Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

22 Октябрь 2007 г.

GÜN





Hardansa qəribə, tanış olmayan iy gəlirdi. Hardansa lap yaxından gəlirdi. Elə bil nə isə kiflənmişdi, ya çürümüşdü… Ya bəlkə hardasa, hansı küncdəsə siçan ölmüşdü?!. Axır ki, nəydisə, indi, gecənin bu vaxtı ayağa qalxıb qaranlıq küncləri axtarmağa halı yox idi.
Uzandığı yerdə başını döşəməyə sallayıb çarpayının altına baxdı. Künclərdən asılmış cunayabənzər box hörümçək torlarından və bir-iki başmaq tayından savayı gözünə heç nə dəymədi.
Siqaret çəkməyi gəldi və elə o dəqiqə də yadına düşdü ki, siqareti qurtarıb. Dünən axşam futbola baxa-baxa yarım qutunu heyvan kimi sümürüb axırına çıxmışdı. Həmin o siqareti də, dünən səhər, bazara gedən arvadına aldırmışdı.
Arvadının əlizənbilli, dağınıq saçlı, yorğun vücudu gözünün qabağına gəldi və fikirləşdi ki, ümumiyyətlə, qadına siqaret aldırmaq düzgün deyil və bir xeyli beləcə uzanan yerdə vicdan əzabı çəkdi. Sonra böyrü üstə çönüb pəncərədən görünən ağaclara baxdı. Ağacların yarpaqları, budaqları, külək vurduqca, aramla elə tərpənirdi, elə bil suyun içindəydilər.
Bəli də, indi səhəri elə beləcə, diri gözlü açacaq. Sonra da fikirləşdi ki, yaxşı olur ona, dünən axşam, bilə-bilə ki, yuxusu qaçacaq, iki fincan qəhvəni niyə içirdi ki, bu günə də düşəydi?.. İndi səhər başının ağrısından ölə-ölə, gözləri yuxusuzluqdan acışa-acışa işə gedəcəkdi, orda hamıyla acı-acı danışacaqdı, yenə Lətifənin xətrinə dəyəcəkdi.
Yadına, dünən səhər, Lətifəylə elədiyi yersiz zarafatı düşdü. Dünən səhər otağa girib soyunmağa macal tapmamış Lətifənin iri dodaqlarına baxıb, durduğu yerdə ona:«Balığa oxşayırsan.» – deməyini və qızın, bir saniyənin içində irilib gözünün ağını örtən bəbəklərindən, inciyib öüzünü itirməyini xatırladı.
Sonra fikirləşdi ki, axır vaxtlar ümumiyyətlə, niyəsə Lətifəni tez-tez belə incidirdi. Bir dəfə də şöbə əməkdaşların yanında, guya qulağına söz deyirmiş kimi ağzını Lətifənin qulağına yaxınlaşdırıb boynundan öpmüşdü. Elə öpmüşdü ki, öpüşünün səsinə, bütün otaq çönüb onlara baxmışdı, Lətifə qızarıb özünü itirmişdi, sonra da üzünü tutub ağlaya-ağlaya o biri otağa qaçmışdı.
Bədəninə soyuq tər gələ-gələ fikirləşdi ki, bu nə heyvərəliklərdi eləyir axır vaxtlar?.. Eləyir, sonra da altını çəkir. Gecələr yerinin içində qovrula-qovrula, gün ərzində elədiyi onlarla, bəzən ondan da çox səhvlərini yadına sala-sala, xəcalətdən uzandığı yerdəcə ölmək istəyir. Hər gecə də bütün bu heyvərəliklərinə son qoyacağını, bundan sonra hər addımını fikirləşib atacağını, hər sözünü ölçüb-biçib deyəcəyini, bir sözlə, suyu da üfürə-üfürə içəcəyini qərara alır. Amma elə ki, səhərin gözü açılır, gecəki tövbələri ildırım sürətiylə buxarlanıb ha yanasa itir. Yuxudan qalxıb əynini geynməyi ilə, səhvləri yenə bir-birinin ardına düzülməyə başlayır. Qəribə də burasıdı ki, heç nə deməyəndə, yerindən tərpənmədən, lal-dinməz oturanda da, elə bil yenə nədəsə, hardasa səhv gedir.
Fikirləşdi ki, hamısı günəşə görədi. Onu yoldan çıxarıb başını xarab eləyən odu. Yoxsa, niyə axşamlar – gün batandan sonra, hava qaralandan sonra heç bir səhvə yol vermirdi?.. Niyə beyni, yalnız günəş, narıncı alma kimi qüruba dığırlanıb, orda fasıq-fasıq közərəndə açılırdı, başı saat kimi işləməyə başlayırdı, gün ərzində elədiyi heyvərəliklərinin altını çəkməyin vaxtı çatırdı?..
Günəşə əslində hələ lap uşaq yaşlarından nifrət eləyirdi. Hələ lap uşaqlıqdan bütün uğursuzluqları, başına gələn ən eybəcər, ürəkbulandıran hadisələr necəsə günəşli havalarda baş verirdi. Ona görəydi, ya qan təzyiqi hələ uşaq yaşlarından aşağı idi deyə, günəşin istisindən bir az da aşağı enib, onu şüursuz, heysiz çuvala döndərirdi, beyninin olan-qalan ayıq nöqtələrini əridib sıradan çıxarırdıni?.. Axır nə idisə, özü də dəqiq baş aça bilmirdi. Dəqiq bildiyi bircə bu idi ki, günəşə nifrət eləyir. Çünki küçəyə çıxan mağıyla, bu nəhəng, sarı heyvərənin, şüalarının ən itisini, ən yandırıcısını onun təpəsinə sancıb gözlərini qaraltmağa, əsəblərini korlamağa başlamağı bir olurdu. Səhərin gözü açılar-açılmaz göyün tən ortasına qalxıb dörd bir yanı gözağrıdan sarılığa boyayırdı, ta ki, batanacan yaxasından əl çəkmək bilmirdi, onu qarabaqara izləyirdi, qaçıb gizləndiyi bağlı yerlərin də harasındansa, hansı dəliyindənsə şığıyıb, üzünün, ya çiyninin ha tərəfinəsə qonurdu, istisini canını yaya-yaya onu pis günə qoyurdu.
Kürəyini qaşıya-qaşıya fikirləşdi ki, cavan atası da günəşin ən qızmar çağında - yayın cırhacır istisində, günəş şüalarının gözünün iliyinə işlədiyi saatlarda ölmüşdü. Toyu da yayın ən isti aylarında - günün günorta çağı, günəşin, səmanın tən ortasında – zenitdə dayanıb, adaməridən şüalarını yayxana-yayxana dörd bir yana saçdığı günlərldə olmuşdu. Həmin gün onu, səhərin gözü açılmamış çimdirib ətirləmişdilər, həyətlərində – açıq havada qurulan toyxanaya salıb, gün təpəsinə döyə-döyə ölənəcən içirmişdilər, sonra daha dalı yadına gəlmirdi. Yadına, bir o gəlirdi ki, gəlinlə tənha otaqda üzbəüz qalanda da, elə bil hardasa gün saçırdı… gözünü qamaşdıra-qamaşdıra, otağın havasını buxarlandıra-buxarldandıra, ürəyini bulandıra-bulandıra saçırdı… saça-saça, gəlinin üzünün boyasını, onunsa taqətini əridib ha yanasa axıdırdı… O gecə, yadına gəlir, gözü gəlində, gün hardasa təpəsinə döyə-döyə, necəsə yuxuya getmişdi. Yuxuda da, günəşin yandırıb saraltdığı sapsarı, qorxunc bir əraziyə düşmüşdü…
O gecəylə bağlı sonralar da, elə indinin özündə də yadına ayrı bir şey sala bilmirdi. Nəhəng arı vızıltısını andıran lal, narıncı şüalardan savayı, o gecəylə bağlı yadına heç nə düşmürdü.
İndi yenə o gecənin əvəzinə, yadına, olub-keçən yüzlərlə lazımsız, mənasız məqamlar və adamlar düşdü. Hansısa mənasız məclisdə həyəcandan nəfəsi kəsilə-kəsilə, əli əsə-əsə tost deməyi… Tfu!.. O məclisdə ki, Adam adında bircə məxluq yox idi. Orda oturub-oturub, qəfildən nəyə görəsə, olsun ki, arağın təsirindən sarsaq-sarsaq kövrəlmişdi, ayağa qalxıb üzündəki yaltaq ifadəylə söz istəmişdi.
Söz ona veriləndə və hamı sakitləşib, ona sarı çönəndə, demək istədiyinin bu məclisə aid olmadığını başa düşmüşdüsə də, yenə heyvərə-heyvərə danışıb doluxsunmuşdu. İndi üzünün həmin o miskin ifadəsini yadına salanda, uzandığı yerdəcə ölmək istəyirdi.
Saçının dibi gizildəyə-gizildəyə fikirləşdi ki, niyə yer ayrılmır ki, içinə girə?!.. Əvvəla birinci səhvi odu ki, niyə o məclisə gedir, ikincisi - niyə o yekəqarın, dünyadan və özündənrazı adamların arasında içib o günə düşür, üçüncüsü - niyə özünü o vəziyyətə salır ki, kövrəlib, hələ üstəlik bir söz də istəyir, dördüncüsü…
Bütün bu heyvərəlikləri bir yana, bütün bunlardan sonra, hələ o nə idi, o miskinlikdən sonra ortaya düşüb, rezin dovşan kimi atıla-atıla oynayırdı?!..
Hiss elədi ki, əsəbilikdən, sinəsinin ortasında tıxac kimi iti bir düyün əmələ gəldi, ordan, nəfəs yolunu sıxa-sıxa sürüşüb xirtdəyinə dirəndi və bundan oldu ya nə oldusa, yadına, bir-birinin ardınca daha dəhşətli şeylər düşdü… Tamamilə tanımadığı yad bir qadınla ədəbsiz vəziyyətdə yatmağı, həmin gecə, ya ayrı bir gecə evə alt paltarsız gəlib çıxmağı… kiminsə qapısının ağzında oturan yerdə yatıb qalmağı… səhər tezdən üstündən qorxa-qorxa adlayıb keçən adamların üzləri… arvadının, zəif lampa işığında kölgələnib bir az da qaralan kədərli üzü… Sonra da fikirləşdi ki, arvadının üzünün kədərsiz vaxtı olduğunu görməyib hələ. Odu ki, Hamlet qoymuşdu adını. Hamlet!..
Sonra hardansa yadına, borclu olduğu bir neçə adamların üzləri düşdü və o adamların hamısına bircə-bircə nifrət elədi. Ona görə ki, uzun illərdən bəri o adamların heç biri onun borcunu yada salmırdı. Ona yazıqları gəlirdi, nədi?.. Ya bəlkə ona, öz alicənablıqlarıyla ondan bir xeyli üstün olduqlarını sübut eləmək istəyirdilər?!.. Divardan asılmış saata baxıb fikirləşdi ki, çox güman ki, ikincisidi. Sonra borclu olduğu o adamlarla bağlı ayrı-ayrı ürəksıxan hadisələr də gəlib düşdü yadına. Onları xatırlayıb özünə bir az da nifrət elədi. Sonra qəfildən nə oldusa, beyninin hansı nöqtəsisə quyu ağzı kimi açıldı və uzun-uzadı illərin bütün ürəkbulandıran xatirələri, zibil yeşiyindən tökülən təki beyninin içinə töküldü…
Nə vaxtsa uzaq uşaqlıq illərində kiminsə toyuğunu hovuzun içinə basıb orda boğmağı, xalasıyla anasının arasını vurmağı, nənəsinin kürəyini çəngəllə deşməyi, anasının üzüyünü gecəylə mampası qutusundan oğurlayıb o biri kəndin alverçilərinə satmağı, atasının cibindən tapdığı sevgi məktubunu anasına ötürməyi, qəbul imtahanında qız «bişirməyi» və hər ikisinin imtahandan kəsilməyi, qonşuluğunda yaşayan qoca professorun qalstukunlan dartıb həyət uşaqlarını güldürməyi, uşağı olan gecəsi sərxoş olub maşınını aşırmağı və gecəylə xəstəxanaya gedib zahı arvadından axırıncı pulunu almağı və sair və ilaxır…
Birdən-birə o qədər şey düşdü yadına ki, fikirləşdi ki, bütün bunlardan sonra ən asanı budu ki, altındakı döşəkağını ip əvəzinə boğazına dolayıb özünü boğsun… Sonra özünü beləcə – otağın çilçırağından asılmış vəziyyətdə təsəvvürünə gətirdi və bu mənzərədən boğazını qəhər tutdu.
Sonra ha əlləşib-vuruşub, fikrini bir yerə yığıb, hafizəsini gərib, yadına nə isə ürəkaçan bir şey salmaq istədisə də, yadına heç nə düşmədi. Yaddaşı zir-zibillə dolu idi. Hər şey səhv idi, pis və murdar idi… səhvlər bir-birinə dolaşıb, yaddaşının künc-bucağında zəncirvari düyünlər əmələ gətirmişdilər. Ən dəhşətlisi də o idi ki, bütün bu murdarlıqldar yaddaşında da - hardasa yaxınlıqda sırtıq-sırtıq saçan günəşin müşaiyəti ilə yaşayırdı.
Qalxıb yerinin içində oturdu, ayaqlarını yerə sallayıb havanı iylədi.
Heç bir iy-filan yox idi. Fikirləşdi ki, çox güman, bayaq da heç bir iy-filan yox imiş, burnuna dolub, ürəyini bulandıran – illər uzunu bir-birinin ardınca beyninə, yaddaşına yığılıb, orda çürüməyə meylli, eybəcər bir mühit yaradan həmin bu, isi günəş dolu ürəkbulandıran xatirələriymiş.
Çönüb pəncərəyə baxdı. Günəş artıq yuxarıda – pəncərəsiylə üzbəüzdə idi, şüalarını üzbəüz divara dirəyib, otağın görünməz tozunu havaya qaldırmışdı, şüasının zolağı içində, suyun altında yırğalayan kimi, yırğalamağındaydı. Həyətdə də artıq həyat qaynamağa başlamışdı. Vedrələr caranqıldayırdı, nədən nəyəsə şırhaşırla su tökürdülər, nəyisə boşaldırdılar, itiləyə-itələyə ha yanasa sürüyüb sökürdülər… Uşaqlar da artıq həyətdə idi, bir-biriylə çoban kimi, çığıra-çığıra danışırdılar.
Gün çıxanda hamı bu günə düşürdü. Elə bil hamının bədəninə bit-birə daraşırdı. Arvadı də səhərin gözü açılmamış, eyvana çıxmışdı, ordan kiminləsə yuxarıdan-aşağı danışa-danışa nə isə çırpırdı.
Ayağa qalxıb başmaqlarını geydi, yeriyəndə hiss elədi ki, rahat yeriyə bilmir. Baxıb gördü, başmaqlarını səhv geyinib.
Keçib pəncərədən eyvana – arvadının üzünün görünən hissəsinə baxdı.
Arvadı nə isə çox tozlu bir şey çırpırdı. Çırpdıqca, üzü, saçları toz dumanın içində bozarırdı.
Yadına düşdü ki, odu ki, gecələr arvadının boyun-boğazından, saçlarından toz iyi gəlir. Eyvanın qapısını aralıyıb arvadına:
- Qollarına qüvvət!.. – dedi və hiss elədi ki, dediyi də arvadının üzü kimi toz dumanın içində itib batdı. Eyvanın qapısına bağlayanda, arvadı əlini saxlayıb nifrət dolu gözlərlə ona baxdı.
Mətbəxə gedə-gedə fikirləşdi ki, bu nə əttökən sözdü dedi, özü də bu bashabasın, bu toz-torpağın içində?!.. Fikirləşdi ki, odu ki, gecələr yorğanın altına girməyə macal tapmamış, arvadı, burnuna tünd sirkə iyi dəyən kimi, üzünü turuşudub, arxasını ona çevirir. Heyvərə danışığıyla, yersiz zarafatlarıyla daha gözdən salıb özünü.
Bu barədə bir qədər sonra da - işlədiyi idarənin qabağına gedən avtobusda gedə-gedə də bir xeyli fikirləşdi. Böyründə - tutacaqdan tutub əsəbi üzüylə yellənə-yellənə ayaq üstə dayanan yaşlı bir qadına yer vermədiyi üçün, bütün yolu xəcalət və vicdan əzabı keçirdi. Avtobusdan düşəndən bir müddət sonra da, bayaqkı hərəkəti haqqında bir xeyli fikirləşdi, bütün yolu oturacaqda oturub yellənə-yellənə xəcalət çəksə də, ərinməyinin, ya nəyinsə ucbatından, ta axıracan ayağa qalxmadığına görə avtobusu, tərbiyəsiz, qaba insan simasında tərk etməyinin səbəblərini arayıb axtardı.
…İdarənin qabağında çox hörmət elədiyi müdirlə rastlaşanda, özünü itirib nəyə görəsə:
– Otağın açarı evdə qalmışdı… – dedi, sonra müdirin heç nə ifadə eləməyən üzünə baxıb fikirləşdi ki, bunun nə dəxli vardı axı, nə harda qalıb, ondan soruşan vardı ki, ayın neçəsidi?!..
Sonra, ayaqlarını dəhliz boyu sürüyə-sürüyə otağına yollanan müdirin ardınca gedə-gedə fikirləşdi ki, müdirin olsun ki, ondan zəhləsi gedir. Odu ki, salamını da güclə alır, maaşını da artırmır. Düz də eləyir.
Lətifənin üzü yenə əyilmişdi. Kimsə xətrinə dəymişdi, nəydisə gözləri kədər içindəydi.
Birdən-birə nəyə görəsə Lətifəyə yazığı gəldi, stulu çəkib onunla üzbəüz oturdu.
– Qulaq as, axı sən niyə belə dəymədüşərsən?.. – dedi – On beş yaşın var, nədi?!.. Ogün axı nə dedim ki, özündən elə çıxdın?..
Lətifənin rəngi bu sözlərdən sonra elə bil qaraldı. Ya ona elə gəldi?!..
– Yekə adamsan, evin-eşiyin, ailən…
Sonra yadına düşdü ki, Lətifənin ailəsi yoxdu. Odu ki, tələm-tələsik:
– Qulaq as, ailəli olmaq elə bilirsən yaxşıdı?!.. – dedi – Vallah zillətdi. Bir adamın üzünü nə qədr görmək olar?!..
Bu sözlərdən sonra Lətifə üzünü pəncərəyə çevirib əlini çənəsinə vurdu. Elə bil gözləri də doldu. Fikirləşdi ki, yaxşısı budu, sussun, bircə söz də desə, Lətifə başını qollarının üstünə atıb, çiyinlərini tərpədə-tərpədə, hönkürə-hönkürə ağlayacaq.
Otaqdan barmaqlarının ucunda çıxdı, qapını, heç kimi fikirdən ayırmamaqdan ötrü, astaca bağlaya-bağlaya fikirləşdi ki, yenə səhv elədi. Nə dedi axı?!... Dedi, «eyni adamın üzünü nə qədər görmək olar?!..» Burda nə vardı axı?!.. Sonra da fikirləşdi ki, axı Lətifənin də üzünü bəlkə azı iyirmi il idi hər gün görürdü.
Dəhliz boyu yeridikcə, rastlaşdığı adamlarla düz görüşmədi. Bəzilərinin üzünə yersiz yerə, irişdi, bəzilərinə fikri ayrı yerdə olduğundan, ya nədənsə, üzünü turşutdu, ya da ağızucu salam verib ötdü.
Otağına girib stolun arxasına keçdi, başını əlləri arasına alıb üzbəüz stolun arxasında oturan ağsaç Qafar kişiyə baxdı.
Qafar kişi idarənin ən qocaman və qaradinməz işçisiydi, gözündə eynək, qabağında armudu stəkanda çay, üz-gözünü, gözünə gün düşən kimi yığa-yığa qəzet oxuyurdu.
Başını yalnız bərk-bərk sıxandan sonra başa düşdü ki, içəri girəndə Qafar kişiylə salamlaşmadı. Sonra gicgahını ovxaladıqca fikirləşdi ki, Qafar kişiylə – bu ağsaqqal, qürurlu adamla, ümumiyyətlə, elə bil çoxdannan salamlaşmayıb və bədənindən xoşagəlməz bir gizilti keçdi.
Qafar kişi onun otağa girməyindən, üzbəüz oturmağından xəbər tutmuşdusa da, gözünü qaldırmadan, əsəbi üzüylə qəzet oxumağına davam edirdi.
Ürəyi pis-pis əsə-əsə:
– Salam, Qafar müəllim. – dedi və üzü, qəzet səhifəsinin arxasında gizlənən Qafar kişinin cavabını gözlədisə də, Qafar kişidən səs çıxmadı. Qafar kişi elə bil onun salamını eşitmədi, qabağındakı çaydan bir qurtum alıb, qəzeti xışıldada-xışıldada o biri üzünə çevirdi.
Bədənini soyuq tər basdı. Olsun ki, Qafar kişi möhkəm incimişdi ondan, bir söz də desəydi, qabağındakı ağır mürəkkəbqabını onun başına tolazlayacaqdı. Qafar kişi bir dəfə nə isə yersiz. şit bir zarafatına görə necə əsəbiləşmişdisə, əlindəki qələmi ox kimi ona atmışdı. Qələm nizə kimi başının üstündən vıyıldayıb divara sancılmışdı.
O «nizə»dən birini, bir dəfə arvadı da atmışdı ona. Mətbəxdə üzbəüz oturub yemək yeyərkən arvadına, indi heç cür yadına sala bilmədiyi axmaq sözlər demişdi və cavabını gözləmədən, ayağa qalxıb mətbəxdən elə çıxmışdı, elə bil o sözləri deyən o deyildi. Onda arvadı əlindəki çəngəli necə atmışdısa, çəngəl onun ardınca mətbəxdən düz yataq otağınacan uçmuşdu, orda divarı yaraoayıb, dişlərinin bir-ikisini də əzmişdi.
Bir sözlə… – fikirləşdi – hər tərəfdən nizələr yağır üstünə.
Qafar kişinin üzü hələ də qəzet səhifəsinin arxasında idi, amma bir əli aramla, stolun üstündəki ucuiti qələmini sığallayırdı.
Qəfildən ürəyi sıxıldı. Ayağa qalxıb barmaqlarının ucunda asta-asta yeriyə-yeriyə otaqdan çıxdı. Dəhliz boyu rastlaşdığı adamların heç biri nəyinki onun salamını almadı, bir-ikisi onu nifrətlə elə süzdü, elə bil dədələrini o öldürmüşdü.
Küçəyə çıxanda gün artıq zenitdə idi. Başını aşağı salıb addımlamağa başladı. Hara getdiyini özü də bilmirdi. Yeridikcə, arada bir buludların arasından keçə-keçə gizlənən günəş başının üstündən əl çəkmədi. Sağa döndü, sağa süründü, sola keçdi, şüalarını onunardınca sola axıtdı. Təpəsini isindikcə, yenə gicgihı lükküldəməyə, gözləri qaralmağa başladı. Böyür-başından ötən miskin adam sürüsünə baxa-baxa, bu şəhərdə, bu iqlimdə anadan olduğuna görə, özünə ölüm istədi.
Yenə dörd bir tərəf gözağrıdan narıncı rəngə boyanmışdı, nəhəng arı vızıltısıyla vızıldaya-vızıldaya ürəyini bulandırırdı… Ətrafda, kölgəsində daldalanmağa bircə dənə belə olsun, ağac yox idi. Qarşısından ötüb keçdiyi binaların da kölgəsi yox idi. Sonra baxıb gördü adamların, maşınların da kölgəsi yoxdu. Ayaq saxlayıb əllərini irəli uzatdı. Əllərinin də kölgəsi yox idi.
Qızmar asfaltın üstüylə yeriməkdən ayaqlarının altı gizildəyirdi, oturmağa isə yer yox idi. Dörd bir tərəf maşın və adam idi. Hamı, hər şey narıncı rəngin içində əriyə-əriyə ha yanasa axırdı.
Hardasa yaxında dayanacaq olmalıydı. Amma harda? Gör bir neçə küçə keçmişdi, dayanacaq adında bir şey gözə dəymirdi. Dayanacaqları sökmüşdülər, nədi?
Saatına baxdı və ürəyi qırıldı. Saat altı idi. Başını qaldırıb göyə baxdı. Günəş yenə zenitdə dayandığı yerdəcə dayanıb durmuşdu. Bədəninə soyuq tər gələ-gələ fikirləşdi ki, ola bilərmi ki, günəş yerindən tərpənməsin, gecəcə qədər, ondan sonra da, beləcə, yeri-göyü yandırıb yaxa-yaxa saçsın?..
Bu fikirdən ürəyi sıxıldı. Başını götürüb qaçmalıdı. Elə bu dəqiqə, tez, təcili. Amma hara?..
Fikirləri bir-birinəə qarışa-qarışa addımlarını yeyinlətdi. Başı, günün istisindən keyiyirdi, gözlərinin qabağına duman çökürdü… Bir azdan beyni əriyəcəkdi, əriyib qaynar həlim kimi burnundan axacaqdı. Beyni artıq əriməyə başlamışdı da. Kəllə sümyu, qulaqları eşidə-eşidə, köhnə şkafın taxtaları kimi səssiz-səssiz cırıldamağa başlamışdı.
Küçələr boyu nəhəng ordu kimi çiyin-çiyinə düzülən binaların heç birinin girəcəyi yox idi. Tez-tez yeriməkdən nəfəsi kəsilə-kəsilə fikirləşdi ki, bu binaları sakinləri evlərinə hardan girirlər?..
Günəş fikirləşməyə imkan vermirdi… beninin həndəvərində sarımtıl ilğım kimi dolaşan qarışıq fikirlərini yandırıb buxarlandırırdı… Var gücünü toplayıb addımlarını tezləşdirdi və pəncələri gizildəyə-gizildəyə, nəfəsi darala-darala qaçmağa başladı.
Həyətlərinə çatanda, gözünə birinci sataşan - qonşusu Surxay oldu. Surxay həyətin ortasında, əynində çirkli mayka və idman finkası əyri bir kətilin üstə oturmuşdu, gün başına döyə-döyə fikr dalmışdı.
Günün təsirindən idi, ya gözü ala-bula vururdu, nə idisə, Surxay başdan-ayağa göy rəngə çalırdı. Onun addım səsinə ayılıb heysiz gözlərlə uzaqdan-uzağa, dinməz-söyləməz üzünə baxdı.
Beyninin, qızıb sıradan çıxmağa hələ macal tapmamış hansısa nöqtəsiylə başa düşdü ki, Surxayın bu göylüyü də günün təsirindəndi. Çünki Surxaydan bir addım aralıda, günün təsirindən, ya havanın istisindən şəkil kimi donuq halda dayanan ağac da başdan-ayağa göy idi.
Surxay deyəsən yenə «hazır» vəziyyətdəydi, ayağa qalxıb qısa qolları vurulmuş kimi, yanlarında, xırda addımlarla üstünə yeridi.
– Bura bax, qaqaş… – dedisə də, sözünün ardını gətirə bilmədi, susub qan çəkmiş gözləriylə üzünə baxdı.
Surxayın üzündəki qəzəbdən bədəni soyudu, beynini tələm-tələsik ələk-vələk eləyə-eləyə dünənki, srağagünkü, ta srağagünkü hərəkətlərini, sözlərini bircə-bircə yadına salmağa çalışdısa da, yadına, bir-birinə dəxli olmayan əlaqəsiz nələrsə düşdü. Beyninin ərimək prosesi olsun ki, hələ də davam edirdi. – fikirləşdi və özünü bir təhər ələ alıb üz-gözünü turşuda-turşuda Surxayla üz-üzə dayandı.
Surxay balaca, sərxoş gözlərini yığıb altdan-yuxarı:
– Bura bax, popuş, mənnən zarafatın-zadın var?.. – dedi.
– Mənim?!.. – dedi və dayandığı yerdə, qorxudan, ya günəşin təsirindən ləngər vurdu. – Qələt eləyərəm, mənim sənnən nə zarafatım, ay Surxay?!
Hiss elədi ki, danışdıqca, dili şişir, ağzına yerləşmir. Bir də, elə bil kimsə arada bir yuxarıdan-aşağı qızmar qoza bənzər şeylərdən tolazlayır başına.
Başını qaldırıb göyə baxdı. Gün bayaqkı yerindəydi. Elə bil üstəlik, ağzı, yekə qulaqları də əmələ gəlmişdi. Ağzı qulaqlarına çata-çata vahiməli, bir təbəssümlə yuxarıdan aşağı ona baxırdı, baxdıqca da, istisi elə bil bir az da artırdı. Yoxsa, onun qızdırması qalxırdı?..
Bir anlıq, beynindən keçdi ki, Surxayın kələ-kötür, çirkli bədəniylə başına dırmaşıb, ordan əllərini göyə uzatsın, Günəşin o sırtıq üzünü cırıqlayıb yerə töksün.
Surxay bir addım da irəliləyib onunla burun-buruna dayandı, əlindəki iti nəyisə qarnına dirəyib, heç kim eşitməsin deyə, asta, yandırıcı səslə:
– Tay bu dəfə əlimdən çıxa bilməyəcəksən, əclaf. – dedi.
Surxayın, balaca üzünə yaraşmayan yekə, donqar burnu qəzəbdən tarıma çəkilib, iti qılınc kimi işım-işım işıldayırdı. Nəfəsi vahimədən kəsilə-kəsilə aşağı baxıb gördü ki, Surxayın, onun qarnına dirədiyi adi barmaqdı, Surxayın, öz qolu yoğunluğunda qara, uzun barmağı.
Bu anda nə oldusa, birdən-birə elə bil sapı qaçdı. Qəhər boğazını tuta-tuta, Surxayın iti barmağı mədəsinin əzələlərinə ilişdikcə ətrafına boylanıb, əl boyda, barmağın ucu boyda kölgə axtardı.
– Sən canın, burax məni… yazığam, qoy, çıxım gedim evimə. –dedisə də, Surxayın, mədəsinə yerimiş barmağının altından çıxa bilmədi.
- Sən dedin, mən də inandım… - Surxay yastı-yastı deyib elə bil bir az da yaxına gəldi, yaxasından yapışıb onu silkələməyə başladı.
Silkələndikcə, beyninin mürəbbə kimi çalxalandığını, qulaqlarına yığılıb ordan qaynar hora kimi aşağı süzülməyə hazırlaşdığını hiss elədi, ağlaya-ağlaya:
– Sən canın, burax gedim… – dedi, sonra balacalıqda elədiyi kimi dodaqlarını büzüb – evmizə istəyirəm… - deyə-deyə ağlamağa başladı.
Bu an Surxay, nağıllardakı qəzəbli div kimi qorxunc bir hırıltıyla güldü və o biri əlini onun boğazına keçirib sıxmağa başladı, əsəbilikdən nəfəsi kəsilə-kəsilə:
– Ay sən özün öləsən… - dedi - səni elə burda boğub öldürəcəyəm…
Surxayın, bədənindən xeyli iri, yaş əli yoğun, sulu ilan kimi boğazına dolanıb nəfəs yolunu tıxadı…
İstidən, qızdırmadan, ya qorxudan boğula-boğula fikirləşdiyi bu oldu ki, görünür nə isə eləyib Surxaya. Eləməsə də, ola bilər, nə vatsa, hardasa, nə isə deyib. Yoxsa, hər şeyin yerini, əndazə-ölçüsünü bilən Surxay oturduğu yerdə bu kökə düşməzdi.
Surxayın yekə, qara əlləri arasında bir xeyli çabalaya-çabalaya, gicgahı boyu döyünə-döyünə yeriyən qanı beyninə yığılır, gözlərinin içində dolub, onları, içi qan dolu sulu şarlar kimi pırtladıb yerə atmağa hazırlaşır.
Son dəfə gördüyü - yuxardıa – g.yün tən ortasında narıncı sifətiylə üzünə irişən günəş oldu.


***



Yanında oturan arvadıydı, əlini əlinin içinə alıb, çuxura düşmüş kədərli gözləriylə hardansa elə bil uzaqdan baxırdı üzünə.
Sonra arvadı titrək əlini ehmalca onun boğazına çəkdi. Boğazının dərisi də, hülqumu da, arvadının soyuq barmaqları altında gizildədi.
– Düzünü de… – arvadı asta səslə, hüznlə dedi – …bu fikrə çoxdan düşmüşdün?..
– Hansı fikrə?.. – dedi və hiss elədi ki, danışanda boğazının içi yara kimi göynəyir.
Arvadının gözlərinin içində qorxu var idi:
– Özünü öldürmək fikrinə.
– …
Əlini boğazına çəkdikcə, yadına dumanlı şəkildə, üstündə uzandığı döşəkağını nəyə görəsə altından sivirib, ip kimi burmağı, sonra xirtdəyinə keçirib gücü gəldikcə özünü boğmağı düşdü.
– Düzünü de… - arvadı bir deyib deyəsən ağlamsındı.
- Bilmirəm. – deyib günah içində susdu.
Arvadının gözləri parıldayırdı. Olsun ki, arvadını indicə ağlayacaqdı, gözünə dolan yaş damlaları yanağı boyu diyirlənib, paltarının yaxalığına damacaqdı. Sonra çönüb arvadının üzünə baxdı.
Arvadı dünəndən bura elə bil cavanlaşmışdı. Rəngi avazımış, üzünün dərisi hamarlaşmışdı.
Uzanan yerdə çiyinlərini çəkib yenə:
– Bilmirəm. – dedi və susdu.
Sonra tən ortasında uzandığı otağın düm ağ tavanına baxa-baxa, uzun müddət fikirləşdi ki, doğrudan da, axı niyə özünü boğmuşdu və elə həmin dəqiqə də, tavanın hardasa o üzündə, nəfəsini ağır-ağır dərə-dərə onu gözləyən Günəşin hənirtisini duydu, əlini hələ də əlinin içində saxlayıb nəvazişlə sığğallayan arvadına sarı çönüb özü də bilmədən, nəyə görəsə:
- Həyat gözəldi. – dedi.