Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

22 Октябрь 2007 г.

YAZ EHSANI





Dünyasını srağagün, qəfildən, gecə yuxusunda dəyişmiş məşhur Azmanın yas məclisi, şəhərin mərkəzi küçələrindən birində, çoxmərtəbəli binanın həyətində qurulmuş iri mağarda keçirilirdi. Yüzdən çox qadının nəfəsindən isinib, nəmiş qoxulu, boğanaq zənən hamamını andıran bu məclisi, mağarınyuxarı başında qoyulmuş stolun arxasında, mərhumun yaxınları ilə yanaşı əyləşmiş başı, qara kəlağayılı, kök qadın mollası aparırdı.
Mollanın, iniltili səslə oxuduğu qəmli mərsiyələr, onun ətli yanaqlarına, sağlamlıq və həyat eşqi saçan çəhrayı üzünün, sayıq işgüzarlıq ifadəsiylə bir o qədər uyuşmasa da, yan-yörəsində solğun bənizlərlə oturmuş mərhumun həyat yoldaşını və bacılarını ağlatmağa müvəffəq olurdu. Mərhumun, mollanın sağında oturmuş həyat yoldaşı, dünənki təntənəli dəfn mərasimindən sonra elə bil kökəlmişdi. Buxağı, üfürülmüş tək, şişmiş, yanaqları, bir gecənin ərzində ətlənmişdi. O - içəri, kədərli üzlərlə, dəstə-dəstə daxil olan qonaqları yanıqlı hıçqırtılarla qarşılayır, hər yeni qonaqdan sanki dərdi təzələnir, üzünü tavana tutub ətürpədən səslərlə ulayır, heyi tükənəndə isə, ağlamaqdan şişmiş yarıbükülü gözləriylə sanki gələn-gələni bir-bir, hansısa görünməz siyahısında qeydiyyata alırdı.
- Dərd insanı şişirdir, bala… - ikinci cərgədə oturanlardan kimsə deyib yanıqlı-yanıqlı içini çəkdi.
Mollanın sol cinahında oturmuş balaca, bəyaz qarı - mərhum Azmanın anası, quş baxışına bənzər anlaqsız baxışlarla hansısa məchulluğa baxır, elə bil orda baş verən görünməziklərin mənasını anlamağa, bununla bağlı nəyisə də yadına salmağa çalışırdı. Deyilənə görə, qarı dünən də - oğlunun cənazəsinin baş tərəfində oturanda da, həmin bu anlaqsız gözlərlə, qara, ipək üzlü tabutda, göy rəngli atlas örtüyün altında yatan oğlunun cansız cəsədindən üstündən, hüznlü addımlarla mərasimə toplaşanların arasından da hansısa məchulluqlara baxırmış. Bəzilərinin dediyinə görə, yeganə oğlunun ölümü qarının, onsuz da zəif olan sinirlərini yerli-dibli sıradan çıxarmış, olsun ki, biçarə arvadı havalandırmışdı.
Mağar boyu cərgələnən, üstü naz-nemət dolu stolların arxasında, hüznlü üzlərlə oturmuş yas əhli də, məclisdə tərpənən, yerini, vəziyyətini dəyişən hər bir şeyi, ölümcül kədərlə nəzarət altında saxlayır, baş verən bütün xırdalıqları, mərhumu arvadından fərqli olaraq, sayıqlıq dolu səbrlə, gərgin məsuliyyətlə özlərində qeydiyyatdan keçirirdilər. Məclisə gecikdiklərindən, qapının ağzında ayaq üstə qalmış yeni qonaqlar inadla yerlərindən tərpənmir, təmkinlə əvvəl-axır harasa yerləşdiriləcəklərini gözləyirdilər.
Yetkinlik yaşına çatandan bəri oxuduğu qəmli, romantik mahnılarla şöhrətlənən, musiqi sənətindəki xidmətlərinə görə neçə-neçə orden-medallarla təltif edilən Azmanın qəfil ölümü, ölümə yaraşmayan bir vaxta - bu ilin, heç bir vəchlə bitib başa çatmaq istəməyən qar-çovğunundan, şəhərin canına yeriyən uzun-uzadı, ümidisiz dinclik fasiləsindən sonra - havaların birdən-birə dəyişdiyi, yazın, hayandansa, qəfil tumurcuq kimi çırtlayıb pardaxlandığı günəşli günlərə təsadüf eləyirdi. Odu ki, bütün qışı, tanış dairələrdə ölüm-itim olmadığından, uzun-uzadı, darıxdırıcı həyat yaşayan qadınlar özlərini, məhbəsdən qurtulmuş kimi içəri salır, azadlıq ovqatının sevincini canlarında bir təhər sıxıb əzə-əzə, özlərinə, münasib yer axtarır, məclisin havasını aldıqdan sonra, içi həyat eşqi və maraq dolu ac gözlərlə dörd bir yanlarına baxır və tədricən sakitləşməyə başlayırdılar.
Yazın gümrah nəfəsindən, ya bəlkə mollanın, bir-birinin ardınca oxuduğu məlahətli mərsiyələrindən cuşa gələn quşlar mağarın üstünə doluşub var gücləriylə cükküldəşir, həyətdə, topun ardınca cuman uşaqların dəli çığırtıları, ağız deyəni, eşitməyə imkan vermirdi. Molla, quşların civiltisinə məhəl qoymadan, səsinin qalxa biləcəyi ən uca notda, var qüvvəsiylə oxuyur, arada bir, dağınıq məclisin diqqətini bir yerə cəmləməkdən ötrü, mərhumun, sağlığında oxuduğu boğazlardan istifadə edib camaatı diksindirir, bundan da bir şey çıxmayanda əsəbi-əsəbi:
- Ay xanımlar, sakit olun! Dua oxuyun. Bu dünya - ölüm-itim dünyasıdı. O dünyanızı düşünün!.. - deyir, bir gözü - getdikcə, iştahlı ətirlər saçan müxtəlif xuruşlarla dolan süfrədə, o biri gözüylə qolundakı saata baxa-baxa, mərsiyənin uzunluğundan elə bil özü də təngə gəlirdi.
Məclis əhli arəstə-arəstə, həyatı deyib-gülməkdə, yeyib-içməkdə, təntənəli, bərbəzəkli səhnələrdə keçən, şəkli qəzet səhifələrindən, üzü televizor ekranlarından əskik olmayan Azmanın qəfil ölümündən - srağagünün axşamı, həmişəki qaydasıyla gecə picamasını geyinib, yorğan-döşəyinə girərək, dünyasını dinməzcə dəyişməsindən, yəni elə uzandığı yerdə, öz doğma yorğanının altında birdən-birə, qəfildən, bir yığın ət və sümükdən ibarət özünə oxşamayan soyuq, süst bədənə çevrilməsindən ürək ağrısıyla danışır, arada bir quru iran xurmalarından ağızlarına atıb çeynəyə-çeynəyə, cəmi bir gün bundan əvvəl, gözləri həyat eşqiylə alışıb yanan, sağlam vücuduyla ortalıqda diri-diri gəzən bu diribaş adamın, dünənki gecədən bəri, şəhərin qaranlıq yüksəkliklərində ucalan, qara, mərmər qəbirləriylə nəhəng, lal domino oyununu xatırladan qəbiristanlıqda, minlərlə köhnə ölünün arasında, dərin, soyuq məzarda uyumasının absurdluğunu öz aralarında bölüşürdülər. Bir də, bu sayaq «qəfil ölümlərdən» nə qədər sarsılmaq olardı axı?.. Ölümün özü, elə «qəfillik» demək deyildimi?.. Bir vaxtlar yas məclislərində, dünyanın faniliyindən, həyatın etibarsızlığından, sonu, zülmət dolu, havasız darısqallıqlarda bitən bu qorxunc, təhlükəli Yolun sirli marşurutundan diksinib üşüyən kövrək sarsıntı nöqtələri də elə bil daha işləmirdi. Hələ ötən həftə «qəfil ölüm»lər seriyasından olan və həmin bu əhli-məclisin iştirak etdiyi növbəti hüzrdə də - məşhur bir rəssamın yas mərasimində də də bu nöqtələr, necəsə daha işə düşməmişdi. Dünyasını, günaşırı getdiyi diş həkiminin qəbulunda oturub mürgülədiyi yerdə dəyişən rəssamın, hələ ölməmişdən bir həftə əvvəl, öləcəyi həmin o qəbul otağını, içi müxtəlif kölgələrlə dolu Ölüm otağı cildində, keçinəcəyi boş kreslonu isə, qorxunc elektrik stulu formasında tabloya köçürməsində də qəribə olan nə idi axı?.. Yaxud, ondan ikicə gün qabaq, ömrü boyu üzməyi bacarmayan, dənizdən, od-alovdan qorxan tək, qorxan cavan bir şairin, dostlarını inadla dənizə getməyə məcbur etməsində və sahilə çatan kimi, dinməz-söyləməz soyunub suya girərək, birbaş dərinliklərə üzüb, bir daha geri qayıtmamasında əcayib nə vardı ki?!.. Həmin bu yas məclislərində fəndgir Əzrayılın, bir-birinə bənzəməyən canalma üsullarından, onun, bu sahədə, idraka, ölçüyə gəlməyən istedadından süfərələrində azmı danışılırdı?!..
- Heç harda görməzsən ki, Əzrayıl iki adamı eyni cür aparsın… - molla qəfildən, avazla oxuduğu mərsiyəni yarıda kəsib, qarşı stolda, ölümün növlərini müzakirə eləyən qadınların söhbətinə əlavə eləməkdən özünü saxlaya bilmədi.
Süfrənin iştahlı ətrinə tab gətirməyənlər, mollanın heç cür bitirib sona çatdıra bilmədiyi duaların axırını gözləmədən süfədənki qoğallardan, ağlaya-ağlaya ağızlarına atır, gözlərinin yaşını silib, halvadan qaşıq-qaşıq udurdular.
- Ona da Əzrayıl deyərlər…
Bunu arxa cərgələrin birində oturan yaşlı bir xanım - neçə illərdən bəri şəhərin mərkəzi klinikalarından birinə rəhbərlik edən məşhur psixiator, kişi səsinə oxşar yağlı, amiranə səslə dedi - O cür diribaş, kəmhövsələ adamın, bu cür asan, sakit ölümlə öləcəyi kimin ağlına gələrdi?!..
Psixiatorun əzəmətli, səsi mollanın iniltisini elə bil iki yerə böldüsə də, psixiatorla üzbəüz cərgələrdə oturan qadınların üzlərinin ifadəsi dəyişmədi.
Məclis əhlinin altdan-altdan xırda-xırda yeməyə girişdiyini sezən molla mərhəmətli səslə:
- İşçi xanımlar mənə məhəl qoymasınlar, əllərini süfrəyə uzatsınlar… - deyib qarşısındakı şərbəti birnəfəsə başına çəkərək boğazını arıtladı və oxumağına davam elədi.
Məclisin sağ cinahında yerləşmiş elm və incəsənt əhli isə əlini süfrəyə uzatmır, səbrlə, mollanın nəhayət ki, susacağını gözləyirdi.
- Görünür, ölümün də, öz cazibə qüvvəsi var… - məclisin orta sıralarında əyləşmiş məşhur qadın-yazıçısı, mərhumun divardan asılmış portretinə baxa-baxa dedi. - O, insanı uzaqdan-uzağa özünə cəlb edir. Qadın gözəlliyi kişi diqqətini özünə cəlb edən kimi.
Molla deyəsən özü də əldən düşmüşdü, səsi arada bir xırıldayıb batır, hərdən də sərxoş burxulmayla zilə qalxırdı…
Sonra hardansa mağarın içinə iki quş girdi, tavanın altıyla bir-iki dövrə vurub dəmirlərin arasına qondu.
- Bunlar elə bil xəlçəyə əlavədi… - qadınlardan biri, bir gözü quşlarda, mağarın yuxarı hissəsinə vurulmuş, üstü quşlarla nolu naxışlı xalçalara baxa-baxa dedi.
Molla duanı bitirib nəhayət ki, susdu, qarşısındakı halvadan bir qaşıq kəsib ağzına qoydu, nəfəsi təngiyə-təngiyə, yorğun-yorğun çeynədi. Sonra kiminsə işarəsiylə məclisə, çevik xidmətçi dəstəsi - əllərində məcməyi cavan uşaqlar daxil oldular, məcməyilərdə gətirib gəldikləri xuruşları tələsik hərəkətlərlə süfrələrə düzdülər.
Mollanın səsinin kəsilməyi ilə, məclis əhlinin canlanması bir oldu, bayaqdan bəri donuq üzlərlə oturanlar bir-birini indicə görmürmüşlər kimi, hal-əhval tutmağa başladılar.
Mağarın künc-bucağından içəri süzülən yaz günəşinin xəfif şüalarından qıdıqlanıb xoşhalanan xanımlar bir-birini xüsusi nəvazişlə dindirir, ötüb keçən qışın, bu il həmişəkindən bir xeyli uzandığından, təpədən-dırnağacan xeyirxahlıq saçan Azmanın alicənablığından, sağlığında da hər şeyi öz vaxtında-vədəsində başa çatdırmaq bacarığından həvəslə danışıb həzin xatirələrə daldılar.
Çox keçmədi ki, ehsan plovunun zəfəran ətri mağarı bürüdü. Məclisə, bir-birinin ardınca, dəyirmi buludlarda gələn plov süfrələrə düzüldükcə, qadınların canlanması bir az da artdı, qaşıq-cəngəllərin cingiltisi bir-birinə qarışdı. Plovun ətrindən cuşa gələn məclis əhli bir-birinə xüsusi canfəşanlıqla qulluq edir, stəkanlara tökülmüş dovğa və şərbətlər xüsusi nizamla əlbəəl o baş - bu başa ötürülürdü.
Plovun yeyilmə mərasimini bitirib başa çatdıran bir qisim qadın, süfrələrin görünməz yerlərində gizlələnən diş çöplərindən götürüb dişqurdalama əməliyyatına başladılar və söhbət - ölümün, adi, gündəlik məişət qanıqaraçılığına çevrildiyindən, əvvəlki əzəmətini itirib ucuzlaşdığından, keçmiş təntənə saçan ölümlərlə indiki ucuz ölümlərin fərqindən düşdü. Qadınlar danışa-danışa, dodaqlarının boyasını olduğu vəziyyətdə saxlamaqdan ötrü, ağızlarını xüsusi incəliklə tərpədir, arada bir, yas yiyələrinə, mərhumun portretinə nəzər salmağı da yaddan çıxarmırdılar. Hərdən də, altdan-altdan, bir də oxumağa başlayacağından ehtiyat etdikləri mollaya göz yetirirdilər.
Mollanınsa hələ ki, oxumaq fikri yox idi, başını aşağı salıb qarşısında balaca pambıq tayası kimi dikələn müxtəlif xuruşlu buğlu plovu yanaqları qızara-qızara yeməklə məşğul idi…
Mərhumun, bu iştahlı izdihamın içində döyüküb qalmış bacıları da aramla yeyirdilər, süfrəyə uzatdıqları əllərinin uzunluğundan utana-utana, düyüləri üyütməyə çalışan çənələrinin qıvraqlığından xəcalət çəkə-çəkə tikələri az qala diri-diri udurdular.
Azmanın arvadı da yeyirdi. Tikələri, vacibəhəmiyyətli iş başındaymış kimi, xüsusi bir ciddiliklə çeynəyir, çənəsini arada bir saxlayıb dərindən ah çəkirdi.
Yeməyən, bircə Azmanın, quşabənzər, balaca, yaddaşsız anası idi, ağ, qırışlı üzünün oyuqlarından görünən xırda, anlaqsız gilələri, havada yüngül-yüngül uçan toz dənəciklərini güdən kimi, hey haralarasa qonur, sonra yenə yoluna düzəlirdi.
- …bu yersiz adətlər ancaq bizdədi. Burda da, hər şeyi qəlizləşdirməyi sevirik. Ölü yiyəsi bilmir, ölüsünün dərdini çəksin, yoxsa, camaatın qarnını doyursun. - məclisin aşağı başında, bir neçə özünə oxşayan başıkəlağayılı arvadların arasında oturan, kök gəlin ağzına qoyduğu quyruqlu tikəni, dondurmanı əridən kimi əridib uda-uda dedi. Sonra elə həmin cərgədən kimsə çeçəyib bərkdən-bərkdən öskürdü.
Elə bu məqam işıqlı mağara qəribə bir qaranlıq çökdü. Elə bil kimsə, bayaqdan bəri şüalarını mağarın naxışlı xalçalarında, qadınların yanaqlarında oynadan günəşi, işığı keçirən kimi keçirib söndürdü. Sonra qorxulu-qorxulu göy guruldadı.
Məclisə elə bil axşam düşdü.
Məclis əhli bir anlıq çaşıb duruxdusa da, elektrik işığında daha ecazkar görünən süfrə - qəribə bir parıltıyla parıldayan halvalar, xuruşların içində kəhraba dənələrinə bənzəyən şabalıdlar qadınların xofunu bir qədər səngitdi. Sonra göy bir də, bu dəfə daha qorxunc-qorxunc guruldadı və gurultudan duruxan qadınlar yeməyə daha məsuliyyətlə girişdilər.
- Bəh!.. Varam belə havaya. - qadınlardan biri albuxaranın tumunu dişlərinin arasında çıxara-çıxara dedi.
- Deyirlər, Rusyətdə göyə buludqovan top buraxıblar, buludların səmtini dəyişib Cənuba - bizim tərəflərə yönəldiblər… - aşağı başda bir dəstə nəhəng qadının arasına əsir düşmüş kimi qısılıb oturan eynəkli, arıq bir arvad dedi.
- Demək istəyirsən, indi də bizi mühasirəyə, rusun buludları alıb?!.. - üzbəüzdə oturan nəhənglərdən biri ağzına apardığı dolu qaşığı havada saxlayıb, arığı, vuracaqmış kimi əyri-əyri süzdü.
- Hərə eşitdiyini deyir, fikir vermə, çörəyini ye… - nəhəngin yanında oturan digər nəhəng - qırmızıyanaq, kürən arvad yastı-yastı deyib, yoğun əlinin içində balaca üskük kimi görünən dovğa stəkanını bir uduma başına çəkdi.
Qadınların yemək mərasimi xeyli uzandı. Göy guruldadıqca, məclis əhlinin iştahı bir az da artdı, xörəklərin yağlı buğu elə bil mərhum Azmanın, nə vaxtsa yüksək bədii ovqatda, gözündə gün eynəyi, zolaqlı yay köynəyində, Yaltanın günəşli dəniz sahilində, yüngül geyimli rus yazıçılarının arasında çəkdirdiyi dəniz havalı, romantik foto-portretinə də hopdu. Portretin şüşəsi get-gedə tutqunlaşıb yağlandıqca, Azmanın eynəkli üzünü, arxasında, açıq səmada görünən ağ buludları da, yeməli olan nəyəsə bənzətməyə başladı. Sonra qəfildən mağarın üstünə elə bil nə isə atdılar, ya su töküldü?!.. Damcı səsindən çox, ayaq tappıltısına oxşar səslərdən hamı diksindi.
- Yağışdı… - molla kədərli səslə deyib qabağındakı nimçəni dala itələdi.
- Bu necə yağışdı?.. Elə bil ilxı keçir… - yuxarı başdan kimsə
tavana baxa-baxa qorxu içində dedi, sonra çeçəyib, nəfəsi tutula-tutula, boğula-boğula öskürdü.
Çox keçmədi ki, mağarın damı, üstünə dağ uçulan tək, qorxunc səslərlə döyülməyə başladı və qadınlar süfrələrin desert hissəsinə girişdilər. Şəkərbura, paxlava, badambura dolu nimçələri əlbəəl bir-birinə ötürə-ötürə, son ayların təbii fəlakətlərindən danışa-danışa daha becid yeməyə, bu yaz, havaların bir sıra dəyişkənliklərlə keçəcəyi barədə qəzetlərdə oxuduqları məlumatlarla bölüşməyə başladılar.
Göy bir də, bu dəfə lap vahiməli-vahiməli guruldadı…
Orta sıralarda kiminsə nimçəsi badamburaqarışıq yerə düşüb iki bölündü.
Yağış mətbəxə süzülməyə başladı.
- Həmişə deyirəm, inanmırsız. Bu arvadlar kişilərdən çox yeyir. - bayaqdan bəri bir birinin ardınca bumeranq kimi geriyə qayıdan boş buludları, dərin xuruş qablarını dönə-dönə doldurmaqdan əldən düşmüş, aşbazdan çox, ədəbiyyat müəllimini xatırladan çalsaç, eynəkli aşbaz, deyib əlindəki yekə aş qaşığını düyü qazanının içinə atıb əsəbi addımlarla həyətə çıxdı, orda siqaret yandırdı.
Orta sıralarda kimsə iri, qalınqabıq portağalı, doğramaq həvəsiylə deşib suyunu üzbəüz cərgənin sol cinahına fışqırtdısa da, bu qəfil fəvvarədən xanımlardan bir neçəsinin üst-başı bulandısa da, buna əhəmiyyət verən olmadı. Fasiləyə vaxt yox idi…
- Tələsməyin ay xanımlar, rahat-rahat yeyin, hələ süfrə duasına vaxt var. - molla deyib yarıya çatdırdığı düyünü səliqəylə nimçəsinin ortasına topaladı. Plovu hamıdan əvvəl çəkildiyindən, işini hamıdan tez bitirən molla, başını bir müddət də qoğal-paxlavayla qatdısa da, izdihamın «xoşbəxt dəqiqələri» sona yetmədi ki, yetmədi. Odu ki, naəlac qalıb:
- Xanımlar yeməyinə davam etsin, mən də süfrə duasını oxuyum. - deyib bu dəfə tox avazla süfrə duasını oxumağa başladı.
Çox keçmədi ki, yağış bir az da gücləndi və mağarın üstünə yığılan su ağırlaşıb içəri süzülməyə, əvvəl damcılamağa, sonra isə vedrədən tökülən tək, şırıltıyla qadınların, süfrələrin üstünə tökülməyə başladı.
Qıvraq məclis əhli yerlərdə müvafiq dəyişikliklər aparıb vəziyyəti əlüstü sahmanladılar, yağış süzülən yerləri boş buludlarla, şərbət və ayran dolçalarıyla doldurub özləri quru yerlərə çəkildilər və desertlərini orda başa çatdırmaqla məşğul oldular.
Lakin, yağış nə buludlara, nə də şərbət dolçalarına yerləşmədi, bulaq kimi qaynayıb süfrələrə töküldü.
Molla süfrə duası oxuyur, qablara dolan yağış daşıb tökülür, qadınlar yeyirdilər.
Çox keçmədi ki, külək qopdu, vıyıltıyla içəri dolub süfrələri yellətdi, mağarın ağır, dəmir dirəklərini titrədib ac qurd kimi uladı.
Yağlı, ləzzətli yeməklərdən, maraqlı söhbətlərdən qızarıb pörtmüş qadınlar qorxu dolu gözlərlə pərt-pərt bir-birinə baxışdılar.
- Elə bil qış fikrini dəyişib geriyə qayıdır. - kimsə hüznlə aşağı başdan dedi.
Yağış, duanın kədərli havası və küləyin uğultusu məclisin ovqatını korladı. Qadınlar süfrələrdən axır ki, əl çəkib bir müddət də nazik çöplərlə dişlərinə yığılan qırıntıları təmizləməklə məşğul oldular, sonra boyası solmuş narazı üzlərlə bir-birinə baxa-baxa, darıxa-darıxa duanın bitməsini gözlədilər.
Dua bitdikdən bir qədər sonra plovun və qatlı qoğalların ağırlığından, ya bəlkə bu yeməklərə heç cür uyuşmayan duanın təsirindən, ovqatı təlx olmuş məclis əhli dağılışmağa, bir-biriylə yağlı dodaqlarla öpüşüb kədərli üzlərlə vidalaşmağa üz tutdu.
Həyət adamla dolu idi.
Bayaqdan bəri soyuq leysanın altında ayaq üstə dayanmaqdan donmuş kişilər siqareti siqaretə calayır, səbrsiz addımlarla o baş bu başa gəzişə-gəzişə, mağarın boşalmağını gözləyirdilər.
Mağardan çıxan qadınlar, içərinin yağlı qoxusu həyətə dağıda-dağıda, incə addımlarla kişilərin böyründən ötüşüb küçəyə dağılışdılar.
- Havada yazın nəfəsi duyulur. Təzə ot iyi gəlir… -həyətin kələ-kötür daşları üstə sürüşməkdən qol-qola girib asta-asta yeriyən qadınlardan biri dedi.
Yağlı plovu, halvanı və qatlama badamburaları həzmə verməkdən ötrü, bir-iki küçə də olsa, piyada yerimək, son zamanlar yağıntının kəndlərə, taxıl zəmilərinə, heyvandarlığa vurduğu zərərdən söhbət eləmək kifayət idi.