqs edib, qohumların qəzalara düşdüyünü!..
Ayna: (yorğun) Onu da demisən…
Ayom: (pərt olub susur, sonra qəfildən nəyisə xatırlayır) Bəs …əlimə qələm alan kimi, hardansa barmaqlarımın arasına doluşub, orda az qala şəhər salan nöqtə boyda kürən qarışqaları?.. Demişəm?..
Ayna: (ayılır) Qarışqa?.. Qarışqanın bura nə dəxli var?..
Ayom: (fikirləri qarışır) Bu, həmişə belə olur. (söz axtarır) Elə bil… (susur) Elə bil mən… (susur, ağər etiraf tonunda tamaşaçılara) …hamıyla, hər şeylə necəsə… hansısa görünməz bağlarla bağlıyam…
Ayna: (acı, isterik gülüşlə) «Görünməz bağlar» dedin?..
Abd: (süpürgəni, tüfəng kimi çiyninə keçirir) Hələ çox şey eşidəcəyik…( harasa yuxarı baxır, ümidlə) İnşallah!..
Ayom: Hə, görünməz bağlar. (tamaşaçılara) Bax, əlimi beləcə… (təsvir edir) …azacıq tərpədirəm… (vahimə içində dayanır) bir də görürəm, hardasa o tərəfdə nə isə… Yox!.. (həyəcanla) Nələrsə!.. (səsi enir, pərt) …hərəkətə gəlir…
Abdın süpürgəsi, Ayomun hansısa hərəkəti ilə, çiynindən açılıb ha yanasa uçur. Aynanın telefonu əlində çırpınmağa başlayır. Hər ikisi bundan diksinir.
Ayom: (heç nəyə məhəl qoymadan) Bu… əsasən mən fikirləşəndə olur. (susur, nə isə kəşf etmiş kimi heyrətlə içini çəkir) Mənim… A-a.. Demək mənim fikirlərim… (səsi enir, heyrət içində tamaşaçılara) Mənim fikirlərimin canı var!.. Onlar… (qalib səslə qışqırır) …Onlar diridi!..
Nəyinsə, nələrinsə hərəkətə gəlib hərlənməsini andıran səslər…
Tədricən işıq dəyişir, səslər, möhtəşəm olan nəyinsə titrəyişini andıran səslərə keçir. Ayna qorxu içində ayaqlarını qarnına sıxıb qucaqlayır.
Ayom: ( həyəcanla) …Bax, eşidirsən?.. Bu, onlardı!.. Mənim fikirlərim!..
Abd: (sevgi ilə) Eşidirəm…
Ayna: (vahimə içində) Hə, hə, hə, eşidirəm. Yer… Yer titrəyir!!!
Səslər tədricən azalır və kəsilir. Abd yoxa çıxır
Ayom: (o yan-bu yana baxıb nəyisə çevirəcək kimi ayağa sıçrayır) Bax… istəyirsən indi… (harasa yuxarı baxır, sonra gözlərini yumub sanki nəyisə gözləyir)
Ayna: Yox, yox, yox!!! (çaşqın) Lazım deyil!.. (başını tutur) Əvvəllər mənə elə gəlirdi, bizim söhbətlərin, nə qədər də olmasa, hansısa nəticəsi olur. İndi isə görürəm ki, sənin bu dediklərinlə elə hey hansı çevrə boyuncasa hərlənirəm… Elə bil, heç hardan uzaqlaşmıram, səmtimi dəyişmirəm…
Çöldən yağış səsi eşidilməyə başlayır... Ayom pəncərəyə sarı sıçrayıb göyə baxır, qəhərlənib üzünü tutur. Yağışın səsi ilə, heçlikdən peyda olan Abd qəhərlənib başını divara söykəyir.
Ayna: (pəncərəyə boylanır)…gedib-gedib, elə bil yenə əvvələ qayıdıram… Sənə bircə şeyi başa sala bilmirəm ki, bu dediklərin, o izahsız, qorxunc sözlərin, girib-çıxdığın o… (söz axtarır)
Abd: (boşluğa) …ərazilər…
Ayna: Hər nədirsə, onlar məni əldən salıb. (qəhərlənir) Sən anlamaq istəmirsən ki, düşdüyün o qorxunc yerlərə, o dibsiz uçurumlara, məni də salırsan. O sənin işindi, harda nə tərpənir… kimlər qarnına girir… Mənim günahım nədi?..
Ayom: hələ də pəncərədən göyə baxır. Göy aramla guruldayır. Ayna duruxur. Şimşək çaxır.
Ayna: (gurultudan diksinir) Elə bil göy parçalanır. (dəstəyə) Alo?.. Alo?..
Ayom fikrə gedib, əlindəki qəzeti tikə-tikə edir.
Abd: (astadan Aynaya) Səsi gəlmir…
Ayna: Alo?.. Yenə niyə susdun?.. (Ayom fikir içindədir. Yağış səsi…)
Abd: (kədərlə) Səsi gəlmir…
Ayna: (həyəcanla) …Alo?.. Məni eşidirsən?..
Ayom, üşüyən kimi, bədənini qucaqlayır.
Abd: (məkr dolu həzzlə) Səsi gəlmir!..
Ayna: (həyəcanla) Alo? Sənə noldu? Sən… hardasan?..
İldırım çaxır. Ayna diksinir.
Ayom: (boğuq səslə, telefonsuz) …Mən… danışa bilmirəm…
Ayna: (həyəcanla) Niyə?.. Sənə nə isə oldu?..
Ayom: İldırım…(ürəyi gedəcəkmiş kimi, üzünü əlləri ilə qapayır)
Ayna: İldırım?.. Sən “ildırım” dedin?..
Ayom: …Şimşək… O, mənə təsir edir…
Abd: (boşluğa) O, onu sevir… Bunu anlamaq beləmi çətindi?!.
Ayna: (əsəbi, qəhərli) Yenə başladın?.. Mən bu qədər deyirəm, danışıram, sənsə elə… Başa düşürəm, tək qadınsan. Qadın üçün isə təklik…
Ayom: (ayılır) Təklik?.. “Təklik” dedin?.. Məgər… mən təkəm?.. Bəs mənim ərim… uşaqlarım?..
Abd: (kədərlə, astadan) Onun heç kimi yoxdu. Heç vaxt da olmayıb…
Ayna: Axı onlar səninlə deyil.
Ayom: (çaşqın) Mənimlə deyil?.. (dəhşətə gəlir) Sən… nə danışırsan?.. Onlar…
Ayna: Onlar… (nəyisə xatırlayır) Həmişə necə deyirsən onu?!. “…hansısa səskeçirməyən… şəffaf şüşənin o üzündədilər…” Bunu özün deyirsən ki, həmişə.
Ayom: Şəffaf şüşə?.. Hansı şüşə?..
Ayna: Bunu səndən soruşmaq lazımdı, hansı şüşədi o?..
Abd: (astadan) Qapıdan girəndə sol tərəfdə…
Ayom: O nə dedi?..
Ayna: Şüşənin yerini deyir… Sol tərəfdə...
Ayom: (ehtiyatla əyilib sola baxır) Ordakı – divar şkafıdı…
Abd: (astadan) Uşaqlar ordadı…
Ayna: (qəddarcasına) Uşaqlar hələ də ordadı?.. Hə?!.
Ayom: (təlaş içində ayağa sıçrayır) Uşaqlar?.. Mənim uşaqlarım?..
İldırım çaxır. Ayom qaranlıq dəhlizdə dolaşır. İşıq bərqində əcayib səslər eşidilir.
Səslər: …Al, bax… Bax, al… Qopdu!.. Ana… anacan!.. Mənim anam…
(kimsə ağlayır) …Özü deyib… Sən dedin, sə-ən!.. Ver!.. Ana-anacan… Ay-ay!.. Burax!.. Ver-ver… Sən müəllimsən?.. Ana… ana… Özü deyib… Bu, ikincisidi… A-a, o da qopdu… Budu bax!..
Ayom: (hansısa «qapını» açır… səslər kəsilir. İçəri, qaranlıq zülmətdi, orda bircə Abdın yarıqaranlıq silueti görünür. Ayom sarsılmış halda) Orda heç kəs yoxdu…
Ayna: Bunu həmişə özün deyirsən ki…
Ayom: (sarsılmış) Nəyi deyirəm?.. (iztirabla) Axı mən nəyi deyirəm.
Ayna: Ərinin, uşaqlarının, həmin o “şəffaf şüşənin” o üzündə olmasını. Bəlkə elə deməmisən, hə?..
Ayom: (ayıq) Məgər mən elə demişəm?..
Abd: (boşluğa) O, dediklərini unudur…
Ayom: (çaşqın halda xatırlayır, mizin üstündəki qəzetləri əsəbi hərəkətlərlə qarışdırır) Hə… ola bilsin, demişəm… Mən… (susur, müqəssir üzlə tamaşaçılara baxır) Axı mən olanı deyirəm…
Abd: O, olmayanı da deyir…
Ayom: Onlar… (təslim vəziyyətdə) ola bilsin ki, həqiqətən o üzdədilər…
Ayna: Hansı üzdü axı o?..
Ayom: O… (fikrə gedir, nəyisə dəqiqləşdirməyə çalışır.) Ora… elə bir yerdi ki… (susur) Ora … (yazıq səslə astadan) Orda mən yoxam…
Ayna: Qəribədi…
Ayom: Nə qəribədi?..
Ayna: Onların, uşaqlarını deyirəm… sənin yanında, gözünün qabağında ola-ola, həm də hardasa ayrı üzdə olmasını deyirəm. Sənə deyim, həm də çox təsirlidi.
Abd: (astadan Aynaya) O, onları sevmir…
Ayom: Mənə də elə gəlir.
Ayna: Nə elə gəlir?..
Ayom: Bunun təsirli olması. (tələsik) Mən… Axı mən ümumiyyətlə onları…
Ayna: (bezgin) Onu demisən.
Ayom: Nəyi?..
Ayna: İndi deyəcəyini. Onları çox vaxt yadından çıxarmağını.
Ayom: Hə, mən onları… (susur) Yox, mən ümumiyyətlə heç nəyi xatırlamıram…
Abd: (eyni tərzdə) Kim olduğunu ona görə bilmir…
Ayom: (ovsunda) Uşaqlığımı… ata-anamı… oxuduğum məktəbi… ərə getməyimi… (fikrə gedir, sonra qəfildən ayılır) Elə bil… heç olmamışam…
Ayna: (özünü ələ alır) Bu, adi depressiyadı. Yəni ruh düşkünlüyü. Qırx yaşından sonra qadınlar bu halları keçirir. Yaddaş pozuntusu, darıxmalar, göz yaşları. Mən özüm də bəzən… (xoş səslə) səni unuduram… (Abda) Onda elə rahat oluram ki.
Ayom: (onu eşitmir) Ya da indi, bu dəqiqə varam, əvvəlkilərsə… harasa dağılıb itib… Dəli çığırtı, ağır sakitliyə dağılıb itən kimi…
Sim qırılmasını andıran səs.
Abd: O, dahidir…
Ayna: Sən darıxırsan. Əlaxüsus da öz evində. Bu, sənin səsindən də hiss olunur. Evdən danışanda, elə bil bataqlığının dibindən danışırsan. Belə idisə, niyə ərə gedirdin?.. (susur) Səni zorla ərə verən vardı?.. Gördün, axır mən deyənlər oldu.
Ayom: (tələsik) Yox, sən nə danışırsan?.. Mən onu sevirdim. (dayanır, fikrə gedir) Daha doğrusu, elə bilirdim ki, sevdiyim odu. Mən… (çaşqın, tamaşaçılara) Bu, həmişə belə olub.
Abd: (divar güzgüsünün qarşısına keçir, özünə baxa-baxa)Zavallı ömrü boyu Onü axtarıb…
Ayom: (eşitmir) …Ərə getməmişdən əvvəl mən anamı sevirdim. (tələsik) Yəni mənə elə gəlirdi ki, sevdiyim – anamdı. Sonra… mən ona rast gəldim…
Abd: (şərqli ədasıyla) Ərini deyir…
Ayom: (səsi bir ton yüksəlir) …və dedim… (heyranlıqla) …demə… ömrüm boyu onu sevirəmmiş!
Ayna: Dəhşətsən!!! Görmədiyin, tanımadığın adamı, əvvəlcədən necə sevə bilərdin axı?.. Yenə nəyisə bilərəkdən qarışdırıb məni çaşdırırsan.
Ayom: (onu eşitmir, səsi enir) Uşaqlarım olanda… (üzü gülür) …mən dedim ki, bu, onlardı...
Ayna: Kim – “onlar”?.. “Onlar” yəni kim?.. Açıq danış!..
Ayom: Bu vaxtacan… (yazıq səslə) sevdiyim...
Ayna: (müstəntiq təbiri ilə) Aha…
Ayom: Amma sonra… (susur) Sonra…
Ayna: Nə sonra?..
Ayom: (günah içində) …sonra başa düşdüm ki… (fikirə gedib susur) Anladım ki…
Abd: (kövrək) …O, məni sevir…
Ayna: (səbri daralır) Hə, nəyi başa düşdün?.. Başa düşdün ki, uşaqlarını da sevmirsən?..
Ayom: (çaşqın) Daha doğrusu, mən bunu hələ dəqiq ayırd eləyə bilməmişəm.
Ayna: (əsəbi) Nəyi?.. Nəyi ayırd edə bilməmisən?.. Məni dolaşdırma, xahiş eləyirəm.
Ayom: (səsi dəyişir, tamaşaçılara, iztirabla) Axı mən… kimi sevirəm?..
Pauza. İldırım çaxır. İşıq dəyişir, ecazkar səslər.
Abd: (hüznlə) Sevgilim…
Ayna: (Abdı eşitmir, çaşqınlıq və anlaşılmazlıq içində) Daha sənə sözüm yoxdu.
Ayom: (onu eşitmir, tamaşaçılara) O… yəni sevdiyim… (çaşqın və müqəssir) …belə məlum olur ki, uşaqlarım da deyil…
Abd: (astadan) Uşaqlar buna görə şəffaf şüşənin o üzündədilər.Ayom: (sərt) Hə, bu, dəqiqdi.
Ayna: (nəfəsini dərir) Bir dəqiqə-bir dəqiqə… Yenə düyünlər salırsan. Yenə başım hərlənməyə başlayır. Bax, gəl, bir-bir ayırd edək: demək, deyirsən ki, uşaqlarını sevmirsən. Elə olan halda…
Ayom: (tələsik) …Yox, mən onları sevirəm. Amma, bu… (susur, səsi enir, pərt) …o deyil. (ətrafa sirli sakitlik çökür, Ayom qəfildən anlaşılmaz ovsuna düşür)… O hər an hiss etdiyim… (Hardansa, uzaq boşluqdan, tanış, ecazkar nəfəs eşidilir)… Günəş şüasının hansısa istiqaməti altında… Şimal küləyinin güclənmək istədiyi ərəfədə… Ağacların, otların qəfil tərpənişində… İtlərin gözündə tapıb itirdiyim… Başımı hərləndirən… Məni… (gözünü yumur, ovcunu açıb yuma-yuma) yumşaq ovcunda dalğa-dalğa yumub-açan…
Abd üzünü tutur, başını divara söykəyib inildəyir.
Ayna: (təsirlənib) Sən necə rəhmsizsənmiş…
Ayom: (onu eşitmir, tamaşaçılara) Mən onu həmişə… hardasa lap yaxınlıqda hiss edirəm… Mən… (susur, vacib əhəmiyyətli nə isə deyən kimi sarsıntı və heyrət içində qışqırır) …Onu hiss edirəm!!..
Ayna: (qəfildən ayılır, ehtiyatla) Qulaq as, sən bayaqdan bəri kimdən danışırsan, hə?.. O “ildırım”, “günəş” dediyin adam adlarıdı, yoxsa… (göy gurultusu)
Ayom: (onu eşitmir) …Çox vaxt O, bax… (əlini mədəsinə qoyur, sonra, nə isə axtaran kimi, bir qədər aşağı, göbəyinin üstünə sürüşdürür) …burda olur…
Abd: (kədərlə, tamaşaçılara) …Orda dəhliz var…
Ayna: (yorğunluqla dərindən nəfəs alır, əsəbi) Bəlkə adam dilində danışasan. Bizi də başa salasan ki, orda hiss elədiyin həmin (təqlid edir) “O” nədi, kimdi. Bəlkə… (susur, tərəddüdlə) demək istəmirsən?.. Ya bəlkə deyə bilmirsən, hə?..
Ayom: Bu… (gözlərini həzzlə yumur) … Odur!..
Ayna: Bura bax, bəlkə… Bəlkə sən hamiləsən, hə?.. Ürəyin bulanır?..
Ayom: (ovsunda) Bulanır… Başım da hərlənir…
Ayna: Dəqiqdi. Hamiləsən!.. Həkimə getmisən?..
Ayom: (gözlərini yumur) …bəzənsə, elə bil uçuram…
Ayna: Bəs mən nə deyirəm?… Hamısı hamiləliyin əlamətləridi. Deyirəm, həkimə getmisən?..
Ayom: (oturduğu yerdə gözüyumulu gicəllənir)…daha doğrusu, mən Onunla oluram…
Ayna: Halal xoşun. Bəs onlar?.. Onlar nə dedilər?.. Həkimləri deyirəm.
Ayom: (ayılır) …Onlar?.. Dedilər ki, hamiləliyin bütün əlamətləri var.
Ayna: Aha…
Ayom: …amma…
Ayna: Nə amma?..
Ayom: Bu, o hamiləlik deyil. Ayna: O hamiləlik deyil? (tamaşaçılara) Başa düşmədim. Hamiləliyin də növləri olur?..
Ayom: (fikri pəncərədə) Olur-olur….
Ayna: (səsi enir) Sən yenə… (susur) Bax, deyirəm sənə: uçuruma yuvarlanırsan! Məni də özünlə aparırsan! Bunu gizlədə bilməzsən. Onsuz da artıq hamı hər şeyi bilir. (qışqırır) Eşidirsən?.. Hər şeyi!..
Ayom: (qışqırığına məhəl qoymur) Hamı hər şeyi bilir?.. Nəyi, məsələn?..
Ayna: (eyni tərzdə) …Nəyi??. Hər şeyi!!. (işıq titrəyişi. Hansısa qurğunun işə düşdüyünü andıran qorxunc səslər) Evə gec gələn ərini, beşcə dəqiqənin içində xəyalında “basdırıb”, ağ günə çıxmağını!!! Ananın qəbrini… (tamaşaçılara) Qəbri!!! eşə-eşə, ordan, bir vaqon çəkmə tayı, parça qırığı, eynəklər, ət maşını çıxarmağını!!! (məkrlə) …Axırda da, qəbrin lap qurtaracağında, soyuq meyitin əvəzinə, ərinin isti qucağına düşməyini!!! Uşaqlarını... (sarsıntı içində səsi enir) …Dipdiri uşaqları!!! Corab əvəzinə ayağına geyməyini!.. Daha sən nələr eləməmisən ki?..
Ayom: (sarsılır) Bunları mən eləmişəm?..
Ayna: Sən! Sən! Mən yox! Mən belə şeylərdən qorxuram! Mən belə şeyləri anlamıram! (tamaşaçılara) …Axı vallah da, uşaqları necə əyinə geymək olar?!. Özü də axı niyə?..
Ayom: (günahkar) Hə, yadıma düşdü. Onlar… (susur, gözlərini qıyır) Mən… (başını aşağı salır, səsi enir, yazıq etirafla) Mən üşüyürdüm.
Ayna: Üşüyürdün?.. (əsəbi, qırıq gülüşlə) Geyinməyə tay ayrı bir şeyin yox idi?.. Yoxsa uşaqlar sənin üçün çəkmə-corabdı?..
Ayom: Yox, bu… (söz axtarır, qəfildən tapır, pərt ) O üşüməni… geyim saxlamır…
Ayna: (kiməsə eşitdirən kimi) Bilirsən əzizim, mən bir şeyi bilirəm ki, (xüsusi vurğuyla) Ana!.. Yəni uşaqlarını həqiqətən sevən qadın! Onları corab əvəzinə ayağına geyməz!.. Şəxsən mən belə şeylərə nifrət edirəm!!!
Abd: (cibindən çıxartdığı almaya diqqətlə baxa-baxa) O, qadın deyil… (almanı iştahla dişləyir)
Ayom: (diksinir) Axı mən… (çaşqın) …onlar…
Ayna: (onu eşitmir) Yaxşı, uşaqlarını istəmirsən, bəs ərin?.. O yazığın günahı nədi?.. Onu niyə istəmirsən?..
Ayom: (təlaşla) Ərim?.. Məgər mən dedim ki, ərimi istəmirəm?.. Mən onu…
Abd: (çeynəyə-çeynəyə eyhamla) …O, onu özü doğmaq istəyir….
Ayna: (acı kinayə ilə) Aha, demək, indi deyirsən ki, uşaqlarını da, ərini də sevirsən. Belə dedin də?..
Ayom: Çox sevirəm. (ağlamağı tutur)
Abd: (ağzını marçıldadır, astadan)… Bu, ona elə gəlir…
Ayna: (səsi enir, məkrlə) Bilirsən, sənin kimisə sevdiyini, düzünü deyim, mən çoxdannan hiss edirdim. Bunu, ümumiyyətlə hamı hiss edir. Elə ərin də, uşaqların da. Sadəcə, üzünə vurmurlar. Sənə yazıqları gəlir.
Abd: Əllərində əsas yoxdu, ona görə…
Ayom: (anlaşılmaz nəyisə təsvir edir) Hə… O… onlar iztirab çəkir…
Ayna: Bu, təbiidir. Bunu özün də, dəfələrlə, açıq şəkildə etiraf da eləmisən ki, O
Ayom: Mən… (susur, bir müddət tərəddüd edir) …Sən… O…
Ayna: (kobudcasına) Hə, “Sən!” «Mən!», «O!», «Biz!», «Onlar!»
Ayom: (başını qaldırıb müqəssir etirafla tamaşaçılara) Mən… bu yaxınlarda… Yalnız bu yaxınlarda anladım ki… uşaqlarımı da (səsi enir) Ona görə sevirəm…
Möhtəşəm sim səsi havada titrəyir..
Ayna: (səbrsiz) ”Ona”– yəni, kimə?..
Ayom: (onu eşitmir, ovsunda) …Mənim uşaqlarım… Əslində o uşaqlar (susur, qəfildən kədərlə) …Mənim uşaqlarım Ondandı…
İldırım çaxır. İşıq dəyişir. Layla oxuyan məlahətli qadın səsi. Abd ortaya keçib bələkdəki uşaq kimi yerə uzanır.
Ayna: (həyəcanla) Nə?.. Sən nə dedin?.
Çağa ağlamasının səsi. Ayom dəstəyi atıb ayağa qalxır, ovsunlu vəziyyətdə Abda sarı gedir, orda aramla onun dövrəsinə hərlənir.
Ayom: (ovsunda) …Əslində, mən bunu çoxdan bilirəm… İlk körpəm doğulandan…
Ayna: Nəyi?.. (səsi eşidilsin deyə bir qədər bərkdən) …Nəyi bilirsən?..
Ayom: …Onu… körpəmi… (Pauza. Əyilib Abdın üzünə lap yaxından baxır, pərt halda tamaşaçılara) …Ona görə sevdiyimi…
Nəyisə təsdiq edən musiqi. Söhbətlər, musiqinin fonunda gedir.
Ayna: Sən… (sakit hiddətlə) Demək sən… (tamaşaçılara, sarsılmış halda) uşaqlarını ona görə sevirsən?!.
Ayom: (dizi üstə düşüb Abdı, körpəsi təki, bağrına basır) Balam mənim…
Ayna: (üzü qəfildən dəyişir, kinli) Bilirsən, sənin həddən ziyadə azad adam olduğun bilirdim. Amma, (əsəbi) …bu də-rə-cə-də!?..
Ayom: (Abdın başını sığallayır, tələsik) Hə, mən başa düşürəm, nəyisə düz eləmirəm, düz demirəm… (duruxur, tamaşaçılara) Daha doğrusu, mən olanı deyirəm, amma o dediyim… heç nə ilə düz gəlmir…
Ayna: Düz gəlmir?!. Axı sən nəyi düz deyirsən ki, düz də gələ?!. O – dəhlizdə adam gözləməyin, o – qonşularınla oynadığın gizlənpaç, o – məclisə gəlməyin, o – uşaqlarına, ərinə münasibətin… (səsi qalxır) O – öldürdüyün adamlar, viran qoyduğun evlər… Məni də… (əl-ayağına baxır, ağlamsınır) gör bir nə günə qoymusan?!.
Ayom: (Ayna ittihamları saydıqca, qırıq-qırıq ayağa qalxır) Sən mənimlə, müttəhimlə danışan kimi danışırsan. Məgər mən… (birdən nəyisə anlayır, əsəbi) Günahımı de!..
Ayna: (əsəbi gülüşlə) …Günahını?.. Bütün bu dediklərim, bəs nədi, günah deyil?.. Uşaqlarının… (dayanır, deməyə ürək eləmir) Bax indicə, bax bu dəqiqə nə dedin?.. Özün öz dilinlə boynuna almadın ki, uşaqların… (astadan) ərindən deyil?.. (bərkdən) Dedin-demədin?.. Səninləyəm!!!
Ayom: (ayağa qalxır, müqəssir səslə, özü-özünə) Mən başa düşürəm. İndi başa düşürəm…
Ayna: Nəyi başa düşürsən?.. Sən nəyi başa düşürsən axı?..
Ayom: (Pauza. Məkanın ortasına yeriyib dayanır, tamaşaçılara) Mən – Günaham…
Abd ayağa qalxıb Ayoma sarı gedir, onu çəkisiz hərəkətlərlə bağrına basır. Onlar qucaqlaşıb öpüşürlər…
Ayna: Bu... (əsəbi) …adi xəyanətdi! (Ayom onu eşitmir, Abd ilə öpüşür, tamaşaçılara)Məni eşidirsən?.. (dəstəyə) Yenə niyə susdun?.. Alo?.. (Ayom Abdla öpüşür, Ayna hiddətlə) Özünü eşitməzliyə vurma!. Eşit!.. Bu!.. Açıq-aydın xəyanətdi!!!
Ayom dik atılır, təlaşla Abddan aralanıb, özünü məkanın ortasına atır. Abd işıq-kölgə əvəzlənməsində görünməz olur.
Ayom: Xəyanət?.. Sən “xəyanət” dedin?..
Ayna: (nifrətlə) Bəli, xəyanət! Olmaya, bu sözü də birinci dəfə eşidirsən?..
Ayom: (özü-özünə) Xəyanət… (nəyisə tapmış kimi, üzü işıqlanır) Hə, bu, odur… Özüdür ki, var…
Ayna: Kim?..
Ayom: Xəyanət!.. Odu ki, mən özümü həmişə… (tamaşaçılara) …təsəvvür eləyirsən?.. Həmişə!!! Hamının qarşısında günahkar hiss eləmişəm. Səbəbini isə ha fikirləşmişəm, tapa bilməmişəm... Necə də dəqiq dedin onu…
Abd: (hardasa kənardadır, üzünü tutur, kədərlə) Yazıq balam…
Ayom: (ovsunda, özü-özünə) Mən bunu ömrüm boyu hiss eləmişəm…
Ayna: Nəyi?.. Aman Allah!.. Çərlədim!!
Ayom: (Aynaya) Hamıya – uşaqlarıma da, ərimə də… Elə bütün insanlara!.. (pərt) daim xəyanət elədiyimi... Axı mən həmişə onlardan… (ovsunda) hamıdan – qonşulardan, qohumlardan…(fikrə gedir) Elə dostlardan da…
Abd: (Ayoma sarı, astadan) …ailəmdən də…
Ayom: Hə!.. Ailəmdən də! Xilas olmaqla məşğul olmuşam… (ilişir) Daha doğrusu, bu… necəsə özü-özünə baş verib.
Ayna: Özü-özünə baş verib?.. Demək, deyirsən, bütün bu işlər… elə beləcə, özü-özünə baş verib?.. (pauza, hər ikisi fikrə gedir. Qəfildən, nəyinsə işə düşdüyünü andıran səsdən diksinir) Axı həmişə özün deyirdin ki, (Ayomun təbiri ilə, romantik) “bircə ağacda, bircə yarpaq belə, özbaşına tərpənə bilməz…”
Ayom başını aşağı salır, dırnaqlarını əsəbi–əsəbi gəmirməyə başlayır. Uzaq boşluqdan tanış nəfəs axır…
Qeybdən
cinsi anlaşıl-
mayan səs: Sevgilim…
Abd: (səsdən vahimələnib qorxu içində Aynaya) Onunla işin olmasın…
Ayom: (iztirab və çaşqınlıqda) Mən bunları qəsdən eləmirəm...
Ayna: Qəsdən eləmirsən? Eləmirsən?..
Ayom: Mən… (fikirləri dolaşır, susur, qəfildən nə isə yadına düşür) …Bunu O eləyir… (sivri səs)
Hardansa narazı nidalar eşidilir…
Abd: (ilahi nəfəslə, boşluğa) Məni düşün…
Ayom yerə çöküb başını, qulaqlarına qapayır.
Ayna: (sarsılmış) Məni düşün? (Ayoma) Bəs mən kimi düşünürəm.. Düşünə-düşünə adamlıqdan çıxmışam. (özü-özünə) Yoxsa, bu, mənim alnıma yazılıb?!. Kiminsə… Səni… özündən çırpılan toz zərrəciyi kimi, elə hey özünə sovuran… ha tərəfindəsə, öz əzası kimi, bitkisi kimi qoruyub saxlayan… Vaxtaşırı… o da yadına düşəndə, tumar çəkib sulayan Kiminsə əlavəsi olmaq… Bu ki, dəhşətdi?! Axı mənim də istəklərim, öz ağrılarım var, nəhayət. Nə vaxtacan… (qəfildən coşur) Nə vaxtacan, sənin o anlaşılmaz, vəhşi xəyallarında – yad, qorxunc çöllərdə vurnuxan tək vurnuxmalıyam?.. (Ayom ayağa qalxıb aramla ona yaxınlaşır, üzbəüz dayanır) O anlaşılmaz ağrılarınla ağrımalıyam?.. Mən o ağrıları… elə o birilərini də… (səsi yazıqlaşır) anlamıram… Buna…(yazıq səslə tamaşaçılara) mənim gücüm çatmır. Məgər mən təqsirkaram ki, gücüm çatmır?!. Axı əlimdən gələni edirəm... (əsəbi) Saatlarla, günlərlə, sənin o qorxunc danışıqlarına, (xüsusi vurğuyla) istəməyə-istəməyə!.. qulaq asıram... Səni, necəsə ovutmaq üçün, eşitmək istədiyin sözlərdən tapıb deyirəm... O sözləri də deməmişdən əvvəl, ürəyimdə dönə-dönə götür-qoy edirəm, başım çıxmayanların üstündən ehmalca ötüşürəm… Daha neyləməliyəm?.. Sənə isə bu da azdı!.. Bundan da rahatlıq tapa bilmirsən!.. O qaranlıq, çıxılmaz labirintlərində dolaşmaqdan, getdikcə elə bil daha da vəhşiləşirsən, oralarda azıb qalırsan!.. Bəli, bəli, özün öz içində azırsan! Sonra da ordan… (üzü dəyişir) mütləq kimisə… yox, kimlərisə tapdaya-tapdaya, öldürə-öldürə... meyitlərin üstü ilə keçib çıxırsan! (qəfildən nəyisə anlayır, susub sarsıntı içində Ayomun gözlərinin içinə baxır) …Hə-ə… Mən hiss edirdim... Deyirdim axı... Təhlükə… Səndən daim sızan gizli təhlükə… Mən onu həmişə hiss edirdim. (qəfildən üzü dəyişir, hiddətlə) …Qatil!! Qatil!! Qatil!!
Möhtəşəm külək vıyıltısı. İşıq dəyişir. Külək içəridə əsir. Ayom və Ayna, küləyin müqaviməti altında ləngər vura-vura, saçları qarışa-qarışa üzbəüz dayanıblar. Abd hardansa kənardan, küləyin toxunmadığı, sakit ərazidən onlara baxır.
Külək güclənir və üzbəüz dayanan qadınları bir-birindən qopararaq əks səmtlərə itələyir.
Abd, hardansa yuxarıdan atılmış kəndir nərdivanla üzüyuxarı qalxmağa başlayır.
I hissənin sonu
II HİSSƏ
Elektrik şnurundan asılıb yellənən lampanın zəif işığında, üzü tük basmış, dizləri, heysizlikdən bükülmüş Abd və saçları dağınıq, əyin-başı, kiminləsə əlbəyaxa döyüşdə səliqədən çıxmış Ayna görünür.
Abd, elektrik stuluna, oturaq cərrahiyyə kreslosuna bənzər əcayib quruğunu, daha sonra, çarxlı pyedestalı sürüyüb məkanın ortasına gətirir. Heydən düşmüş halda özünü, gətirdiyi kresloya yıxıb nəfəsini dərir.
Ayna, əlində iynə-sap bir kənarda əyləşib. O, pencəyinin sökük qolunu tikməklə məşğuldur.
Çox keçmir ki, məkanın ortasına, hardansa, həyəcanlı, coşğun vəziyyətdə Ayom atılır, nəyinsə intizarında, narahat addımlarla o baş- bu başa yeriyir. Həmin səslər fonu…
Ayna: (dodaqlarını güclə tərpədərək, heysiz səslə) O elə dənizdən danışır. Adam dənizindən. Adamdan da dəniz olar?.. Lap ağını çıxarıb. (əlini saxlayır, başını qaldırır) Bəlkə o… (fikirli) …ayrı dənizi deyir?!.
Abd: (heysiz səslə) Adam dənizini deyir. Bizi… (fikrə gedir) Gücü çatmır.
Ayna: (tikə-tikə, əsəbi, qırıq gülüşlə) Gücü çatmır?!. Onun gücü çatmır?!. Gör bir məni nə günə qoyub?!. (tamaşaçılara) Mən – o cür həyatsevər, şən qadın, indi… hər şeydən qorxmağa başlamışam. Pəncərələrimdən qalın pərdələr asmışam ki, çöl görünməsin. (Abda baxır) Elə sən özün… Gör bir nə gündəsən?!..(Ayoma baxır, kinli) Hamısını o, eləyir. Dünyanı, darısqal daxıl qutusuna o, döndərir. Buna deyən gərək, balam, yaşaya bilmirsən, öldür də özünü. Camaatı niyə bu günə qoyursan?.. Adamları görmək istəmirsən, belə cəhənnəmə gör. Belə adamlar da səni görmək istəmir, sonra?..
Ayom: (nədənsə diksinib ayaq saxlayır, həyəcanla əl-ayağına baxır) Mən… sovruluram…
Abd: (kreslosundan düşüb telefona sarı gedir, nömrələri yığır, qayğılı) …O burda boğulur…
Ayna: Burda, yəni harda?..
Abd: (telefona) Adam arasında…
Ayna: Adam arasında?.. O özü nədi görən, adam deyil?..
Abd: (telefona) …Bir o qədər də oxşamır…
Ayna: (əlini saxlayır) …Oxşamır?..
Abd: (çönüb Ayoma baxır) …Hə, o, adama oxşamır…
Bomba partlayışını andıran səslər. Ayom nədənsə sivişən kimi, Aynaya sarı yeriyir. Orda təhlükə gözləyən tək, o yan-bu yanına baxır.
Ayna: (səsdən diksinir, Abda şübhə ilə) Siz… “adam” sözünü niyə elə dediz?..
Abd: (çaşqın) Necə dedim?.. Dedim a-da…
Ayna: (vahimə içində, tələsik) …Yox-yox, deməyin!.. (səsi enir) Xahiş edirəm. O sözdən… (əyilib mədəsinə baxır, əlini mədəsinin üstünə qoyur) …mənim buram ağrıyır…
Ayom: (dəstəyə)… Orda dəhliz var…
Ayna: (əlindəkini yerə qoyub ehtiyatla Ayoma yaxınlaşır, ona, heykələ baxan kimi, kənardan baxır) O, gün-gündən vahiməli olur. Hansısa qədim quşa bənzəyir. Amansız, yırtıcı quşa.
Abd: (heysiz hərəkətlərlə telefonun düymələrini basır) O, qədimdi. Ola bilsin ki, həm də quşdu.
Ayna: Həm də?.. Siz… “həm də” dediz?..
Abd: Əslində… (səsi enir, Ayoma kədərlə baxır) …biz onun barədə heç nə bilmirik.
Ayna: (onu eşitmir) Ondan həmişə, hər an təhlküə saçır… (hardansa uzaqdan canavar ulartısı eşidilir)
Abd: Ələlxüsus fikirləşəndə. O, fikirləşəndə qorxunc olur.
Ayna: Bəs danışanda?.. O, danışanda, elə bil… (susur, mədəsini, ağrıyan tək qucaqlayır) …nə isə dəyir adama. (tamaşaçılara, çaşqın) …Amma nə?..
Kamançada anlaşılmaz, kobud-incə səslər. Ayom öz bədənini – qollarını, əllərini, ayaqlarını, tədqiq edən tək, gözdən keçirir. Abd, kamança səsindən başını tutur.
Ayom: (özü-özünə, ovsunda əllərinə baxır) Son vaxtlar bu əllərim… (ayaqlarına baxır) … ayaqlarım da… Elə bil böyüyüb… (öz əllərindən, ayaqlarından xilas istəyi ilə əcayib hərəkətlər edir) Yeriyəndə də bir-birinə dolaşır…
Ayna aramla Ayomun başına hərlənərək onu, əcayib eksponata baxan tək, nəzərdən keçirir.
Ayna: (kiməsə xəbər verirmiş kimi) O, qətiyyən özünü apara bilmir. Özü də bilinir ki, bu onun özündən asılı deyil.
Abd: (yorğun təlaşla) O, sümrülür… İtir…(harasa arxaya) Bizim aqibətimiz necə olacaq?!..
Ayna: (astadan vahimə ilə) O, tamam insanlıqdan çıxıb. Elə-belə baxanda da görürsən ki, adam deyil.
Ayom: (qəfildən, məkanın ha tərəfindənsə nə isə eşidir, sarsıntı içində qulaqlarını qapayır) …Daha dözə bilmirəm!..
Abd: (kədərlə) Yazısı budu... Neyləmək olar?.. (qurğuya sarı yeriyir) Sevgi elə bir uçurumdu ki…
Qurğunu cərəyana qoşur, asma lampa sönür, qurğu bərq vurmağa başlayır. Kədərlə Ayoma baxır. İşıq dəyişir, anlaşılmaz xışıltı səsi. Ayom, tələyə düşən yaralı heyvan tək qısılır, gərilir, nədənsə qorunan əcayib hərəkətlərlə geriyə çəkilib harasa sivişmək istəyirsə də, dayanır.
Ayna: (qurğuya sarı yeriyir, orda Abdla köməkləşib qurğunu sürüyürlər) Kimi sevir sevsin. Allah xatirinə. Sağlığına qismət. Bizim günahımız nədi?..
Ayom: (onların, qurğunu sürüdüyünü görüb pyedestalın üstünə qalxır, dərs danışan şagird kimi əllərini arxasında cütləyib tamaşaçılara) Əvvəllər mən elə bilirdim, sevdiyim anamdı… Sonra… ərə gedəndən sonra, anladım ki, sən demə, bu… ərimmiş… Yəni sevdiyim… (danışdıqca səsi yüksəyə qalxır) …Uşaqlarım olanda isə…
Abd: (qurğunu sürüyə-sürüyə, bivec) Budu bax, yenə başladı…
Ayna: (Ayoma) Heyf səndən. Gözəlliyin, sənətin, gül kimi ailən-uşaqların, şan-şöhrətin… (tamaşaçılara) Adama deyərlər, daha nəyin çatışmır?..
Abd: (qurğunu sürüdükcə hıqqana-hıqqana) Deyirdim axı… Mən bunu həmişə deyirdim. Deyirdim, o, adam deyil. Qulaqardına vururduz…
Ayom: (öz aləmində)…başa düşdüm ki, bu, onlar da deyil…
Abd: (qəfildən, küləyin uğultusunu eşidir, ayaq saxlayır, Aynaya pıçıltı ilə) …S-s-s… eşidirsən?..
Ayom: (çaşqın və müqəssir) …Axı mən.. kimi sevirəm?..
Yer titrəyişinin uğultusu eşidilir.
Ayna: (uğultuya diqqət kəsilir) Bu nədi belə?..
Abd: (qorxu içində) Hiss eləyirsən?..
Ayna: (vahimə içində) Nəyi?..
Abd: Yenə yer yırğalanır… (harasa yuxarı baxır, qorxu içində) O, onu çox sevir…
Ayna: (astadan) Amma… (susur, birdən əsəbi) Kimdi axı bu o?.. (uğultu güclənir, Ayna bu səsdən hürküb Abdın əllərindən tutur, astadan) Məni xilas edin…
Ayom qollarını qoltuğuna vurub nəyisə, kimisə gözləyən kimi, o yan-bu yana gəzişir.
Ayom: (ayaq saxlayır, müqəssir səslə boşluğa) Mən adamam…
Ayna: (Ayoma baxa-baxa qurğuda nəyisə düzəldir, astadan) Vallah o, kabusdur. Ağ kabus. Bir adam ki… (əlini saxlayır, tamaşaçılara) …ömrü boyu kimisə sevə… (əsəbi qırıq gülüşlə) kimi sevdiyini, heç özü də bilməyə… Gah ildırımdan, gah küləkdən, gah mədəsindən yapışa…
Abd: (işgüzar) Onlar da elə dedilər…
Ayna: (cəld) Nə dedilər?..
Ayom: (nəyisə gözləyən kimi, əsəbi-əsəbi o yan-bu yana yeriyir, birdən ayaq saxlayıb hansısa görünməz arakəsmədən içəri) Noldu, hələ çox qalıb?..
Ayna: (Ayoma sarı, bezgin) Gözləyin!.. (yenə qurğuda əlləşə-əlləşə astadan Abda) …Nə dedilər?..
Abd: (həvəssiz) Dedilər… (Ayoma baxa-baxa Aynanın qulağına astadan nə isə deyir, bircə axırıncı sözü eşidilir) ….əmbur - təşhəd!..
Ayna: (içini çəkir, kədərlə Ayoma baxır, astadan) …Dəhşət!..
Abd: S-s-s… (astadan) Qayda belədir.
Ayna: Mənsə… (vahimə içində) Mən-bədbəxt, gör bir nə qədər vaxtı onunla, bir stolun arxasında, yanbayan… (bədəni üşünən kimi əsir, asma lampa yanır. Əcayib səslər) …Gecələr yuxuda… (yadına salmağa çalışır, özü-özünə) …Yuxuda idi, yoxsa, yuxudan əvvəl idi… O… (dəhşətli sirrin astanasına çatmış kimi) elə hey nə isə deyirdi… Onun dedikləri, niyəsə heç vaxt yadımda qalmır. Bircə səsi qalır məndə. (qorxunc kamança səsi) Səhəri günü də, hələ bir neçə gün sonra da, o səs bədənimin… (bədənini, iynə girmiş kimi əsəbi hərəkətlərlə yoxlayır) ha tərəfinəsə ilişib qalır… (qəfildən dizi üstə düşüb Abdın dizlərini qucaqlayır) …Mənə kömək edin!.. Yalvarıram…
… Kamança səsi. Ayom diksinir, bədənini qucaqlayır.
Abd: (donuq vəziyyətdə, mütəəssir) O, adam ola bilmədi. Bəzən o… (Ayoma məhəbbətlə baxır, üzü işıqlanır) …çəhrayı şüaya bənzəyir… Bəzən də… (susur, vahimə içində) …dağıdıcı dalğaya…
Ayna: ( nifrətlə Ayoma baxır) O, qadın deyil.
Ayom: (ayaq saxlayıb onlara sarı) Noldu, hələ çox qalıb?..
Abd: (əsəbi, Ayoma) …Dedilər gözləyin, demək gözləyin, vəssəlam!..
Ayom telefona sarı gedir, nömrələri yığmağa başlayır.
Ayna: O… (astadan) …Makedoniyalı İsgəndərdi…
Abd: İsgəndər?..
Ayna: (inamla) Hə, o özüdü. Mən onu, tarix kitabındakı şəklindən tanıdım. Bu, odur – İsgəndər!.. (telefonu zəng çalır, düyməsini basır)…Bəli…
Ayom: (həyəcanla telefona) …Heç bilmirəm bu, necə oldu… Bu, mənim günahım deyil… Günah onlardadı…
Ayna: (əli ilə Abda nə isə işarə edə-edə) Həmişəki kimi şişirdirsən… Nə baş verib axı?.. Tutaq ki, onu bir qədər gözlədin...
Ayom: Yox, axı bilirsən… mənim heç ağlıma da gəlməzdi… (Ayna ilə Abd Ayoma yaxınlaşırlar)
Ayna: (gözü Abdda) Burda nə baş verib axı?..
Ayom: …Yox, məsələ onda deyil… məsələ bundadı ki… (əsəbi gülüşlə) mən Onu orda saatlarla gözlədim… Təsəvvür eləyirsən?.. Dəhlizdə!.. .
Ayna: (sakit) …Nolsun ki?.. Burda nə var axı?..
Ayom: (onu eşitmir)…minlərlə adamın arasında!.. saatlarla… (dayanır, nəyisə dəqiqləşdirməyə çalışır) …bəlkə də çox…
Ayna: …O sənə elə gəlib… Axı sən… O dəfə razılaşdıq da bunu… Sənin zaman duyumun… (Abd Aynaya işarə verir)
Ayom: Zaman duyumunun bura nə dəxli?.. Sən bir təsəvvür elə, mən gözləyirəm… Arada bir qapını açıb: “noldu, hələ çox qalıb?..” – deyirəm. Ordansa: “Gözləyin…” – deyirlər. “Gözləyin”, vəssəlam. Gözləməyin axırı da bu oldu…
Ayna: (dəstəyi qoyub danışa-danışa arxadan Ayoma yaxınlaşır) O, səni gözləyib. Bu, adi anlaşılmazlıqdı. (Abd astadan Aynaya nə isə deyir, Ayna qəfildən Ayomun qollarını arxadan burur)
Ayom: (qorxu içində) …Sən… siz neyləyirsiz?!.
Ayna: (onu eşitmir, Ayomun təbiri ilə tamaşaçılara) …Yox axı, bilirsən, mənim heç ağlıma da gəlməzdi… Belə şeylər mənim həyatımda ümumiyyətlə olmayıb…
Ayom vurnuxur, Aynanın əllərindən sivişmək istəyir. Onlar əlləşirlər.
Abd: (sinəsinə asılmış eynəyini gözünə taxıb mizin üstündəki alətləri bir-bir, diqqətlə gözdən keçirir) …Kimin ağlına gələrdi?!. (əlini saxlayır, tamaşaçılara) …Kimin ağlına gələrdi ki, bu çəhrayı şüayabənzər məxluq… (Ayoma baxır, səsi qəddarlaşır)…bu boyda qorxunc, dağıdıcı qüvvəyə malikdi?!!…
Ayom: (çırpınır) …Siz məndən nə istəyirsiz?.. …Mən şüa deyiləm…
Ayna: (Ayomu qurğuya oturdub Abdla birgə qollarını qurğunun qolçaqlarına bağlayır) Hə, indi adam oldu. Yadına insanlıq düşdü.
Ayom: …Haqqınız yoxdur!.. Mən heç bir qanunu pozmamışam… (fikirləri qarışır) …Bəzən… görürsən xırda pozuntular olur… yəni ola bilər. O da, çox nadir hallarda…
Abd: (hansısa qayışları açıb-bağlayır, nələrisə işə salır, istehza ilə) Çox… Çox - çox nadir hallarda.
Ayom: (həyəcanla) …Siz… siz bilmirsiz… O qanunlar özü-özlərinə pozulur… Mən onlara toxunmadan… İnanmırsız?.. Bax, deyim… Mən küçə ilə gedirdim… (Abd ilə Ayna Ayomun arxasında nəyisə bururlar) …bir də gördüm… (qəfil susur, o yan-bu yana baxır, boşluğa) …Məni eşidirsiz?..
Abd: (Ayna ilə pıçıltıyla danışa-danışa Ayomun belinin hansı nöqtəsinisə əli ilə basır, Ayom inildəyir) …Aha!.. Budu bax… buradı…
Ayna tələsik eynəyini taxıb Abdın tərəfinə keçir, əyilib Ayomun belindəki o nöqtəni axtarır, sonra əlini həmin o yerə basır, Ayom çığırır.
Ayna: (Ayomun çığırtısına məhəl qoymadan onun köynəyini qaldırıb basdığı yerə yaxından baxır) Bu, o deyil. Burda anadangəlmə çökək var… Baxın… (əlini həmin o nöqtədə oynatdıqca, Ayom daha bərkdən çığırır. Çığırtıya məhəl qoymadan) Görürsüz?..
Ayom: (ağlayır) …Ora dəyməyin!.. Orda yara var!..
Abd: (əlindəki alətləri, itiləyən kimi, burur) Hələ biz dəqiq bilmirik o, kimdi…
Ayom: (yazıq-yazıq) …Dəyməyin… Əl vurmayın!.. Siz səhv edirsiz!..
Abd: (əlini yenə Ayomun kürəyində, sinəsində gəzdirə-gəzdirə hansısa nöqtəni axtarır, özü-özünə) …Hardasa buralarda olmalıdı… Amma, o, nə burdadı… (Ayomun hansısa nöqtəsinə basır, o çığırır)…nə də burda…
Ayna: (Ayomun bədəninin müxtəlif nöqtələrinə basıb onu çığırda-çığırda, fikirli) Hə… rekasiya o deyil.
Abd: (başıqarışıq) …Bəs mən nə deyirəm?.. (Ayomun bədənində, şkafın içində eşələnən tək eşələnir) …O… hardasa buralarda olmalıdı… Şoğərib…
Ayna: (o da eşələnir) Siz haranı axtarırsız?.. O, bax, bu nahiyələrdə olmalıdı. (Ayomun mədəsini əlləşdirir, o, çığırır) Orda ki, mədəaltı vəz var… (işgüzar) Hardasa, bura yaxın yerlərdə…
Abd: (əlini, Aynanın göstərdiyi nahiyədə gəzdirərkən, qəfildən nəyəsə ilişir) …Aha!.. Budu bax… (əlini bir az da dərinə salır, əli qoluqarışıq Ayomun mədəsinə girir) …Aha!.. (getdikcə elə bil onu ora dartırlar ) …Bu… nədi belə?.. Mən… Məni… tut!.. Tut məni!.. (qışqırır, Ayna dəhşət içində Abdın belindən yapışıb darta-darta onu Ayomun qarnından çıxarmağa çalışır. Güclü külək səsi. Onlar küləyin müqaviməti altında əlləşirlər)
Ayom: (ağrı hiss etmir, üzgün səslə) …Mən… söz verirəm!.. Daha danışmayacağam. Fikirləşməyəcəyəm də!.. Söz verirəm!.. Söz verirəm!..
Ayna: (hıqqana-hıqqana) Susmağın ondan da betərdi!.. (Abda) …Gücüm çatmır…
Ayom: Elə isə, daha susmayacağam!.. Söz verirəm!..
Abd: (qolu Ayomun içində, nəfəsi kəsilə-kəsilə, anlamaq olmur kimə) …Burax!.. Burax məni!..
Ayna: (Abdı darta-darta) …Gücüm çatmır!…
Ayna Abdı dartıb axır ki, Ayomun içindən çıxarır, hər ikisi yerə yıxılır. Bir m.üddət hər üçü gərgin savaşdan sonrakı heysiz, təngənəfəs vəziyyətdə qalırlar. Külək uğultusu eşidilir. Ayom uğultuya diqqət kəsilir, uğultudan nə isə anlayan tək, həzzlə gözlərini yumur…
Ayom: (gözüyumulu) Mən söz verirəm… Söz verirəm... Söz verirəm...
Abd: (ayağa qalxır, bir müddət nəfəsini dərir, sonra Ayoma yaxınlaşıb qabağında dayanır) Nəyə söz verirsən axı?!. (əsəbi çığırtıyla əlindəki skalpeli dəmir qaba çırpır) Orda dəhliz var!..
Ayna: (ayağa qalxıb üst-başını çırpır, əsəbi) Bu, dəhliz deyil… uçurumdu… uçurum!..
Abd: (təlaşla) …Odu ki, bu gündəyik… Buna heç gün də demək olmaz. Bu, daha çox kölə… Tfu!.. kölgə olsağa bənzər bir şeydi… Bilmirsən varsan, yoxsa, yoxsan. Görüntüsən, yoxsa…(qol-qıçını yoxlayır) gerçəklik… (qəfildən küləyin uğultusunu eşidir, üzü işıqlanır) …Amma həm də özünü… kölgəsi olduğunun, daim yanında duymağın, ona hər an, hər saniyə toxuna bilməyin, nəfəsini, ecaz dolu hisslərini canında hiss eləməyin səadətini nə verə bilər?.. Nə yazıqlar ki, bu, yalnız kölgə səadətidi… Duyulanın duyumu… yaşanılanın yaşantısı… Sonu, dibi görünməyən miskin…(yenə üzü işıqlanır) səadət uçurumu… Bu, necə səadətdi?.. Səadətdimi bu?.. Səadət beləmi olur? (səsi enir, öz-özünə) Gölgə səadəti…(çaşqın) …Səadətin səadəti…Sonu, axırı olmayan… əzablar və üzüntülər, nəşələr dolu fasiləsiz səyahət…(qəfildən ayılır, hüznlə) Hə, bu səyahətin sonu yoxdu… Bu səyahətə… bircə məhkumluq var… (susur, üzü qəfildən dəyişir. Aynaya hüznlə) …Məhkum - bizik…
Ayna: (təlaşla) Biz?.. Biz məhkumuq?.. Bunu onlar dedi?..
Abd: (şprisə dərman doldurub Aynaya uzadır) Haydı!..
Ayna: (şprisi Abddan alır) …Bunun hamısını?!.
Abd: (alətlərlə əlləşir, başıaşağı) …Orda nə var ki?.. Bayaqdan azadlıqdan dəm vuran sən döyüldün?.. Di vur da!.. Hə!..
Ayom: (şprisi görüb vahimə içində) …Yo-ox!.. Yox-yox-yox-yox!.. Eləməyin!.. Xahiş edirəm… (çırpınıb qurğudan çıxmaq istəyirsə də, alınmır) …Tövbə eləyirəm!.. Daha… (ağlayır) …heç vaxt… heç nə…
Abd: (əlini saxlayıb sakit səslə Ayoma) …Bəs dəhliz?.. O necə olsun?..
Ayom: Dəhliz?.. Siz… (gah Aynaya, gah Abda baxır) …hansı dəhlizi deyirsiz?..
Ayna: (şprisin havasını buraxır) Bayaq az qala düşüb öldüyü dəhlizi deyir!..
Abd: Adamların düşüb itdiyi dəhlizi deyirəm. Hamının sümrüldüyü!..
Ayom: (başını qaldırıb tamaşaçılara) …Hamının sümürüldüyü?..
Ayna: Guya bilmirsən?.. Özünü bilməməzliyə vurma. (barmağıyla hədələyir) Bunu mən çoxdan hiss eləyirdim!.. Amma, yox!.. (xüsusi vurğuyla) Mən – sən görənlərdən deyiləm!.. Məni sümürə bilməyəcəksən!..
Ayom: (çaşqın halda gah Aynaya, gah da Abda baxır) …Bu… bu, mənim günahım deyil… (tamaşaçılara) …Günah onlardadı… Bunu… onlar özləri edir… İnanın mənə… (Aynaya) Özün deyirdin ki, «onlar mənə can atırlar…» yəni, canlarını mənə atırlar… Könüllü…Bunu onlar özü istəyir…
Ayna: Nəyi istəyirlər axı?..
Abd: (əlini, Ayomun mədəsinə qoyur) Bura - dəhlizə düşməyi… (kədərlə) Onlar xilas olmaq istəyir…
Ayna: Xilas olmaq?.. Bisimillah!.. Nədən?..
Ayom: Nədən?… (səsi enir, üzü dəyişir) Öz içlərindən… İçlərindəki adamlardan… daxillərindəki qorxunc cəmiyyətlərdən…
Ayna: (təəccüblə, Abda) Bu, nə danışır?.. Hansı adamlar?..
Ayom: (ovsunda, tamaşaçılara) …oranın keçilməz bataqlıqlarından… Təkadamlıq, soyuq darıxma kameralarından… (həmlə edib kreslodan qurtulmaq istəyir)
Şarmankada ifa olunan musiqi eşidilir. Məkan, adamlara bənzər müqəvvalarla və müqəvva kimi hərəkət edən adamlarla dolur. Onlar Ayomu əhatəyə alırlar.
Ayom : (onların arasından, sıx cəngəllikdən xilas olmaq istəyən tək) …Orda… onlarda… onların hər birində a-dam-lar va-ar!!.. İnanın mənə!..
Müqəvvalar müxtəlif səslərlə danışmağa başlayır, Ayomun dedikləri səslərin içində əriyib itir.
Ayna: (vahimə içində başını tutur) Sən… yenə başladın?.. Mən…
Hay-küylü bazar meydanını, stadionu andıran qarmaqarışıq mənzərə. Ayom izdihamın içindədir. O, nə isə çığırır, səsi eşidilmir, vurnuxub çıxmaq istəyir, çıxa bilmir
Abd: (qışqırır) Yalandır!.. Elə şey ola bilməz!..
Ayna: (səsi eşidilsin deyə, bərkdən) Niyə məni qorxudursan axı!.. Bundan həzz alırsan, nədi?..
Ayom: (Aynanın dediklərinə məhəl qoymur, səsi eşidilsin deyə, bərkdən) …Bax, həmin o məclisdə də!… O darısqal adam bataqlığında!… Tək sən gördüyün adamlar deyildi!.. Ora… adam meşəsi idi!..
Ayna: (çaşqın) Nə meşə?.. Hansı meşə?..
Ayom: ( tamaşaçılara)… Bax elə orda da... Birdən-birə… elə oturduğum yerdə… Ürəyim ağzıma gəldi… Hardansa… (əlini mədəsinin üstünə qoyur) …bax burdan – içəridən… elə bil nə isə budaq atdı… Məni ayağa qaldırdı!.. (Abd Ayomun boğazına şərf dolayıb onu boğur, Ayom zorla qurtulur, təngənəfəs) …Bilirsən… bilirsən o nə idi?.. O ağzıma gələni deyirəm… O!.. (itələşir) …ürəyim deyildi… Bu!.. (dayanır, heyrətlə tamaşaçılara) … Mən idim… …Mən özüm!..
Səslər və işıq dəyişir. Abd sarsıntı içində üzünü qapayır.
Ayna: (tələsik hərəkətlərlə müqəvvaları ipdən açıb yerə sərir) …Heç nə başa düşmürəm. Daha doğrusu eşitmirəm… Sən… Siz… hardasız?.. (Ayomun, müqəvvalardan birinin başını qoparmaq cəhdlərini görüb) Yenə nə edirsiz orda?.. Nə deyirsiz?.. (onu itələyirlər, az qalır yıxıla)
Ayom: (müqəvvaların arasında özünü zorla saxlayır, tamaşaçılara) …Həmin o məclisdə… burdan (əlini mədəsinin üstünə qoyur) …içəridən… hava qabarcığı kimi qalxıb boğazıma tıxanan…
Abd: (hardansa kənardan, kədərlə) …O özü idi…
Ayom: (Abda sarı qaçır, onu qucaqlayır) …Hə!.. Məni… həmin o adam darısqallığında qoyub aradan çıxmaq istəyən…
Abd: (kədərlə) …Mən idim…
Ayom: (qəfil dayanır, heyrətlə haranısa arxanı göstərir, bərkdən) …O idi!..
Ayna: (müqəvvaları aralayaraq)…Siz bilərəkdən qəliz danışırsız!.. “O idi”, “mən idim”, “O mən idim…”, “mən O idi…” İndi bunu necə başa düşək, kim kim idi?… Bunu qəsdən eləyirsiz!.. Məni çaşdırmaqdan ötrü!.. Bu, sizin çoxdankı adətinizdi… Yenə yayınırsız!!! Sivişirsiz!!!
Ayom: (çığırtıya məhəl qoymadan) …Yayınıram?.. (birdən nəyisə anlayır) …Hə… yayınıram…
Ayna: Görürsüz?.. Bax, indi deyin, nədən yayınırsız?.. (itələşmədən az qalır yıxıla)
Ayom: Onlardan. Axı bayaq dedim sizə…
Ayna: Kimdən?..
Abd: (əsəbi) Adamlardan!…
Ayna: (vahiməli təəccüblə) Adamlardan?.. Siz adamlardan yayınırsız?.. Axı niyə?..
Ayom: Mən… (vahimə içində tamaşaçı zalına baxır, astadan) Mən onlardan qorxuram...
Bayaqdan bəri hardansa sızan musiqi səsi güclənir…
Ayna: (heyrətlə) …Qorxursuz?..
Abd: (əsəbi) Bu, ona elə gəlir. Uyma sözlərinə… yenə ora düşəcəksən!..
Ayom: (ovsunda özü-özünə) …Yox-yox, bu dəqiqdi… O gün… o məclisdən də buna görə qaçdım… Dama da buna görə çıxmışdım… (tamaşaçılara vahimə içində) …Ayrı yol yox idi… Küçələr bitib qurtarmırdı… Adamlar da…
Qəfildən quş yığnağı səsi eşidilir. Bu səsləri eşidən Ayom əvvəl boşalır, sonra silkələnib gümrahlaşır.
Ayom: (müəmmalı təbəssümlə) …Amma, ora – damın qırağı deyildi… tən ortasıydı… Özü də bu, on beş mərtəbəli bina deyildi…
Ayna: Axı niyə?..
Ayom: Nə niyə?..
Ayna: Niyə, sizin kimi ağır təbiətli, nəcib bir xanım… (birdən əsəbi) …Axı siz niyə belə eləyirsiz?.. Camaatı vahiməyə salmaqdan həzz alırsız, nədi?..
Ayom: (Abda) Həzz?..
Abd: (xoş səslə) O, həzz alır…
Ayna: Bunu… bəlkə də hər kəs cürət edib sizə deməz, mənsə deyirəm. İstəyirsiz inciyin. Sizin bu hərəkətləriniz… (susur, qəfildən nifrətlə) Həmin o dama çıxdığınız günü deyirəm… Ardınızca yuxarı dırmaşan yanğınsöndürənlərdən biri… (tamaşaçılara) Cavan, günahsız bir məxluq, damdan yıxılıb!.. Bundan xəbəriniz var heç olmasa?… (səsi enir) Yerindəcə keçinib!
Ayom: (həyəcanla) Keçinib?
Abd: (xoş səslə) Onu o, öldürdü…
Ayom: (müəmmalı ciddiliklə) Bəlkə…
Ayna: Sözümü kəsməyin, xahiş edirəm. Bilirəm, indi yenə… (istehzayla) “ələgəlməyən”, “izahsız” hisslərinizdən, “anlaşılmaz” duyğularınızdan danışacaqsız. Mətləbə gələndə isə…
Abd: (üzrxahlıqla) …Heç nəyi axıracan məntiqlə izah edə bilmir.
Ayna: (nifrətlə) Burda insanlar tələf olur, sizsə…
Ayom: (sərt) …Bu… mənim güanahım deyil… (tamaşaçılara, çaşqın) …Günah onlardadı. Bunu, onlar özləri edir. Bilmirəm, bilə-bilə, yoxsa… (Qorxunc cırıltı səsi. İşıq dəyişir) …Onlar… öz canlarını mənə atırlar…
Ayna: Bu nə sözdü, düşüb ağzınıza?.. (təqlid edir) «Canlarını mənə atırlar…»
Ayom: Onlar… həddən artıq çoxdurlar… Hər birində də… (cibindən alma çıxarıb dişləyir. Abdla Ayna bundan diksinir) …Onların hər birində… (iştahla almanı yeyə-yeyə) …adamlar var... Çoxlu adam… Bir-birinə dəxli olmayan… müxtəlif növ adamlar… Saysız-hesabsız əcayib adam müxtəlifliyi…
Ayna: (Abda astadan əsəbi) Bu nə cəfəngiyyatdı?!. (Ayoma) Qulaq asın, siz özünüzü idarə edə bilmirsiz.
Ayom: (onu eşitmir) …onların hər birində… Hə, hə… bizim hər birimizdə adamlar var… (yandırıcı pıçıltıyla) …Müxtəlif adamlar!.. Bir-birindən xəbərsiz, yanbayan yaşayan bir ordu adam!.. Hücum xarakterli ritmi vuran təbillərin səsi eşidilir
.Ayna: (qeyzlə) Siz yenə o üzə çönürsüz!.. Mən fikir vermişəm – hava dəyişikliyi sizə həmişə belə təsir edir. Özünüzü ələ alın!.
Abd: S-s!.. O, sirr açır…
Ayom: (Aynanı eşitmir, tamaşaçılara) …Cəmiyyətlər!.. Bəli… Bizim hər birimizdə… Saysız-hesabsız müxtəlifliklər!.. (yerində sayır)
Ayna: (Abda qısılıb, gizli qorxuyla) Cəmiyyətlər?.. Siz “cəmiyyət” dediz?.. Siz hansı cəmiyyətləri deyirsiz?..
Abd: (kənardan) …Mane olmayın… Hərçənd ki, ona mane olmaq mümkün deyil…Ayom: (onu eşitmir, qəfildən dayanır, kiməsə eşitdirirmiş kimi bərkdən) …Onlara… (susur, tamaşaçılara baxır) …Bu qədər adama… Hər adamda bir ordu adama! (səsi yüksək nota qalxır və təbillərin səsi kəsilir) …Bu qorxunc adam dənizinə… Bu saysız-hesabsız… sonsuz müxtəlifliyə… (harasa uzaqlara çığıran təki) …Mənim gücüm… çat-mır!!!..
Radio dalğalarının pozuntu səsi. Ayom qulaqlarını qapayır. Bu üzücü səsdən qurtarmaqdan ötrü hayanasa qaçıb yoxa çıxır
Ayna: (təşvişlə boşluğa qışqırır) Dayanın!.. Hara?!. Bəs mən?..
Abd: (Ayomun ardınca məhəbbətlə) O, getdi…
Radio dalğalarının pozuntu səsi get-gedə azalır və itir. Get-gedə uzaqlaşan izdihamın səsi. İşıq enir. Ayna səhnədə təkdir
Ayna: (yazıq səslə) …Məni eşidirsiz?..
Qaranlıqdan, üz cizgiləri sivri, əcayib, qorxunc təbəssümlü Naməlum kəs görünür. O kəsik, səssiz addımlarla Aynaya sarı yeriyir.
Ayna: (yazıq səslə) …Hara itdiz?.. Bunu necə başa düşüm, hə?.. (telefonun dəstəyini qapıb tələsik nömrələri yığır) Məni eşidirsiz? (əlacsız) Niyə susduz?..
Naməlum kəs ehmalca Aynanın yanında əyləşirsə də o, onu görmür.
Ayna: (əlacsız vəziyyətdə özü-özünə) …Siz… siz… susanda… mən həmişə… niyəsə elə bil… (nə isə hiss edən kimi sakitliyə diqqət kəsilir, lap astadan) …yox olmaqdan qorxuram. (Naməlum kəs Aynanın böyründə bilinər-bilinməz çəkisiz hərəkətlərlə tərpənir) …Bayaq dediyiniz o təzə söz də… (susur) ...o söz… (qəfildən vahimə içində ayağa sıçrayır, ayağının, kreslosunun altına baxır) …niyəsə mənə, yoxluqdan da qorxunc gəlir. Məni eşidirsiz?.. (qəfildən əsəbi) …Cavab verin!!. (nə isə hiss edib diksinir, ayağının altına baxa-baxa) …Siz beləcə qəfildən susanda elə bil həmişə… hardasa… nə isə hərəkətə gəlir… (Aynanın yanında Naməlum kəsin biri də peyda olur. Ayna vahimə içində kreslosunun üstünə qalxır, əyilib yerə baxır, bərkdən) …Danışın!.. (səsi yazıqlaşır) …Niyə yenə susduz?.. Siz… yenə fikirləşirsiz?.. (yerə baxır) …Burda… yerdə… elə bil nə isə… Yox!.. nələrsə tərpəşir… Onlar… (vahimə ilə içini çəkir, ağlamsınır) …Mən… o sözü deməyə qorxuram!..
Naməlum
kəs: (hərfləri az qala ağzında partlada-partlada) …Müxx-təliff-lik-lərr!..
Ayna çığırıb dəstəyi tullayır, huşunu itirir. Məkanda, izdihamdan sivişib qurtulan Ayom görünür.
Ayom: (təngnəfəs) …Orda… onların… hər birində… Bizlərdə… edamlar edilir!..
Uzaqdan, möhtəşəm izdihamın səsləri eşidilir, getdikcə itir. İşıq enir. Pauza.
Qəfildən məkanın qaranlıq dərinliyindən, Naməlum Kəsin biri görünür, vahiməli hərəkətlərlə irəli çıxıb əlini mədəsinin üstünə qoyur.
Naməlum
kəs: Burda dəhliz var…
Ayna bu sözdən diksinib özünə gəlir, Ayomun üstünə cumub onu yenidən qurğuya oturtmaq istəyir. Qadınlar vurnuxurlar. Abd özünü köməyə yetirir. Onun kimə kömək etdiyi anlaşılmır. İşıq sönür. Asma lampanın titrəyən işığında məkanın dərinliyində nə baş verdiyi anlaşılmır.
…Nəhəng sal şüşənin sınması səsi eşidilir və qaranlıq çökür.
Ayom: (qaranlıqda səsi eşidilir) …Qorxuram…
Məkan aydınlaşır. Ayom təkdir. Hardansa uzaqdan külək vıyıltısı eşidilir. Ayom müqəvvalar qalığına yaxınlaşır, onlardan yerə düşüb qalan geyimləri qucağına yığıb geriyə qayıdır. Onları bir-bir çırpdıqca, yerə şüşə qırıntıları tökülür. Bayaqdan bura, əynində çatışmayan bu geyimləri – Aynanın başına sarıdığı ağ ləçəyi və yumşaq ağ çəkmələri, Abdın ağ şalvarını, bir-bir əyninə geyib, başdan-ayağa ağappaq olur, sərxoş yerişlə səhnə boyu yeriyir. İldırım çaxır… İldırımın səsindən mədəsindən tutan ağrıya bükülür, dizi üstə çökür… İldırım bir də çaxır…
Hardansa arxadan şüarabənzər nə isə çığıra-çığıra keçib gedən izdihamın səsi eşidilir və kəsilir.
…Yağışın səsi eşidilir... Yağış bircə Ayom dayanan yığcam dairəyə yağır. Ayom ovuclarını yağışa tutur, yağışın suyunu içir, üzünə çəkir, ovuclarına doldurub öpür… Sonra birinci dəfə görürmüş kimi, dizlərinə, ayaqlarına, saçlarına, qollarına baxır, onları da bir-bir öpür….
Ayom: (ovuclarına doldurduğu suya, yazıq səslə) Əvvəl mən elə bilirdim sevdiyim anamdı… Sonra ərimə rast gəldim… dedim, demə onu sevirəmmiş… Sonra uşaqlarım oldu… Dedim, bu – onlardı… Sonra… (üzü dəyişir) …günlərin bir günü… günəş şüalarının hansısa kəsiyində… şimal küləyinin aşağı istiqamətində qəfildən anladım… (deyə-deyə məkandan çıxır, səsi bir müddət də hardansa uzaqdan eşidilir və itir)
EPİLOQ
.
Ayna: (stolüstü lampanın işığında kiminləsə telefonla danışır. Səsi dəyişib)…Axır ki, qurtuldum o kabusdan... Dünyanı darısqal daxıl qutusuna döndərən o ruhi xəstədən!.. (rahatlıqla nəfəs dərir, səsi mülayimləşir) Həyat ki, bu qədər gözəldi!... (ətrafına nəzər salır, havanı qoxlayır) Nə yazıqlar ki, bu boyda gözəlliyi, bu firavanlığı hər kəs görə bilmir. Bu boyda dünyanı necə görməmək olar axı?!. Bu al-əlvan, dadlı-məzəli həyatdan necə doymaq olar?.. Dadmaqla ki, o, bitmir… Dadılası şeylər də…(üzü qəfildən dəyişir, bayağılaşır, çoxmənalı təbəssümlə gülümsəyir) …o qədərdi ki… İnsanın buna ömrü çatmaz!..
Tədricən Aynanın danışığı sürətlənir, hərəkətləri, mexaniki kukla hərəkətlərinə keçir, daha sonra o, anlaşılmaz sözlərin və hərəkətlərin sürətinə dözməyib, sınıq elektron oyuncağı kimi lampanın üstünə yıxılır. Elə bu an, məkanın əks tərəfində stolüstü lampa yanır. Abd telefonla danışır.
Abd: (boğula-boğula) …Bilirəm-bilirəm… Demək olar ki, artıq yox halındayam… Yalvarıram, heç olmasa, öz ölümümü mənə verin… Heç olmasa, onun tamını dadım… Mən ki, özümü yaxşı aparmışam… Əmrinizdən çıxmamışam… Çox şey istəmirəm ki… Öz ölümümlə ölmək istəyirəm. Ən çox qorxduğum – ölümümün səhv salınmasıdır. Bilirəm, bilirəm… az qalıb, amma bu ölüm mənə tanış gəlmir… (tədricən Abdın danışığı ləngiyir, səs tonu qalınlaşır və nəhayət ən asta sürətlə çalışan maqnitofonun anlaşılmaz uğultusuna çönür. Abdın hərəkətləri də, rapid görüntüləri xatırladır və sonda o, havası buraxılmış şar kimi lampanın üstünə yıxılır. Lampa sönür.)
Qaranlıqdan
tənha səs: Alo… Alo… Məni eşidirsiz?.. Eşidin məni!.. Sizə vacib sözüm var… Bilin və agah olun: yaxın günlərdə sizi…
Hardansa xəttə dolan danışıq səsləri, tənha səsi eşidilməz edir.
Son
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 6 февраля 2008 г.
на 3:41
Подписаться на:
Комментарии к сообщению (Atom)
1 коммент.:
slmlar Afaq xanim!
Tebrizden size bir nezer yaziram ve onceden bir sorum var o da bu ki yazilarinizin bu tayda yaymasina izn verirmisiniz?
Отправить комментарий